Məhkəmə qərarları › İş №1(007)-119/2022

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Hökm — İş №1(007)-119/2022

02.06.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(007)-119/2022 02.06.2022 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nizami rayon Məhkəməsinin hakimi Əhmədov Rauf Tağı oğlunun sədrliyi ilə, məhkəmə iclasının katibi X1, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhər məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və müdafiəçi - Bakı şəhəri 6 saylı Vəkil Bürosunun vəkili X3 iştirakları ilə, xx xxxxx 1983-cü il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, məhkumluğu olmayan, ünvan 1 ünvanda qeydiyyatda olan, ünvan 2 ünvanda yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM) 177.2.2, 177.2.3 və 234.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 11 may 2021-ci il tarixdə saat 02 radələrində ünvan 3 ünvanın qarşısında yerləşən Zərərçəkmiş şəxs1 məxsus qarajın qapısını yerdən götürdüyü daşla sındıraraq saxlanc yerinə qanunsuz daxil olub oradan ümumilikdə dəyəri 130 manat təşkil edən 10 kq misi və dəyəri 250 manat təşkil edən bir ədəd laqondanı gizli olaraq talayıb ümumilikdə Zərərçəkmiş şəxs1 380 (üç yüz səksən) manat dəyərində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs təkrarən özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 20 sentyabr 2021-ci il tarixdə gecə saatlarında Zərərçəkmiş şəxs3 usta kimi işlədiyi, Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti 116 ünvanın yaxınlığındakı yarımtikili obyektin 3-cü mərtəbəsinə binanın arxa tərəfində olan yanğın üçün nəzərdə tutulmuş təcili çıxış pilləkənlərindən çıxaraq oradan Zərərçəkmiş şəxs3 məxsus, ümumilikdə 500 manat dəyərində iki ədəd qaynaq aparatı, bir ədəd drel və bir ədəd laqondanı gizli olaraq talayıb ümumilikdə Zərərçəkmiş şəxs3 500 (beş yüz) manat dəyərində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs təkrarən özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 02 noyabr 2021-ci il tarixdə saat 22 radələrində "xxxx" MMC-yə məxsus «Kontakt Home» mağazalar şəbəkəsinə aid Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti 125 ünvanda yerləşən «Xalqlar Dostluğu» mağazasının arxa hissəsində «Hoffmann» markalı kondensionerin mühərrikinin saxlanılması üçün quraşdırılmış dəmir qutunun üzərində olan dəmir barmaqlıqları yerdən tapdığı dəmir parçası ilə sındıraraq, saxlanc yeri hesab olunan dəmir qutunun içərisinə qanunsuz daxil olub, orada olan kondensionerə aid bir ədəd mühərrik hissəsini mis boruları ilə birlikdə gizli olaraq talayaraq zərərçəkmiş "xxxx" MMC-yə 1000 manat dəyərində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs 04 noyabr 2021-ci il tarixdə saat 09 radələrində Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsində şəxsiyyəti istintaqa məlum olmayan şəxsdən qanunsuz olaraq, satış məqsədi olmadan, şəxsi istehlak miqdarından artıq miqdarda, təmiz çəkisi 0,481 qram olan narkotik vasitə heroini 10 manat ödəməklə əldə edib üzərində saxlamaqla daşımış, həmin tarixdə saat 21 radələrində Bakı şəhəri, Nizami rayonu, İ.Məmmədov küçəsi 7 saylı binanın qarşısında Nizami RPİ-nin 24-cü PŞ-nin əməkdaşları tərəfindən oğurluq cinayətini törətməkdə şübhəli bilindiyi üçün saxlanılaraq Nizami RPİ-nin 24-cü PŞ-nə gətirilib polis şöbəsinin xidməti otaqlarının birində üzərinə şəxsi axtarış keçirilən zaman əynində olar göy rəngli, cins şalvarın sol yan cibindən 01 ədəd sellofan bükümdə, təmiz çəkisi 0,481 qram olan tünd qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, metal yığaraq metal qəbulu məntəqələrinə satmaqla məşğul olmuşdur. 10 may 2021-ci il tarixdə saat 21 radələrində bir neçə dəfə metal satdığı Yaşar adlı şəxsi Nizami rayonu, Şirin Mirzəyev küçəsi 68B ünvanda görmüş və sonuncuya 6 kq misi satmaq istədiyini demişdir. Yaşar misi alması üçün sonuncuya məxsus qaraja yaxınlaşmışlar. Yaşar qarajı açıb qarajda olan tərəzi ilə misi çəkmiş və 30 manata almışdır. Qarajda olarkən bir ədəd laqonda olduğunu görmüşdür. Yaşardan ayrıldıqdan sonra yaşadığı ünvana getmişdir. 10 may 2021-ci il tarixdə ünvan 5şarın qarajında gördüyü laqondanı oğurlamaq məqsədilə gəlmişdir. Gecə saatları olduğuna və ətrafda heç kimin olmadığına əmin olduqdan sonra yerdən götürdüyü daşla qarajın qapısında olan kilidi sındırıb qaraja daxil olmuş və giriş hissədə olan laqondanı götürüb getmişdir. 11 may 2021-ci il tarixdə saat 11 radələrində Sabunçu rayonu ərazisində yerləşən Sabunçu bazarında laqondanı adını bilmədiyi və tanımadığı şəxsə 40 manata satıb pulunu şəxsi ehtiyaclarına xərcləmişdir. xx.xx.2021-ci il tarixdə Nizami rayonu, Qara Qarayev prospekti 116 ünvanda yerləşən yarimtikiliyə yanğın çıxışından daxil olmuş, həmin yerdə qapı olmadığından obyektdə daxil olduqda oradan drel, laqonda və digər xırda tikinti avadanlıqlarını götürmüş, daha sonra yaxınlıqda olan yoldan makasını və dövlət qeydiyyat nişanını xatırlamadığı taksi saxladıb oğurladığı əşyaları taksiyə yığıb yaşadığı ünvana aparmış və evin yaxınlığında əşyaları gizlətmişdir. Səhəri gün həmin əşyaları Sabunçu rayonu ərazisində yerləşən Sabunçu bazarında laqondanı 20 manata, dreli isə 45 manata satıb pulları şəxsi ehtiyacına sərf etmişdir. 02 noyabr 2021-ci il tarixdə narkotik vasitə almağa pulu olmadığı üçün oğurluq etmək qərarına gəlmiş və metronun “Xalqlar Dostluğu" stansiyasının yaxınlığında saat 22 radələrində Nizami rayonu, Qara Qarayev prospekti 125 ünvanda yerləşən “Kontakt Home" mağazasının arxa hissəsində quraşdırılmış kondensionerin mühərrikinin yerləşdiyi dəmir barmaqlığı yerdə olan dəmir parçası ilə söküb aralayıb mühərrikin mis borularını söküb oğurlayaraq yaşadığı Əmircan qəsəbəsinə getmişdir. xx.xx.2021-ci il tarixdə səhər saatlarında Əmircan qəsəbəsində küçədə tanımadığı dəmir yığan şəxslərə oğurladığı kondensionerin borularını 43 manata satmışdır. xx.xx.2021-ci il tarixdə saat 09 radələrində Əmircan qəsəbəsində tanımadığı şəxsdən 10 manata “kokos" kimi tanıdığı narkotik vasitə alıb bir hissəsini istifadə etmiş, qalan hissəsini üzərində saxlamışdır. xx.xx.2021-ci il tarixdə saat 21 radələrində ünvan 6 ünvanda olan zaman polis əməkdaşları ona yaxınlaşıb özlərini təqdim etmiş və oğurluq etməkdə şübhəli olduğunu bildirərək onu polis şöbəsinə dəvət etmişlər. Nizami RPİ-nin 24cü PŞ-də narkotik vasitə istifadəçisi olduğunu bildirmiş və onun razılığı ilə xidməti otaqlardan birində üzərində şəxsi axtarış keçirilərkən, cins şalvarının sol yan cibindən bir ədəd şəffaf sellofan bükümdə içərisində tünd qəhvəyi rəngli “kokos” kimi tanıdığı narkotik vasitə heroini təqdim edib, şəxsi istifadəsi üçün üzərində gəzdirdiyini bildirmişdir. Üzərindən aşkar edilmiş narkotik vasitə heroin qablaşdırılaraq möhürlənmişdir. Zərərçəkmiş şəxs1 ünvan 7 ünvanda yerləşən qarajından laqonda götürmüş, lakin mis oğurlamamışdır. Sabunçu rayonu ərazisində yerləşən “Sabunçu bazan" adlanan ərazidə oğurladığı əşyaları tanımadığı şəxslərə satarkən əşyaların özünə məxsus olduğunu demişdir. Saxlanılarkən polis əməkdaşları tərəfindən ona qarşı heç bir fiziki zor və ya təzyiq edilməmişdir. Törətdiyi cinayət əməllərindən səmimi peşmandır. Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli iş üzrə dindirilmiş zərərçmiş şəxslərin, zərərçəkmiş şəxsin nümayəndəsinin və şahidlərin ifadələri ilə, habelə iş üzrə toplanmış digər sübutlarla da tam təsdiq olunmuşdur. Belə ki, məhkəmə istintaqı zamanı Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, Nizami rayonu, Şirin Mirzəyev küçəsi 68B ünvanda yerləşən yataqxanada yaşayır. Təxminən 5 il əvvəl yataqxanada ailəsinə məxsus mənzilin kiçik olması səbəbindən yataqxananın həyətində olan söhbətgahın ətrafını bağlayaraq mənzilə sığışmayan əşyaları oraya yığıb qapısına kilid vurmuşdur. Nizami rayonu ərazisində yerləşən zibilliklərdən dəmir parçası, mis və digər qiymətli metalları yığaraq satmaqla məşğul olmuşdur. 10 may 2021-ci il tarixdə saat 21 radələrində yataqxanadan çıxan zaman adının sonradan Zaur olduğunu bildiyi şəxslə rastlaşmışdır. Sonuncudan əvvəllər bir neçə dəfə bir-iki kiloqram metal əşyalar almışdır. Zaur təxminən 8 kiloqrama yaxın misi olduğunu və satmaq istədiyini demişdir. Zaurla qaraja getmiş və qapının kilidini açaraq qarajda olan tərəzi ilə Zaurda olan misi çəkib 8 kiloqram olduğunu müəyyən etmiş və 80 manata almışdır. 11 may 2021-ci il tarixdə saat 09 radələrində yataqxanadan çıxarkən qarajın qapısının açıq olduğunu görmüş və dərhal qaraja baxdıqda qarajın qapısının kilidinin sındırıldığını, qarajdan dəyəri 250 manat olan laqondanın, ümumilikdə dəyəri 130 manat olan 10 kiloqram misin olmadığını aşkar etmiş və hadisə barədə polisə məlumat vermişdir. 17 may 2021-ci il tarixdə PŞ-nə dəvət olunmuş və polis şöbəsində ona məxsus əmlakın Təqsirləndirilən şəxs tərəfindən oğurlandığı məlum olmuşdur. Hadisə nəticəsində ona ümumilikdə 380 manat məbləğində maddi ziyan dəymiş və vurulmuş ziyan ödənilməmişdir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxsin nümyaəndəsi Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, 22 iyul 2019-cu il tarixdən "xxxx" MMC-nin korparativ hüquqşünası vəzifəsində işləyir. Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti 125 ünvanda yerləşən «Kontakt Home» mağazalar şəbəkəsinin «Xalqlar Dostluğu» filialında müdir işləyən X4 xx.xx.2021-ci il tarixdə audit şöbəsinə müraciət edərək mağazanın arxa hissəsində quraşdırılmış kondensionerin 1000 manat dəyərində mühərrikinin gizli olaraq talandığını bildirmişdir. Qoşqar Ağayev hadisə ilə əlaqədar «102» xidmətinə məlumat vermiş və bundan sonra baş vermiş oğurluq hadisəsi ilə əlaqədar ərizə ilə Nizami RPİ-nin 24-cü PŞ-nə müraciət etmişdir. Baş vermiş oğlurluq hadisəsi nəticəsində şirkətə 1000 manat məbləğində maddi ziyan dəymiş və ziyan ödənilməmişdir. Zərərçəkmiş şəxs3 ibtidai istintaq zamanı vermiş olduğu və məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq olunmuş ifadəsindən görünür ki, 2021-ci ilin iyul ayından Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti 116 ünvanda yerləşən yarımtkili obyektdə usta kimi çalışmışdır. 19 sentyabr 2021-ci il tarixdə işlədiyi ünvandan gəldikdən sonra, onun briqadasında işləyən ustalar ona məxsus qaynaq aparatlarını, drel və laqondanı obyektdə qoyub getmişlər. 20 sentyabr 2021-ci il tarixdə işlədiyi yerə gələrkən yarımtikilidə olan, ona məxsus ümumilikdə 500 manat dəyərində, 2 ədəd qaynaq aparatının, 1 ədəd drel və laqondanın oğurlandığını aşkar etmişdir. Baş vermiş oğurluq hadisəsi ilə əlaqədar ərizə ilə Nizami RPİ-nin 24-cü PŞ-nə müraciət etmişdir. Həmin alətləri yeni tiklinin 3-cü mərtəbəsində qoymuşdur. Həmin obyektin birinci və ikinci mərtəbələri tam tikilib hazırlanmış, açılışa hazırlıq üçün içərisində tamamlama işləri aparılmışdır. Qapılar bağlı olmuş, yarımtikilinin 3-cü mərtəbəsinə binanın arxa tərəfində olan yanğın üçün nəzərdə tutulmuş təcili çıxış pulləkənlərindən daxil olmuşlar. Başqa şəxslərin həmin yerə girişçıxışına icazə verilməmişdir. Qaynaq aparatlarını müxtəlif vaxtlarda hər birini 200 manata, drel və laqondanı isə hər birini 100 manata almşdır. Bundan başqa qaynaq aparatının kabellərini də əlavə olaraq almışdır. Həmin alətlərin oğurlanmamışdan təxminən 2-3 ay əvvəl açıq bazardan, tanımadığı şəxslərdən almışdır. Həmin avadanlıqların alınmasına 500 manatdan artıq xərc çəkmiş, lakin işlənmələri nəzərə alınaraq təxminən ona 500 manat məbləğində zərər dəymişdir. Şahid X2 ibtidai istintaq zamanı vermiş olduğu və məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq olunmuş ifadəsindən görünür ki, 01 sentyabr 2021-ci il tarixdən Nizami rayonu, Qara Qarayev prospekti 125 ünvanda yerləşən «Kontakt Home» mağazalar şəbəkəsinin «Xalqlar Dostluğu» filialında müdir müavini vəzifəsində işləmiş, mağazada quraşdırılmış kondensionerlərin mühərrikləri mağazanın arxa hissəsində yerləşdirilmişdir. 03 noyabr 2021-ci il tarixdə saat 12 radələrində xidməti otağında kondensionerin işləmədiyini görüb kondensionerlərə baxış keçirmək məqsədi ilə mağazanın arxa hissəsinə keçmiş və “Hoffmann” markalı kondensioner mühərriklərindən birinin yararsız hala salındığını görmüşdür. Qeyd olunan mühərrikə baxdıqda mühərrikin yerləşdiyi dəmir barmaqlıqların sökülüb açıldığını, içərisində yerləşdirilmiş mühərrikin isə naməlum şəxs tərəfindən oğurlandığını aşkar etmişdir. Bu barədə DİN-in «102» xidmətinə məlumat verrniş, daha sonra hadisə ilə bağlı Nizami RPİ-nin 24-cü PŞ-nə ərizə ilə müraciət etmişdir. Oğurluq hadisəsi nəticəsində mağazaya ümumilikdə 1000 manat dəyərində maddi ziyan dəymişdir. Şahid2 ibtidai istintaq zamanı vermiş olduğu və məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq olunmuş ifadəsindən görünür ki, özünə məxsus «Opel» markalı ** SJ *** dövlət qeydiyyat nişanlı avtomobil ilə fərdi olaraq taksi fəaliyyəti göstərmişdir. 20 setyabr 2021-ci il tarixdə gecə saatlarında idarə etdiyi avtomobil ilə Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti ilə hərəkətdə olarkən yol kənarında dayanmış, əvvəllər tanımadığı, sonradan adının Zaur olduğunu bildiyi şəxs avtomobili saxlatmış, usta işlədiyini və yaxınlıqda təmir etdiyi mənzildən özünə məxsus alətləri aparmaq istədiyini bildirmişdir. Zaurla birlikdə Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti 116 ünvanın qarşısına gəlmiş və Zaur binanın girişində qoyulmuş əşyaları avtomobilinin yük yerinə yığmışdır. Zauru Bakı şəhəri, Nizami rayonu, metronun «Qara Qarayev» stansiyasının yaxınlığında yerləşən «Sevinc» kinoteatrının yaxınlığında əşyalarla birlikdə düşürmüşdür. Zaur həmin avadanlıqların oğurluq olduğunu ona deməmiş və sonuncu avadanlıqların özünə məxsus olduğunu bildirmişdir. İşdə olan 14 dekabr 2021-ci il tarixli “Baxış keçirilməsi haqqında” Protokoldan görünür ki, “DVD diskə baxış keçirilmiş və baxış zamanı Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarın sol yan cibindən bir ədəd sellofan bükümdə, içərisində tünd qəhvəyi rəngli maddəni təqdim edib həmin maddənin “kokos” kimi tanıdığı narkotik vasitə olduğunu bildirir. Təqsirləndirilən şəxs “kokos" kimi tanıdığı narkotik vasitəni xx.xx.2021-ci il tarixdə saat 09 radələrində Əmircan qəsəbəsində tanımadığı şəxsdən aldığını bildirir. İşdə olan 13 yanvar 2022-ci il tarixli “Baxış keçirilməsi haqqında” Protokoldan görünür ki, ünvan 9 ünvanın yaxınlığında quraşdırılmış, 20 sentyabr 2021-ci il tarixdə oğurluq hadisəsini qeydə almış kameranın görüntülərinin əks olunduğu 1 ədəd DVD diskə baxış keçirilmiş və baxış zamanı görüntülərdə «Opel» markalı ** SJ *** dövlət qeydiyyat nişanlı avtomobilin gecə saatlarında Bakı şəhəri, Nizami rayonu, Gara Qarayev prospekti 116 ünvanın girişinin qarşısına gəldiyi, sürücünün avtomobildən düşərək yük yerini açdığı, Təqsirləndirilən şəxs müxtəlif əşyaları gətirib avtomobilin yük yerinə yığması açıq-aşkar görünmüşdür. Təqsirləndirilən şəxs diskə baxış zamanı müşahidə kameralarına düşən şəxsin özü olduğunu təsdiq edərək, həmin zaman yarımtikilidə olan əşyaları gizli olaraq talayaraq oğurluq etdiyini bildirmişdir. İşdə olan 13 yanvar 2022-ci il tarixli “Baxış keçirilməsi haqqında” Protokoldan görünür ki, Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti 125 ünvanda yerləşən «Kornakt Home» mağazalar şəbəkəsinin «Xalqlar Dostluğu» filialının arxa hissəsində quraşdırılmış kamera vasitəsilə qeydə alınmış oğurluq hadisəsinin görüntüləri olan DVD diskə Təqsirləndirilən şəxs iştirakı ilə baxış keçirilmiş, baxış zamanı Təqsirləndirilən şəxs xx.xx.2021-ci il tarixdə saat 21:52-də Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti 125 ünvanda yerləşən «Kontakt Home» mağazalar şəbəkəsinin «Xalqlar Dostluğu» filialının arxa hissəsinə gəldiyi açıq-aşkar görünmüş, diskə baxış zamanı Təqsirləndirilən şəxs müşahidə kameralarına düşən şəxsin özü olduğunu təsdiq edərək, həmin zaman mağazanın arxasında olan kondensionerin mühərrikinin misdən olan borularını gizli olaraq talayaraq oğurluq etdiyini bildirmişdir. İşdə olan 13 yanvar 2022-ci il tarixli “İfadənin yerində yoxlanılması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs ünvan 11 ünvandakı Zərərçəkmiş şəxs1 məxsus qarajdan avadanlıqları, eyni zamanda, Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti 116 ünvanda yerləşən yarimtikili obyektdən Zərərçəkmiş şəxs3 məxsus avadanlıqları, habelə, Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti 125 ünvanında yerləşən «Kontakt Home» mağazalar şəbəkəsinin «Xalqlar Dostluğu» filialının arxa hissəsindən kondensioner borularını necə oğurladığını əyani şəkildə təsdiq etmişdir. Hadisə yerində fotoşəkillər çəkilərək cinayət işinin materiallarına əlavə edilmişdir. İşdə olan məhkəmə-kimyəvi ekspertizasının 05 noyabr 2021-ci il tarixli 6/4917 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş bir ədəd bükümdə təmiz çəkisi 0,481 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. İşdə olan məhkəmə-narkoloji ekspertizasının xx.xx.2021-ci il tarixli 5137 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin qəbulu nəticəsində asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Məcburi müalicəyə əks göstərişi yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İşdə olan 08 noyabr 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş 01 ədəd bükümdə təmiz çəkisi 0,481 olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin maddi sübut kimi tanınmış və tədqiqata sərf edildikdən sonra qalan 0,431 qram heroin saxlanılması üçün Nizami RPİ-nin saxlama kamerasına təhvil verilmişdir. İşdə olan 13 yanvar 2022-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs3 əmlakının oğurlanması hadisəsinin baş verdiyi Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti 116 ünvanda aparılmış videoçəkilişin görüntüləri əks olunmuş 1 ədəd DVD disk , həmçinin Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilən zaman aparılmış video çəkilişin görüntüləri əks olunmuş 1 ədəd DVD disk, habelə "xxxx" MMC-nin əmlakının oğurlanması hadisəsinin baş verdiyi Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti 125 ünvanda yerləşən «Kontakt Home» mağazalar şəbəkəsinin «Xalqlar Dostluğu» filialının arxa hissəsində aparılmış videoçəkilişin görüntüləri əks olunmuş 1 ədəd DVD disk iş üzrə maddi sübut kimi tanınmışdır. İşdə olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Nizami rayon məhkəməsinin xx.xx.2016-cı il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 (iki) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Bakı Apellyasiya məhkəməsinin xx.xx.2017-ci il tarixli qərarı ilə cəzası 1 (bir) il 06 (altı) aya endirilmiş və Bakı şəhəri Xəzər rayon məhkəməsinin xx.xx.2017-ci il tarixli qərarı ilə cəzasının çəkilməmiş 04 ay 18 gün hissəsindən şərti olaraq vaxtından əvvəl azad olunmuşdur. İşdə olan sənədlərdən görünür ki, Təqsirləndirilən şəxs 04 noyabr 2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. İşdə olan Bakı şəhəri Nizami rayon Məhkəməsinin 06 noyabr 2021-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş və həbsetmənin əvvəli 04 noyabr 2021-ci il tarixdən hesablanmışdır. Məhkəmə, Təqsirləndirilən şəxs 11 may 2021-ci il tarixdə Zərərçəkmiş şəxs1 məxsus, ünvan 3 ünvanda yerləşən qarajdan 10 kq misi oğurlamaması barədə verdiyi ifadəni səmimi saymır və həmin faktın digər sübutlarla təsdiq olunduğunu nəzərə alır. Beləliklə, məhkəmədə tədqiq olunmuş sübutların məcmuyuna əsasən, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.3 və 234.1-ci maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməsi tam sübuta yetirilmişdir. Onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edilməsi məsələsini müzakirə edərkən, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası CM-nin 59 və 61-ci maddələrinə əsasən, Təqsirləndirilən şəxs iş üzrə cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 4 saylı Qərarının 3-cü bəndində göstərilir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. “Məhkəmə Hökmü Haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 saylı qərarının 45-ci bəndinin tövsiyyəsinə görə, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin etmək hallarına yol verməməlidir. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini və işin digər hallarını nəzərə alaraq, onun azadlıqdan məhrum edilməklə cəza çəkmədən islah olunmasını mümkün saymır və hesab edir ki, ona real cəza təyin edildiyi təqdirdə cəzanın məqsədləri təmin edilə bilər. Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinin tələbinə əsasən Təqsirləndirilən şəxs cəzasını çəkməsi üçün ümumi rejimli cəzaçəkmə müəssisəsi müəyyən edilməlidir. Bundan başqa, Azərbaycan Respublikası CM-nin 93 və 93-1-ci maddələrinə əsasən Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilməlidir. Belə ki, Azərbaycan Respublikası CM-nin 52-1.3.3-cü maddəsinə əsasən, məhkəmə məhkum üçün alkoqolizmdən, narkomaniyadan, toksikomaniyadan və ya zöhrəvi xəstəliklərdən müalicə kursu keçmək əlavə vəzifəsini müəyyən edə bilər. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 93 və 93-1-ci maddələrinə əsasən narkomaniyadan məcburi müalicə təyin edilməli və bununla yanaşı, ona təyin edilmiş narkomaniyadan məcburi müalicə kursunu keçmək həmin Məcəllənin 52-1.3.3-cü maddəsinə əsasən əlavə vəzifə kimi onun üzərinə qoyulmalıdır. İş üzrə maddi sübutlar – 0,431 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin məhv edilməli, 3 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə ekspertiza tədqiqatının dəyəri 81,82 (səksən bir manat səksən iki qəpik) Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə ödənilməlidir. Cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsi ilə müsadirə olunmalı əmlak müəyyən edilməmişdir. İş üzrə mülki iddia verilməmişdir. Azərbaycan Respublikası CPM-nin 193.2 və 193.5-ci maddələrinin tələblərinə əsasən, vəkilin məhkəmədə iştirak etdiyi cəmi 40 iş saatı Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2018-ci il tarixli, 202 saylı qərarına əsasən göstərilmiş hüquqi xidmətlərə görə hər iş saatı üçün 6 (altı) manat miqdarında ödənilməsi nəzərə alınmaqla 240 manat (40x6) məbləğində əmək haqqı Bakı şəhəri 6 saylı Vəkil Bürosu vasitəsi ilə müdafiəçi X5 dövlət büdcəsi hesabına ödənilməlidir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası CPM-nin 346, 347, 349, 351- 353, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.3-cü maddələri ilə təqsirli bilinərək 03 (üç) il müddətinə azadlıqdan məhrumetmə cəzasına, Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəs ilə təqsirli bilinərək 01 (bir) il 6 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 66.2-ci maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 03 (üç) il 06 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 04 noyabr 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə maddi sübut – Bakı şəhər Nizami RPİ-də saxlanılan 0,431 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin məhv edilsin. İş üzrə maddi sübut - 03 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə ekspertiza tədqiqatının dəyəri 81,82 (səksən bir manat səksən iki qəpik) Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə ödənilsin. Təqsirləndirilən şəxs 40 saat göstərdiyi pulsuz hüquqi yardıma görə iş üzrə dəvət olunmuş müdafiəçi Bakı şəhəri 6 saylı Vəkil Bürosunun vəkili X5 VÖEN – ********** hesablaşma hesabı üzərindən Bakı şəhəri 6 saylı Vəkil Bürosu vasitəsi ilə 240 (iki yüz qırx) manat əmək haqqı Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına ödənilsin. Hökm elan olunduğu andan 20 gün müddətində Bakı şəhəri Nizami rayon məhkəməsinin vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Həbsdə saxlanılan məhkum tərəfindən isə apellyasiya şikayəti hökmün surətinin ona verildiyi andan 20 gün müddətində verilə bilər. Sədrlik edən: Rauf Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar