Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(007)-12/2021 17.03.2021 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyeva Mətanət İsfəndiyar qızının sədrliyi, məhkəmə iclas katibi Azadəli Orhan Nasir oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhər məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi - Bakı şəhəri 6 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Rəhimovnanın, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs – Təqsirləndirilən şəxs Tərlan oğlunun iştirakı ilə, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs: xx.xx.2001-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, natamam ali təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Təqsirləndirilən şəxs Tərlan oğlunun Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulmuş əməli törətməsinə dair sadələşdirilmiş icraat materialına məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Təqsirləndirilən şəxs xx.xx.2020-ci il tarixdə saat 06 radələrində Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti 53 ünvanında yerləşən avtodayanacaqdakı gözətçi köşkünün qarşısında Zərərçəkmiş şəxs ondan 23 manat dəyərində nisyə aldığı ərzağın pulunu ödəməməsi səbəbindən aralarında baş vermiş mübahisə zamanı Zərərçəkmiş şəxs onun ünvanına nalayiq ifadələr işlədərək təhqir etməsi ilə əlaqədar bir dəfə yumruqla sol göz nahiyəsindən vuraraq Zərərçəkmiş şəxs sol gözətrafı nahiyənin hematoması və sol gözaltı nahiyənin qançırı ilə müşayiət olunan, sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş qəsdən sağlamlığa yüngül zərər vuran bədən xəsarətləri yetirmişdir. Cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs məhkəmə iclasında özünü ona elan olunmuş Azərbaycan Respublikasının CM-nin 128-ci maddəsində nəzərdə tutulmuş ittiham üzrə təqsirli bilərək göstərmişdir ki, Nizami rayonu, Q.Qarayev prospekti 51/57 ünvanında yerləşən “24 saat” marketində satıcı işləmiş, market 24 saat fəaliyyət göstərdiyi üçün o, hər gün saat 20:00-dan, səhəri günü saat 08:00-dək işdə olmuşdur. xx.xx.2020-ci il tarixdə saat 21 radələrində marketdə olan zaman tanımadığı şəxs oraya gələrək nağd şəkildə ödəniş edib 1 şüşə “Zolotoy Kolco” adlı araq alıb getmişdir. Bundan təxminən 1-2 saat sonra həmin şəxs yenidən marketə gəlmiş və yaxınlıqda, yəni Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev 53 ünvanında yerləşən avtodayanacaqda gözətçi işləyən Aydının adını çəkərək Aydınla birlikdə avtodayanacaqda olduğunu, Aydının adından ona nisyə 1 şüşə araq və 2 ədəd sosiska verməsini, ödənişi Aydının səhərə qədər avtomaşınlardan yığıb ödəyəcəyini demişdir. Adını həmin vaxt bildiyi Əmrah adlı şəxsə inanıb 1 şüşə “Zolotoy Kolco” adlı araq və 2 ədəd sosiska vermişdir. Bundan təxminən 40-50 dəqiqə sonra Əmrah yenidən marketə gəlmiş və onu Aydının göndərdiyini, Aydının adına nisyə olaraq 1 ədəd kolbasa verməsini xahiş etmiş, o, 1 ədəd kolbasanı ona vermişdir. Əmrah aldığı malların pulunu Aydının ödəyəcəyini deyib getmişdir. Həmin günün gecəsi xx.xx.2020-ci il tarixdə saat 00:10 radələrində Əmrah yenidən marketə gəlmiş və bu dəfə də Aydının adından ona 2 şüşə “Xırdalan Pivəsi”, 1 qutu “Pall Mall” siqareti, 1 ədəd “Dirol” saqqızı və 1 ədəd qramla satılan ətir verməsini xahiş etdikdə o, etiraz etməyib qeyd olunan malları verib ümumilikdə 23 manat borcunun yarandığını bildirmişdir. Bundan təxminən 1 saat sonra qiyabi tanıdığı, həmişə müştəri kimi marketdən alver edən Rövşən adlı şəxs marketə gəlib 1 qutu “Maqna” siqareti almışdır. Həmin vaxt Rövşən ondan Əmrahın bayaqdan aldığı ərazaqlara görə ödəniş edib etmədiyini soruşduqda o, onun heç bir ödəniş etmədiyini, aldığı malların dəyərini Aydının ödəyəcəyini dediyi üçün ona inanıb malları verdiyini demişdir. Rövşən ona Aydının avtodayanacaqda olmadığını, onun işdən çıxdığını, alınan mallardan Aydının xəbərinin olmadığını bildirdikdə Əmrahın onu aldatdığını başa düşmüşdür. Həmin gün saat təxminən 06 radələrində marketdən çıxıb avtodayanacağa getmiş, oraya çatdıqda Rövşənlə Əmrahın köşkdə olduqlarını, Əmrahın yatdığını görüb onu yuxudan oyatmışdır. Birlikdə avtodayanacaqda yerləşən gözətçi köşkünün qarşısına çıxmışlar və orada Əmrahdan pulunu ödəməsini tələb etdikdə Əmrah onu söyüb təhqir etmiş, pulunun olmadığını, onu rahat buraxmasını bildirmişdir. O, əsəbləşib yumruqla onun sol gözündən vurmuşdur. Əməlindən peşmandır, ali təhsil alır, zərərçəkmiş şəxslə barışmışdır, zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayəti yoxdur. Məhkəmədən barəsində olan sadələşdirilmiş icraat materialı üzrə icraata xitam verilməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs qeyd edilən əməli törətməkdə təqsiri öz ifadəsi ilə yanaşı aşağıdakılarla da təsdiq olunur. Məhkəmə iclasında ifadəsi elan edilmiş Zərərçəkmiş şəxs məhkəməyədək icraat zamanı verdiyi ifadəsində göstərmişdir ki, iş axtarmaq məqsədi ilə xx.xx.2020-ci il tarixdə saat 10:30-da İmişli rayonundan Bakı şəhərinə gəlmiş, Bakı şəhərində bir neçə tikinti işləri aparılan yerlərə iş axtarmaq üçün getmiş, lakin iş tapa bilmədiyini gördükdə saat 20 radələrində qiyabi tanıdığı Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev 53 ünvanında yerləşən avtodayanacaqda gözətçi işləyən Aydının yanına getmişdir. Aydın pul verərək onun üçün araq almasını xahiş etdiyindən yaxınlıqda, yəni Nizami rayonu, Q.Qarayev prospekti 51/57 ünvanında yerləşən “24 saat” marketə gedib ödənişi edərək 1 şüşə “Zolotoy Kolco” adlı araq almışdır. Bundan bir qədər sonra oraya avtodayanacağın rəhbəri gəlmiş və Aydının iş vaxtı spirtli içki qəbul etdiyini görüb onu işdən qovmuşdur. Aydının yerinə isə qiyabi tanıdığı, həmin vaxt oraya gəlmiş Rövşəndən bir gecəlik avtodayanacaqda gözətçilik etməsini xahiş etdikdə Rövşən razılaşmışdır. Rövşənlə gözətçi köşkündə oturub söhbətləşmiş və saat 21 radələrində o, yemək hazırlamışdır. Rövşənin yemək hazırladığını görüb araq almaq qərarına gəlmişdir. Lakin pulu olmadığı üçün Rövşəndən ona 3 manat borc verməsini xahiş etdikdə Rövşən pulunun olmadığını bildirmişdir. Pulu olmadığı üçün yalan danışmaq qərarına gəlmiş və bu niyyətlə də “24 saat” marketə getmişdir. Orada işləyən, adını həmin vaxt bildiyi Məhəmməd adlı şəxsə yaxınlaşıb gözətçi Aydının dostu olduğunu, onun hal-hazırda işdə olduğunu, onu Aydının göndərdiyini, Aydının adından ona nisyə 1 şüşə araq və 2 ədəd sosiska verməsini, Aydının günün sonunda avtomaşınlardan pulları yığıb ödəniş edəcəyini dedikdə Məhəmməd inandığı üçün etiraz etməyib 1 şüşə “Zolotoy Kolco” adlı araq və 2 ədəd sosiskanı vermişdir. Köşkdə Rövşənlə birlikdə yeməyi yeyib, arağı qəbul etmiş, yeməyin azlıq etdiyini gördükdə yenidən marketə gedib Aydının adından 1 ədəd kolbasa alıb köşkə qayıtmışdır. Bu dəfə arağın azlıq etdiyini gördükdə xx.xx.2020-ci il tarixdə saat 00:10 radələrində yenidən “24 saat” marketə getmiş, yenə də Aydının adından 1 qutu “Pall Mall” siqareti, 2 ədəd “Xırdalan Pivəsi”, 1 ədəd qramla satılan ətir və 1 ədəd saqqız almışdır. Məhəmməd ümumilikdə 23 manat borcun yarandığını dedikdə hamısını Aydının ödəyəcəyini deyib oradan getmişdir. Pivələri gətirib köşkdə Rövşənlə birlikdə qəbul etmiş, sərxoş olduğu üçün köşkdə yatmışdır. Həmin gün saat 06 radələrində Məhəmməd oraya gəlib onu yuxudan oyatmış, birlikdə avtodayanacaqda yerləşən gözətçi köşkünün qarşısına çıxmışlar və orada Məhəmməd ondan hansı səbəbdən Aydının adından yalan danışıb ondan nisyə malları aldığını soruşduqda cavab verə bilməmişdir. Məhəmməd pulu ödəməsini tələb etdikdə pulunun olmadığını, günorta saatlarında işləyib pul qazanıb ödəyəcəyini desə də onunla razılaşmamışdır. Məhəmmədin onunla razılaşmadığını gördükdə ilk olaraq and içmiş və daha sonra söyüş söyərək ödəyəcəyini dedikdə Məhəmməd bundan əsəbləşib yumruqla sol gözündən qəsdən vuraraq onu döymüşdür. Hadisə zamanı orada həmin vaxt o, Məhəmməd və Rövşən olmuş, hadisə təxminən 1-2 dəqiqə ərzində başlamış və başa çatmışdır. Şahid məhkəməyə teleqram vuraraq istintaq dövründə verdiyi ifadəsini təsdiq etdiyini, əlavəsinin olmadığını bildirmişdir. Şahid məhkəməyədək icraat zamanı verdiyi ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs qiyabi olaraq tanıyır. Əmrahı Nizami rayonu, Q.Qarayev prospekti 53 ünvanında yerləşən avtodayanacaqda gözətçi işləyən Aydının yanında görüb tanış olmuşdur. xx.xx.2020-ci il tarixdə saat 21 radələrində Aydına baş çəkmək üçün onun işlədiyi avtodayanacağa getmiş, oraya çatdıqda Aydının yemək yeyib, araq içdiyini, Əmrahın isə orada oturduğunu görmüşdür. Bu vaxtı avtodayanacağın nəzarətçisi Zəlimxan oraya gəlmiş, Aydının spirtli içki qəbul etdiyini görüb onu işdən qovmuşdur. Avtodayanacaq boş qalmasın deyə Zəlimxanın xahişi ilə bir gecəlik avtomaşınlara nəzarət etməyə razılaşmışdır. Gözətçi köşkündə Əmrahla birlikdə oturub söhbətləşmiş və yemək yeməyə hazırlaşan zaman Əmrah araq içmək istədiyini, lakin pulunun olmadığını, ona borca 3 manat pul verməsini xahiş etdikdə pulunun olmadığını demişdir. Bu zaman Əmrah köşkdən çıxıb getmiş və təxminən 3-4 dəqiqədən sonra geri qayıtdıqda əlində 1 şüşə “Zolotoy Kolco” adlı araq və 2 ədəd sosiska ilə gəldiyini görmüşdür. Bundan bir neçə dəqiqə sonra o, yenidən köşkdən çıxmış və geri qayıtdıqda 1 ədəd kolbasa gətirdiyini gördükdə, ondan bunları hansı pulla aldığını soruşduqda Əmrah suala cavab verməmişdir. Birlikdə arağı içib yeməyi yemiş, həmin günün gecəsi artıq xx.xx.2020-ci il tarixdə yeyib içməyi başa vurduqdan sonra təxminən gecə saat 03 radələrində Əmrah köşkdən çıxıb getmiş və 3-4 dəqiqədən sonra geri qayıtdıqda 2 şüşə “Xırdalan Pivəsi”, 1 ədəd qramla satılan ətir və 1 paçka saqqız alıb geri qayıtmışdır. Pivələri birlikdə içmiş və Əmrah sərxoş olduğu üçün yatmışdır. Siqareti qurtardığı üçün avtodayanacağa yaxın məsafədə, yəni Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti 51/57 ünvanında yerləşən “24 saat” marketinə getmişdir. Orada işləyən, qiyabi tanıdığı Məhəmməd adlı şəxsə pulunu ödəyib ondan 1 qutu “Maqna” siqareti almışdır. Məhəmməddən Əmrahın bayaqdan araq, pivə, siqaret və kolbasa məmulatlarını buradan alıb-almadığını soruşmuş, o, Əmrahın ona Aydının adından nisyə aldığını dedikdə Aydının işdə olmadığını, alınan mallardan Aydının xəbərinin olmadığını dedikdə Məhəmməd Əmrahın onu aldatdığını başa düşmüşdür. Həmin gün saat 06 radələrində Məhəmməd gözətçi köşkünə gəlmiş və Əmrahı yuxudan oyatmışdır. O, Əmrah və Məhəmməd avtodayanacaqda yerləşən gözətçi köşkünün qarşısına çıxmışlar. Məhəmməd Əmraha marketdən ümumilikdə 23 manat dəyərində alver etdiyini, aldığı malların pulunu ödəməsini bildirdikdə Əmrah pulunun olmadığını bildirmişdir. Məhəmməd hansı səbəbdən onu Aydının adından istifadə edərək aldatdığını soruşduqda Əmrah söz tapıb cavab verə bilməmiş, pulu qaytaracağını dedikdə Məhəmməd marketdə növbəni təhvil verməli olduğunu, pulu elə indicə ödəməsini tələb etmişdir. Bu zaman Əmrah söyüş söymüş və Məhəmməd bundan əsəbləşərək yumruqla bir dəfə onun sifətindən vurmuşdur. Bunu görüb onları sakitləşdirmiş və ərazini tərk etmələrini xahiş etdikdə Məhəmməd oradan çıxıb getmişdir. Hadisə zamanı orada yalnız o, Əmrah və Məhəmməd olmuşdur. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X1 tərəfindən verilmiş canlı şəxsin ekspertizasının xx.xx.2020-ci il tarixli, 202 nömrəli ekspert rəyinin nəticə hissəsindən görünür ki, Zərərçəkmiş şəxs sol gözətrafı nahiyənin hematoması və sol gözaltı nahiyənin qançırı olmuşdur. Qeyd edilən xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən müddətdə, yəni xx.xx.2020-ci il tarixdə yarana bilər və dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid edilir. Lokalizasiya və xarakterlərinə əsasən demək olar ki, xəsarətlərin şəxsin özü tərəfindən özünə yetirməsi nəticəsində yaranması inandırıcı deyil. - zərərçəkmiş şəxs qismində tanınma haqqında xx.xx.2020-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs qismində tanınmışdır. - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən verilmiş xx.xx.2020-ci il tarixli tələbnamədən görünür ki, əməliyyatsorğu kartotekasında Təqsirləndirilən şəxs məhkumluğu haqqında məlumat yoxdur. - Nizami rayon MKTB-nin 34 saylı MKİS tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Məhkəmə iş üzrə toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutlara qiymət verərək hesab edir ki, həmin sübutlar mötəbər və mümkün olmaqla Təqsirləndirilən şəxs tərəfindən Azərbaycan Respublikası CM-nin 128-ci maddəsində nəzərdə tutulan cinayət əməlinin törədilməsini tam təsdiq edir. Təqsirləndirilən şəxs əməli düzgün olaraq Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə tövsif edilmişdir. Təqsirləndirilən şəxs cəzadan azad edilməsi və onun barəsində cəzanın təyin edilməməsi üçün əsaslar olmadığından Azərbaycan Respublikası CM-nin 58-ci maddəsinə əsasən ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş hədlərdə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə görə, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs cəza təyin edərkən, Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs törətdiyi əməl böyük ictimai təhlükə törətməyən cinayət hesab olunur. Məhkəmə cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs ilk dəfə cinayət əməli törətməsini, törətdiyi əməli etiraf etməsini, əməlindən peşman olmasını, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs cəzasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61.1-ci maddəsində nəzərdə tutulan ağırlaşdıran hal müəyyən olunmadı. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2003-cü il tarixli, 4 nömrəli Qərarının 2-ci bəndində göstərilmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Məhkəmə, törədilmiş cinayətin xarakterini, törədilmə şəraitini, ictimai təhlükəlilik dərəcəsini nəzərə alaraq hesab edir ki, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs islah olunması üçün barəsində cəmiyyətdən təcrid olunmamaqla təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə ilə bağlı olmayan islah işləri cəzasının təyin edilməsi məqsədəmüvafiqdir və cəzanın məqsədini təmin edir. Azərbaycan Respublikasının CPM-nin 346.1.22-ci maddəsində nəzərdə tutulmuş məsələni həll edərək məhkəmə hesab edir ki, cəzaçəkmə müddətinin başlanğıcı Təqsirləndirilən şəxs əmək haqqından dövlət nəfinə ilk tutulmanın aparıldığı tarixdən hesablanmalıdır. İş üzrə mülki iddia, maddi sübut yoxdur. Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə hesab edir ki, vəkilin təhqiqatda iştirak etdiyi müddət 10 iş saatı və məhkəmədə iştirak etdiyi müddət 20 iş saatı, cəmi 30 iş saatı müddətinə bərabər olduğundan, hər iş saatı üçün Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2018-ci il tarixli, 202 saylı qərarına əsasən hüquqi yardım haqqı 6 (altı) manat miqdarında ödənilməsi nəzərə alınmaqla 180 (bir yüz səksən) manat (30x6) məbləğində əmək haqqı Bakı şəhəri 6 saylı Vəkil Bürosu vasitəsi ilə Müdafiəçi Rəhimovnaya dövlət büdcəsi hesabına ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, barəsində hər ay qazancından dövlət nəfinə 10 % məbləğində pul tutulmaqla 6 (altı) ay müddətinə islah işləri cəzası təyin edilsin və cəzasını iş yeri üzrə çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı Təqsirləndirilən şəxs əmək haqqından dövlət nəfinə ilk tutulmanın aparıldığı tarixdən hesablansın. Cəzanın icrası Bakı Şəhər Probasiya İdarəsinə tapşırılsın. Cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs 30 saat göstərdiyi pulsuz hüquqi yardıma görə iş üzrə dəvət olunmuş müdafiəçi Bakı şəhəri 6 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Rəhimovnaya 180 (bir yüz səksən) manat əmək haqqı Bakı şəhəri 6 saylı Vəkil Bürosu vasitəsi ilə Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına ödənilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Həmin müddətdə hökmdən apellyasiya qaydasında protest və şikayət verilmədikdə hökm müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən Mətanət Hacıyeva
Məhkəmə qərarları › İş №1(007)-12/2021
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Hökm — İş №1(007)-12/2021
17.03.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver