Məhkəmə qərarları › İş №1(007)-12/2024

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Hökm — İş №1(007)-12/2024

15.01.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(007)-12/2024 15.01.2024 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Rauf Tağı oğlunun sədrliyi, məsləhətçi Məhərrəmova Pərvin Nofəl qızının katibliyi, tərcüməçi X1, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, onun müdafiəçisi, Bakı şəhəri 6 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, Təqsirləndirilən şəxs, xx xxx 1985-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, himayəsində bir yetkinlik yaşına çatmayan uşağı olan, orta təhsilli, İİ dərəcəli əlil, Bakı Ağır Cinayətlər Məhkəməsinin 25 avqust 2016-cı il tarixli hökmü ilə, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 25 dekabr 2017-ci il tarixli qərarı nəzərə alınmaqla, Azərbaycan Respublikası CM-nin 177.2.2, 234.1, 326.1 və 326.2-ci maddələri ilə, həmin Məcəllənin 66.2, 67.1 və 93.1-ci maddələri tətbiq edilməklə, qəti olaraq 07 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 19 oktyabr 2022-ci ildə cəzasının sonu ilə azad edilmiş, sonuncu dəfə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 01 sentyabr 2023-cü il tarixli, 1(009)-178/2023 saylı hökmü ilə, Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsi ilə təqsirli bilinib, həmin Məcəllənin 69.3-cü maddəsi tətbiq edilməklə, qəti olaraq 11 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, məhkumluğu ödənilməmiş, ünvan 1 küçəsi, ev 71, İnzibati bina ünvanında qeydiyyatda olan və ünvan 2 ünvanında yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1 və 234.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs özgənin əmlakını gizli olaraq talamaqla oğurluq etmiş, satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə əldə edib daşımaqla saxlamışdır. Belə ki, Təqsirləndirilən şəxs özgənin əmlakını gizli olaraq talama məqsədlə 27 dekabr 2022-ci il tarixdə saat 17:30 radələrində Bakı şəhəri, Nizami rayonu, B.Nuriyev 37 ünvanında yerləşən “Laçın” ticarət mərkəzində yerləşən Zərərçəkmiş şəxs icarə əsasında işlətdiyi “Buta” gəlinlik mağazasına müştəri qismində daxil olaraq satıcının mağazada olmamasından istifadə edərək masanın üzərində olan Zərərçəkmiş şəxs məxsus qadın əl çantasından içərisində 3200 manat və həmin dövrün məzənnəsinə əsasən 680 manat təşkil edən 400 ABŞ dollar olan 150 manat dəyərində “Solido” markalı qadın pul kisəsini gizli olaraq talayıb Zərərçəkmiş şəxs ümumilikdə 4030 manat miqdarda ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, o, istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi olmadan, qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda, ümumilikdə 1,100 qram narkotik vasitə heroini əldə edib, üzərində saxlayaraq daşımış, Zərərçəkmiş şəxs məxsus əmlakı oğurlaması faktı üzrə Nizami RPİ-nin 24-cü PŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat axtarış tədbirləri nəticəsində 30 dekabr 2022-ci il tarixdə saat 15:30 radələrində ünvan 5 ünvanının yaxınlığında şübhəli şəxs qismində saxlanılaraq Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti 81B ünvanında yerləşən Nizami RPİ-nin 24cü PŞ-yə gətirilmiş, şöbədə onun üzərində şəxsi axtarış keçirilərkən əynindəki sarı rəngli gödəkçənin sol yan cibindən tünd yaşıl rəngli pul kisəsinin içərisindən 01 ədəd şəffaf sellofana bükülmüş ümumi təmiz çəkisi 1,100 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü tam təqsirli bilərək göstərdi ki, əvvəllər oğurluq etdiyi və narkotik vasitələrdən istifadə etdiyi üçün azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. 20 yaşından etibarən narkotik vasitələrdən istifadə etmiş, 27 dekabr 2022-ci il tarixdə saat 17 radələrində Nizami rayonu ərazisində yerləşən “Laçın” ticarət mərkəzində daxil olmuş, məqsədi pula ehtiyacı olduğu üçün oğurluq etmək olmuş, ticarət mərkəzinin içərisində gəzən zaman “Buta” adlı gəlinlik mağazasına daxil olmuşdur. Əvvəlcə müxtəlif gəlinlik paltarlarının qiymətlərini soruşmuş, bir qədər mağazada dayandıqdan sonra oranı tərk etmişdir. Qısa zaman keçdikdən sonra yenidən həmin mağazaya qayıtmış, həmin vaxt mağazada stolun üzərində qadın çantasının olduğunu görmüşdür. Ətrafa baxıb mağazadakı satıcıların başının qarışıq olduğunnan əmin olduqdan sonra tez çantadakı pul qabını götürmüş və mağazanı tərk etmişdir. Ticarət mərkəzini tərk etdikdən sonra pul kisəsini açmış və orada 3200 AZN və 400 ABŞ dolları olduğunu görmüşdür. Pulları götürdükdən sonra pul kisəsini onun üçün heç bir mahiyyəti olmadığına görə hal-hazırda tanımadığı yerə atmışdır. Əldə etdiyi pul vəsaitini bir neçə gün ərzində müxtəlif geyim əşyalarına, yeməyə və narkotik vasitə almağa sərf etmişdir. 30 dekabr 2022-ci il tarixdə saat 15:30 radələrində ünvan 5 ünvanının yaxınlığında olan zaman iki nəfər mülki geyimli şəxs ona yaxınlaşmışlar, polis əməkdaşı olduqlarını bildirmişlər və oğurluq cinayətində şübhəli olduğunu bildirərək özləri ilə birlikdə 24-cü Polis şöbəsinə dəvət etmişlər. O da heç bir müqavimət göstərmədən dəvəti qəbul edərək onlarla birlikdə polis şöbəsinə getmişdir. Polis əməkdaşları ilk dəfə ona yaxınlaşan zaman oğurladığı pulun xərcləmədiyi hissəsi, yəni 400 ABŞ dolları və 400 AZN hissəsi hələki üzərində olmuş, polis şöbəsində olan zaman polis əməkdaşlarına narkotik vasitə aludəçisi olduğunu və hal-hazırda da üzərində narkotik vasitə olduğunu bildirmişdir. Polis şöbəsində xidməti otaqların birində ona hüquq və vəzifələri izah edilmiş, həmçinin onun hüquqlarını müdafiə etməsi üçün vəkil dəvət olunmuşdur. Həmin otaqda polis əməkdaşlarının iştirakı ilə ona üzərində olan və dövriyyəsi qanunla qadağan edilmiş əşya və ya predmet olduğu halda təqdim edilməsi təklif edilmişdir. O, əynindəki sarı rəngli gödəkçəsinin sol yan cibindən yaşıl rəngli pul kisəsinin içərisindən şəffaf sellofana bükülmüş vəziyyətdə olan bir ədəd bükülünü çıxarıb təqdim etmişdir. Həmin bükülüdəki narkotik vasitənin “kakos” kimi tanıdığı narkotik vasitə olduğunu bildirmişdir. O, həmin maddəni 27 dekabr 2022-ci il tarixdə Suraxanı rayonu, Əmircan qəsəbəsi ərazisində tanımadığı və anket məlumatlarını bilmədiyi şəxsdən aldığını bildirmişdir. Daha sonra isə 27 dekabr 2022-ci il tarixdə Nizami rayonu ərazisində yerləçən “Laçın” ticarət mərkəzindəki “Buta” gəlinlik mağazasındakı çantanın içərisindən oğurluq etdiyini etiraf etmişdir. Oğurluq hadisəsini törətməkdə məqsədinin sadəcə maddi mənfəət olduğunu və pul kisəsi ona lazım olmadığı üçün xatırlamadığı yerə atdığını bildirmişdir. Sonda Təqsirləndirilən şəxs törətdiyi əməldən səmimi peşman olduğunu nəzərə alaraq, barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilməsini xahiş etdi. Məhkəmə dövlət ittihamçısını, təqsirləndirilən şəxsi, onun müdafiəçisini və şahidləri dinləyərək, iş materiallarını tədqiq edərək, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.1 və 234.1-ci maddələri ilə müəyyən edilmiş cinayət əməlini törətmişdir və onun təqsiri, özünün etirafedici ifadəsi ilə yanaşı, aşağıda göstərilən digər sübutlarla təsdiq edilir. Zərərçəkmiş şəxs məhkəmə iclaslarının yeri və vaxtı barədə lazımı qaydada məlumatlandırılmasına baxmayaraq, məhkəməyə gəlməmişvə məhkəmə iclaslarında iştirak etməməyinin üzürlü səbəbləri barədə məlumat verməmişdir. Zərərçəkmiş şəxs ibtidai istintaq zamanı verdiyi və məhkəmə iclasında elan edilmiş ifadəsindən görünür ki, 10 ildən artıqdır ki, Bakı şəhəri, Nizami rayonu ərazisində yerləşən “Laçın” ticarət mərkəzində “Buta” gəlinlik mağazasını icarə əsasında işlətmiş, xx.xx.2022ci il tarixdə saat təxminən 17:30 radələrində işçilərin əmək haqqısını verdikdən sonra özünə məxsus içərisində 3200 AZN və 400 ABŞ dolları pul olan pul kisəsini çantasına qoyaraq bayıra çıxmışdır. Həmin vaxt o, çantasını mağazanın içərisində olan stolun üzərinə qoyaraq bayıra çıxmışdır. O, təxminən 15:20 dəqiqə sonra geri mağazaya qayıtmışdır. Saat 18:00-da mağazanı bağlayıb evə getmişdir. Yaşadığı ünvanın yaxınlığında marketə girib alış-veriş edən zaman çantasından pul kisəsini götürüb ödəniş etmək istəyən zaman pul kisəsinin çantasında olmadığını aşkar etmişdir. Bundan sonra mağazaya qayıdaraq videomüşahidə kameralarına baxmışdır. Videomüşahidə kamerasına baxan zaman bir nəfər tanımadığı qadının mağazaya daxil olub ona məxsus çantanın içərisində olan pul kisəsini götürüb getməyinin şahidi olmuşdur. O, həmin şəxsi tanımır və həmin gün ilk dəfədir ki, onu görürmüşdür. Hadisə baş verən zaman mağaza açıq olmuş və müştərilərin sərbəst giriş-çıxışı üçün heç bir maneə olmamış, oğurluq nəticəsində ona məxsus dəyəri 150 manat olan “Salido” brendinə məxsus pul kisəsi, həmin pul kisəsinin içərisində 3200 manat və manat məzənnəsi ilə 680 manat təşkil edən 400 ABŞ dolları olmaqla ümumilikdə ona 4030 manat maddi ziyan dəydiyini bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Nizami RPİ-nin 24-cü PŞ-nin CA üzrə baş əməliyyat müvəkkili, polis mayoru Şahid1 ifadəsində göstərmişdir ki, Nizami RPİ-nin 24-cü PŞ-nin təhqiqatçısı, polis kapitanı Elmar Əbilov tərəfindən 28 dekabr 2022-ci il tarixdə icraatına 27 dekabr 2022-ci il tarixdə Nizami rayonunda yerləşən “Laçın” ticarət mərkəzində Zərərçəkmiş şəxs icarə əsasında işlətdiyi “Buta” gəlinlik mağazasından baş vermiş oğurluq hadisəsi ilə bağlı həmin hadisəni törədən şəxsin tapılaraq təmin edilməsi üçün əməliyyat tapşırığı daxil olmuşdur. Daxil olmuş əməliyyat tapşırığı əsasında keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 30 dekabr 2022-ci il tarixdə saat 15:30 radələrində qeyd edilən oğurluq hadisəsini törətməkdə şübhəli bilinən xx.xx.1985-ci il təvəllüdlü Təqsirləndirilən şəxs ünvan 8 ünvanının yaxınlığında şübhəli şəxs qismində saxlanılmış, həmin şəxsə qeyd edilən oğurluq hadisəsində şübhəli olduğu bildirilmiş və Nizami RPİ-nin 24-cü PŞ-yə dəvət edilmişdir. O, da dəvəti qəbul edərək onunla birlikdə polis şöbəsinə gəlmişdir. Polis şöbəsinə gətirilən zaman həmin şəxs narkotik istifadəçisi olduğunu, həmçinin üzərində də narkotik vasitə olduğunu bildirmişdir. Xidməti otaqların birində 24-cü polis şöbəsinin təhqiqatçısı, polis kapitanı Elmar Əbilov tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət-prosessual Məcəlləsinin 90-cı maddəsində nəzərdə tutulmuş hüquq və vəzifələri izah olunmuş və Təqsirləndirilən şəxs hüquqlarının müdafiə edilməsi üçün ərazi aidiyyatı üzrə Bakı şəhəri 6 saylı Vəkil bürosundan dövlət hesabına vəkil dəvət olunmuşdur. Vəkil tərəfindən Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah olunduqdan sonra vəkilin iştirakı ilə videoçəkiliş vasitəsilə üzərində şəxsi axtarış aparılması bildirilmişdir. Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılarkən vəkilin iştirakına ehtiyacı olmadığını bildirərək bu barədə ərizə yazmışdır. Bundan sonra vəkilin iştirakı olmadan videoçəkilişlə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmasına başlanmışdır. Videoçəkiliş zamanı Təqsirləndirilən şəxs təhqiqatçı tərəfindən hüquq və vəzifələri izah olunarkən yenidən vəkilin iştirakı olmadan üzərində şəxsi axtarış aparılmasına etirazının olub-olmaması soruşulmuş, Təqsirləndirilən şəxs vəkilin iştirakı olmadan üzərində şəxsi axtarış aparılmasına heç bir etirazının olmadığını bildirmişdir. Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmamışdan qabaq üzərində qanunla qadağan olunmuş hər hansı əşya və ya predmetin olub-olmamasını, olduğu təqdirdə təqdim edilməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan sarı rəngli gödəkçənin sol yan cibindən tünd yaşıl rəngli pul kisəsini çıxardaraq içərisindən şəffaf sellofana bükülmüş vəziyyətdə olan bükülünü təqdim etmişdir. Həmin bükümə baxış keçirilən zaman içərisindən tünd qəhvəyi rəngli toz şəklində spesifik iyə malik olan kütlə aşkar edilmişdir. Həmin vaxt Təqsirləndirilən şəxs həmin kütlənin “kakos” kimi tanıdığı narkotik vasitə olduğunu və həmin maddəni 30 dekabr 2022-ci il tarixdə saat 13 radələrində Suraxanı rayonu, Əmircan qəsəbəsi yaxınlığında tanımadığı şəxsdən öz şəxsi istifadəsi üçün 40 manat müqabilində aldığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə keçirilməsi ilə əlaqədar protokol tərtib edilmiş, ucadan oxunmuş, heç bir əlavə və qeyd daxil olmadığından protokol düzgün yazıldığı üçün iştirakçılar tərəfindən imzalarla təsdiq edilmişdir. Həmin predmet qeyd etdiyi şəxslərin iştirakı ilə zərfə qoyulmuş, iştirakçılar tərəfindən imzalanaraq möhürlənmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Nizami RPİ-nin 24-cü PŞ-nin sahə inspektoru, polis mayoru Şahid2 da eyni məzmunlu ifadə verərək Şahid1 ifadəsində göstərdiyi xüsusatları təsdiq etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: - “Şəxsi axtarış və götürmə aparılması barədə” 30 dekabr 2022-ci il tarixli protokoldan görünür ki, 30 dekabr 2022-ci il tarixdə Nizami RPİ-nin 24-cü PŞ-nin təhqiqatçısı, polis kapitanı Elmar Əbilov tərəfindən polis əməkdaşlarının iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə aparılan zamanı ona paltarlarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri və psixotrop maddələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri verməsi təklif edilir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan sarı rəngli gödəkçənin sol yan cibindən tünd yaşıl rəngli pul kisəsini çıxardaraq içərisindən şəffaf sellofana bükülmüş vəziyyətdə olan bükülünü təqdim etmişdir. Həmin bükümə baxış keçirildikdə içərisində tünd qəhvəyi rəngli spesifik iyə malik olan kütlə aşkar edilmişdir. O, həmin maddənin “kakos” kimi tanıdığı narkotik vasitə olduğunu, həmin narkotik vasitəni 30 dekabr 2022-ci il tarixdə saat 13 radələrində Suraxanı rayonu, Əmircan qəsəbəsi yaxınlığında tanımadığı şəxsdən 40 manat müqabilində aldığını bildirmişdir. Daha sonra aşkar olunmuş ümumilikdə 01 ədəd bükümdə olan qəhvəyi rəngli maddə qablaşdırılaraq 01 ədəd kağız zərfə qoyulur və üzəri DİN-in “Zərflər üçün” 164 saylı möhürü ilə möhürlənir. Bundan sonra Təqsirləndirilən şəxs üzərindən dövriyyəsi qanunla qadağan olunmuş hər hansı əşya və predmet aşkar olunmur. - Diskə baxış protokolundan görünür ki, Təqsirləndirilən şəxs 27 dekabr 2022-ci il tarixdə “Buta” gəlinlik mağazasının içərisində gəzərək geyimlərə baxması və mağazanın içərisində bir qədər gəzməsi, daha sonra isə mağazanın içərisində olan göy rəngli divanın arxasında yerləşən stolun üzərindəki əl çantasından bir ədəd qara rəngli pul kisəsini satıcının diqqətinin yayınmasından istifadə edərək gizli şəkildə götürməsi görünür. Hadisə vaxtı Təqsirləndirilən şəxs əynində sarı rəngli uzun gödəkçə, qara rəngli kiçik əl çantası və gözündə eynək olması nəzərə çarpır. - Nizami RPİ-nin 24-cü PŞ-nin təhqiqatçısı, polis kapitanı Elmar Əbilov tərəfindən tərtib edilmiş 27 dekabr 2022-ci il tarixli «baxış keçirilməsi haqqında» protokoldan görünür ki, oğurluq hadisəsi baş verdiyi yer Bakı şəhəri, Nizami rayonu, B.Nuriyev 37 ünvanında yerləşən “Laçın” ticarət mərkəzində “Buta” gəlinlik mağazasıdır. - 06 mart 2023-cü il tarixli ifadənin yerində yoxlanması protokolundan görünür ki, Təqsirləndirilən şəxs hadisə yerini göstərərək ifadəsində qeyd etdiyi xüsusatları bir daha təsdiq etmişdir. - Materialların məhkəmə ekspertizasının 31 dekabr 2022-ci il tarixli, 6/7195 saylı rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində: “Azərbaycan Respublikası DİN Zərflər üçün N164" dairəvi möhür əksi, “Şübhəli şəxs K.İlinişna...'’ yazısı və imzalar olan zərfdəki 01 (bir) ədəd bükümdə təmiz çəkisi 1,100 qram olan qəhvəyi rəngli, tozşəkilli maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə- heroindir. Heroin 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq olunmuş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”in İ siyahısına (Siyahı İ) daxildir. Heroinin 0.05 qram hissəsi tədqiqata sərf edilmiş, 1.000 qram hissəsi isə tədqiqatdan sonra qalıq qalmışdır. İş materiallarında olan ambulator məcburi-narkoloji tibbi yoxlamanın 02 mart 2023cü il tarixli 1203 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Hal-hazırda İİ dərəcəli əlil olması nəzərə alınmaqla, ona narkomaniyadan məcburi müalicə tətbiq edilməsi mümkün deyildir. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. - Sübutların qiymətləndirilməsi barədə 15 may 2023-cü il tarixli qərardan görünür ki, cinayət işi üzrə Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 1,110 qram heroin (0,1 qram hissəsi ekspertiza tədqiqatına sərf edilməsi nəzərə alınmaqla) maddi sübut kimi tanınaraq saxlanması üçün Nizami RPİ-nin saxlancına təhvil verilmiş, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş 400 ABŞ dolları və 400 manat pul vəsaiti maddi sübut kimi tanınaraq zərərçəkmiş Zərərçəkmiş şəxs qaytarılmış, Bakı şəhəri, Nizami rayonu, B.Nuriyev 37 ünvanında yerləşən “Laçın” ticarət mərkəzində və şəxsi axtarış zamanı qeydə alınmış görüntüləri əks etdirən iki ədəd disk maddi sübut kimi tanınaraq cinayət işinin materiallarına əlavə edilmişdir. - “Elektron məhkəmə” informasiya sistemindən əldə edilmiş məlumatdan görünür ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2010-cu il təvəllüdlü X2 adlı yetkinlik yaşına çatmayan uşağı vardır. - “Elektron məhkəmə” informasiya sistemindən əldə edilmiş məlumatdan görünür ki, Təqsirləndirilən şəxs İİ dərəcəli əlildir və ona 220 manat pensiya müəyyən edilmişdir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “04” mart 2011-ci il tarixli, 02 nömrəli Qərarının 4-cü bəndindən görünür ki, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi anlayışının şərhi Qanunun 1.0.9-cu maddəsində verilmişdir. Qanunun həmin maddəsinin mənasına görə, o cümlədən narkotik vasitələrin satın alınması, başqa əmlakla və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə qəbul edilməsi, tapılmış narkotik vasitənin mənimsənilməsi, yabanı çətənə bitkisinin, xaş-xaşın və ya onların müəyyən hissələrinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahələrindən tərkibində narkotik vasitələr olan bitkilərin yığılması hərəkətləri də başa düşülməlidir. Törədilmiş cinayət əməlinin CM-in 234.1-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini şəxsi istehlak miqdarından artıq miqdarda əldə etməsi və saxlaması müəyyən edildikdə mümkündür. Qanunun 21.1-ci maddəsinə görə narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak üçün nəzərdə tutulan miqdarı şəxsi istehlak üçün mümkün hər bir narkotik vasitənin və ya psixotrop maddənin ayrı-ayrılıqda birdəfəlik istehlak həcminə əsasən müəyyən edilir. Şəxsi istehlak üçün nəzərdə tutulan narkotik vasitələrin və psixotrop maddələrin miqdarı onların təmiz və qarışıq vəziyyətində ayrılıqda müəyyən olunur. Narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak miqdarından artıq miqdarı “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə külli miqdarına görə siyahısının təsdiq edilməsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə müəyyən olunmuşdur. Beləliklə, yuxarıda göstərilən sübutlarla Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.1 və 234.1-ci maddələri ilə müəyyən olunmuş cinayətin törədilməsində təqsiri tam sübuta yetirilir. Cəza təyin edərkən məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs şəxsiyyətini, əvvəllər məhkum olunmasını, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Törətdiyi əməldən səmimi peşman olmasını, himayəsində bir yetkinlik yaşına çatmayan uşağının olmasını və ikinci dərəcəli əlil olmasını məhkəmə iş üzrə Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar hesab edir. Qəsdən cinayət törətməyə görə əvvəllər azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş Təqsirləndirilən şəxs, məhkumluğu ödənilmədən və ya götürülmədən, yenidən qəsdən cinayət törətməsini məhkəmə cinayətlərin residivi və Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal hesab edir. Azərbaycan Respublikası CM-nin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayət törədilməsi cinayətin residivini yaradır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin 02 sentyabr 2023-cü il tarixli tələbnaməsindən və Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 01 sentyabr 2023-cü il tarixli, 1(009)-178/2023 saylı hökmünün surətindən görünür ki, Təqsirləndirilən şəxs Bakı Ağır Cinayətlər Məhkəməsinin 25 avqust 2016-cı il tarixli hökmü ilə, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 25 dekabr 2017-ci il tarixli qərarı nəzərə alınmaqla, Azərbaycan Respublikası CM-nin 177.2.2, 234.1, 326.1 və 326.2-ci maddələri ilə, həmin Məcəllənin 66.2, 67.1 və 93.1-ci maddələri tətbiq edilməklə, qəti olaraq 07 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 19 oktyabr 2022-ci ildə cəzasının sonu ilə azad edilmiş, sonuncu dəfə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 01 sentyabr 2023-cü il tarixli, 1(009)-178/2023 saylı hökmü ilə, Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsi ilə təqsirli bilinib, 01 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, həmin Məcəllənin 69.3-cü maddəsi tətbiq edilməklə xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək tutulduğu 02 (iki) gün bir günə iki gün hesabı ilə hesablanaraq 04 gün azadlığın məhdudlaşdırılması cəzasına bərabər tutularaq təyin olunmuş cəzadan çıxılmaqla, qəti olaraq 11 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Azərbaycan Respublikası CM-nin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş sayılır. Bununla da işdə olan sübutlarla isə təsdiq olunur ki, məhkumluğu vaxtından əvvəl götürülməmiş Təqsirləndirilən şəxs ona istinad edilən cinayət əməlini, az ağır cinayət törətməyə görə əvvəllər məhkum olunduğu azadlıqdan məhrum etmə cəzasından azad edildiyi gündən 2 il keçmədən törətmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Buna görə də məhkəmə hesab edir ki, cəzanın məqsədləri Təqsirləndirilən şəxs yalnız azadlıqdan məhrum etmə növündə cəza təyin olunduğu təqdirdə təmin edilə bilər. İş materiallarına əlavə edilmiş Sumqayıt Şəhər Probasiya Şöbəsinin böyük icra məmuru R.Axundovun xx.xx.2024-cü il tarixli, 21-2/3-235108 nömrəli sorğuya cavabından görünür ki, məhkum Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsi ilə təqsirli bilinib, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə 11 ay 26 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Məhkum Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə şöbədə qeydiyyata düşmüş, tutulduğu xx.xx.2023-cü il tarixədək cəzasından 01 ay 25 gününü çəkmiş və çəkilməmiş cəzası 10 ay 01 gün təşkil edir. Göründüyü kimi, Təqsirləndirilən şəxs hazırkı iş üzrə barəsində həbs qətimkan tədbiri seçilməklə, xx.xx.2023-cü ildə tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasına gətirildiyi üçün, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə ona təyin edilmiş 11 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasının hazırkı tarixə 10 ay 01 gün hissəsi çəkilməmiş qalmışdır. Azərbaycan Respublikası CM-nin 17.1-ci maddəsinə əsasən həmin Məcəllənin müxtəlif maddələri ilə nəzərdə tutulmuş iki və ya daha çox cinayətin törədilməsi, həmin cinayətləri törətmiş şəxs onlardan heç birinə görə məhkum olunmamışdırsa və ya qanunla müəyyən edilmiş əsaslar üzrə cinayət məsuliyyətindən azad edilməmişdirsə, habelə bu cinayətlərdən heç birinə görə cinayət məsuliyyətinə cəlbetmə müddəti keçməmişdirsə, cinayətlərin məcmusunu yaradır. Azərbaycan Respublikası CM-nin 66.2-ci maddəsinə əsasən cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrı-ayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz. Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. Azərbaycan Respublikası CM-nin 68.1.1-1-ci maddəsinə əsasən cinayətlərin məcmusu və hökmlərin məcmusu üzrə cəzalar qismən və ya tamamilə toplanılarkən azadlıqdan məhrum etmənin bir gününə azadlığın məhdudlaşdırılmasının iki günü bərabər tutulur. Həmin Məcəllənin 56.1.2-ci maddələrinə görə azadlıqdan məhrum etmə növündə cəzanın qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır. Azərbaycan Respublikası CPM-nin 158.2 və 158.2.1-ci maddələrinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan hesablanır və tutulduğu və həbsdə saxlanıldığı müddət həbsdə saxlama müddətinə daxil edilir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs hazırkı cinayət işi üzrə xx.xx.2022-ci ildə şübhəli şəxs qismində tutulmuş, xx.xx.2023-cü ildə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və həmin tarixdə barəsində həbs qətimkan tədbirinin seçilməsi barədə vəsatətdən imtina edilməklə, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. Buna görə də məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə Azərbaycan Respublikası CM-nin 177.1 və 234.1-ci maddələrində nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəzalar təyin edilməli, CM-nin 66.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə, ona çəkilməsi üçün qəti olaraq müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza müəyyən edilməli, həmin Məcəllənin 66.5 və 68.1.1-1-ci maddələrinə əsasən Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 01 sentyabr 2023-cü il tarixli, 1(009)-178/2023 saylı hökmü ilə Təqsirləndirilən şəxs təyin edilmiş 01 (bir) il müddətinə azadlığın məhdudlaşdırılması növündə cəza azadlıqdan məhrum etmənin bir gününə azadlığın məhdudlaşdırılmasının iki günü hesabı ilə 06 (altı) ay müddətində azadlıqdan məhrumetmə növündə cəzaya bərabər tutulmaqla və hazırki hökm üzrə təyin edilmiş cəza ilə qismən toplanmaqla, ona çəkilməsi üçün qəti olaraq müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, həmin Məcəllənin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs- hazırkı iş üzrə xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixədək tutulduğu 02 (iki) gün və 1(009)- 178/2023 saylı hökm üzrə xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək tutulduğu 02 (iki) gün və həmin hökm üzrə çəkilmiş 01 ay 25 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası bir gün iki gün hesabı ilə 28 gün müddətinə azadlıqdan məhrum etməyə bərabər tutulmaqla, ümumilikdə 01 (bir) ay 02 (iki) gün müddət cəzaçəkmə müddətinə hesablanaraq, üzərində qəti olaraq müəyyən müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmalı, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Bundan başqa, iş materiallarında olan Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(007)-410/2023 saylı qərarından görünür ki, Azərbaycan Respublikası CM-nin 177.1 və 234.1-ci maddələri ilə Təqsirləndirilən şəxs barəsində axtarış elan edilməsi və onun haqqında seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri həbs qətimkan tədbiri ilə əvəz edilməsi, həbs etmənin əvvəlinin onun həbs edildiyi gündən hesablanması qərara alınmışdır. İşdə olan Bakı İstintaq Təcridxanasının xx.xx.2023-cü il tarixli, 3-16-17/38/2- 8438/2023 saylı məktubundan görünür ki, Nizami Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli axtarış qərarına əsasən Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə Nizami RPİ-nin CAŞ-nın əməkdaşları tərəfindən tutularaq, xx.xx.2023-cü il tarixdə Bakı İstintaq Təcridxanasına təhvil verilmişdir. Buna görə də, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs hazırkı hökm üzrə cəzaçəkmə müddətinin əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmalıdır. Məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış və Nizami RPİ-nin maddi sübutların saxlama kamerasında saxlanılan 1,000 qram narkotik vasitə heroin dəyəri olmadığına görə məhv edilməli, iş üzrə maddi sübut kimi tanınmış və Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş 400 ABŞ dolları və 400 manat pul vəsaitinin zərərçəkmiş Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınmalı, iş üzrə maddi sübut kimi tanınmış və cinayət işində saxlanılan Bakı şəhəri, Nizami rayonu, B.Nuriyev 37 ünvanında yerləşən “Laçın” ticarət mərkəzində və şəxsi axtarış zamanı qeydə alınmış görüntüləri əks etdirən iki ədəd disk cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalıdır. Eyni zamanda məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CPM-nin 197.1, 197.1.4 və 198.1-ci maddələrinə əsasən iş üzrə materialların məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş 110 manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs dövlət nəfinə tutulmalıdır. Bundan başqa, məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası CM-nin 93 və 93-1ci maddələrinə əsasən Təqsirləndirilən şəxs İİ dərəcəli əlil olması səbəbindən ona narkomaniyadan məcburi müalicə təyin edilə bilməməsi nəzərə alınmaqla, o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Həmçinin, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1 və 234.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən Bu Məcəllənin 193.2, 193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının (AR Nazirlər Kabineti) müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə hesab edir ki, vəkilin işdə iştirak etdiyi müddət 35 iş saatı müddətinə bərabər olduğundan, hər iş saatı üçün Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2018-ci il tarixli, 202 saylı qərarına əsasən göstərilmiş hüquqi xidmətlərə görə hər iş saatı üçün 6 (altı) manat miqdarında ödənilməsi nəzərə alınmaqla 210 manat (35x6) məbləğində əmək haqqı Bakı şəhəri 6 saylı Vəkil Bürosu vasitəsi ilə Müdafiəçi dövlət büdcəsi hesabına ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 346, 347, 349, 351-353, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.1 və 234.1-ci maddələri ilə nəzərdə tutulmuş cinayətlərin törədilməsində təqsirli bilinsin və ona Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsi ilə 01 (bir) il müddətinə azadlıqdan məhrum etmə növündə və Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə 01 (bir) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə növündə cəzalar təyin edilsin. Azərbaycan Respublikası CM-nin 66.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə, ona çəkilməsi üçün qəti olaraq, 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə növündə cəza müəyyən edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.5 və 68.1.1-1-ci maddələrinə əsasən, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 01 sentyabr 2023-cü il tarixli, 1(009)- 178/2023 saylı hökmü ilə Təqsirləndirilən şəxs təyin edilmiş 01 (bir) il müddətinə azadlığın məhdudlaşdırılması növündə cəza azadlıqdan məhrum etmənin bir gününə azadlığın məhdudlaşdırılmasının iki günü hesabı ilə 06 (altı) ay müddətində azadlıqdan məhrumetmə növündə cəzaya bərabər tutulmaqla və hazırki hökm üzrə təyin edilmiş cəza ilə qismən toplanmaqla, Təqsirləndirilən şəxs çəkilməsi üçün qəti olaraq, 02 (iki) il 03 (üç) ay müddətinə azadlıqdan məhrum etmə növündə cəza müəyyən edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxshazırkı iş üzrə xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixədək tutulduğu 02 (iki) gün və 1(009)-178/2023 saylı hökm üzrə xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək tutulduğu 02 (iki) gün və həmin hökm üzrə çəkilmiş 01 ay 25 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası bir gün iki gün hesabı ilə 28 gün müddətinə azadlıqdan məhrum etməyə bərabər tutulmaqla, ümumilikdə 01 (bir) ay 02 (iki) gün müddət cəzaçəkmə müddətinə hesablanaraq, üzərində qəti olaraq 02 (iki) il 01 (bir) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzanın çəkilməsi Təqsirləndirilən şəxs ciddi rejimli cəzaçəkmə müəssisəsində müəyyən edilsin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli 08 dekabr 2023-cü il tarixdən hesablansın. Hökm qanuni qüvvəyə minənədək Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri qüvvəsində saxlanılsın. Təqsirləndirilən şəxs, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə materialların məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş 110 (yüz on) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs dövlət nəfinə tutulsun. İş üzrə maddi sübut kimi tanınmış və Bakı şəhəri Nizami rayon Polis İdarəsinin maddi sübutların saxlanması kamerasında saxlanılan, xalis çəkisi 1,000 qram olan narkotik vasitə heroin məhv edilsin. İş üzrə maddi sübut kimi tanınmış 400 ABŞ dolları və 400 manat pul vəsaitinin ibtidai istintaq zamanı Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınsın. İş üzrə maddi sübut kimi tanınmış və cinayət işində saxlanılan 02 ədəd “CD” disk cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılsın. Təqsirləndirilən şəxs 35 saat göstərdiyi pulsuz hüquqi yardıma görə iş üzrə dəvət olunmuş müdafiəçi Bakı şəhəri 6 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi VÖEN – ********** hesablaşma hesabı üzərindən Bakı şəhəri 6 saylı Vəkil Bürosu vasitəsi ilə 210 manat əmək haqqı Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına ödənilsin. Hökm elan olunduğu (təqsirləndirilən şəxsə hökmün surətinin verildiyi) andan 20 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsinin vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Həmin müddətdə hökmdən apellyasiya qaydasında protest və şikayət verilmədikdə hökm müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Rauf Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar