Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(007)-120/2022 16.03.2022 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Mehdiyev Nəriman Hüseynqulu oğlunun sədrliyi, məhkəmə iclasının katibi Rüstəmova Sürəyya Nazim qızının katibliyi, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, təqsirləndirilən şəxs-Təqsirləndirilən şəxs, onun müdafiəçisi-Bakı şəhəri 6 saylı vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə, təqsirləndirilən şəxs xx xxxxxx 1989-cu il tarixdə Rusiya Federasiyasında anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, subay, fərdi qaydada işləyən, əvvəllər məhkum olunmamış, Bakı şəhəri, Nizami rayonu, R.Rüstəmov küçəsi ev 44B, mənzil 23-də qeydiyyatda olmaqla yaşayan, 10 dekabr 2021-ci il tarixdə barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş - Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 139-1.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması ilə xəstəliklərin yayılması üçün real təhlükə yaratmışdır. Belə ki, o, 25 avqust 2021-ci il tarixdə yeni növ koronovirus infeksiyasının (Covid-19 PCR) təyini üçün barəsində aparılmış laborator müayinənin nəticəsi pozitiv olmaqla, “Covid-19” virus infeksiyasına yoluxub hava-damcı yolu ilə keçən həmin infeksiyanın daşıyıcısı olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 28 fevral tarixli 73-1 nömrəli Qərarına əsasən Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 1 may 2020-ci il tarixli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respubikasinın ərazisində havadamcı yolu ilə keçən yoluxucu xəstəliklər zamanı karantin nəzarətinə götürülmə və təcrid olunma Qaydaları”nın 4,5,5-ci maddəsinin tələblərinə əsasən digər şəxsləri xəstəliyə yoluxdura biləcəyinə görə 14 gün müddətinə karantin qaydalarına uyğun müşahidəyə götürülərək hüquq və vəzifələri, göstəriləcək xidmətlərin dairəsi və təcridolunma müddəti barədə ona məlumat verilməklə yaşadığı mənzili (evi) tərk etməməsi və bu tələblərin pozulmasına görə qanunda nəzərdə tututulmuş cinayət məsuliyyəti barədə xəbərdar olmasına baxmayaraq, 03 sentyabr 2021-ci il tarixdə yaşadığı ünvanı tərk edərək xüsusi karantin rejimini pozmaqla yeni növ koronavirus (Covid-19) infeksiyasının (xəstəliyin) yayılması üçün real təhlükə yaratmış və həmin gün saat 10:10 radələrində ünvan 1 ünvanının qarşısında DİN-in ƏÇPA-nın 5-ci PB-nün əməkdaşları tərəfindən saxlarılaraq yaşadığı mənzilə qaytarılmışdır. Bu hərəkətləri ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 139-1.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 139-1.1-ci maddəsi ilə elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, 25 avqust 2021-ci il tarixdə səhətində olan nasazlıqla bağlı “Covid-19” infeksiyasına görə "xxxx" klinikasında test vermişdir. 26 avqust 2021-ci il tarixdə saat 14 radələrində onun istifadəsində olan ***-***-**-** mobil telefon nömrəsinə İTS.GOV.Az saytından 25 avqust 2021-ci il tarixli “Covid-19” ilə bağlı vermiş olduğu analizin nəticəsinin pozitiv olması ilə bağlı mesaj gəlmişdir. Həmin mesajda həm də onun və ailə üzvülərinin yaşayış yerini tərk etməmələri, karantin rejimini pozduğu halda inzibati və cinayət məsuliyyətinə cəlb oluna biləcəkləri ilə bağlı xəbərdarlıq edilmişdir. Yəni, karantinlə bağlı 14 gün evdə qalmalı olmuşdur. Bundan sonra evdə olmuş, bayıra çıxmamışdır. Lakin 03 sentyabr 2021-ci il tarixdə saat 14 radələrində evdə çörək olmadığını görüb yaşadığı binanın həyətində olan dükana çörək almaq üçün getmişdir. Həmin vaxt özünü yaxşı hiss etmişdir. Çörək alıb evə qayıdan zaman polis əməkdaşları ona yaxınlaşaraq özlərini təqdim etmişlər və onun mənzili tərk etməməli olduğunu bildirmişlər. Həmin şəxslər ona yaşadığı mənzili tərk etməməli olduğunu izah edərək müvafiq sənədləşmə aparıb izahatını almışlar. O, bundan sonra yaşadığı mənzilə getmişdir. Təqsirləndirilən şəxs ifadəsində daha sonra göstərmişdir ki, əməlindən səmimi peşmandır, özü ikinci Qarabağ döyüşlərində iştirak etmiş, medalla təltif edilmişdir. Barəsində yüngül cəza təyin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri Nizami RPİ-nin 24-cü polis şöbəsinin baş təhqiqatçısı Şahid1 ifadəsində göstərmişdir ki, 03 sentyabr 2021-ci il tarixdə ƏÇPA-nın 5-ci PB-nün polis nəfərləri Şahid2 və Şahid3 24-cü PŞ-nə raportla məruzə edərək bildirmişlər ki, Nizami rayonu, R.Rüstəmov küçəsi, 44 ünvanının qarşısında Təqsirləndirilən şəxs “Covid-19” xəstəsi olduğu halda yaşadığı mənzili tərk etmişdir. Daxil olmuş raport əsasında həmin ünvana gedərək hadisə yerinə keçirilmiş, baxış zamanı Təqsirləndirilən şəxs qeyd olunan binanın qarşısında olması müəyyən edilmişdir. Onunla şifahi sorğu zamanı sonuncu həqiqətən 25 avqust 2021-ci il tarixdə yoxlama testi verərək “Covid-19” xəstəliyinin daşıyıcısı olduğunu, lakin şəxsi ehtiyaclarını təmin etmək məqsədilə yaşadığı mənzili tərk etdiyini bildirmişdir. O, həmçinin, etiraf etmişdir ki, xəstə olduğu müddətdə yaşadığı mənzili tərk etdiyi halda inzibati və ya cinayət məsuliyyətinə cəlb olunacağı barədə sms vasitəsi ilə məlumatlandırılmışdır. Ona görə də müvafiq sms-lərin fotoşəkilləri çəkilərək materiala əlavə edilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş DİN-nin X2 Alayının 5-ci polis bölüyünün polis nəfəri Şahid2 ifadəsində göstərmişdir ki, 03 sentyabr 2021-ci il tarixdə saat 10:10-da xidmət yoldaşları ilə birlikdə inzibati ərazidə xidmətdə olan zaman bir nəfər əvvəllər tanımadığı şəxs onlara yaxınlaşaraq bildirmişdir ki, maqazinə daxil olan Ruslan adlı şəxs “Covid-19” xəstəsi olduğu halda yaşadığı mənzili tərk etmişdir. Dərhal qeyd olunan məlumatla bağlı Nizami RPİ-nin 24-cü PŞ-nə məlumat vermişlər. PŞ-nin əməliyyat qrupu ilə birlikdə qeyd olunan ünvana yaxınlaşmışlar, orada Təqsirləndirilən şəxs müəyyən edərək saxlamışlar, baş təhiqatçı Şahid1 tərəfindən onunla şifahi sorğu zamanı Təqsirləndirilən şəxs həqiqətən 25 avqust 2021-ci il tarixdə yoxlama testi verərək “Covid- 19” xəstəliyinin daşıyıcısı olduğunu, şəxsi ehtiyaclarını təmin etmək üçün yaşadığı mənzili tərk etdiyini bildirmişdir. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş DİN-nin X2 Alayının 5-ci polis bölüyünün polis nəfəri Şahid3 məhkəmə iclasında iştirakı mümkün olmadığından ifadəsi elan olunaraq tədqiq edilmiş, müəyyən olunmuşdur ki, o, şahid E.T.Səfərovla oxşar məzmunda ifadə vermişdir. İşdə olan və məhkəmə baxışında tədqiq edilmiş aşağıda istinad edilən sənədlər və digər sübutlar Azərbaycan Respublikası CPM-nin 124-cü maddəsinin tələblərinə müvafiq olaraq sübut kimi qəbul edilmişdir: - 02 oktyabr 2021-ci il tarixli qərardan görünür ki, material üzrə Azərbaycan Respublikası CM-nin 139-1.1-ci maddəsi ilə cinayət işi başlanmışdır. (i.v. 1) -DİN-nin X2 Alayının 5-ci polis bölüyünün polis nəfərləri Şahid2 və Şahid3 24-cü polis şöbəsində 03 sentyabr 2021-ci il tarixdə qeydiyyata alınmış həmin tarixli birgə raportlarından görünür ki, “COVİD-19” analizinin nəticəsi “pozitiv” olan Təqsirləndirilən şəxs tərəflərindən saxlanılmışdır. (i.v. 4) -"xxxx" MMM-nin laborator müayinə cavabından görünür ki, Təqsirləndirilən şəxs 25 avqust 2021-ci il tarixdə tibbi müayinəsi zamanı “COVİD-19” analizinin nəticəsinin “müsbət” olduğu müəyyən edilmişdir. (i.v. 6) -Təqsirləndirilən şəxs mobil telefonuna “İTS.GOV.AZ” saytından daxil olmuş mesajın mətnindən görünür ki, 25 avqust 2021-ci il tarixdə verdiyi “COVİD-19” analizinin nəticəsinin “pozitiv” olduğu bildirilmiş, onun və ailə üzvlərinin yaşayış yerlərini tərk etməmələri, karantin rejimini pozduğu təqdirdə Azərbaycan Respublikasının İnzibati Xətalar və Cinayət məcəllələrində nəzərdə tutulmuş qaydada məsuliyyətə cəlb olunacaqları barədə xəbərdarlıq edilmişdir. (i.v. 7) -Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Gigiyena və Epidemiologiya Mərkəzi” Publik hüquqi şəxsin 16 sentyabr 2021-ci il tarixli 04-17/6432- 2021 nömrəli məktubundan görünür ki, xx xxxxxx 1989-cu il təvəllüdlü Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin COVİD-19 Məlumat bazasına əsasən 25 avqust 2021-ci il tarixdə koronavirus infeksiyasına laborator müayinə nəticəsi pozitiv olmuşdur. Vətəndaşın 08 sentyabr 2021-ci il tarixində təcrid olunma müddəti bitmişdir. (i.v. 14) -Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X1” Publik hüquqi şəxs tərəfindən keçirilmiş məhkəmə-tibbi ekspertizasının 05 oktyabr 2021-ci il tarixli 833/KEŞ nömrəli ekspert rəyinin nəticə hissəsindən görünür ki, 25 avqust 2021-ci il tarixdə yeni növ virus infeksiyasının (Covid-19 PCR) təyini üçün aparılmış laborator müayinə zamanı Təqsirləndirilən şəxs müayinənin nəticəsinin pozitiv olduğu müəyyən edilmişdir. Təqsirləndirilən şəxs “Covid-19” virus infeksiyasının daşıyıcısı olduğu halda sanitar-gigiyena qaydalarını pozmaqla digər şəxsləri xəstəliyə yoluxdura biləcəyi istisna edilmir. “Covid-19” virus infeksiyasının inkubasiya dövrü 14 gün davam edir və orqanizmin fərdi xüsusiyyətlərindən asılı olaraq sağalma müddəti müxtəlif olur. (i.v. 21-23) - 10 sentyabr 2021-ci il tarixli protokoldan görünür ki, həmin tarixdə çəkilmiş videogörüntülərə baxış zamanı müəyyən edilmişdir ki, polis əməkdaşları tərəfindən ünvan 1 ünvanında özünü Təqsirləndirilən şəxs kimi təqdim edən şəxs koronavirus infeksiyasına yoluxmasından xəbərdar olduğunu, həkim yanına getmək üçün yaşadığı ünvanı tərk etdiyini bildirir. (i.v. 68) - 23 dekabr 2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** mobil telefon nömrəsi 03 sentyabr 2021-ci il tarixdə “Q.Qarayev prospekti 65A” ünvanında yerləşən anten əhatəsində siqnal vermişdir. (i.v. 96) -Sübutların qiymətləndirilməsi haqqında 05 yanvar 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 139-1.1-ci maddəsi ilə elan olunmuş ittiham dəyişdirilmədən saxlanılmış, onun yaşadığı ünvanı tərk etməsini özündə əks etdirən bir ədəd və mobil operatora aid bir ədəd CD disk maddi sübut kimi tanınıb cinayət işinin materiallarına əlavə edilmişdir. (i.v. 97-99) Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə hökmü haqqında” 15 saylı, 24 dekabr 2021-ci il tarixli Qərarına əsasən məhkəmənin hökmü məhkəmə baxışının aparıldığı dildə, aydın, anlaşılan ifadələrlə tərtib olunmalıdır, hökm yalnız məhkəmə iclasında bilavasitə tədqiq olunan sübutlara əsaslana bilər. Azərbaycan Respublikası CPM-nin 349.5.1-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 1 may tarixli 161 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində hava-damcı yolu ilə keçən yoluxucu xəstəliklər zamanı karantin nəzarətinə götürülmə və təcrid olunma Qaydaları”nın 4.5 və 4.6-cı bəndlərinə əsasən yaşadığı və ya olduğu yerdə karantin nəzarətinə götürülmüş şəxs aşağıdakı tələblərə riayət etməlidir: onunla birgə yaşayan şəxslərin xəstəliyə yoluxma riskini azaltmaq üçün ayrı otaqda qalmalı, bu mümkün olmadıqda, mənzili yaxşı havalandırmalı, həmin şəxslərlə ən az 1 (bir) metr məsafədə olmalı və ünsiyyət zamanı tibbi maskadan istifadə etməlidir; şəxsi gigiyena vasitələrini və istifadə etdiyi digər əşyaları onunla birgə yaşayan şəxslərdən təcrid etməlidir; mənzilin (evin) daxilində mümkün qədər az hərəkət etməlidir; ümumi istifadə yerlərini tez-tez havalandırmalıdır; mənzili (evi) tərk etməməlidir; yaşadıqları və ya olduqları yerdə karantin nəzarətinə götürülmüş şəxslərin laboratoriya müayinəsi bu Qaydaların 3.2-ci bəndinə uyğun olaraq həyata keçirilir. Karantin nəzarətinin müddəti başa çatdığı vaxt aparılan müayinələrin nəticəsi neqativ olduqda, karantin müddəti başa çatmış hesab edilir. Karantin nəzarətinin müddəti başa çatdığı vaxt aparılan sonuncu laboratoriya müayinəsinin nəticələri əldə olunana qədər karantin nəzarətinə götürülmüş şəxsin yaşadığı və ya olduğu yeri tərk etməsi qadağandır. Həmin Qərarın 7.6-cı bəndinə əsasən karantin rejimini pozan şəxslər Azərbaycan Respublikasının İnzibati Xətalar və Cinayət məcəllələrində nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. Məhkəmə, dövlət ittihamçısını, təqsirləndirilən şəxsi, onun müdafiəçisini və şahidləri dinləyib, iş materiallarını hərtərəfli və obyektiv tədqiq edərək, istinad olunan hüquq normalarına əsaslanaraq, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 139-1.1-ci maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirliliyi özünün etirafedici ifadəsi ilə yanaşı, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan, iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahid ifadələri, məhkəmə ekspertizasının rəyi və iş üzrə toplanmış digər materiallarla sübuta yetirilmişdir. İstintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 139-1.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir, onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar, habelə, əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Cinayət qanunvericiliyinə görə, Azərbaycan Respublikası CM-nin 139-1.1-ci maddəsində nəzərdə tutulmuş cinayətin obyekti insanların normal sağlamlığını təmin edən ictimai münasibətlərdir. Həmin cinayətin obyektiv cəhəti elan edilmiş karantin rejimlərini pozmaqla xəstəliklərin yayılması və ya onların yayılması üçün real təhlükə yaratmaqdan ibarətdir. Əməlin tövsifi üçün xəstəliyin yayılması üsulunun heç bir əhəmiyyəti yoxdur, zəruri əlamətləri kimi karantin elan olunmuş rejim zamanı xəstəliyin yayılması və ya yayılması üçün real təhlükə yaratması hərəkətlərinin mövcudluğu əsas götürülməlidir. Bu cinayətin subyektiv cəhəti təqsirkarın həm birbaşa, həm də dolayı qəsd formasında təqsirini nəzərdə tutur. Təqsirkar özündə yayılan xəstəliyin olmasını, karantin rejiminə riayət olunmasının vacibliyini, buna görə məsuliyyət daşıyacağını bilir, lakin birbaşa qəsdlə onu yaymaq istəyir və ya dolayı qəsdlə orqanizmində olan xəstəliyin yayıla biləcəyinə şüurlu surətdə yol verir. Bu zaman qeyd edilən cinayətin motivi əməlin tövsifi üçün zəruri əhəmiyyət kəsb etməsə də, xəstəliklərin qəsdən yayılması hallarına səbəb kimi intiqam almaqdan, nifrətdən və ya digər şəxsi münasibətlərin pozulmasından ibarət ola bilər. Odur ki, Azərbaycan Respublikası CPM-nin 44.2.4-cü maddəsinə müvafiq olaraq, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməkdə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarılmalı və ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin 139-1.1-ci maddəsinin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 139-1.1-ci maddəsinə əsasən epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və ya karantin rejimlərinin pozulması xəstəliklərin yayılmasına səbəb olduqda və ya xəstəliklərin yayılması üçün real təhlükə yaratdıqda - iki min beş yüz manatdan beş min manatadək miqdarda cərimə və ya üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən aşağıdakıları nəzərə alır, eləcə də cinayət qanununun müvafiq prinsip və müddəalarını rəhbər tutur: -SX ******* nömrəli hərbi biletin surətindən görünür ki, Təqsirləndirilən şəxs Cəbrayıl və Qubadlı rayonlarının azadlığı uğrunda gedən döyüşlərdə iştirak etmişdir. (i.v. 52-53) -Azərbaycan Respublikası Prezidentinin 24 iyun 2021-ci il tarixli Sərəncamından çıxarışdan görünür ki, əsgər Təqsirləndirilən şəxs “Qubadlının azad olunmasına görə” medalı ilə təltif edilmişdir. -Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş 09 noyabr 2021-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu haqqında məlumat yoxdur. (i.v. 57) - 10 dekabr 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. (i.v. 86-87) “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Cinayət Qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndinə əsasən şəxsin təqsirli bilindiyi maddənin sanksiyası azadlıqdan məhrum etmə ilə yanaşı yüngül cəza növləri də nəzərdə tutursa, hökm çıxarılarkən, azadlıqdan məhrum etmə cəzası təyin edildikdə, bu qərar hökmdə əsaslandırılmalıdır. Cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 139- 1.1-ci maddəsi ilə törətdiyi əməl, həmin Məcəllənin 15.3-cü maddəsinə əsasən az ağır cinayət, 25.1-ci maddəsinə əsasən isə qəsdən törədilmiş cinayət hesab olunur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə əsasən, cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal qismində Azərbaycan Respublikası CM-nin 59.1-ci maddəsində dairəsi konkret göstərilmiş hallar müəyyən edilməmişdir. Lakin məhkəmə Təqsirləndirilən şəxs ilk dəfə az ağır cinayət törədərək məsuliyyətə cəlb edilməsini, əməlindən səmimi peşman olmasını, habelə erməni işğalçılarına qarşı 44 günlük Vətən Müharibəsində iştirak etməsini və medalla təltif olunmasını Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal qismində Azərbaycan Respublikası CM-nin 61.1-ci maddəsində dairəsi konkret göstərilmiş hallar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs barəsində təyin ediləcək cəzanın həddini və növünü müəyyən edərkən, cəza təyinetmənin ümumi prinsiplərini rəhbər tutmaqla onun qəsdən az ağır cinayət törətməsini, işin faktiki hallarını, cəzanı yüngülləşdirən halların olmasını, cəzanı ağırlaşdıran halın isə olmamasını nəzərə alaraq, hesab edir ki, təqsirləndirilən şəxsin islah olunması üçün cəmiyyətdən təcrid olunmamaqla barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilməsi məqsədəmüvafiqdir və cəzanın məqsədini təmin edir. Ona görə məhkəmə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 139-1.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikası CM-nin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmin Məcəllənin 52-1.2-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 51-3.1 və 51-2.1-ci maddələrinə əsasən Təqsirləndirilən şəxs ona təyin olunacaq azadlığın məhdudlaşdırılması növündə cəzasını yaşayış yeri üzrə çəkməli və cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə müvafiq məhkəmə qərarı olmadan hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək yaşayış yerini tərk etməmək, habelə gün ərzində Bakı şəhərinin və Abşeron rayonunun ərazi hüdudlarını tərk etməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifələri qoyulmalı, Təqsirləndirilən şəxs üzərində nəzarətin həyata keçirilməsi yaşayış yeri üzrə probasiya şöbəsinə həvalə edilməlidir. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs hazırkı işlə bağlı tutulmamış, həbsdə saxlanılmamışdır. Ona görə məhkəmə hesab edir ki, cəzanın hesablanması zamanı Azərbaycan Respublikası CM-nin 69-cu maddəsinin müddəalarının tətbiqi üçün əsaslar yoxdur. Azərbaycan Respublikası CPM-nin 175.5-ci maddəsinə əsasən müvafiq qətimkan tədbiri onun ləğvindən, dəyişdirilməsindən, habelə şübhəli və ya təqsirləndirilən şəxsin barəsində cinayət təqibinə xitam verildikdən və ya məhkuma təyin edilən cəza icraya yönəldikdən sonra qüvvədən düşmüş sayılır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməli olduğundan, barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 346-cı maddəsində nəzərdə tutulan, məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında müzakirə edilməli olan digər məsələlərlə bağlı qeyd edir ki, cinayət işi üzrə mülki iddia yoxdur; cinayət nəticəsində vurulmuş maddi zərərin və ya mümkün ola biləcək xüsusi müsadirənin təmin edilməsi məqsədi ilə əmlak üzərinə həbs qoyulmamışdır; maddi sübut qismində tanınmış iki ədəd CD disk cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalıdır; məhkəmə məsrəfinin tutulmasına əsas olacaq ekspertiza isə keçirilməmişdir. Azərbaycan Respublikası CM-nin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 139-1.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2, 193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının (AR Nazirlər Kabineti) müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə hesab edir ki, dövlət hesabına təyin edilmiş vəkilin məhkəməyədək icraat və məhkəmə icraatı zamanı, iş materialları ilə tanış olmaqla birlikdə, təqsirləndirilən şəxsə göstərdiyi hüquqi yardıma görə iştirak etdiyi müddət 36 iş saatı müddətinə bərabər tutulduğundan, (Nazirlər Kabinetinin 03.05.2018-ci il tarixli 202 saylı qərarına əsasən) hər iş saatı üçün 6 manat miqdarında ödənilməsi nəzərə alınmaqla dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 139-1.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, 01 (bir) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs üzərinə müvafiq məhkəmə qərarı olmadan hər gün saat 23:00dan növbəti gün saat 07:00-dək yaşayış yerini, habelə gün ərzində Bakı şəhərinin və Abşeron rayonunun ərazi hüdudlarını tərk etməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs üzərində nəzarətin həyata keçirilməsi yaşayış yeri üzrə probasiya şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Maddi sübut qismində tanınmış iki ədəd CD disk cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılsın. Təqsirləndirilən şəxs məhkəməyədək icraat və məhkəmə icraatı zamanı, iş materialları ilə tanış olmaqla birlikdə, ümumilikdə 36 saat göstərdiyi pulsuz hüquqi yardıma görə Müdafiəçi müvafiq hesablaşma hesabı üzərindən Bakı şəhəri 6 saylı vəkil bürosu vasitəsi ilə 216 manat əmək haqqı Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Hökmdən elan olunduğu andan 20 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Həmin müddətdə hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə, hökm müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Nəriman Mehdiyev
Məhkəmə qərarları › İş №1(007)-120/2022
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Hökm — İş №1(007)-120/2022
16.03.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver