Məhkəmə qərarları › İş №1(007)-121/2021

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Hökm — İş №1(007)-121/2021

24.06.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(007)-121/2021 24.06.2021 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyeva Mətanət İsfəndiyar qızının sədrliyi, məhkəmə iclas katibi Azadəli Orhan Nasir oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhər məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Mirzəyev Ceyhun Namiq oğlunun, müdafiəçi – Bakı şəhəri 6 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi oğlunun, təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs iştirakı ilə, təqsirləndirilən şəxs – xx.xx.1985-ci ildə Lənkəran şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan və ünvan 2 ünvanında yaşayan, barəsində başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN E T D İ: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və mənbədən qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda 0,2 qram xalis çəkidə narkotik vasitə olan metadon preparatı əldə edib, özünə məxsus “Kia Optima” markalı, LT-099 tranzit qeydiyyat nişanlı avtomaşının yük saxlanc yerində saxlamaqla daşımış və 09 dekabr 2020-ci il tarixdə saat 23:15 radələrində Nizami RPİ-nin PPXB-nün polis nəfərləri tərəfindən hərbi vəziyyət rejimi ilə əlaqədar Bakı şəhəri, Nizami rayonu, Heydər Əliyev prospekti 109 ünvanında yerləşən “Bravo” marketin qarşısında təşkil olunmuş stasionar postda saxlanılıb Bakı şəhəri, Nizami rayonu, Heydər Əliyev prospekti 118 ünvanında yerləşən Nizami RPİ-nin 23-cü Polis Bölməsinə gətirilərək, bölmənin həyətində onun idarə etdiyi “Kia Optima” markalı, LT-099 tranzit qeydiyyat nişanlı avtomaşının yük saxlanc yerinə baxış keçirilən zaman 05 ədəd blister kəsiklərində səthlərində “F/M 40” yazısı həkk olunmuş, qəhvəyimtil-boz rəngli dairəvi formada tabletlər, tərkibində təsiredici maddəsinin ümumi miqdarı 0,2 qram (01 tabletdə 0.04 qram) olan metadon preparatı aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs məhkəmə baxışında özünü ona elan olunmuş Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş ittihamla təqsirli bilərək ifadəsində göstərmişdir ki, 2020-ci ilin may ayında “Kia Optima” markalı avtomaşını tranzit nömrə ilə almış və həmin vaxtdan etibarən həmin avtomaşınla sifariş əsasında spirtli içki daşıyıb satmışdır. 09 dekabr 2020-ci il tarixdə, saat 23:15 radələrində “Kia Optima” markalı, “LT 099" tranzit qeydiyyat nişanlı avtomobillə yaşadığı ünvana getmək üçün Heydər Əliyev prospekti ilə köməkçi yolla hərəkət edib “Azpetrol” yanacaqdoldurma məntəqəsinə daxil olub avtomaşına benzin vurub hərəkətinə davam etmişdir. O, Heydər Əliyev prospekti ilə “Koroğlu” metrostansiyası istiqamətində hərəkətdə olan zaman komendant rejimi ilə əlaqədar qurulmuş stasionar postda polis əməkdaşları tərəfindən saxlanılmışdır. Polis əməkdaşları ondan şəxsiyyətini təsdiq edən sənədi istəmişlər və komendant rejimi ilə əlaqədar icazəsinin olub-olmadığını soruşmuşlar. Həmin vaxt polis əməkdaşları avtomobilin baqaj hissəsini açmağını istəmişlər və o, idarə etdiyi avtomobilin baqajını açdıqda orada sellofan bükümün içərisində 05 ədəd həb olan metadon kimi tanıdığı narkotik vasitə aşkar edilmişdir. O, həmin narkotik vasitəni arada bir istifadə etdiyi üçün orada unutmuşdur. Bundan sonra onu Nizami RPİ-nin 23-cü Polis Bölməsinə dəvət etmişlər, polis bölməsində videogörüntü ilə avtomobilinə baxış keçirilmiş və avtomobilinin baqaj hissəsində olan sellofan bükümdə 05 ədəd metadon aşkar edilərək götürülmüşdür. O, həmin narkotik vasitəni təxminən 6-7 ay əvvəl, Nərimanov rayonu ərazisindən tanımadığı şəxsdən əldə etmiş və şəxsi istifadəsi üçün avtomaşınında gəzdirmişdir. Əməlindən peşmandır, evlidir, himayəsində 2 azyaşlı uşağı vardır. Məhkəmədən ailə vəziyyətini nəzərə alaraq barəsində cərimə cəzasının təyin edilməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs qeyd edilən əməli törətməkdə təqsiri öz ifadəsi ilə yanaşı aşağıdakılarla da təsdiq olunur. Məhkəmə baxışında şahid qismində dindirilmiş Bakı şəhəri Nizami RPİ-nin Postpatrul xidməti bölüyünün polis nəfəri Şahid2 ifadəsində göstərmişdir ki, 09 dekabr 2020-ci il tarixdə saat 23:15 radələrində Nizami RPİ-nin Post Patrul Xidməti Bölüyünün polis serjantı Şahid3 ilə xidmətdə olarkən Nizami rayonu, Heydər Əliyev prospektində yerləşən “Bravo” marketin qarşısında xidmət aparan 5912 çağırışlı stasionar post efir vasitəsi ilə köməyə çağırdığını eşidib həmin posta yaxınlaşmışlar. Həmin vaxt orada xidmət aparan Nizami RPİ-nin PPXB-nün polis nəfəri Şahid4 stasionar postda komendant saatı ilə əlaqədar olaraq “Kia” markalı, LT099 tranzit qeydiyyat nişanlı avtomobil posta daxil olan zaman yoxlanış apardıqda avtomobilin baqaj hissəsindən ağ sellofan bükümdə narkotik vasitəyə bənzər həblərin aşkar edildiyini bildirmişdir. Onlar post rəhbərinin göstərişi ilə həmin avtomobildən aşkar olunan əşyanı və avtomobilin sahibini aidiyyəti üzrə Nizami RPİ-nin 23-cü PB-nə gətirərək növbətçi hissəyə təhvil verərək raport tərtib etmişlər. Orada avtomobili idarə edən şəxsin Təqsirləndirilən şəxs olduğu müəyyən edilmişdir. Həmin vaxt onun və Şahid3 iştirakı ilə avtomobilə baxış keçirilmiş və avtomobilin baqaj hissəsindən 01 ədəd şəffaf sellofan bükümdə 05 ədəd narkotik vasitəyə bənzər həblər aşkar olunaraq götürülmüşdür. İş üzrə şahid Bakı şəhəri Nizami RPİ-nin 23-cü PB-nin sahə rəisi, polis mayoru Şahid1 ərizə ilə məhkəməyə müraciət edərək işi ilə əlaqədar məhkəmə prosesində iştirak edə bilməyəcəyini, istintaqa verdiyi ifadəsini təsdiq etdiyini bildirmişdir. İş üzrə şahid Bakı şəhəri Nizami RPİ-nin 23-cü PB-nin sahə rəisi, polis mayoru Şahid1 istintaqda verdiyi ifadəsində bildirmişdir ki, 09 dekabr 2020-ci il tarixdə Nizami RPİ-nin 23-cü PB-də əməliyyat qrupunda olan zaman saat 23:15 radələrində Nizami RPİnin Post Patrul Xidməti Bölüyünün polis nəfərləri Şahid2 və Şahid3 xidmətdə olarkən Nizami rayonu, Heydər Əliyev prospekti 109 ünvanında yerləşən “Bravo” marketin qarşısında stasionar postda saxlanılmış “Kia Optima” markalı, LT099 tranzit qeydiyyat nişanlı avtomobilin arxa saxlanc yerində sellofan paketdə 5 ədəd narkotik vasitəyə oxşar həb olması ilə bağlı bir nəfər şəxsi saat 23:45 radələrində Nizami RPİ-nin 23-cü Polis Bölməsinə gətirmişlər və bu barədə raport tərtib etmişlər. Polis bölməsində həmin şəxsin 1985-ci il təvəllüdlü Təqsirləndirilən şəxs olduğu müəyyən edilmişdir. Polis nəfərləri Şahid2 və Şahid3 tərəfindən raport tərtib edildikdən sonra, yəni 10 dekabr 2020-ci il tarixdə saat 00:39-da onun və Nizami RPİ-nin Post Patrul Xidməti Bölüyünün polis nəfərləri Şahid2 və Şahid3 iştirakları ilə “LT099” dövlət qeydiyyat nişanlı, “Kia Optima” markalı avtomobilə baxış keçirilmiş və Təqsirləndirilən şəxs avtomaşınının baqaj hissəsindən 01 ədəd şəffaf sellofan bükümdə 05 ədəd narkotik vasitəyə bənzər həblər aşkar olunaraq DİN-nin 163 saylı möhürü ilə möhürlənərək götürülmüşdür. Təqsirləndirilən şəxs digər qanunla qadağan edilmiş əşya və ya predmet aşkar olunmamışdır. İş üzrə şahid Bakı şəhəri Nizami RPİ-nin PPXB-nün polis nəfəri, polis serjantı Şahid4 ərizə ilə məhkəməyə müraciət edərək məhkəmə prosesində iştirak edə bilməyəcəyini, istintaqa verdiyi ifadəsini təsdiq etdiyini bildirmişdir. İş üzrə şahid Bakı şəhəri Nizami RPİ-nin PPXB-nün polis nəfəri, polis serjantı Şahid4 istintaqda verdiyi ifadəsində bildirmişdir ki, 09 dekabr 2020-ci il tarixdə saat 23:15 radələrində komendant saatı ilə əlaqədar Bakı şəhəri, Nizami rayonu, Heydər Əliyev prospekti 109 ünvanında yerləşən “Bravo” marketin qarşısında təşkil olunmuş stasionar postda xidmətdə olarkən, həmin posta ”Kia Optima” markalı, LT099 dövlət qeydiyyat nişanlı avtomobil yaxınlaşmışdır. Həmin vaxt orada xidmət aparan BBPİ-nin DYPŞ-nin inspektoru sürücü Təqsirləndirilən şəxs icazəsinin olub-olmamasını yoxladıqdan sonra sürücüdən baqaj hissəsini açmaq üçün avtomaşından düşməyi xahiş etmişdir. Avtomobilin sürücüsü Təqsirləndirilən şəxs avtomobildən düşərək baqaj hissəsinə yaxınlaşıb baqajı açıb ona təqdim etmişdir. Avtomobilin baqaj hissəsinə baxdıqda orada şəffaf sellofan bükümdə 05 ədəd narkotik vasitəyə bənzər həblər aşkar edilmişdir. Bu zaman o, stasionar postu tərk etməməli olduğu üçün həmin şəxsin avtomobilinin baqaj saxlanc yerində olan sellofan bükümdə 05 ədəd narkotik vasitəyə bənzər həblərin nə olduğunu müəyyən edilməsindən ötrü ərazi üzrə polis bölməsinə aparılması məqsədi ilə həmin ərazidə dislokasiya üzrə xidmət aparan Nizami RPİ-nin PPXB-nün polis nəfərləri, polis serjantı Şahid2 və polis kiçik serjantı Şahid3 efir vasitəsi ilə məlumat vermişdir. Dərhal xidmət apardığı stasionar posta yaxınlaşan Nizami RPİ-nin PPXB-nün polis nəfərləri, polis serjantı Şahid2 və polis kiçik serjantı Şahid3 sürücü Təqsirləndirilən şəxs ərazi aidiyyəti üzrə Nizami RPİ-nin 23-cü PB-nə aparıb təhvil verərək bu barədə raport tərtib etmişlər. İşdə olan və məhkəmə baxışında tədqiq edilmiş: - cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında 10.12.2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə cinayət işi başlanılmış və icraata qəbul edilmişdir. - nəqliyyat vasitəsinə baxış keçirilməsi haqqında 10.12.2020-ci il tarixli protokoldan görünür ki, Bakı şəhəri Nizami RPİ-nin 23-cü PB-nin təhqiqatçısı, polis kapitanı X2, həmin bölmənin sahə rəisi Şahid1, Bakı şəhəri Nizami RPİ-nin PPXB-nün polis nəfərləri Şahid3 və Şahid2 iştirakı ilə Təqsirləndirilən şəxs məxsus olan “Kia Optima” markalı, LT099 tranzit qeydiyyat nömrəsi olan avtomobilə videogörüntülü baxış keçirilmiş və baxış zamanı “Kia Optima” markalı, LT099 tranzit qeydiyyat nömrəsi olan avtomobilin yük yerindən sellofan paketdə narkotik maddəyə oxşar olan 5 ədəd həb aşkar olunmuşdur. Həmin avtomobildə başqa qanunsuz əşya və predmet aşkar olunmamışdır. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş materialların məhkəmə ekspertizasının 10.12.2020-ci il tarixli, 6/2698 nömrəli ekspert rəyinin nəticə hissəsindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində AR DİN “Zərflər üçün № 163” möhür əksi, “Vət. Təqsirləndirilən şəxs məxsus “Kia Optima” markalı avtomaşından aşkar edilərək...” və s. yazılar, imzalar olan zərfdəki 01 ədəd bükümdə 05 ədəd blister kəsiklərində səthlərində “F/M40” yazısı həkk olunmuş qəhvəyimtil-boz rəngli dairəvi formalı tabletlərin tərkibində təsiredici maddəsinin ümumi miqdarı 0.2 qram (01 tabletdə 0.04 qram) olan metadon preparatı müəyyən edildi. Bu tabletlər kimyəvi tərkiblərinə və dərman formalarına görə zavod üsulu ilə hazırlanmışdır. Metadon Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi məhdudlaşdırılmış narkotik vasitələr”in siyahısına (Siyahı İİ) daxildir. - 10.12.2020-ci il tarixli tutma protokolundan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli olduğuna görə tutulmuşdur. - təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında 11.12.2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə ittiham elan edilmişdir. - tutulmuş şəxsin X1 azad edilməsi barədə 11.12.2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Nizami RPİ-nin MSY-dən azad edilmişdir. - qətimkan tədbiri seçilməsi haqqında 11.12.2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. - maddi sübut kimi tanıma haqqında 11.12.2020-ci il tarixli qərardan və Bakı şəhəri Nizami RPİ-nin Təminat Hissəsinin kiçik inspektoru, polis baş serjantı S.R.Ələkbərov tərəfindən verilmiş 22.01.2021-ci il tarixli qəbzdən görünür ki, Təqsirləndirilən şəxs götürülmüş təmiz çəkisi 0,2 qram olan narkotik vasitə metadon preparatı maddi sübut kimi tanınmış və ekspertiza tədqiqatından sonrakı qalıq hissəsi 0,16 qramı saxlanılması üçün Nizami RPİ-nin saxlama kamerasına qəbz ilə təhvil verilmişdir. - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X3-Narkoloji tibbi yoxlamanın 17.12.2020-ci il tarixli, 3488 nömrəli rəyinin nəticə hissəsindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs çətənə bitkisi preparatlarından və psixotrop maddə olan metamfetamindən sui-istifadə edilməsi ilə nəticələnən asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Lakin, hal-hazırda abstinensiya, intoksikasiya əlamətlərinin olmamasını nəzərə alaraq, həmçinin öz vəziyyətinə tənqidi münasibətin olması ilə əlaqədar olaraq, narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. - sübutların qiymətləndirilməsi haqqında 19.01.2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs idarə etdiyi “Kia Optima” markalı, LT099 tranzit qeydiyyat nişanlı avtomaşından 01 ədəd bükümdə 05 ədəd metadon preparatının aşkar olunması görüntülərini əks etdirən bir ədəd “DVD” disk maddi sübut kimi tanınmış və cinayət işinin materiallarına əlavə edilmişdir. - doğum haqqında şəhadətnamələrin surətindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində 27.01.2013-cü il təvəllüdlü İbrahimli Almasxanım və 13.01.2018-ci il tarixli İbrahimli İbrahim adlı 2 azyaşlı uşağı vardır. - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş 25.02.2021-ci il tarixli tələbnamədən görünür ki, əməliyyat sorğu kartotekasında Təqsirləndirilən şəxs məhkumluğu barədə məlumat yoxdur. - 01 ədəd “DVD” diskə köçürülmüş videogörüntüyə baxış keçirilən zaman müəyyən olunmuşdur ki, nəqliyyat vasitəsinə baxış keçirilməsi haqqında 10.12.2020-ci il tarixli protokolda göstərilən xüsusatlar öz təsdiqini tapır. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına görə siyahıların təsdiq edilməsi haqqında “Azərbaycan Respublikasının 28.06.2005-ci il tarixli Qanununa əsasən dərman preparatı kimi beynəlxalq adı “metadon” olan maddə narkotik vasitəsidir, onun 0,02 qramdan artıq hissəsi şəxsi istehlak miqdarından artıq miqdar hesab olunur. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 28.06.2005-ci il tarixli Qanununa əsasən həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi; məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanılmasına yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanılması hesab olunur. Birləşmiş Millətlər Təşkilatının 30 mart 1961-ci il tarixli “Narkotik vasitələr haqqında” Vahid Konvensiyası, 1971-ci il tarixli “Psixotrop maddələr haqqında” və 19 dekabr 1988-ci il tarixli “Narkotik vasitələr və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə mübarizə haqqında” konvensiyalarında narkotik vasitələrin, güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsi beynəlxalq cinayət hesab edilmişdir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli, 2 nömrəli Qərarının 5-ci bəndi ilə məhkəmələrə izah edilmişdir ki, təqsirli şəxsin narkotik vasitələri öz ixtiyarında (məsələn, üstündə, gizli saxlanc yerlərində, binalarda və s.) saxlaması ilə əlaqədar olan hər hansı qəsdən edilən hərəkətləri saxlama kimi başa düşülməlidir. Göstərilənlərə əsasən məhkəmə belə bir nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətdiyi əməldə cinayət tərkibi vardır, ona ibtidai istintaq zamanı düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə ittiham irəli sürülmüş və əməli həmin maddə ilə tövsif edilmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə olan metadonu əldə edib saxlaması özünün, şahidlərin ifadələri, həmçinin cinayət işinin materiallarındakı digər sənədlərlə tamamilə sübuta yetirildi. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsas yoxdur. Məhkəmə iş üzrə toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutlara qiymət verərək hesab edir ki, həmin sübutlar mötəbər və mümkün olmaqla Təqsirləndirilən şəxs tərəfindən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlinin törədilməsini tam təsdiq edir. Təqsirləndirilən şəxs cəzadan azad edilməsi və onun barəsində cəzanın təyin edilməməsi üçün əsaslar olmadığı üçün Azərbaycan Respublikası CM-nin 58-ci maddəsinə əsasən ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş hədlərdə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə görə, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən, Azərbaycan Respublikası CMnin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs törətdiyi əməl az ağır cinayət hesab olunur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 №li qərarında göstərilir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla, daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Məhkəmə, Təqsirləndirilən şəxs ilk dəfə cinayət törətməsini, törətdiyi əməli etiraf etməsini, əməlindən peşman olmasını, evli olmasını, himayəsində azyaşlı uşaqlarının olmasını, ailənin yeganə qazanc gətirəni olmasını cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs cəzasını Azərbaycan Respublikası CM-nin 61.1-ci maddəsində nəzərdə tutulmuş ağırlaşdıran hal müəyyən olunmadı. Məhkəmə Təqsirləndirilən şəxs barəsində təyin ediləcək cəzanın həddini və növünü müəyyən edərkən cəza təyinetmənin ümumi prinsiplərini rəhbər tutmaqla onun qəsdən az ağır cinayət törətməsini, qəsdin əsas obyektini əhalinin sağlamlığının təhlükəsizliyini təmin edən ictimai münasibətlər, əlavə obyektini isə ictimai təhlükəsizlik, dövlət idarə və müəssisələrin normal fəaliyyətini təmin edən ictimai münasibətlər, konkret insanın-fərdin sağlamlığı təşkil etməsini və cəzasını yüngülləşdirən halları nəzərə alaraq hesab edir ki, onun islah olunması üçün barəsində təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsi məqsədəmüvafiqdir və cəzanın məqsədini təmin edir. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə hesab edir ki, cəza təyin edilərkən Təqsirləndirilən şəxs 10.12.2020-ci il tarixdən 11.12.2020-ci il tarixədək 1 gün həbsdə saxlanılması həbsdə saxlamanın bir gününü azadlığın məhdudlaşdırılmasının iki gününə hesablayaraq nəzərə alınmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək yaşadığı ünvan 2 ünvanını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhərini tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Azərbaycan Respublikası CPM-nin 346.1.19 - 346.1.22-ci maddələrində nəzərdə tutulmuş məsələləri həll edərək məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı; Azərbaycan Respublikası CPM-nin 132.1.4-cü maddəsinə əsasən iş üzrə maddi sübut olan və Bakı şəhəri Nizami RPİ-də saxlanılan 04 tablet (0,16 qram) narkotik vasitəmetadon preparatı hökm qanuni qüvvəyə mindikdən sonra məhv olunmalı; Azərbaycan Respublikası CPM-nin 132.1.6-cı maddəsinə əsasən cinayət işi üzrə maddi sübut olan 1 ədəd “DVD” disk cinayət işinin materiallarında saxlanılmalı; Azərbaycan Respublikası CPM-nin 198.1-ci maddəsinə əsasən məhkəmə məsrəfi olan 109 (bir yüz doqquz) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub dövlət xəzinədarlığı agentliyi, kod 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN **********, hesab AZ34CTRE******************** hesabına ödənilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia yoxdur. Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə hesab edir ki, vəkilin ibtidai istintaqda iştirak etdiyi müddət 30 iş saatı və məhkəmədə iştirak etdiyi müddət 30 iş saatı, cəmi 60 iş saatı müddətinə bərabər olduğundan, hər iş saatı üçün Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03.05.2018-ci il tarixli, 202 saylı qərarına əsasən göstərilmiş hüquqi xidmətlərə görə hər iş saatı üçün 6 (altı) manat miqdarında ödənilməsi nəzərə alınmaqla 360 (üç yüz altmış) manat (60x6) məbləğində əmək haqqı Bakı şəhəri 6 saylı Vəkil Bürosu vasitəsi ilə Müdafiəçi dövlət büdcəsi hesabına ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinib, barəsində 2 (iki) il 6 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 10.12.2020-ci il tarixdən 11.12.2020-ci il tarixədək 1 gün həbsdə saxlanılması nəzərə alınmaqla həbsdə saxlamanın bir gününü azadlığın məhdudlaşdırılmasının iki gününə hesablayaraq üzərində 2 (iki) il 5 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs üzərinə hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək yaşadığı ünvan 2 ünvanını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhərini tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs üzərində nəzarətin həyata keçirilməsi Bakı Şəhər Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Cinayət işi üzrə maddi sübut olan və Bakı şəhəri Nizami RPİ-də saxlanılan 04 tablet (0,16 qram) narkotik vasitə-metadon preparatı hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Cinayət işi üzrə maddi sübut olan 01 ədəd “DVD” disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə məhkəmə məsrəfi olan 109 (bir yüz doqquz) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub dövlət xəzinədarlığı agentliyi, kod 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN **********, hesab AZ34CTRE******************** hesabına keçirilsin. Təqsirləndirilən şəxs ibtidai istintaqda 30 saat, məhkəmədə 30 saat, cəmi 60 saat göstərdiyi pulsuz hüquqi yardıma görə iş üzrə dəvət olunmuş müdafiəçi Bakı şəhəri 6 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi 360 (üç yüz altmış) manat əmək haqqı Bakı şəhəri 6 saylı Vəkil Bürosu vasitəsi ilə Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına ödənilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Həmin müddətdə hökmdən apellyasiya qaydasında protest və şikayət verilmədikdə hökm müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən Mətanət Hacıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar