Məhkəmə qərarları › İş №1(007)-121/2022

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Hökm — İş №1(007)-121/2022

08.07.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(007)-121/2022 08.07.2022 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyeva Mətanət İsfəndiyar qızının sədrliyi, məhkəmə iclas katibi Mustafayev Əşrəf Əli oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxsin hüquqi varisi – Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili X2, zərərçəkmiş şəxs – Zərərçəkmiş şəxs1, müdafiəçi – Bakı şəhəri 20 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi oğlunun, təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs iştirakı ilə, təqsirləndirilən şəxs xx.xx.2000-ci ildə Qəbələ rayonunun Kürd kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, əvvəllər məhkum olunmamış, Qəbələ rayonu, Kürd kəndində qeydiyyatda olan və ünvan 1 ünvanında yaşayan, barəsində başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs xx.xx.2021-ci il tarixdə saat 14:55-də etibarnamə əsasında idarə etdiyi, texniki cəhətdən saz vəziyyətdə olan Zərərçəkmiş şəxs1 məxsus “Kia Sorento” minik markalı, **-BB-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Bakı şəhəri, Nizami rayonu, R.Rüstəmov küçəsi ilə “Sarı Gəlin” şadlıq sarayından metronun “Neftçilər istiqamətində saatda 60-70 kilometr sürətlə hərəkət edib R.Rüstəmov küçəsi 14 ünvanında yerləşən yol dairəsinə yaxınlaşan zaman “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərini pozub, yəni diqqətini daim dəyişən yol şəraitindən və avtomobilin idarə olunmasından ayırmamalı, avtomobilin idarə olunması ilə əlaqədar təhlükəli hərəkətlərə yol verməməsi barədə tələblərə əməl etməklə hadisənin qarşısını almağa texniki imkanı olduğu halda bu tələbləri pozub diqqətsizlik edərək həmin dairədə hərəkətdə olan Şahid1 idarə etdiyi “Hyundai Tucson” minik markalı, **-ZA-*** dövlət qeydiyyat nişanlı avtomobilin onun yoluna çıxacağını zənn edib həmin avtomobillə toqquşmadan yayınmaq məqsədilə onunla eyni istiqamətdə qarşıda hərəkətdə olan Zərərçəkmiş şəxs2 idarə etdiyi “Kia Ceed” minik markalı, **-HY-*** dövlət qeydiyyat nişanlı avtomobilin arxa hissəsi ilə özünün idarə etdiyi avtomobil toqquşmuş, daha sonra idarəetməni itirərək sola istiqamətlənib yolun sol kənarı ilə hərəkətdə olan piyada Zərərçəkmiş şəxs3 avtomobilin sol yan hissəsi ilə vuraraq ehtiyatsızlıqdan Zərərçəkmiş şəxs3 ümumilikdə canlı şəxslərdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid sol baldır sümüklərinin çoxqəlpəli, açıq mürəkkəb sınıqları, bədənin çoxsaylı sıyrıqları və qançırlarından ibarət xəsarətlər yetirmiş, həmin xəsarətlərdən sol baldır sümüklərinin çoxqəlpəli, açıq, mürəkkəb sınıqları nəticəsində baş vermiş travmatik və hemorragik şok Zərərçəkmiş şəxs3 ölümünə səbəb olmuş, eləcə də “Kia Ceed” minik markalı, **-HY-*** dövlət qeydiyyat nişanlı avtomobilin zədələnməsi nəticəsində Zərərçəkmiş şəxs2 600 AZN, “Kia Sorento” minik markalı, **-BB-*** dövlət qeydiyat nişanlı avtomobilin əzilməsi nəticəsində Zərərçəkmiş şəxs1 10.280 AZN məbləğində maddi ziyan vurmuşdur. Məhkəmə baxışında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikasının CM-nin 263.2-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, idarə etdiyi “Kia Sorento” markalı avtomobillə “Neftçilər” dairəsi istiqamətində saatda 60-70 kilometr sürətlə hərəkət edib dairəyə yaxınlaşan zaman dairədə “Hyundai Tucson” markalı avtomobil yol nişanının tələbini pozub onun yoluna çıxmışdır. Avtomobil qəflətən onun yoluna çıxdığı üçün o, həmin avtomobildən yayınmağa çalışmışdır. O, ehtimal edir ki, “Hyundai Tucson” markalı avtomobil onun avtomobilinə toxunmuş və o, idarəetməni itirib qarşıda olan avtomobilə dəymişdir. Nəticədə avtomobil istiqamətini dəyişmiş və yolun hərəkət istiqamətinin sol tərəfindəki parkın səkisinə və parkın kənarı ilə piyada gedən qadına dəymişdir. O, avtomobildən düşüb xəsarət alan qadına yaxınlaşmışdır. O, təcili tibbi yardıma və 102 xidmətinə zəng edib məlumat vermişdir. Təcili yardım gəlib həmin qadını xəstəxanaya aparmışdır. Hadisə nəticəsində qadının ayağı sınmışdır. Qadın 2-3 gün xəstəxanada qalmış, onlarla danışmış, vəziyyəti normal olmuşdur. Həkimlər qadını müayinə etmişlər, heç bir problemi və daxili qanaxması olmadığını bildirmişlər. Yol-nəqliyyat hadisəsi “Hyundai Tucson” markalı avtomobilin sürücüsünün onun yoluna çıxması və toxunması səbəbindən baş vermişdir. Peşmandır. Təqsirləndirilən şəxs qeyd edilən əməli törətməkdə təqsiri aşağıdakılarla təsdiq olunur. Məhkəmə baxışında Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, “Kia Sorento” markalı avtomobil ona məxsusdur. O, həmin avtomobili etibarnamə əsasında idarə etmək üçün qohumu İsmayıla vermişdir. Saat təxminən 15 radələrində İsmayıl ona zəng edərək yol-nəqliyyat hadisəsi törətdiyini bildirmişdir. O, dərhal hadisə yerinə getmişdir. İsmayıl təcili tibbi yardıma və polisə məlumat verdiyini bildirmişdir. Təcili tibbi yardım gəlib qadını Sabunçu xəstəxanasına aparmışdır. Həkimlər qadını müayinə etmişlər, qadının ayağından xəsarət aldığını, daxili orqanlarında heç bir problem və qanaxması olmadığını bildirmişlər. Əməliyyatdan sonra qadın reanimasiya şöbəsinə yerləşdirilmişdir. Qadın onlarla danışmış, vəziyyəti normal olmuşdur. Onlara qadının ürəyinə tromb düşdüyündən öldüyünü demişlər. Qadının müalicəsi ilə bağlı xərcləri və dəfn xərclərini ödəmişlər. O, baş vermiş yolnəqliyyat hadisəsinin videogörüntüsünə də baxmışdır. Qəzaya səbəb “Hyundai Tucson” markalı avtomobilin İsmayılın idarə etdiyi avtomobilin qarşısına çıxması olmuşdur. Hadisə nəticəsində onun avtomobilinə maddi ziyan dəymişdir. Ona dəymiş maddi ziyanın “Hyundai Tucson” markalı avtomobilin sürücüsü tərəfindən ödənilməsini tələb edir. Təqsirləndirilən şəxs qarşı heç bir şikayəti yoxdur. Məhkəmə baxışında zərərçəkmiş şəxsin hüquqi varisi X3 bildirmişdir ki, zərərçəkmiş şəxs xx.xx.2021-ci il tarixdə saat 14:55 radələrində baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində xəsarət almış, 2 gün sonra xəstəxanada ölmüşdür. Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsi avtomobillə vurduqdan sonra ona kömək etmiş, xəstəxanaya aparmış, müalicəsi ilə bağlı xərcləri çəkmiş, dəfn mərasimində iştirak etmiş, dəfn xərclərini ödəmişdir. Təqsirləndirilən şəxs qarşı şikayəti yoxdur. Təqsirləndirilən şəxsə cəza təyin edilməsi məsələsinin həllini məhkəmənin mülahizəsinə buraxır. İş üzrə Zərərçəkmiş şəxs2 məhkəməyə ərizə ilə müraciət edərək istintaqda verdiyi ifadəsini təsdiq etdiyini, heç bir şikayət və tələbinin olmadığını, ona dəymiş ziyanın ödənildiyini bildirmiş, məhkəmə iclaslarını onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Zərərçəkmiş şəxs2 istintaqda verdiyi ifadəsində göstərmişdir ki, xx.xx.2021-ci il tarixdə saat 14:55 radələrində etibarnamə əsasında idarə etdiyi X8 adına olan “Kia Ceed minik” markalı, **-HY-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Nizami rayonu, R.Rüstəmov küçəsi ilə “Ay İşığı” şadlıq sarayından “Neftçilər” dairəsi istiqamətində hərəkət edib Məhsəti küçəsinin kəsişməsində yerləşən dairəni keçdikdən sonra arxa tərəfdən səs eşitmişdir. Güzgüyə baxan zaman görmüşdür ki, ağ rəngli “Kia” markalı bir avtomobil yüksək sürətlə idarəetməni itirib arxadan onun üzərinə gəlir. O, hadisənin qarşısını almaq üçün avtomobilini idarə edib sağ tərəfə qaçırmaq istəsə belə hadisənin qarşısını ala bilməmiş və nəticədə həmin “Kia” markalı avtomobil onun idarə etdiyi avtomobilin arxa sol tərəfindən dəyib bir daha idarəetməni itirərək sol tərəfdə parkın kənarındakı səkiyə dəymişdir. O, avtomobilini yolun sağ tərəfində saxlayıb yerə düşmüş və baş verənlər ilə maraqlanan zaman görmüşdür ki, həmin avtomobil parkın kənarındakı səkiyə çırpılan zaman yolda xadimə işləyən bir qadını da vurub. O, “Kia” markalı avtomobilin sürücüsündən hadisənin baş vermə səbəbini soruşanda sonuncu bildirmişdir ki, dairəyə yaxınlaşan zaman qarşısına “Hyundai Tucson” markalı avtomobil çıxmış, o, hadisənin qarşısını almaq üçün həmin avtomobildən yayınarkən idarəetməni itirib əvvəl onun avtomobilini arxadan, sonra isə bir daha idarəetməni itirərək yol kənarındakı piyadanı vurmuşdur. Hadisə nəticəsində onun idarə etdiyi “Kia Ceed minik” markalı, **-HY-*** dövlət qeydiyyat nişanlı avtomobilin arxa sol hissəsi zədələnmişdir. Hadisə nəticəsində avtomobilinə 600 manat miqdarında maddi ziyan dəymişdir. Məhkəmə baxışında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, 20 ildən çoxdur ki, Natalya ilə qeyri-rəsmi olaraq ailə həyatı qurub bir yerdə yaşamışdır. Hadisə olan vaxt o, Gəncə şəhərində ezamiyyətdə olmuşdur. Ona zəng edərək Natalyanı yolda avtomobil vurduğunu bildirmişlər. O, həmin gün axşam saatlarında xəstəxanaya gəlib çatmışdır. Natalya reanimasiyada olmuş, həkimlər vəziyyətinin ağır olduğunu demişlər, onu Natalyanın yanına buraxmamışlar. Səhərisi gün yenə xəstəxanaya getmiş, onu yenə Natalyanın yanına buraxmamışlar. Natalyanın danışdığını, özündə olduğunu, lakin vəziyyətinin ağır olduğunu demişlər. Bazar günü Natalyanın öldüyünü demişlər. Xəstəxanada Natalyanı vuran şəxsin də gəldiyini demişlər, lakin onunla qarşılaşmamışdır. Təqsirləndirilən şəxs xəstəxana çıxışında, dəfn mərasimində iştirak etmiş, dəfn xərclərini çəkmişdir. Məhkəmə baxışında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, xx.xx.2021-ci il tarixdə idarə etdiyi “Hyundai Tucson” markalı avtomobillə Bakı şəhəri, Nizami rayonu, R.Rüstəmov küçəsi ilə “Neftçilər" dairəsindən “Ay İşığı” şadlıq sarayı istiqamətdə hərəkət edib R.Rüstəmov küçəsi 14 ünvanının yaxınlığında yerləşən dairəyə daxil olmuşdur. Orada olan yol nişanının tələbinə uyğun olaraq R.Rüstəmov küçəsi ilə sağ istiqamətdən gələn bir avtomobili buraxmışdır. Sonra R.Rüstəmov küçəsində “Kia Sorento” markalı avtomobilin sürətlə gəldiyini görmüşdür. Həmin avtomobil onun avtomobilinin qarşısından keçib qarşıda gedən başqa bir avtomobilə arxadan dəyib idarəetməni itirərərək yolun kənarına çırpılmışdır. Hadisə zamanı piyadanın vurulmasından xəbəri olmamışdır. Baş vermiş yol-nəqliyyat hadisəsində onun təqsiri yoxdur. O, “Kia Sorento” markalı avtomobilin yoluna çıxmamışdır. “Kia Sorento” markalı avtomobil onun avtomobilinə toxunmamışdır. Müdafiə tərəfinin vəsatəti əsasında məhkəmə iclasında dindirilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin yol-nəqliyyat hadisələrinin ekspertizaları şöbəsinin aparıcı eksperti X5 məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasının xx.xx.2021-ci il tarixli, 8/2161 nömrəli və xx.xx.2021-ci il tarixli, 8/3291 nömrəli rəylərini müdafiə edərək bildirmişdir ki, istintaq tərəfindən təqdim olunmuş məlumatlara əsasən “Kia Sorento” markalı, **-BB-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. İstintaqı aparan orqan tərəfindən təqdim edilmiş qərarda Təqsirləndirilən şəxs idarə etdiyi “Kia Sorento” markalı, **-BB-*** dövlət qeydiyyat nişanlı avtomobillə Şahid1 idarə etdiyi “Hyundai Tucson” markalı, **-ZA-*** dövlət qeydiyyat nişanlı avtomobilin arasında toqquşma baş verdiyi göstərilməmişdir. Həmçinin “Hyundai Tucson” markalı, **-ZA-*** dövlət qeydiyyat nişanlı avtomobillə bağlı sual qoyulmadığı üçün tərəfindən tədqiq edilməmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: - cinayət işinin başlanılması və icraata qəbul olunması haqqında xx.xx.2021-ci il tarixli qərardan görünür ki, fakta görə Azərbaycan Respublikasının CM-nin 263.1-1-ci maddəsi ilə cinayət işi başlanılmışdır. - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X10 Şəxsi tərəfindən verilmiş “Nəqliyyat vasitəsini idarə edən şəxsin sərxoşluq vəziyyətinin müəyyən edilməsi Qaydaları”na əlavə Sərxoşluq vəziyyətinin tibbi müayinəsinə dair xx.xx.2021-ci il tarixli, 1/2943 saylı aktdan görünür ki, xx.xx.2021-ci il tarixdə saat 19:30-da müayinə olunan Təqsirləndirilən şəxs ayıq olduğu müəyyən olunmuşdur. - əməlin tövsif edilməsi haqqında xx.xx.2021-ci il tarixli qərardan görünür ki, ********* saylı cinayət işinin materialları və əməl Azərbaycan Respublikasının CM-nin 263.1-1-ci maddəsindən həmin Məcəllənin 263.2-ci maddəsinə tövsif edilmişdir. - nəqliyyat vasitəsindən istifadə edilməsi haqqında xx.xx.2021-ci il tarixli etibarnamədən görünür ki, “Kia Sorento” minik markalı, **-BB-*** dövlət qeydiyyat nişanlı avtomobilin mülkiyyətçisi Zərərçəkmiş şəxs1 tərəfindən həmin avtomobili idarə etmək üçün Təqsirləndirilən şəxs etibarnamə verilmişdir. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasının xx.xx.2021-ci il tarixli, 8/2161 saylı rəyinin nəticə hissəsindən görünür ki, istintaq tərəfindən təqdim olunmuş məlumatlara əsasən “Kia Sorento” markalı, **-BB-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. - zərərçəkmiş şəxs qismində tanımaq haqqında xx.xx.2021-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs3 zərərçəkmiş şəxs qismində tanınmışdır. - zərərçəkmiş şəxsin hüquqi varisi kimi tanımaq haqqında xx.xx.2021-ci il tarixli qərardan görünür ki, Bakı şəhəri 6 saylı Vəkil Bürosunun vəkili X1 Natalya Vladimirovnanın hüquqi varisi kimi tanınmışdır. - zərərçəkmiş şəxs qismində tanımaq haqqında xx.xx.2021-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs2 zərərçəkmiş şəxs qismində tanınmışdır. - zərərçəkmiş şəxs qismində tanımaq haqqında xx.xx.2021-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs1 zərərçəkmiş şəxs qismində tanınmışdır. - "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli, 18 nömrəli arayışdan görünür ki, “Kia Ceed” minik markalı, **-HY-*** dövlət qeydiyyat nişanlı avtomobilə 600 manat məbləğdə ziyan dəymişdir. - "xxxx" MMC tərəfindən verilmiş ilkin aktdan görünür ki, “Kia Sorento” minik markalı, **-BB-*** dövlət qeydiyyat nişanlı avtomobilə 10280 manat məbləğdə ziyan dəymişdir. - Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X7 X11 meyitin ekspertizasına dair xx.xx.2021-ci il tarixli, 121 saylı rəyin nəticə hissəsindən görünür ki, Zərərçəkmiş şəxs3 meyiti məhkəmə-tibbi müayinə olunarkən onun bədənində aşağıdakı xəsarətlər aşkar edildi: sol baldır sümüklərinin çoxqəlpəli, açıq, mürəkkəb sınıqları, bədənin çoxsaylı sıyrıqları və qançırları. Qeyd edilən xəsarətlər həyatidirlər, şəxsin xəstəxanaya daxil olmasından az əvvəl, yəni xx.xx.2021-ci il tarixdə bərk küt əşyanın (əşyaların) təsirindən piyada qismində olarkən yol-nəqliyyat hadisəsi nəticəsində əmələ gələ bilərlər, dərəcələrinə görə ümumilikdə canlı şəxslərdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmanın əlamətlərini daşıyırlar və baş vermiş ölümlə bilavasitə səbəbli əlaqəlidirlər. Zərərçəkmiş şəxs3 ölümünə sol baldır sümüklərinin çoxqəlpəli, açıq, mürəkkəb sınıqları nəticəsində baş vermiş tarvmatik və hemorragik şok səbəb olmuşdur. Ölüm 3 saylı ŞKX-da xx.xx.2021-ci il tarixdə saat 16:20-də baş vermişdir, hansı ki, meyitin məhkəmə tibbi müayinəsi ilə inkar olunmur. - Azərbaycan Respublikası DİN-nin BDYPİ tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli, 016-103348-1221 nömrəli məktubdan görünür ki, DİN BDYPİ Qeydiyyat-İmtahan İdarəsinin kompüter uçot bazasının məlumatlarına əsasən xx.xx.2000-ci il təvəllüdlü Təqsirləndirilən şəxs xx.xx.2018-ci il tarixdə (xx.xx.2028-ci il tarixədək müddətə etibarlı olan) AD 093376 nömrəli sürücülük vəsiqəsi verilmiş və onun sürücülük hüququnun məhdudlaşdırılması ilə bağlı hər hansı məlumat qeydə alınmamışdır. - maddi sübut kimi tanıma haqqında xx.xx.2021-ci il tarixli qərardan görünür ki, 01 ədəd “CD” disk maddi sübut kimi tanınmış və cinayət işinin materiallarına əlavə edilmişdir. - maddi sübut kimi tanıma haqqında xx.xx.2021-ci il tarixli qərardan və Zərərçəkmiş şəxs1 tərəfindən verilmiş qəbzdən görünür ki, “Kia Sorento” minik markalı, **-BB-*** dövlət qeydiyyat nişanlı avtomobil maddi sübut kimi tanınmış və sahibi Zərərçəkmiş şəxs1 qəbzlə təhvil verilmişdir. - maddi sübut kimi tanıma haqqında xx.xx.2021-ci il tarixli qərardan və Zərərçəkmiş şəxs2 tərəfindən verilmiş qəbzdən görünür ki, “Kia Ceed” minik markalı, **-HY-*** dövlət qeydiyyat nişanlı avtomobil maddi sübut kimi tanınmış və sahibi Zərərçəkmiş şəxs2 qəbzlə təhvil verilmişdir. - təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında xx.xx.2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmişdir. - qətimkan tədbirinin seçilməsi haqqında xx.xx.2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş əlavə məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasının xx.xx.2021-ci il tarixli, 8/3291 saylı rəyinin nəticə hissəsindən görünür ki, istintaq tərəfindən təqdim olunmuş məlumatlara əsasən “Kia Sorento” markalı, **-BB-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış xx.xx.2021-ci il tarixli tələbnamədən görünür ki, əməliyyat-sorğu kartotekasında Təqsirləndirilən şəxs məhkumluğu barədə məlumat yoxdur. - 01 ədəd “CD” diskə köçürülmüş videogörüntüdən görünür ki, “Kia Sorento” minik markalı, **-BB-*** dövlət qeydiyyat nişanlı avtomobil onunla bir istiqamətdə, qarşıda hərəkətdə olan “Kia Ceed” minik markalı, **-HY-*** dövlət qeydiyyat nişanlı avtomobilə arxadan dəyib idarəetməni itirərək hərəkət istiqamətində yolun solunda, parkın səki daşı ilə yanaşı gedən xadimə istiqamətində həmin səkiyə çırpılmış, hadisədən sonra sürücü və ətrafda olan şəxslər xəsarət alan piyada qadına yaxınlaşmışlar. Həmin diskdə olan 2-ci qovluğa baxış zamanı müəyyən edilmişdir ki, “Hyundai Tucson” markalı, **-ZA-*** dövlət qeydiyyat nişanlı avtomobilin dairədən B.Çobanzadə küçəsinə düz istiqamətdə hərəkət edərkən qəflətən dayanıb sağ tərəfdən sürətlə gələn avtomobili buraxmışdır. Həmin anda “Hyundai Tucson” markalı avtomobilin sağ tərəfdən sürətlə gələn avtomobilə toxunması müəyyən edilməmişdir. “Yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun 15 noyabr 2013-cü il tarixli, 5 nömrəli Qərarının 12-ci bəndində qeyd olunmuşdur ki, bu kateqoriyadan olan cinayət işləri üzrə təqsirlilik məsələsi həll edilərkən işin bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırılmaqla yanaşı, həm də təqsirləndirilən şəxsin “Yol hərəkəti haqqında” Qanunun məhz hansı normasının tələblərinin pozması və bu pozuntunun konkret nədə ifadə olunması qəbul edilmiş məhkəmə aktlarında göstərilməli, həmin qayda pozuntuları ilə baş vermiş nəticə arasında səbəbli əlaqənin mövcudluğu, habelə təqsirləndirilən şəxsin yol-nəqliyyat hadisəsinin qarşısını almaq üçün texniki cəhətdən imkanının olub-olmaması müəyyənləşdirilməlidir. Göstərilənlərə əsasən məhkəmə belə bir nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətdiyi əməldə cinayət tərkibi vardır, ona ibtidai istintaq zamanı düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə ittiham irəli sürülmüş və əməli həmin maddə ilə tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsas yoxdur. Məhkəmə iclasında Təqsirləndirilən şəxs tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsi toplanmış və tədqiq edilmiş sübutların məcmusu, həmçinin cinayət işinin materiallarındakı digər sənədlərlə tamamilə sübuta yetirildi. Təqsirləndirilən şəxs özünü təqsirli bilməməsinə dair ifadəsi özünü müdafiə xarakterli ifadə kimi qiymətləndirilir və ifadəsində göstərdiyi xüsusatlar məhkəmə iclasında tədqiq edilmiş sübutlarla təkzib olundu.Təqsirləndirilən şəxs cəzadan azad edilməsi və onun barəsində cəzanın təyin edilməməsi üçün əsaslar olmadığı üçün Azərbaycan Respublikası CM-nin 58-ci maddəsinə əsasən ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş hədlərdə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə görə, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. “Yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun 15 noyabr 2013-cü il tarixli, 5 nömrəli Qərarının 21-ci bəndində qeyd olunmuşdur ki, bu qəbildən olan işlər üzrə cəzaya təsir edə biləcək bütün halları, o cümlədən təqsirləndirilən şəxsin əvvəllər yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar və ya hərəkət təhlükəsizliyi və nəqliyyat vasitələrinin istismarı qaydaları əleyhinə olan cinayətlər törədib-törətməməsi, buna görə onun inzibati məsuliyyətə cəlb edilməmiş sayılıb-sayılmaması və ya məhkumluğunun ödənilib-ödənilməməsi, inzibati və ya cinayət mühakimə icraatı qaydasında nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum edilib-edilməməsi, digər tərəfdən isə yol-nəqliyyat hadisəsinin baş verməsində zərərçəkmişin və ya yol hərəkətinin digər iştirakçılarının qarşılıqlı təqsirinin mövcudluğu, təqsirləndirilən şəxsin hadisədən sonrakı davranışı, onun hadisə yerindən qaçmayaraq zərərçəkmişə tibbi və ya digər yardım göstərməsi, yol nəqliyyat hadisəsi nəticəsində zərər çəkmiş şəxsin təqsirkarın yaxın qohumu olması, təqsirləndirilən şəxsin özünün də hadisə nəticəsində xəsarət alması, onun tərəfindən maddi və mənəvi zərərin ödənilməsi və bu kimi sair hallar araşdırılmalı və cəza təyini zamanı nəzərə alınmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs törətdiyi əməl az ağır cinayət hesab olunur. Məhkəmə Təqsirləndirilən şəxs ilk dəfə cinayət törətməsini, əməlindən peşman olmasını, zərərçəkmiş şəxsin hüquqi varisinin və zərərçəkmiş şəxslərin heç bir şikayətlərinin olmamasını, gənc olmasını cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs cəzasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61.1ci maddəsində nəzərdə tutulan ağırlaşdıran hallar müəyyən olunmadı. Məhkəmə Təqsirləndirilən şəxs barəsində təyin ediləcək cəzanın həddini və növünü müəyyən edərkən cəza təyin etmənin ümumi prinsiplərini rəhbər tutmaqla onun ilk dəfə cinayət törətməsini, cinayətin obyektini yol hərəkəti və nəqliyyat vasitələrinin istismarının təhlükəsizliyini təmin edən ictimai münasibətlər, əlavə obyektini isə insanın həyat və ya sağlamlığının təhlükəsizliyini təmin edən ictimai münasibətlər təşkil etməsini, cəzasını yüngülləşdirən halları nəzərə alaraq hesab edir ki, onun islah olunması üçün barəsində azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi məqsədəmüvafiqdir və cəzanın məqsədini təmin edir. Azərbaycan Respublikası CM-nin 56.1.1-ci maddəsinə əsasən ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq olmayan müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər cəzalarını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkirlər. Ona görə də Təqsirləndirilən şəxs cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməlidir. Məhkəmə hesab edir ki, törədilmiş cinayətin xarakterinə görə Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 263.2-ci maddəsinin sanksiyasına əsasən əlavə cəza - nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə cəzası təyin olunmalıdır. Azərbaycan Respublikasının CM-nin 45.1-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə cəza növü bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsi ilə nəzərdə tutulmuş hallarda, cinayətin xarakteri, təqsirkar şəxsin şəxsiyyəti və cinayətin digər halları nəzərə alınmaqla, bir ildən beş ilədək müddətə təyin edilə bilər. Azərbaycan Respublikasının CPM-nin 346.1.19-346.1.22-ci maddələrində nəzərdə tutulmuş məsələləri həll edərək məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməli; Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablanmalı; Azərbaycan Respublikası CPM-nin 198.1-ci maddəsinə əsasən məhkəmə məsrəfi olan 200 (iki yüz) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub dövlət xəzinədarlığı agentliyi, kod 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN **********, hesab AZ34CTRE******************** hesabına ödənilməli; Azərbaycan Respublikası CPM-nin 132.1.5-ci maddəsinə əsasən iş üzrə maddi sübut olan “Kia Sorento” minik markalı, **-BB- *** dövlət qeydiyyat nişanlı avtomobil Zərərçəkmiş şəxs1, “Kia Ceed” minik markalı, **-HY- *** dövlət qeydiyyat nişanlı avtomobil Zərərçəkmiş şəxs2 qaytarılmış hesab edilməli; Azərbaycan Respublikası CPM-nin 132.1.6-cı maddəsinə əsasən cinayət işi üzrə maddi sübut olan 1 ədəd “CD” disk cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.2-ci maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinib barəsində 1 (bir) il 6 (altı) ay müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 3 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin başlanğıcı onun məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Cinayət işi üzrə maddi sübut olan “Kia Sorento” minik markalı, **-BB-*** dövlət qeydiyyat nişanlı avtomobil Zərərçəkmiş şəxs1, “Kia Ceed” minik markalı, **-HY-*** dövlət qeydiyyat nişanlı avtomobil Zərərçəkmiş şəxs2 qaytarılmış hesab edilsin. Cinayət işi üzrə maddi sübut olan 1 ədəd “CD” disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə məhkəmə məsrəfi olan 200 (iki yüz) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub dövlət xəzinədarlığı agentliyi, kod 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN **********, hesab AZ34CTRE******************** hesabına keçirilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Həmin müddətdə hökmdən apellyasiya qaydasında protest və şikayət verilmədikdə hökm müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən Mətanət Hacıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar