Məhkəmə qərarları › İş №1(007)-123/2023

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Hökm — İş №1(007)-123/2023

04.05.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(007)-123/2023 04.05.2023 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Rauf Tağı oğlunun sədrliyi, məsləhətçi Əsədullayev İrfan İlyas oğlunun katibliyi, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, onun müdafiəçisi, Bakı şəhəri 6 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, Təqsirləndirilən şəxs, xx xxxxxxxx 1984-cü ildə Ağdam rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, məhkumluğu olmayan, heç yerdə işləməyən, Ağdam rayonu, Sarıhacılı kəndində qeydiyyatda olan və Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsi, 23/4 ünvanında yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs, satış məqsədi olmadan, qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə heroini əldə edərək, üstündə saxlayaraq daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs 18 oktyabr 2022-ci il tarixdə istintaqa məlum olmayan vaxtda və şəxsdən, satış məqsədi olmadan şəxsi istehlak miqdarından artıq miqdarda ümumi təmiz çəkisi 1,503 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroini qanunsuz olaraq əldə edib, üzərində saxlayıb daşımış, Bakı şəhəri Nizami RPİ-nin 23-cü PB-nin əməkdaşları tərəfindən 18 oktyabr 2022-ci il tarixdə saat 16:10 radələrində ünvan 2 ünvanın qarşısında şübhəli şəxs qismində saxlanılaraq Bakı şəhəri, Nizami rayonu, Heydər Əliyev prospekti 118 ünvanında yerləşən Nizami RPİ-nin 23-cü PB-nə gətirilmiş, bölmədə olan xidməti otaqların birində üzərinə şəxsi axtarış aparılan zamanı əynindəki qara rəngli idman şalvarının sol yan cibindən bir bükümdə şəffaf sellofana bükülmüş ümumi təmiz çəkisi 1,503 qram qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış olan narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü tam təqsirli bilərək göstərdi ki, o, narkotik vasitə aludəçisidir. Mütəmadi narkotik vasitə istifadə edir. 18 oktyabr 2022-ci il tarixdə saat 16:10-də ünvan 2 ünvanında olarkən iki nəfər polis əməkdaşı ona yaxınlaşmış və onu polis bölməsinə dəvət etmişlər. O, polislərə etiraz etmədən onlarla birlikdə Nizami RPİ-nin 23-cü PB-nə gəlmişdir. Nizami RPİ-nin 23-cü polis bölməsində olan zaman otaqların birində polis əməkdaşı ona hüquq və vəzifələrini izah etdikdən sonra polis əməkdaşlarının iştirakları ilə videoçəkiliş edərək üzərinə baxış keçirən zaman üzərində hər hansı bir qanunsuz əşyaların olub-olmamasını soruşduqda o, əynində olan qara rəngli idman şalvarının sol yan cibindən bir büküm olan şəffaf selofana bükülmüş narkotik vasitə kimi bildiyi maddəni təqdim etmişdir. Həmin narkotik vasitəni 18 oktyabr 2022-ci il tarixdə Yasamal rayonu, “Kubinka” kimi tanıdığı ərazidən 15 manata almışdır. Həmin narkotik vasitə polis əməkdaşları tərəfindən bir ədəd kağız zərfdə qablaşdırılmış və möhürlənərək götürülmüşdür. O, hər gün narkotik vasitəni istifadə etmişdir. Bir büküm olmaqla şəffaf selofana bükülmüş adını (heroin) kimi bildiyi narkotik vasitəni şəxsi istifadəsi üçün üzərində saxlamışdır. Polislər ona qarşı heç bir zor tətbiq etməmişdir. Eyni zamanda ona məxsus olan narkotik vasitəni özü könüllü olaraq polis bölməsində polis əməkdaşlarına təqdim etmişdir. Sonda Təqsirləndirilən şəxs, törətdiyi əməldən səmimi peşman olduğunu bildirdi və barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə dövlət ittihamçısını, təqsirləndirilən şəxsi, müdafiəçisini və şahidi dinləyərək, iş materiallarını tədqiq edərək, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə müəyyən edilmiş cinayət əməlini törətmişdir və onun təqsiri, özünün etirafedici ifadəsi ilə yanaşı, aşağıda göstərilən digər sübutlarla da təsdiq edilir. Məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş Bakı şəhəri Nizami RPİ-nin 23cü PB-in cinayət axtarış üzrə əməliyyat müvvəkili vəzifəsində işləyən Şahid2 ifadəsində göstərdi ki, 18 oktyabr 2022-ci il tarixdə «Elxan» adlı şəxsin narkotik vasitələrin istifadəsi və satışı ilə məşğul olması barədə daxil olmuş məlumat raportla Nizami RPİ-nin 23-cü PBnin rəisinə məruzə olunduqdan sonra əməliyyat tədbirlərinin keçirilməsi barədə qərar qəbul olunmuş və qərar əsasında yaradılmış əməliyyat qrupunun üzvləri ilə birlikdə həmin gün ünvan 2 ünvanında xarici əlamətləri «Elxan» adlı şəxsin əlamətləri ilə üst-üstə düşən şəxsə yaxınlaşaraq özlərini təqdim etmişlər. Həmin şəxsə özünü təqdim etməsini təklif etdikdə, həmin şəxs özünü təqdim edərək Təqsirləndirilən şəxs olmağını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs narkotik vasitələrinin qanunsuz olaraq əldə edib saxlamaqla daşıması və istifadəsində şübhəli olmasını bildirərək Nizami RPİ-nin 23-cü PBnə dəvət etmişlər. Nizami RPİ-in 23-cü PB-nin təhqiqatçısı, polis kapitanı Elnur Əvəzli tərəfindən barəsində axtarış və götürmənin aparıldığı şəxs Təqsirləndirilən şəxs bu barədə hüquq və vəzifələri ilə tanış etdikdən sonra onun paltarında, əşyalarında və bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və sənədləri könüllü surətdə verməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan qara rəngli idman şalvarının sol yan cibindən şəffaf sellofana bükülmüş tünd rəngli olan maddəni təqdim edərək narkotik maddə olduğunu və Yasamal rayonu, “Kubinka” adlanan ərazidən tanımadığı şəxsdən 15 manata şəxsi istifadəsi üçün aldığını bildirmişdir. Aşkar olunmuş 01 ədəd şəffaf rəngli kağıza bükülü halda tünd rəngli narkotik vasitəyə bənzər kütlə tərəflərindən bir ədəd kağız zərfdə qablaşdırılıb Nizami RPİ-in 23-cü PB-nin “Zərflər üçün” 163 saylı möhürü ilə möhürlənərək götürülmüşdür. Şəxsi axtarış zamanı cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşya və sənədlər aşkar edilməmişdir. Aparılmış şəxsi axtarış götürmə zamanı tərəflərindən video çəkilişdən istifadə edilmişdir. Yekunda tərtib edilmiş protokol ucadan oxunmuş, protokola əlavə və düzəlişlər olunmamış video çəkilişin əks olunduğu məlumat daşıyıcısı protokola daxil edilərək tərəflərindən imzalanmışdır. İş materiallarında olan şəxsi axtarış və götürmə aparılması haqqında 18 oktyabr 2022-ci il tarixli protokoldan görünür ki, Nizami RPİ-nin 23-cü PB-nin təhqiqatçısı, polis kapitanı Elnur Əvəzli tərəfindən Təqsirləndirilən şəxs üzərində qanunsuz əşya varsa, təqdim etməsi təklif olunmuş, Təqsirləndirilən şəxs əynində olan qara rəngli idman şalvarının sol yan cibindən şəffaf sellofana bükülmüş içində narkotik vasitəyə bənzər maddə aşkar edilərək götürülmüşdür. İş materiallarında olan materialların məhkəmə ekspertizasının 19 oktyabr 2022-ci il tarixli 6/6048 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün № 163” dairəvi möhür əksi, “...s/ş Təqsirləndirilən şəxs...” və.s sözlər, imzalar olan zərfdəki 01 ədəd bükümdə təmiz çəkisi 1.503 qram maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”in siyahısına (siyahı İ) daxildir. Həmin maddənin 0.1 qram hissəsi tədqiqata sərf edilmiş, 1.403 qram hissəsi isə tədqiqatdan sonra qalıq qalmışdır. İş materiallarında olan diskə baxış keçirilməsi haqqında 02 dekabr 2022-ci il tarixli protokoldan görünür ki, diskdə olan görüntülər 18 oktyabr 2022-ci il tarixdə Nizami RPİ-nin 23-cü PB-nin inzibati binasında Təqsirləndirilən şəxs heç bir etiraz bildirmədən könüllü olaraq əynində olan qara rəngli idman şalvarının sol yan cibindən şəffaf sellofana bükülmüş içində narkotik vasitəyə bənzər maddəni tanımadığı şəxsdən 15 manata aldığını və şəxsi istifadəsi üçün üzərində gəzdirdiyini bildirmişdir. İş materiallarında olan ambulator məcburi-narkoloji tibbi yoxlamanın 17 noyabr 2022-ci il tarixli, 6887 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan sübutların qiymətləndirilməsi haqqında 07 dekabr 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs götürülmüş 1.503 qram narkotik vasitə heroinin maddi sübut kimi tanınması və ekspertiza tədqiqatından sonra təmiz çəkisi 1.403 qram narkotik vasitə heroinin möhürlənmiş zərfdə qablaşdırılmış vəziyyətdə Nizami RPİnin MSK-na təhvil verilməsinin nəzərə alınması, 02 dekabr 2022-ci il tarixli “şəxsi axtarış və götürmə” aparılması prosessual hərəkətini özündə əks etdirən bir ədəd CD diskin maddi sübut kimi tanınması qərara alınmışdır. Beləliklə, yuxarıda göstərilən sübutlarla Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə müəyyən olunmuş cinayətin törədilməsində təqsiri tam sübuta yetirilir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “04” mart 2011-ci il tarixli, 02 nömrəli Qərarının 4-cü bəndindən görünür ki, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi anlayışının şərhi Qanunun 1.0.9-cu maddəsində verilmişdir. Qanunun həmin maddəsinin mənasına görə, o cümlədən narkotik vasitələrin satın alınması, başqa əmlakla və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə qəbul edilməsi, tapılmış narkotik vasitənin mənimsənilməsi, yabanı çətənə bitkisinin, xaş-xaşın və ya onların müəyyən hissələrinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahələrindən tərkibində narkotik vasitələr olan bitkilərin yığılması hərəkətləri də başa düşülməlidir. Törədilmiş cinayət əməlinin CM-in 234.1-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini şəxsi istehlak miqdarından artıq miqdarda əldə etməsi və saxlaması müəyyən edildikdə mümkündür. Qanunun 21.1-ci maddəsinə görə narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak üçün nəzərdə tutulan miqdarı şəxsi istehlak üçün mümkün hər bir narkotik vasitənin və ya psixotrop maddənin ayrı-ayrılıqda birdəfəlik istehlak həcminə əsasən müəyyən edilir. Şəxsi istehlak üçün nəzərdə tutulan narkotik vasitələrin və psixotrop maddələrin miqdarı onların təmiz və qarışıq vəziyyətində ayrılıqda müəyyən olunur. Narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak miqdarından artıq miqdarı “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə külli miqdarına görə siyahısının təsdiq edilməsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə müəyyən olunmuşdur. Cəza təyin edərkən məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs şəxsiyyətini, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Törətdiyi əməldən səmimi peşman olmasını məhkəmə Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal hesab edir. İş üzrə Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən olunmamışdır. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin 03 noyabr 2022-ci il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs sonuncu dəfə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 08 oktyabr 2014-cü il tarixli hökmü ilə, Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirli bilinərək aylıq qazancının 15 faizi dövlət nəfinə tutulmaqla 09 ay müddətinə islah işləri cəzasına məhkum edilmişdir. İş materiallarında olan Bakı Şəhər Probasiya İdarəsinin xx.xx.2023-cü il tarixli, 21-1- 3-10285-11 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs “28 May- Respublika günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2016-cı il tarixli Qərarına əsasən, həmin Qərarın 1.5-ci bəndinin təsiri altına düşdüyü üçün Nəsimi rayon İcra şöbəsinin icra məmurunun xx.xx.2016-cı il tarixli qərarı ilə, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 08 oktyabr 2014-cü il tarixli hökmü ilə təyin edilmiş islah işləri cəzasından azad edilmişdir. Azərbaycan Respublikası CM-nin 83.3.2-ci maddəsinə əsasən, azadlıqdan məhrum etməyə nisbətən daha yüngül cəzaya məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən bir il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Azərbaycan Respublikası CM-nin 83.6-cı maddəsinə görə məhkumluğun ödənilməsi və ya götürülməsi məhkumluqla bağlı olan bütün hüquqi nəticələri ləğv edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Buna görə də məhkəmə hesab edir ki, cəzanın məqsədləri Təqsirləndirilən şəxs yalnız azadlıqdan məhrum etmə növündə cəza təyin olunduğu təqdirdə təmin edilə bilər. Azərbaycan Respublikası CM-nin 56.1 və 56.1.2-ci maddələrinə görə qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün azadlıqdan məhrum etmə növündə cəzanın ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Buna görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş hədd daxilində cəza təyin edilməli və cəzanın çəkilməsi ümumi rejimli cəzaçəkmə müəssisəsində müəyyən edilməlidir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzası təyin edildiyinə görə hökmün icrasının təmin edilməsinə nail olmaq məqsədilə təqsirləndirilən şəxsin barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri həbs qətimkan tədbiri ilə əvəz edilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-in 155.1.5-ci maddəsinə görə qətimkan tədbiri məhkəmə tərəfindən o hallarda tətbiq oluna bilər ki, cinayət təqibi üzrə toplanmış materiallar şübhəli və ya təqsirləndirilən şəxs tərəfindən məhkəmə hökmünün icrasına maneçilik törədilməsi ehtimalına kifayət qədər əsaslar versin. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 157.5-ci maddəsinin şərh edilməsinə dair” 09 iyul 2010-cu il tarixli qərarında göstərmişdir ki, Azərbaycan Respublikası CPM-in 156.2ci maddəsinə görə cinayət işinə mahiyyəti üzrə baxan məhkəmə öz təşəbbüsü ilə həbs qətimkan tədbirinin seçilməsi haqqında qərar qəbul edə bilər. Bundan əlavə, iş materiallarında olan 18 oktyabr 2022-ci il tarixli tutma protokolundan, vəsatətin müdafiə edilməsindən imtina edilməsi haqqında 20 oktyabr 2022ci il tarixli qərardan və qətimkan tədbirinin seçilməsi haqqında 20 oktyabr 2022-ci tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs, 18 oktyabr 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, 20 oktyabr 2022-ci il tarixdə barəsində həbs qətimkan tədbirinin seçilməsi barədə müstəntiqin vəsatətindən imtina edilmiş və 20 oktyabr 2022-ci il tarixdə Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə görə hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan azadlıqdan məhrum etmə növündə cəzanın müddətinə bir günə bir gün hesabı ilə hesablanır. Azərbaycan Respublikası CPM-nin 158.2 və 158.2.1-ci maddələrinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan hesablanır və tutulduğu müddət həbsdə saxlama müddətinə daxil edilir. Buna görə də məhkəmə hesab edir ki, məhkəməyədək icraat zamanı Təqsirləndirilən şəxs 18 oktyabr 2022-ci il tarixdən 20 oktyabr 2022-ci il tarixədək tutulduğu 02 gün müddət ona təyin edilən azadlıqdan məhrum etmə növündə cəza müddətinə hesablanmalıdır. Bundan başqa, məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası CM-nin 93 və 93- 1-ci maddələrinə əsasən Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilməlidir. Həmçinin məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CPM-nin 132-ci maddəsinə əsasən iş üzrə maddi sübut kimi tanınmış və Bakı şəhəri Nizami rayon Polis İdarəsinin maddi sübutların saxlanması kamerasında saxlanılan, xalis çəkisi 1.403 qram olan narkotik vasitə heroin məhv edilməli, iş üzrə maddi sübut kimi tanınmış və cinayət işində saxlanılan 01 ədəd “CD” disk cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalıdır. Habelə məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CPM-nin 197.1, 197.1.4 və 198.1-ci maddələrinə əsasən materialların məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş 110 (yüz on) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs dövlət nəfinə tutulmalıdır. Həmçinin, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2, 193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının (AR Nazirlər Kabineti) müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə hesab edir ki, vəkilin işdə iştirak etdiyi müddət 53 iş saatı, hər iş saatı üçün Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2018-ci il tarixli, 202 saylı qərarına əsasən göstərilmiş hüquqi xidmətlərə görə hər iş saatı üçün 6 (altı) manat miqdarında ödənilməsi nəzərə alınmaqla 318 manat (53x6) məbləğində əmək haqqı Bakı şəhəri 6 saylı Vəkil Bürosu vasitəsi ilə Müdafiəçi dövlət büdcəsi hesabına ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 346, 347, 349, 351-353, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və ona, 01 (bir) il müddətinə azadlıqdan məhrum etmə növündə cəza təyin edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı 18 oktyabr 2022-ci il tarixdən 20 oktyabr 2022-ci il tarixədək tutulduğu 02 (iki) gün müddət cəzaçəkmə müddətinə hesablanaraq, üzərində qəti olaraq 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzanın çəkilməsi Təqsirləndirilən şəxs ümumi rejimli cəzaçəkmə müəssisəsində müəyyən edilsin. Cəzaçəkmə müddətinin əvvəli 04 may 2023-cü il tarixdən hesablansın. Hökm qanuni qüvvəyə minənədək Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri həbs qətimkan tədbirinə dəyişdirilsin və o, məhkəmə iclası zalında həbs edilsin. Təqsirləndirilən şəxs həbsdə saxlanma yeri Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanası müəyyən edilsin. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin. İş üzrə materialların məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş 110 (yüz on) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs dövlət nəfinə tutulsun. İş üzrə maddi sübut kimi tanınmış və Bakı şəhəri Nizami rayon Polis İdarəsinin maddi sübutların saxlanması kamerasında saxlanılan, xalis çəkisi 1.403 qram olan narkotik vasitə heroin məhv edilsin. İş üzrə maddi sübut kimi tanınmış və cinayət işində saxlanılan 01 ədəd “CD” disk cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılsın. Təqsirləndirilən şəxs 53 saat göstərdiyi pulsuz hüquqi yardıma görə iş üzrə dəvət olunmuş müdafiəçi Bakı şəhəri 6 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi VÖEN – ********** hesablaşma hesabı üzərindən Bakı şəhəri 6 saylı Vəkil Bürosu vasitəsi ilə 318 manat əmək haqqı Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına ödənilsin. Hökm elan olunduğu andan 20 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Həbsdə saxlanılan məhkum tərəfindən isə apellyasiya şikayəti hökmün surətinin ona verildiyi andan 20 (iyirmi) gün müddətində verilə bilər. Həmin müddətdə hökmdən apellyasiya qaydasında protest və şikayət verilmədikdə hökm müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Rauf Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar