Məhkəmə qərarları › İş №1(007)-123/2024

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Hökm — İş №1(007)-123/2024

06.03.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(007)-123/2024 06.03.2024 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyeva Mətanət İsfəndiyar qızının sədrliyi, məhkəmə iclasının katibi Cəfərzadə Fərid Bəşir oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi – Bakı şəhəri 6 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs iştirakı ilə, xx xxxxxx 1988-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 29.185.2.1, 185.2.1, 185.2.2-ci maddələri ilə təqsirli bilinərək 2 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzasının çəkilməmiş hissəsi, “8 Noyabr - Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 5 noyabr 2021-ci il tarixli Qərarının 4-cü hissəsinə əsasən 6 ay azaldılmış, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə cəzasının çəkilməmiş hissəsindən qalan 1 ay 21 gün müddətini çəkməkdən şərti olaraq vaxtından əvvəl azad olunmuş, xx.xx.2022-ci il tarixdə cəza müddəti başa çatmış, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 1(007)-123/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və mənbədən qanunsuz olaraq satış məqsədi olmadan şəxsi istehlak miqdarında artıq miqdarda, təmiz çəkisi 0,490 qram olan ağ rəngli kristallardan ibarət, kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin əldə edib, daşıyaraq saxlamış, 10 oktyabr 2023-cü il tarixdə saat 02:10 radələrində Bakı şəhəri Nizami RPİ-nin PPXB-nün polis əməkdaşları tərəfindən ünvan 3 ünvanın qarşısında şübhəli şəxs qismində saxlanılaraq, ünvan 4 ünvanında yerləşən Nizami RPİ-nin 25-ci PŞ-nə gətirilmiş, orada üzərinə keçirilmiş şəxsi axtarış zamanı əynində olan boz rəngli cins şalvarın sağ yan cibindən 01 ədəd sellofan bükümdə təmiz çəkisi 0,490 qram olan ağ rəngli kristallardan ibarət, kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmə baxışında Təqsirləndirilən şəxs özünü ona elan olunmuş Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş ittihamla təqsirli bilərək ifadəsində göstərmişdir ki, 09 oktyabr 2023-cü il tarixdə dostu X2 ilə birlikdə narkotik vasitə əldə etmək üçün Sadiq “Neftçilər” metrosunun qarşısında adını bilmədiyi qadından 10 manat verərək “Patı” kimi tanıdığı metemfetamini aldıqdan sonra birlikdə çayxanaya getmişlər. O, bir gün öncə küçədən “patı” tapmış və üzərində saxlamışdır. Sadıq ilə birlikdə istifadə etdikdən sonra xx.xx.2023-cü il tarixdə gecə saat 02 radələrində evə gedərkən polis əməkdaşları onlara yaxınlaşaraq özlərini təqdim edib, hər ikisini 25-ci Polis Şöbəsinə dəvət etmişlər. Orada üzərinə baxış keçirəcəkləri izah olunmuş, üzərində olan qeyriqanuni əşyaları təqdim etməsi təklif olunmuşdur. Bundan sonra o, əynində olan şalvarının cibindən 01 ədəd şəffaf rəngli sellofan bükümdə olan “patı” kimi tanıdığı psixotrop maddəni çıxardıb polis əməkdaşlarına təqdim etmişdir. Əməlindən peşmandır, məhkəmədən barəsində yüngül cəza təyin edilməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs qeyd edilən əməli törətməkdə təqsiri öz ifadəsi ilə yanaşı aşağıdakılarla da təsdiq olunur. Məhkəmə baxışında şahid qismində dindirilmiş Bakı şəhəri Nizami RPİ-nin PPXBnün polis nəfəri, polis serjantı Şahid3 ifadəsində bildirmişdir ki, 10 oktyabr 2023-cü il tarixdə, saat 02:10-da inzibati ərazidə digər polis əməkdaşları ilə birlikdə xidmət apararkən Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti 39 ünvanının qarşısında iki nəfər şəxsin onları görən kimi qaçmaq istədiklərini, həmin şəxslərin narkotik vasitə istifadəçilərinə bənzəmələri və üzərlərində narkotik vasitə olduğu üçün qaçmaq istəmələri şübhə yaratdığı üçün həmin şəxslərə yaxınlaşaraq xidməti vəsiqələrini göstərməklə, özlərini təqdim edib polis əməkdaşları olduqlarını bildirmişlər. Şifahi sorğu sual etdikdə həmin şəxslərin həqiqətən də narkotik vasitə istifadəçisinə bənzəməsi və üzərində narkotik vasitə olması şübhə yaratdığı üçün həmin şəxsləri Bakı şəhəri Nizami RPİ-nin 25-ci PŞ-nə dəvət etmişlər. Şöbədə həmin şəxslərdən birinin X3, digərinin isə Təqsirləndirilən şəxs olması müəyyən olunmuşdur. Sonradan ona məlum olmuşdur ki, həmin şəxslərin üzərindən psixotrop maddə-metamfetamin aşkar olunmuşdur. Məhkəmə baxışında şahid qismində dindirilmiş Bakı şəhəri Nizami RPİ-nin PPXBnün polis nəfəri, polis serjantı X1 Şahid3 ifadəsinə oxşar məzmunda ifadə vermişdir. İş üzrə şahid Bakı şəhəri Nizami RPİ-nin 25-ci PŞ-nin əməliyyat müvəkkili, polis baş leytenantı Şahid4 və əməliyyat müvəkkili, polis kapitanı Şahid5 məhkəməyə ərizə ilə müraciət edərək istintaqda verdikləri ifadələrini təsdiq etdiklərini bildirmişlər. Şahid Bakı şəhəri Nizami RPİ-nin 25-ci PŞ-nin əməliyyat müvəkkili, polis baş leytenantı Şahid4 istintaqda verdiyi ifadəsində göstərmişdir ki, 10 oktyabr 2023-cü il tarixdə, saat 02:10-da Bakı şəhəri Nizami RPİ-nin PPXB-nün polis nəfərləri Şahid1, Şahid2 və Şahid3 inzibati ərazidə xidmət apararkən Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti 39 ünvanının qarşısında iki nəfər şəxsin onları görən kimi qaçmaq istədikləri, həmin şəxslərin narkotik vasitə istifadəçilərinə bənzəmələri və üzərində narkotik vasitə olduğu üçün qaçmaq istəmələri şübhə yaratdığı üçün həmin şəxsləri Bakı şəhəri Nizami RPİ-nin 25-ci PŞ-nə dəvət etmişlər. Polis Şöbəsində həmin şəxslərdən birinin xx.xx.1989-cu ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmamış, ünvan 7 ünvanında qeydiyyatda olan və həmin ünvanda yaşayan X3, digərinin isə xx.xx.1988-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmuş, ünvan 10 ünvanında qeydiyyatda olan və həmin ünvanda yaşayan Təqsirləndirilən şəxs olması müəyyən olunmuşdur. Polis Şöbəsinin inzibati binasında xidməti otaqların birində Təqsirləndirilən şəxs hüquqlarının müdafiə edilməsi üçün vəkil dəvət olunmuşdur. Təqsirləndirilən şəxs həmin vəkilə heç bir etirazının olmadığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli bilindiyi üçün şübhəli şəxs qismində tutulmuşdur. Daha sonra, xx.xx.2023-cü il tarixdə, saat 05:10-dan etibarən vəkilin iştirakı ilə videoçəkiliş aparılmaqla şübhəli şəxs Təqsirləndirilən şəxs şəxsi axtarış və götürmə haqqında qərarla tanış edərək paltarlarında əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları könüllü sürətdə verməyi təklif edilmişdir. Bu təklifdən sonra şübhəli şəxs Təqsirləndirilən şəxs könüllü olaraq, həmin vaxtı əynində olan boz rəngli cins şalvarın sağ yan cibindən 01 ədəd şəffaf sellofan bükümü çıxarıb masanın üzərinə qoymaqla təqdim edərək həmin bükümün içərisində psixotrop maddə metamfetamin olduğunu, həmin bükümü küçədən tapdığını, istifadə etmək məqsədilə üzərində gəzdirdiyini bildirmişdir. Daha sonra şübhəli şəxs Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilən zaman üzərindən qanunla dövriyyəsi qadağan olunmuş heç bir əşya və ya predmet aşkar olunmamışdır. Şübhəli şəxs Təqsirləndirilən şəxs təqdim etdiyi, içərisində psixotrop maddəyə bənzər, spesifik iyə malik olan maddə 01 ədəd büküm tərkibinin müəyyən edilməsi üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinə göndərilməsi üçün 01 ədəd içərisi boş olan ağ rəngli kağız zərfin içərisinə qoyulub qablaşdırılaraq götürülmüş və zərfin üzəri şübhəli şəxs Təqsirləndirilən şəxs və iştirakçılar tərəfindən imzalanmışdır. Bundan sonra şəxsi axtarış keçirilməsinə dair tərtib olunmuş protokol şübhəli şəxs Təqsirləndirilən şəxs və iştirakçılar tərəfindən imzalanmışdır. Şahid Bakı şəhəri Nizami RPİ-nin 25-ci PŞ-nin əməliyyat müvəkkili, polis kapitanı Şahid5 istintaqda şahid polis baş leytenantı Şahid4 ilə oxşar məzmunda ifadə vermişdir. İşdə olan və məhkəmə baxışında tədqiq edilmiş: - cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, vət. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanılmış və icraata qəbul edilmişdir. - şübhəli şəxsin tutulması haqqında xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli olduğuna görə tutulmuşdur. - şəxsi axtarış və götürmə aparılması haqqında xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, xx.xx.2023-cü il tarixdə Nizami RPİ-nin 25-ci PŞ-nin xidməti otaqlarının birində şübhəli şəxs qismində saxlanılmış Təqsirləndirilən şəxs üzərinə videoçəkilişdən istifadə edilməklə polis əməkdaşlarının və müdafiəçinin iştirakı ilə şəxsi axtarış və götürmə keçirilmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynində olan boz rəngli cins şalvarının sağ yan cibindən 1 ədəd şəffaf sellofan bükümdə psixotrop maddəyə bənzər kütlə aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs həmin bükümdəkinin “patı” kimi tanıdığı psixotrop maddə olduğunu, küçədən tapdığını və özü istifadə etdiyini bildirmişdir. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş materialların məhkəmə ekspertizasının 10 oktyabr 2023-cü il tarixli 3- 16-16/2-6/5281 nömrəli ekspert rəyinin nəticə hissəsindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün №165” dairəvi möhür əksi, vət. “Təqsirləndirilən şəxs aşkar edilmiş maddə (İmza) Təqsirləndirilən şəxs” yazısı və imzalar olan zərfdəki 1 (bir) ədəd bükümdə təmiz çəkisi 0,490 qram ağ rəngli kristallardan ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə-metamfetamindir. - təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə ittiham elan edilmişdir. - vəsatətin müdafiə edilməsindən imtina edilməsi haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsi barədə Nizami RPİ-nin İŞ-nin müstəntiqi Cəmil Məmmədovun vəsatətinin müdafiə edilməsindən imtina edilmiş və Təqsirləndirilən şəxs həbsdən azad edilmişdir. - qətimkan tədbirinin seçilməsi haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri seçilmişdir. - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X8 X5-Narkoloji tibbi yoxlamanın 02 noyabr 2023-cü il tarixli, 7190 nömrəli rəyinin nəticə hissəsindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2006-cı il tarixli 39 saylı “Narkotik vasitələrin və psixotrop maddələrin tibbi məqsədlərlə istifadə edilməsi qaydasının və şərtlərinin, habelə narkomanlıq xəstəliyinə düçar olan şəxslər barəsində tibbi tədbirlərin tətbiq edilməsi qaydasının təsdiq edilməsi barədə” Qərarı ilə təsdiq edilmiş məcburi müalicə tətbiq edilməyən narkomanlıq xəstəliyinə düçar olmuş şəxslərə məcburi müalicə qaydalarının 3.2-ci bəndinə uyğun olaraq hal-hazırda Təqsirləndirilən şəxs İİİ dərəcəli əlil olması ilə əlaqədar olaraq, ona narkomaniyadan məcburi müalicə tətbiq edilməsi mümkün deyildir. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. - sübutların qiymətləndirilməsi haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs götürülmüş 0,490 qram psixotrop maddə-metamfetamin maddi sübut kimi tanınmış, tədqiqatdan sonra qalıq qalan 0,440 qram psixotrop maddə- metamfetamin saxlanılması üçün Nizami RPİ-nin maddi sübutların saxlama yerinə təhvil verilmişdir. Şəxsi axtarış və götürmə zamanı çəkilmiş videogörüntünün olduğu 01 ədəd “CD” disk iş üzrə sübut növü kimi tanınmış və cinayət işinə əlavə edilmişdir. - Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 1(007)-123/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmişdir. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına görə siyahıların təsdiq edilməsi haqqında “Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanununa əsasən dərman preparatı kimi beynəlxalq adı “Metamfetamin” olan maddə psixotrop maddədir, onun 0,15 qramdan artıq hissəsi xeyli miqdar hesab olunur. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanununa əsasən həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi; məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanılmasına yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanılması hesab olunur. Birləşmiş Millətlər Təşkilatının 30 mart 1961-ci il tarixli “Narkotik vasitələr haqqında” Vahid Konvensiyası, 1971-ci il tarixli “Psixotrop maddələr haqqında” və 19 dekabr 1988-ci il tarixli “Narkotik vasitələr və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə mübarizə haqqında” konvensiyalarında narkotik vasitələrin, güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsi beynəlxalq cinayət hesab edilmişdir. “Narkotik vasitələrin, güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli, 2 nömrəli Qərarının 5-ci bəndi ilə məhkəmələrə izah edilmişdir ki, təqsirli şəxsin narkotik vasitələri öz ixtiyarında (məsələn, üstündə, gizli saxlanc yerlərində, binalarda və s.) saxlaması ilə əlaqədar olan hər hansı qəsdən edilən hərəkətləri saxlama kimi başa düşülməlidir. Göstərilənlərə əsasən məhkəmə belə bir nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətdiyi əməldə cinayət tərkibi vardır, ona ibtidai istintaq zamanı düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə ittiham irəli sürülmüş və əməli həmin maddə ilə tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsas yoxdur. Məhkəmə iclasında Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda psixotrop maddə-metamfetamin əldə edib saxlaması özünün, şahidlərin ifadələri, həmçinin cinayət işinin materiallarındakı digər sənədlərlə tamamilə sübuta yetirildi. Məhkəmə iş üzrə toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutlara qiymət verərək hesab edir ki, həmin sübutlar mötəbər və mümkün olmaqla Təqsirləndirilən şəxs tərəfindən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlinin törədilməsini tam təsdiq edir. Təqsirləndirilən şəxs cəzadan azad edilməsi və onun barəsində cəzanın təyin edilməməsi üçün əsaslar olmadığından Azərbaycan Respublikası CM-nin 58-ci maddəsinə əsasən ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş hədlərdə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə görə, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən, Azərbaycan Respublikası CMnin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs törətdiyi əməl az ağır cinayət hesab olunur. Azərbaycan Respublikası CM-nin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluğu ödənilmiş hesab edilir. İşdə olan və məhkəmə baxışında tədqiq edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş xx.xx.2023cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 29.185.2.1, 185.2.1, 185.2.2-ci maddələri ilə təqsirli bilinərək 2 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzasının çəkilməmiş hissəsi, “8 Noyabr - Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 5 noyabr 2021-ci il tarixli Qərarının 4-cü hissəsinə əsasən 6 ay azaldılmış, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə cəzasının çəkilməmiş hissəsindən qalan 1 ay 21 gün müddətini çəkməkdən şərti olaraq vaxtından əvvəl azad olunmuş, xx.xx.2022-ci il tarixdə cəza müddəti başa çatmışdır. Göründüyü kimi Təqsirləndirilən şəxs cəzadan azad edildiyi gündən iki il keçmədiyinə görə məhkumluğu ödənilməmişdir. Məhkəmə təqsirləndirilən şəxsin səmimi etirafını, əməlindən peşman olmasını cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Qəsdən cinayət törətməyə görə əvvəllər azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş Təqsirləndirilən şəxs məhkumluğu ödənilməmiş və götürülməmiş yenidən qəsdən cinayət törətməsi Azərbaycan Respublikası CM-nin 18.1-ci maddəsinə əsasən cinayətin residivini yaradır. Azərbaycan Respublikası CM-nin 61.1.1-ci maddəsinə əsasən cinayətin residivi cəzanı ağırlaşdıran hal hesab olunur. Məhkəmə Təqsirləndirilən şəxs barəsində təyin ediləcək cəzanın həddini və növünü müəyyən edərkən cəza təyinetmənin ümumi prinsiplərini rəhbər tutmaqla onun qəsdən az ağır cinayət törətməsini, qəsdin əsas obyektini əhalinin sağlamlığının təhlükəsizliyini təmin edən ictimai münasibətlər, əlavə obyektini isə ictimai təhlükəsizlik, dövlət idarə və müəssisələrin normal fəaliyyətini təmin edən ictimai münasibətlər, konkret insanın-fərdin sağlamlığı təşkil etməsini nəzərə alaraq hesab edir ki, onun islah olunması üçün cəmiyyətdən təcrid olunmaqla barəsində azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi məqsədəmüvafiqdir və cəzanın məqsədini təmin edir. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə hesab edir ki, cəza təyin edilərkən Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə saat 02:10-da şübhəli şəxs qismində tutulmasını, xx.xx.2023-cü il tarixdə saat 11:40-dan 12:10-dək təqsirləndirilən şəxs qismində dindirilməsini, xx.xx.2023-cü il tarixli qərarla Nizami RPİ-nin MSY-dən azad edilməsini və bununla da azadlığının məhdudlaşdırılmasının 1 gündən artıq davam etməsini, yəni 2 gün həbsdə saxlanılması həbsdə saxlamanın bir gününü azadlıqdan məhrum etmənin bir gününə hesablayaraq nəzərə alınmalıdır. Azərbaycan Respublikası CM-nin 65.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin ediləcək cəzanın müddəti onun təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş daha ciddi cəza olan azadlıqdan məhrum etmə cəzasının son həddinin yarısından az olmamalıdır. Azərbaycan Respublikası CM-nin 56.1.3-cü maddəsinə əsasən cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə azadlıqdan məhrum etmə növündə cəza ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkilir. Ona görə də, əvvəllər azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş və cəzasını çəkib qurtardıqdan sonra məhkumluğu ödənilməmiş və götürülməmiş yenidən qəsdən cinayət törətmiş Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası CPM-nin 346.1.19 - 346.1.22-ci maddələrində nəzərdə tutulmuş məsələləri həll edərək məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməli; onun həbsdə saxlanıldığı müddət Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən bir günə bir gün hesabı ilə hesablanaraq cəzaçəkmə müddətinə daxil edilməklə, cəzaçəkmə müddətinin başlanğıcı tutulduğu vaxtdan, yəni xx.xx.2024-cü il tarixdən hesablanmalı; Azərbaycan Respublikası CPM-nin 132.1.4-cü maddəsinə əsasən iş üzrə maddi sübut olan və Bakı şəhəri Nizami RPİ-də saxlanılan 0,440 qram psixotrop maddəmetamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv olunmalı; Azərbaycan Respublikası CPM-nin 198.1-ci maddəsinə əsasən məhkəmə məsrəfi olan 114 (bir yüz on dörd) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub dövlət xəzinədarlığı agentliyi, kod 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN **********, hesab AZ34CTRE******************** hesabına ödənilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia yoxdur. Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə hesab edir ki, vəkilin məhkəmədə iştirak etdiyi müddət 41 iş saatı müddətinə bərabər olduğundan, hər iş saatı üçün Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2018-ci il tarixli, 202 saylı qərarına əsasən göstərilmiş hüquqi xidmətlərə görə hər iş saatı üçün 6 (altı) manat miqdarında ödənilməsi nəzərə alınmaqla 246 (iki yüz qırx altı) manat (41x6) məbləğində əmək haqqı Bakı şəhəri 6 saylı Vəkil Bürosu vasitəsi ilə Müdafiəçi dövlət büdcəsi vəsaiti hesabına ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinib, barəsində 1 (bir) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 2 gün həbsdə saxlanılması nəzərə alınmaqla həbsdə saxlamanın bir gününü azadlıqdan məhrum etmənin bir gününə hesablayaraq üzərində 1 (bir) il 5 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs təyin olunmuş cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin başlanğıcı xx.xx.2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Cinayət işi üzrə maddi sübut olan və Bakı şəhəri Nizami RPİ-də saxlanılan 0,440 qram psixotrop maddə - metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə məhkəmə məsrəfi olan 114 (bir yüz on dörd) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub dövlət xəzinədarlığı agentliyi, kod 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN **********, hesab AZ34CTRE******************** hesabına keçirilsin. Təqsirləndirilən şəxs 41 saat göstərdiyi pulsuz hüquqi yardıma görə iş üzrə dəvət olunmuş Müdafiəçi 246 (iki yüz qırx altı) manat əmək haqqı Bakı şəhəri 6 saylı Vəkil Bürosu vasitəsi ilə Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına ödənilsin. Hökmdən elan olunduğu (həbsdə olan məhkuma hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Həmin müddətdə hökmdən apellyasiya qaydasında protest və şikayət verilmədikdə hökm müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən Mətanət Hacıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar