Məhkəmə qərarları › İş №1(007)-124/2021

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Hökm — İş №1(007)-124/2021

30.04.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(007)-124/2021 30.04.2021 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Mehdiyev Nəriman Hüseynqulu oğlunun sədrliyi, məhkəmə iclasının katibi Rüstəmova Sürəyya Nazim qızının katibliyi, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhər məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, təqsirləndirilən şəxs-Təqsirləndirilən şəxs, onun müdafiəçisi-Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, təqsirləndirilən şəxs xx xxxx 1985-ci il tarixdə Gürcüstan Respublikası, Marneuli rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, iki azyaşlı uşağı olan, fərdi qaydada işləyən, əvvəllər məhkum olunmamış, Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, E.Məhərrəmli küçəsi, dalan 7, ev 2, mənzil 14-də qeydiyyatda olan, Bakı şəhəri, Nizami rayonu, E.Süleymanov küçəsi, 94, M11, m2-də yaşamış, 06 yanvar 2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, 07 yanvar 2021-ci il tarixdə barəsində həbs qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı istintaq təcridxanasında saxlanılan - Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 228.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs qanunsuz olaraq odlu silahı, onun komplekt hissəsini və döyüş sursatlarını əldə etmiş, daşımış, gəzdirmiş və saxlamışdır. Belə ki, o, zavod üsulu ilə Rusiya dövlətində 1997-ci ildə istehsal olunmuş, 9 mm kalibrli PM modelli, texniki cəhətdən saz və atəş açmaq üçün yararlı, Makarov konstruksiyalı tapança hesab edilən ПP-1731 nömrəli bir ədəd yivli odlu silahı, həmin silahın komplekt hissəsi olan, zavod üsulu ilə istehsal olunmuş, 8 ədəd 9x18 mm kalibrli patronların yerləşdirilməsi üçün nəzərdə tutulmuş, texniki cəhətdən saz və istifadə üçün yararlı bir ədəd darağı və zavod üsulu ilə Azərbaycan dövlətində 2010-cu ildə istehsal olunmuş, 9x18 mm kalibrli olmaqla həmin kalibrli Makarov (PM) və Steçkin (APS) konstruksiyalı tapançalardan atəş açmaq üçün nəzərdə tutulmuş, atəş üçün yararlı, döyüş sursatı hesab edilən 07 ədəd ştat patronlarını naməlum mənbədən naməlum tarixdə və şəraitdə qanunsuz olaraq əldə edib, üzərində gəzdirməklə yaşadığı ünvan 1 ünvanına (yeni qaydalarla ünvan 2 orada saxlamış, bu barədə daxil olmuş məlumat əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən 06 yanvar 2021-ci il tarixdə keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində həmin gün saat 13:30-da Təqsirləndirilən şəxs yaşadığı ünvan 3 saylı mənzilə özünün razılığı və iştirakı ilə baxış keçirilərkən zavod üsulu ilə Rusiya dövlətində 1997-ci ildə istehsal olunmuş, 9 mm kalibrli PM modelli, texniki cəhətdən saz və atəş açmaq üçün yararlı, Makarov konstruksiyalı tapança hesab edilən ПP-1731 nömrəli bir ədəd yivli odlu silah, həmin silahın komplekt hissəsi olan, zavod üsulu ilə istehsal olunmuş, 8 ədəd 9x18 mm kalibrli patronların yerləşdirilməsi üçün nəzərdə tutulmuş, texniki cəhətdən saz və istifadə üçün yararlı bir ədəd daraq və zavod üsulu ilə Azərbaycan dövlətində 2010-cu ildə istehsal olunmuş, 9x18 mm kalibrli olmaqla həmin kalibrli Makarov (PM) və Steçkin (APS) konstruksiyalı tapançalardan atəş açmaq üçün nəzərdə tutulmuş, atəş üçün yararlı, döyüş sursatı hesab edilən 07 ədəd ştat patronları bir ədəd sellofan torbanın içərisində olmaqla yataq otağındakı paltar dolabının üzərindən aşkar edilərək götürülmüşdür. Bu hərəkətləri ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 228.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməllərini törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 228.1-ci maddəsi ilə elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, 06 yanvar 2021-ci il tarixdə tutulmazdan təxminən bir həftə əvvəl yaşadığı ünvan 3 ünvanının yaxınlığında olan zibilxanaya zibil atmaq məqsədi ilə getdiyi zaman yerdə bir ədəd sellofan torbanın olmasını görmüşdür. Həmin torbanın içərisində nə olması dəqiq görünməmişdir. Lakin formasından içərisində tapançaya oxşar əşyanın olmasını bilmişdir. Bundan sonra torbanı götürərək açmış və torbanın içərisində bir ədəd “Makarov” tapançasının, tapançanın üzərində içərisində 07 ədəd gülləsi olan bir ədəd darağının və bir ədəd də həmin tapançada istifadə olunması üçün nəzərdə tutulmuş səsboğucu alətin olmasını görmüşdür. Ümumiyyətlə silaha marağı olduğu üçün o, həmin silahın və patronları ilə birlikdə komplekt hissələrinin olduğu sellofan torbanı götürüb üzərində gizlədərək yaşadığı mənzilə getmişdir. Yaşadığı ünvana getdikdən sonra o, içərisində silah və onun komplekt hissələri olan torbanı yatağ otağında paltar dolabının üstündə gizlədərək saxlamışdır. Lakin ailə üzvlərinin silahdan, patronlardan və səsboğucu alətdən heç bir məlumatı olmamışdır. Çünki həmin silahı və onun hissələrini evin yataq otağında olan dolabın üstündə heç kəsin görə bilməyəcəyi formada gizlətmişdir. Ona görə də nə ailə üzvlərinin, nə də digər şəxslərdən heç kimin bu barədə məlumatı olmamışdır. 06 yanvar 2021-ci il tarixdə saat 11:30 radələrində yaşadığı ünvanın yaxınlığında olduğu zaman ona üç nəfər mülki geyimdə olan şəxs yaxınlaşıb Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları olduqlarını bildirib xidməti vəsiqələrini göstərib özlərini təqdim etmişlər. Sonra ondan özünü təqdim etməsini xahiş etmişlər, o da özünü təqdim etmişdir. Sonra polis əməkdaşları barəsində qəbul edilmiş “Əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqqında” qərarla onu tanış etmişlər, qanunsuz olaraq odlu silah və döyüş sursatı əldə edib saxlamaqda və üzərində gəzdirməkdə şübhəli olduğunu bildirərək onu Baş İdarəyə dəvət etmişlər. O da heç bir etiraz etmədən polis əməkdaşları ilə birlikdə Baş Mütəşəkkil Cinayətlkarlıqla Mübarizə İdarəsinə getmişdir. Orada vəkil dəvət edilmiş və o, şübhəli şəxs qismində tutulmuş, bu barədə protokol tərtib edilmiş, hüquq və vəzifələri izah edilmişdir. Bundan sonra qanunsuz olaraq üzərində odlu silah və döyüş sursatını əldə edərək saxlamaqla gəzdirməkdə şübhəli bilindiyi və bununla bağlı ilkin olaraq videoçəkilişdən istifadə edilməklə üzərinin yoxlanılacağı və üzərində olan əşyalara baxış keçiriləcəyi bildirilmişdir. O, buna etiraz etmədiyini, üstünün yoxlanmasına razı olduğunu bildirmişdir. Bundan sonra üzərində videoçəkilişlə şəxsi axtarış keçirilməyə başlanılmış, üzərində qanunsuz əşya, odlu silah və ya döyüş sursatı varsa könüllü olaraq təqdim etməsi təklif edilmişdir. O, üzərində olan bir ədəd mobil telefonu, pul vəsaitini, şəxsiyyət vəsiqəsini və bir ədəd açarı masanın üzərinə qoymaqla təqdim etmişdir. Üzərində şəxsi axtarış aparılan zaman təqdim etdiklərindən əlavə üzərindən kənar əşya və maddə aşkar olunmamışdır. Onun təqdim etdiyi pul vəsaitinin ümumilikdə 258 manat məbləğində olması müəyyən olunmuş, pul vəsaiti özünə qaytarılmışdır. Təqdim olunan mobil telefon barədə soruşulduqda o, telefonun “Samsung A70” markalı olduğunu və özünə məxsus olduğunu bildirmiş, mobil telefon və ona aid şəxsiyyət vəsiqəsi götürülmüşdür. Bundan sonra təqdim etdiyi açarla bağlı ona sual olunduqda o, yaşadığı mənzilin giriş qapısının açarı olmasını bildirmişdir. Şifahi sorğu zamanı o, üzərində hər hansı qanunsuz əşya və maddənin olmadığını, lakin yaşadığı mənzilin yataq otağında odlu silah gizlədib saxladığını etiraf etmişdir. Onun qeyd etdiklərindən sonra videoçəkiliş dayandırılmış, şəxsi axtarış və götürmənin nəticələrinin rəsmiləşdirilməsindən sonra onun yaşadığı ünvana gedərək mənzilə baxış keçirilməsi qərara alınmışdır. Daha sonra protokol tərtib olunmuş, hüquq və vəzifələri izah olunmuş, onlar protokolu imzaları ilə təsdiq etmişlər. Sonra yaşadığı mənzilə getmişlər, mənzilə daxil olunması üçün ondan icazə istənilmiş, o, etirazının olmamasını bildirdikdən və bu barədə ərizə verdikdən sonra mənzilin seyf qapısını üzərində olan açarla açmış və onlar birlikdə mənzilə daxil olmuşlar. Mənzilin dəhliz otağında videoçəkilişlə baxış başlanmışdır. O, odlu silahı mənzilin yataq otağında olan şkafın üstündə gizlədib saxladığını bildirmiş və ardınca baxış iştirakçılarını həmin otağa dəvət etmişdir. O, yataq otağında olan paltar dolabının tam üstündə sellofanda odlu silah olduğunu bildirdikdən sonra iştirakçılarla birlikdə həmin sellofan yerindən götürülmüş və həmin otaqda baxış keçirilməsinə şərait olmadığına görə birlikdə mənzilin zal otağına getmişlər. Orada baxış zamanı ağ rəngli sellofan bağlama açılmış və içində olan “Makarov” tipli tapançaya bənzər əşya, bir ədəd sandıqçada patronlar və bir ədəd səsboğucu tipli əşya otaqda olan masanın üzərinə qoyulmuşdur. Tapançaya baxış zamanı üzərində “ПP-1731-97” və “Baikal” yazıları olmuş, səsboğucu tipli əşyanın üzərində isə hər hansı yazı yazılmamışdır. Patronlar sandıqçadan çıxarılmaqla sayılmış və 07 ədəd olduğu məlum olmuşdur. Bundan sonra tapançanın boş olub-olmaması məqsədi ilə yoxlanılmış və boş olduğu aşkar edilmişdir. Şifahi sorğu zamanı o “Baikal” adlı Makarov tipli tapançanı patronları ilə birlikdə təxminən 07 gün əvvəl yaşadığı evin yaxınlığında olan zibillikdən təsadüfən tapdığını, odlu silaha marağı olduğundan evinə gətirərək gizlədib saxladığını bildirmişdir. Lakin həmin silahdan indiyə kimi istifadə etmədiyini qeyd etmişdir. Bundan sonra üzərindən aşkar olunmuş tapança, səsboğucu və patronlar onun iştirakı ilə polis əməkdaşları tərəfindən müvafiq qaydada bir ədəd kağız zərfdə qablaşdırılaraq götürülmüş, o, iştirakçılarla birlikdə həmin qablaşdırmanın üzərinə imza etmişdir. Bundan sonra videoçəkiliş dayandırılmışdır. Baş İdarəyə getdikdən sonra yaşadığı ünvana baxış keçirilməsinin nəticələrinə dair protokol tərtib olunmuş, protokol ona və digər iştirakçılara ucadan oxunmuş, onlara protokola daxil edilməli olan qeydlər etmək hüququ və protokolu olduğu kimi və ya qeydlərlə birlikdə imzalamaq vəzifəsi izah olunmuşdur. Protokol düzgün tərtib edildiyi üçün imzaları ilə təsdiq etmişlər. Təqsirləndirilən şəxs ifadəsinin sonunda göstərmişdir ki, əməlindən səmimi peşmandır, habelə o, silahdan heç vaxt istifadə etməmişdir, himayəsində iki azyaşlı uşağı vardır. Bundan başqa o, Vətən müharibəsi dövründə müvafiq hərbi hissənin fəaliyyətində fəal iştirak etdiyinə görə Fəxri fərmanla təltif olunmuşdur. Qeyd etdiklərinin nəzərə alınaraq, barəsində yüngül cəza təyin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Azərbaycan Respublikası DİN-nin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin baş əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərmişdir ki, 06 yanvar 2021-ci il tarixdə Ramil adlı şəxsin odlu silah və döyüş sursatı əldə edərək saxlamaqla gəzdirməsi barədə etimad doğuran, məlum, qərəzsiz mənbədən məlumat daxil olmuşdur. Həmin məlumat əsasında keçirilən əməliyyat tədbirləri nəticəsində Ramil adlı şəxsin şəxsiyyəti müəyyən edilərək onun ünvan 3 ünvanında yaşayan Təqsirləndirilən şəxs olması müəyyən edilmişdir. Həmin məlumatın yoxlanılması məqsədi ilə Baş İdarənin rəisinə raportla məruzə edilmişdir. İcazə verildikdən sonra həmin şəxsin ətrafında əməliyyat axtarış tədbirlərinin həyata keçirilməsi üçün qərar qəbul edilmişdir. Daha sonra həmin məlumatın yoxlanılması üçün 3 nəfərdən, yəni ondan, baş əməliyyat müvəkkili Şahid2 və əməliyyat müvəkkili Şahid3 ibarət qrup yaradılmış, qrupa o, rəhbərlik etmişdir. Bundan sonra Təqsirləndirilən şəxs yerinin müəyyən edilməsi istiqamətində tədbirləri davam etdirmişlər. Keçirilmiş əməliyyat tədbirləri nəticəsində Təqsirləndirilən şəxs Bakı şəhəri, Nizami rayonu, E.Süleymanov küçəsi, ev 65/21 ünvanının yaxınlığında olması müəyyən edilmiş və Təqsirləndirilən şəxs 06 yanvar 2021-ci il tarixdə saat 11:30-da yuxarıda qeyd etdiyi ünvanın yaxınlığında saxlanılmışdır. Onlar özlərini təqdim edərək Təqsirləndirilən şəxs qanunsuz olaraq odlu silah və döyüş sursatı əldə edib, saxlamaqla üzərində gəzdirməsi barədə məlumat daxil olduğunu, bu məqsədlə Baş İdarəyə gedib üzərində şəxsi axtarış aparılacağını bildirmişlər. Təqsirləndirilən şəxs etiraz etmədən onlarla razılaşıb Baş İdarəyə getmişdir. Baş İdarədə Təqsirləndirilən şəxs müdafiəçi təyin edilmiş, müdafiəçi gəldikdən sonra Təqsirləndirilən şəxs qanunsuz olaraq üzərində odlu silahı və döyüş sursatını əldə edərək saxlayaraq gəzdirməkdə şübhəli bilindiyi, bununla bağlı ilkin olaraq videoçəkilişdən istifadə edilməklə onun üstünün yoxlanılacağı və üzərində olan əşyalara baxış keçiriləcəyi bildirilmişdir. O, buna etiraz etmədiyini, üstünün yoxlanmasına razı olduğunu bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs təhqiqatçı tərəfindən hüquq və vəzifələri izah edilmiş, o, hüquqlarının ona aydın olduğunu bildirmişdir. Bundan sonra təhqiqatçı tərəfindən şəxsi axtarış və götürmə videoçəkiliş aparılmaqla həyata keçirilməyə başlanılmışdır. Təqsirləndirilən şəxs təhqiqatçı tərəfindən əməliyyat-axtarış tədbirinin keçirilməsi haqqında qəbul edilmiş qərarla tanış edildikdən sonra ona daxil olmuş məlumatla əlaqədar üzərində qanunsuz əşya, odlu silah və ya döyüş sursatı varsa könüllü olaraq təqdim etməsi təklif edilmişdir. Şübhəli şəxs masaya doğru yaxınlaşıb üzərində olan bir ədəd mobil telefonu, pul vəsaitini, şəxsiyyət vəsiqəsini və 01 ədəd açarı masanın üzərinə qoymaqla təqdim etmişdir. Bundan sonra onun üzərinə şəxsi axtarış zamanı üzərindən kənar əşya və maddə aşkar olunmamışdır. Daha sonra şübhəli şəxsə şalvarının ciblərini tam olaraq göstərməsi və ayaqqabılarını çıxarması təklif edilmişdir. O, deyilənləri etmiş, üzərindən və paltarından qanunsuz əşya və ya maddə aşkar olunmamışdır. Şübhəli şəxsin təqdim etdiyi pul vəsaitinin ümumilikdə 258 manat məbləğində olması müəyyən olunmuş, pul vəsaiti əhəmiyyət kəsb etmədiyindən özünə qaytarılmışdır. Təqdim olunan mobil telefon barədə soruşulduqda şübhəli şəxs telefonun “Samsung A70” markalı olduğunu və özünə məxsus olduğunu bildirmişdir. Mobil telefon və şübhəli şəxsə aid şəxsiyyət vəsiqəsi araşdırma üçün əhəmiyyət kəsb etdiyindən saxlanılmışdır. Bundan sonra şübhəli şəxsin təqdim etdiyi açarla bağlı təhqiqatçı tərəfindən sual olunduqda o, yaşadığı mənzilin giriş qapısının açarı olduğunu demişdir. Şifahi sorğu zamanı şübhəli şəxs üzərində hər hansı qanunsuz əşya və maddənin olmadığını, lakin yaşadığı ünvan 3 ünvanında yataq otağında odlu silah gizlədib saxladığını bildirmişdir. Şübhəli şəxsin qeyd etdiklərindən sonra videoçəkilişin dayandırılaraq şəxsi axtarış və götürmənin nəticələrinin rəsmiləşdirilməsindən sonra onun yaşadığı ünvanda davam etdirilməsi qərara alınmışdır. Bundan sonra şəxsi axtarış və götürmənin, həmçinin şəxsi axtarış və götürmənin keçirilməsinin nəticələrinə dair təhqiqatçı tərəfindən protokol tərtib olunmuş, protokol iştirakçılara ucadan oxunmuş, onlara protokola daxil edilməli olan qeydlər etmək hüququ və protokolu olduğu kimi və ya qeydlərlə birlikdə imzalamaq vəzifəsi izah olunmuşdur. İştirakçılar tərəfindən şikayət, təklif və protokola qeydlər daxil olmamışdır. Protokol düzgün tərtib edildiyi üçün digər iştirakçılarla birlikdə onun tərəfindən də imzalanmışdır. Bundan sonra onlar eyni tərkibdə olan iştirakçılarla birlikdə Təqsirləndirilən şəxs yaşadığı ünvan 4 ünvanına getmişlər. Qeyd olunan mənzil on bir mərtəbəli yaşayış binasının on birinci mərtəbəsində yerləşir. Mənzilin seyf qapısının qarşısında çatdıqda eyni tərkibdə olan iştirakçılarla birlikdə videoçəkiliş davam etdirilməyə başlanmışdır. Baxış başlanmamışdan əvvəl şübhəli şəxs İdarə rəhbərliyinin adına ərizə yazaraq tədbir iştirakçıları tərəfindən mənzildə baxış keçirilməsinə etirazı olmadığını bildirmişdir. Təqsirləndirilən şəxs mənzilin seyf qapısını üzərində olan açarla açdıqdan sonra içəri daxil olmuşlar. Mənzilə daxil olunması üçün ondan icazə istənilmiş, etiraz olmadıqda şübhəli şəxslə birlikdə mənzilə daxil olmuşlar. İçəri daxil olduqları zaman mənzilin boş olduğu məlum olmuşdur. Təqsirləndirilən şəxs ailə üzvlərinin hazırda mənzildə olmadıqlarını bildirmişdir. Mənzilin dəhliz otağında videoçəkilişlə baxış başlanmışdır. Şübhəli şəxs şəxsi axtarış və götürmə zamanı bildirdiyi odlu silahı mənzilin yataq otağında olan şkafın üstündə gizlədib saxladığını bildirmiş, ardınca iştirakçıları həmin otağa dəvət etmişdir. Təqsirləndirilən şəxs yataq otağında olan paltar dolabının tam üstündə sellofanda odlu silah olduğunu bildirdikdən sonra iştirakçılarla birlikdə həmin sellofan yerindən götürülmüş və otaqda baxış keçirilməsinə şərait olmadığına görə birlikdə mənzilin zal otağına getmişlər. Orada baxış zamanı ağ rəngli sellofan bağlama açılmış və içində olan “Makarov” tipli tapançaya bənzər əşya, 01 ədəd sandıqçada patronlar və 01 ədəd səsboğucu tipli əşya otaqda olan masanın üzərinə qoyulmuşdur. Tapançaya bənzər əşyaya baxış zamanı üzərində “ПP-1731-97” və “Baikal” yazılarının olduğu məlum olmuşdur. Həmçinin tapançaya bənzər əşyanın atəş hissəsində səsboğucunun bağlanması üçün xüsusi formalı olduğu məlum olmuşdur. Səsboğucu tipli əşyaya baxış zamanı üzərində hər hansı yazının yazılmadığı məlum olmuşdur. Patronlar sandıqçadan çıxarılmaqla sayılmış və 07 ədəd olduğu məlum olmuşdur. Bundan sonra tapançanın boş olub-olmaması məqsədi ilə yoxlanılmış və boş olduğu aşkar edilmişdir. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs “Baikal” adlı Makarov tipli tapançaya bənzər əşyanı patronları ilə birlikdə təxminən 07 gün əvvəl yaşadığı evin yaxınlığından zibillikdən təsadüfən tapdığını, odlu silaha marağı olduğundan evinə gətirib gizlədib saxladığını bildirmişdir. Təqsirləndirilən şəxs həmçinin odlu silahdan istifadə etmədiyini bildirmişdir. Təqsirləndirilən şəxs yaşadığı ünvandan aşkar olunmuş bir ədəd “Baikal” adlı Makarov tipli tapançaya bənzər əşya, 01 ədəd səsboğucu tipli əşya və 07 ədəd patron özünün iştirakı ilə müvafiq qaydada bir ədəd kağız zərfdə qablaşdırılaraq DİN-nin “6 saylı” möhürü ilə möhürlənmiş və digər iştirakçılarla birlikdə o da həmin qablaşdırmanın üzərinə imza etmişdir. Baş İdarəyə gəldikdən sonra mənzilə baxış keçirilməsinin nəticələrinə dair təhqiqatçı tərəfindən protokol tərtib olunmuş, protokol iştirakçılara ucadan oxunmuş, protokol düzgün tərtib edildiyi üçün digər iştirakçılarla birlikdə tərəfindən imzalanmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Azərbaycan Respublikası DİN-nin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları Şahid2 və Şahid3, Şahid1la oxşar məzmunda ifadələr vermişlər. İşdə olan və məhkəmə baxışında tədqiq edilmiş aşağıda istinad edilən sənədlər və digər sübutlar Azərbaycan Respublikası CPM-nin 124-cü maddəsinin tələblərinə müvafiq olaraq sübut kimi qəbul edilmişdir: - 07 yanvar 2021-ci il tarixli qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası CM-nin 228.1-ci maddəsi ilə cinayət işi başlanmış və icraata qəbul edilmişdir. (i.v. 1) - 06 yanvar 2021-ci il tarixli protokoldan görünür ki, Azərbaycan Respublikası DİNnin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən 06 yanvar 2021-ci il tarixdə həyata keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində Təqsirləndirilən şəxs həmin gün saat 11:30-da Bakı şəhəri, Nizami rayonu, E.Süleymanov küçəsi, ev 65/21 ünvanının qarşısında saxlanılaraq Baş İdarənin inzibati binasına aparılmış, orada müdafiəçinin iştirakı ilə və videoçəkiliş aparılmaqla üzərində axtarış aparılmış, lakin üzərində hər hansı qanunsuz əşya aşkar olunmamışdır. Sorğu zamanı isə o, yaşadığı mənzildə odlu silah gizlədib saxladığını bidirmişdir. (i.v. 26-28) - 06 yanvar 2021-ci il tarixli protokoldan görünür ki, Azərbaycan Respublikası DİNnin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs yaşadığı mənzilə 06 yanvar 2021-ci il tarixdə baxış keçirilən zaman qanunsuz olaraq əldə edib, gəzdirməklə daşıyaraq yaşadığı ünvanda yataq otağında paltar dolabının üst hissəsində bir ədəd sellofan torbanın içərisində gizlətməklə saxladığı bir ədəd keçmiş Rusiya dövlətində 1997-ci ildə zavod üsulu ilə istehsal olunmuş, 9 mm kalibrli, yivli odlu, texniki cəhətdən saz və atəş açmaq üçün yararlı, Makarov konstruksiyalı tapança hesab edilən ПP-1731 nömrəli silah, həmin silahın komplekt hissəsi olan, texniki cəhətdən saz və istifadəyə yararlı 8 ədəd 9x18 mm kalibrli patronların yerləşdirilməsi üçün nəzərdə tutulmuş bir ədəd daraq və onun içərisindən zavod üsulu ilə Azərbaycan dövlətində 2010-cu ildə istehsal olunmuş, 9x18 mm kalibrli olmaqla həmin kalibrli Makarov (PM), Steçkin (APS) konstruksiyalı tapançalardan atəş açmaq üçün nəzərdə tutulmuş, atəş üçün yararlı, döyüş sursatı hesab edilən 07 ədəd ştat patronlar aşkar edilərək götürülmüşdür. (i.v. 34-36) -Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Kriminalistik Tədqiqatlar İdarəsinin məhkəmə-ballistik ekspertizasının 06 yanvar 2021-ci il tarixli 21/6R nömrəli rəyinin nəticə hissəsindən görünür ki, tədqiqata təqdim edilmiş 01 ədəd ПP-1731 nömrəli silah zavod üsulu ilə Rusiya dövlətində 1997-ci ildə istehsal olunmuş 9 mm kalibrli PM modelli, Makarov kansturuksiyalı, tapançadır, yivli odlu silahdır, texniki cəhətdən sazdır və atəş üçün yararlıdır. Tədqiqata təqdim edilmiş 01 ədəd əşya zavod şəraitində istehsal olunmuş 9 mm kalibrli tapança silahlarına yiv vasitəsi ilə bərkidilən və səssiz atəş açmaq üçün nəzərdə tutulmuş səsboğucudur, döyüş sursatı hesab edilmir, texniki cəhətdən sazdır və istifadə üçün yararlıdır. Tədqiqata təqdim edilmiş 01 ədəd daraq zavod üsulu ilə istehsal olunmuş 08 ədəd 9x18 mm kalibrli patronlar yerləşdirmək üçün nəzərdə tutulmuş, həmin kalibrli Makarov konstruksiyalı tapançaların komplekt hissəsidir-darağıdır, texniki cəhətdən sazdır və istifadə üçün yararlıdır. Tədqiqata təqdim edilmiş 07 ədəd patronlar zavod üsulu ilə Azərbaycan dövlətində 2010-cu ildə istehsal olunmuş 9x18 mm kalibrli olmaqla, həmin kalibrli Makarov (PM) və Steçkin (APS) konstruksiyalı tapançalardan atəş açmaq üçün nəzərdə tutulmuş ştat patronlarıdı, döyüş sursatı hesab olunur və atəş üçün yararlıdırlar. Qeyd: təqdim edilmiş 07 ədəd 9x18 mm kalibrli patronlardan 03 ədədi eksperimental atəşlər zamanı istifadə olunmuşdur. (i.v. 49-56) -Maddi sübut kimi tanınma haqqında 07 yanvar 2021-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs yaşadığı ünvan 3 ünvanına baxış keçirilən zaman aşkar edilərək götürülmüş 01 ədəd “Makarov” konstruksiyalı tapança, tədqiqatdan sonra 04 ədəd qalmış patronlar, 01 ədəd daraq və səsboğucu əşya maddi sübut kimi tanınmış və DİN-in BMCMİnin maddi sübutların saxlanma kamerasına təhvil verilmişdir. (i.v. 95-96) -Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Kriminalistik Tədqiqatlar İdarəsinin 08 yanvar 2021-ci il tarixli 011-152-1221 nömrəli məktubundan görünür ki, təqdim edilən 01 ədəd 9 mm kalibrli ПP-1731 nömrəli Makarov konstruksiyalı PM modelli tapançadan eksperimental qaydada atılmış güllə-giliz nümunələri idarənin “güllə-giliz” kartotekasında “ARSENAL” avtomatlaşdırılmış balistik sistemi vasitəsilə yoxlanılmış, müqayisəli tədqiqat zamanı eynilik aşkar edilməmişdir. (i.v. 111) -Sübutların qiymətləndirilməsi haqqında 28 yanvar 2021-ci il tarixli qərardan görünür ki, cinayət işinin materiallarından odlu silahın əldə edilmə mənbəyinə görə Azərbaycan Respublikası CM-nin 228.1-ci maddəsi ilə cinayət işi ayrılmış, Təqsirləndirilən şəxs ailə üzvlərinin barələrində Azərbaycan Respublikası CM-nin 228.2.1 və 307-ci maddələrinin tərkib əlamətləri üzrə cinayət təqibinin başlanması rədd edilmiş, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 228.2.1-ci maddəsinin tərkib əlamətləri üzrə cinayət təqibinin başlanması rədd edilmiş, Təqsirləndirilən şəxs yaşadığı mənzilə baxış keçirilməsi, odlu silahın və s. aşkar edilməsini özündə əks etdirən bir ədəd DVD disk sübut kimi qiymətləndirilərək işə əlavə edilmişdir. (i.v. 151-164) Məhkəmə hökmü haqqında Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 4 saylı, 27 dekabr 1996-cı il tarixli qərarına əsasən məhkəmə hökmü səlis, aydın, anlaşılan şəkildə yazılmalı, iş üzrə müəyyən olunmuş hallar, sübutlar və məhkəmənin nəticələri hökmdə ciddi məntiqi ardıcıllıqla şərh edilməlidir. Azərbaycan Respublikası CPM-nin 349.5.1-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Məhkəmə, dövlət ittihamçısını, təqsirləndirilən şəxsi, onun müdafiəçisini və şahidləri dinləyib, iş materiallarını hərtərəfli və obyektiv tədqiq edərək, istinad olunan hüquq normalarına əsaslanaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 228.1-ci maddəsində nəzərdə tutulan cinayətin törədilməsində təqsirliliyi özünün etirafedici ifadəsi ilə yanaşı, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan, iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahid ifadələri, məhkəmə ekspertizasının rəyi və iş üzrə toplanmış digər materiallarla sübuta yetirilmişdir. İstintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 228.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir, onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar, habelə, əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Azərbaycan Respublikası CM-nin 228.1-ci maddəsinə əsasən qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı (yivsiz odlu ov silahı və həmin silah üçün döyüş sursatı istisna olmaqla), partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və ya gəzdirmə - həmin maddədə nəzərdə tutulmuş cinayət məsuliyyətinə səbəb olur, iki ilədək müddətə islah işləri və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Həmin maddənin “Qeyd”inə əsasən bu maddədə göstərilən əşyaları könüllü surətdə təhvil verən şəxs, əgər onun əməllərində başqa cinayət əməlinin tərkibi yoxdursa, cinayət məsuliyyətindən azad edilir. Məhkəmə tədqiqi zamanı müəyyən edilmişdir ki, Makarov konstruksiyalı tapança hesab edilən ПP-1731 nömrəli bir ədəd yivli odlu silahı, həmin silahın komplekt hissəsi olan, zavod üsulu ilə istehsal olunmuş, 8 ədəd 9x18 mm kalibrli patronların yerləşdirilməsi üçün nəzərdə tutulmuş, texniki cəhətdən saz və istifadə üçün yararlı bir ədəd darağı və zavod üsulu ilə istehsal olunmuş, 9x18 mm kalibrli olmaqla həmin kalibrli Makarov (PM) və Steçkin (APS) konstruksiyalı tapançalardan atəş açmaq üçün nəzərdə tutulmuş, atəş üçün yararlı, döyüş sursatı hesab edilən 07 ədəd ştat patronları Təqsirləndirilən şəxs qanunsuz olaraq əldə edib, üzərində gəzdirməklə yaşadığı mənzilə daşıyaraq orada yerləşdirmış, həmin əşyaları könüllü surətdə təhvil verməyərək saxlamış, yalnız bu barədə daxil olmuş məlumat əsasında Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən 06 yanvar 2021-ci il tarixdə keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində həmin gün yaşadığı mənzilə baxış zamanı aşkar edilərək götürülmüşdür. Belə olan halda, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 228-ci maddəsinin “Qeyd”ndə nəzərdə tutulduğu qaydada cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Azərbaycan Respublikası CPM-nin 44.2.4-cü maddəsinə müvafiq olaraq, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməkdə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarılmalı və ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin 228.1-ci maddəsinin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən aşağıdakıları nəzərə alır, eləcə də cinayət qanununun müvafiq prinsip və müddəalarını rəhbər tutur: -Tutma haqqında 06 yanvar 2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs şübhəli şəxs kimi həmin tarixdə saat 11:30-da tutulmuşdur. (i.v. 18) -Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 07 yanvar 2021-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs haqqında həbs qətimkan tədbiri seçilmiş, həbsdə saxlanılma müddəti 03 ay həddində müəyyən edilmiş, həbsetmənin əvvəli 06 yanvar 2021-ci il tarixdən hesablanmışdır. (i.v. 92-94) -Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş 15 yanvar 2021-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu haqqında məlumat yoxdur. (i.v. 120) -“xxxx” MMC-nin 23 yanvar 2021-ci il tarixli 126 nömrəli arayışından, nikah və doğum haqqında şəhadətnamələrin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri, E.Süleymanov küçəsi, 2561/67-ci məhəllə, ev 228-də ailə üzvləri - həyat yoldaşı X2, 14 sentyabr 2009-cu il təvəllüdlü qızı X3 və 21 iyun 2016-cı il təvəllüdlü qızı X1 ibarətdir. (i.v. 130) -“xxxx” MMC-nin direktoru tərəfindən 26 yanvar 2021-ci il tarixdə verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. (i.v. 131) “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Cinayət Qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndinə əsasən şəxsin təqsirli bilindiyi maddənin sanksiyası azadlıqdan məhrum etmə ilə yanaşı yüngül cəza növləri də nəzərdə tutursa, hökm çıxarılarkən, azadlıqdan məhrum etmə cəzası təyin edildikdə, bu qərar hökmdə əsaslandırılmalıdır. Cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 228.1-ci maddəsi ilə törətdiyi əməl, həmin Məcəllənin 15.3-cü maddəsinə əsasən az ağır cinayət, 25.1-ci maddəsinə əsasən isə qəsdən törədilmiş cinayət hesab olunur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə əsasən, cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində azyaşlı uşaqlarının olmasını Azərbaycan Respublikası CM-nin 59.1.4-cü maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə əlavə olaraq Təqsirləndirilən şəxs ilk dəfə olaraq az ağır cinayət törətməsini, əməlini etiraf edərək səmimi peşmançılıq çəkməsini, yaşayış ünvanı üzrə müsbət xarakterizə olunmasını Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal qismində Azərbaycan Respublikası CM-nin 61.1-ci maddəsində dairəsi konkret göstərilmiş hallar müəyyən edilməmişdir. “Silahın, onun komplekt hissələrinin, döyüş sursatının, partlayıcı maddələrin və qurğuların qanunsuz hazırlanmasına, dövriyyəsinə və talanmasına dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 27 may 2005-ci il tarixli qərarının 29-cu bəndinə əsasən məhkəmələr bu növ cinayətlər törətmiş şəxslərə cəza təyin edərkən onların hərəkətlərinin məqsədi və motivini, talanmış odlu silahın, onun komplekt hissələrinin, döyüş sursatlarının, partlayıcı maddələr və qurğuların əldə edilmə mənbəyini və ələ keçirmə üsulunu, onların növünü, miqdarını, dəyərini və döyüş xüsusiyyətlərini nəzərə almalıdırlar. Cinayət qanunvericiliyinə görə, CM-nin 228-ci maddəsində nəzərdə tutulan cinayətin bilavasitə obyekti silah, döyüş sursatı, partlayıcı qurğularla davranma sahəsində ictimai təhlükəsizlikdir. Məhkəmə Təqsirləndirilən şəxs barəsində təyin ediləcək cəzanın həddini və növünü müəyyən edərkən, cəza təyinetmənin ümumi prinsiplərini rəhbər tutmaqla onun odlu silah və onun komplekt hissələrini əldə etməklə qəsdən az ağır cinayət əməli törətməsini, cinayətin törədilməsindən sonra hal-hazıradək ötən müddətdəki və məhkəmə iclasındakı davranışını, təyin olunacaq cəzanın onun islah olunmasına təsirini nəzərə alaraq və cəmiyyətdən təcrid edilmədən islah olunmasının qeyri-mümkün olması qənaətinə gələrək, hesab edir ki, onun islah olunması üçün törətdiyi cinayətə görə barəsində azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi məqsədəmüvafiqdir, tətbiq edilməsi nəzərdə tutulan cəza cinayət törətmiş şəxsin fərdi xüsusiyyətlərinə, törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsinə və xarakterinə mütənasibdir və hazırkı halda həmin cəza, cəzanın məqsədini təmin edir. Ona görə məhkəmə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 228.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini məqsədəuyğun sayır. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası CPM-nin 158.2 və 158.2.1-ci maddələrinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət həbsdə saxlama müddətinə daxildir. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs 06 yanvar 2021-ci il tarixdə şübhəli şəxs kimi tutulmuş, 07 yanvar 2021-ci il tarixdə barəsində həbs qətimkan tədbiri seçilmişdir, ona görə məhkəmə hesab edir ki, ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, təqsirləndirilən şəxsin cəzaçəkmə müddətinin başlanğıcı 06 yanvar 2021-ci il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası CPM-nin 175.5-ci maddəsinə əsasən müvafiq qətimkan tədbiri onun ləğvindən, dəyişdirilməsindən, habelə şübhəli və ya təqsirləndirilən şəxsin barəsində cinayət təqibinə xitam verildikdən və ya məhkuma təyin edilən cəza icraya yönəldikdən sonra qüvvədən düşmüş sayılır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli olduğundan, onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 346-cı maddəsində nəzərdə tutulan, məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında müzakirə edilməli olan digər məsələlərlə bağlı qeyd edir ki, cinayət işi üzrə mülki iddia yoxdur; cinayət nəticəsində vurulmuş maddi zərərin və ya mümkün ola biləcək xüsusi müsadirənin təmin edilməsi məqsədi ilə əmlak üzərinə həbs qoyulmamışdır; maddi sübut qismində tanınmış baxış və götürmə aparılmasının video görüntülərinin əks olunduğu bir ədəd DVD disk saxlama müddəti ərzində cinayət işinin materiallarında saxlanılmalı, müvafiq qaydada götürülməklə Azərbaycan Respublikası DİN-in BMCMİ-nin maddi sübutları saxlama yerinə təhvil verilən silah və onun komplekt hissələri cinayətin aləti olduğuna görə Azərbaycan Respublikası CPM-nin 132.1.1-ci maddəsinə əsasən dövlət nəfinə müsadirə edilərək Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə təһvil verilməlidir; Azərbaycan Respublikası CPM-nin 198.1-ci maddəsinə əsasən məhkəmə məsrəfi olan ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. Azərbaycan Respublikası CM-nin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 228.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmə qeyd edir ki, işin məhkəməyədək icraatı və məhkəmə icraatı dövründə Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi müqavilə əsasında vəkili Müdafiəçi tərəfindən həyata keçirilmişdir, ona görə Azərbaycan Respublikası CPM-nin 193-cü maddəsinin tələbləri baxımından təqsirləndirilən şəxsə pulsuz hüquqi yardıma görə dövlət büdcəsinin vəsaiti hesabına əmək haqqı ödənilməsi məsələsinin müzakirəsinə əsaslar yoxdur. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 228.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, 01 (bir) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs ona təyin olunmuş cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, cəzaçəkmə müddətinin başlanğıcı 06 yanvar 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Maddi sübut qismində tanınmış, baxış və götürmə aparılmasının videogörüntülərinin əks olunduğu bir ədəd DVD disk saxlama müddəti ərzində cinayət işinin materiallarında saxlanılsın, Təqsirləndirilən şəxs yaşadığı mənzildən aşkar edilərək götürülməklə Azərbaycan Respublikası DİN-in BMCMİ-nin maddi sübutları saxlama yerinə təhvil verilən, 01 ədəd “Makarov” konstruksiyalı tapança, tədqiqatdan sonra 04 ədəd qalmış patronlar, 01 ədəd daraq və səsboğucu əşya dövlət nəfinə müsadirə edilərək Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə təһvil verilsin. Hökmdən elan olunduğu (həbsdə olan məhkuma hökmün surəti verildiyi) andan 20 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Həmin müddətdə hökmdən apelyasiya qaydasında şikayət və protest verilmədikdə, hökm müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Nəriman Mehdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar