Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(007)-124/2024 10.01.2024 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ X1 Əziz oğlunun sədrliyi, Seyfullayeva Şəbnəm Əfqan qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi - Bakı şəhəri 6 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs iştirakları ilə, təqsirləndirilən şəxsxx xxxx 1999-cu ildə Cəlilabad şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, himayəsində 1 azyaşlı uşağı olan, orta təhsilli, işləməyən, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 16 mart 2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib CM-nin 69.3cü maddəsinə əsasən 09 ay 29 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 04 noyabr 2022-ci il tarixli qərarı ilə cəzasının çəkilməmiş qalan 02 ay 11 gün hissəsindən şərti olaraq vaxtından əvvəl azad edilmiş, 27 dekabr 2022-ci il tarixdə cəza müddəti başa çatdığına görə qeydiyyatdan çıxarılmış, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs 16 oktyabr 2023-cü il tarixdə Bakı şəhəri Nizami rayonu ərazisində istintaqa məlum olmayan şəxsdən qanunsuz olaraq satış məqsədi olmadan şəxsi istehlak miqdarından artıq miqdarda, təmiz çəkisi 0,731 qram olan ağ rəngli kristalşəkilli, kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin əldə edib, daşıyaraq saxlamış, 17 oktyabr 2023-cü il tarixdə saat 10:50 radələrində Bakı şəhəri Nizami RPİ-nin 23-cü PB-nin əməkdaşları tərəfindən ünvan 2 ünvanın qarşısında şübhəli şəxs qismində saxlanılaraq, Bakı şəhəri Nizami rayonu H.Əliyev prospekti 118 ünvanında yerləşən Nizami RPİ-nin 23-cü PB-nə gətirilmiş, orada üzərinə keçirilmiş şəxsi axtarış zamanı əynində olan açıq qəhvəyi rəngli qolsuz gödəkçənin sağ yan cibindən bir ədəd sellofan bükümdə təmiz çəkisi 0,731 qram olan ağ rəngli kristalşəkilli maddə, kustar üsulla hazırlanmış pisixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Bundan başqa, Təqsirləndirilən şəxs 07 noyabr 2023-cü il tarixdə Bakı şəhəri Nəsimi rayonu ərazisində istintaqa məlum olmayan şəxsdən qanunsuz olaraq satış məqsədi olmadan şəxsi istehlak miqdarından artıq miqdarda, təmiz çəkisi 0,831 qram olan açıq qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin əldə edib daşıyaraq saxlamış, 07 noyabr 2023-cü il tarixdə, saat 11:30 radələrində Bakı şəhəri Nizami RPİ-nin 23-cü PB-nin əməkdaşları tərəfindən ünvan 2 ünvanın qarşısında şübhəli şəxs qismində saxlanılaraq, Bakı şəhəri Nizami rayonu H.Əliyev prospekti 118 ünvanında yerləşən Nizami RPİ-nin 23-cü PB-nə gətirilmiş, orada üzərinə keçirilmiş şəxsi axtarış zamanı əynində olan qara rəngli qolsuz gödəkçənin sağ yan cibindən 01 ədəd sellofan bükümdə təmiz çəkisi 0,831 qram olan açıq qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Həmin əməllərinə görə Təqsirləndirilən şəxs ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə ittiham elan olunmuşdur. İşin halları və dəlilləri: Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş ittihamla özünü təqsirli bilərək ifadəsində bildirmişdir ki, 17 oktyabr 2023-cü il tarixdə Bakı şəhəri Nizami rayonu Pəhlivan Fərzəliyev küçəsində olan zaman polis əməkdaşları onu saxlayaraq 23-cü PB-nə dəvət etmişlər. Polis bölməsində inzibati otaqların birində üzərinə şəxsi axtarış keçirilən zaman əynində olan gödəkçənin sağ yan cibindən bir ədəd bükümü çıxardıb təqdim edərək həmin bükümün içərisində “şüşə” kimi tanıdığı metamfetamin olduğunu, metronun “Qara Qarayev” stansiyasının yaxınlığında tanımadığı şəxsdən 10 manata aldığını bildirmişdir. Bundan başqa 07 noyabr 2023-cü il tarixdə ünvan 5 ünvanının qarşısında olan zaman mülki formada olan polis əməkdaşları ona yaxınlaşmış və narkotik maddənin əldə edilməsi, istifadəçisi kimi şübhəli olduğu üçün onu polis bölməsinə gətirmişlər. Polis bölməsində inzibati otaqların birində üzərinə şəxsi axtarış keçirilən zaman əynində olan gödəkçənin sağ yan cibindən bir ədəd bükümü çıxarıb təqdim edərək həmin bükümdəkinin narkotik vasitə heroin olduğunu, Bakı şəhəri Nəsimi rayonu ərazisində tanımadığı şəxsdən 15 manata aldığını bildirmişdir. Etdiyi əməlin yanlış olduğunu başa düşür və əməlindən peşmandır. Təxminən 2 ay olar ki, narkotik vasitələrdən istifadə etmir. Məhkəmədən göstərilənlərin nəzərə alınmasını xahiş edir. Təqsirləndirilən şəxs qeyd edilən əməli törətməkdə təqsirliliyi öz ifadəsi ilə yanaşı aşağıdakı sübutlarla da təsdiq olunur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri Nizami RPİ-nin 23-cü PBnin cinayət axtarışı üzrə əməliyyat müvəkkili Şahid1 ifadəsində bildirmişdir ki, 17 oktyabr 2023-cü il tarixdə, saat 10:50-də 23-cü Polis Bölməsinin sahə inspektoru Şahid2 ilə birlikdə inzibati ərazidə xidmət apararkən Bakı şəhəri Nizami rayonu Pəhlivan Fərzəliyev küçəsi 15/1 ünvanının qarşısında bir nəfər şəxsin özünü şübhəli apardığını görüb, həmin şəxsə yaxınlaşaraq özlərini təqdim etmiş və həmin şəxsi 23-cü PB-nə dəvət etmişlər. Polis bölməsində həmin şəxsin Təqsirləndirilən şəxs olduğu müəyyən olunmuşdur. Xidməti otaqların birində videoçəkiliş aparılmaqla Təqsirləndirilən şəxs şəxsi axtarış və götürmə haqqında qərarla tanış edərək üzərində qanunla qadağan edilmiş hər hansı əşya varsa könüllü surətdə verməsi təklif edilmişdir. Təqsirləndirilən şəxs əynində olan gödəkçənin sağ yan cibindən bir ədəd bükümü çıxarıb təqdim etmiş və həmin bükümün içərisində psixotrop maddə metamfetamin olduğunu, həmin psixotrop maddəni öz istifadəsi üçün 16 oktyabr 2023-cü il tarixdə “Əxi” adlı şəxsin bank kartına 10 manat pul göndərməklə metronun “Qara Qarayev” stansiyasının yaxınlığında sonuncunun dediyi yerdən götürdüyünü bildirmişdir. Bundan başqa 07 noyabr 2023-cü il tarixdə saat 11:30-da Nizami RPİ-nin 23-cü Polis Bölməsinin əməliyyat müvəkkili Şahid3 ilə birlikdə inzibati ərazidə xidmət apararkən Bakı şəhəri Nizami rayonu Pəhlivan Fərzəliyev küçəsi 15/1 ünvanının qarşısında Təqsirləndirilən şəxs özünü şübhəli apardığını görüb yaxınlaşaraq özlərini təqdim etmişlər və onu 23-cü PB-nə dəvət etmişlər. Polis Bölməsinin xidməti otaqlarının birində videoçəkiliş aparılmaqla Təqsirləndirilən şəxs şəxsi axtarış və götürmə haqqında qərarla tanış edərək üzərində qanunla qadağan edilmiş hər hansı əşya varsa könüllü surətdə verməsi təklif edilmişdir. Təqsirləndirilən şəxs əynində olan gödəkçənin sağ yan cibindən 01 ədəd bükümü çıxarıb təqdim etmiş və həmin bükümün içərisində narkotik vasitə heroin olduğunu, həmin narkotik vasitəni Bakı şəhəri Nəsimi rayonu ərazisində tanımadığı şəxsdən öz şəxsi istifadəsi üçün 15 manat pulun müqabilində aldığını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri Nizami RPİ-nin 23-cü Polis Bölməsinin polis sahə rəisi Şahid2 və cinayət axtarışı üzrə əməliyyat müvəkkili Şahid3 Şahid1 ifadəsinə oxşar məzmunda ifadə vermişlər. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: - şəxsi axtarış və götürmə aparılması haqqında 17 oktyabr 2023-cü il tarixli protokoldan görünür ki, həmin tarixdə Nizami RPİ-nin 23-cü PB-nin xidməti otaqlarının birində şübhəli şəxs qismində saxlanılmış Təqsirləndirilən şəxs üzərinə videoçəkilişdən istifadə edilməklə polis əməkdaşlarının və müdafiəçinin iştirakı ilə şəxsi axtarış və götürmə keçirilmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynində olan açıq qəhvəyi rəngli qolsuz gödəkçənin sağ yan cibindən 1 ədəd bükümü çıxararaq təqdim etmiş və həmin bükümün içərisində narkotik vasitə olduğunu, 16 oktyabr 2023-cü il tarixdə metronun “Qara Qarayev” stansiyasının yaxınlığında “Əxi” kimi tanıdığı şəxsdən şəxsi istifadəsi üçün 10 manata aldığını bildirmişdir. - şəxsi axtarış və götürmə aparılması haqqında 07 noyabr 2023-cü il tarixli protokoldan görünür ki, həmin tarixdə Nizami RPİ-nin 23-cü PB-nin xidməti otaqlarının birində şübhəli şəxs qismində saxlanılmış Təqsirləndirilən şəxs üzərinə videoçəkilişdən istifadə edilməklə polis əməkdaşlarının və müdafiəçinin iştirakı ilə şəxsi axtarış və götürmə keçirilmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynində olan qara rəngli qolsuz gödəkçənin sağ yan cibindən 1 ədəd bükümü çıxararaq təqdim etmiş və həmin bükümün içərisində narkotik vasitə olduğunu, 07 noyabr 2023-cü il tarixdə Nəsimi rayonu ərazisindən tanımadığı şəxsdən şəxsi istifadəsi üçün 15 manata aldığını bildirmişdir. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş materialların məhkəmə ekspertizasının 18 oktyabr 2023-cü il tarixli 3- 16-16/2-6/5595 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün №163” dairəvi möhür əksi, “..Təqsirləndirilən şəxs (imza)...” sözləri, soyad və imzalar olan bir ədəd zərfin içərisində bir ədəd bükümdə təmiz çəkisi 0,731 qram olan ağ rəngli, kristalşəkilli maddə kütləsi kustar üsulla hazırlanmış psixotrop maddə - metamfetamindir. Metamfetaminin təmiz çəkisi 0,731 qram olub, 0,05 qramı tədqiqata sərf edilmiş, 0,681 qramı isə qalıq qalmışdır. Aparılmış ekspertiza tədqiqatının dəyəri 80 manatdır. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş materialların məhkəmə ekspertizasının 07 noyabr 2023-cü il tarixli 3- 16-16/2-6/5943 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün №163” dairəvi möhür əksləri, “Təqsirləndirilən şəxs (imza)...” yazıları və imzalar olan bir ədəd zərfin içərisində bir ədəd bükümdə təmiz çəkisi 0,831 qram olan açıq qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə - heroindir. Heroinin təmiz çəkisi 0,831 qram olub, 0,05 qramı tədqiqata sərf edilmiş, 0,781 qramı isə qalıq qalmışdır. Aparılmış ekspertiza tədqiqatının dəyəri 80 manatdır. - Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzi tərəfindən verilmiş ambulator məcburi-narkoloji tibbi yoxlamanın 21 noyabr 2023-cü il tarixli 7611 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbul edilməsi nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. - sübutların qiymətləndirilməsi haqqında 21 noyabr 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs aşkar edilmiş 0,831 qram narkotik vasitə olan heroinin tədqiqatdan sonrakı qalıq çəkisi 0,781 qramı və 0,731 qram psixotrop maddə olan metamfetaminin tədqiqatdan sonrakı qalıq çəkisi 0,681 qramı, 01 ədəd “CD” formatlı disk və 01 ədəd “DVD” formatlı disk maddi sübut kimi tanınmış, 0,781 qram narkotik vasitə olan heroin və 0,681 qram psixotrop maddə olan metamfetamin maddi sübutların saxlanılması otağına təhvil verilmiş, 01 ədəd “CD” formatlı və 01 ədəd “DVD” formatlı disklər cinayət işinə əlavə edilmişdir. - doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində 06 yanvar 2021-ci il təvəllüdlü Süleymanova Bəsirə adlı bir azyaşlı uşağı vardır. Sübutların qiymətləndirilməsi və hüquqi məsələlər: “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına görə siyahıların təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanununa əsasən dərman preparatı kimi beynəlxalq adı “Heroin” olan maddə narkotik vasitə, beynəlxalq adı “Metamfetamin” olan maddə psixotrop maddədir, həm metamfetaminin, həm də heroinin 0,15 qramdan artıq hissəsi şəxsi istehlak miqdarından artıq miqdar hesab olunur. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanununa əsasən həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi; məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanılmasına yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanılması hesab olunur. Birləşmiş Millətlər Təşkilatının 30 mart 1961-ci il tarixli “Narkotik vasitələr haqqında” Vahid Konvensiyası, 1971-ci il tarixli “Psixotrop maddələr haqqında” və 19 dekabr 1988-ci il tarixli “Narkotik vasitələr və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə mübarizə haqqında” konvensiyalarında narkotik vasitələrin, güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsi beynəlxalq cinayət hesab edilmişdir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli 2 nömrəli Qərarının 5-ci bəndi ilə məhkəmələrə izah edilmişdir ki, təqsirli şəxsin narkotik vasitələri öz ixtiyarında (məsələn, üstündə, gizli saxlanc yerlərində, binalarda və s.) saxlaması ilə əlaqədar olan hər hansı qəsdən edilən hərəkətləri saxlama kimi başa düşülməlidir. Göstərilənlərə əsasən məhkəmə belə bir nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətdiyi əməldə cinayət tərkibi vardır, ona ibtidai istintaq zamanı düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə ittiham irəli sürülmüş və əməli həmin maddə ilə tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsas yoxdur. Məhkəmə iş üzrə toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahid ifadələri, cinayət işi üzrə keçirilmiş ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Təqsirləndirilən şəxs cəzadan azad edilməsi və onun barəsində cəzanın təyin edilməməsi üçün əsaslar olmadığından Azərbaycan Respublikası CM-nin 58-ci maddəsinə əsasən ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş hədlərdə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, Azərbaycan Respublikası CMnin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs törətdiyi əməl az ağır cinayət hesab olunur. Həmin Məcəllənin CM-nin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində - onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Həmin Məcəllənin 83.4-cü maddəsinə əsasən məhkum edilmiş şəxs qanunla müəyyən edilmiş qaydada vaxtından əvvəl cəza çəkməkdən azad edildikdə və yaxud cəzanın çəkilməmiş hissəsi daha yüngül cəza növü ilə əvəz edildikdə, məhkumluğun ödənilməsi müddəti əsas və əlavə cəzanı çəkməkdən azad edildiyi vaxtdan hesablanır. İşdə olan və məhkəmə baxışında tədqiq edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş 03 noyabr 2023-cü il tarixli tələbnamədən, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 16 mart 2022-ci il tarixli 1(007)-123/2022 saylı hökmündən, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 04 noyabr 2022-ci il tarixli 7(002)-1417/2022 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 16 mart 2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinib CM-nin 69.3-cü maddəsinə əsasən 09 ay 29 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 04 noyabr 2022-ci il tarixli qərarı ilə cəzasının çəkilməmiş qalan 02 ay 11 gün hissəsindən şərti olaraq vaxtından əvvəl azad edilmiş, 27 dekabr 2022-ci il tarixdə cəza müddəti başa çatdığına görə qeydiyyatdan çıxarılmışdır. Göründüyü kimi hazırkı cinayəti törədərkən Təqsirləndirilən şəxs cəzadan azad edildiyi gündən iki il keçmədiyinə görə məhkumluğu ödənilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi əməli səmimi etiraf etməsini, əməlindən peşman olmasını, evli olmasını, himayəsində bir azyaşlı uşağının olmasını cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Qəsdən cinayət törətməyə görə əvvəllər azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş Təqsirləndirilən şəxs məhkumluğu ödənilməmiş və götürülməmiş yenidən qəsdən cinayət törətməsi Azərbaycan Respublikası CM-nin 18.1-ci maddəsinə əsasən cinayətlərin residivini yaradır. Azərbaycan Respublikası CM-nin 61.1.1-ci maddəsinə əsasən cinayətlərin residivi cəzanı ağırlaşdıran hal hesab olunur. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs 09 avqust 2021-ci il tarixində 1 ədəd bükümdə ümumi xalis çəkisi 0,266 qram narkotik vasitə olan heroini əldə edib saxladığına görə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 16 mart 2022-ci il tarixli hökmü ilə 09 ay 29 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsinə baxmayaraq, islah olunmamış, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 04 noyabr 2022-ci il tarixli qərarı ilə cəzasının çəkilməmiş qalan 02 ay 11 gün müddətini çəkməkdən şərti olaraq vaxtından əvvəl azad edildikdən sonra məhkumluğu ödənilmədiyi dövrdə 16 oktyabr 2023-cü il tarixində yenidən qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda 0,731 qram çəkidə psixotrop maddə olan metamfetamini əldə edib saxlamış, bu cinayətə görə barəsində həbs qətimkan tədbiri seçilməməsindən istifadə edərək ibtidai istintaqın getdiyi dövrdə 07 noyabr 2023-cü il tarixində şəxsi istehlak miqdarından artıq miqdarda 0,831 qram çəkidə narkotik vasitə olan heroini əldə edib saxlamaqla daşımışdır. Qeyd olunanlar belə nəticəyə gəlməyə əsas verir ki, Təqsirləndirilən şəxs ona təyin olunmuş müəyyən müddətə azadlıqdan məhrum etmə cəzasından, habelə yenidən cinayət törədərkən ona qarşı humanist münasibət göstərilib barəsində həbslə bağlı olmayan qətimkan tədbiri seçilməsindən lazımi nəticə çıxarmamış, islah yoluna qədəm qoymamışdır. Məhkəmə Təqsirləndirilən şəxs barəsində təyin ediləcək cəzanın həddini və növünü müəyyən edərkən cəza təyin etmənin ümumi prinsiplərini rəhbər tutmaqla Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, cəzasını yüngülləşdirən və ağırlaşdıran halları, şəxsiyyətini nəzərə alaraq hesab edir ki, onun islah olunması üçün cəmiyyətdən təcrid olunmaqla barəsində azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi məqsədəmüvafiqdir və cəzanın məqsədini təmin edir. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə hesab edir ki, cəza təyin edilərkən Təqsirləndirilən şəxs 17 oktyabr 2023cü il tarixdən 19 oktyabr 2023-cü il tarixədək 2 gün cinayət törətməkdə şübhəli şəxs qismində tutulması, həmçinin Təqsirləndirilən şəxs azadlığının faktiki 07 noyabr 2023-cü il tarixdə saat 11:30-da məhdudlaşdırılması, 08 noyabr 2023-cü il tarixdə saat 12:30-dan saat 13:00-a kimi təqsirləndirilən şəxs qismində dindirilməsi, 08 noyabr 2023-cü il tarixli qərarla Nizami RPİ-nin MSY-dən azad edilməsi və barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbirinin seçilməsi nəzərə alınaraq 2 gün, ümumilikdə 04 gün həbsdə saxlanılması həbsdə saxlamanın bir gününü azadlığın məhdudlaşdırılmasının iki gününə hesablayaraq nəzərə alınmalıdır. Azərbaycan Respublikası CM-nin 65.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin ediləcək cəzanın müddəti onun təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş daha ciddi cəza olan azadlıqdan məhrum etmə cəzasının son həddinin yarısından az olmamalıdır. Azərbaycan Respublikası CM-nin 56.1.3-cü maddəsinə əsasən cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə azadlıqdan məhrum etmə növündə cəza ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkilir. Ona görə də əvvəllər azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, məhkumluğu ödənilmədən və götürülmədən yenidən qəsdən cinayət törətmiş Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası CPM-nin 346.1.19 - 346.1.22-ci maddələrində nəzərdə tutulmuş məsələləri həll edərək məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri dəyişdirilərək, “həbs” qətimkan tədbiri ilə əvəz edilməli, məhkəmə iclas zalından dərhal həbs edilməli, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməli, Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı həbsə alındığı 10 yanvar 2024-cü il tarixdən hesablanmalı, Azərbaycan Respublikası CPM-nin 132.1.4-cü maddəsinə əsasən iş üzrə maddi sübut olan və Bakı şəhəri Nizami RPİ-də saxlanılan, ekspertiza tədqiqatından sonra qalıq çəkisi 0,781 qram olan narkotik vasitə - heroin və 0,681 qram olan psixotrop maddə - metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv olunmalı, Azərbaycan Respublikası CPM-nin 132.1.6-cı maddəsinə əsasən cinayət işi üzrə maddi sübut olan 01 ədəd “CD” formatlı və 01 ədəd “DVD” formatlı disklər cinayət işinin materiallarında saxlanılmalı, Azərbaycan Respublikası CPM-nin 198.1-ci maddəsinə əsasən məhkəmə məsrəfi olan 160 manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə olunmalı və ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia yoxdur. Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə hesab edir ki, vəkilin məhkəmədə iştirak etdiyi müddət 30 iş saatı müddətinə bərabər olduğundan, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2018-ci il tarixli 202 saylı Qərarına əsasən göstərilmiş hüquqi xidmətlərə görə hər iş saatı üçün 6 manat miqdarında ödənilməsi nəzərə alınmaqla 180 manat (30x6) məbləğində əmək haqqı Bakı şəhəri 6 saylı Vəkil Bürosu vasitəsi ilə Müdafiəçi dövlət büdcəsi vəsaiti hesabına ödənilməlidir. Nəticə: Göstərilənlərə əsasən, Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinib, barəsində 01 (bir) il 09 (doqquz) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 04 gün cinayət törətməkdə şübhəli şəxs qismində tutulması nəzərə alınaraq həbsdə saxlamanın bir günü azadlıqdan məhrum etmənin bir gününə hesablanmaqla üzərində 01 (bir) il 08 (səkkiz) ay 26 (iyirmi altı) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs təyin olunmuş cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin başlanğıcı 10 yanvar 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri dəyişdirilərək, “həbs” qətimkan tədbiri ilə əvəz edilsin və məhkəmə iclas zalından dərhal həbs edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs həbsdə saxlanılma yeri Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanası müəyyən edilsin. Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə olunsun və ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Cinayət işi üzrə maddi sübut olan və Bakı şəhəri Nizami RPİ-də saxlanılan, ekspertiza tədqiqatından sonra qalıq çəkisi 0,781 qram olan narkotik vasitə - heroin və 0,681 qram olan psixotrop maddə - metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Cinayət işi üzrə maddi sübut olan 01 ədəd “CD” formatlı və 01 ədəd “DVD” formatlı disklər cinayət işinin materiallarında saxlanılsın. İş üzrə məhkəmə məsrəfi olan 160 manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. Təqsirləndirilən şəxs 30 saat göstərdiyi pulsuz hüquqi yardıma görə iş üzrə dəvət olunmuş Müdafiəçi 180 manat əmək haqqı Bakı şəhəri 6 saylı Vəkil Bürosu vasitəsi ilə Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına ödənilsin. Hökmdən elan olunduğu (həbsdə olan məhkuma hökmün surətinin verildiyi) andan 20 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Həmin müddətdə hökmdən apellyasiya qaydasında protest və şikayət verilmədikdə hökm müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən, hakim İlham Kərimli
Məhkəmə qərarları › İş №1(007)-124/2024
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Hökm — İş №1(007)-124/2024
10.01.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver