Məhkəmə qərarları › İş №1(007)-125/2023

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Hökm — İş №1(007)-125/2023

16.02.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(007)-125/2023 16.02.2023 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Rauf Tağı oğlunun sədrliyi, məsləhətçi İmanov Nizami Bəxtiyar oğlunun katibliyi, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhər məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, onun müdafiəçisi, Bakı şəhəri 6 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, Təqsirləndirilən şəxs, 26 avqust 1956-cı ildə Sabirabad rayonu, Parkovka kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, təqaüdçü, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 18 oktyabr 2022-ci il tarixli hökmü ilə, Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək, həmin Məcəllənin 69.3-cü maddəsi tətbiq edilməklə, qəti olaraq 02 il 05 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan, qanunsuz olaraq, şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə olan heroin əldə edərək, üzərində saxlamaqla daşımışdır. Belə ki, o, istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi olmadan, qanunsuz olaraq, 01 ədəd bükümdə şəxsi istehlak miqdarından artıq miqdarda, təmiz çəkisi 1,292 qram narkotik vasitə olan heroini əldə edib, üzərində saxlamaqla daşımış, 08 sentyabr 2022-ci il tarixdə saat 13 radələrində Bakı şəhəri, Nizami RPİ-nin 24-cü PŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat axtarış tədbirləri nəticəsində ünvan 2 ünvanının qarşısında narkotik vasitələrin istifadəsi və daşınmasında şübhəli şəxs qismində saxlanılaraq Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti, 81B ünvanında yerləşən Nizami RPİ-nin 24-cü PŞ-nin inzibati binasına gətirilib xidməti otaqda üzərinə şəxsi axtarış keçirilən zaman əynində olan göy rəngli şalvarın sağ yan cibindən bir ədəd bükümdə təmiz çəkisi 1,292 qram qəhvəyi rəngli maddə, kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilməyərək göstərdi ki, o, narkotik maddə istifadəçisi deyil. 08 sentyabr 2022-ci il tarixdə saat 13 radələrində polis əməkdaşları onu saxladıqdan sonra polis bölməsinə gətirmişlər. O, polis əməkdaşlarına üzərində hər hansı bir qanunsuz əşya, narkotik vasitə olmadığını bildirmişdir. Bundan sonra polis əməkdaşları onun üzərində axtarış aparmış və üzərində heç bir narkotik vasitə tapa bilməmişlər. Bununla belə polis əməkdaşları ona guya üzərində narkotik vasitə olmasını etiraf etməyi təklif etmişlər, etiraf etmədiyi təqdirdə isə onun oğlunu cinayət məsuliyyətinə cəlb edəcəklərini bildirmişlər. Buna görə də o, məcbur olub narkotik vasitə saxladığını boynuna götürmüş və narkotik vasitənin aşkar edilməsi barədə tərtib edilmiş protokola və başqa bir neçə sənədə, onların məzmunu ilə tanış olmadan imza etmişdir. Həmçinin Təqsirləndirilən şəxs ona verilmiş suallara cavab olaraq bildirdi ki, o, polis işçilərinin qanunsuz hərəkətləri və ona göstərilən psixi təzyiqlər barədə istintaq zamanı müstəntiqə heçnə deməmişdir. Çünki o, hesab etmişdir ki, müstəntiq ona heç bir kömək edə bilməyəcək, bu işdə əsas söz sahibi ibtidai istintaq yekunlaşdıqdan sonra cinayət işinə baxan hakim olacaq və o, yol verilmiş qanunsuzluqlar barədə məhz həmin hakimə danışacaqdır. Eyni səbəbdən o, vəkilinə də iş üzrə heç bir irad və şikayətini bildirməmişdir. Sonda Təqsirləndirilən şəxs barəsində ədalətli hökm çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə dövlət ittihamçısını, təqsirləndirilən şəxsi, onun müdafiəçisini və şahidi dinləyərək, iş materiallarını tədqiq edərək, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə müəyyən edilmiş cinayət əməlini törətmişdir və onun təqsiri, aşağıda göstərilən digər sübutlarla təsdiq edilir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri, Nizami RPİ-nin 24-cü PŞ-nin cinayət-axtarış üzrə əməliyyat müvəkkili, polis leytenantı Şahid1 bildirmişdir ki, 08 sentyabr 2022-ci il tarixdə ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə Nizami RPİ-nə məlumat daxil olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs ətrafında əməliyyat-axtarış tədbirinin keçirilməsi barədə tərəfindən qərar qəbul edilmişdir. Həmin qərarın icrası ilə əlaqədar 08 sentyabr 2022-ci il tarixdə rəhbərliyi altında Nizami RPİ-nin 24-cü PŞ-nin CA üzrə əməliyyat müvəkkili, polis baş leytenantı Şahid2 ibarət tərkibdə əməliyyat qrupu yaradılmışdır. Həmin tarixdə saat 13 radələrində keçirilmiş əməliyyat tədbirləri zamanı Təqsirləndirilən şəxs ünvan 2 saylı yaşayış binasının qarşısında görüb ona yaxınlaşmışlar və özlərini təqdim etmişlər. Saxlanılan şəxs Təqsirləndirilən şəxs əməliyyat tədbirinin keçirilməsi haqqında qərarla tanış etdikdən sonra sonuncuya narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmasında şübhəli olduğunu bildirərək üzərinə şəxsi axtarış aparılması məqsədilə onlarla Nizami RPİ-nin 24-cü PŞ-nə getmək təklif olunmuşdur. Təqsirləndirilən şəxs etiraz etməyərək onlarla birlikdə polis şöbəsinə gəlmiş və ərizə ilə müraciət edərək dövlət hesabına müdafiəçi ilə təmin olunmasını xahiş etmişdir. Bundan sonra Bakı şəhəri, 6 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dəvət edilərək şübhəli şəxs qismində saxlanılımış Təqsirləndirilən şəxs təqdim olunmuşdur. Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulduqdan sonra həmin gün saat 14:20-də 24-cü PŞ-nin təhqiqatçısı, polis baş leytenantı X1 məxsus xidməti otaqda sonuncu tərəfindən ilkin olaraq Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış keçirilməzdən əvvəl Təqsirləndirilən şəxs vəkilinin iştirakı olmadan şəxsi axtarış keçirilməsi barədə ərizə yazmış və ona üzərində narkotik vasitələr, psixotrop maddə, eləcə də cinayət xarakterli digər əşya və predmetlər vardırsa təqdim etməyi təklif olunmuşdur. Bu təklifdən sonra şübhəli şəxs Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən 01 ədəd siqaretin qızılı rəngli kağızına bükülü halda içərisində tünd qəhvəyi rəngli maddəni, şalvarının sol yan cibindən 01 ədəd «Nokia» markalı mobil telefon aparatını və 25 (iyirmi beş) manat pulu çıxararaq təhqiqatçıya təqdim etmişdir. Şübhəli şəxs Təqsirləndirilən şəxs verilən suallara cavab olaraq üzərində saxladığı həmin maddənin «kakos» kimi tanıdığı narkotik vasitə heroin olduğunu və şəxsi istifadəsi üçün Həzi Aslanov metrostansiyasının yaxınlığında 10 manata tanımadığı şəxsdən aldığını bildirmişdir. Bundan sonra şübhəli şəxs Təqsirləndirilən şəxs üzərinə əlavə şəxsi axtarış aparılmış, lakin sonuncunun üzərindən heç bir qanunsuz əşya və ya predmet aşkar olunmamışdır. Daha sonra şübhəli şəxs Təqsirləndirilən şəxs təqdim etdiyi 01 ədəd bükümdə narkotik vasitəyə bənzər maddə kağız zərfə qoyularaq qablaşdırılmış, zərfin üzəri DİN-in 164 saylı möhürü ilə möhürlənmiş və iştirakçılar, həmçinin Təqsirləndirilən şəxs tərəfindən imzalanmışdır. Sonuncunun üzərindən aşkar edilərək götürülmüş 01 ədəd «Nokia» markalı mobil telefon aparatı və 25 (iyirmi beş) manat pul iş üzrə sübut əhəmiyyəti daşımadığından Təqsirləndirilən şəxs özünə qaytarılmışdır. Şəxsi axtarış zamanı təhqiqatçı X2 tərəfindən “İphone” markalı videokamera vasitəsilə videoçəkiliş aparılmış və videoçəkilişin qeyd olunduğu 01 ədəd DVD disk protokola əlavə edilmişdir. Təqsirləndirilən şəxs saxlanılan zaman ona qarşı heç bir fiziki və ya digər zorakı hərəkətlər edilməmişdir. İş materiallarında olan şəxsi axtarış və götürmə aparılması haqqında 08 sentyabr 2022-ci il tarixli protokoldan və ona əlavə edilmiş 01 ədəd diskdə olan görüntülərdən görünür ki, şəxsi axtarış və götürmə aparılmasından əvvəl barəsində axtarış və götürmənin aparıldığı şübhəli şəxs Təqsirləndirilən şəxs bu barədə qərarla tanış edərək paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan olunmuş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə verməsi təklif olundu. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən 01 ədəd siqaretin qızılı rəngli kağızına bükülü halda içərisində tünd qəhvəyi rəngli maddəni təqdim edərək, həmin maddənin «kakos» kimi tanıdığı narkotik vasitə heroin olduğunu və şəxsi istifadəsi üçün Həzi Aslanov metrostansiyasının yaxınlığında 10 manata tanımadığı şəxdən aldığını bildirdi. Bundan başqa, Təqsirləndirilən şəxs şalvarının sol yan cibindən 01 ədəd «Nokia» markalı mobil telefonu və 25 manat pulu təqdim etmişdir. Aşkar olunmuş 01 ədəd bükümdəki narkotik vasitəyə bənzər maddə cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan bir ədəd kağız zərfdə qablaşdırılıb Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin “Zərflər üçün” 164 saylı möhürü ilə möhürlənərək götürüldü. Aşkar olunmuş 01 ədəd «Nokia» markalı mobil telefon və 25 manat pul iş üçün sübut əhəmiyyəti kəsb etmədiyindən özünə qaytarılmışdır. Şəxsi axtarış zamanı cinayət təqibi üzrə sübut əhəmiyətinə malik ola biləcək digər əşya və sənədlər aşkar edilmədi. Şəxsi axtarış və götürmə axşam vaxtı, xidməti iş otağında, süni işıqlandırma şəraitində aparıldı. Şəxsi axtarış və götürmə zamanı istifadə edilən videoçəkilişin əks olunduğu məlumat daşıyıcısı protokola əlavə edildi. Protokol iştirakçılara ucadan oxundu, onlara protokola daxil edilməli olan qeydlər etmək hüququ və protokolu olduğu kimi və ya qeydlərlə birlikdə imzalamaq vəzifəsi izah olundu. İştirakçılar tərəfindən şikayət, təklif və protokola qeydlər daxil olmadı. Protokol düzgün tərtib edilmişdir, imzalarla təsdiq edilmişdir. İş materiallarında olan materialların məhkəmə ekspertizasının 09 sentyabr 2022-ci il tarixli, 6/4924 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində «Azərbaycan Respublikası DİN Zərflər üçün №164» dairəvi möhür əksi, «Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş maddə...» sözləri və imzalar olan bir ədəd zərfin içərisində bir ədəd bükümdə təmiz çəkisi 1,292 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Heroin 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq olunmuş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”in İ siyahısına (Siyahı İ) daxildir. Heroinin 0.05 qram hissəsi tədqiqata sərf edilmiş, 1.242 qram hissəsi isə tədqiqatdan sonra qalıq qalmışdır. İş materiallarında olan ambulator məcburi-narkoloji tibbi yoxlamanın 07 oktyabr 2022-ci il tarixli, 5834 saylı rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və kannabioidlərin birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2006-cı il tarixli, 39 saylı “Narkotik vasitələrin və psixotrop maddələrin tibbi məqsədlərlə istifadə edilməsi qaydasının və şərtlərinin, habelə narkomanlıq xəstəliyinə düçar olan şəxslər barəsində tibbi tədbirlərin tətbiq edilməsi qaydasının təsdiq edilməsi barədə” qərarı ilə təsdiq edilmiş 60 yaşından yuxarı olan kişilərə və 55 yaşından yuxarı olan qadınlara, narkomanlıq xəstəliyinə düçar olmuş şəxslərə məcburi müalicə qaydalarının 3.7-ci bəndinə uyğun olaraq, hal-hazırda Təqsirləndirilən şəxs yaş həddi ilə əlaqədar olaraq, ona narkomaniyadan məcburi müalicə tətbiq edilməsi mümkün deyildir. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan sübutların qiymətləndirilməsi haqqında 20 oktyabr 2022-ci il tarixli qərardan görünür ki, iş üzrə Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş və protokol tərtib edilməklə götürülmüş təmiz çəkisi 1.292 qram olan heroin maddi sübut kimi tanınmış, tədqiqata 0.05 qram sərf edildikdən sonra 1.242 qram heronin qalığının saxlanılması üçün Nizami RPİ-nin saxlama kamerasına təhvil verilməsi, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmənin görüntülərini əks etdirən 01 ədəd DVD diskin iş üzrə maddi sübut kimi tanınması və cinayət işinin materiallarına əlavə edilməsi və.s qərara alınmışdır. Məhkəmə hesab edir ki, 08 sentyabr 2022-ci il tarixdə üzərində narkotik vasitənin aşkar edilməsi zamanı polis işçiləri tərəfindən ona psixi zor tətbiq edilməsi nəticəsində məhkəməyədək icraat zamanı etirafedici ifadələr verməsi barədə Təqsirləndirilən şəxs ifadəsi işdə olan sübutlarla, o cümlədən şahid ifadəsi ilə təsdiq olunmadığına görə qəbul edilə bilməz və özünümüdafiə məqsədi ilə verilmiş sayılmalıdır. Həmçinin, məhkəmə Təqsirləndirilən şəxs üzərində narkotik vasitənin aşkar edilməsi barədə protokola imza etməsini, sonradan isə şübhəli və təqsirləndirilən şəxs qismində etirafedici ifadələr verdiyini, polis işçiləri tərəfindən psixi zor tətbiq edilməsi barədə həmin ərəfədə ibtidai istintaqı aparan müstəntiqə bilavasitə şikayət etmək imkanı olduğunu, lakin heç nə bildirməməsini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs guya yalnız cinayət işinə mahiyyəti üzrə baxan hakimə şikayət etmək istəməsi səbəbindən heç nə bildirməməsi barədə dəlili qəbul edilə bilməz. İş materiallarında olan baxış keçirilməsi haqqında protokoldan görünür ki, 01 ədəd “DVD” diskə baxış keçirildikdən sonra müvafiq protokol tərtib olunmuş və Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah olunmuş, heç bir şikayət və ərizə daxil olmamışdır. Beləliklə, yuxarıda göstərilən sübutlarla Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə müəyyən olunmuş cinayətin törədilməsində təqsiri tam sübuta yetirilir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “04” mart 2011-ci il tarixli, 02 nömrəli Qərarının 4-cü bəndindən görünür ki, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi anlayışının şərhi Qanunun 1.0.9-cu maddəsində verilmişdir. Qanunun həmin maddəsinin mənasına görə, o cümlədən narkotik vasitələrin satın alınması, başqa əmlakla və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə qəbul edilməsi, tapılmış narkotik vasitənin mənimsənilməsi, yabanı çətənə bitkisinin, xaş-xaşın və ya onların müəyyən hissələrinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahələrindən tərkibində narkotik vasitələr olan bitkilərin yığılması hərəkətləri də başa düşülməlidir. Törədilmiş cinayət əməlinin CM-in 234.1-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini şəxsi istehlak miqdarından artıq miqdarda əldə etməsi və saxlaması müəyyən edildikdə mümkündür. Qanunun 21.1-ci maddəsinə görə narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak üçün nəzərdə tutulan miqdarı şəxsi istehlak üçün mümkün hər bir narkotik vasitənin və ya psixotrop maddənin ayrı-ayrılıqda birdəfəlik istehlak həcminə əsasən müəyyən edilir. Şəxsi istehlak üçün nəzərdə tutulan narkotik vasitələrin və psixotrop maddələrin miqdarı onların təmiz və qarışıq vəziyyətində ayrılıqda müəyyən olunur. Narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak miqdarından artıq miqdarı “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə külli miqdarına görə siyahısının təsdiq edilməsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə müəyyən olunmuşdur. Cəza təyin edərkən məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs şəxsiyyətini, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. İş üzrə Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmamışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Buna görə də məhkəmə hesab edir ki, cəzanın məqsədləri Təqsirləndirilən şəxs yalnız azadlıqdan məhrum etmə növündə cəza təyin olunduğu təqdirdə təmin edilə bilər. İş materiallarında olan Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 18 oktyabr 2022-ci il tarixli hökmünün surətindən görünür ki, Təqsirləndirilən şəxs, həmin hökmlə, Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək, həmin Məcəllənin 69.3-cü maddəsi tətbiq edilməklə, qəti olaraq 02 (iki) il 05 (beş) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanması qərara alınmışdır. İş materiallarında olan Bakı Şəhər Probasiya İdarəsinin 15 fevral 2023-cü il tarixli, 285196-21-1/3-3529-23 saylı məktubundan görünür ki, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 1(007)-385/2022 saylı, xx.xx.2022-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək, həmin Məcəllənin 69.3-cü maddəsi tətbiq edilməklə, qəti olaraq 02 (iki) il 05 (beş) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş Təqsirləndirilən şəxs xx.xx.2022ci il tarixdən Bakı Şəhər Probasiya İdarəsində qeydiyyatdadır və cəzası xx.xx.2025-ci il tarixdə sona çatır. Bundan əlavə, xx.xx.2023-cü il tarixə məhkum Təqsirləndirilən şəxs cəzasının 02 il 04 ay hissəsi çəkilməmiş qalmışdır. Azərbaycan Respublikası CM-nin 66.2-ci maddəsinə əsasən cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrı-ayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz. Cəzaların tamamilə və ya qismən toplanılması yolu ilə təyin edilmiş qəti cəzanın müddəti və ya həcmi azadlıqdan məhrum etmə növündə cəzaya münasibətdə böyük ictimai təhlükə törətməyən cinayətlərə görə üç ildən, az ağır cinayətlərə görə on iki ildən, digər cəzalara münasibətdə isə bu Məcəllənin Ümumi hissəsində müvafiq cəza növü üçün müəyyən edilmiş yuxarı həddən artıq ola bilməz. Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. Azərbaycan Respublikası CM-nin 68.1.1-1-ci maddəsinə əsasən cinayətlərin məcmusu və hökmlərin məcmusu üzrə cəzalar qismən və ya tamamilə toplanılarkən azadlıqdan məhrum etmənin bir gününə azadlığın məhdudlaşdırılmasının iki günü bərabər tutulur. Həmin Məcəllənin 56.1.2-ci maddələrinə görə azadlıqdan məhrum etmə növündə cəzanın qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Buna görə də məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş hədd daxilində cəza təyin edilməli, həmin Məcəllənin 66.5 və 68.1.1-1-ci maddələrinə əsasən Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 18 oktyabr 2022-ci il tarixli hökmü ilə təyin edilmiş azadlığın məhdudlaşdırılması növündə cəzanın çəkilməmiş 02 (iki) il 04 (dörd) ay müddətində hissəsi azadlıqdan məhrum etmənin bir gününə azadlığın məhdudlaşdırılmasının iki günü hesabı ilə 01 (bir) il 02 (iki) ay müddətində azadlıqdan məhrumetmə növündə cəzaya bərabər tutulmaqla, hazırki hökm üzrə təyin edilmiş cəza ilə qismən toplanmaqla Təqsirləndirilən şəxs qəti cəza təyin edilməli və cəzanın çəkilməsi ümumi rejimli cəzaçəkmə müəssisəsində müəyyən edilməlidir. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır. Azərbaycan Respublikası CPM-nin 158.2 və 158.2.1-ci maddələrinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan hesablanır və tutulduğu və həbsdə saxlanıldığı müddət həbsdə saxlama müddətinə daxil edilir. İş materiallarında olan 08 sentyabr 2022-ci il tarixli tutma protokolundan, təqsirləndirilən şəxs qismində cəlb edilmə barədə 09 sentyabr 2022-ci il tarixli qərardan, vəsatətin müdafiə edilməsindən imtina edilməsi haqqında 10 sentyabr 2022-ci il tarixli qərardan və eyni tarixli qətimkan tədbirinin seçilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs, 08 sentyabr 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, 09 sentyabr 2022-ci il tarixdə təqsirləndirilən şəxs qismində cəlb edilmiş, 10 sentyabr 2022-ci il tarixdə barəsində həbs qətimkan tədbirinin seçilməsi barədə müstəntiqin vəsatətindən imtina edilmiş və həmin tarixdə, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. Buna görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı 08 sentyabr 2022-ci il tarixdən 10 sentyabr 2022-ci il tarixədək tutulduğu 02 (iki) gün müddət təyin olunmuş cəzadan çıxılmaqla onun üzərində qəti cəza saxlanılmalıdır. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzası təyin edildiyinə görə hökmün icrasının təmin edilməsinə nail olmaq məqsədilə təqsirləndirilən şəxsin barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri həbs qətimkan tədbiri ilə əvəz edilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-in 155.1.5-ci maddəsinə görə qətimkan tədbiri məhkəmə tərəfindən o hallarda tətbiq oluna bilər ki, cinayət təqibi üzrə toplanmış materiallar şübhəli və ya təqsirləndirilən şəxs tərəfindən məhkəmə hökmünün icrasına maneçilik törədilməsi ehtimalına kifayət qədər əsaslar versin. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 157.5-ci maddəsinin şərh edilməsinə dair” 09 iyul 2010-cu il tarixli qərarında göstərmişdir ki, Azərbaycan Respublikası CPM-in 156.2ci maddəsinə görə cinayət işinə mahiyyəti üzrə baxan məhkəmə öz təşəbbüsü ilə həbs qətimkan tədbirinin seçilməsi haqqında qərar qəbul edə bilər. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CPM-nin 197.1, 197.1.4 və 198.1-ci maddələrinə əsasən iş üzrə materialların məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş 55 (əlli beş) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs dövlət nəfinə tutulmalı, CPM-nin 132-ci maddəsinə əsasən iş üzrə maddi sübut kimi tanınmış və Bakı şəhəri Nizami rayon Polis İdarəsinin müvəqqəti saxlama kamerasında saxlanılan, ekspertiza tədqiqatından sonra qalıq qalmış xalis çəkisi 1.242 qram olan narkotik vasitə heroin məhv edilməli, iş üzrə maddi sübut kimi tanınmış və cinayət işində saxlanılan 01 ədəd “DVD” disk cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalıdır. Həmçinin, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən Bu Məcəllənin 193.2, 193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının (AR Nazirlər Kabineti) müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə hesab edir ki, vəkilin ibtidai istintaqda və məhkəmədə iştirak etdiyi müddət 33 iş saatı müddətinə bərabər olduğundan, hər iş saatı üçün Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2018-ci il tarixli, 202 saylı qərarına əsasən göstərilmiş hüquqi xidmətlərə görə hər iş saatı üçün 6 (altı) manat miqdarında ödənilməsi nəzərə alınmaqla 198 manat (33x6) məbləğində əmək haqqı Bakı şəhəri 6 saylı Vəkil Bürosu vasitəsi ilə Müdafiəçi dövlət büdcəsi hesabına ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 346, 347, 349, 351-353, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və ona, 01 (bir) il müddətinə azadlıqdan məhrum etmə növündə cəza təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.5 və 68.1.1-1-ci maddələrinə əsasən, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 18 oktyabr 2022-ci il tarixli hökmü ilə təyin edilmiş azadlığın məhdudlaşdırılması növündə cəzanın çəkilməmiş 02 (iki) il 04 (dörd) ay müddətində hissəsi azadlıqdan məhrum etmənin bir gününə azadlığın məhdudlaşdırılmasının iki günü hesabı ilə 01 (bir) il 02 (iki) ay müddətində azadlıqdan məhrumetmə növündə cəzaya bərabər tutulmaqla, hazırki hökm üzrə təyin edilmiş cəza ilə qismən toplanmaqla, Təqsirləndirilən şəxs çəkilməsi üçün qəti olaraq, 01 (bir) il 09 (doqquz) ay müddətinə azadlıqdan məhrum etmə növündə cəza müəyyən edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı 08 sentyabr 2022-ci il tarixdən 10 sentyabr 2022-ci il tarixədək tutulduğu 02 (iki) gün müddət cəzaçəkmə müddətinə hesablanaraq, üzərində qəti olaraq 01 (bir) il 08 (səkkiz) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzanın çəkilməsi Təqsirləndirilən şəxs ümumi rejimli cəzaçəkmə müəssisəsində müəyyən edilsin. Cəzaçəkmə müddətinin əvvəli 16 fevral 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri həbs qətimkan tədbirinə dəyişdirilsin və Təqsirləndirilən şəxs hökm elan edildikdən dərhal sonra məhkəmə iclası zalında həbs edilsin. Təqsirləndirilən şəxs həbsdə saxlanma yeri Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanası müəyyən edilsin. İş üzrə materialların məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş 55 (əlli beş) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs dövlət nəfinə tutulsun. İş üzrə maddi sübut kimi tanınmış və Bakı şəhəri Nizami rayon Polis İdarəsinin maddi sübutların saxlanması kamerasında saxlanılan, xalis çəkisi 1.242 qram olan narkotik vasitə heroin məhv edilsin. İş üzrə maddi sübut kimi tanınmış və cinayət işində saxlanılan 01 ədəd “DVD” disk cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılsın. Təqsirləndirilən şəxs 33 saat göstərdiyi pulsuz hüquqi yardıma görə iş üzrə dəvət olunmuş müdafiəçi Bakı şəhəri 6 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi VÖEN – ********** hesablaşma hesabı üzərindən Bakı şəhəri 6 saylı Vəkil Bürosu vasitəsi ilə 198 manat əmək haqqı Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına ödənilsin. Hökm elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsinin vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Həbsdə saxlanılan məhkum tərəfindən isə apellyasiya şikayəti hökmün surətinin ona verildiyi andan 20 (iyirmi) gün müddətində verilə bilər. Həmin müddətdə hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Rauf Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar