Məhkəmə qərarları › İş №1(007)-126/2021

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №1(007)-126/2021

05.03.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(007)-126/2021 05.03.2021 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Mehdiyev Nəriman Hüseynqulu oğlunun sədrliyi, məhkəmə iclasının katibi Rüstəmova Sürəyya Nazim qızının katibliyi, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhər məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxs-Zərərçəkmiş şəxs, təqsirləndirilən şəxs-Təqsirləndirilən şəxs, onun müdafiəçisi-Bakı şəhəri 6 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, tərcüməçi X1 iştirakları ilə, təqsirləndirilən şəxs xx xxxx 1969-cu il tarixdə X3 şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, fərdi qaydada işləyən, əvvəllər məhkum olunmamış, ünvan 1-də qeydiyyatda olmaqla həmin ünvanda yaşayan - Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialına məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsin sağlamlığının qısa müddətə pozulmasına səbəb olmuş xəsarətlər yetirməklə, qəsdən sağlamlığına yüngül zərər vurmuşdur. Belə ki, o, xx xxxxxx 2021-ci il tarixdə saat 02 radələrində yaşadığı ünvan 1 ünvanında əri Zərərçəkmiş şəxs ilə sonuncunun onun evə gec gəlməsi ilə bağlı irad bildirməsi səbəbindən aralarında ailə-məişət münaqişəsi zəminində baş vermiş mübahisə zamanı mənzilin mətbəx otağında mebelin üzərində olan şüşə stəkanı götürərək qəsdən Zərərçəkmiş şəxs baş nahiyəsinə vuraraq sonuncuya sol alın gicgah nahiyəsinin əzilmiş yarası ilə müşayiət olunan sağlamlığın qısa müddətə pozulmasına səbəb olan xəsarətlər yetirməklə, qəsdən Zərərçəkmiş şəxs sağlamlığına yüngül zərər vurmuşdur. Bu hərəkətləri ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş Azərbaycan Respublikası CM-nin 128-ci maddəsində nəzərdə tutulmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs onun əridir. Onlar 1988-ci ildə ailə həyatı qurmuşlar, bu nikahdan üç uşaqları vardır. Hazırda onlarla eyni mənzildə qızı X7 və iki azyaşlı uşağı ilə birlikdə yaşayırlar. O, son vaxtlarda bir ailənin yaşlı xanımına baxaraq köməklik edib, pul qazanır. xx xxxxxx 2021-ci il tarixdə eyni qaydada saat 10 radələrində yaşadıqları mənzildən çıxaraq həmin yaşlı xanıma baxıb köməklik etmək üçün getmişdir, hər gün evə saat 19 radələrində gəlsə də, həmin gün işdən gec çıxmışdır. xx xxxxxx 2021ci il tarixdə saat 02 radələrində yaşadığı mənzilə gəldikdə, əri Murtuza nə səbəbdən evə gec gəldiyini soruşmuş, bu vaxt mənzilin mətbəxində aralarında mübahisə yaranmışdır. Mübahisə zamanı o, çox əsəbləşdiyi üçün mebelin üzərindən şüşə stəkanı götürərək Murtuzanın baş nahiyəsinə bir dəfə vuraraq xəsarət yetirmişdir. Murtuza bununla bağlı 24cü Polis Şöbəsinə müraciət etmişdir. Hadisə mənzilin daxilində olmuş, səs-küyə gələn olmamışdır, hadisəni yalnız qızı Günel görmüşdür. Hazırda o, Zərərçəkmiş şəxs vurduğu maddi ziyanı tamamilə ödəmiş, ondan üzrxahlıq edib səmimi peşmançılığını bildirmişdir. Zərərçəkmiş şəxs onunla barışmışdır, ona qarşı heç bir tələb, şikayət və iddiası yoxdur, birlikdə yaşayırlar. Barəsində olan işin icraatına xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs ifadə verərək göstərmişdir ki, X2 arvadıdır, onlar 1988-ci ildə ailə həyatı qurmuşlar, nikahlarından 3 uşaqları vardır. Mustaxima son vaxtlar bir ailənin yaşlı xanımına baxaraq köməklik edir. xx xxxxxx 2021-ci il tarixdə həmişəki kimi Mustaxima saat 10 radələrində mənzildən çıxaraq həmin yaşlı xanıma baxıb köməklik etmək üçün getmişdir. Hər gün evə saat 19 radələrində gəlməsinə baxmayaraq, Mustaxima həmin gün evə gec gəlmişdir. Mustaximaya zəng etsə də, o, zənglərinə cavab verməmişdir. xx xxxxxx 2021-ci il tarixdə saat 02 radələrində Mustaxima evə gəlmişdir. O, nə səbəbdən evə gec gəldiyini soruşan zaman Mustaxima ilə aralarında mübahisə yaranmış, mübahisə zamanı Mustaxima mətbəx mebelinin üzərindən şüşə stəkanı götürərək baş nahiyəsinə bir dəfə vuraraq ona xəsarət yetirmişdir. O, arvadı Mustaxima tərəfindən başına xəsarət yetirilməsi barədə 24-cü Polis Şöbəsinə müraciət etmişdir. Hazırda özünü yaxşı hiss edir, hadisəni törətmiş arvadı Təqsirləndirilən şəxs ona vurduğu maddi ziyanı ödəmişdir, barışaraq birlikdə yaşayırlar, ona qarşı şikayəti və tələbi yoxdur. Təqsirləndirilən şəxs barəsindəki işin icraatına xitam verilməsini məhkəmədən xahiş etmişdir. İşdə olan və məhkəmə baxışında tədqiq edilmiş aşağıda istinad edilən sənədlər və digər sübutlar Azərbaycan Respublikası CPM-nin 124-cü maddəsinin tələblərinə müvafiq olaraq sübut kimi qəbul edilmişdir: -Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X8 Publik hüquqi şəxsin Nizami rayon şöbəsinin xx xxxxxx 2021-ci il tarixli 96 nömrəli rəyinin nəticə hissəsindən görünür ki, Zərərçəkmiş şəxs sol alın gicgah nahiyəsinin əzilmiş yarası olmuşdur. Qeyd olunan xəsarət bərk küt əşyanın təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən müddətdə, yəni xx xxxxxx 2021-ci il tarixdə alınması mümkündür və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid edilir. Xəsarətin lokalizasiya və xüsusiyyətlərinə əsasən demək olar ki, həmin xəsarətin şəxsin özü tərəfindən özünə yetirilməsi nəticəsində alınması inkar olunur. (i.v. 26-27) -Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və X5 tərəfindən verilmiş xx xxxxxx 2021-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu haqqında heç bir məlumat yoxdur. (i.v. 38) -Sübutların qiymətləndirilməsi haqqında xx xxxxxx 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsində nəzərdə tutulan cinayət tərkibi olmadığından onun barəsində həmin maddə ilə cinayət işinin başlanması rədd edilmişdir. (i.v. 64-66) Məhkəmə iş üzrə toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutlara qiymət verərək hesab edir ki, həmin sübutlar mötəbər və mümkün olmaqla, Təqsirləndirilən şəxs tərəfindən Azərbaycan Respublikası CM-nin 128-ci maddəsində nəzərdə tutulan cinayət əməlinin törədilməsini tam təsdiq edir, onun əməli düzgün olaraq Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə tövsif edilmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs ilə artıq barışdığını göstərmiş, bu barədə ərizəni məhkəməyə təqdim edərək cinayət məsuliyyətindən azad edilməsini və barəsində olan işin icraatına xitam verilməsini məhkəmədən xahiş etmişdir. Eyni zamanda Zərərçəkmiş şəxs məhkəməyə təqdim etdiyi ərizəsində Təqsirləndirilən şəxs ona vurduğu maddi ziyanı ödədiyini və barışdıqlarını göstərərək təqsirləndirilən şəxsin barəsindəki işin icraatına xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi ilə bağlı məsələni müzakirə edərək hesab edir ki, aşağıdakılara əsasən Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməli və barəsində olan işin icraatına xitam verilməlidir. Azərbaycan Respublikası CM-nin 15.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə törətdiyi əməl böyük ictimai təhlükə törətməyən cinayət hesab olunur. Azərbaycan Respublikası CM-nin 73.2-ci maddəsinə əsasən bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası CPM-nin 43.1 və 43.1.2-ci maddələrinə əsasən bu Məcəllənin 39.1.4, 39.1.6-39.1.11-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərar çıxarır. Həmin Məcəllənin 39.1 və 39.1.11-ci maddələrinə əsasən cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs barışdıqları barədə məhkəməyə yazılı müraciət etmələrini nəzərə alaraq, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cinayət qanunun tələbləri baxımından cinayət məsuliyyətindən azad edilməli və iş üzrə icraata xitam verilməlidir. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 346-cı maddəsində nəzərdə tutulmuş məsələləri həll edərək, qeyd edir ki, təqsirləndirilən şəxsin barəsində qətimkan tədbiri seçilməmişdir; zərərçəkmiş şəxs məhkəməyədək icraat və məhkəmə icraatı zamanı mülki iddia verməmişdir, ona vurduğu maddi ziyanı ödədiyinə görə təqsirləndirilən şəxslə barışmışdır; cinayət nəticəsində vurulmuş maddi zərərin və ya mümkün ola biləcək xüsusi müsadirənin təmin edilməsi məqsədi ilə əmlak üzərinə həbs qoyulmamışdır; maddi sübut qismində hər hansı əşya, predmet tanınmamış; məhkəmə məsrəfinin tutulmasına əsas olacaq ekspertiza keçirilməmişdir. Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2, 193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının (AR Nazirlər Kabineti) müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə hesab edir ki, vəkilin təhqiqat zamanı və məhkəmədə, iş materialları ilə tanış olmaqla birlikdə, təqsirləndirilən şəxsə göstərdiyi hüquqi yardıma görə iştirak etdiyi müddət 25 iş saatı müddətinə bərabər tutulduğundan, (Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2018-ci il tarixli 202 saylı qərarına əsasən) göstərilmiş hüquqi xidmətlərə görə hər iş saatı üçün 6 manat miqdarında ödənilməsi nəzərə alınmaqla hüquqi yardıma görə iş üzrə dəvət olunmuş müdafiəçiyə müvafiq hesablaşma hesabı üzərindən 6 saylı Vəkil Bürosu vasitəsi ilə 150 manat əmək haqqı dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası CPM-nin 39.1.11, 43.1.2, 321, 344-347, 356, 358, 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs, zərərçəkmiş şəxslə barışdığına və ona dəymiş ziyanı tamamilə ödədiyinə görə, Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə cinayət məsuliyyətindən azad edilsin və barəsində olan məhkəməyədək sadələşdirilmiş icraat materialının icraatına xitam verilsin. Təqsirləndirilən şəxs təhqiqat zamanı və məhkəmədə, iş materialları ilə tanış olmaqla birlikdə, 25 saat göstərdiyi pulsuz hüquqi yardıma görə dəvət olunmuş Müdafiəçi “xxxx” ASC-nin “Qara Qarayev” filialı, kod 200145, VÖEN **********, m/h- AZ37NABZ********************, S.W.İ.RT.BİK AİİBAZ2X, hesab - AZ33AİİB********************, VÖEN - ********** hesablaşma hesabı üzərindən Bakı şəhəri 6 saylı Vəkil Bürosu vasitəsi ilə 150 manat əmək haqqı Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Qərardan elan olunduğu andan 20 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Həmin müddətdə qərardan apelyasiya qaydasında şikayət və protest verilmədikdə qərar müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Nəriman Mehdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar