Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(007)-126/2023 28.02.2023 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Məhkəmə iclasında sədrlik edən: Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Qədirli Nigar Aftandil qızının, Məhkəmə iclasının katibi: X3, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs, Təqsirləndirilən şəxsin müdafiəçisi: Bakı şəhəri 6 saylı vəkil bürosunun vəkili X1 iştirakları ilə, Təqsirləndirilən şəxs: xx.xx.1981-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, məhkumluğu olan, subay, orta təhsilli, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olan və xx.xx.2022-ci il tarixdə Nərimanov rayon məhkəməsi tərəfindən barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs talama məqsədi olmadan nəqliyyat vasitəsini qaçırmaqla ələ keçirmək məqsədilə 10 oktyabr 2022-ci il tarixdə saat 00:10 radələrində ünvan 3 ünvanının qarşısında saxlanılmış Zərərçəkmiş şəxs1 yol vərəqəsi ilə idarə etdiyi, Zərərçəkmiş şəxs2 məxsus «Hyundai Elantra» markalı, **-SF-*** dövlət qeydiyyat nişanlı avtomobilin qapısının açıq olmasından və avtomobilin açarının üzərində olmasından istifadə edib avtomobilə əyləşib mühərriki işə salaraq nəqliyyat vasitəsini idarə etməklə ünvan 4 ünvanında yerləşən «İnter Turan» mebel mağazasının qarşısına gətirərək, talama məqsədi olmadan qanunsuz olaraq avtomobili ələ keçirmiş (qaçırmış), bundan sonra həmin ünvanda özgə əmlakını gizli olaraq talama məqsədilə “Hyundai Elantra” markalı, **- SF-*** dövlət qeydiyyat nişanlı avtomobilin salonunda olan, Zərərçəkmiş şəxs1 məxsus, içərisində 500 manat nağd pul və 250 manat dəyərində kosmetika dəsti olan 50 manat dəyərində əl çantasını, üzərində 4 manat dəyərində ***-***-**-** saylı GSM nömrə olan 150 manat dəyərində «İphone 6S plus» markalı mobil telefon, üzərində 4 manat dəyərində ***- ***-**-** saylı GSM nömrə olan 180 manat dəyərində «Redmi Not 8» markalı mobil telefon və üzərində 5 manat dəyərində ***-***-**-** saylı GSM nömrə olan 470 manat dəyərində “Realme C3” markalı mobil telefonu gizli olaraq talayıb Zərərçəkmiş şəxs1 ümumilikdə 1.613 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bununla da Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 1(007)-126/2023 nömrəli qərarı ilə, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs2 ilə barışması nəzərə alınaraq, o, Azərbaycan Respublikası CM-nin 73-1.1-ci maddəsinə əsasən həmin Məcəllənin 185.1ci maddəsi ilə cinayət məsuliyyətindən azad edilmiş və barəsində olan cinayət işinin icraatına həmin hissədə xitam verilmişdir. Məhkəmə istintaqı zamanı ifadə verən Təqsirləndirilən şəxs ona qarşı elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək göstərdi ki, xx.xx.2022-ci il tarixdə, saat təxminən 00:10 radələrində ünvan 3 ünvanda fəaliyyət göstərən “Araz” marketin yanından keçən zaman marketin qarşısında “Hyundai Elantra” markalı, **-SF-*** dövlət nömrə nişanlı avtomobili işlək vəziyyətdə olmasını görmüş, avtomaşına yaxınlaşan zaman həmin avtomobili qaçırıb bir qədər idarə etmək qərarına gəlmişdir. O, avtomaşının qapısını açıb avtomobilə əyləşmişdir. Onun niyyəti avtomobili sadəcə bir qədər idarə etmək olmuşdur. O avtomobili idarə edərək “Neftçilər" metrosu tərəfə getmişdir. «İnter Turan» mebel mağazasının yaxınlığında avtomobil qəflətən sönmüşdür. O, avtomobili işə salmağa çalışsa da, işə düşməmişdir. Həmin vaxt avtomaşında 3 ədəd mobil telefon və əl çantasını görüb mobil telefonları və əl çantasını götürmək qərara gəlmişdir. Avtomaşından düşəndə 3 ədəd mobil telefonu və əl çantasını götürüb orada yol kənarında duran oğlana yaxınlaşmış, söhbət edən zaman həmin şəxsin narkotik maddə aludəçisi olmasını hiss etmişdir. Həmin şəxs özünü “Eliş” kimi təqdim etmiş və əlində telefonları görüb maraqlanmışdır. Eliş həmin telefonlardan qırmızı rəngli olanı bəyənmiş və qiyməti ilə maraqlanmışdır. Bu zaman telefonlardan birinə zəng gəlmiş və zəng edən qadın telefonu qaytarmağını və bunun müqabilində pul verəcəyini bildirmişdir. O qadınla razılaşmış, Heydər Əliyev prospektində, “Bağırov” körpüsünün yaxınlığında telefonları qaytaran zaman isə polis əməkdaşları ona yaxınlaşmış və bu zaman ona məlum olmuşdur ki, qadın artıq polisə şikayət etmişdir. O, Polis Şöbəsinə dəvət olunan zaman 2 ədəd mobil telefonu təqdim etmişdir. Əl çantasında olan kosmetika və şəxsiyyət vəsiqəsini isə Neftçilər metrosunun yaxınlığında yerləşən zibil qutularının birinin içərisinə atmışdır. Daha sonra isə ona bəlli olmuşdur ki, Törətmiş olduğu əməli səmimi etiraf etməsini, əməlindən peşmançılıq çəkməsini nəzərə alaraq yüngül cəza verilməsini məhkəmədən xahiş edir. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla təsdiq olunur ki, təqsirləndirilən şəxs ittiham aktında ona qarşı elan olunmuş cinayət əməlini törətmişdir. Belə ki, məhkəmə istintaqı zamanı zərəçəkmiş şəxs kimi dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, xx.xx.2022-ci il tarixdə saat 00:15-da təxminən 20 gün əvvəl icarəyə götürdüyü «Rent a Car 100» məxsus yol vərəqəsi əsasında idarə etdiyi «Hyundai Elentra» markalı, **-SF-*** dövlət qeydiyyat nişanlı avtomobili Bakı şəhəri, Nərimanov rayonu F.X.Xoyski küçəsində olan «Araz» marketin qarşısında mühərriki işlək vəziyyətdə saxlayıb marketə keçmişdir. Təxminən 5 dəqiqə sonra marketdən çıxdıqdan sonra avtomaşının gözündə qara eynək olan olan bir nəfər şəxsin sürüb getməsini görmüşdür. O, avtomaşının qaçırmasının şahidi olduqdan sonra DİN-nin 102 xidmətinə zəng edib məlumat vermiş, daha sonra bu barədə «Rent a Car 100»-ə zəng edib avtomaşının yeri barədə məlumat almışdır. «Rent a Car 100» -dən ona avtomobilin Neftçilər ərazisində yerləşən «İnter turan» mebel evinin qarşısında olduğunu bildirmişlər. Həmin avtomobildən oğurlanmış, yəni 500 manat nəğd pul, kosmetika dəstinə görə 250 manat, bir ədəd çantaya görə 50 manat, bir ədəd “Realme C3” markalı mobil telefona görə 470 manat, 1 ədəd ***-***-**-** saylı GSM nömrəyə görə 5 manat olmaqla ümumilikdə 1.275 manat kimi, digər əmlaklara görə isə yəni, 1 ədəd Çin istehsalı, «İphone 6S plus» markalı, “A1687” model mobil telefona görə 150 manat, 1 ədəd «Redmi Not8» markalı mobil telefona görə isə 180 manat, 1 ədəd ***-***-**-** saylı GSM nömrəyə görə 4 manat, 1 ədəd ***-***-**-** saylı GSM nömrəyə görə 4 manat olmaqla ona ümumilikdə 1.613 manat maddi ziyan dəymişdir. Hazırda ona dəymiş ziyan tam ödənilməmişdir, təqsirləndirilən şəxsdən şikayətçidir və onun cəzalandırılmasını xahiş edir. Məhkəmə istintaqı zamanı Zərərçəkmiş şəxs2 məhkəməyə ərizə ilə müraciət edərək Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyanın ödənildiyini və təqsirləndirilən şəxsdən heç bir şikayət və tələbinin olmadığını bildirmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli 9/7471 nömrəli rəyinə əsasən ekspertizaya təqdim edilmiş 1 ədəd Çin istehsalı, «İphone 6S plus» markalı, “A1687” model mobil telefonun satış üçün komplektləşməsinə daxil edilən aksessuarların olmaması nəzərə alınmaqla - 150 manat, təqdim edilmiş 1 ədəd «Redmi Not8» markalı mobil telefonun satış üçün komplektləşməsinə daxil edilən aksessuarların olmaması nəzərə alınmaqla - 180 manat, nəzəri qayadada 1 ədəd “Realme C3” markalı mobil telefonun satış üçün komplektləşməsinə daxil edilən aksessuarların olmaması, orta istismar müddəti və orta istismar intensivliyi parametrlərinə uyğun olaraq - 150 manat, 1 ədəd ***-***-**-** saylı GSM nömrə - 4 manat, 1 ədəd ***-***-**-** saylı GSM nömrə - manat, 1 ədəd ***-***-**-** saylı GSM nömrə - 4 manat təşkil edir. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən təqsirləndirilən şəxsin etirafedici ifadəsinə, zərərçəkmiş şəxsin ifadələrinə, yuxarıda sadalanan sübutlara, onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, cinayət hadisəsi törədilmişdir, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi vardır, cinayət əməlininin Təqsirləndirilən şəxs tərəfindən törədilməsi tam sübuta yetir, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə tövsif edilmişdir. Beləliklə, təqsirləndirilən şəxs həmin maddədə göstərilən cinayət əməlini törətməkdə təqsirlidir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Ona görə də, Cinayət Prosessual Məcəllənin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını nəzərə alaraq, CM-nin 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, CM-nin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. CM-nin 177.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş alternativ cəzalardan məhkəmə təqsirləndirilən şəxsə azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsini ədalətli və qanunauyğun hesab edir. Belə ki, məhkəmə törədilən hazırkı cinayətə görə cəzanın növünü və həddini müəyyən edərkən aşağıdakıları nəzərə alır. CM-nin 2.2-ci maddəsinə əsasən Cinayət Məcəlləsi cinayətlərin törədilməsinə görə tətbiq edilən cəzaların həddini və həcmini müəyyən edir. CM-nin 5.1-ci maddəsində müəyyən edilən qanunçuluq prinsipinə əsasən əmələ görə cəza yalnız Cinayət Məcəlləsi ilə müəyyən edilir, CM-nin 8-ci maddəsinə əsasən isə cəza ədalətli olmalıdır. CM-nin 58.1-ci maddəsinə əsasən cəzanın həddi müəyyən edilərkən, CM-nin Ümumi hissəsinin müddəaları nəzərə alınmalı və Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli təyin edilməlidir. Məhkəmə cəzanın növünü təyin edərkən CM-nin yuxarıdakı tələblərinə əməl edərək cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini nəzərə alır. Həmçinin CM cəzanın müəyyən həddə təyin edilməli olmasını müəyyən etmişdir. Həddin isə aşağı və yuxarı sərhədləri vardır. Məhkəmə bu həddi müəyyən etmək üçün CM-nin Ümumi hissəsində bunun üçün müəyyən edilmiş parametrləri nəzərə almışdır. İş materiallarında olan AR DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin arayışına əsasən Hüseynov X4 Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmü ilə CMnin 234.1-ci maddəsi ilə təqsirli bilinib qəti olaraq 04 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. xx.xx.2021-ci il tarixdə cəzasının sonu ilə azad olunmuşdur. Beləliklə, təqsirləndirilən şəxs əvvəlki cinayət üzrə məhkumluğu ödənilməmiş hazırkı cinayəti törətmiş olsa da, CM-nin 18.4.1-ci maddəsinə əsasən böyük ictimai təhlükə törətməyən cinayətlər residivin müəyyən edilməsi zamanı nəzərə alınmır. İş üzrə müəyyən edilir ki, zərərçəkmiş şəxsə dəymiş ziyan ödənilməmişdir. Məhkəmə təqsirləndirilən şəxsin törətdiyi cinayəti səmimi etiraf edib, peşman olmasını cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. Cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Təqsirləndirilən şəxs ibtidai istintaq dövründə xx.xx.2022-ci il tarixdə saat 00:10-da şübhəli şəxs qismində tutulmuş, xx.xx.2022-ci il tarixdə təqsirləndirilən şəxs qismində cəlb edilmiş, barəsində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 4(005)-1106/2022 nömrəli qərarı ilə barəsində 02 ay müddətinə “həbs” qətimkan tədbiri seçilmişdir. Həbs etmənin əvvəli xx.xx.2022-ci il tarixdən hesablanmışdır Məhkəmə hesab edir ki, maddi sübut kimi tanınmış “ifadənin yerində yoxlanılması haqqında” protokol tərtib edilərkən çəkilmiş fotoşəkillər cinayət işinin materiallarında saxlanılmalı, 01 ədəd «İphone 6S plus» markalı və 01 ədəd «Redmi Not8» markalı mobil telefonun Zərərçəkmiş şəxs1 qaytarılması nəzərə alınmalıdır. İş üzrə məhkəmə məsrəfi kimi ekspertizanın keçirilməsi üçün çəkilmiş xərc təqsirləndirilən şəxsdən tutulub dövlət nəfinə keçirilməlidir. Həmçinin iş üzrə dövlət büdcəsi vəsaiti hesabına göstərilmiş hüquqi xidmətə görə müdafiəçinin haqqı dövlət büdcəsi vəsaiti hesabına ödənilməlidir. İş üzrə xüsusi müsadirə olunası əmlak, mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 44.1; 344-347; 349; 351-353; 356; 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 09 (doqquz) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasının əvvəli tutulduğu vaxtdan, yəni xx.xx.2022-ci il tarixdən hesablansın. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə məhkəmə məsrəfi kimi ekspertizaların keçirilməsinə çəkilmiş xərc-cəmi 50 (əlli) manat Təqsirləndirilən şəxs tutulub dövlət nəfinə keçirilsin. İş üzrə maddi sübut kimi tanınmış “ifadənin yerində yoxlanılması haqqında” protokol tərtib edilərkən çəkilmiş fotoşəkillər cinayət işinin materiallarında saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış 01 ədəd «İphone 6S plus» markalı və 01 ədəd «Redmi Not8» markalı mobil telefonun Zərərçəkmiş şəxs1 qaytarılması nəzərə alınsın. Təqsirləndirilən şəxs məhkəmə icraatı zamanı dövlət büdcəsi vəsaiti hesabına göstərilmiş 10 saat hüquqi xidmətə görə Bakı şəhəri 6 saylı vəkil bürosunun vəkili X2 ödənilmək üçün 210 (iki yüz on) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 6 saylı vəkil bürosunun hesablaşma hesabına köçürülsün. Hökmdən 20 (iyirmi) gün müddətində işə baxan Bakı şəhər Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyasına apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Nigar Qədirli
Məhkəmə qərarları › İş №1(007)-126/2023
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Hökm — İş №1(007)-126/2023
28.02.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver