Məhkəmə qərarları › İş №1(007)-127/2020

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №1(007)-127/2020

24.08.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(007)-127/2020 24.08.2020 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyeva Mətanət İsfəndiyar qızının sədrliyi, məhkəmə iclas katibi Ələsgərova Aytac Hikmət qızının katibliyi, prokuror - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhər məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı oğlunun, müdafiəçi - Bakı şəhəri 6 saylı Vəkil Bürosunun vəkili X4 oğlunun təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs iştirakı ilə, təqsirləndirilən şəxs xx.xx.1992-ci ildə Cəlilabad rayonunun Moranlı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Cəlilabad rayonu, Bayxanlı kəndində qeydiyyatda olan və ünvan 1 ünvanında yaşayan, barəsində başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İstintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.1-ci maddəsi ilə ittiham irəli sürülmüşdür ondan ötrü ki, o, xx.xx.2019-cu il tarixdə saat 14:36-da idarə etdiyi “BMW” markalı, **-RG-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Bakı şəhəri, Nizami rayonu, X.R.Ulutürk küçəsində 70-80 km/saat sürətlə hərəkətdə olarkən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 69-cu maddəsinin 7-ci hissəsinin 1-ci bəndinin tələblərini pozaraq öz hərəkət zolağı ilə hərəkət etdirməli, 1.3 üfüqi nişanlanma xəttini kəsib keçərək qarşı əks hərəkət zolağına çıxarmamalı, hərəkət üçün təhlükəli şərait yaratmamaqla hadisənin qarşısını almağa texniki imkanı olduğu halda bunu etməyərək avtomobili öz hərəkət zolağından 1.3 üfüqi nişanlanma xəttini kəsib keçərək qarşı əks hərəkət zolağına çıxarmaqla hərəkət üçün təhlükəli şərait yaradıb qarşıda onunla eyni istiqamətdə olub icazə verilmiş 1.11 üfüqi nişanlanma xəttinin üzərindən sola dönmə əməliyyatı aparan sürücü Zərərçəkmiş şəxs2 5 km/saat sürətlə idarə etdiyi “Mercedes Benz” markalı, **-KJ-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş, toqquşmadan sonra “Mercedes Benz” markalı avtomobil idarəetməni itirərək yolun kənarında dayanmış vəziyyətdə olan vətəndaş Zərərçəkmiş şəxs1 Bəhram oğluna məxsus “X5” markalı, **-ON-*** dövlət qeydiyyat nişanlı avtomobilin arxa hissəsinə dəymiş, nəticədə ehtiyatsızlıqdan Zərərçəkmiş şəxs2 sol qasıq sümüyünün yuxarı şaxəsinin və sol qalça-qasıq hündürlüyünün yerdəyişməyən sınıqları, döş qəfəsinin ön, hər iki bud və baldırın iç səthlərinin qançırları ilə müşayiət olunan, dərəcəsinə görə ümumilikdə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır dərəcəli bədən xəsarətləri yetirmiş, həmçinin “Mercedes” markalı, **-KJ-*** dövlət qeydiyyat nişanlı avtomobilin zədələnməsi ilə Zərərçəkmiş şəxs2 ümumilikdə 7365.00 manat, “X5” markalı, **-ON-*** dövlət qeydiyyat nişanlı avtomobilin zədələnməsi ilə Zərərçəkmiş şəxs1 ümumilikdə 2100.00 manat dəyərində maddi ziyan vurmuşdur. Məhkəmə baxışında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, xx.xx.2019-cu il tarixdə saat təxminən 14:00 radələrində etibarnamə əsasında idarə etdiyi “BMW” markalı, **-RG-*** dövlət qeydiyyat nişanlı avtomobillə “Olimpiya” stadionu yaxınlığından körpüdən “Ulduz” metrostansiyası istiqamətində Nizami rayonu, X.R.Ulutürk küçəsində saatda 70-80 km sürətlə hərəkət etmişdir. Tələsdiyindən qoşa xətti sol tərəfə bilmədən keçib hərəkətin qarşı istiqamətində hərəkət etməyə başlamışdır. Bu zaman idarə etdiyi avtomobil qarşıda hərəkətdə olan geriyə dönmə əməliyyatını həyata keçirmək istəyən “Mercedes” markalı, **-KJ-*** dövlət qeydiyyat nişanlı avtomobilin sol orta hissəsinə dəymişdir. Həmin “Mercedes” markalı, **-KJ-*** dövlət qeydiyyat nişanlı avtomobil zərbənin təsirindən idarəetməni itirərək irəli sola hərəkət edib yolun sağ kənarında dayanmış “X5” markalı, **-ON-*** dövlət qeydiyyat nişanlı avtomobilin arxa hissəsinə dəymişdir. Hadisə nəticəsində avtomobillər əzilmiş, o və digər sürücü xəsarət almışlar. Hadisə yerinə gəlmiş təcili tibbi yardım avtomobili ilə onu və “Mercedes” markalı avtomobilin sürücüsünü Bakı şəhər Klinik Mərkəzinə aparmışlar. Əməlindən peşmandır. Zərərçəkmiş şəxslərə dəymiş ziyanı ödəmiş, onlarla barışmışdır. Məhkəmədən barəsində olan cinayət işi üzrə icraata xitam verilməsinin xahiş etmişdir. Təqsirləndirilən şəxs qeyd edilən əməli törətməkdə təqsiri öz ifadəsi ilə yanaşı aşağıdakılarla da təsdiq olunur. Məhkəmə baxışında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, xx.xx.2019-cu il tarixdə saat təxminən 14:00 radələrində etibarnamə əsasında idarə etdiyi “X5” markalı, **-ON-*** dövlət qeydiyyat nişanlı avtomobili yaşadığı evin yaxınlığında yolun kənarında saxlayıb evə getmişdir. Saat 14:40 radələrində evdə olarkən qonşu onlara gəlib yol nəqliyyat hadisəsi baş verdiyini və “Mercedes” markalı, **-KJ-*** dövlət qeydiyyat nişanlı avtomobilin onun avtomobilinin arxa hissəsinə dəydiyini bildirmişdir. O, dərhal yaşadığı evdən çıxıb X.R.Ulutürk küçəsinə gəlmiş və orada həqiqətən də “Mercedes” markalı avtomobilin onun avtomobilinin arxa hissəsinə dəydiyini və avtomobilinin əzildiyini görmüşdür. Sonradan qonşulardan öyrənmişdir ki, “BMW” markalı, **-RG-*** dövlət qeydiyyat nişanlı avtomobil yolun əks hərəkət istiqamətinə çıxaraq qabaq hissəsi ilə “Mercedes” markalı avtomobilin sol yan hissəsindən vurmuş, zərbənin təsirindən “Mercedes” markalı avtomobil idarəetməni itirərək irəli sola hərəkət edib qarşısında dayanan onun avtomobilinə dəymişdir. Hadisə nəticəsində avtomobillər əzilmiş və ona maddi ziyan dəymişdir. Baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində ona 2100 manat maddi ziyan dəymişdir. İş üzrə zərərçəkmiş şəxs-mülki iddiaçı Zərərçəkmiş şəxs2 nümayəndəsi – Bakı şəhəri 5 saylı Vəkil Bürosunun vəkili Nümayəndə bildirmişdir ki, Təqsirləndirilən şəxs törətdiyi yol-nəqliyyat hadisəsi nəticəsində Zərərçəkmiş şəxs2 idarə etdiyi “Mercedes Benz” markalı, **-KJ-*** dövlət qeydiyyat nişanlı avtomobilə 7365 manat maddi ziyan dəymişdir. Qeyd olunan hadisə nəticəsində Zərərçəkmiş şəxs2 sağlamlığının uzun müddətə pozulmasına səbəb olan az ağır dərəcəli bədən xəsarəti yetirilmişdir. O, bir müddət xəstəxanada müalicə olunduqdan sonra, iki aya yaxın yataq xəstəsi olmuş, sağalıb normal vəziyyətə qayıtması şübhə altında olmuşdur. Bununla da zərər vuran şəxsin hərəkətləri Zərərçəkmiş şəxs2 şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olmuş, yəni o, mənəvi zərərə məruz qalmışdır. Zərərçəkmiş şəxs2 mənəvi zərəri 3000 manat məbləğində qiymətləndirir. Həmçinin Zərərçəkmiş şəxs2 2 aya yaxın yataq xəstəsi olmuş, müstəqil hərəkət edə bilməmiş, arvadı Ömərova Xəlilə Arif qızı bütün işlərini ataraq onun qulluğunda olmuşdur. Bakı şəhəri üzrə orta əmək haqqı 1000 manat olmasını nəzərə alaraq Zərərçəkmiş şəxs2 ona edilən qulluğu 2000 manat məbləğində qiymətləndirir. Mülki iddianın təmin edilməsini, Təqsirləndirilən şəxs avtomobilə dəymiş ziyana görə 7365 manat, xəstəliklə bağlı qulluğa görə 2000 manat, mənəvi zərərə görə 3000 manat, cəmi 12365 manat məbləğində pulun tutularaq Zərərçəkmiş şəxs2 verilməsini xahiş etmişdir. Zərərçəkmiş şəxs-mülki iddiaçı Zərərçəkmiş şəxs2 nümayəndəsi – Bakı şəhəri 5 saylı Vəkil Bürosunun vəkili Nümayəndə ərizə ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, Zərərçəkmiş şəxs2 Təqsirləndirilən şəxs ilə barışmışdır, ona dəyən zərər tam ödənilmişdir. Zərərçəkmiş şəxs2 Təqsirləndirilən şəxs qarşı heç bir şikayəti və tələbi yoxdur. Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsini xahiş etmişdir. Zərərçəkmiş şəxs1 məhkəməyə teleqram vuraraq Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbinin olmadığını, onunla barışdığını, ona dəymiş ziyanın tam ödənildiyini, pandemiya ilə əlaqədar rayonda olduğunu bildirmiş, prosesi onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: - cinayət işi başlanması və icraata qəbul edilməsi barədə xx.xx.2020-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs2 xəsarət alması faktı üzrə Azərbaycan Respublikası CM-nin 263.1-ci maddəsi ilə cinayət işi başlanılmışdır. - “Nəqliyyat vasitəsini idarə edən şəxsin sərxoşluq vəziyyətinin müəyyən edilməsi Qaydaları”na əlavə Sərxoşluq vəziyyətinin tibbi müayinəsinə dair 2/10245 saylı, xx.xx.2019-cu il tarixli aktdan görünür ki, xx.xx.2019-cu il tarixdə saat 18:45 radələrində müayinə olunan Təqsirləndirilən şəxs ayıq olduğu müəyyən olunmuşdur. - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X3- Təcrübi və Tədris Birliyinin canlı şəxsin ekspertizasına dair xx.xx.2019-cu il tarixli, 1251 saylı rəyin nəticə hissəsindən görünür ki, Zərərçəkmiş şəxs2 sol qasıq sümüyünün yuxarı şaxəsinin və sol qalça-qasıq hündürlüyünün yerdəyişməyən sınıqları, döş qəfəsinin ön, hər iki bud və baldırın iç səthlərinin qançırları olmuşdur. Qeyd olunan xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən şəraitdə və müddətdə, yəni xx.xx.2019-cu il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi zamanı sürücüsü olduğu avtomobillə digər avtomobillərin toqquşması nəticəsində yarana bilər, dərəcəsinə görə ümumillikdə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərərvurmaya aid edilir. - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X3- Təcrübi və Tədris Birliyinin canlı şəxsin ekspertizasına dair xx.xx.2019-cu il tarixli, 1243 saylı rəyin nəticə hissəsindən görünür ki, Təqsirləndirilən şəxs sağ daban sümüyünün arxa kənarının yerinidəyişməyən sınığı, sol alın və sağ diz nahiyələrinin sıyrıqları və qarnın ön səthinin qançırı olmuşdur. Qeyd olunan xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən törənmişlər, qərarın təsviri hissəsində göstərilən müddətdə, yəni xx.xx.2019-cu il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi zamanı alınmaları mümkündür və dərəcələrinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərərvurmaya aiddirlər. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasının xx.xx.2020-ci il tarixli, 32057 saylı rəyinin nəticə hissəsindən görünür ki, istintaq tərəfindən təqdim olunmuş məlumatlara əsasən “BMW” markalı, **-RG-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 69-cu maddəsinin 7-ci hissəsinin 1-ci bəndinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. İstintaq tərəfindən təqdim olunmuş məlumatlara əsasən hərəkət üçün təhlükə yaranan anda “Mercedes Benz” markalı, **-KJ-*** dövlət qeydiyyat nişanlı avtomobilin toqquşma yerindən 1,9 metrdən kiçik məsafədə olmasının istintaq tərəfindən müəyyən edilməsi şəraitində, sürücü Zərərçəkmiş şəxs2 hadisənin qarşısını almağa texniki imkanı olmamış və onun hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğunsuzluq olmamışdır. Hərəkət üçün təhlükə yaranan anda “Mercedes Benz” markalı, **-KJ-*** dövlət qeydiyyat nişanlı avtomobilin toqquşma yerindən 1,9 metrdən böyük məsafədə olmasının istintaq tərəfindən müəyyən edilməsi şəraitində, sürücü Zərərçəkmiş şəxs2 hadisənin qarşısını almağa texniki imkanı olmuş və onun hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuşdur. - zərərçəkmiş şəxs qismində tanınma haqqında xx.xx.2020-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs2 zərərçəkmiş şəxs qismində tanınmışdır. - zərərçəkmiş şəxs qismində tanınma haqqında xx.xx.2020-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs1 zərərçəkmiş şəxs qismində tanınmışdır. - təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında xx.xx.2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmişdir. - qətimkan tədbirinin seçilməsi barədə xx.xx.2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. - Azərbaycan Respublikası DİN-nin BDYPİ tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli, 016-2709-1220 nömrəli məktubdan görünür ki, DİN-nin BDYPİ-nin Qeydiyyat-İmtahan İdarəsinin kompüter uçot bazasının məlumatlarına əsasən xx.xx.1992-ci il təvəllüdlü Təqsirləndirilən şəxs xx.xx.2019-cu il tarixdə AD 304429 nömrəli, “BC” kateqoriyalı sürücülük vəsiqəsi verilmişdir və o, sürücülük hüququndan məhrum edilənlər siyahısında yoxdur. - sübutların qiymətləndirilməsi haqqında xx.xx.2020-ci il tarixli qərardan görünür ki, 01 ədəd disk maddi sübut kimi tanınmış və cinayət işinin materiallarına əlavə edilmişdir. - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və X1 verilmiş xx.xx.2020-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu barədə əməliyyat-sorğu kartotekasında heç bir məlumat yoxdur. Məhkəmə iş üzrə toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutlara qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməldə cinayət tərkibi vardır, ona ibtidai istintaq zamanı düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə ittiham irəli sürülmüş və əməli həmin maddə ilə tövsif edilmişdir. Məhkəmə cinayət işinin materiallarını tədqiq edərək, proses iştirakçılarını dinləyərək hesab edir ki, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad olunmalı və cinayət işi üzrə icraata aşağıdakı əsaslara görə xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263-cü maddəsinin Qeyd hissəsinin 2-ci bəndinə əsasən bu Məcəllənin 263.1 və ya 263.1-1-ci maddələrində nəzərdə tutulmuş cinayəti törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Bu halda şəxsin əməllərində inzibati xəta tərkibinin əlamətləri olduqda o, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş qaydada məsuliyyətə cəlb edilir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslərlə barışmış, onlara vurulmuş zərəri tamamilə ödəmişdir. Azərbaycan Respublikası CPM-nin 43.1.2-ci maddəsinə görə bu Məcəllənin 39.1.4, 39.1.6—39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərar çıxarır. Həmin Məcəllənin 39.1 və 39.1.11-ci maddələrinə əsasən cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263-cü maddəsinin Qeyd hissəsinin 2-ci bəndinə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsində nəzərdə tutulmuş cinayəti törətmiş şəxsin zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilməsi ilə yanaşı, onun əməlinin inzibati məsuliyyətə səbəb olub-olmaması məsələsi araşdırılmalıdır. İşə baxılan zaman Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş hər hansı bir inzibati xəta tərkibinin əlaməti müəyyən olunmamışdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 156.4-cü maddəsinə əsasən cinayət işi üzrə icraata xitam verildiyi hallarda, şübhəli və ya təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbirləri xitam olunur. Azərbaycan Respublikası CPM-nin 346.1.19-346.1.21-ci maddələrində nəzərdə tutulmuş məsələləri həll edərək məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri xitam olunmalı; Azərbaycan Respublikası CPM-nin 132.1.6-cı maddəsinə əsasən cinayət işi üzrə maddi sübut olan 01 ədəd disk cinayət işinin materiallarında saxlanılmalı; Azərbaycan Respublikası CPM-nin 198.1-ci maddəsinə əsasən məhkəmə məsrəfi olan 100 (bir yüz) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub dövlət xəzinədarlığı agentliyi, kod 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN **********, hesab AZ34CTRE******************** hesabına ödənilməlidir. Azərbaycan Respublikasının CPM-nin 179.1-ci maddəsinə əsasən cinayət mühakimə icraatında mülki iddia bu Məcəllənin müddəaları ilə müəyyən edilmiş qaydalara əsasən verilir, sübut və həll olunur. Azərbaycan Respublikasının CPM-nin 181.1-ci maddəsinə əsasən əmlakına vurulmuş ziyana görə fiziki və hüquqi şəxs cinayət mühakimə icraatı zamanı aşağıdakı hallarda mülki iddia verməyə haqlıdır: - ziyan bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə vurulduqda; ziyan cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi ilə əlaqədar vurulduqda. Məhkəmə hesab edir ki, zərərçəkmiş şəxs - mülki iddiaçı Zərərçəkmiş şəxs2 dəymiş ziyan tam ödənildiyindən Zərərçəkmiş şəxs2 nümayəndəsi tərəfindən verilmiş mülki iddia təmin edilməməlidir. Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2—193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə hesab edir ki, vəkilin işlə tanış olduğu və məhkəmədə iştirak etdiyi müddət 3 iş saatı müddətinə bərabər olduğundan, hər iş saatı üçün Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2018-ci il tarixli, 202 saylı qərarına əsasən göstərilmiş hüquqi xidmətlərə görə hər iş saatı üçün 6 (altı) manat miqdarında ödənilməsi nəzərə alınmaqla 18 (on səkkiz) manat (3x6) məbləğində əmək haqqı Bakı şəhəri 6 saylı Vəkil Bürosu vasitəsi ilə müdafiəçi X2 dövlət büdcəsi hesabına ödənilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 43.3, 321, 344-347, 356, 358, 384-cü maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə cinayət məsuliyyətindən azad edilsin və barəsində olan cinayət işinin icraatına xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri xitam olunsun. Zərərçəkmiş şəxs- mülki iddiaçı Zərərçəkmiş şəxs2 nümayəndəsi tərəfindən verilmiş mülki iddia təmin edilməsin. İş üzrə məhkəmə məsrəfi olan 100 (bir yüz) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub dövlət xəzinədarlığı agentliyi, kod 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN **********, hesab AZ34CTRE******************** hesabına keçirilsin. Cinayət işi üzrə maddi sübut olan 01 ədəd disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs 3 saat göstərdiyi pulsuz hüquqi yardıma görə iş üzrə dəvət olunmuş müdafiəçi Bakı şəhəri 6 saylı Vəkil Bürosunun vəkili X2 18 (on səkkiz) manat əmək haqqı Bakı şəhəri 6 saylı Vəkil Bürosu vasitəsi ilə Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına ödənilsin. Qərar elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Sədrlik edən Mətanət Hacıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar