Məhkəmə qərarları › İş №1(007)-127/2024

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Hökm — İş №1(007)-127/2024

18.03.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(007)-127/2024 18.03.2024 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyeva Mətanət İsfəndiyar qızının sədrliyi, məhkəmə iclasının katibi Cəfərzadə Fərid Bəşir oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxs - mülki iddiaçı – Zərərçəkmiş şəxs, zərərçəkmiş şəxs - mülki iddiaçının nümayəndəsi – “Xəzər Konsaltinq” Vəkil Bürosunun vəkili X1, müdafiəçi - Bakı şəhəri 6 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, təqsirləndirilən şəxs - mülki cavabdeh - Təqsirləndirilən şəxs iştirakı ilə, təqsirləndirilən şəxs - mülki cavabdeh xx xxxx 1986-cı ildə Ermənistan Respublikasının Qafan rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan, 23 may 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, 24 may 2023-cü il tarixdə barəsində həbs qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə qohumu Zərərçəkmiş şəxs məxsus Qəbələ rayonu, Seyidqışlaq kəndində 4 sot torpaq sahəsində sonuncunun tikdirdiyi bir mərtəbəli, dörd otaqlı fərdi yaşayış evində təmir-tikinti işləri aparan zaman Zərərçəkmiş şəxs həmin ev üçün qapı, laminat və laminat aksessuarları lazım olduğunu bildirib sonuncunu aldadaraq etibarından sui-istifadə edib bu məqsədlə Zərərçəkmiş şəxs tərəfindən 09 mart 2022-ci il tarixdə Bakı şəhəri, Nərimanov rayonu, Dərnəgül şosesində yerləşən bazardan alınaraq onun götürməsi üçün həmin ünvanda saxlanılmış bir ədədi 305 manat olmaqla ümumi dəyəri 1830 manat olan 6 ədəd qapıları, Zərərçəkmiş şəxs tərəfindən həmin tarixdə Bakı şəhəri, Binəqədi rayonu, Bakı-Sumqayıt şosesində yerləşən “Evro Home” bazardan alınaraq onun götürməsi üçün həmin ünvanda saxlanılmış ümumi dəyəri 1800 manat olan 112 kv/metr laminatı, 110 metr plintus, 29 ədəd iç künc, 10 ədəd çöl künc, 24 ədəd çalaq, 10 ədəd sağ qabaq və 10 ədəd sol qabaqlardan ibarət laminat aksessuarlarını, bundan başqa, Zərərçəkmiş şəxs əmlakını ələ keçirməyə yönəldilmiş hərəkətlərini davam etdirərək guya təmir-tikinti işləri apardığı həmin evə qaz sobası (kamin) düzəltdirmək adı ilə Zərərçəkmiş şəxs aldadıb etibarından sui-istifadə edərək bu məqsədlə sonuncu tərəfindən 2022-ci ilin aprel ayı ərzində Bakı şəhəri, Nizami rayonu, Rüstəm Rüstəmov küçəsi, 102A-da yerləşən "xxxx" ASC-nin Qara Qarayev filialından onun istifadəsində olan 4169-7413-1641-3747 hesab nömrəli "xxxx" ASC-nə aid karta hissə-hissə köçürülmüş ümumilikdə 750 manat, bundan başqa, Zərərçəkmiş şəxs əmlakını ələ keçirməyə yönəldilmiş hərəkətlərini davam etdirərək guya təmir-tikinti işləri apardığı həmin evə içərisində paltaryuyan və qaz sobası olan mətbəx mebeli düzəltdirəcəyi adı ilə Zərərçəkmiş şəxs aldadıb etibarından sui-istifadə edərək bu məqsədlə sonuncu tərəfindən 2022-ci ilin aprel ayı ərzində Bakı şəhəri, Nizami rayonu, Rüstəm Rüstəmov küçəsi, 102A-da yerləşən "xxxx"-ın Qara Qarayev filialından onun istifadəsində olan 4169-7413-1641-3747 hesab nömrəli "xxxx" ASC-nə aid karta hissə-hissə köçürülmüş ümumilikdə 4620 manat, bundan başqa, Zərərçəkmiş şəxs əmlakını ələ keçirməyə yönəldilmiş hərəkətlərini davam etdirərək guya təmir-tikinti işləri apardığı həmin evə su xətti çəkdirmək adı ilə Zərərçəkmiş şəxs aldadıb etibarından suiistifadə edərək bu məqsədlə sonuncu tərəfindən 2022-ci ilin may ayı ərzində Bakı şəhəri, Nizami rayonu, Rüstəm Rüstəmov küçəsi, 102A-da yerləşən "xxxx"-ın Qara Qarayev filialından onun istifadəsində olan 4169-7413-1641-3747 hesab nömrəli "xxxx" ASC-nə aid karta hissə-hissə köçürülmüş ümumilikdə 1183 manat, bundan başqa, Zərərçəkmiş şəxs əmlakını ələ keçirməyə yönəldilmiş hərəkətlərini davam etdirərək guya təmir-tikinti işləri apardığı həmin ev üçün su çəni, “Ariston” markalı su qızdırıcısı, pəncərənin kənarlarına tinlik, eyvana bəzəkli daşlar və pərdə asılqanlarının alınması adı ilə Zərərçəkmiş şəxs aldadıb etibarından sui-istifadə edərək bu məqsədlə sonuncudan 2022-ci ilin may ayının axırları Bakı şəhəri, Yasamal rayonu, metronun “20 Yanvar” stansiyasının yaxınlığında 1480 manat, bundan başqa, Zərərçəkmiş şəxs əmlakını ələ keçirməyə yönəldilmiş hərəkətlərini davam etdirərək guya təmir-tikinti işləri apardığı həmin evə elektrik açarı və elektrik çəngəli almaq adı ilə Zərərçəkmiş şəxs aldadıb etibarından sui-istifadə edərək bu məqsədlə sonuncu tərəfindən 2022-ci ilin iyun ayının əvvəlləri Bakı şəhəri, Nizami rayonu, Rüstəm Rüstəmov küçəsi, 102A-da yerləşən "xxxx"-ın Qara Qarayev filialından onun istifadəsində olan 4169-7413-1641-3747 hesab nömrəli "xxxx" ASC-nə aid karta hissəhissə köçürülmüş ümumilikdə 220 manat, bundan başqa, Zərərçəkmiş şəxs əmlakını ələ keçirməyə yönəldilmiş hərəkətlərini davam etdirərək guya təmir-tikinti işləri apardığı həmin evdə guya başqa usta tərəfindən 6 ədəd qapıların quraşdırılması üçün həmin ustaya ödəniləcək xidmət haqqı adı ilə Zərərçəkmiş şəxs aldadıb etibarından sui-istifadə edərək bu məqsədlə sonuncu tərəfindən 2022-ci ilin iyun ayının əvvəlləri Bakı şəhəri, Nizami rayonu, Rüstəm Rüstəmov küçəsi, 102A-da yerləşən "xxxx"-ın Qara Qarayev filialından onun istifadəsində olan 4169-7413-1641-3747 hesab nömrəli "xxxx" ASC-nə aid karta hissə-hissə köçürülmüş ümumilikdə 150 manat, Zərərçəkmiş şəxs əmlakını ələ keçirməyə yönəldilmiş hərəkətlərini davam etdirərək təmir-tikinti işləri apardığı həmin evin həyətyanı sahəsində qoyulacaq çənin altına quraşdırılması üçün mişar daşı lazım olması adı ilə Zərərçəkmiş şəxs aldadıb etibarından sui-istifadə edərək bu məqsədlə sonuncu tərəfindən 10 iyun 2022-ci il tarixdə Bakı şəhəri, Nizami rayonu, Rüstəm Rüstəmov küçəsi, 102A-da yerləşən "xxxx" ASC-nin Qara Qarayev filialından onun istifadəsində olan 4169-7413- 1641-3747 hesab nömrəli "xxxx" ASC-nə aid karta köçürülmüş 56 manat, ümumilikdə Zərərçəkmiş şəxs məxsus 12089 manat pul vəsaitini vahid niyyətlə əhatə olunan qəsdlə ələ keçirib Zərərçəkmiş şəxs xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Zərərçəkmiş şəxs – mülki iddiaçı Zərərçəkmiş şəxs mülki iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ********* saylı cinayət işi üzrə onun mülki iddiaçı qismində tanınmasını, tikinti materiallarının bir qisminin geri qaytarılmasını nəzərə alaraq təqsirləndirilən şəxs – mülki cavabdeh Təqsirləndirilən şəxs qanunsuz hərəkətləri nəticəsində ona dəymiş 9659 manat maddi ziyanın mülki cavabdehdən tutularaq ona ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Zərərçəkmiş şəxs – mülki iddiaçı Zərərçəkmiş şəxs mülki iddianın həcminin azaldılması barədə ərizə təqdim edərək, 5659 manat pulun təqsirləndirilən şəxs – mülki cavabdeh Təqsirləndirilən şəxs Sadiq oğlundan tutularaq ona ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə baxışında təqsirləndirilən şəxs – mülki cavabdeh Təqsirləndirilən şəxs özünü ona elan olunmuş Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsində nəzərdə tutulmuş ittiham üzrə təqsirli bilərək ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs onun dayısı qızıdır. X5 2021-ci ilin dekabr ayının axırları ona Zərərçəkmiş şəxs tikdirdiyi bir mərtəbəli evin dam hissəsini işləməyi təklif etmişdir. O, Zərərçəkmiş şəxs Seyidqışlaq kəndində tikdirdiyi evin damını bir nəfər usta ilə birlikdə 1800 manata 7-8 günə vurub təhvil verəcəyini bildirmişdir. 27 dekabr 2021-ci ildə Təranə tanışı Seymura məxsus "xxxx" kartına 1000 manat pul göndərmişdir. 04 yanvar 2022-ci ildə o, başqa usta ilə evin damının taxta və metal şiferini vurub qutarmışlar və o, evin dam hissəsinin şəkilini çəkib Təranəyə göndərmişdir. Bundan sonra Təranə metronun “Neftçilər" stansiyasının yaxınlığında ona 800 manat pul vermişdir. Həmin vaxtı Təranə evin suvaq, elektrik və santexnika işlərini görməyi təklif etmişdir. O, Təranəyə razılıq vermiş və onlar suvağın kvadratını 3 manata, elektrik işlərini 600 manat və santexnika işlərini 800 manata razılaşmışlar. 10 yanvar 2022-ci ildə Təranə “Xırdalan’' dairəsinin yaxınlığında yerləşən “Evro Home” bazarından elektrik və santexnika işlərinin görülməsi üçün avadanlıq, 25 kub qum almış və ona təhvil vermişdir. Bundan sonra o, Seyidqışlaq kəndindən Təranənin kart vasitəsi ilə göndərdiyi pulla bir ədədi 7 manat 50 qəpik olan 400 marka 100 kisə sement alıb işə başlamışdır. 2022-ci ilin fevral ayının ortaları qeyd olunan işləri qurtarmışdır. Sonra Təranə evin döşəmə hissəsinə beton vurulması üçün zəhmət haqqını Seymur adlı tanışının kartına göndərmişdir. 2022-ci ilin fevral ayında o, Təranə ilə metronun “Neftçilər” stansiyasının yaxınlığında görüşmüş və Təranə ona demişdir ki, ev üçün 1830 manata 6 ədəd qapı, 1800 manata döşəmə üçün 114 kvadrat laminat, 850 manata iki hamam və sanitar qovşağına aksessuar almış, həmin əşyaları “Evro Home” bazarından götürüb Qəbələ rayonu, Seyidqışlaq kəndinə apararsan. Təranə ona 1000 manat pul vermiş və demişdir ki, qapıların pulunun bir hissəsi verilib, 1000 manat borcu qalıbdır, 1000 manat verib qapıları götürərsən. O, “Evro Home” bazarına gedib qeyd olunan əşyaları götürüb Seyidqışlaq kəndinə aparmış və həmin əşyaları Seyidqışlaq kəndində kirayə tutduğu evə yerləşdirmişdir. 2022-ci ilin mart ayında o, Təranə ilə "Papanin" körpüsünün yaxınlığında görüşmüş və Təranə ona 2500 manat vermişdir. O, Təranədən evin həyətinə su çəkilməsi üçün 400 manat istəmişdir. Həmin vaxtı Zərərçəkmiş şəxs ona 400 manat da əlavə vermişdir. Bundan sonra o, usta tapıb evin malyar işini gördürmüş və Təranədən həm materialın pulunu, həm də usta pulunu alıb ustaya vermişdir. 2022-ci ilin mart ayında Təranə ona demişdir ki, mətbəx mebeli və qaz sobası yığdırmaq lazımdır. O, ustalarla danışmış və Təranə tanışı Seymurun kartına hissə-hissə yəni, 2022-ci ilin mart ayından aprel ayına kimi mebel üçün 2500 manat, qaz sobası üçün 650 manat göndərmişdir. Onun pula ehtiyacı olduğu üçün həmin pulları xərcləmişdir. 2022-ci ilin may aynın axırları ona pul lazım olduğu üçün Təranənin alıb göndərdiyi 6 ədəd qapını və 114 kvadrat metr laminatı Qəbələ rayonu, Vəndam kəndində tanımadığı şəxsə satmışdır. Bundan sonra Təranə ondan Qəbələ Rayon Polis Şöbəsinə şikayət etmişdir. Hal-hazırda verilmiş 9659 manat mülki iddiadan Təranəyə 4000 manat ödənilmişdir. Qalan hissədə mülki iddianın təmin edilməsinə etiraz etmir və 6 ay ərzində qalan məbləği ödəməyə söz verir. Əməlindən peşmandır. Məhkəmədən qeyd olunanları nəzərə alıb barəsində azadlıqdan məhrum etmə ilə əlaqədar olmayan cəza təyin edilməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs qeyd edilən əməli törətməkdə təqsiri aşağıdakılarla təsdiq olunur. Məhkəmə baxışında mülki iddiaçı-zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində bildirmişdir ki, Qəbələ rayonunda tikdirdiyi evin dam hissəsinin işlərini bibisi oğlu Təqsirləndirilən şəxs görmüş və o, Rəşada zəhmət haqqı kimi 1900 manat vermişdir. 2022-ci ilin fevral ayında Rəşad ona zəng vurub demişdir ki, evin suvaq, elektik və santexnik işləri görülməlidir və buna görə ondan pul istəmişdir. O, Rəşada razılıq vermiş və ona demişdir ki, suvağın kvadratını 3 manat, elektrik işlərinin görülməsini 600 manat, santexnik işlərinin görülməsi üçün 800 manata edər. Divarın arasının sementlə doldurulması üçün Rəşada kart vasitəsi ilə "xxxx" ASC-nin Qara Qarayev filialından 1900 manat pulu hissə-hissə göndərmişdir. Evin tavanı üçün 600 manat, sonra 700 manat, ən sonda isə 100 manat , divar və tavan işlərinin görülməsi üçün əvvəl 1170 manat, sonra 330 manat, divarın çöl tərəfi üçün 950 manat, pəncərə üçün 2400 manat , elektrik naqilləri almaq üçün 200 manat, sement alması üçün 192 manat, evin çöl tərəfinə suvaq vurulması üçün 2495 manat pulu hissə-hissə "xxxx" ASC-nin Qara Qarayev filialından Rəşada göndərmişdir. 2022-ci ilin mart ayında usta pulu olaraq 300 manat, 200 manat, 850 manat, 650 manat, 800 manat, 1150 manat, 1150 manat, 1160 manat, 1800 manat pulu "xxxx" ASC-nin həmin filialından göndərmişdir. 2022-ci ilin mart ayında Dərnəgül şosesində olan bazardan 1830 manat dəyərində 06 ədəd Avropa qapıları, Bakı-Sumqayıt şosesində yerləşən “Evro Home” bazarından isə 1800 manata laminat və aksessuarlarını almış və Rəşada demişdir ki, gəlib bazardan aldığı əşyaları götürüb Qəbələ rayonu, Seyidqışlaq kəndində aparsın. Hətta bazarda verəcək 1030 manat pulu Rəşada vermiş və Rəşad həmin pulu verib əşyaları götürüb Qəbələ rayonuna aparmışdır. 2022-ci ilin aprel ayında Rəşad Bakı şəhərinə gəlmiş və onlar görüşmüşlər. Rəşad ona demişdir ki, evdə olan iki ədəd hamam-tualetə iki ədəd unitaz almaq lazımdır. O, Rəşadla “Evro Home” bazarından 850 manata bir ədəd unitaz və 810 manata bir ədəd unitaz almış və Təqsirləndirilən şəxs 90 manat yol pulu verib Qəbələ rayonuna yola salmışdır. 2022-ci ilin mart ayında Rəşad ondan 8000 manat istəmiş və demişdir ki, döşəməyə beton verilməsi və üzərində kafelmetlax vurulması üçün material alınacaq və usta pulu da onun içindədir. O, rəfiqəsi Şahid1 10000 manat almış və o, Sevda ilə birlikdə Rəşadla görüşmək üçün “Papanin” körpüsünün yaxınlığına gəlmişlər və o, Rəşada 8000 manat vermiş və 2000 manatı özündə saxlamışdır. Bir gündən sonra o, Rəşadla birlikdə “Evro Home” bazarında kafel-metlax seçmiş və Rəşada demişdir ki, seçdiyi kafel-metlaxı alsın. 2022-ci ilin aprel ayında, evə qaz sobası (kamin) düzəltdirməsi üçün 750 manat pulu hissə-hissə "xxxx" ASC-nin Nizami rayonu, Qara Qarayev filialından göndərmişdir. Bundan sonra o, Rəşada demişdir ki, evə mətbəx mebeli yığdırmaq istəyir. Təqsirləndirilən şəxs demişdir ki, o, 4620 manata yığdırar, həmin mebelin içində paltar yuyayn maşın və qaz peçi olacaq. O, hissə-hissə olmaqla 2022-ci ilin aprel ayında, 1000 manat, 250 manat, 250 manat, 500 manat, 500 manat, 650 manat, 500 manat, 500 manat, 470 manatı "xxxx" ASC-nin Nizami rayonu, Qara Qarayev filialından göndərmişdir. 2022-ci ilin may ayında Rəşad Bakı şəhərinə gəlmiş və ona demişdir ki, evin otaqlarına sulu divar örtüyü almaq lazımdır. O, Rəşadla 8ci km bazarından sulu divar örtüyü seçmiş və 378 manata sulu divar örtüyü alıb Rəşada vermis və sulu divar örtüyünün vurulması üçün 257 manatı özünə vermişdir. Su xəttinin çəkilməsi üçün 1183 manat pulu hissə-hissə göndərmişdir. 2022-ci ilin may ayının axırı iyun ayının əvvəlləri evə Ariston markalı su qızdırıcısı, çən alınması və həyətdə daşdan bəzəkli arakəsmə üçün 1480 manatı Rəşada metronun “20 Yanvar” stansiyasının yaxınlığında vermişdir. 2022-ci ilin iyun ayının əvvəlləri qonaq otağının divarlarını ağardıb, paduqa vurulması üçün 1700 manat pulu hissə-hissə, elektrik açarı və elektrik çəngəlinin alınıb vurulması üçün 220 manatı, 150 manat usta pulunu, evin pəncərələrinin qarşısına künc daşları vurulması, həmin daşların alınması, daşınması və usta pulu ilə birlikdə 760 manatı, çənin yerinin daşlarını düzəltmək üçün 56 manat göndərmişdir. 15 iyun 2022-ci ildə o, Qəbələ rayonu, Seyidqışlaq kəndinə getmiş və görmüşlər ki, ev tamamilə təmirsiz vəziyyətdədir, 3 yataq otağına sulu divar örtüyü vurulmuş, 2 ədəd unitaz və aksessualar qonaq otağında döşəmənin üzərindədir. Onun aldığı 6 ədəd qapı, laminat, laminat aksessuarları, pulunu göndərdiyi mətbəx mebeli, qaz peçi (kamin), paltaryuyan maşın, mətbəx mebeli üçün qaz peçi, künc daşlar, həyətdə daşdan bəzəkli arakəsmə, çən, ariston markalı su qızdırıcısı, elektrik açarı və elektrik çəngəli, pərdə karnizi, su xətti çəkilməmişdir. Rəşad ona dəymiş ziyanı ödəməyə söz versə də ödəməmişdir. Bununla bağlı polis şöbəsinə şikayət vermişdir. Hal-hazırda ona dəyən 9659 manat maddi ziyandan 4000 manat ödənilmişdir. Mülki iddianın təmin edilməsini, Təqsirləndirilən şəxs barəsində azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini xahiş etmişdir. Məhkəmə baxışında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs onun rəfiqəsidir. Təranə Qəbələ rayonu, Seyidqışlaq kəndində 4 sot torpaq sahəsi almış və həmin torpaq sahəsində bir mərtəbəli ev tikdirməyə başlamışdır. Təranə ona demişdir ki, ona evi bibisi oğlu Rəşad tikir. 2022-ci ilin aprel, may və iyun aylarında Təranə Qəbələ rayonu, Seyidqışlaq kəndində olan torpaq sahəsində evin tikilməsi üçün ondan borc olaraq hiss-hissə 30000 manat almışdır. 2022-ci ilin may ayının sonu iyun ayının əvvəli Təranə ondan aldığı 10000 manat pulu onun iştirakı ilə “Papanin” körpüsünün yaxınlığında olan “Nurgün motors” şirkətinin qarşısında Rəşada vermişdir. 2022-ci ilin iyun ayında Təranə demişdir ki, evinin təmiri yarımçıq qalmış, Rəşad aldığı materialları, aksessuarları, 06 ədəd qapını, laminatı satıb qaçıb getmiş və hazırda Rəşadı tapa bilmir. X9 Rayon Polis Şöbəsinə Rəşad barəsində ərizə ilə müraciət etmişdir. Şahid5 məhkəməyə teleqram göndərərək maddi imkanı olmadığı üçün məhkəməyə gələ bilməyəcəyini bildirmişdir. Şahid5 istintaq zamanı ifadə verərək bildirmişdir ki, Təqsirləndirilən şəxs 2022-ci ilin mart, aprel və may aylarında onun Qəbələ rayonu, Vəndam qəsəbəsində yerləşən bir mərtəbəli həyət evində kirayədə yaşamışdır. Təqsirləndirilən şəxs 09 mart 2022-ci ildə onun kirayə verdiyi evin həyətinə 06 ədəd taxta materialdan hazırlanmış ağ rəngli Avropa qapıları, laminat və laminata aid aksessuarları gətirib boşaltmışdır. 07 may 2022-ci ildə Təqsirləndirilən şəxs gətirdiyi laminat və laminata aid aksessuarları tanımadığı yük avtomobli ilə aparmış, lakin laminat və laminata aid aksessuarları kimə satması barədə məlumatı yoxdur. 24 may 2022-ci ildə Rəşad ona zəng edərək demişdir ki, evə qoyduğu qapılara Ruslan adlı müştəri göndərəcək, 650 manata satarsan və pulu göndərərsən. Həmin günü o, Ruslan adlı şəxsə 06 ədəd qapını 650 manata satmış, Ruslan adlı şəxs həyətinə “VAZ-2104” markalı avtomobillə gəlmiş və həmin qapıları aparmışdır. O, həmin puldan Rəşadın dediyi kimi tikinti materiallarının satışı ilə məşğul olan Qəşəm adlı şəxsə 100-150 manat civarında Rəşadın borcundan vermişdir. Qalan pulu isə Qəbələ rayonu, Vəndam qəsəbəsində yerləşən mağazada olan ödəmə terminalından Təqsirləndirilən şəxs kart hesabına göndərmişdir. Rəşad onun evində kirayə qaldığı günlərin pulunu verməmişdir. İşdə olan və məhkəmə baxışında tədqiq edilmiş: - cinayət işinin başlanması və icraata götürülməsi haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə ********* nömrəli cinayət işi başlanılmış və icraata götürülmüşdür. - zərərçəkmiş şəxs qismində tanınma haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs qismində tanınmışdır. - zərərçəkmiş şəxsin nümayəndəsi qismində tanınma haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, “Xəzər Konsaltinq” Vəkil Bürosunun vəkili X4 ********* nömrəli cinayət işi üzrə Zərərçəkmiş şəxs nümayəndəsi qismində tanınmışdır. - xx.xx.2023-cü il tarixli axtarışda olan şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə təqsirləndirildiyinə və istintaqdan yayındığına görə tutulmuşdur. - cinayət işinin tövsif edilməsi haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, ********* saylı cinayət işi Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsindən Azərbaycan Respublikası CM-nin 178.1, 177.2.2 və 177.2.4-cü maddələrinə tövsif edilmişdir. - təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona Azərbaycan Respublikası CM-nin 178.1, 177.2.2, 177.2.4-cü maddələri ilə ittiham elan edilmişdir. - Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 4(007)-246/2023 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir, həbs etmənin əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmışdır. - maddi sübutun tanınması və saxlanması haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Şahid8 tərəfindən istintaqa təqdim olunmuş 06 ədəd qapılar sübut əhəmiyyəti kəsb etdiyindən ********* nömrəli cinayət işi üzrə maddi sübut kimi tanınmış və saxlanılması üçün Qəbələ RPŞ-nin maddi sübutların saxlama yerinə təhvil verilmişdir. - xx.xx.2023-cü il tarixli qəbzdən görünür ki, Zərərçəkmiş şəxs maddi sübut qismində tanınmış 6 ədəd qapı və qapı dəstlərini təhvil almışdır. - Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş məhkəmə tikinti-texniki obyektlərin tədqiqi ekspertizasının xx.xx.2023cü il tarixli, 3-16-16/2-10/5533, 9/5702 nömrəli ekspert rəyinin nəticə hissəsindən görünür ki, məhkəmə əmtəəşünaslıq və tikinti-texniki ekspertizanın təyin edilməsi barədə qərarda (qapı və laminatın fotoşəkillərinin kserosurətində və qaimənin kserosurətində) göstərilən malların 2022-ci ilin iyun ayına olan orta bazar qiyməti ilə ümumi dəyəri nəzəri qaydada təxminən 5881,50 manat müəyyən olunur. Qəbələ rayonu, Seyidqışlaq kəndi ərazisində yerləşən, tədqiq olunan tikilidə aparılmış tikinti-təmir işlərinin dəyəri hal-hazırki bazar qiymətlərinə uyğun olaraq təqribən 18239.20 manat məbləğində müəyyən olunur. - sübutların qiymətləndirilməsi barədə xx.xx.2023-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CMnin 177.2.2, 177.2.4 və 178.1-ci maddələrindən həmin Məcəllənin 178.2.4-cü maddəsinə tövsif edilmiş, 06 ədəd qapı, satıcı Şahid7 qeydiyyat kitabının 141-ci səhifəsinin surəti və Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs ilə “WhatsApp” proqramı vasitəsi ilə yazılmış mesajlar, müxtəlif vaxtlarda və müxtəlif məbləğdə pul vəsaitinin göndərilməsi ilə əlaqədar qəbzlərin şəkilləri maddi sübut qismində tanınmış, 06 ədəd qapı saxlanılması üçün Zərərçəkmiş şəxs verilmiş və satıcı Şahid7 qeydiyyat kitabının 141-ci səhifəsinin surəti və Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs ilə WhatsApp proqramı vasitəsi ilə yazılmış mesajlar, müxtəlif vaxtlarda və müxtəlif məbləğdə pul vəsaitinin göndərilməsi ilə əlaqədar qəbzlərin şəkilləri cinayət işinə əlavə edilmişdir. - xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə yenidən ittiham elan edilmişdir. - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, əməliyyat-sorğu kartotekasında Təqsirləndirilən şəxs məhkumluğu barədə heç bir məlumat yoxdur. - elektron-məhkəmə portalından çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.1987-ci il təvəllüdlü Şahid6 ilə birgə nikahlarından xx.xx.2011-ci il təvəllüdlü X2 və xx.xx.2012-ci il təvəllüdlü X3 adlı iki övladları vardır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 11 iyun 2015-ci il tarixli, 7 №-li qərarına əsasən törədilmiş əməl o halda Cinayət Məcəlləsinin 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə hesab edilir ki, şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakını əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə, yaxud əmlak hüquqlarının əldə edilməsinə yönəlmiş olsun. Dələduzluq yolu ilə əmlak hüquqları əldə etmə dedikdə, mülkiyyət hüququ, girov hüququ, tələb hüququ və varlanmaya səbəb olan sair hüquqları qanunsuz əldə etmə başa düşülməlidir. Bu hüquqlar müqavilələr və digər öhdəliklərdən əmələ gələn müvafiq sənədlərdə (məsələn, etibarnamədə, vəsiyyətnamədə, qiymətli kağızlarda, hesablaşma və sığorta sənədlərində və.s) əks oluna bilər. Dələduzluq cinayətinin üsulu kimi aldatma dedikdə, özgə əmlakını (əmlak hüququnu) ələ keçirmək niyyətində olan şəxs tərəfindən bilə-bilə yalan, həqiqətə uyğun olmayan məlumatların verilməsi və ya həqiqi məlumatların gizlədilməsi, yaxud da əmlakın ələ keçirilməsinə yönəlmiş qəsdən törədilən başqa hərəkətlərin edilməsi (məsələn, əqdin predmeti olan saxta əşyaların və ya saxta sənədlərin təqdim edilməsi, onların əldə edilməsi, malların alınması zamanı aldadıcı üsullardan istifadə edilməsi və ya hesablaşma görüntüsünün yaradılması və sair) başa düşülür. Dələduzluğun törədilməsi zamanı həqiqətə uyğun olmayan və ya gizlədilən məlumatlar kimi müxtəlif hallar, məsələn hüquqi faktlar, əmlakın dəyərinə və keyfiyyətinə, təqsirkarın şəxsiyyətinə, onun səlahiyyətlərinə və niyyətinə dair məlumatlar çıxış edə bilər. Dələduzluğun üsulu kimi etibardan sui-istifadə etmə dedikdə, əmlakı ələ keçirmək və ya əmlaka olan hüququ əldə etmək məqsədi güdən şəxs tərəfindən əmlakın mülkiyyətçisi, bu əmlaka sahiblik edən və ya sərəncam vermək hüququ olan şəxslə yaranmış etibarlı münasibətlərdən istifadə olunması başa düşülür. Etibardan sui-istifadə etmə, həmçinin, təqsirkar şəxsin qulluq səlahiyyətlərinin həyata keçirilməsi, zərər çəkmiş şəxslə yaxın şəxsi və ya qohumluq münasibətlərinin olması ilə də əlaqədar ola bilər. Etibardan sui-istifadə etmə həm də təqsirkarın əvəzsiz olaraq özünün və ya üçüncü şəxslərin xeyrinə əmlakı və ya ona olan hüququ ələ keçirmək məqsədi ilə üzərinə götürdüyü hər hansı öhdəliyi yerinə yetirmək niyyətində olmadığı halda, məsələn, kredit müəssisələrindən müəyyən məbləğdə kredit və ya zərər çəkmiş şəxsdən borc alaraq bunları qaytarmaq məqsədi güdmədiyi, hər hansı işin görülməsi, xidmətlərin göstərilməsi öhdəliyini üzərinə götürüb bunun üçün əvvəlcədən avans kimi müəyyən məbləğdə pul alaraq həmin işi görmədiyi (xidməti göstərmədiyi) və görmək (xidmət göstərmək) niyyətində olmadığı hallarda da baş verir. Göstərilənlərə əsasən məhkəmə belə bir nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətdiyi əməldə cinayət tərkibi vardır, ona ibtidai istintaq zamanı düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə ittiham irəli sürülmüş və əməli həmin maddə ilə tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsas yoxdur. Məhkəmə iclasında Təqsirləndirilən şəxs etibardan sui-istifadə etmə və aldatma yolu ilə Zərərçəkmiş şəxs xeyli miqdarda əmlakını ələ keçirərək dələduzluq cinayətini törətməsi toplanmış və tədqiq edilmiş sübutların məcmusu ilə tamamilə sübuta yetirildi. Məhkəmə iş üzrə toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutlara qiymət verərək hesab edir ki, həmin sübutlar mötəbər və mümkün olmaqla Təqsirləndirilən şəxs tərəfindən Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlinin törədilməsini tam təsdiq edir. Təqsirləndirilən şəxs cəzadan azad edilməsi və onun barəsində cəzanın təyin edilməməsi üçün əsaslar olmadığı üçün Azərbaycan Respublikası CM-nin 58-ci maddəsinə əsasən ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş hədlərdə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə görə, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən, Azərbaycan Respublikası CMnin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs törətdiyi əməl az ağır cinayət hesab olunur. Məhkəmə, Təqsirləndirilən şəxs ilk dəfə cinayət əməli törətməsini, törətdiyi əməli etiraf etməsini, zərərçəkmiş şəxsə dəymiş ziyandan 4000 manat ödəməsini, zərərçəkmiş şəxsin şikayətinin olmamasını, evli olmasını, himayəsində yetkinlik yaşına çatmayan iki övladının olmasını cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs cəzasını Azərbaycan Respublikası CM-nin 61.1-ci maddəsində nəzərdə tutulmuş ağırlaşdıran hal müəyyən edilmədi. Məhkəmə Təqsirləndirilən şəxs barəsində təyin ediləcək cəzanın həddini və növünü müəyyən edərkən cəza təyinetmənin ümumi prinsiplərini rəhbər tutmaqla onun qəsdən az ağır cinayət törətməsini, qəsdin obyektini mülkiyyət münasibətləri təşkil etməsini və cəzasını yüngülləşdirən halları nəzərə alaraq hesab edir ki, onun islah olunması üçün barəsində təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsi məqsədəmüvafiqdir və cəzanın məqsədini təmin edir. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə hesab edir ki, cəza təyin edilərkən Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdən xx.xx.2024-cü il tarixədək 9 ay 24 gün həbsdə saxlanılmasının bir gününü azadlığın məhdudlaşdırılmasının iki gününə hesablayaraq nəzərə alınmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək yaşadığı ünvan 1 ünvanını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı və Sumqayıt şəhərlərinin, habelə Abşeron rayonunun ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Azərbaycan Respublikasının CPM-nin 346.1.19-346.1.22-ci maddələrində nəzərdə tutulmuş məsələləri həll edərək məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilərək hökm qanuni qüvvəyə minənədək barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilməli və məhkəmə iclas zalından dərhal azad edilməli; Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı; Azərbaycan Respublikası CPM-nin 132.1.4-cü maddəsinə əsasən iş üzrə maddi sübut olan 06 ədəd qapı zərərçəkmiş şəxs – mülki iddiaçı Zərərçəkmiş şəxs qaytarılmış hesab edilməli, iş üzrə maddi sübut olan satıcı Şahid7 qeydiyyat kitabının 141-ci səhifəsi, Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs ilə “WhatsApp” proqramı vasitəsi ilə yazılmış mesajları, pul vəsaitinin göndərilməsi ilə əlaqədar qəbzlərin şəkilləri cinayət işinin materiallarında saxlanılmalı; Azərbaycan Respublikası CPM-nin 198.1-ci maddəsinə əsasən məhkəmə məsrəfi olan 50 (əlli) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub dövlət xəzinədarlığı agentliyi, kod 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN **********, hesab AZ34CTRE******************** hesabına ödənilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Azərbaycan Respublikasının CPM-nin 179.1-ci maddəsinə əsasən cinayət mühakimə icraatında mülki iddia bu Məcəllənin müddəaları ilə müəyyən edilmiş qaydalara əsasən verilir, sübut və həll olunur. Azərbaycan Respublikasının CPM-nin 181.1-ci maddəsinə əsasən əmlakına vurulmuş ziyana görə fiziki və hüquqi şəxs cinayət mühakimə icraatı zamanı aşağıdakı hallarda mülki iddia verməyə haqlıdır: - ziyan bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə vurulduqda; ziyan cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi ilə əlaqədar vurulduqda. Məhkəmə hesab edir ki, zərərçəkmiş şəxs- mülki iddiaçı Zərərçəkmiş şəxs mülki iddiası təmin edilməli və Təqsirləndirilən şəxs 5659 manat tutularaq zərərçəkmiş şəxsmülki iddiaçı Zərərçəkmiş şəxs ödənilməlidir. Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə hesab edir ki, vəkilin məhkəmədə iştirak etdiyi müddət 39 iş saatı müddətinə bərabər olduğundan, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2018-ci il tarixli, 202 saylı qərarına əsasən göstərilmiş hüquqi xidmətlərə görə hər iş saatı üçün 6 (altı) manat miqdarında ödənilməsi nəzərə alınmaqla 234 (iki yüz otuz dörd) manat (39x6) məbləğində əmək haqqı Bakı şəhəri 6 saylı Vəkil Bürosu vasitəsi ilə Müdafiəçi dövlət büdcəsi vəsaiti hesabına ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinib, barəsində 03 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 23 may 2023-cü il tarixdən 18 mart 2024-cü il tarixədək 09 ay 24 gün həbsdə saxlanılması nəzərə alınmaqla həbsdə saxlamanın bir gününü azadlığın məhdudlaşdırılmasının iki gününə hesablayaraq üzərində 01 (bir) il 04 (dörd) ay 12 (on iki) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın və cəzaçəkmə müddətinin başlanğıcı cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilsin. Hökm qanuni qüvvəyə minənədək barəsində başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri seçilsin və məhkəmə iclas zalında dərhal həbsdən azad edilsin. Təqsirləndirilən şəxs üzərinə hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək yaşadığı ünvan 1 ünvanını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı və Sumqayıt şəhərlərinin, habelə Abşeron rayonunun ərazisini tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs üzərində nəzarətin həyata keçirilməsi yaşayış yeri üzrə Probasiya İdarəsinə həvalə edilsin. İş üzrə maddi sübut olan 06 ədəd qapı zərərçəkmiş şəxs – mülki iddiaçı Zərərçəkmiş şəxs qaytarılmış hesab edilsin. İş üzrə maddi sübut olan satıcı Şahid7 qeydiyyat kitabının 141-ci səhifəsi, Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs ilə “WhatsApp” proqramı vasitəsi ilə yazılmış mesajları, pul vəsaitinin göndərilməsi ilə əlaqədar qəbzlərin şəkilləri cinayət işinin materiallarında saxlanılsın. İş üzrə məhkəmə məsrəfi olan 50 (əlli) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub dövlət xəzinədarlığı agentliyi, kod 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN **********, hesab AZ34CTRE******************** hesabına ödənilsin. Zərərçəkmiş şəxs – mülki iddiaçı Zərərçəkmiş şəxs mülki iddiası təmin edilsin və Təqsirləndirilən şəxs 5659 manat tutularaq zərərçəkmiş şəxs-mülki iddiaçı Zərərçəkmiş şəxs ödənilsin. Təqsirləndirilən şəxs 39 saat göstərdiyi pulsuz hüquqi yardıma görə iş üzrə dəvət olunmuş Müdafiəçi 234 (iki yüz otuz dörd) manat əmək haqqı Bakı şəhəri 6 saylı Vəkil Bürosu vasitəsi ilə Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına ödənilsin. Hökmdən elan olunduğu andan 20 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Həmin müddətdə hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən Mətanət Hacıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar