Məhkəmə qərarları › İş №1(007)-127/2025

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №1(007)-127/2025

10.04.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(007)-127/2025 10.04.2025 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ X2 Əziz oğlunun sədrliyi, Seyfullayeva Şəbnəm Əfqan qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxs – Zərərçəkmiş şəxs, müdafiəçi - Bakı şəhəri 6 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs iştirakları ilə, təqsirləndirilən şəxsxx xxxxxxxx 1997-ci ildə Ağsu rayonunun Nuran kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Ağsu rayonunun Nuran kəndində qeydiyyatda olan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs “İnstagram” sosial şəbəkəsi vasitəsi ilə tanış olduğu Zərərçəkmiş şəxs ilə cinsi əlaqədə olması barədə razılığa gələrək sonuncunun dəvəti ilə 10 yanvar 2024-cü il tarixdə saat 02 radələrində ünvan 1 ünvanında yerləşən “Emerald” hotelə gəldikdən sonra Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs qadın olmadığı üçün görüşmək istəməməsi və buna görə pul verməkdən imtina etməsi ilə əlaqədar aralarında baş vermiş mübahisə zamanı həmin otelin 216 nömrəli otağında Təqsirləndirilən şəxs qəsdən naməlum deşici-kəsici alətlə iki dəfə Zərərçəkmiş şəxs qarın nahiyəsinə vuraraq sonuncuya ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid qarnın sağ yarısının ön səthinin iki ədəd deşilmiş-kəsilmiş yarası ilə müşayiət olunan bədən xəsarətləri yetirərək qəsdən sağlamlığa yüngül zərər vurmuşdur. Həmin əməlinə görə Təqsirləndirilən şəxs ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə ittiham elan olunmuşdur. İşin halları və dəlilləri: Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş Azərbaycan Respublikası CM-nin 128-ci maddəsində nəzərdə tutulmuş ittihamla özünü təqsirli bilərək ifadəsində bildirmişdir ki, ləqəbi “Emilya”dır. 09 yanvar 2024cü il tarixdə axşam saat 21 radələrində tanımadığı şəxs ona zəng edərək görüşmək istədiyini bildirmişdir. O həmin şəxslə razılaşaraq hara gələcəyini soruşduqda həmin şəxs ona Bakı şəhəri Nizami rayonunun ərazisində yerləşən “Emerald” hotelində görüşəcəklərini demiş və adının Eynar olduğunu bildirmişdir. Bundan sonra o hazırlaşıb yola çıxmış, yolda olarkən rəfiqəsi “Ayan” ləqəbli şəxsə yığıb harada olduğunu soruşduqda o, “Nice Life” hoteldə müştəri ilə birlikdə olduğunu və işini yekunlaşdırmaq üzrə olduğunu biİdirmişdir. O, “Ayan”a “Nice Life” hotelinin yanında yerləşən “Emerald” hotelə gəldiyini və işi bitdikdən sonra gəlib onu gözləyə bilib-bilməyəcəyini soruşmuşdur. “Ayan” heç bir problem olmadığını, onu gözləyə biləcəyini demişdir. O, “Emerald” hotelin qarşısına çatdıqda həmin vaxt “Ayan” da “Nice Life” hoteldən çıxıb “Emerald” hotelin qarşısına gəlmişdir. Onlar birlikdə “Emerald” hotelə daxil olmuşlar. O, 2-ci mərtəbəyə Eynarın olduğu otağa qalxmış, “Ayan” isə hotelin lobbisində gözləmişdir. Eynarla otaqda oturub 10-15 dəqiqə söhbət etdikdən sonra Eynar şəkildəki şəxsin ona oxşamadığını demişdir. O da cavabında Eynara “pulumu ver, gedim” demişdir. Eynar qışqıraraq taxtın üstünə çıxmış, otaqda olan şüşə su butulkasını yerə çırpıb sındıraraq əlində tutmuşdur. Bu zaman o da otaqda olan şüşə stəkanı stolun üstünə vuraraq sındırıb əlində saxlamışdır. Eynar heç bir səbəb olmadan qışqırmış, o əsəbləşib əlindəki şüşə stəkanının qırığını divara çırpmaq istəyən zaman Eynarın qarın nahiyəsinə dəymişdir. Eynara qəsdən xəsarət yetirməmişdir. Səs-küyə otağa rəfiqəsi “Ayan”, hotelin bir neçə işçisi, daha sonra isə polis əməkdaşları gəlmişlər. Əməlindən peşmandır. Zərərçəkmiş şəxs dəymiş ziyanı tam ödəmiş, onunla barışmışdır. Məhkəmədən barəsində olan cinayət işi üzrə icraata xitam verilməsini xahiş edir. Təqsirləndirilən şəxs qeyd edilən əməli törətməkdə təqsirliliyi öz ifadəsi ilə yanaşı aşağıdakı sübutlarla da təsdiq olunur. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində bildirmişdir ki, o, 09 yanvar 2024-cü il tarixdə saat 21 radələrində işdən çıxdıqdan sonra dincəlmək məqsədi ilə Bakı şəhəri Nizami rayonu Mehdi Abbasov küçəsində yerləşən “Emerald” hotelə getmişdir. Hotelin 2-ci mərtəbəsində yerləşən otağına qalxdıqdan sonra “İnstagram” sosial şəbəkəsi üzərindən tanımadığı, pul müqabilində cinsi əlaqədə olan şəxsin səhifəsini tapmış və həmin şəxslə əlaqə saxlayıb görüşmək istədiyini bildirmişdir. Həmin səhifədə yerləşdirilən şəkillərdəki şəxs və telefon vasitəsi ilə onunla danışan şəxs Təqsirləndirilən şəxs olmamış, qadın olmuşdur. Həmin şəxslə razılaşaraq onu “Emerald” hotelə dəvət etmişdir. 10 yanvar 2024-cü il tarixdə gecə saat 1-2 radələrində otağının qapısı döyülmüş, qapını açdıqda 2 nəfər transseksualın gəldiyini görmüşdür. O, onlara transseksual deyil, qadın çağırdığını bildirmişdir. Şamxal otağa keçmiş, digər şəxs isə çöldə qalmışdır. Bundan sonra Şamxalla aralarında otağın içində mübahisə yaranmışdır. Mübahisə zamanı otağın qapısı bağlı olmuşdur. Şamxal ondan 150 manat pul verməyini tələb etmiş, o isə 50 manat pul verə biləcəyini və getməyini bildirmişdir. Şamxal şüşə butulkanı divara vurub sındıraraq, butulkanın qırığı ilə onun qarnının sağ tərəfinə 2 dəfə xəsarət yetirmişdir. Bundan sonra Şamxal digər transseksualla birlikdə çıxıb getmişdir. Təqsirləndirilən şəxs ona dəymiş ziyanı tam ödəmişdir. Təqsirləndirilən şəxslə barışmışdır, ona qarşı heç bir şikayəti və tələbi yoxdur. İş üzrə icraata xitam verilməsini xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, ləqəbi “Ayan”dır. 09 yanvar 2024-cü il tarixdə axşam saatlarında “Emilya” ləqəbli rəfiqəsi Şamxal ona zəng edib harada olduğunu soruşmuş, o, Şamxala “Nice Life” hoteldə müştəri ilə birlikdə olduğunu, işini yekunlaşdırmaq üzrə olduğunu bildirmişdir. Şamxal ona “Nice Life“ hotelinin yanında yerləşən “Emerald” hotelə gəldiyini, işi bitdikdən sonra gəlib onu gözləyə bilib-bilməyəcəyini soruşduqda o gözləyə biləcəyini demişdir. Şamxal “Emerald“ hotelin qarşısına çatdıqda həmin vaxt o da “Nice Life” hoteldən çıxıb “Emerald” hotelin qarşısına gəlmişdir. Onlar birlikdə hotelə daxil olmuş, Şamxal ikinci mərtəbədə yerləşən otağa qalxmış, o isə hotelin lobbisində gözləmişdir. Şamxal yuxarı qalxdıqdan bir qədər sonra səs-küy gəldiyini eşidib o da yuxarı qalxmışdır. O, otağa daxil olanda görmüşdür ki, Eynar taxtın üzərində əlində sınmış şüşə butulkasını tutaraq qışqırır. Həmin vaxt Şamxalın əlində heç nə olmamışdır. O, Eynarın üzərində qan görməmişdir. Səs-küyə otağa bir neçə hotel işçisi də gəlmişdir. Sonra polis əməkdaşları gəlib onları şöbəyə aparmışlar. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, hadisə baş verən zaman “Emerald” otelində menecer işləmişdir. Menecer kimi onun vəzifəsi hoteldə yerləşən otaqlara ümumi nəzarət etmək, işçilərə nəzarət etmək və s. ibarət olmuşdur. 09 yanvar 2024-cü il tarixdə saat 22:24-də Zərərçəkmiş şəxs adlı şəxs hotelə gələrək hotelin 2-ci mərtəbəsində yerləşən 216 nömrəli otağı sifariş vermişdir. Bir qədər sonra 10 yanvar 2024-cü il tarixdə gecə saat 1 radələrində Təqsirləndirilən şəxs hotelə daxil olub 216 nömrəli otağa gəldiyini bildirərək həmin otağa qalxmışdır. 10 yanvar 2024-cü il tarixdə gecə saat 1-2 radələrində işdə olan zaman qeydiyyat bölməsindəki işçi 2-ci mərtəbədə yerləşən 216 nömrəli otaqda səs-küy olması barədə ona məlumat vermişdir. O, ikinci mərtəbəyə qalxıb qapını döymüş, lakin açmamışlar. İşçilərə polis əməkdaşlarını çağırmalarını bildirmişdir. Polis əməkdaşları gəldikdən sonra qapını açmışlar. Otağa daxil olduqda yerdə şüşə qırıqları olduğunu görmüşdür. Polis əməkdaşı nə baş verdiyini soruşduqda Eynar heç bir problemin olmadığını bildirsə də qarın nahiyəsini əli ilə tutub sıxmışdır. Sonradan prokurorluqda izahat verərkən ona məlum olmuşdur ki, Şamxal stəkan qırığı ilə Eynara xəsarət yetirib. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: - Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X1 tərəfindən verilmiş canlı şəxsin ekspertizasına dair 16 may 2024-cü il tarixli 428 nömrəli rəydən görünür ki, Zərərçəkmiş şəxs qarnın sağ yarısının ön səthinin iki ədəd deşilmişkəsilmiş yarası olmuşdur. Qeyd olunan xəsarətlər deşici-kəsici əşyanın təsirindən törənmişdir, 10 yanvar 2024-cü il tarixdə alınmaları mümkündür, dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddir. Xəsarət(lər)in lokalizasiya və xüsusiyyətlərini nəzərə alaraq demək olar ki, həmin xəsarət(lər)in şəxsin özü tərəfindən özünə yetirilməsi, eləcə də öz boyu hündürlüyündən yıxılması nəticəsində alınmaları inkar olunur. - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş 15 iyun 2024-cü il tarixli tələbnamədən görünür ki, əməliyyat-sorğu kartotekasında Təqsirləndirilən şəxs məhkumluğu barədə məlumat yoxdur. Sübutların qiymətləndirilməsi və hüquqi məsələlər: Məhkəmə iş üzrə toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutlara qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməldə cinayət tərkibi vardır, ona ibtidai istintaq zamanı düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128ci maddəsi ilə ittiham irəli sürülmüş və əməli həmin maddə ilə tövsif edilmişdir. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışdığını, ona dəymiş ziyanı tam ödədiyini göstərmiş, bunu ifadə edən ərizəni məhkəməyə təqdim etmiş və barəsində olan cinayət işi üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Eyni zamanda, Zərərçəkmiş şəxs məhkəməyə təqdim etdiyi ərizəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs ilə barışmışdır, ona qarşı heç bir şikayəti və tələbi yoxdur, ona dəymiş ziyan tam ödənilmişdir. Məhkəmədən cinayət işi üzrə icraata icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə hesab edir ki, aşağıdakılara əsasən Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməli və barəsində olan cinayət işinin icraatına xitam verilməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 15.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs törətdiyi əməl böyük ictimai təhlükə törətməyən cinayət hesab olunur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışdığını, zərərçəkmiş şəxsə dəymiş ziyanı tamamilə ödədiyini nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən cinayət məsuliyyətindən azad edilməlidir. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs ilə barışmasına və dəymiş ziyanın tamamilə ödənilməsinə dair məhkəməyə təqdim edilmiş ərizələri, prosessual qanunvericiliyin yuxarıda sadalanan müddəalarını nəzərə alıb hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsi tətbiq olunmaqla Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata xitam verilməli və o, cinayət məsuliyyətindən azad edilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 156.4-cü maddəsinə əsasən cinayət işi üzrə icraata xitam verildiyi hallarda, şübhəli və ya təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbirləri xitam olunur. Azərbaycan Respublikası CPM-nin 346.1.20-ci maddəsində nəzərdə tutulmuş məsələni həll edərək məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri xitam olunmalıdır. İş üzrə mülki iddia, maddi sübut yoxdur. Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə hesab edir ki, vəkilin məhkəmədə iştirak etdiyi müddət 45 iş saatı müddətinə bərabər olduğundan, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2018-ci il tarixli 202 saylı Qərarına əsasən göstərilmiş hüquqi xidmətlərə görə hər iş saatı üçün 6 manat miqdarında ödənilməsi nəzərə alınmaqla 270 manat (45x6) məbləğində əmək haqqı Bakı şəhəri 6 saylı Vəkil Bürosu vasitəsi ilə Müdafiəçi dövlət büdcəsi vəsaiti hesabına ödənilməlidir. Nəticə: Yuxarıdakılara əsasən, Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 43.3, 321, 344-347, 356, 358, 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə cinayət məsuliyyətindən azad edilsin və barəsində olan cinayət işinin icraatına xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri xitam olunsun. Təqsirləndirilən şəxs 45 saat göstərdiyi pulsuz hüquqi yardıma görə iş üzrə dəvət olunmuş Müdafiəçi 270 manat əmək haqqı Bakı şəhəri 6 saylı Vəkil Bürosu vasitəsi ilə Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına ödənilsin. Qərardan elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Həmin müddətdə qərardan apellyasiya qaydasında protest və şikayət verilmədikdə qərar müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən, hakim İlham Kərimli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar