Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(007)-129/2020 23.09.2020 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyeva Mətanət İsfəndiyar qızının sədrliyi, məhkəmə iclas katibi Ələsgərova Aytac Hikmət qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhər məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Mirzəyev Ceyhun Namiq oğlunun, müdafiəçi - Bakı şəhəri 6 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi oğlunun, təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs iştirakı ilə, təqsirləndirilən şəxsxx.xx.1983-cü ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ali təhsilli, evli, “xxxxxxxxxxxxx” MMC-də iş icraçısının köməkçisi işləyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan, barəsində başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 162.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ İstintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 162.2-ci maddəsi ilə ittiham irəli sürülmüşdür ondan ötrü ki, o, “xxxxxxxxxxxxx” MMC-də xx.xx.2018-ci il tarixli, 092 №-li əmr əsasında iş icraçısının köməkçisi vəzifəsində işləyərkən həmin cəmiyyət tərəfindən təsdiq edilmiş “İş icraçısı köməkçisinin vəzifə təlimatı”nın “Vəzifə borcu” başlığında nəzərdə tutulan vəzifələrinə əsasən, quraşdırma işlərinin yerinə yetirilməsi zamanı normativ sənədlərə əməl olunmasını təmin etməli, müvafiq istehsalat tapşırıqlarını müəyyən edib onların yerinə yetirilməsinə nəzarət etməli, təhlükəsiz metodlarla işləmək üçün bilavasitə iş yerlərində işçilərə təlimat verməli, işçilər tərəfindən əmək mühafizəsi təlimatına riayət etmələri üçün tədbirlər görməli və işçilərin istehsal, əmək intizamına riayət etmələrini təmin etməli olduğu halda bunlara əməl etməyərək texniki təhlükəsizlik və əmək mühafizəsi qaydalarını pozması və iş yerini tərk etməklə işçiləri nəzarətsiz qoyması nəticəsində həmin MMC-də xx.xx.2019-cu il tarixli əmək müqaviləsi əsasında quraşdırıcı işləyən X4 xx xxxxxx 2020-ci il tarixdə saat 12 radələrində Bakı şəhəri, Nizami rayonu, H.Əliyev prospekti 115 ünvanında yerləşən hündürmərtəbəli yaşayış binasında quraşdırılmış liftin sınaqdan keçirilməsi və istismara buraxılması işini həyata keçirən zaman liftin kabini üzərində quraşdırılmış balyustradada (eyvanda) dayanıb, nəzarətsiz şəraitdə kabin ilə liftin beynini əlaqələndirən kabeli tənzimləyərkən liftin kabinəsini düzgün idarə etməməsi səbəbindən ehtiyatsızlıqdan başı məhəccər ilə şaxta tavanı arasında qalaraq boyun üzvlərinin sıxılması nəticəsində yaranmış mexaniki stranqulyasion asfiksiyasından ölməsinə səbəb olmuşdur. Məhkəmə baxışında Təqsirləndirilən şəxs özünü ona elan olunmuş Azərbaycan Respublikası CM-nin 162.2-ci maddəsində nəzərdə tutulmuş ittiham üzrə təqsirli bilərək ifadəsində göstərmişdir ki, X7 xx.xx.2019-cu il tarixli əmək müqaviləsi əsasında “xxxxxxxxxxxx” MMC-də quraşdırıcı kimi işə başlamış, sonradan iş icraçısının köməkçisi işinə keçirilmişdir. xx xxxxxx 2019-cu il tarixdən Bakı şəhəri, Nizami rayonu, H.Əliyev prospekti 115 ünvanında “xxxxxxxxxxxxxx” MMC tərəfindən çəpərlənmiş tikinti meydançasında inşa edilməkdə olan on altı mərtəbəli yaşayış binasında liftlərin quraşdırılması həmin MMC ilə bağlanmış podrat müqaviləsinə əsasən “xxxxxxxxxxxxx” MMC-yə həvalə edilmiş və layihənin həyata keçirilməsinə də faktiki olaraq iş icraçısı kimi onu ayırmışlar. O, işçilərə texniki təhlükəsizlik qaydaları barədə təlimat keçib bu barədə müvafiq təlimat vərəqəsinə imza etdirmişdir. Hadisə günü Musa Dəmirovun təhlükəsiz əmək şəraitində işləməsinə nəzarəti konkret olaraq o, həyata keçirmişdir. xx xxxxxx 2020ci il tarixdə saat 09:00-da iş yerində Musa, Kamil və Əmrah qoruyucu vasitələr geyinmişlər. O, işçilərə texniki təhlükəsizlik qaydaları barədə təlimat keçib təlimat vərəqəsinə imza etdirdikdən sonra saat 11 radələrinə qədər Əmraha kömək etmiş, arada Musa və Kamilin də işinə baxmış, Musa və Kamil liftin şlef adlanan kabelini quraşdırmışlar. Bundan sonra o, tikinti materialları gətirmək üçün əsas ofisə getmiş, geri qayıdan zaman saat 12:30 radələrində ona zəng edərək Musa Dəmirovun liftin şaxtasında tavan ilə liftin balkon dəmirləri (balyustrada) arasında sıxılaraq ölməsi barədə bildirmişlər. O, dərhal hadisə yerinə getmiş, Musa Dəmirovun meyiti artıq şaxtadan çıxarılıb binanın qarşısına qoyulmuşdur. O, işçilər ilə söhbətlərdən belə başa düşmüşdür ki, Musa Dəmirov liftin şlef adlı kabelini liftin beyninə birləşdirdikdən sonra kabinənin üzərindəki balkon dəmirlərindən başını kənara çıxarmamalı olduğu halda kabeli sınaqdan keçirmək üçün çıxarıb baxdığına görə və aşağı-yuxarı idarə etmə qurğusu ilə ani ehtiyatsızlıq edərək düzgün istifadə etmədiyinə görə başı şaxtanın tavanı ilə kabinənin balkon dəmirləri (balyustrada) arasında qalması səbəbindən ölmüşdür. İşçinin balkon dəmirlərindən başını kənara çıxarmaması barədə dəfələrlə təlimatlandırma proseslərində deyilmiş və liftin balkon dəmirlərinə bu barədə qadağanedici nişan da vurulmuşdur. O, hadisə yerini tərk etməməli və mütəmadi olaraq işçilərin təhlükəsizlik qaydalarına riayət etməklə işləmələrini nəzarətdə saxlamalı olduğuna baxmayaraq hadisə yerini tərk edib işçiləri nəzarətsiz qoymuşdur. Zərərçəkmiş şəxsin hüquqi varisinə dəymiş ziyanı ödəmiş, onunla barışmışdır. Əməlindən peşmandır. Məhkəmədən himayəsində yaşlı valideynlərinin, 4 yaşında qızının olmasını, həyat yoldaşının hamilə olmasını, ailənin yeganə qazanc gətirəni olmasını nəzərə alaraq barəsində yüngül cəza təyin edilməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs qeyd edilən əməli törətməkdə təqsiri öz ifadəsi ilə yanaşı aşağıdakılarla da təsdiq olunur. İş üzrə zərərçəkmiş şəxsin hüquqi varisi X6 məhkəməyə ərizə ilə müraciət edərək bildirmişdir ki, Təqsirləndirilən şəxs qarşı şikayəti yoxdur, onunla barışıb razılıq əldə etmişlər. Ona dəymiş ziyan ödənilmişdir. Rayonda yaşadığı üçün məhkəmə iclaslarını onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Zərərçəkmiş şəxsin hüquqi varisi X6 istintaq zamanı bildirmişdir ki, mərhum X7 onun doğma oğludur. Musa Dəmirov xx.xx.2019-cu il tarixdən əmək müqaviləsi əsasında “xxxxxxxxxxxxx” MMC-də quraşdırıcı kimi işə başlamışdır. Musa sakit təbiətli, tərbiyəli oğlan olmuş, heç kim ilə ədavəti, düşmənçiliyi olmamışdır, hər hansı şəxs tərəfindən Musaya qarşı amansız rəftar, hədələmə, ləyaqətini alçaltma hallarının şahidi olmamışdır. O, Musanı sonuncu dəfə xx xxxxxx 2020-ci il tarixdə saat 06 radələrində Sabirabad rayonundan Bakı şəhərinə yola saldıqdan sonra bir daha əlaqələri olmamış, Musa ona iş yerində hər hansı şəxs ilə ədavətli münasibətinin olması barədə bildirməmiş, işindən narazılıq etməmişdir. Musa Bakı şəhəri, Nizami rayonu, H.Əliyev prospekti 115 ünvanında yerləşən hündürmərtəbəli yaşayış binasının alt iki mərtəbəsində “DOST” layihəsinin tikintisində liftlərin quraşdırılması işinə başlamışdır. xx xxxxxx 2020-ci il tarixdə saat 15 radələrində Musanın iş yerindən ona zəng edərək Musanın lifti quraşdırarkən şaxta ilə liftin tavanı arasında qalaraq aldığı xəsarətdən boğularaq ölməsini bildirmişlər. Bundan sonra Musanın meyiti rayona gətirilmiş və onun bədəni üzərində ancaq boyun nahiyəsində qançırabənzər izlərdən başqa xəsarət olmamışdır. Hadisədən sonrakı günlərdə özü də hadisə yerinə gedib baxmış, MMC-nin əməkdaşları lifti hərəkətə gətirərək ona hadisə vaxtı Musanın hansı şəraitdə ölməsini, liftin tavanı üzərində kabelin ölçüsünü tənzimləyən zaman ehtiyatsızlıq edərək başını balyustrasiya deyilən balkon dəmirlərindən çıxarmamalı olduğu halda çıxardığına görə başı həmin dəmirlə şaxtanın tavanı arasında qalaraq sıxılmasını izah etmişlər. Məhkəmə baxışında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, “xxxxxxxxxxxxx” MMC-də iş icraçısı işləyir. Əmək funksiyaları MMC tərəfindən həyata keçirilən “standart layihələrin idarə edilməsi, sifarişçi təşkilatlarla müqavilə üzrə danışıqlar aparmaq, öhdəliklər və şərtlər barədə razılıq əldə edilməsi, müqavilə üzrə şaxtanı təhvil almaq və liftin quraşdırılması başa çatdırıldıqdan sonra lifti təhvil vermək və s.” ibarətdir. Təqsirləndirilən şəxs və Elnur Nuriyev onun köməkçiləri olmaqla layihələr üzrə işlərin görülmə prosesinə cəlb edilərək təhkim olunduqları sahələrdə işçilər arasında həmin gün görülməsi nəzərdə tutulan işlər üzrə gündəlik texniki təhlükəsizlik qaydaları barədə təlimat keçib təlimat vərəqələrini imzalatmışlar. “xxxxxxxxxxxxx” MMC-də texniki təhlükəsizlik üzrə mühəndis işləyən Şahid4 əmək funksiyaları isə iş sahələrini gəzərək işçilərə təlimat keçilməsinə nəzarət etməkdən ibarətdir. Bakı şəhəri, Nizami rayonu, H.Əliyev prospekti 115 ünvanında “xxxxxxxxxxxxxx” MMC tərəfindən çəpərlənmiş tikinti meydançasında inşa edilməkdə olan on altı mərtəbəli yaşayış binasında liftlərin quraşdırılması işi həmin MMC ilə bağlanmış podrat müqaviləsinə əsasən “xxxxxxxxxxxxx” MMC-yə həvalə edilmişdir. Həmin layihənin həyata keçirilməsinə iş icraçısı kimi qeyri-rəsmi olaraq şifahi şəkildə iş icraçısının köməkçisi Təqsirləndirilən şəxs ayrılmışdır. Hadisə günü də Musa Dəmirovun təhlükəsiz əmək şəraitində işləməsinə nəzarəti əməyin mühafizəsi və texniki təhlükəsizlik üzrə mühəndislərdən konkret olaraq iş icraçısının köməkçisi Təqsirləndirilən şəxs həyata keçirmişdir. xx xxxxxx 2020-ci il tarixdə saat 12:30 radələrində ona zəng edərək Bakı şəhəri, Nizami rayonu, H.Əliyev prospekti 115 ünvanında Musa Dəmirovun şaxtanın tavanı ilə liftin balkon dəmirləri (balyustrada) arasında sıxılaraq ölməsini bildirmişlər. O, hadisə yerinə gələndə Musa Dəmirovun meyiti artıq şaxtadan çıxarılıb binanın qarşısına qoyulmuşdur. O, işçilər ilə söhbətlərdən belə başa düşmüşdür ki, Musa Dəmirov liftin şlef adlı kabelinin ölçüsünü tənzimləyərkən kabinənin üzərindəki balkon dəmirlərindən (balyustradadan) başını kənara çıxarmamalı olduğu halda çıxarıb baxdığına görə və aşağı-yuxarı idarə etmə qurğusu ilə ani ehtiyatsızlıq edərək düzgün istifadə etmədiyinə görə başı şaxtanın tavanı ilə kabinənin balkon dəmirləri (balyustrada) arasında qalması səbəbindən ölmüşdür. İşçinin balkon dəmirlərindən başını kənara çıxarmaması barədə dəfələrlə təlimatlandırma proseslərində deyilmiş, bu barədə təlimat vərəqələrinə imza etdirilmiş, liftin balkon dəmirlərinə bu barədə qadağanedici nişan da vurulmuşdur. Məhkəmə baxışında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, “xxxxxxxxxxxxx” MMC-də təhlükəsizlik və keyfiyyətə nəzarət üzrə mühəndis işləyir. xx.xx.2020-ci il tarixdən “Kone” markalı liftlərin Azərbaycanda rəsmi distribyutri kimi satışı və quraşdırılması fəaliyyətini həyata keçirən “xxxxxxxxxxxxx” MMC ilə arasında bağlanmış xidmət müqaviləsinə əsasən həmin MMC-də texniki təhlükəsizlik və keyfiyyətə nəzarət üzrə mühəndis işini görməyə başlamışdır. Onun əmək funksiyalarına “xxxxxxxxxxxxx” MMC tərəfindən şəhərin müxtəlif yerlərində görülən iş yerlərinə gedib işçilər tərəfindən iş vaxtı təhlükəsizlik qaydalarına riayət etmələrinə, qoruyucu vasitələrlə təchiz edilmələrinə, təhlükəsiz əmək şəraitinin təmin edilməsinə, gündəlik texniki təhlükəsizlik barədə təlimatların keçirilməsinə və s. nəzarət etməkdən və hər hansı nöqsan aşkar etdikdə iş icraçısının da iştirakı ilə işçi vasitəsilə izahatını almaqla texniki nöqsanı aradan qaldırmaqdan ibarətdir. Mərhum X4 işi “xxxxxxxxxxxxx” MMC-nin podrat müqaviləsi əsasında həyata keçirdiyi layihələrə uyğun liftlərin quraşdırılmasından ibarət olmuşdur. İş qrafikinə əsasən Musa həftənin 1-5-ci günləri saat 09:00-dan 18:00-dək işləmiş, hər gün iş yerinə gələndə tabelə imza edib tikinti sahəsinə daxil olduqdan sonra əynini dəyişib MMC tərəfindən təmin edildikləri qoruyucu vasitələri (iş kombinzonu, dəbilqə, üz maskası, eynək, təhlükəsizlik kəməri və s.) geyinmiş, iş icraçısının köməkçisi Rüfət işçilərə texniki təhlükəsizlik qaydaları barədə təlimat keçib bu barədə “Toolbox” adlı sənədə imza etdirmiş, bundan başqa işçilərə üç ayda bir dəfə olmaqla dövri olaraq ümumi texniki təhlükəsizlik qaydaları barədə iş icraçısı tərəfindən də təlimat keçirilmişdir. xx xxxxxx 2019-cu il tarixdən Bakı şəhəri, Nizami rayonu, H.Əliyev prospekti 115 ünvanında inşa edilməkdə olan on altı mərtəbəli yaşayış binasında altı ədəd liftin quraşdırılması podrat müqaviləsinə əsasən “xxxxxxxxxxxxx” MMC-yə həvalə edilmişdir. Binanın ilk iki mərtəbəsi “Dost” layihəsinin yerləşdirilməsi üçün nəzərdə tutulmuş və girişi H.Əliyev prospekti tərəfdən, digər üst mərtəbələr isə yaşayış sahəsini təşkil etməklə girişi əks tərəfdən yerləşmiş, həmçinin yaşayış sahəsi ilə “Dost” layihəsi üçün nəzərdə tutulan ikimərtəbəli sahənin liftləri də ayrı olmuşdur. “Dost” layihəsinə ayrılan sahədə iki ədəd lift nəzərdə tutulmuş və hər liftin quraşdırılmasına iki ustadan ibarət bir qrup ayrılmışdır. O, xx xxxxxx 2020-ci il tarixdə Bakı şəhəri, Nizami rayonu, H.Əliyev prospekti 115 ünvanında olub Musa Dəmirov və digər işçilər tərəfindən texniki təhlükəsizlik qaydalarına əməl etmələrinə, qoruyucu vasitələrlə təmin olunub-olunmamalarına, onlara iş icraçısı Rüfət tərəfindən gündəlik təlimatların keçirilib-keçirilməməsinə nəzarət etmiş, Musa Dəmirovu ilk və son dəfə həmin gün görmüş, Musanın iş yeri olan liftin şaxtası ilə tanış olmuş, kabinə şaxtada quraşdırılmış və tamamlanma işləri görülürmüş. xx xxxxxx 2020-ci il tarixdə saat 12 radələrində ona zəng edib Musa Dəmirovun liftin şaxtasında tavan ilə liftin balkon dəmirləri (balyustrada) arasında sıxılaraq ölməsi barədə bildirmişlər. O, dərhal hadisə yerinə getmiş, meyit artıq şaxtadan çıxarılıb binanın qarşısına qoyulmuşdur. İşçilər Kamil və Əmrah ilə söhbətlərdən belə başa düşmüşdür ki, Musa liftin şlef adlı kabelini liftin beyninə birləşdirdikdən sonra kabinənin üzərindəki balkon dəmirlərindən başını kənara çıxarmamalı olduğu halda kabeli sınaqdan keçirmək üçün çıxarıb baxdığına görə və aşağı-yuxarı idarə etmə qurğusu ilə ani ehtiyatsızlıq edərək düzgün istifadə etmədiyinə görə başı şaxtanın tavanı ilə kabinənin balkon dəmirləri (balyustrada) arasında qalması səbəbindən ölmüşdür. Həmin gün Musa Dəmirovun təhlükəsiz əmək şəraitində işləməsinə nəzarəti konkret olaraq iş icraçısının köməkçisi Təqsirləndirilən şəxs həyata keçirmişdir. Məhkəmə baxışında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, “xxxxxxxxxxxxx” MMC-də quraşdırıcı işləyir. “xxxxxxxxxxxx” MMC-də işə başladığı vaxtdan X7 ilə birlikdə işləmişdir. Onlar iş qrafikinə əsasən iş yerinə gələndə tabelə imza edib MMC tərəfindən təmin edildikləri qoruyucu vasitələri (iş kombinzonu, dəbilqə, üz maskası, eynək, təhlükəsizlik kəməri və s.) geyindikdən sonra iş icraçısının köməkçisi Təqsirləndirilən şəxs tərəfindən texniki təhlükəsizlik qaydaları barədə təlimatlandırılıb bu barədə müvafiq təlimat vərəqəsinə imza etdirilmişlər. xx xxxxxx 2019-cu il tarixdən Bakı şəhəri, Nizami rayonu, H.Əliyev prospekti 115 ünvanında “xxxxxxxxxxxxxx” MMC tərəfindən çəpərlənmiş tikinti meydançasında inşa edilməkdə olan on altı mərtəbəli yaşayış binasında liftlərin quraşdırılması həmin MMC ilə bağlanmış podrat müqaviləsinə əsasən “xxxxxxxxxxxxx” MMC-yə həvalə edilmiş, həmin binanın birinci və ikinci mərtəbələri “DOST” layihəsi üçün nəzərdə tutulmaqla girişi və liftləri yaşayış sahəsindən ayrılmışdır. “DOST” layihəsi üçün nəzərdə tutulmuş birinci və ikinci mərtəbədə iki ədəd liftin quraşdırılması həyata keçirilmiş və hər liftin quraşdırılmasına iki quraşdırıcı ayrılmışdır. Təxminən iki həftə ərzində Musa Dəmirov liftin şaxtasında sifariş olunmuş liftin relslərini, liftin hər stansiyanı tanıyan beyni, liftin kabelləri, kabinəsini quraşdırıb yekunlaşdırmış, tamamlama və yoxlama mərhələsi qalmışdır. xx xxxxxx 2020-ci il tarixdə o, Musa Dəmirov ilə iş yerinə gəlib qoruyucu vasitələr olan kombinzon, çəkmə və dəbilqə ilə təmin edildikdən sonra Təqsirləndirilən şəxs onlara təhlükəsizlik qaydaları barədə təlimat keçərək müvafiq təlimat vərəqəsinə imza etdirmişdir. Onun köməkçisi icazəli olduğuna görə o, tək işləmiş, Musa köməkçisi Kamillə birlikdə lifti tənzimləmişlər. O, saat 12 radələrində birinci mərtəbədən liftin şaxtasına yaxınlaşanda Kamilin şaxtada əyilib şlef adlı kabelin məsafəsini ölçdüyünü görmüş, Musanın da səsinin yuxarıdan gəldiyini eşitmişdir. O, liftin buferinin bərkidilmə mexanizminə baxıb yenidən öz iş yeri olan ikinci lift şaxtasına qayıtmışdır. Təxminən 10 dəqiqə sonra Kamil yanına gəlib Musanın liftin kabinəsində şaxtanın tavanına sıxılmış vəziyyətdə qaldığını bildirmişdir. O, kabinənin arxasındakı boşluqdan dartınıb baxanda Musanın başının sarı rəngli balkon dəmiri ilə şaxtanın tavanı arasında, özünün isə hərəkətsiz olduğunu görmüş, başında göy rəngli dəbilqəsi olmuş, başı tavana dəbilqə ilə sıxılmışdır. O, Musanın əlinin altında olan aşağıyuxarı idarə etmə qurğusu ilə kabinəni aşağı salmış və bundan sonra Musa Dəmirovun dəbilqəsini çıxarıb meyitini şaxtadan çıxartmışlar. Məhkəmə baxışında şahid qismində dindirilmiş Şahid2 Şahid3 ilə oxşar məzmunda ifadə vermişdir. İşdə olan və məhkəmə baxışında tədqiq edilmiş: - cinayət işinin başlanması haqqında xx.xx.2020-ci il tarixli qərardan görünür ki, “xxxxxxxxxxxxx” MMC-də texniki təhlükəsizlik və əmək mühafizəsinin başqa qaydalarının pozulması nəticəsində quraşdırıcı X4 aldığı ağır bədən xəsarətlərindən ölməsi faktı üzrə Azərbaycan Respublikası CM-nin 162.2-ci maddəsi ilə cinayət işi başlanılmışdır. - hadisə yerinə baxış aparılması haqqında xx.xx.2020-ci il tarixli protokoldan görünür ki, hadisə yerinə baxış zamanı müəyyən edilmişdir ki, hadisə yeri Bakı şəhəri, Nizami rayonu, H.Əliyev prospekti 115 ünvanında yerləşən hündürmərtəbəli yaşayış binasının liftin şaxtasıdır. Hadisə yeri olan binanın ilk iki mərtəbəsinin Azərbaycan Respublikasının Əmək və X3 Nazirliyinin tabeliyindəki Dayanıqlı və X5 (DOST) Agentliyinin yerləşdirilməsi üçün nəzərdə tutulduğu müəyyən edilmişdir. Həmin hissənin girişi və iki ədəd lift şaxtası yaşayış binasının giriş və lift şaxtalarından ayrı yerləşir. Birinci mərtəbədə liftin şaxtasının dəmir materialdan boz rəngli bir cüt giriş qapıları açıq vəziyyətdədir, liftin kabinəsi tam quraşdırılmış hazır vəziyyətdə birinci mərtəbədədir. Həmin lift “KONE” markalı, “N MonoSpace” tiplidir və zavod nömrəsi 43945199-dur. İki mərtəbədən ibarət olan lift, 1-ci mərtəbədən, 2-ci mərtəbəyə qədər hərəkət edir. Kabinin eni 1.2 metr, uzunluğu 1.9 metr, hündürlüyü 2.25 metrdir. Liftin şaxtasının eni 2 metr, uzunluğu 2.4 metr, hündürlüyü 10 metrdir. Kabinin sol yan tərəfi ilə şaxtanın divarı arasındakı məsafə 47.5 sm, sağ yan tərəfi ilə şaxta divarı arasındakı məsafə 19 sm-dir. Qapılar açıldıqdan sonra liftin kabininin üzərində sarı rəngli dəmir materialdan tutacaqlarla əhatələnmiş balyustrada (eyvan) quraşdırılmış, kabinin üstü işçi platforması kimi istifadə edilməkdədir. Liftin kabini üzərində iki ədəd, 31 sm hündürlükdə, 136 sm uzunluqda, lift kabinəsini saxlayan dəmir balka vardır. İki balka arasındakı məsafə 24 sm-dir. Kabinin üzərinə mərtəbədən daxil olduqda sağ, sol və qabaq (hər iki yan tərəf 178 sm, qabaq tərəfin uzunluğu isə 101 sm) tərəfdə kabinin kənarları boyu hündürlüyü 110 sm olan balkon (məhəccər) quraşdırılmışdır. Balkonlar metal profildən olmaqla sarı rəngə boyanmışdır. Balkonun qabaq tərəfdə 101 sm olan hissəsinin yuxarıdan ortasında “balkondan kənara əyilmək qadağandır” barədə təhlükəsizlik plakatı quraşdırılmışdır. Şaxtadan kabinin üzərinə daxil olduqda qabaq sol tərəfdə liftin reviziya qutusu yerləşir. Qutunun hündürlüyü 35 sm, eni 25 sm, uzunluğu 32 sm-dir. Reviziya qutusunun üzərinə yerləşdirilmiş və liftin quraşdırılması, sazlanması və təmiri zamanı quraşdırıcılar və servis xidmətinin işçiləri tərəfindən lifti aşağı-yuxarı hərəkət etdirmək üçün istifadə edilən idarəetmə paneli vardır. İdarəetmə paneli elektrik kabelinə qoşulmuşdur və kabinin üzərində ehtiyac olduğu təqdirdə əllə müxtəlif istiqamətlərə çəkməklə istifadə etmək olur. İdarəetmə panelinin üzərində lifti aşağı-yuxarı hərəkət etdirmək üçün 3 ədəd basıb saxlamaqla istifadə edilən düymə, 1 ədəd fövqəladə vəziyyət zamanı istifadə etmək üçün nəzərdə tutulmuş siqnalizasiya düyməsi, 1 ədəd dayandırmaq (STOP) üçün düymə və 1 ədəd liftin quraşdırılması, sazlanması və təmiri proseslərində istifadə olunan dəstək (klyuçatel) vardır. Liftin aşağı hərəkət etməsi üçün paneli üzərində olan sol və orta düyməni eyni zamanda basıb saxlamaq lazımdır, yuxarı hərəkət etməsi üçün isə sağ və orta düyməni eyni zamanda basıb saxlamaq lazımdır. Hər iki halda düymələrdən əli götürdükdə lift dayanır, idarəetmə paneli yoxlanıldı və düymələr hamısı tam işlək vəziyyətdədir. Şaxtanın üst hissəsində solda motor, yanında idarəetmə panelləri vardır. Şaxtanın çuxurunda, buffer, sürət məhdudlaşdırıcıya aid qurğu vardır. Platforma üzərində bir ədəd göy rəngli “Vaultex” markalı işçi dəbilqəsi və çəkic, elektrik dreli, qutuda şuruplar aşkar edildi, həmin dəbilqənin hadisə vaxtı mərhumun başında olduğu, bu səbəbdən də mərhumun başı şaxtanın tavanına sıxıldıqda zədələnməkdən qoruduğu, hadisədən sonra mərhumun meyitini şaxtadan kənarlaşdırılanda dəbilqənin də başından götürülüb platforma üzərinə qoyulduğu müəyyən edildi. Dəbilqənin üst hissəsində şaxtanın beton divarları ilə sürtünmədən əmələ gəlməyə xarakterik izlər vardır. - xx.xx.2018-ci il tarixdə “xxxxxxxxxxxxx” MMC-nin direktoru tərəfindən təsdiq edilmiş iş icraçısı köməkçisinin vəzifə təlimatından görünür ki, müəyyən edilmiş vaxt ərzində obyektlərin verilməsi planının və tikinti quraşdırma işlərinin kəmiyyət və keyfiyyət göstəricilərinə əsasən yerinə yetirilməsini, layihə sənədlərinə, tikinti norma və qaydalarına, texniki şərtlərə və başqa normativ sənədlərə əməl olunmasını təmin etmək, işin mexanikləşdirilməsi səviyyəsinin yüksəldilməsini, yeni texnikanın tətbiqini, əməyin təşkilinin təkmilləşdirilməsini, tikinti-quraşdırma işlərinin maya dəyərinin aşağı düşməsini, materialların qənaətlə işlədilməsi üçün tədbirlər həyata keçirmək; əməyin qabaqcıl üsul və metodlarının yayılması üzrə iş aparmaq; tikinti maşınları, nəqliyyat və mexaniki vasitələrin, materiallar, konstruksiyalar, detallar (hissələr), alətlər, inventar və s. əldə edilməsi üçün sifarişlər hazırlamaq və onlardan səmərəli istifadə olunmasını təmin etmək, görülmüş işlərin uçotunu aparmaq, texniki sənədləşməni tərtib etmək; sifarişçilərin tamamlanmış tikinti obyektləri üzrə komplekslərin və ayrı-ayrı hissələrin təhvil verilməsində iştirak etmək; subpodrat (xüsusiləşdirilmiş) təşkilatlar üçün iş sahəsi hazırlamaq və onlardan görülmüş işin qəbul olunmasında iştirak etmək; ustalar üçün tikinti quraşdırma işlərinin həcmi üzrə istehsalat tapşırıqlarını müəyyən etmək, onların yerinə yetirilməsinə nəzarət etmək; təhlükəsiz metodlarla işləmək üçün bilavasitə iş yerlərində fəhlələrə təlimat vermək; ağırlığın qaldırılması normalarına, iş yerlərində, keçid və giriş yollarında səliqə və qaydaya, iş yerlərinin təhlükəsizlik işarələri ilə təmin olunmasına riayət etməyə nəzarət etmək; obyektdə anbar təsərrüfatı və maddi sərvətlərin qorunmasını təşkil etmək; təhlükəsizlik texnikasının vəziyyətini yoxlamaq və üzə çıxarılan qüsurların aradan qaldırılmasını, istehsalat sanitariyası qaydalarının pozulmaması, işçilər tərəfindən əmək mühafizəsi təlimatına riayət edilməsi üçün tədbirlər görmək, işçilərin istehsal və əmək intizamına riayət etmələrini təmin etmək, fərqlənmiş işçilərin mükafatlandırılması, əmək və istehsalat intizamını pozanlara qarşı inzibati cəzanın verilməsi üçün təkliflər təqdim etmək iş icraçısı köməkçisinin vəzifə borcudur. - “xxxxxxxxxxxxx” MMC tərəfindən verilmiş xx.xx.2018-ci il tarixli, 092 nömrəli əmrdən görünür ki, “xxxxxxxxxxxxx” MMC-də “Quraşdırıcı” vəzifəsində işləyən Təqsirləndirilən şəxs xx.xx.2018-ci il tarixdən öz razılığı ilə “İş icraçısı köməkçisi” vəzifəsinə keçirilmişdir. - “xxxxxxxxxxxxx” MMC tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli, 17 nömrəli əmrdən görünür ki, X7 “xxxxxxxxxxxxx” MMC-yə “Quraşdırıcı” vəzifəyə işə qəbul edilmişdir. - zərərçəkmiş şəxsin yaxın qohumunun hüquqi varis qismində tanınması haqqında xx.xx.2020-ci il tarixli qərardan görünür ki, X6 zərərçəkmiş şəxs X4 hüquqi varisi qismində tanınmışdır. - Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X1 meyitin ekspertizasına dair xx.xx.2020-ci il tarixli, 14 saylı rəyinin nəticə hissəsindən görünür ki, X4 meyitində aşağıdakı xəsarətlər aşkar edilmişdir: boynun önündə üç ədəd qapanmayan stranqulyasion şırımlar, alt dodağın əzilmiş yarası, alt çənənin orta və sol nahiyələrinin qançırı, sağ baldırın ön səthinin və sol baldırın ön-bayır səthinin sıyrıqları. Qeyd edilən xəsarətlər həyatidirlər, ölümündən bilavasitə əvvəl bərk küt əşyanın (əşyaların) təsirindən törənmişlər, qərarın təsviri hissəsində göstərilən müddətdə, yəni xx.xx.2020-ci il tarixdə əmələ gələ bilərdilər, dərəcələrinə görə həm ayrı-ayrılıqda, həmçinin ümumilikdə sağlamlığa zərər vurmayan dərəcələri təyin edilməyən xəsarətlərin əlamətlərini daşıyırlar, boyun nahiyəsində olan xəsarətlər istisna olmaqla digər xəsarətlərin baş vermiş ölümlə səbəbli əlaqəsi yoxdur. X4 ölümünə səbəb boyun üzvlərinin hər hansı bir bərk küt əşya ilə (əşyalar ilə) sıxılması nəticəsində yaranmış mexaniki stranqulyasion asfiksiyası olmuşdur. Ölüm meyit meyitxanada müayinə olunduğu vaxtdan təxminən 2-4 saat əvvəl baş verə bilərdi. X4 meyitinin məhkəmə-tibbi müayinəsi zamanı bədən səthində aşkar edilmiş xəsarətlərin lokalizasiyasını, xarakterini və əmələ gəlmə mexanizmini nəzərə alaraq demək olar ki, həmin xəsarətlərin qərarın təsviri hissəsində göstərilən şəraitdə, yəni liftin kabinəsi ilə şaxta tavanı arasında ilişib sıxılması nəticəsində alınmaları inkar olunmur. - Azərbaycan Respublikası Əmək və X3 Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti tərəfindən aparılmış təhqiqat aktından görünür ki, komissiya bədbəxt hadisənin baş verməsində təhqiqat aktın 4.1-ci bəndinə əsasən “xxxxxxxxxxxxx” MMC-nin 2-ci dərəcəli quraşdırıcısı X4 ehtiyatsızlığını, 4.3-cü bəndinə əsasən isə “xxxxxxxxxxxxx” MMC-nin iş icraçısının köməkçisi Təqsirləndirilən şəxs cavabdehliyini müəyyən etmişdir. X7 ilə baş vermiş bədbəxt hadisə istehsalat xarakterlidir, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2000-ci il tarixli, 27 nömrəli qərarı ilə təsdiq edilmiş “İstehsalatda baş verən bədbəxt hadisələrin təhqiqi və uçota alınması Qaydaları”na uyğun olaraq İZ formalı aktla rəsmiləşdirilməli və “xxxxxxxxxxxxx” MMC-də uçota alınmalıdır. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş əmək təhlükəsizliyinin tədqiqi ekspertizasının xx.xx.2020-ci il tarixli, 10/290 saylı ekspert rəyinin nəticə hissəsindən görünür ki, baş vermiş hadisə ilə əlaqədar: “İş icraçısı köməkçisinin vəzifə təlimatı”nın “Vəzifə borcu” başlığının tələbləri pozulmuşdur. Həmin tələblərin pozulması bədbəxt hadisənin baş verməsinin səbəbləri olmuşdur. Belə ki, lift quraşdırıcısı işləyən X7 liftin “şlef” adlanan kabelini sistem blokuna birləşdirdikdən sonra, kabeli sınaqdan keçirmək üçün, bilavasitə iş rəhbəri tərəfindən nəzarətsiz şəraitdə, kabinənin üzərindəki məhəccərindən başını kənara (yəni lift şaxtasının divarına tərəf) yolverilməz olaraq çıxarıb baxmış və eyni zamanda idarə etdiyi pult vasitəsilə liftin kabinəsinə hərəkət verib kabinəni yuxarı istiqamətdə qaldırdıqda, başı şaxtanın tavanı ilə kabinənin məhəccərinin (balyustradasının) üst hissəsi arasında qalmaqla bədbəxt hadisə baş vermişdir. “İş icraçısı köməkçisinin vəzifə təlimatı”nın “Vəzifə borcu” başlığının tələbləri “xxxxxxxxxxxxx” MMC şirkəti üzrə verilmiş 092 №-li, xx.xx.2018-ci il tarixli əmrə əsasən iş icraçısı köməkçisi vəzifəsinə təyin olunmuş, üzərinə quraşdırma işlərinin yerinə yetirilməsi zamanı normativ sənədlərə əməl olunmasını təmin etməli; quraşdırıcılar üçün istehsalat tapşırıqlarını müəyyən edib onların yerinə yetirilməsinə nəzarət etməli; işçilər tərəfindən əmək mühafizəsi təlimatına riayət etmələri üçün tədbirlər görməli və işçilərin istehsal və əmək intizamına riayət etmələrini təmin etməli olan Təqsirləndirilən şəxs tərəfindən pozulmuşdur. - sübutların qiymətləndirilməsi və əməlin tövsif edilməsi haqqında xx.xx.2020-ci il tarixli qərardan görünür ki, cinayət işi üzrə hadisə yerinə baxış zamanı götürülmüş bir ədəd işçi dəbilqəsi maddi sübut kimi tanınmış və Nizami rayon prokurorluğunun maddi sübutlar otağında saxlanılır. - təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında xx.xx.2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 162.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunmuş və ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmişdir. - qətimkan tədbirinin seçilməsi barədə xx.xx.2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri seçilmişdir. - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və X2 tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu barədə əməliyyat-sorğu kartotekasında heç bir məlumat yoxdur. - nikah haqqında şəhadətnamənin və şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Təqsirləndirilən şəxs evlidir və himayəsində xx.xx.2016-cı il təvəllüdlü Eldarlı Fatimə adlı bir azyaşlı uşağı vardır. Göstərilənlərə əsasən məhkəmə belə bir nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətdiyi əməldə cinayət tərkibi vardır, ona ibtidai istintaq zamanı düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 162.2-ci maddəsi ilə ittiham irəli sürülmüş və əməli həmin maddə ilə tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsas yoxdur. Beləliklə, məhkəmə iclasında Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 162.2-ci maddəsində nəzərdə tutulmuş cinayəti törətməsi toplanmış və tədqiq edilmiş sübutların məcmusu, özünün, şahidlərin ifadələri, həmçinin cinayət işinin materiallarındakı digər sənədlərlə tamamilə sübuta yetirildi. Məhkəmə iş üzrə toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutlara qiymət verərək hesab edir ki, həmin sübutlar mötəbər və mümkün olmaqla Təqsirləndirilən şəxs tərəfindən Azərbaycan Respublikası CM-nin 162.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlinin törədilməsini tam təsdiq edir. Təqsirləndirilən şəxs cəzadan azad edilməsi və onun barəsində cəzanın təyin edilməməsi üçün əsaslar olmadığı üçün Azərbaycan Respublikası CM-nin 58-ci maddəsinə əsasən ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş hədlərdə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə görə, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin edərkən, Azərbaycan Respublikası CMnin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs törətdiyi əməl az ağır cinayət hesab olunur. Məhkəmə, Təqsirləndirilən şəxs ilk dəfə cinayət törətməsini, törətdiyi əməli etiraf etməsini, zərərçəkmiş şəxsin hüquqi varisinə dəymiş ziyanı ödəməsini, zərərçəkmiş şəxsin hüquqi varisinin şikayətinin və tələbinin olmamasını, evli olmasını, himayəsində azyaşlı uşağının olmasını cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs cəzasını Azərbaycan Respublikası CM-nin 61.1-ci maddəsində nəzərdə tutulmuş ağırlaşdıran hal müəyyən olunmadı. Məhkəmə Təqsirləndirilən şəxs barəsində təyin ediləcək cəzanın həddini və növünü müəyyən edərkən cəza təyin etmənin ümumi prinsiplərini rəhbər tutmaqla onun ilk dəfə cinayət törətməsini, cinayətin obyektini Azərbaycan Respublikası Konstitusiyasının 35-ci maddəsinin 6-cı hissəsində nəzərdə tutulmuş təhlükəsiz və sağlam şəraitdə işləmək hüququ və əməyin mühafizəsi, o cümlədən texniki təhlükəsizlik qaydaları təşkil etməsini nəzərə alaraq hesab edir ki, onun islah olunması üçün barəsində azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi məqsədəmüvafiqdir və cəzanın məqsədini təmin edir. Azərbaycan Respublikasının CM-nin 46.1-ci maddəsinə əsasən müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə dövlət orqanlarında, yerli özünüidarə orqanlarında konkret vəzifə tutmağın və ya konkret peşə və ya digər fəaliyyətlə məşğul olmağın qadağan edilməsindən ibarətdir. Bu cəza növü əsas cəza kimi bir ildən beş ilədək müddətə, əlavə cəza kimi isə bir ildən üç ilədək müddətə təyin edilir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx xxxx 2003-cü il tarixli, 4 nömrəli qərarında Plenum qərara almışdır ki, CM-nin 46.1-ci maddəsinə müvafiq olaraq müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə yalnız dövlət orqanlarında və yerli özünüidarə orqanlarında konkret vəzifə tutmağın və ya konkret peşə və digər fəaliyyətlə məşğul olmağın qadağan edilməsindən ibarətdir. Məhkəmələr nəzərə almalıdırlar ki, həmin maddənin geniş təfsirinə yol verilmir. Məhkəmə qərarları ilə digər orqanlarda müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə qismində əlavə cəza təyin edilə bilməz. Məhkəmə hesab edir ki, törədilmiş cinayətin xarakterinə görə Təqsirləndirilən şəxs əlavə cəza - dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutma hüququndan məhrum etmə cəzası təyin olunmalıdır. Azərbaycan Respublikası CM-nin 56.1.1-ci maddəsinə əsasən ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq olmayan müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər cəzalarını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkirlər. Azərbaycan Respublikasının CM-nin 162.2-ci maddəsinin sanksiyasında 5 ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulduğundan Təqsirləndirilən şəxs cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası CPM-nin 346.1.19-346.1.22-ci maddələrində nəzərdə tutulmuş məsələləri həll edərək məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməli; Azərbaycan Respublikası CPM-nin 132.1.7-ci maddəsinə əsasən iş üzrə maddi sübut olan və Bakı şəhəri Nizami rayon prokurorluğunda saxlanılan bir ədəd “Vaultex” markalı işçi dəbilqəsi hökm qanuni qüvvəyə mindikdən sonra məhv olunmalı; Azərbaycan Respublikası CPM-nin 198.1-ci maddəsinə əsasən məhkəmə məsrəfi olan 120 (bir yüz iyirmi) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub dövlət xəzinədarlığı agentliyi, kod 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN **********, hesab AZ34CTRE******************** hesabına ödənilməli; Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 162.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia yoxdur. Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə hesab edir ki, vəkilin ibtidai istintaqda iştirak etdiyi müddət 15 iş saatı və məhkəmədə iştirak etdiyi müddət 20 iş saatı, cəmi 35 iş saatı müddətinə bərabər olduğundan, hər iş saatı üçün Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2018-ci il tarixli, 202 saylı qərarına əsasən göstərilmiş hüquqi xidmətlərə görə hər iş saatı üçün 6 (altı) manat miqdarında ödənilməsi nəzərə alınmaqla 210 (iki yüz on) manat (35x6) məbləğində əmək haqqı Bakı şəhəri 6 saylı Vəkil Bürosu vasitəsi ilə Müdafiəçi dövlət büdcəsi hesabına ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 162.2-ci maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinib barəsində 2 (iki) il müddətinə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutma hüququndan məhrum edilməklə 2 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin başlanğıcı onun məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Cinayət işi üzrə maddi sübut olan və Bakı şəhəri Nizami rayon prokurorluğunda saxlanılan bir ədəd “Vaultex” markalı işçi dəbilqəsi hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə məhkəmə məsrəfi olan 120 (bir yüz iyirmi) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub dövlət xəzinədarlığı agentliyi, kod 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN **********, hesab AZ34CTRE******************** hesabına keçirilsin. Təqsirləndirilən şəxs 35 saat göstərdiyi pulsuz hüquqi yardıma görə iş üzrə dəvət olunmuş müdafiəçi Bakı şəhəri 6 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Bakı şəhəri 6 saylı Vəkil Bürosu vasitəsi ilə 210 (iki yüz on) manat əmək haqqı Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına ödənilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Həmin müddətdə hökmdən apellyasiya qaydasında protest və şikayət verilmədikdə hökm müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən Mətanət Hacıyeva
Məhkəmə qərarları › İş №1(007)-129/2020
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Hökm — İş №1(007)-129/2020
23.09.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver