Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(007)-129/2022 20.05.2022 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Mehdiyev Nəriman Hüseynqulu oğlunun sədrliyi, məhkəmə iclasının katibi Rüstəmova Sürəyya Nazim qızının katibliyi, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs1, onun müdafiəçisi-Bakı şəhəri 6 saylı vəkil bürosunun vəkili Müdafiəçi1, Təqsirləndirilən şəxs2, onun müdafiəçiləri-“Yusif Allahverdiyev və partnyorları” vəkil bürosunun vəkilləri Müdafiəçi2 və Müdafiəçi3 iştirakları ilə, təqsirləndirilən şəxs xx xxxx 2000-ci il tarixdə Qazax rayonunun Yuxarı Salahlı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, əvvəllər məhkum olunmamış, Qazax rayonunun Yuxarı Salahlı kəndində qeydiyyatda olan, Bakı şəhəri, Xətai rayonu, NZS qəsəbəsi, A.Qurbani küçəsində nömrəsiz fərdi tikilidə yaşamış, 27 oktyabr 2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, 29 oktyabr 2021-ci il tarixdə barəsində həbs qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 3 saylı istintaq təcridxanasında saxlanılan - Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsi ilə, təqsirləndirilən şəxs xx xxxxxx 2003-cü il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, əvvəllər məhkum olunmamış, Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti ev 126, mənzil 73-də qeydiyyatda olmaqla yaşayan, 27 oktyabr 2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, 29 oktyabr 2021-ci il tarixdə barəsində həbs qətimkan tədbiri seçilmiş, 09 dekabr 2021-ci il tarixdə həmin qətimkan tədbiri ev dustaqlığı qətimkan tədbiri ilə əvəz edilmiş - Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 221.2.1-ci maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs1 bir qrup şəxs halında, ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə qarşı açıqca hörmətsizlik ifadə edən, şəxsin üzərində zor tətbiq edilməsi ilə müşayiət edilən, silah qismində istifadə olunan əşyadan istifadə etməklə qərəzli xuliqanlıq hərəkətləri etmişdir. Belə ki, o, 24 may 2021-ci il tarixdə saat 23 radələrində ictimai yer olan ünvan 1 ünvanında tanışı Təqsirləndirilən şəxs2 ilə bir qrup şəxs halında həmin ünvanda piyada hərəkətdə olan əvvəllər tanımadığı Zərərçəkmiş şəxs yaxınlaşaraq siqaret istədikdə sonuncunun siqaret çəkmədiyini, lakin onlar üçün siqaret ala biləcəyini bildirməsini bəhanə edərək heç bir əsaslı səbəb olmadan, özünün şəxsiyyətini Zərərçəkmiş şəxs şəxsiyyətinin fövqündə üstün qoymaqla, ictimai və şəxsi mənafeyə əhəmiyyətli zərər vuran və cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan, ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeyidlik, etinasızlıq, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq göstərərək ətrafdakıların narahatçılığına səbəb olmaqla yüksək səslə nalayiq ifadələr işlətməklə Təqsirləndirilən şəxs2 ilə birlikdə Zərərçəkmiş şəxs qarşı zor tətbiq edərək Təqsirləndirilən şəxs2, qəsdən bir dəfə yumruqla sonuncunun sağ göz ətrafı nahiyəsinə vuraraq sağ gözətrafının qançırı, sağ gicgah nahiyəsinin sıyrığından ibarət, o isə istintaqa məlum olmayan küt əşyanı silah qismində istifadə edərək həmin əşya ilə qəsdən Zərərçəkmiş şəxs baş nahiyəsindən vurub təpə nahiyəsinin əzilmiş-cırılmış yarasından ibarət, ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid xəsarətlər yetirməklə qərəzli xuliqanlıq hərəkətləri etmişdir. Bu hərəkətləri ilə Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Təqsirləndirilən şəxs2 bir qrup şəxs halında, ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə qarşı açıqca hörmətsizlik ifadə edən, şəxsin üzərində zor tətbiq edilməsi ilə müşayiət edilən, qərəzli xuliqanlıq hərəkətləri etmişdir. Belə ki, o, 24 may 2021-ci il tarixdə saat 23 radələrində ictimai yer olan ünvan 1 ünvanında tanışı Təqsirləndirilən şəxs1 ilə bir qrup şəxs halında həmin ünvanda piyada hərəkətdə olan əvvəllər tanımadığı Zərərçəkmiş şəxs yaxınlaşaraq siqaret istədikdə sonuncunun siqaret çəkmədiyini, lakin onlar üçün siqaret ala biləcəyini bildirməsini bəhanə edərək, heç bir əsaslı səbəb olmadan özünün şəxsiyyətini Zərərçəkmiş şəxs şəxsiyyətinin fövqündə üstün qoymaqla, ictimai və şəxsi mənafeyə əhəmiyyətli zərər vuran və cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan, ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeyidlik, etinasızlıq, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq göstərərək ətrafdakıların narahatçılığına səbəb olmaqla yüksək səslə nalayiq ifadələr işlətməklə Təqsirləndirilən şəxs1lə birlikdə Zərərçəkmiş şəxs qarşı zor tətbiq edərək o, qəsdən bir dəfə yumruqla sonuncunun sağ gözətrafı nahiyəsinə vuraraq sağ gözətrafının qançırı, sağ gicgah nahiyəsinin sıyrığından ibarət, Təqsirləndirilən şəxs1 isə istintaqa məlum olmayan küt əşyanı silah qismində istifadə edərək həmin əşya ilə qəsdən Zərərçəkmiş şəxs baş nahiyəsindən vurub təpə nahiyəsinin əzilmiş-cırılmış yarasından ibarət, ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid xəsarətlər yetirməklə qərəzli xuliqanlıq hərəkətləri etmişdir. Bu hərəkətləri ilə Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 221.2.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs1 ona Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsi ilə elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, 24 may 2021-ci il tarixdə saat 21:00 radələrində “Laçın ticarət mərkəzi”nin qarşısında olarkən dostu İsgəndəri görmüş, İsgəndərlə görüşüb parkda gəzib söhbət etdikdən sonra İsgəndərin telefonuna zəng gəlmişdir. İsgəndər telefonla danışdıqdan sonra dostu Kamranın evdə mübahisəsi olduğu üçün bu gün bayırda qalacağını və onunla birlikdə qalıb-qalmayacağını soruşmuşdur. O, İsgəndərə cavabında qala biləcəyini bildirmişdir. O, Kamranı dostu İsgəndərin vasitəsilə təxminən 1 ilə yaxındır tanımışdır. İsgəndər onun yanından ayrıldıqdan bir neçə dəqiqə sonra Kamran onun yanına gəlmişdir. Bir az söhbət etmişlər, saat 23 radələri olmuşdur. Üzbəüz yolda bir nəfər şəxsin “Ağ çiçəyim” gül dükanının yanı ilə getdiyini görmüşdür. Kamranla birlikdə həmin şəxsə, sonradan tanıdığı Zərərçəkmiş şəxs yaxınlaşıb ondan danışmaq üçün mobil telefonunu istəmişdir. Sənan mobil telefonunun enerjisinin bitdiyini və söndüyünü bildirmişdir. O, Sənandan siqaret istəmiş, Sənan siqaretinin olmadığını, amma onlara siqaret ala biləcəyini demişdir. O, narazı qalaraq Sənana, “sən kimsən, bizə siqaret alırsan” demiş, Sənan isə ona kobud cavab vermişdir. Buna görə o, Sənana qarşı nalayiq ifadə işlətmiş, Sənan da ona cavab qaytarmışdır. O, Sənanın qolundan tutub qaranlığa çəkərək arxadan tutmuş, Kamran Sənanın qarşısında dayanaraq sifət nahiyəsindən sillə ilə iki dəfə vurmuşdur. O, arxadan Sənanı yumruqla və təpiklə ayağından vurmuş, Sənan özünü saxlaya bilməyib yerə yıxılmışdır. Sənan qışqırmağa başlamış, onun səsinə adamların yığılacağından qorxub dərhal qaçaraq hadisə yerindən uzaqlaşmışlar. Hadisə zamanı Sənandan mobil telefonunu zəng etmək üçün istəmişlər, onun telefonunu ələ keçirmək məqsədləri olmamışdır, bundan başqa Sənandan pul da tələb etməmişlər. Onun əlində hansısa alət olmamış, Sənana hansısa alətlə xəsarət yetirməmişdir, ola bilsin ki, Sənan yerə yıxılanda başı yerə dəyərək xəsarət almışdır. Təqsirləndirilən şəxs1 daha sonra ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs pul və ya mobil telefon tələb edib almamış, telefonu yalnız zəng etmək üçün istəmiş, hadisə vaxtı əlində hansısa alət olmamış, Sənana həmin alətlə xəsarət yetirməmişdir. Hazırda Zərərçəkmiş şəxs onlarla barışdığını, 27 oktyabr 2021-ci il tarixdən həbsdə olduğu müddətdə əməlindən səmimi peşmançılıq çəkdiyini, anasının xəstə olduğunu və bacısı ilə birlikdə kirayədə çətinlikdə yaşadıqlarını nəzərə alaraq, barəsində yüngül cəza təyin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs2 ona Azərbaycan Respublikası CM-nin 221.2.1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, nənəsi, babası və bacısı ilə birlikdə yaşayır, 24 may 2021-ci il tarixdə evdə nənəsi və babası ilə aralarında mübahisə olduğu üçün axşam saatlarında evi tərk etmiş, evdən çıxarkən dostu İsgəndərə zəng edib evdəkilərlə mübahisə etdiyini və bu gün bayırda qalacağını demişdir. İsgəndər isə ona cavabında Nicat adlı dostunun yanında olduğunu, bu gün onunla bayırda birlikdə qalmasını Nicatdan xahiş edəcəyini demişdir. Nicatı o, təxminən 1 ilə yaxın əvvəldən tanımışdır. Həmin gün təxminən saat 23 radələrində Nicatın onu gözlədiyi Nizami rayonu ərazisində yerləşən “Beş Qardaş” dönərxanasının yanında çatmışdır. Nicatla görüşüb hal-əhval tutmuş, evdə başına gələnləri danışmışdır. Həmin vaxt Nicatla yolun qarşısında gedən şəxsə yaxınlaşıb ondan danışmaq üçün mobil telefonunu istəmişdir. Lakin həmin şəxs, sonradan tanıdıqları Zərərçəkmiş şəxs mobil telefonunun enerjisinin bitdiyini və söndüyünü bildirmişdir. Bundan sonra Nicat Sənandan siqareti olub-olmadığını soruşmuş, Sənan siqareti olmadığını, lakin istəyirsə onlara siqaret ala biləcəyini bildirmişdir. Nicat əsəbləşərək Sənana “sən kimsən ki, bizə siqaret alırsan” demişdir. Sənan isə kim olduğunu göstərəcəyini deyərək kobud şəkildə Nicata cavab vermişdir. Buna görə mübahisə yaranmış, Nicat Sənana qarşı nalayiq ifadələr işlətmişdir. Həmin şəxs Nicata cavab qaytardıqda Nicat onu kənara çəkib arxa tərəfindən qolundan tutmuşdur. Bu zaman o, Sənanın qarşısına keçərək onun sifət nahiyəsinə iki dəfə sillə vurmuş, Nicat isə onu arxadan buraxıb yumruqla başının ortasından vurmuş, Sənan yerə yıxılmış, möhkəm səslə qışqırmağa başlamışdır. Onlar Sənanın səsindən qorxub qaçmağa başlamışlar, bundan sonra Nicatdan ayrılmışdır. Sonradan polis şöbəsində olarkən Sənan onu tanımış, hadisə ilə bağlı izahat vermiş, araşdırma zamanı Nicat da saxlanılmışdır. Atası Sənana dəymiş ziyana görə ona pul vermiş, Sənan onlara qarşı şikayət və tələbinin olmamasına dair ərizə vermişdir. Təqsirləndirilən şəxs2 daha sonra ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs pul və ya mobil telefon tələb edib almamışlar, telefonu yalnız zəng etmək üçün istəmişlər, hadisə vaxtı Nicatın əlində hansısa alət görməmiş, özü Sənana hansısa alətlə xəsarət yetirməmişdir. Hazırda Zərərçəkmiş şəxs onlarla barışdığını, hadisə baş verən zaman yetkinlik yaşına çatmadığını, əməlindən səmimi peşmançılıq çəkdiyini nəzərə alaraq, barəsində yüngül cəza təyin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, 24 may 2021-ci il tarixdə işdən çıxıb bacısının ailəsi ilə birlikdə müvəqqəti yaşadığı ünvan 2 ünvanına gedən zaman yaxınlıqda yerləşən köşkdən su, yumurta aldıqdan sonra yaxınlıqda yerləşən təndirxanadan çörək almışdır. Saat 23 radələrində evə doğru hərəkət etdiyi vaxt B.Nuriyev küçəsi, 26 ünvanının qarşısında arxa tərəfdə olan təxminən 23-24 yaşlarında iki nəfər oğlan ona yaxınlaşaraq ondan danışmaq üçün mobil telefonunu istəmişlər. O, mobil telefonunun enerjisinin bitdiyini və söndüyü bildirmişdir. Bundan sonra həmin şəxslər siqaretinin olub-olmadığını soruşmuşlar, o, həmin şəxslərə siqaret çəkmədiyini, ancaq istəyirlərsə onlara siqaret ala biləcəyini bildirmişdir. Həmin şəxslər ona yaxınlaşanda olduqları küçə işıqlı olmuşdur və o, həmin şəxslərin üzünü aydın şəkildə görmüşdür. Oğlanlardan biri qarşısında, digəri isə arxa tərəfdə durmuşdur və onun həmin şəxslərə siqaret ala biləcəyini deməsi onlara xoş getmədiyi üçün onunla mübahisə etmişlər, ona qarşı nalayiq ifadələr işlətmişlər. Arxa tərəfdə olan oğlan onun əllərindən zorla bərk tutmuş, qarşısında olan isə sillə ilə gözünə vurmağa başlamışdır. Qarşısında dayanan şəxs onu iki dəfə sifət nahiyəsindən vurduqdan sonra çəkilərək kənarda dayanmışdır. Döyüldüyü müddətdə bərk qışqırmışdır, bu zaman arxa tərəfində onu sıxaraq bərk tutan oğlan hansısa kəsici alətlə başına zərbələr endirmiş, həmin alətin kəsici hissəsini təpə nayihəsindən batırmış, daha sonra təpiklə ayaq hissəsindən vurmuşdur. O, həmin alətin bıçaq, yoxsa beşbarmaq olduğunu dəqiq görə bilməmişdir. Başına həmin kəsici alətlə zərbə yetirdikdən sonra başından axan qan bütün üzünə yayılmışdır və o, qışqırmağa davam etmişdir. Bərk qışqırdığı üçün səsə binada yaşayan insanlar balkondan çıxaraq oranı tərk etmələri barədə xəbərdarlıq etmişlər. Binadan bir nəfər tanımadığı oğlan kömək etmək üçün aşağı düşüb ona yaxınlaşan zaman həmin iki nəfər oğlan qorxduqları üçün oradan qaçıb uzaqlaşmışlar. Bundan sonra o, huşunu itirmiş, gözünü açanda ətrafda çoxlu adamlar olmuşdur. Ona kömək etmək üçün gələn şəxs təcili tibbi yardıma zəng etmiş və onu 3 saylı şəhər klinik xəstəxanasına aparmışlar. Xəstəxanada baş nahiyəsinə tikiş qoyulduqdan sonra evə buraxılmışdır. Hadisədən təxminən 9 gün sonra onu döyən şəxslərdən bir nəfər, Təqsirləndirilən şəxs2 polislər tərəfindən tutulduğu üçün onu polis şöbəsinə dəvət etmişlər və orada olarkən Kamranın onun qarşısında dayanıb ona sillə vuran oğlan olmasını bilmişdir. Kamranın atası onun müalicə xərclərini ödədiyi üçün 24-cü polis şöbəsinə ərizə ilə müraciət edib şikayəti olmadığını bildirmişdir. Hadisə vaxtı onu arxadan tutan və başından hansısa alətlə vuran şəxsin Təqsirləndirilən şəxs1 olması sonradan müəyyən edilmişdir. Hadisədən sonra ilkin məlumatlarında fikrini düzgün izah edə bilmədiyi üçün ziddiyyət yaranmışdır, hadisə vaxtı ondan pul tələb edən olmamışdır, yalnız zəng etmək üçün telefonunu istəmişlər, o, enerjisi olmadığı üçün telefonu vermədikdə həmin şəxslər təkid etməmiş və ya telefonu ondan almağa çalışmamışlar. Hadisədən sonra ona vurulmuş maddi ziyan ödənilmişdir, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ilə barışmışdır, onlara qarşı şikayət və tələbi yoxdur. Qeyd etdiklərinin nəzərə alınmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid1 ifadəsində göstərmişdir ki, 24 may 2021-ci il tarixdə, təxminən saat 23 radələrində “Xalqlar Dostluğu” metrosunun yaxınlığında dayanıb su içərkən əvvəllər yaşadığı B.Nuriyev küçəsi, 26 ünvanı tərəfdən qışqırıq səsi eşitmişdir. Bu qışqırıq səsini əvvəl yaşadığı həyətdə dostlarından birinin səsi olmasından şübhələnib dərhal o tərəfə qaçmışdır. Səs gələn yerə çatdıqda bir nəfər cavan oğlanın yerdə yarı oturaq vəziyyətdə olduğunu görmüşdür. Həmçinin, ora çatdıqda iki nəfər şəxsin qaçdığını görmüşdür. O, həmin şəxsləri arxadan gördüyü üçün üzlərini seçə bilməmişdir. Yarı oturaq vəziyyətdə olan şəxsə, sonradan tanıdığı Zərərçəkmiş şəxs yaxınlaşıb ondan nə baş verdiyini soruşduqda, Sənan qaçan adamlarla mübahisə etdiyini və bu zaman qaçan şəxslərin onu vurduğunu bildirmişdir. Sənanın başından xəsarət aldığını və qanın üzünə kimi yayıldığını görmüşdür. O, kömək etmək üçün polisə və təcili tibbi yardıma zəng etmək istədikdə, Sənan təkidlə zəng etməyini istəməmiş, evə gedəcəyini demişdir. Lakin Sənan ayağa qalxdıqda yeriyə bilmədiyindən dayanmışdır. Buna görə o, birinci təcili tibbi yardıma, daha sonra isə DİN-in 102 xidmətinə zəng vurub iki nəfər şəxsin bir nəfər şəxsi döyməsi barədə məlumat vermişdir. Təxminən 25-30 dəqiqə ərzində polis və təcili tibbi yardım maşını hadisə yerinə yaxınlaşmışlar. Təcili tibbi yardım və polis əməkdaşları gələnə qədər o, Sənandan bu hadisənin hansı səbəbdən baş verdiyini, onun nə üçün döyüldüyünü soruşmuşdur. Sənan isə cavabında həmin şəxslərin ondan siqaret istədiyini, onun cavabında siqareti olmadığını və ala biləcəyini bildirdiyini, buna görə aralarında yaranmış mübahisə nəticəsində döyüldüyünü bildirmişdir. Təcili tibbi yardım maşını gəldikdən sonra Sənanı Sabunçu xəstəxanasına aparmışlar, orada ona tibbi yardım göstərilmişdir. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid2 iştirakının təmin edilməsi mümkün olmadığından istintaq zamanı verdiyi ifadəsi məhkəmə iclasında elan olunmaqla tədqiq edilmişdir. Şahid həmin ifadəsində göstərmişdir ki, 24 may 2021-ci il tarixdə oğlum Təqsirləndirilən şəxs2 axşam evə gəlmədiyi üçün DİN-in 102 xidmətinə zəng vuraraq bu barədə məlumat vermişdir. 25 may 2021-ci il tarixdə uşaq səhər saatlarında evə qayıtdığı üçün o, 24-cü PŞ-nə zəng edib oğlu Kamranın evə qayıtması barədə məlumat vermişdir. Daha sonra 24-cü PŞ-dən özünü Orxan kimi təqdim edən əməliyyat müvəkkili oğlu Kamranın tapılması ilə əlaqədar olaraq onu götürüb 24-cü polis şöbəsinə gəlməyini istəmişdir. 25 may 2021-ci il tarixdə səhər saat 10:00 radələrində oğlum Kamranı götürərək 24-cü PŞ-nə getmiş, Kamrandan axşam evə gəlməməsi ilə əlaqədar izahat almışlar. Kamran təhqiqatçının otağında olarkən bir nəfər sonradan adını bildiyi Sənan adlı şəxs otağın qarşısından keçərkən əməliyyat müvəkkili Kamranı göstərərək ona qarşı hadisəni törədənin Kamran olub-olmadığını soruşmuşdur. Sənan adlı şəxs bir neçə dəfə müxtəlif fikirlərə düşsə də, sonda Kamranın onu vurduğunu bildirmişdir. Bu zaman o, həmin şəxslə şöbənin həyətində söhbət edərək ona qarşı edilən hərəkətlə bağlı soruşmuşdur. O da həmin hadisə zamanı Kamranla bərabər bir nəfər şəxsin də onu vurduğunu bildirmişdir. O, həmin şəxsin xəstəxana xərclərini ödəyəcəyini bildirmiş, daha sonra həmin şəxsə bir dəfə 300 manat, bir dəfə də 700 manat olmaqla ümumilikdə 1000 manat pul vermişdir. Həmin şəxs də 24-cü PŞ-də ərizə verərək hadisə ilə bağlı heç bir şikayəti olmadığını bildirmişdir. Daha sonra o, oğlu Kamranı götürərək evə getmişdir. Sənan adlı şəxs həmin şəxslərin yalnızca onu döydüyünü bildirmişdir. İşdə olan və məhkəmə baxışında tədqiq edilmiş aşağıda istinad edilən sənədlər və digər sübutlar Azərbaycan Respublikası CPM-nin 124-cü maddəsinin tələblərinə müvafiq olaraq sübut kimi qəbul edilmişdir: - 10 sentyabr 2021-ci il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası CM-nin 181.2.1 və 181.2.5-ci maddələri ilə ********* nömrəli cinayət işi başlanmışdır. (i.v. 1-2) -Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X1” Publik hüquqi şəxsin Təkrari ekspertizalar şöbəsinin 17 noyabr 2021-ci il tarixli T280/2021 nömrəli rəyinin nəticə hissəsindən görünür ki, Zərərçəkmiş şəxs təpə nahiyyəsinin əzilmişcırılmış yarası, sağ göz ətrafının qançırı, sağ gicgah nahiyəsinin sıyrığı olmuşdur. Qeyd olunan xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən törənmiş, 24.05.2021-ci il tarixdə yarana bilərdi, dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aiddir. İlkin ekspertiza aparılarkən 3 saylı ŞKX-dan verilmiş 25.05.2021-ci il tarixli arayışda Zərərçəkmiş şəxs göstərilən yardımda təpə nahiyəsində olan əzilmiş-cırılmış yaralara tikiş qoyulması haqqında hər hansı məlumat olmadığından xəsarətlər düzgün olaraq sağlamlığa zərərvurmayan kimi qiymətləndirilmişdir. (i.v. 259-262) - 19 yanvar 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 əməli Azərbaycan Respublikası CM-nin 181.2.1 və 181.2.5-ci maddələrindən həmin Məcəllənin 221.3-cü maddəsinə, Təqsirləndirilən şəxs2 əməli Azərbaycan Respublikası CM-nin 181.2.1 və 181.2.5-ci maddələrindən həmin Məcəllənin 221.2.1-ci maddəsinə tövsif edilmiş, onlara həmin maddələrlə ittiham elan edilmiş, Təqsirləndirilən şəxs1 barəsində Azərbaycan Respublikası CM-nin 228.4-cü maddəsi ilə, Zərərçəkmiş şəxs barəsində Azərbaycan Respublikası CM-nin 297-ci maddəsi ilə cinayət işinin başlanılması rədd edilmişdir. (i.v. 278-286) Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə hökmü haqqında” 15 saylı, 24 dekabr 2021-ci il tarixli Qərarına əsasən məhkəmənin hökmü məhkəmə baxışının aparıldığı dildə, aydın, anlaşılan ifadələrlə tərtib olunmalıdır, hökm yalnız məhkəmə iclasında bilavasitə tədqiq olunan sübutlara əsaslana bilər. Azərbaycan Respublikası CPM-nin 349.5.1-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 23 mart 2004-cü il tarixli 1 nömrəli Qərarının 2-ci bəndi ilə məhkəmələrə izah edilmişdir ki, Cinayət Məcəlləsinin xuliqanlığa görə məsuliyyət müəyyən edən 221-ci maddəsinin mətnində nəzərdə tutulan mənada ictimai qayda dedikdə, cəmiyyətdə insanlar arasında təşəkkül tapmış, adət və ənənələrlə, əxlaq normaları ilə, habelə qüvvədə olan qanunvericiliklə müəyyən edilən qarşılıqlı davranış və birgəyaşayış qaydalarının sistemi başa düşülür. İctimai qaydanı kobud surətdə pozan hərəkətlər dedikdə ictimai və ya şəxsi mənafelərə əhəmiyyətli zərər vuran və ya cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlər başa düşülür. Cəmiyyətə açıqca hörmətsizlik etmə dedikdə isə təqsirkarın ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərməsi, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq, bir çox insanın və ya cəmiyyətin hər hansı bir üzvünün mənafeylərinə toxunan hərəkətlər etməsi başa düşülür. Qərarın 13-cü bəndi ilə məhkəmələrə tövsiyyə edilmişdir ki, xuliqanlığa görə cəza təyin edərkən cəza təyin etmənin ümumi prinsiplərini rəhbər tutmaqla hər bir halda törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə almaqla təqsirləndirilən şəxslərə düzgün və ədalətli cəza təyin etsinlər. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli Qərarında göstərilmişdir ki, CM-nin 221.3-cü maddəsi ilə tövsif olunan xuliqanlıq hərəkətləri odlu silah, eləcə də soyuq silah tətbiq etməklə törədilə bilər. Silah qismində istifadə olunan əşyalara istənilən əşyalar, o cümlədən təsərrüfat-məişət təyinatlı (balta, yaba, mətbəx bıçağı və s.), eləcə də kərpic, daş, dəmir, çubuq, bir sözlə, tətbiqi həyat və ya sağlamlıq üçün təhlükə yaradan bütün əşyalar aid edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin B.Yusifovanın şikayəti üzrə 17 fevral 2006-cı il tarixli qərarında qeyd edilir ki, xuliqanlıq cinayət əməli məzmunundan və təqsirkarın niyyətindən, habelə onun hərəkətlərinin törədilmə şəraitindən, motiv və məqsədindən asılı olaraq başqa cinayətlərdən fərqləndirilməlidir. Xuliqanlıq - öz hərəkətlərinin ictimai təhlükəlilik xarakterini dərk edən, onların ictimai təhlükəli nəticələrini qabaqcadan görən, bu nəticələrin baş verməsini arzu edən şəxs tərəfindən qəsdən törədilən cinayətdir. CM-nin 221-ci maddəsi xuliqanlıq cinayət əməlini - ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, vətəndaşlar üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər kimi müəyyənləşdirir. Maddənin dispozisiyasına görə aşağıdakı əlamətlər xuliqanlıq hadisəsini xarakterizə edir: ictimai qaydanın kobud surətdə pozulması; cəmiyyətə açıqca hörmətsizliyin ifadə edilməsi; vətəndaşlar üzərində zor tətbiq olunması və ya belə zorun tətbiq edilməsi hədəsi, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi. Bu normanı tətbiq edərkən təqsirkarın hərəkətlərini xarakterizə edən yuxarıda sadalanan əlamətlərin mövcudluğu mütləqdir. Belə ki, ictimai qaydanı kobud surətdə pozan hərəkətlər - təqsirkarın nəqliyyatın, müəssisə, idarə və təşkilatın normal fəaliyyətinin, kütləvi tədbirin və ya uzun müddətə ictimai asayişin pozulmasına, yaxud vətəndaşların hüquqlarının və qanuni mənafelərinin toxunulmazlığına təhlükə və həyəcanın yaranmasına səbəb olan, habelə qanunvericiliklə tənzimlənən birgəyaşayış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətləridir. Cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlər - təqsirkarın ətrafdakı şəxslər və özü üçün açıq surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydalarına, əxlaq və mənəviyyat normalarına qarşı saymazlıq göstərən, bir qrup şəxsin və ya cəmiyyətin hər hansı bir üzvünün qanuni mənafelərinə toxunan hərəkətləridir. Təqsirkarın ictimai qaydanı kobud surətdə pozmaq və cəmiyyətə açıqca hörmətsizlik ifadə etmək niyyətinin olduğu müəyyənləşdirilməyibsə, əməl xuliqanlıq kimi qiymətləndirilə bilməz. Məhkəmə, zərərçəkmiş şəxsi, dövlət ittihamçısını, təqsirləndirilən şəxsləri, onların müdafiəçilərini və şahidi dinləyib, iş materiallarını hərtərəfli və obyektiv tədqiq edərək, istinad olunan hüquq normalarına əsaslanaraq, hesab edir ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsində, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 221.2.1-ci maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirlilikləri mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan, iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin, şahidlərin ifadələri və iş üzrə toplanmış digər materiallarla sübuta yetirilmişdir. İstintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs1 əməli Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsi ilə, Təqsirləndirilən şəxs2 əməli Azərbaycan Respublikası CM-nin 221.2.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir, onların cinayət məsuliyyətindən və cəzadan azad edilmələri üçün əsaslar, habelə, əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ifadəsinin müvafiq hissələrinə tənqidi yanaşaraq, qeyd edir ki, baş vermiş hadisə zamanı ictimai qaydanın kobud surətdə pozulması, cəmiyyətə qarşı açıqca hörmətsizlik ifadə edilməsi, zərərçəkmiş Zərərçəkmiş şəxs üzərində zor tətbiq edilməsi ilə müşayiət edilən, silah qismində istifadə olunan əşyadan istifadə etməklə qərəzli xuliqanlıq hərəkətlərinin edilməsi məhkəmədə toplanaraq tədqiq olunmuş sübutlarla öz təsdiqini tapmışdır, iş üzrə 17 noyabr 2021-ci il tarixli ekspertiza rəyi ilə müəyyən edilmişdir ki, Zərərçəkmiş şəxs aşkar olunmuş təpə nahiyyəsinin əzilmiş-cırılmış yarası, sağ göz ətrafının qançırı, sağ gicgah nahiyəsinin sıyrığı xəsarətləri bərk küt əşyanın (əşyaların) təsirindən törənmişdir, hadisənin baş verdiyi 24 may 2021-ci il tarixində yarana bilərdi, dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aiddir. Belə olan halda, hadisə zamanı zərərçəkmiş şəxsin yerə yaxılması nəticəsində həmin xəsarətləri alması barədə irəli sürülən dəlillərin əsası yoxdur, ekspertiza rəyi və digər sübutlarla həmin hal təkzib olunur. Digər yandan, təqsirləndirilən şəxslər məhkəmədə ifadələrinin sonunda əməllərindən səmimi peşmançılıq hissləri keçirdiklərini bildirərək barələrində yüngül cəza təyin olunmasını xahiş etmişlər. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CPM-nin 44.2.4-cü maddəsinə müvafiq olaraq, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməkdə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barələrində ittiham hökmü çıxarılmalı və onlara Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin müvafiq olaraq 221.3-cü və 221.2.1-ci maddələrinin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 221.2.1-ci maddəsinə əsasən xuliqanlıq, yəni ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər - bir qrup şəxs tərəfindən və ya təkrar törədildikdə - iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ildən üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Həmin Məcəllənin 221.3-cü maddəsinə əsasən bu Məcəllənin 221.1-ci və ya 221.2ci maddələrində nəzərdə tutulmuş əməllərin silahdan və ya silah qismində istifadə olunan əşyalardan istifadə edilməklə törədilməsi zərər çəkmiş şəxsə zor tətbiq olunması ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət olunduqda - iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə təqsirləndirilən şəxslərə cəza təyin etmək məsələsini həll edərkən aşağıdakıları nəzərə alır, eləcə də cinayət qanununun müvafiq prinsip və müddəalarını rəhbər tutur: - 27 oktyabr 2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 şübhəli şəxs kimi həmin tarixdə tutulmuşdur. (i.v. 84) - 27 oktyabr 2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 şübhəli şəxs kimi həmin tarixdə tutulmuşdur. (i.v. 105) - 29 oktyabr 2021-ci il tarixli qərardan görünür ki, Bakı şəhəri Nizami Rayon Məhkəməsi tərəfindən Təqsirləndirilən şəxs2 barəsində həbs qətimkan tədbiri seçilmiş, həbsdə saxlanılma müddəti 02 ay həddində müəyyən edilmiş, həbsetmənin əvvəli 27 oktyabr 2021-ci il tarixdən hesablanmışdır. (i.v. 159-162) - 29 oktyabr 2021-ci il tarixli qərardan görünür ki, Bakı şəhəri Nizami Rayon Məhkəməsi tərəfindən Təqsirləndirilən şəxs1 barəsində həbs qətimkan tədbiri seçilmiş, həbsdə saxlanılma müddəti 02 ay həddində müəyyən edilmiş, həbsetmənin əvvəli 27 oktyabr 2021-ci il tarixdən hesablanmışdır. (i.v. 163-166) -Zərərçəkmiş şəxs Bakı şəhəri Nizami rayon polis idarəsinin istintaq şöbəsinə ünvanladığı, 04 noyabr 2021-ci il tarixdə ünvan 4rizəsindən görünür ki, Təqsirləndirilən şəxs2 24 may 2021-ci il tarixdə ona qarşı heç bir zorakılıq hərəkəti törətməmişdir, ona qarşı heç bir soyğunçuluq və quldurluq etməmişlər. Hazırda onun Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 qarşı heç bir şikayət və tələbi yoxdur, gələcəkdə də heç bir şikayət və tələbi olmayacaqdır. (i.v. 168) -Zərərçəkmiş şəxs 09 mart 2022-ci il tarixdə məhkəməyə təqdim etdiyi ərizəsindən görünür ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 ilə barışmışdır, onlara qarşı heç bir şikayət və tələbi yoxdur, gələcəkdə də olmayacaqdır. - 124 saylı MTK-nın sədri tərəfindən verilmiş 30 oktyabr 2021-ci il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs2 yaşayış yeri üzrə müsbət xarakterizə olunur. (i.v. 169) -Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş 09 noyabr 2021-ci il tarixli tələbnamələrdən görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 məhkumluqları haqqında məlumat yoxdur. (i.v. 172-173) -Qazax rayon İHB-nın Yuxarı Salahlı kənd İƏD üzrə nümayəndəsi tərəfindən verilmiş 07 dekabr 2021-ci il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs1 yaşayış yeri üzrə müsbət xarakterizə olunur. (i.v. 224) - 09 dekabr 2021-ci il tarixli qərardan görünür ki, Bakı şəhəri Nizami Rayon Məhkəməsi tərəfindən müdafiə tərəfinin vəsatəti təmin edilərək Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs qətimkan tədbiri eyni müddətə ev dustaqlığı qətimkan tədbiri ilə əvəz edilmiş və o, məhkəmə iclas zalından azad edilmişdir. (i.v. 239-242) “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 nömrəli Qərarının 1-ci bəndi ilə məhkəmələrə izah edilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndinə əsasən şəxsin təqsirli bilindiyi maddənin sanksiyası azadlıqdan məhrum etmə ilə yanaşı yüngül cəza növləri də nəzərdə tutursa, hökm çıxarılarkən, azadlıqdan məhrum etmə cəzası təyin edildikdə, bu qərar hökmdə əsaslandırılmalıdır. Cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Yetkinlik yaşına çatmayanların cinayətləri barədə işlər üzrə məhkəmə təcrübəsi haqqında” 30 iyun 2008-ci il tarixli, 4 nömrəli Qərarının 11-ci bəndində məhkəmələrə izah olunmuşdur ki, yetkinlik yaşına çatmayanların törətdiyi cinayətə görə cəza təyin olunması haqqında məsələ həll edilərkən Azərbaycan Respublikası CM-in 58-ci maddəsində qeyd olunan (törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirləndirilən şəxsin şəxsiyyəti haqqında məlumatlar, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar) hallardan başqa, həmçinin Azərbaycan Respublikası CM-in 86-cı maddəsində nəzərdə tutulan şərtlər (yetkinlik yaşına çatmamış şəxsin həyat və tərbiyə şəraiti, əqli və psixi inkişaf səviyyəsi, şəxsiyyətlərinin digər xüsusiyyətləri, yetkinlik yaşına çatmış şəxslərin ona təsiri və s.) də nəzərə alınmalıdır. İlk növbədə azadlıqdan məhrum etməklə əlaqədar olmayan cəzanın tətbiq olunmasının mümkünlüyü müzakirə olunmalıdır. Yetkinlik yaşına çatmayanlara cəza təyin edərkən, məhkəmələr nəzərə almalıdırlar ki, cəza maksimum dərəcədə məhkumun islah və yenidən tərbiyə olunması məqsədinə xidmət etməlidir. Məhkəmə yalnız yetkinlik yaşına çatmayan şəxsin törətdiyi cinayətin ağırlığı baxımından onun cəmiyyətdən təcrid olunmadan islah olunmasının mümkün olmadığı hallarda, qəbul olunmuş qərarı hökmdə mütləq əsaslandırmaqla ona azadlıqdan məhrum etmə növündə cəza təyin olunması haqqında qərar qəbul etməlidir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi də öz qərarlarında dəfələrlə göstərmiş və Milli məhkəmələrə tövsiyə etmişdir ki, şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması üçün əsaslar olduqda məhkəmələr həmin şəxsin barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza növlərinin tətbiq edilməsinə üstünlük verməlidirlər. Cinayət törətmiş şəxsin cəmiyyətdən təcrid edilməsi yalnız bunun üçün möhkəm əsaslar olduqda və bu açıq-aşkar ictimai maraqlar baxımından zəruri olduqda tətbiq edilə bilər. Məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin müvafiq olaraq 221.3 və 221.2.1ci maddələri ilə törətdikləri əməllər həmin Məcəllənin 15.3-cü maddəsinə əsasən az ağır cinayət, 25.1-ci maddəsinə əsasən isə qəsdən törədilmiş cinayət hesab olunur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə zərərçəkmiş şəxslə barışıq əldə etməsini Azərbaycan Respublikası CMnin 59.1.12-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs1 cəzasını ağırlaşdıran hal qismində Azərbaycan Respublikası CM-nin 61.1-ci maddəsində dairəsi konkret göstərilmiş hallar müəyyən edilməmişdir. Məhkəmə cinayəti yetkinlik yaşına çatmadığı dövrdə törədilməsini, zərərçəkmiş şəxslə barışıq əldə etməsini Azərbaycan Respublikası CM-nin 59.1.2 və 59.1.12-ci maddələrinə əsasən Təqsirləndirilən şəxs2 cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs2 cəzasını ağırlaşdıran hal qismində Azərbaycan Respublikası CM-nin 61.1-ci maddəsində dairəsi konkret göstərilmiş hallar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs1 barəsində təyin ediləcək cəzanın həddini və növünü müəyyən edərkən, cəza təyinetmənin ümumi prinsiplərini rəhbər tutmaqla onun qəsdən az ağır cinayət törətməsini, cinayətin törədilməsində faktiki iştirakının xarakterini və dərəcəsini, cinayətin bilavasitə obyektinin ictimai qayda ilə bağlı münasibətlər təşkil etməsini nəzərə alaraq, hesab edir ki, onun islah olunması üçün törətdiyi cinayətə görə barəsində azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi məqsədəmüvafiqdir, tətbiq edilməsi nəzərdə tutulan cəza cinayət törətmiş şəxsin fərdi xüsusiyyətlərinə, törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsinə və xarakterinə mütənasibdir və hazırkı halda həmin cəza, cəzanın məqsədini təmin edir. Ona görə Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Məhkəmə işin faktiki hallarını, iş üzrə cəzanı yüngülləşdirən halın olmasını, cəzanı ağırlaşdıran halın isə olmamasını nəzərə alaraq, təqsirləndirilən şəxsə təqsirli bilindiyi maddənin sanksiyasında müəyyən edilmiş azadlıqdan məhrum etmə cəzasının aşağı həddində cəza təyin olunmasını məqsədəmüvafiq hesab edir. Məhkəmə Təqsirləndirilən şəxs2 barəsində təyin ediləcək cəzanın həddini və növünü müəyyən edərkən, cəza təyinetmənin ümumi prinsiplərini rəhbər tutmaqla onun qəsdən az ağır cinayət törətməsini, cinayətin törədilməsində faktiki iştirakının xarakterini və dərəcəsini, iş üzrə cəzanı yüngülləşdirən halların olmasını, cəzanı ağırlaşdıran halın isə olmamasını, cinayətin bilavasitə obyektinin ictimai qayda ilə bağlı münasibətlər təşkil etməsini nəzərə alaraq, hesab edir ki, onun islah olunması üçün cəmiyyətdən təcrid olunmamaqla barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilməsi məqsədəmüvafiqdir və cəzanın məqsədini təmin edir. Ona görə Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 221.2.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzası təyin edilməli, bu zaman isə azadlığın məhdudlaşdırılmasının yetkinlik yaşına çatmayanlara iki aydan iki ilədək müddətə təyin edilməli olması barədə Azərbaycan Respublikası CM-nin 85.4-1-ci maddəsinin tələbləri nəzərə alınmalıdır. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Azərbaycan Respublikası CPM-nin 158.2.1-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət həbsdə saxlama müddətinə daxildir. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs1 hazırkı cinayət işi üzrə 27 oktyabr 2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur, ona görə məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin tutulduqdan sonra hal-hazıradək həbsdə qaldığı müddət ibtidai həbs müddəti kimi cəzaçəkmə müddətinə daxil edilməklə, cəzaçəkməsinin başlanğıcı həmin tarixdən hesablanmalıdır. Bundan başqa, cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs2 hazırkı işlə bağlı 27 oktyabr 2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, 29 oktyabr 2021-ci il tarixdə barəsində həbs qətimkan tədbiri seçildikdən sonra, həmin qətimkan tədbirinin 09 dekabr 2021-ci il tarixdə ev dustaqlığı qətimkan tədbiri ilə əvəz olunmasınadək həbsdə saxlanılmış, 09 dekabr 2021-ci il tarixdən 20 may 2022-ci il tarixədək ev dustaqlığında olmuşdur. Ona görə məhkəmə hesab edir ki, ümumilikdə həmin 06 ay 23 gün müddət, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə müddətinə azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla təyin olunacaq cəzanın müddətindən çıxılaraq, təqsirləndirilən şəxsin üzərində qəti müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmalıdır. Azərbaycan Respublikası CM-nin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmin Məcəllənin 52-1.2-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 51-3.1 və 51-2.1-ci maddələrinə əsasən Təqsirləndirilən şəxs2 ona təyin olunacaq azadlığın məhdudlaşdırılması növündə cəzasını yaşayış yeri üzrə çəkməli və cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 üzərinə müvafiq məhkəmə qərarı olmadan hər gün saat 22:00-dan növbəti gün saat 07:00-dək yaşayış yerini, habelə gün ərzində Bakı şəhərinin ərazi hüdudlarını tərk etməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifələri qoyulmalı, Təqsirləndirilən şəxs2 üzərində nəzarətin həyata keçirilməsi yaşayış yeri üzrə probasiya şöbəsinə həvalə edilməlidir. Məhkəmə Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinin tələbinə uyğun olaraq belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs1 ona təyin olunacaq cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkmə müddətinin başlanğıcı hökmün çıxarıldığı tarixdən hesablanmalıdır. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 175.5-ci maddəsinə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs1 azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli olduğundan onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməli, digər Təqsirləndirilən şəxs2 isə azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməli olduğundan barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri dəyişdirilib hökm qanuni qüvvəyə minənədək başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ilə əvəz olunmalıdır. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 346-cı maddəsində nəzərdə tutulan, məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında müzakirə edilməli olan digər məsələlərlə bağlı qeyd edir ki, zərərçəkmiş şəxs məhkəməyədək icraat və məhkəmə icraatı zamanı mülki iddia verməmişdir; cinayət nəticəsində vurulmuş maddi zərərin və ya mümkün ola biləcək xüsusi müsadirənin təmin edilməsi məqsədi ilə əmlak üzərinə həbs qoyulmamışdır; maddi sübut qismində hər hansı əşya, predmet tanınmamışdır; iş üzrə məhkəmə məsrəfinin tutulmasına əsas olacaq ekspertiza keçirilməmişdir. Azərbaycan Respublikası CM-nin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq, hesab edir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin müvafiq olaraq 221.3-cü və 221.2.1-ci maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2, 193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının (AR Nazirlər Kabineti) müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə qeyd edir ki, dövlət hesabına dəvət edilmiş Bakı şəhəri 6 saylı vəkil bürosunun vəkili Müdafiəçi1 məhkəmə icraatı zamanı iştirak edərək Təqsirləndirilən şəxs1 hüquqi yardım göstərmişdir, iş materiallarına əsasən həmin müddət 31 iş saatı müddətinə bərabər tutulduğundan, (Nazirlər Kabinetinin 03.05.2018-ci il tarixli 202 saylı qərarına əsasən) müdafiəçiyə əmək haqqı dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Bu zaman nəzərə alınmalıdır ki, həmin vəkilin məhkəməyədək icraat zamanı göstərdiyi hüquqi yardıma görə haqqın ödənilməsi barədə müstəntiq tərəfindən qərar qəbul olunaraq icra olunması üçün göndərilmişdir. Müdafiəçilər Müdafiəçi2 və Müdafiəçi3 məhkəməyədək icraat və məhkəmə icraatı zamanı müqavilə əsasında iştirak edərək Təqsirləndirilən şəxs2 hüquqlarının müdafiəsini həyata keçirdiklərinə görə dövlət büdcəsinin vəsaiti hesabına əmək haqqının tutulması məsələsi müzakirə edilmir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs1 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, cəzaçəkmə müddətinin başlanğıcı 27 oktyabr 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 221.2.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs2 hazırkı işlə bağlı 27 oktyabr 2021-ci il tarixdə şübhəli şəxs qismində tutulduqdan və barəsində həbs qətimkan tədbiri seçildikdən sonra 09 dekabr 2021-ci il tarixədək həbsdə saxlandığı, həmin tarixdən 20 may 2022-ci il tarixədək ev dustaqlığında olduğu ümumilikdə 06 (altı) ay 23 (iyirmi üç) gün müddət, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə müddətinə azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla təyin olunmuş azadlığın məhdudlaşdırılması cəzasının müddətindən çıxılıb, üzərində qəti olaraq 10 (on) ay 14 (on dörd) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs2 üzərinə müvafiq məhkəmə qərarı olmadan hər gün saat 22:00-dan növbəti gün saat 07:00-dək yaşayış yerini, habelə gün ərzində Bakı şəhərinin ərazi hüdudlarını tərk etməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs2 üzərində nəzarətin həyata keçirilməsi yaşayış yeri üzrə probasiya şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs2 cəzaçəkmə müddətinin başlanğıcı cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri dəyişdirilib, hökm qanuni qüvvəyə minənədək başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ilə əvəz olunsun. Təqsirləndirilən şəxs1 məhkəmə icraatı zamanı 31 saat göstərdiyi pulsuz hüquqi yardıma görə Müdafiəçi1 müvafiq hesablaşma hesabı üzərindən Bakı şəhəri 6 saylı vəkil bürosu vasitəsilə 186 manat əmək haqqı Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Hökmdən elan olunduğu (həbsdə olan məhkuma hökmün surəti verildiyi) andan 20 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Həmin müddətdə hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə, hökm müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Nəriman Mehdiyev
Məhkəmə qərarları › İş №1(007)-129/2022
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Hökm — İş №1(007)-129/2022
20.05.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver