Məhkəmə qərarları › İş №1(007)-130/2020

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Hökm — İş №1(007)-130/2020

22.09.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(007)-130/2020 22.09.2020 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Rauf Tağı oğlunun sədrliyi, məsləhətçi İmanov Nizami Bəxtiyar oğlunun katibliyi, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhər məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, onun müdafiəçisi, Bakı şəhəri 6 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, Təqsirləndirilən şəxs, xx xxxxxx 1976-cı ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, ünvan 1 42, İnzibati bina ünvanında qeydiyyatda olan və yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs, 27 oktyabr 2019-cu il tarixdə, saat 12 radələrində Bakı şəhəri, Nizami rayonu, Naxçıvanski küçəsi, 88 saylı evin 27 saylı mənzilində birlikdə təmir işləri apardığı Zərərçəkmiş şəxs ona işə gec gəldiyi üçün irad bildirməsi ilə əlaqədar aralarında baş vermiş mübahisə zamanı, qəsdən başı ilə iş yoldaşı Zərərçəkmiş şəxs sifət nahiyəsindən və təpiklə ayaq nahiyəsindən vuraraq, sonuncuya üst dodağın qansızması və əzilmiş yarası, sol baldırın sıyrığı ilə nəticələnən ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aid bədən xəsarətləri yetirmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü tam təqsirli bilərək göstərdi ki, o, kafel-metlax ustasıdır, buna baxmayaraq nadir hallarda işləyir. 2019-cı ilin oktyabr ayında Zığ qəsəbəsindən 44 saylı avtobusla gələn zaman bir nəfər Zərərçəkmiş şəxs adlı şəxslə tanış olmuş, söhbət əsnasında Ruslan ona bildirmişdir ki, ev təmiri ilə məşğul olur və ona kafel-metlax ustası lazımdır. O, Ruslana kafel-metlax ustası olduğunu demiş və onlar birlikdə işləməyə razılaşmışlar. Növbəti gün, o, ünvan 2 ünvanına gəlmişdir. Onlar birlikdə orada 2 həftəyə yaxın təmir işləri aparmış, əsas işi o, görmüşdür. Razılaşmaya əsasən, ümumi iş üçün hər adama 600 manat almalı olmuşlar. Həmin 600 manatdan Ruslan ona 250 manat vermiş və 350 manat isə verəcəyi qalmışdır. Ruslan ona qalan pulu vermədiyi üçün o, 27 oktyabr 2019-cu il tarixdə işə getməmişdir. Ona görə də Ruslan onun anasına zəng edib, ona bütün pulu verdiyini deyib yalan danışmışdır. O, bütün bunları anasından öyrəndikdən sonra əsəbləşib, həmin gün saat 11-12 radələrində işlədikləri C.Naxçıvanski küçəsi, ev 88, mənzil 7 ünvanına gəlmişdir. Ruslandan nə üçün yalan danışdığını soruşmuş, bu əsnada aralarında mübahisə olmuş, mübahisə zamanı o, əsəbləşib Ruslanın sifət nahiyyəsinə bir dəfə başı ilə zərbə vurmuş, bundan sonra oradan çıxıb getmişdir. Sonda Təqsirləndirilən şəxs törətdiyi əməldən səmimi peşman olduğunu bildirdi və barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə dövlət ittihamçısını, zərərçəkmiş şəxsi, təqsirləndirilən şəxsi, onun müdafiəçisini və şahidi dinləyərək, habelə iş materiallarını tədqiq edərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə müəyyən edilmiş cinayət əməlini törətmişdir və onun təqsiri, özünün etirafedici ifadəsi ilə yanaşı, aşağıda göstərilən digər sübutlarla da təsdiq edilir. 11 iyun 2020-ci il tarixdə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs məhkəmə iclasında verdiyi ifadəsində bildirmişdir ki, o, 3-4 ildir ki, ustalıqla məşğul olur. 2019-cu ilin oktyabr ayında ünvan 3 ünvanında təmir işləri aparmış, təxminən oktyabr ayının 18-də Zığ qəsəbəsindən gələrkən, 44 saylı avtobusda Rafail adlı şəxslə tanış olmuşdur. Söhbət əsnasında Rafail mənzil təmiri işləri ilə məşğul olmasını ona demişdir. O, Rafailə işlədiyi mənzildə ona köməklik etməsini təklif etmiş, təmirin kvadrat hesabına görə pulunu ödəyəcəyini bildirmişdir. Rafail isə razılaşmış və onlar birlikdə işləməyə başlamışlar. Təxminən 10 gün birlikdə işləmiş, o, Rafailə zəhmət haqqı kimi 200 manat və 1 ədəd “Alkotel” markalı mobil telefon aparatı vermiş və həmin mobil telefon aparatının dəyərini 130 manata razılaşmışlar. İşlədikləri müddətdə Rafail bir neçə dəfə işə gec gəlmişdir. 27 oktyabr 2019-cu il tarixdə o, işlədikləri ünvan 4 ünvanında olan zaman Rafail saat 12-də işə gəlmiş, o, sonuncuya iradını bildirərək nə üçün işə gec gəlməsinin səbəbini soruşmuş, bu zəmində aralarında mübahisə yaranmışdır. Rafail qəflətən başı ilə zərbə atıb, təpiklə onun ayağından vurmuş, bu zaman o, dodaq nahiyəsindən və sağ ayağından xəsarətlər almışdır. Rafail isə oradan çıxıb getmişdir. Bundan əlavə, hadisə zamanı Rafail onun mobil telefonunu oğurlamış, ziyanın 150 manat hissəsini ona ödəmiş, qalan hissəsini ona ödəməmişdir. Sonda Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs etdiyi əmələ görə bağışlamadığını bildirdi və Təqsirləndirilən şəxs barəsində ədalətli hökm çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Şahid1 verdiyi ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs Xarlar oğlu onun doğma oğludur. Rafail kafel-metlax ustasıdır, lakin nadir hallarda işləyir. 2019-cu ilin oktyabr ayının sonlarında Ruslan adlı şəxs onun istifadəsində olan mobil telefon nömrəsinə zəng vuraraq, oğlu Rafaillə birlikdə işləmələrini, sonuncunun işə gəlmədiyini bildirdikdə, o, Ruslana oğlunun evdən çıxaraq işə gələcəyini bildirmişdir. O, Ruslandan nə üçün Rafailin işə görə pulunu ödəmədiyini soruşduqda, Ruslan Rafailə 200 manat pul verməsini və 180 manat verəcəyinin qaldığını bildirmişdir. Bir müddət sonra Rafail evə gəldikdə o, sonuncudan Ruslanın ona pul verib-verməməsini soruşmuş, Rafail isə Ruslanın ona 120 manat pul verməsini və 380 manat verəcəyinin qalmasını bildirmiş, o, isə Ruslanın 200 manat verməsini və 180 manat verəcəyinin qalmasını ona deməsini bildirmişdir. Bu zaman Rafail evdən çıxıb getmişdir. Aradan təxminən 1 saat keçmiş Ruslan ona təkrar zəng vuraraq, Rafaillə aralarında hesablarını aydınlaşdırmalarını və Rafailə 350 manat verəcəyinin qalmasını bildirmişdir. Təxminən 2-3 saat sonra Ruslan yenidən ona zəng edərək, ilkin olaraq Rafaili soruşmuş, o, Rafailin evdə olmadığını bildirmiş, Ruslan isə ona Rafaillə aralarında mübahisə olmasını və Rafailin onu döyməsini, Rafailin ondan üzr istəməyəcəyi təqdirdə sonuncudan polisə şikayət edəcəyini bildirmişdir. Aradan təxminən 1-2 gün keçmiş Ruslan yenə də ona zəng edərək, Rafailin onu döydükdən sonra mobil telefon aparatını da oğurlamasını və Rafailin telefonu qaytarmayacağı təqdirdə sonuncudan şikayət edəcəyini bildirmişdir. Sonradan o, eşitmişdir ki, Ruslan Rafaildən polisə şikayət etmişdir. İş materiallarında olan 28 oktyabr 2019-cu il tarixli baxış keçirilməsi haqqında protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, Zərərçəkmiş şəxs sağlamlığına yüngül zərər yetirilməsi ilə nəticələnmiş hadisənin ünvan 5 ünvanında yerləşməsi müəyyən edilmiş və hadisə yerinə baxış keçirilmişdir. İş materiallarında olan canlı şəxsin ekspertizasının 28 oktyabr 2019-cu il tarixli, 1079 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs üst dodağın qansızması və əzilmiş yarası, sol baldırın sıyrığı olmuşdur. Qeyd olunan xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən törənmişlər, 27.10.2019-cu il tarixdə alınması mümkündür və dərəcələrinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aiddirlər. İş materiallarında olan 24 fevral 2020-ci il tarixli üzləşdirmə protokolundan görünür ki, Zərərçəkmiş şəxs keçirilmiş üzləşmə zamanı ibtidai istintaq zamanı göstərdiyi xüsusatları Təqsirləndirilən şəxs üzünə demişdir. İş materiallarında olan ambulator məhkəmə-psixiartik ekspertizasının 06 mart 2020-ci il tarixli, 490 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs ona ittiham olunan əməl dövründə onda mövcud olan üzvi şəxsiyyət pozuntusu o dərəcədə ifadə olunmamışdir ki, onu törətdiyi cinayət əməli dövründə öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, onları idarə etmək iqtidarından məhrum etsin. Buna görə də Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli dövründə öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, onları idarə etmək iqtidarında olmuşdur. Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində anlaqlı hesab olunmalıdır. Onun hərəkəti Azərbaycan Respublikası CM-nin 21 və 22-ci maddələrinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs hal-hazırda da öz hərəkətlərinin xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur. İş materiallarından olan sübutların qiymətləndirilməsi haqqında 23 mart 2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CMnin 177.1-ci maddəsi ilə cinayət işinin başlanması rədd edilmiş və sonuncunun əməlində inzibati xəta tərkibi olduğundan material baxılması üçün Nizami RPİ-nin 24-cü PŞ-nə göndərilmişdir. Beləliklə, yuxarıda göstərilən sübutlarla Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə müəyyən olunmuş cinayətin törədilməsində təqsiri tam sübuta yetirilir. Cəza təyin edərkən məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs şəxsiyyətini, əvvəllər məhkum olunmasını, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Törətdiyi əməldən səmimi peşman olmasını və zərərçəkmiş şəxslə razılıq əldə etməyə cəhd etməsini məhkəmə Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar hesab edir. İş üzrə Təqsirləndirilən şəxs təyin edilən cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 4 №-li Qərarının 3-cü bəndində göstərilir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. “Məhkəmə Hökmü Haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 27 dekabr 1996-cı il tarixli 4 №-li qərarının, 13-cü bəndində qeyd olunmuşdur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin etmək hallarına yol verməməlidir. Məhkəmə, Təqsirləndirilən şəxs törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, o cümlədən onun barəsində işdə olan və ayrı-ayrılıqda yuxarıda sadalanan cəzasını yüngülləşdirən halların olub, cəzasını ağırlaşdıran halların olmamasını, eləcə də təqsirləndirilən şəxsin azadlıqdan məhrumetmə növündə cəza çəkmədən islah olunmasını mümkün sayaraq, hesab edir ki, ona islah işləri növündə cəza təyin olunduğu təqdirdə də cəzanın məqsədləri təmin edilə bilər. Bununla əlaqədar məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrum edilməklə cəmiyyətdən təcrid edilməsinə əsaslar müəyyən edilmədiyinə görə təqsirləndirilən şəxs barəsində islah işləri növündə təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə görə hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti islah işləri növündə cəzanın müddətinə bir günə dörd gün hesabı ilə hesablanır. Azərbaycan Respublikası CPM-nin 158.2 və 158.2.1-ci maddələrinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan hesablanır və tutulduğu müddət həbsdə saxlama müddətinə daxil edilir. İş materiallarında olan 22 fevral 2020-ci il tarixli tutma protokolundan, 24 fevral 2020ci tarixli təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərardan, eyni tarixli təqsirləndirilən şəxsin barəsində qətimkan tədbirinin seçilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs 22 fevral 2020-ci il tarixdə Bakı şəhəri Nizami rayon Polis İdarəsinə gətirilmiş, barəsində tutma protokolu tərtib olunaraq saxlanılması üçün Bakı şəhər Nizami rayon Polis İdarəsinin Müvəqqəti Saxlama Yerinə təhvil verilmiş, 24 fevral 2020-ci il tarixdə barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilərək Bakı şəhər Nizami rayon Polis İdarəsinin Müvəqqəti Saxlama Yerindən azad edilmişdir. Buna görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı 22 fevral 2020-ci il tarixdən 24 fevral 2020-ci il tarixədək tutulduğu 02 (iki) gün müddət nəzərə alınaraq, Təqsirləndirilən şəxs təyin edilən islah işləri cəzasına bir günə dörd gün hesabı ilə hesablanaraq, ona təyin edilən islah işləri cəzasından 08 (səkkiz) gün çıxılmalıdır. Həmçinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən Bu Məcəllənin 193.2, 193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının (AR Nazirlər Kabineti) müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə hesab edir ki, vəkilin ibtidai istintaqda iştirak etdiyi müddət 20 iş saatı və məhkəmədə iştirak etdiyi müddət 30 iş saatı, cəmi 50 iş saatı müddətinə bərabər olduğundan, hər iş saatı üçün Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03.05.2018-ci il tarixli, 202 saylı qərarına əsasən göstərilmiş hüquqi xidmətlərə görə hər iş saatı üçün 6 (altı) manat miqdarında ödənilməsi nəzərə alınmaqla 300 (üç yüz) manat (50x6) məbləğində əmək haqqı Bakı şəhəri 6 saylı Vəkil Bürosu vasitəsi ilə Müdafiəçi dövlət büdcəsi hesabına ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 346, 347, 349, 351-353, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və ona, qazancından dövlət nəfinə 15 (on beş) faiz məbləğində pul tutulmaqla, 01 (bir) il müddətinə islah işləri növündə cəza təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən məhkəməyədək icraat zamanı 22 fevral 2020-ci il tarixdən 24 fevral 2020-ci il tarixədək tutulduğu 02 (iki) gün müddət bir günə dörd gün hesabı ilə hesablanaraq, Təqsirləndirilən şəxs təyin edilən islah işləri cəzasından 08 (səkkiz) gün çıxılsın və ona çəkilməsi üçün qəti olaraq, qazancından dövlət nəfinə 15 (on beş) faiz məbləğində pul tutulmaqla, 11 (on bir) ay 22 (iyirmi iki) gün müddətinə islah işləri cəzası müəyyən edilsin. Cəzanın icrası müddəti Təqsirləndirilən şəxs qazancından tutulmalar aparılmağa başlandığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvəsində saxlanılsın. Təqsirləndirilən şəxs 50 saat göstərdiyi pulsuz hüquqi yardıma görə iş üzrə dəvət olunmuş müdafiəçi Bakı şəhəri 6 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi VÖEN – ********** hesablaşma hesabı üzərindən Bakı şəhəri 6 saylı Vəkil Bürosu vasitəsi ilə 300 (üç yüz) manat əmək haqqı Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına ödənilsin. Hökm elan olunduğu andan 20 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Həmin müddətdə hökmdən apellyasiya qaydasında protest və şikayət verilmədikdə hökm müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Rauf Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar