Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(007)-131/2023 28.11.2023 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Giriş: Hakim Mehdiyev Nəriman Hüseynqulu oğlunun sədrliyi, məhkəmə iclasının katibi X1 oğlunun katibliyi, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş hüquqi şəxs “Azərbaycan Rəssamlar İttifaqı”nın nümayəndəsi Nümayəndə oğlunun, Təqsirləndirilən şəxs, onun müdafiəçiləri-Bakı şəhəri 16 saylı vəkil bürosunun vəkili Müdafiəçi1, Abşeron rayon vəkil bürosunun vəkilləri Müdafiəçi2 və Müdafiəçi3 iştirakları ilə, təqsirləndirilən şəxs xx xxxxxx 1961-ci il tarixdə Füzuli rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, evli, əvvəllər məhkum olunmamış, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru vəzifəsində işləyən, Bakı şəhəri, Nizami rayonu, İ.Həbibov küçəsi, mənzil 2,4,6, ev 51-də qeydiyyatda olan, Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, R.Behbudov küçəsi ev 32-də yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş - Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 306.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs vəzifəli şəxs kimi məhkəmənin qanuni qüvvəyə minmiş qərardadını qərəzli olaraq icra etməmişdir. Belə ki, o, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru kimi vəzifəli şəxs olaraq 281162,20 manat məbləğində pul vəsaitini “Azərbaycan Rəssamlar İttifaqı”nın xeyrinə ödənilməsinə dair Bakı Apellyasiya Məhkəməsinin qanuni qüvvəyə minmiş 02 may 2016-cı il tarixli 2(103)-268/2016 saylı qərardadının icrasını təmin etməsi ilə əlaqədar icra məmurunun qanuni tələblərini üzrsüz səbəbdən yerinə yetirmədiyinə görə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 27 sentyabr 2019-cu il tarixli 3(007)-1374/2019 saylı qərarı əsasında Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinərək 1500,00 manat və 16 dekabr 2021-ci il tarixli 3(007)-3021/2021 saylı qərarı əsasında Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinərək 1200,00 manat məbləğində inzibati cərimə edilməsinə, məhkəmə aktının icrasının təmin edilməsi üçün ona yeni müddət təyin olunmaqla məsuliyyəti barədə 01 fevral 2022-ci il, 20 iyul 2022-ci il tarixlərdə rəsmi xəbərdarlıqlar verilməsinə baxmayaraq cinayət təqibi başlanması məsələsinə baxılması üçün təqdimat verilən 08 sentyabr 2022-ci il tarixədək şəxsi maraq niyəti ilə zərərçəkmiş “Azərbaycan Rəssamlar İttifaqı”na maddi ziyan vurmaqla qanuni qüvvəyə minmiş məhkəmə qərardadını qərəzli olaraq qəsdən icra etməməklə ədalət mühakiməsinin nüfuzuna xələl gətirmişdir. Bu hərəkətləri ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 306.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. İşin halları, təqdim və tədqiq edilmiş sübutlar: Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, "xxxx" MMC-nin direktoru işləyir, əlavə olaraq təsərrüfatla məşğul olduğundan aylıq gəliri 2000 manat təşkil edir. Rəhbərlik etdiyi cəmiyyətin fəaliyyəti əmtəə-beton istehsalından ibarət olmuşdur, 2007-ci ildə "xxxx" MMC ilə “Azərbaycan Rəssamlar İttifaqı” arasında bağlanmış kredit müqaviləsinə əsasən İttifaq illik 10% olmaqla, 500000 manat məbləğində pul vəsaitini "xxxx" MMC-nin hesabına köçürməyi və MMC isə müqavilənin şərtlərinə görə “Azərbaycan Rəssamlar İttifaqı” üçün tikiləcək yaşayış və qeyri-yaşayış tikintilərini güzəştli qiymətlərlə keyfiyyətli əmtəə-betonu ilə təmin etməyi öhdəsinə götürmüşdür. Müqavilə üzrə İttifaqın hesabından 350000 manat məbləğində pul vəsaiti "xxxx" MMC-nin hesabına köçürülməsinə baxmayaraq cəmiyyət öhdəliyini yerinə yetirmədiyi üçün İttifaq pulunu geri tələb etmiş, MMC isə borcunu qaytarmadığı üçün 2015-ci ildə MMC-yə qarşı pul tələbinə dair 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsində iddia qaldırılmışdır. Həmin məhkəmənin 07 dekabr 2015-ci il tarixli qətnaməsi ilə iddia təmin edilmiş, "xxxx" MMC-dən 281162,20 manat məbləğində pul vəsaitinin tutularaq “Azərbaycan Rəssamlar İttifaqı”nın xeyrinə ödənilməsi qət edilmişdir. Qətnamə qanuni qüvvəyə mindikdən sonra İttifaqla aralarında barışıq sazişi bağlanmış, saziş Bakı Apellyasiya Məhkəməsinin 02 may 2016-cı il tarixli qərardadı ilə təsdiq edilmiş və qətnamənin icrasına xitam verilmişdir. Qərardada əsasən "xxxx" MMC 31 dekabr 2016cı il tarixədək 281162,20 manat məbləğində pul vəsaitini “Azərbaycan Rəssamlar İttifaqı”nın xeyrinə ödəməli olmuşdur. Daha sonra icra sənədi icra olunması üçün Bakı şəhəri Nizami rayon icra şöbəsinə göndərilmişdir. İcra məmurları ona cəmiyyətin direktoru kimi bildiriş təqdim etməklə qərardadın icrasını təmin etməsini tələb etmişlər. Lakin, MMC fəaliyyət göstərmədiyi, hər hansı gəliri və əmlakı olmadığı üçün məhkəmə aktının icrası mümkün olmamışdır. İcra şöbəsində ondan izahatlar alınarkən, eyni zamanda icra sənədini icra etməməsi ilə əlaqədar məhkəmədə iki dəfə inzibati işə baxılıb barəsində cərimə tətbiq olunarkən bu barədə bildirmişdir. Sonrakı müddətdə də ona xəbərdarlıqlar edilmiş, lakin, ödəniş edilməsi mümkün olmamışdır. Daha sonra Təqsirləndirilən şəxs ifadəsində göstərmişdir ki, tərəfindən 50000 manat məbləğində pul vəsaiti “Azərbaycan Rəssamlar İttifaqı”nın hesabına ödənilmiş, ona görə qalan borcun 01 il müddətində ödənilməsinə razılıq verilmişdir. Həmin halı nəzərə alaraq, iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş hüquqi şəxs “Azərbaycan Rəssamlar İttifaqı”nın nümayəndəsi Nümayəndə oğlu izahatında göstərmişdir ki, 06 fevral 2007-ci il tarixdə “Azərbaycan Rəssamlar İttifaqı” ilə "xxxx" MMC arasında bağlanmış kredit müqaviləsinə əsasən İttifaq illik 10% olmaqla, 500000 manat məbləğində pul vəsaitini "xxxx" MMC-nin hesabına köçürməyi, sonuncu isə müqavilənin şərtlərinə görə “Azərbaycan Rəssamlar İttifaqı” üçün tikiləcək yaşayış və qeyri-yaşayış tikintilərini güzəştli qiymətlərlə keyfiyyətli əmtəə-betonu ilə təmin edəyəcəyini öhdəsinə götürmüşdür. İttifaq müqavilə üzrə öhdəliyini yerinə yetirərək pulu "xxxx" MMC-nin hesabına köçürməsinə baxmayaraq cəmiyyət öhdəliyini yerinə yetirməmiş, belə olan halda nümayəndəsi olduğu təşkilat pulunu geri tələb etmiş, MMC isə pulu qaytarmaqdan boyun qaçırmışdır. Ona görə 2015-ci ildə MMCyə qarşı pul tələbinə dair 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsində iddia qaldırılmış, həmin məhkəmənin 07 dekabr 2015-ci il tarixli 2(82)-551/15 nömrəli qətnaməsi ilə iddia təmin edilmiş, qətnaməyə əsasən "xxxx" MMC-dən 281162,20 manat məbləğində pul vəsaitinin tutularaq “Azərbaycan Rəssamlar İttifaqı”nın xeyrinə ödənilməsi qət edilmişdir. Qətnamə qanuni qüvvəyə mindikdən sonra tərəflər arasında bağlanmış barışıq sazişi Bakı Apellyasiya Məhkəməsinin 02 may 2016-cı il tarixli 2(103)-268/2016 nömrəli qərardadı ilə təsdiq edildiyi üçün 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 07 dekabr 2015-ci il tarixli 2(82)-551/15 nömrəli qətnaməsinin icrasına xitam verilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 02 may 2016-cı il tarixli 2(103)-268/2016 nömrəli qərardadına əsasən "xxxx" MMC tərəfindən 31 dekabr 2016-cı il tarixədək 281162,20 manat məbləğində pul vəsaitinin “Azərbaycan Rəssamlar İttifaqı”nın xeyrinə ödənilməsi qərara alınmış, qərardad icra olunması üçün Bakı şəhəri Nizami rayon icra şöbəsinə göndərilmişdir. İcra hərəkətləri zamanı borclu "xxxx" MMC-nin direktoru Təqsirləndirilən şəxs bildiriş təqdim edilməsinə baxmayaraq o, məhkəmə aktının icrasını təmin etməkdən imtina etdiyi üçün Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 27 sentyabr 2019-cu il və 16 dekabr 2021-ci il tarixli qərarları əsasında Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinib, müvafiq olaraq 1500 manat və 1200 manat məbləğində inzibati cərimə edilmiş, bundan sonra icra məmuru qərardadın icrası ilə əlaqədar ona rəsmi xəbərdarlıq verməsinə baxmayaraq Təqsirləndirilən şəxs məhkəmə aktını icra etməmişdir. Zərərçəkmiş hüquqi şəxs “Azərbaycan Rəssamlar İttifaqı”nın nümayəndəsi Nümayəndə oğlu sonradan verdiyi izahatında göstərmişdir ki, "xxxx" MMC-yə aid 324576 nömrəli 14 noyabr 2023-cü il tarixli kassa mədaxil orderi əsasında Təqsirləndirilən şəxs tərəfindən 50000 manat məbləğində pul vəsaiti “Azərbaycan Rəssamlar İttifaqı”nın hesabına ödənilmiş və İttifaq tərəfindən qəbul olunmuşdur. “Azərbaycan Rəssamlar İttifaqı” İctimai Birliyinin sədri Fərhad Xəlilov tərəfindən məhkəməyə 14 noyabr 2023-cü il tarixli 103 nömrəli məktub ünvanlanmış, göstərilmişdir ki, qeyd olunanlar nəzərə alınmaqla, "xxxx" MMC-nin qalan borcunun 01 il müddətində ödənilməsinə razılıq verilir. Daha sonra əlavə etmişdir ki, Təqsirləndirilən şəxs ilə əldə olunan həmin razılığa əsasən ona qarşı şikayət və tələbləri yoxdur, onun həbs olunmasını istəmirlər, Təqsirləndirilən şəxs həbsdə olması onların yuxarıda qeyd olunan qaydada razılaşmalarının yerinə yetirilməsinə maneə törədər. Həmin halların nəzərə alınmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri Nizami rayon icra şöbəsinin rəis müavini Şahid1 ifadəsində göstərmişdir ki, "xxxx" MMC-dən 281162,20 manat məbləğində pul vəsaitinin tutularaq “Azərbaycan Rəssamlar İttifaqı”nın xeyrinə ödənilməsinə dair Bakı Apellyasiya Məhkəməsinin qanuni qüvvəyə minmiş 02 may 2016cı il tarixli 2(103)-268/2016 nömrəli qərardadı, icrasının təmin edilməsi ilə əlaqədar, Bakı şəhəri Nizami rayon icra şöbəsinə daxil olduqdan sonra icraata başlanmış, tələbin könüllü təmin edilməsi üçün "xxxx" MMC-nin direktoru Təqsirləndirilən şəxs bildiriş təqdim edilmişdir. Tələb könüllü icra müddətində təmin olunmadığı üçün məcburi icra tədbiri olaraq "xxxx" MMC-nin əmlak vəziyyəti yoxlanılmış, lakin ora məxsus əmlakları aşkar etmək mümkün olmamışdır. "xxxx" MMC-nin direktoru Təqsirləndirilən şəxs vəzifəli şəxs olduğu üçün dəfələrlə şöbəyə dəvət olunaraq izahatı alınmış, qanunun tələbləri və məsuliyyəti ona izah edilmişdir. Buna baxmayaraq Təqsirləndirilən şəxs icra məmurunun qanuni tələblərini yerinə yetirməkdən üzrsüz səbəbdən yayınmışdır. Bununla əlaqədar o, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 27 sentyabr 2019-cu il tarixli 3(007)-1374/2019 nömrəli qərarı əsasında Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinərək 1500 manat məbləğində, 16 dekabr 2021-ci il tarixli 3(007)-3021/2021 nömrəli qərarı əsasında Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinərək 1200 manat məbləğində inzibati cərimə edilmiş və məhkəmə aktının icrasının təmin edilməsi üçün ona yeni müddət təyin edilməsinə baxmayaraq hərəkətlərini davam etdirməklə qərardadın icrasından qərəzli yayınmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri Nizami rayon icra şöbəsinin böyük icra məmuru Şahid2, Şahid1lə eyni məzmunlu ifadə vermişdir. İşdə olan və məhkəmə baxışında tədqiq edilmiş aşağıda istinad edilən sənədlər və digər sübutlar Azərbaycan Respublikası CPM-nin 124-cü maddəsinin tələblərinə müvafiq olaraq sübut kimi qəbul edilmişdir: - 30 sentyabr 2022-cü il tarixli qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası CM-nin 306.2-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmışdır. (i.v. 1) -Bakı Apellyasiya Məhkəməsinin 02 may 2016-cı il tarixli 2(103)-268/2016 nömrəli qərardadından və həmin iş üzrə 23 fevral 2017-ci il tarixdə verilmiş icra vərəqəsindən görünür ki, 281162,20 manat məbləğində pul vəsaiti "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən “Azərbaycan Rəssamlar İttifaqı”nın xeyrinə ödənilməlidir. (i.v. 11-15) - 28 fevral 2017-ci il tarixli qərarın və bildirişin surətlərindən görünür ki, Bakı Apellyasiya Məhkəməsinin 02 may 2016-cı il tarixli 2(103)-268/2016 nömrəli icra vərəqəsi əsasında Bakı şəhəri Nizami rayon icra şöbəsində icraata başlanılmış, tələbin könüllü icrası üçün "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə göndərilmişdir. (i.v. 27-28) -Vergi Xidmətinin internet saytında qeydə alınmış “Kommersiya qurumlarının dövlət reyestri məlumatları”ndan görünür ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin qanuni təmsilçisi, direktoru Təqsirləndirilən şəxsdur. (i.v. 30) - 14 aprel 2017-ci il tarixli qərardan görünür ki, icra məmuru tərəfindən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin əmlakının axtarışı elan edilmişdir. (i.v. 31) - 23 sentyabr 2019-cu il tarixli 8(007)-338/2019 nömrəli qərardadın surətindən görünür ki, Bakı Apellyasiya Məhkəməsinin 02 may 2016-cı il tarixli 2(103)-268/2016 nömrəli icra vərəqəsinin icrasının təmin olunması üçün icra məmurunun təqdimatı əsasında Bakı şəhəri Nizami Rayon Məhkəməsi tərəfindən borclu "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru Təqsirləndirilən şəxs ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmışdır. (i.v. 66-68) - 27 sentyabr 2019-cu il tarixli 3(007)-1374/2019 nömrəli qərarın surətindən görünür ki, Bakı Apellyasiya Məhkəməsinin 02 may 2016-cı il tarixli 2(103)-268/2016 saylı qərardadının icasının təmin etməsi ilə əlaqədar icra məmurunun qanuni tələblərini üzrsüz səbəbdən yerinə yetirmədiyinə görə Bakı şəhəri Nizami Rayon Məhkəməsi tərəfindən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə 1500 manat məbləğində inzibati cərimə tətbiq edilmişdir. (i.v. 76-78) - 16 dekabr 2021-ci il tarixli 3(007)-3021/2021 nömrəli qərarın surətindən görünür ki, Bakı Apellyasiya Məhkəməsinin 02 may 2016-cı il tarixli 2(103)-268/2016 saylı qərardadının icasının təmin etməsi ilə əlaqədar icra məmurunun qanuni tələblərini üzrsüz səbəbdən yerinə yetirmədiyinə görə Bakı şəhəri Nizami Rayon Məhkəməsi tərəfindən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə 1200 manat məbləğində inzibati cərimə tətbiq edilmişdir. (i.v. 108-111) - 14 iyul 2022-ci il tarixli qərardan görünür ki, icra məmuru tərəfindən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin əmlakının axtarışı elan edilmişdir. (i.v. 118) - 01 fevral 2022-ci il və 20 iyul 2022-ci il tarixli xəbərdarlıqdan görünür ki, Bakı şəhəri Nizami rayon icra şöbəsinin icra məmuru tərəfindən borclu "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru Təqsirləndirilən şəxs xəbərdarlıq edilərək icra sənədini icra etməyəcəyi halda cinayət məsuliyyətinə cəlb olunması məsələsinin həlli üçün barəsində toplanmış materialların Ədliyyə Nazirliyinin İstintaq İdarəsinə göndəriləcəyi izah edilmişdir. (i.v. 116, 125-126) - 08 dekabr 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 306.2-ci maddəsi ilə elan edilmiş ittiham qüvvəsində saxlanılmışdır. (i.v. 179-182) Sübutların qiymətləndirilməsi və hüquqi məsələlər: Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə hökmü haqqında” 15 saylı, 24 dekabr 2021-ci il tarixli Qərarına əsasən məhkəmənin hökmü məhkəmə baxışının aparıldığı dildə, aydın, anlaşılan ifadələrlə tərtib olunmalıdır, hökm yalnız məhkəmə iclasında bilavasitə tədqiq olunan sübutlara əsaslana bilər. Azərbaycan Respublikası CPM-nin 349.5.1-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Məhkəmə, dövlət ittihamçısını, zərərçəkmiş hüquqi şəxsin nümayəndəsini, təqsirləndirilən şəxsi, onun müdafiəçisini və şahidləri dinləyib, iş materiallarını hərtərəfli və obyektiv tədqiq edib, istinad olunan hüquq normalarına əsaslanaraq, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 306.2-ci maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirliliyi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan, iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş hüquqi şəxsin nümayəndəsinin izahatı və şahidlərin ifadələri, iş üzrə toplanmış digər materiallarla sübuta yetirilmişdir. İstintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 306.2-ci maddəsi ilə düzgün tövsif edilmişdir, onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar, habelə, əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs işin icraatına xitam verilməsinə dair ifadəsində göstərilənlərə münasibətdə qeyd edir ki, baxılan iş üzrə belə əsas müəyyən edilməmişdir. Belə ki, Azərbaycan Respublikası CM-nin 306-cı maddəsinin “Qeyd”inə əsasən bu Məcəllənin 306.1 və ya 306.2-ci maddələrində nəzərdə tutulmuş əməlləri törətmiş şəxs qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini, hökmünü, qərardadını, qərarını və ya əmrini həmin əməllərlə bağlı hökm qanuni qüvvəyə minənədək tam icra etdikdə cinayət məsuliyyətindən azad edilir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, Azərbaycan Respublikası CM-nin 306.2ci maddəsində nəzərdə tutulan əməli törətmiş Təqsirləndirilən şəxs icra sənədi üzrə 281162,20 manat borc məbləğinin 50000 manat hissəsini 14 noyabr 2023-cü il tarixdə ödəmiş, qalan məbləği isə ödəməməklə yekun məhkəmə aktının çıxarıldığı 28 noyabr 2023-cü il tarixinədək qanuni qüvvəyə minmiş məhkəmə qərardadını tam icra etməmişdir. Belə olan halda, məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin qeyd edilən əsasla cinayət məsuliyyətindən azad edilməsinə əsas yoxdur, ona görə onun barəsində ittihamedici hökm çıxarılmalıdır. Bundan başqa, məhkəmə qeyd edir ki, müdafiəçinin Təqsirləndirilən şəxs bəraət verilməli olması ilə bağlı mövqeyi əsassızdır və onunla razılaşmaq olmaz. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 07 iyul 2023-cü il tarixli Qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1 və 306.2-ci maddələrinə müvafiq olaraq qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini, hökmünü, qərardadını, qərarını və ya əmrini qərəzli olaraq icra etməmə və ya həmin məhkəmə aktlarının icrasına maneçilik törətmə cinayət əməli kimi, eyni əməllərin vəzifəli şəxs tərəfindən törədilməsi isə məsuliyyəti ağırlaşdıran tərkib əlaməti kimi müəyyən edilmişdir. Qeyd olunan cinayət əməlinin obyekti qismində ədalət mühakiməsinin, xeyrinə məhkəmə qərarı çıxarılmış fiziki və ya hüquqi şəxslərin, habelə dövlətin mənafeləri çıxış edir. Əməlin ictimai təhlükəliliyi ondan ibarətdir ki, qanuni qüvvəyə minmiş məhkəmə aktlarının qərəzli şəkildə icra edilməməsi və ya ona maneçilik törədilməsi pozulmuş hüquqların bərpasını, təqsirli şəxslərin cəzalandırılmasını, dəymiş zərərin ödənilməsini və s. qeyri-mümkün etməklə dövlətin ədalət mühakiməsi sahəsində vəzifələrinin icrasına maneə yaradır. Azərbaycan Respublikası CPM-nin 42.1-ci maddəsinə əsasən məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü aşağıdakı hallarda çıxarılır: cinayət hadisəsi olmadıqda; əməldə cinayət tərkibi olmadıqda; cinayətin törədilməsinə aidiyyəti olmadıqda; təqsirliliyi sübuta yetirilmədikdə. Məhkəmə qeyd edir ki, qanunvericiliyin tələbinə görə, təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyi təsdiq edildiyi halda bəraət hökmü çıxarılmalıdır. Halbuki, məhkəmə tədqiqi zamanı Təqsirləndirilən şəxs ittiham olunduğu Azərbaycan Respublikası CM-nin 306.2-ci maddəsi ilə bəraət verilməsi üçün Azərbaycan Respublikası CPM-nin 42-ci maddəsində nəzərdə tutulmuş əsaslar məhkəmə iclasında müəyyən edilməmişdir, əksinə, müəyyən edilmişdir ki, sözügedən cinayət hadisəsi baş vermişdir; əməldə cinayət tərkibi vardır; cinayətin törədilməsinə məhz Təqsirləndirilən şəxs aidiyyəti olmuşdur və onun bu cinayət hadisəsində təqsirliliyi sübuta yetirilmişdir, hansı ki, məhkəmə bununla bağlı dəlillərini yuxarıda kifayət qədər əsaslandırmışdır. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CPM-nin 44.2.4-cü maddəsinə müvafiq olaraq, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməkdə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarılmalı və ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin 306.2-ci maddəsinin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 306.2-ci maddəsinə əsasən qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini, hökmünü, qərardadını, qərarını və ya əmrini qərəzli olaraq icra etməmə və ya həmin məhkəmə aktlarının icrasına maneçilik törətmə - vəzifəli şəxs tərəfindən törədildikdə - üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə beş min manatdan yeddi min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya üç ildən beş ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ildən beş ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən aşağıdakıları nəzərə alır, eləcə də cinayət qanununun müvafiq prinsip və müddəalarını rəhbər tutur: -Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş 12 oktyabr 2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu haqqında məlumat yoxdur. (i.v. 170) -Bakı şəhəri 67 saylı MKİS-nin rəisi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. (i.v. 177) - 09 dekabr 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. (i.v. 204-205) -Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 18 oktyabr 2023-cü il tarixli 1(007)- 131/2023 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs, onun barəsində seçilmiş qətimkan tədbirinin şərtlərini pozduğu üçün və üzrlü səbəblər olmadan məhkəmə iclaslarına gəlməyib gizləndiyindən onun haqqında axtarış elan olunmuş, barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri dəyişdirilərək həbs qətimkan tədbiri ilə əvəz edilmişdir. -Bakı şəhəri Nizami RPİ-nin 23-cü polis bölməsinin 16 noyabr 2023-cü il tarixli 1/2- 14304 nömrəli məktubundan, ona əlavə edilən protokoldan və 3 saylı istintaq təcridxanasının 20 noyabr 2023-cü il tarixli 3-16-17/40/2-6368/2023 nömrəli məktubundan görünür ki, barəsində axtarış elan edilərək həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs 16 noyabr 2023-cü il tarixdə tutulmuş və 20 noyabr 2023-cü il tarixdə 3 saylı istintaq təcridxanasına yerləşdirilmişdir. -Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 24 noyabr 2023-cü il tarixli 1(007)- 131/2023 nömrəli qərarından görünür ki, müdafiə tərəfinin vəsatəti əsasında Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ilə əvəz edilmiş və o, məhkəmə iclas zalında dərhal həbsdən azad edilmişdir. -“Azərbaycan Rəssamlar İttifaqı” İctimai Birliyinin sədri Fərhad Xəlilovun adından məhkəməyə ünvanlanmış 14 noyabr 2023-cü il tarixli 103 nömrəli məktubdan görünür ki, məhkəmənin icraatında olan 1(007)-131/2023 nömrəli cinayət işi ilə əlaqədar, Təqsirləndirilən şəxs tərəfindən 50000 manat məbləğində pul vəsaiti “Azərbaycan Rəssamlar İttifaqı”na, "xxxx" MMC tərəfindən 324576 nömrəli 14 noyabr 2023-cü il tarixli kassa mədaxil orderi əsasında ödənilmiş (məktuba əlavə edilmişdir) və qəbul olunmuşdur. Mövcud vəziyyəti nəzərə alaraq, "xxxx" MMC-nin qalan borcunun 01 il müddətində ödənilməsinə razılıq verirlər. Yuxarıda qeyd olunanların nəzərə alınması xahiş edilmişdir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 nömrəli Qərarının 1-ci bəndi ilə məhkəmələrə izah edilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndinə əsasən şəxsin təqsirli bilindiyi maddənin sanksiyası azadlıqdan məhrum etmə ilə yanaşı yüngül cəza növləri də nəzərdə tutursa, hökm çıxarılarkən, azadlıqdan məhrum etmə cəzası təyin edildikdə, bu qərar hökmdə əsaslandırılmalıdır. Cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 306.2-ci maddəsi ilə törətdiyi əməl həmin Məcəllənin 15.3-cü maddəsinə əsasən az ağır cinayət, 25.1-ci maddəsinə əsasən isə qəsdən törədilmiş cinayət hesab olunur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə iş üzrə dəymiş ziyanın bir qisminin ödənilərək zərərçəkmiş şəxslə razılıq (barışıq) əldə olunmasını Azərbaycan Respublikası CM-nin 59.1.12 və 59.1.14-cü maddələrinə əsasən Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Bununla yanaşı, məhkəmə Təqsirləndirilən şəxs 62 yaşı olmaqla səhhətində olan problemləri, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən onun cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal qismində Azərbaycan Respublikası CM-nin 61.1-ci maddəsində dairəsi konkret göstərilmiş hallar müəyyən edilməmişdir. Ali Məhkəmənin Plenumunun yuxarıda istinad edilən 25 iyun 2003-cü il tarixli Qərarında həmçinin göstərilmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi də öz qərarlarında dəfələrlə göstərmiş və Milli məhkəmələrə tövsiyə etmişdir ki, şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması üçün əsaslar olduqda məhkəmələr həmin şəxsin barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza növlərinin tətbiq edilməsinə üstünlük verməlidirlər. Cinayət törətmiş şəxsin cəmiyyətdən təcrid edilməsi yalnız bunun üçün möhkəm əsaslar olduqda və bu açıq-aşkar ictimai maraqlar baxımından zəruri olduqda tətbiq edilə bilər. Məhkəmə Təqsirləndirilən şəxs barəsində təyin ediləcək cəzanın həddini və növünü müəyyən edərkən cəza təyinetmənin ümumi prinsiplərini rəhbər tutmaqla onun qəsdən az ağır cinayət əməli törətməsini, cəzasını yüngülləşdirən halların olmasını, cəzasını ağırlaşdıran halın olmamasını, təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq və cəmiyyətdən təcrid edilmədən islah olunmasının mümkün olması qənaətinə gələrək, hesab edir ki, onun islah olunması üçün cəmiyyətdən təcrid olunmamaqla barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilməsi məqsədəmüvafiqdir və cəzanın məqsədini təmin edir. Ona görə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 306.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə əsas cəza təyin edilməlidir. Azərbaycan Respublikası CPM-nin 158.2.1-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin tutulduğu, həbsdə saxlanıldığı və ev dustaqlığında saxlanıldığı müddətlər onun həbsdə saxlama müddətinə daxildir. Azərbaycan Respublikası CM-nin 69.4-cü maddəsinə əsasən həbsdə saxlanılan şəxsə cərimə və ya müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə növündə əsas cəza təyin edilərkən məhkəmə həbsdə saxlama müddətini nəzərə alaraq, təyin edilmiş cəzanı yüngülləşdirir və ya şəxsi bu cəzadan tamamilə azad edir. Məhkəmə işin faktiki hallarını, iş üzrə yüngülləşdirici halları nəzərə alaraq, hesab edir ki, Azərbaycan Respublikası CM-nin 69.4-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 16 noyabr 2023-cü il tarixdən 24 noyabr 2023-cü il tarixədək həbsdə olduğu 08 gün müddət nəzərə alınmaqla, təyin edilməli olan cərimə cəzası yüngülləşdirilməlidir. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 23.1-ci maddəsinə əsasən məhkum cəriməni hökm qanuni qüvvəyə mindiyi gündən bir aydan gec olmayaraq müvafiq bank hesabına köçürməklə ödəməlidir. Ona görə məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə təyin edilməsi nəzərdə tutulan cərimə hökm qanuni qüvvəyə mindiyi gündən bir aydan gec olmayaraq müvafiq bank hesabına köçürülməklə ödənilməlidir. Azərbaycan Respublikası CM-nin 46.1-ci maddəsinə əsasən müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə dövlət orqanlarında, yerli özünüidarə orqanlarında konkret vəzifə tutmağın və ya konkret peşə və ya digər fəaliyyətlə məşğul olmağın qadağan edilməsindən ibarətdir. Bu cəza növü əsas cəza kimi bir ildən beş ilədək müddətə, əlavə cəza kimi isə bir ildən üç ilədək müddətə təyin edilir. Məhkəmə istinad olunan normanın tələbinə, işin faktiki hallarına əsasən belə hesab edir ki, Təqsirləndirilən şəxs dövlət və yerli özünüidarə orqanlarında maddi-məsul vəzifə tutmaq hüququndan məhrum etmə növündə əlavə cəza təyin edilməlidir. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 175.5-ci maddəsinə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs cərimə növündə cəza təyin edilməli olduğundan, barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 346-cı maddəsində nəzərdə tutulan, məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında müzakirə edilməli olan digər məsələlərlə bağlı qeyd edir ki, iş üzrə mülki iddia yoxdur; cinayət nəticəsində vurulmuş maddi zərərin və ya mümkün ola biləcək xüsusi müsadirənin təmin edilməsi məqsədi ilə əmlak üzərinə həbs qoyulmamışdır; maddi sübut qismində hər hansı əşya və ya predmet tanınmamışdır; məhkəmə məsrəfinin tutulmasına əsas olacaq ekspertiza iş üzrə keçirilməmişdir. Azərbaycan Respublikası CM-nin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 306.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmə qeyd edir ki, məhkəmə icraatı dövründə təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi müqavilə əsasında vəkilləri tərəfindən həyata keçirilmişdir, ona görə Azərbaycan Respublikası CPM-nin 193-cü maddəsinin tələbləri baxımından təqsirləndirilən şəxsə pulsuz hüquqi yardıma görə dövlət büdcəsinin vəsaiti hesabına vəkilə əmək haqqı ödənilməsi məsələsinin müzakirəsinə əsaslar yoxdur. Nəticə: Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 306.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, 01 (bir) il 06 (altı) ay müddətinə dövlət və yerli özünüidarə orqanlarında maddi-məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə, 6000 (altı min) manat məbləğində cərimə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 69.4-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 16 noyabr 2023-cü il tarixdən 24 noyabr 2023-cü il tarixədək həbsdə saxlanıldığı 08 (səkkiz) gün müddət nəzərə alınmaqla, təyin edilmiş 6000 (altı min) manat miqdarında cərimə cəzası yüngülləşdirilsin və onun üzərində qəti olaraq 01 (bir) il 06 (altı) ay müddətinə dövlət və yerli özünüidarə orqanlarında maddi-məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə, 5500 (beş min beş yüz) manat miqdarında cərimə cəzası saxlanılsın. Cərimə hökm qanuni qüvvəyə mindiyi gündən bir aydan gec olmayaraq müvafiq bank hesabına köçürülməklə ödənilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Hökmdən elan olunduğu andan 20 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Həmin müddətdə hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə, hökm müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Nəriman Mehdiyev
Məhkəmə qərarları › İş №1(007)-131/2023
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Hökm — İş №1(007)-131/2023
28.11.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver