Məhkəmə qərarları › İş №1(007)-132/2021

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Hökm — İş №1(007)-132/2021

27.05.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(007)-132/2021 27.05.2021 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Mehdiyev Nəriman Hüseynqulu oğlunun sədrliyi, məhkəmə iclasının katibi Rüstəmova Sürəyya Nazim qızının katibliyi, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhər məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, təqsirləndirilən şəxs-Təqsirləndirilən şəxs, onun müdafiəçisi-Bakı şəhəri 6 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, təqsirləndirilən şəxs xx xxxxx 1995-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, əvvəllər məhkum olunmamış, Bakı şəhəri, Nizami rayonu, B.Nuriyev küçəsi ev 55/57, mənzil 51-də qeydiyyatda olmaqla yaşamış, 14 noyabr 2020-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, 16 noyabr 2020-ci il tarixdə barəsində həbs qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı istintaq təcridxanasında saxlanılan - Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq, şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə əldə edib saxlamış və daşımışdır. Belə ki, o, qanunsuz olaraq satış məqsədi ilə 13 noyabr 2020-ci il tarixdə istintaqa məlum olmayan mənbədən 03 ədəd bükümdə ümumi təmiz çəkisi 0,791 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini əldə edib saxlayaraq daşımış, 14 noyabr 2020-ci il tarixdə saat 20:55 radələrində Nizami RPİ-nin NMB-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində ünvan 1 ünvanın qarşısında saxlanılaraq ünvan 2rləşən Nizami RPİ-nin inzibati binasına gətirilmiş və üzərində keçirilmiş şəxsi axtarış zamanı əynindəki qara rəngli gödəkcəsinin sol qolunda olan cibindən bir ədəd gümüşü rəngli siqaret kağızında olan və iki ədəd qırmızı rəngli kağız bükümündə olan 3 bükümdə ayrı-ayrılıqda təmiz çəkisi 0,344 qram, 0,321 qram, 0,126 qram, ümumi təmiz çəkisi 0,791 qram qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin aşkar edilərək götürülmüşdür. Bu hərəkətləri ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə elan olunmuş ittihamda özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, o, tutulmamışdan bir neçə ay əvvəl narkotik vasitə olan heroin və digər narkotik vasitələri qəbul etməyə başlamış, “votsap” vasitəsi ilə rusiya nömrəsi ilə əlaqə saxlayaraq narkotik vasitə alıb istifadə etmişdir. Axırıncı dəfə 13 noyabr 2020-ci il tarixdə qeyd etdiyim üsulla “Milli ön” aparatı vasitəsi ilə karta 50 manat pul köçürmüş, “Votsap” vasitəsi ilə ona narkotik vasitə olan heroini “Neftçilər” metrostansiyasının yanındakı “Maklerlər parkı”nda zibil yeşiyinin altında olduğunu bildirmişlər və o, həmin yerdən heroini götürmüşdür. 14 noyabr 2020-ci il tarixdə tanışı Şahid3 ona zəng vuraraq narkotik vasitə istəmişdir. O, Samirə etiraz etməyərək yaşadığı ünvandan gəlib götürə biləcəyini söyləmiş, bundan sonra Samirə bir büküm metamfetamin vermişdir. Metamfetamini o, bir gün əvvəl yaşadığı binanın girişində yerdən tapmışdır. Təxminən bir neçə saat keçəndən sonra həyətdə olan zaman mülki geyimdə bir neçə nəfər şəxs ona yaxınlaşaraq öz xidməti vəsiqələrini göstərib polis əməkdaşları olduqlarını bildirərək onun narkotik vasitələri satma, daşıma və vermədə şübhəli olduğunu bildirərək onu Nizami RPİ-nə dəvət etmişlər. Nizami RPİ-də xidməti otaqların birində polis əməkdaşlarının iştirakı ilə videoçəkiliş vasitəsi ilə üzərində şəxsi axtarış və götürmə keçirilmiş, həmin vaxt o, əynində olan qara rəngli gödəkcənin sol qolunun cibindən siqaretin gümüşü rəngli kağızında olan bir ədəd bükümü və qırmızı rəngli kağızda iki ədəd bükümü çıxarıb təqdim etmişdir. Həmin büküm qablaşdırılaraq götürülmüşdür. O, narkotik vasitəni satmaq üçün deyil, öz istifadəsi üçün almışdır. Samir onun məhəllə uşağı olmuşdur, o, Samirə narkotik vasitə satmamış, metamfetamini ona pay vermişdir. Təqsirləndirilən şəxs məhkəmədə son sözündə göstərmişdir ki, Şahid3 narkotik vasitəni ondan almışdır, başa düşür ki, səhv etmişdir. Barəsində ədalətli hökm çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri Nizami RPİ-nin NMB-nin baş əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərmişdir ki, 14 noyabr 2020-ci il Samir adlı şəxsin mütəmadi olaraq narkotik vasitələrin satışı, daşınması ilə məşğul olması barədə daxil olmuş məlumat Nizami RPİ-nin rəhbərliyinə məruzə olunduqdan sonra əməliyyat tədbirləri keçirilərək Samir adlı şəxsin olduğu yer müəyyən edilmiş, həmin gün saat 19 radələrində ünvan 4 ünvanın yanında əlamətləri Samir adlı şəxsin əlamətləri ilə üst-üstə düşən şəxsə yaxınlaşaraq özlərini təqdim edib polis əməkdaşları olmalarını bildirmişlər. Həmin şəxsə özünü təqdim etməsi təklif olunmuş, o, özünü təqdim edərək Şahid3 olmasını bildirdikdən sonra, həmin şəxsə narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olması bildirilərək Nizami RPİ-nə dəvət olunmuşdur. RPİ-də videoçəkilişlə Şahid3 üzərində qanunsuz əşya varsa təqdim etməsi təklif olunmuş, Şahid3 təkliflə razılaşaraq əynində olan boz rəngli şalvarın sağ yan cibindən bir ədəd siqaretin gümüşü kağızında olan bükülünü çıxarıb təqdim edərək həmin bükümdə psixotrop maddə metamfetamin olduğunu, bükümün içərisində olan metamfetamini istifadə etməsini, bükümün isə üzərində qalmasını, metamfetamini Sərxan adlı şəxsdən götürməsini bildirmişdir. Bundan sonra keçirilmiş əməliyyat tədbirləri nəticəsində 14 noyabr 2020-ci il tarixdə saat 20:55 radələrində ünvan 5 ünvanda əlamətləri Sərxan adlı şəxsin əlamətləri ilə üst-üstə düşən şəxsə yaxınlaşaraq özlərini təqdim edib polis əməkdaşları olmalarını bildirərək ona özünü təqdim etməsi təklif olunmuşdur. Həmin şəxs özünü təqdim edərək Təqsirləndirilən şəxs Oktay oğlu olmasını bildirdikdən sonra, onui Nizami RPİ-nə dəvət etmişlər, RPİ-də videoçəkilişlə üzərinə şəxsi axtarış keçirilən zaman Təqsirləndirilən şəxs üzərində qanunsuz əşya varsa təqdim etməsi təklif olunmuş, Təqsirləndirilən şəxs bu təkliflə razılaşaraq əynində olan qara rəngli gödəkcənin sol qolunun cibindən 3 ədəd bükümü təqdim edərək həmin bükümdəkilərin narkotik vasitə olan heroin olmasını və şəxsi istifadəsi üçün əldə etməsini bildirmişdir. Bundan sonra bu barədə protokol tərtib edilmiş və protokol iştirakçılar tərəfindən imzalarla təsdiq edilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri Nizami RPİ-nin NMB-nin əməliyyat müvəkkili Şahid2, Şahid1 ifadəsinə oxşar məzmunda ifadə vermişdir. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid3 poçt vasitəsi ilə məhkəməyə teleqram göndərərək, istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini, işi ilə əlaqədar rayonda olduğu üçün məhkəmə iclasında iştirak edə bilmədiyini göstərmiş və bunun nəzərə alınmasını xahiş etmişdir. Bununla əlaqədar şahidin həmin ifadəsi məhkəmə iclasında elan olunaraq tədqiq edilmişdir. Şahid3 sözügedən ifadəsində göstərmişdir ki, təxminən 1 ilə yaxındır ki, narkotik vasitə olan heroin və digər narkotik vasitələri qəbul edir. O, öz istifadəsi üçün 14 noyabr 2020-ci il tarixdə tanışı Təqsirləndirilən şəxs zəng edərək ağrılarının olduğunu bildirib ona narkotik vasitə verməsini bildirmişdir. Sərxan heç bir etiraz etmədən özünün yaşadığı Nizami rayonu, B.Nuriyev küçəsi 55/57 ünvanının qarşısına gəlməyini təklif etmişdir. O, sonuncu ilə razılaşıb həmin ünvana getmişdir. Sərxandan çəkisini bilmədiyi miqdarda bir ədəd bükümdə narkotik vasitəni götürmüşdür. O, həmin vaxt götürdüyü narkotik vasitə müqabilində pul verməyi təklif etsə də, Sərxan ona həmin narkotik vasitəni pay olaraq verdiyini bildirmişdir. Bundan sonra o, Sərxanın yaşadığı ünvandan çıxaraq yaşadığı Sabunçu rayonu, Yeni Ramana qəsəbəsinə getmək üçün yola düşmüşdür: O, yolda olarkən dəqiq yerini və ünvanını xatırlamadığı yerdə həmin narkotik vasitəni qəbul etmişdir. Sərxandan bir büküm metamfetamin götürmüşdür. Narkotik vasitəni qəbul edəndən sonra yola davam etmiş, ünvanını sonradan bildiyi ünvan 7 evinin qarşısından keçən zaman özünü şübhəli apardığı üçün mülki geyimdə bir neçə nəfər şəxs ona yaxınlaşaraq öz xidməti vəsiqələrini göstərib polis əməkdaşları olduqlarını bildirərək özünü şübhəli apardığını və üzərində narkotik vasitə olma ehtimalı olduğunu deyib onu Nizami RPİ-nə dəvət etmişlər. Orada xidməti otaqların birində polis əməkdaşlarının iştirakı ilə videoçəkiliş vasitəsi ilə şəxsi axtarış və götürmə keçirilmiş, həmin vaxt o, əynində olan boz rəngli şalvarın sağ yan cibindən Sərxandan aldığı bükümü təqdim etmişdir. Həmin büküm qablaşdırılaraq məhkəmə ekspertizasına göndəriləcəyi barədə ona məlumat verilmişdir. İşdə olan və məhkəmə baxışında tədqiq edilmiş aşağıda istinad edilən sənədlər və digər sübutlar Azərbaycan Respublikası CPM-nin 124-cü maddəsinin tələblərinə müvafiq olaraq sübut kimi qəbul edilmişdir: - 15 noyabr 2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə cinayət işi başlanmış və icraata qəbul edilmişdir. (i.v. 1) - 14 noyabr 2020-ci il tarixli protokoldan görünür ki, 14 noyabr 2020-ci il tarixdə həyata keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı saxlanılan Şahid3 üzərində, videoçəkilişdən istifadə edilməklə, şəxsi axtarış və götürmə aparılmışdır. Təklif əsasında Şahid3 əynindəki boz rəngli şalvarın sağ yan cibindən bir ədəd siqaretin gümüşü kağızında olan bükümü çıxarıb təqdim edərək həmin bükümün içində metamfetamin olduğunu, istifadə etdiyindən yalnız bükümün qaldığını, psixotrop maddəni bir neçə dəqiqə əvvəl tanışı Sərxan adlı şəxsdən özünün istifadəsi üçün aldığını bildirmişdir. Onun təqdim etdiyi bükümün içərisində ağ rəngli tozun olması müəyyən edilmiş və qablaşdırılaraq götürülmüşdür. (i.v. 25-26) -Şəxsi axtarış və götürmə haqqında 14 noyabr 2020-ci il tarixli protokoldan görünür ki, 14 noyabr 2020-ci il tarixdə həyata keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı saxlanılmış Təqsirləndirilən şəxs üzərində, videoçəkilişdən istifadə edilməklə, şəxsi axtarış və götürmə aparılmışdır. Təklif əsasında Təqsirləndirilən şəxs əynindəki qara rəngli gödəkcəsinin sol qolunun cibindən gümüşü rəngli kağızda olan bir ədəd bükümü və qırmızı rəngli kağızda iki ədəd bükümü çıxarıb təqdim edərək həmin bükümlərin içərisində olan narkotik vasitə heroin olduğunu, həmin narkotik vasitəni səhər saatlarında naməlum şəxsə məxsus, lakin əvvəlcədən ona təqdim edilmiş bank hesabına 50 manat pul ödədikdən sonra xarici mobil operatoruna məxsus telefon nömrəsinə yığaraq verilən adres üzrə Bakı şəhəri, Nizami rayonu, “Dakar” dairəsi yaxınlığındakı “Maklerlər bağı” adlanan ünvanda skamyaların birinin yaxınlığındakı zibil qutusunun yaxınlığında aşkar edərək gələcəkdə şəxsi istifadə məqsədi ilə üzərində saxlayıb gəzdirdiyini bildirmişdir. Onun təqdim etdiyi ümumilikdə üç ədəd bükümü açdıqda içərisində tünd qəhvəyi rəngli tozkristal şəkilli, spesifik qoxuya malik narkotik vasitə heroinə bənzər maddənin olması aşkar edilmiş, qablaşdırılaraq götürülmüşdür. (i.v. 50-51) -Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş məhkəmə-kimyəvi ekspertizasının 15 noyabr 2020-ci il tarixli 6/2488 nömrəli ekspert rəyinin nəticə hissəsindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün №162” dairəvi möhür əksi olan iki ədəd zərfdə: - üzərində “Saxlanılan şəxs Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş...” sözləri, soyad və imzalar qeyd edilmiş bir ədəd zərfdə olan 3 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkisi 0,344 qram, 0,321 qram, 0,126 qram ümumi təmiz çəkisi 0,791 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. üzərində “Şahid3 üzərindən aşkar olunaraq götürülmüş...” sözləri, soyad və imzalar qeyd edilmiş bir ədəd zərfdə bir ədəd maddə izləri olan bükümdə psixotrop maddə olan metamfetaminin izləri vardır. Metamfetamin iz şəklində olduğu üçün onun çəkisini müəyyən etmək və Təqsirləndirilən şəxs aşkar edilmiş heroin ilə müqayisəli tədqiqat aparılması mümkün deyildir. Heroin 2005-ci il 28 iyun Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik maddələr”in siyahısına (Siyahı İ) daxildir. Qeyd: Heroinin ümumi təmiz çəkisi 0,791 qram, tədqiqata sərf edildi 0,09 qram, qalıq 0,701 qram. (i.v. 59-62) - 20 noyabr 2020-ci il tarixli protokoldan görünür ki, 14 noyabr 2020-ci il tarixdə şəxsi axtarış və götürmə aparılması barədə prosessual hərəkətlər həyata keçirilən zaman çəkilmiş videogörüntüyə baxış keçirilmişdir. Baxış zamanı müəyyən edilmişdir ki, 14 noyabr 2020-ci il tarixdə Nizami RPİ-nin TŞ-nin təhqiqatçısı tərəfindən Şahid3 üzərində qanunsuz əşya varsa, təqdim etməsi təklif olunur, Şahid3 təkliflə razılaşaraq əynində olan boz rəngli şalvarın sağ yan cibindən bir ədəd kağız bükümü çıxarıb təqdim edərək həmin bükümdəkinin metamfetamin olmasını, həmin metamfetamini bir neçə dəqiqə əvvəl tanışı Nizami rayon sakini “Sərxan” adlı şəxsdən almasını bildirir. (i.v. 101) - 20 noyabr 2020-ci il tarixli protokoldan görünür ki, 14 noyabr 2020-ci il tarixdə şəxsi axtarış və götürmə aparılması barədə prosessual hərəkətlər həyata keçirilən zaman çəkilmiş videogörüntüyə baxış keçirilmişdir. Baxış zamanı müəyyən edilmişdir ki, 14 noyabr 2020-ci il tarixdə Nizami RPİ-nin TŞ-nin təhqiqatçısı tərəfindən Təqsirləndirilən şəxs üzərində qanunsuz əşya varsa, təqdim etməsi təklif olunur, Təqsirləndirilən şəxs təkliflə razılaşaraq əynində olan qara rəngli gödəkcənin sol qolunun cibindən siqaretin gümüşü kağızında olan bir ədəd, qırmızı rəngli kağızda olan iki ədəd bükümləri təqdim edərək həmin bükümdəkilərin narkotik vasitə olan heroin olmasını və şəxsi istifadəsi üçün əldə edib üzərində saxladığını bildirir. (i.v. 102) - 14 yanvar 2021-ci il tarixli protokoldan görünür ki, “SMS_Tarixçəsi **********1***- *******86.pdf” adlı fayl açıldıqda aşağıda qeyd olunan SMS yazışmalar aşkar edilir. Həmin yazışmaların mətninə görə ***-***-**-**, ***-***-**-**, ***-***-**-**, ***-***-**-** saylı mobil mobil telefon nömrələri ilə aparılmaqla narkotik vasitənin satışı ilə bağlı aparılır. Yazışmaların mətni çap edilməklə siyahıda protokola əlavə edilmişdir. (i.v. 117-128) -Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Publik hüquqi şəxsin Ambulator Məcburi-Narkoloji tibbi yoxlamasının 26 noyabr 2020-ci il tarixli 3316 nömrəli rəyinin nəticə hissəsindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən və psixotrop maddə olan metamfetamindən sui-istifadə edilməsi nəticəsində asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. (i.v. 132-133) -Sübutların qiymətləndirilməsi haqqında 06 fevral 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə yeni məzmunda ittiham elan edilmiş, onun narkotik vasitələri şəxsi istifadəsi üçün əldə etməsi kimi göstərdiyi xüsusat özünü müdafiə xarakteri daşığından rədd edilmiş, Şahid3 və Təqsirləndirilən şəxs barələrində Azərbaycan Respublikası CM-nin 234.4.1-ci maddəsi ilə cinayət işinin başlanılması rədd edilmiş, Şahid3 əməlində Azərbaycan Respublikası İXMnin 206-cı maddəsinin tərkib əlaməti olduğundan barəsində inzibati icraatın açılması ilə əlaqədar olaraq qəbul ediləcək qərarın surətinin Nizami rayon prokurorluğuna göndərilməsi, Təqsirləndirilən şəxs psixotrop maddənin satışına dair ittiham verilməsi mümkün olmadığından həmin xüsusatın elan ediləcək ittihamdan xaric edilməsi, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş 0,791 qram qəhvəyi kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin və 2 ədəd CD diskin maddi sübut kimi tanınması, narkotik vasitənin tədqiqatdan sonra qalıq çəkisinin 0,701 qram heroinin maddi sübutların saxlanc kamerasına təhvil verilməsi, 2 ədəd CD diskin cinayət işinə əlavə edilməsi, cinayət işinin Şahid3 barəsində Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə olan hissəsinə hissəvi xitam verilməsi, istintaq zamanı keçirilmiş istintaq əməliyyat tədbirlərinə baxmayaraq Təqsirləndirilən şəxs narkotik vasitə əldə etdiyi naməlum mənbənin müəyyən edilməsi mümkün olmadığından, cinayət işinin materiallarından naməlum mənbəyə dair material ayrılması və həmin mənbənin müəyyən edilməsi məqsədilə Nizami RPİ-nə göndərilməsi qərara alınmışdır. (i.v. 145-151) Məhkəmə qeyd edir ki, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 28.06.2005-ci il tarixli Qanununa əsasən həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi; məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanılmasına yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanılması hesab olunur. Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması - miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlərdir. Birləşmiş Millətlər Təşkilatının 30 mart 1961-ci il tarixli “Narkotik vasitələr haqqında” Vahid Konvensiyası, 1971-ci il tarixli “Psixotrop maddələr haqqında” və 19 dekabr 1988-ci il tarixli “Narkotik vasitələr və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə mübarizə haqqında” konvensiyalarında narkotik vasitələrin, güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsi beynəlxalq cinayət hesab edilmişdir. Məhkəmə hökmü haqqında Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 4 saylı, 27 dekabr 1996-cı il tarixli qərarına əsasən məhkəmə hökmü səlis, aydın, anlaşılan şəkildə yazılmalı, iş üzrə müəyyən olunmuş hallar, sübutlar və məhkəmənin nəticələri hökmdə ciddi məntiqi ardıcıllıqla şərh edilməlidir. Azərbaycan Respublikası CPM-nin 349.5.1-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Məhkəmə, məhkəmə istintaqında tədqiq edilmiş sübutlara tam, hərtərəfli və obyektiv qiymət verərək qeyd edir ki, Təqsirləndirilən şəxs narkotik vasitə əldə etdiyi naməlum mənbənin müəyyən edilməsi məqsədi ilə ibtidai istintaq zamanı material ayrılmışdır və nəticəsindən asılı olaraq hüquqi qiymət veriləcəkdir. Məhkəmə, dövlət ittihamçısını, təqsirləndirilən şəxsi, onun müdafiəçisini və şahidləri dinləyib, iş materiallarını hərtərəfli və obyektiv tədqiq edərək, istinad olunan hüquq normalarına əsaslanaraq, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirliliyi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan, iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahid ifadələri, məhkəmə ekspertizalarının rəyləri və iş üzrə toplanmış digər materiallarla sübuta yetirilmişdir. İstintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə düzgün tövsif edilmişdir, onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar, habelə, əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Azərbaycan Respublikası CPM-nin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Həmin Məcəllənin 145.2-ci maddəsinə əsasən təhqiqatçı, müstəntiq, prokuror, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. Məhkəmə qeyd edir ki, baxmayaraq ki, Təqsirləndirilən şəxs məhkəmədə son sözündə əməlini etiraf etmişdir, onun əvvəlki ifadəsində verilmiş ittiham üzrə özünü təqsirli bilməməsi təqsirləndirilən şəxs kimi hüququdur, irəli sürdüyü dəlillər əsaslı hesab edilə, həmin mövqeyi ilə razılaşmaq olmaz. Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq, şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə əldə edib saxlaması və daşıması məhkəmə iclasında təkzibolunmaz sübutlarla öz təsdiqini tapmışdır. “Narkotik vasitələrin, güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli, 2 nömrəli Qərarının 5-ci bəndi ilə məhkəmələrə izah edilmişdir ki, təqsirli şəxsin narkotik vasitələri öz ixtiyarında (məsələn, üstündə, gizli saxlanc yerlərində, binalarda və s.) saxlaması ilə əlaqədar olan hər hansı qəsdən edilən hərəkətləri saxlama kimi başa düşülməlidir. Həmin Qərarın 2-ci bəndi ilə məhkəmələrə izah olunmuşdur ki, belə işlərə baxılarkan “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun 1-ci maddəsində şərh verilmiş anlayışlara dair müddəalar tətbiq edilsin. Qeyd olunan Qərarın 4-cü bəndinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi anlayışının şərhi Qanunun 1.0.9-cu maddəsində verilmişdir. Qanunun həmin maddəsinin mənasına görə, o cümlədən narkotik vasitələrin satın alınması, başqa əmlakla və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə qəbul edilməsi, tapılmış narkotik vasitənin mənimsənilməsi, yabanı çətənə bitkisinin, xaş-xaşın və ya onların müəyyən hissələrinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahələrindən tərkibində narkotik vasitələr olan bitkilərin yığılması hərəkətləri də başa düşülməlidir. Törədilmiş cinayət əməlinin CM-in 234.1-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini şəxsi istehlak miqdarından artıq miqdarda əldə etməsi və saxlaması müəyyən edildikdə mümkündür. Qanunun 21.1-ci maddəsinə görə narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak üçün nəzərdə tutulan miqdarı şəxsi istehlak üçün mümkün hər bir narkotik vasitənin və ya psixotrop maddənin ayrı-ayrılıqda birdəfəlik istehlak həcminə əsasən müəyyən edilir. Şəxsi istehlak üçün nəzərdə tutulan narkotik vasitələrin və psixotrop maddələrin miqdarı onların təmiz və qarışıq vəziyyətində ayrılıqda müəyyən olunur. Narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak miqdarından artıq miqdarı “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə külli miqdarına görə siyahısının təsdiq edilməsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə müəyyən olunmuşdur. Odur ki, məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CPM-nin 44.2.4-cü maddəsinə müvafiq olaraq, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməkdə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarılmalı və ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin 234.2-ci maddəsinin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsinə əsasən satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satma - üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən aşağıdakıları nəzərə alır, eləcə də cinayət qanununun müvafiq prinsip və müddəalarını rəhbər tutur: -Tutma haqqında 14 noyabr 2020-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs şübhəli şəxs kimi həmin tarixdə tutulmuşdur. (i.v. 42) -Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 16 noyabr 2020-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş, həbsdə saxlanılma müddəti 03 ay həddində müəyyən edilmiş, həbsetmənin əvvəli 14 noyabr 2020-ci il tarixdən hesablanmışdır. (i.v. 93-94) -Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş 23 noyabr 2020-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu haqqında məlumat yoxdur. (i.v. 104) “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Cinayət Qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndinə əsasən cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə törətdiyi əməl, həmin Məcəllənin 15.3-cü maddəsinə əsasən az ağır cinayət, 25.1-ci maddəsinə əsasən isə qəsdən törədilmiş cinayət hesab olunur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə əsasən, cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CMnin 59.1-ci maddəsində dairəsi müəyyən edilmiş cəzasını yüngülləşdirən hallar müəyyən edilməmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CMnin 61.1-ci maddəsində dairəsi müəyyən edilmiş cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs barəsində təyin ediləcək cəzanın həddini və növünü müəyyən edərkən cəza təyinetmənin ümumi prinsiplərini rəhbər tutmaqla onun qəsdən az ağır cinayət törətməsini, işin faktiki hallarını nəzərə alaraq, hesab edir ki, təqsirləndirilən şəxsin islah olunması üçün törətdiyi cinayətə görə barəsində azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi məqsədəmüvafiqdir. Məhkəmənin qənaətinə görə, tətbiq edilməsi nəzərdə tutulan cəza cinayət törətmiş şəxsin fərdi xüsusiyyətlərinə, törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsinə və xarakterinə mütənasibdir və hazırkı halda həmin cəza, cəzanın məqsədini təmin edir. Məhkəmə Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinin tələbinə uyğun olaraq hesab edir ki, Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 158.2 və 158.2.1-ci maddələrinə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, cəzaçəkmə müddətinin başlanğıcı 14 noyabr 2020-ci il tarixdən hesablanmalıdır. Eyni zamanda məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli olduğundan, Azərbaycan Respublikası CPM-nin 175.5ci maddəsinin tələbinə uyğun olaraq, onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 346-cı maddəsində nəzərdə tutulan, məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında müzakirə edilməli olan digər məsələlərlə bağlı qeyd edir ki, cinayət işi üzrə mülki iddia yoxdur; cinayət nəticəsində vurulmuş maddi zərərin və ya mümkün ola biləcək xüsusi müsadirənin təmin edilməsi məqsədi ilə əmlak üzərinə həbs qoyulmamışdır; maddi sübut qismində tanınmış videogörüntülərinin əks olunduğu iki ədəd CD disk saxlama müddəti ərzində cinayət işinin materiallarında saxlanılmalı, Təqsirləndirilən şəxs aşkar edilərək götürülməklə Nizami RPİnin maddi sübutları saxlama yerinə təhvil verilən, ekspertiza tədqiqatından sonra qalıq çəkisi 0,701 qram olan narkotik vasitə heroin məhv edilməli; Azərbaycan Respublikası CPM-nin 198.1-ci maddəsinə əsasən məhkəmə məsrəfi olan ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. Məhkəmə, Ambulator məcburi-narkoloji tibbi yoxlamanın rəyini nəzərə alaraq, hesab edir ki, Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilməli, habelə o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Azərbaycan Respublikası CM-nin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2, 193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının (AR Nazirlər Kabineti) müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə hesab edir ki, vəkilin ibtidai istintaqda və məhkəmədə, iş materialları ilə tanış olmaqla birlikdə, təqsirləndirilən şəxsə göstərdiyi hüquqi yardıma görə iştirak etdiyi müddət 70 iş saatı müddətinə bərabər tutulduğundan, (Nazirlər Kabinetinin 03.05.2018-ci il tarixli 202 saylı qərarına əsasən) göstərilmiş hüquqi xidmətlərə görə hər iş saatı üçün 6 manat miqdarında ödənilməsi nəzərə alınmaqla müdafiəçiyə əmək haqqı dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, 04 (dörd) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs ona təyin olunmuş cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, cəzaçəkmə müddətinin başlanğıcı 14 noyabr 2020-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs cəza çəkdiyi müddət ərzində narkomaniyadan məcburi müalicə olunsun və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Maddi sübut qismində tanınmış baxış və götürmə aparılmasının videogörüntülərinin əks olunduğu iki ədəd CD disk saxlama müddəti ərzində cinayət işinin materiallarında saxlanılsın, Təqsirləndirilən şəxs aşkar edilərək götürülməklə Bakı şəhəri Nizami RPİ-nin maddi sübutları saxlama kamerasına təhvil verilən, ekspertiza tədqiqatından sonra qalıq çəkisi 0,701 qram olan narkotik vasitə heroin məhv edilsin. Məhkəmə məsrəfi olan 65 manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub dövlət xəzinədarlığı agentliyi, kod 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN **********, hesab AZ34CTRE******************** hesabına ödənilsin. Təqsirləndirilən şəxs ibtidai istintaqda və məhkəmədə, iş materialları ilə tanış olmaqla birlikdə, 70 saat göstərdiyi pulsuz hüquqi yardıma görə Müdafiəçi “xxxx” ASC-nin “Qara Qarayev” filialı, kod 200145, VÖEN **********, m/h- AZ37NABZ013501**********1944, S.Wİ.F.T.BİK AİİBAZ2X, hesab - AZ33AİİB********************, VÖEN - ********** hesablaşma hesabı üzərindən Bakı şəhəri 6 saylı Vəkil Bürosu vasitəsi ilə 420 manat əmək haqqı Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Hökmdən elan olunduğu (həbsdə olan məhkuma hökmün surəti verildiyi) andan 20 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Həmin müddətdə hökmdən apelyasiya qaydasında şikayət və protest verilmədikdə, hökm müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Nəriman Mehdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar