Məhkəmə qərarları › İş №1(007)-132/2022

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Hökm — İş №1(007)-132/2022

23.12.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(007)-132/2022 23.12.2022 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Mehdiyev Nəriman Hüseynqulu oğlunun sədrliyi, məhkəmə iclasının katibi Rüstəmova Sürəyya Nazim qızının katibliyi, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, onun müdafiəçisi-“Alyans” vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə, təqsirləndirilən şəxs xx xxxxx 2000-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, fərdi qaydada işləyən, əvvəllər məhkum olunmamış, Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, 3-cü Mədən küçəsi, ev 116B-də qeydiyyatda olmaqla yaşayan, 28 oktyabr 2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, 30 oktyabr 2021-ci il tarixdə tutmadan azad olunaraq barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş - Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan, qanunsuz olaraq, şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə əldə edib daşımaqla saxlamışdır. Belə ki, o, istintaqa Bəxtiyar adı ilə məlum olan şəxsdən satış məqsədi olmadan, şəxsi istehlak miqdarından artıq miqdarda ümumi təmiz çəkisi 5,410 qram narkotik vasitə olan qurudulmuş marixuananı qanunsuz olaraq əldə edib üzərində saxlayıb daşımış, Bakı şəhəri Nizami RPİ-nin Narkotiklərlə mübarizə bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində 28 oktyabr 2021-ci il tarixdə saat 21 radələrində Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti, 74 ünvanında şübhəli şəxs qismində saxlanılaraq ünvan 2 ünvanında yerləşən Nizami rayon polis idarəsinə gətirilmiş, orada xidməti otaqların birində üzərinə şəxsi axtarış keçirilərkən, əynində olan göy rəngli şalvarın sağ yan cibində 01 ədəd kağız kəsiyi bükümündə təmiz çəkisi 0,08 qram və 01 ədəd kibrit qutusunda təmiz çəkisi 5,330 qram olmaqla, ümumi təmiz çəkisi 5,410 qram bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Bu hərəkəti ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan olunmuş ittihamda özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, o, əvvəllər “Bolt” şirkətində taksi sürücüsü işləyəndə Bəxtiyarı tanımışdır. Bəxtiyarla onların evi arasında 6-7 km məsəfə olduğundan, Bəxtiyar daimi taksi kimi ona zəng etmişdir. 28 oktyabr 2021-ci il tarixdə saat 19-20 radələrində Bəxtiyar ona zəng etmişdir ki, “Neftçilər”ə getsinlər. O da, “çaspik” (tıxac) olduğunu demiş, sonra Bəxtiyarın təklifi ilə 10 manata razılaşmışlar. Yolda “Qarayev” körpüsündən qalxmışlar, Bəxtiyar “Bibi” ləqəbli şəxslə telefonla danışmışdır. Bəxtiyar demişdir ki, “Miss Bahar”ın qabağına sürsün, o, avtomobilini həmin yerə sürüb tam radarın altında saxlamışdır. Bəxtiyar düşüb gedəndə 3 maşın onun maşınını əhatəyə almış, onu maşından düşürüb yerə yıxmış, qandallamış və bir polisin maşınına basmışlar. Həmin polis əməkdaşının maşının markası onun maşını ilə eyni, “Hyundai Sonata” markalı olmuşdur. Onu polisə aparmışlar, saat 20-dən 23-dək onu dindirən olmamışdır. Orada elə başa düşmüşdür ki, Bəxtiyar və “Bibi” ləqəbli şəxs arasında narkotik alış-verişi söhbətidir. Saat 23-dək Bəxtiyarı dindirmişlər, Bəxtiyar hər şeyi boynuna almışdır. Sonra ona keçmişlər, ona təzyiq göstərmiş, nalayiq ifadələrlə demişlər ki, bir kibrit qutusunda olan narkotik vasitəni boynuna götürməlidir. Onu o qədər döymüşlər ki, şəkər xəstəsi olduğundan dözməyərək məcbur olub narkotiki boynuna götürmüşdür. Polislər ona demişlər ki, narahat olmasın, inzibati qaydada 200 manat cərimə olunacaqdır, sonra onu buraxacaqlar. Gecə saat 1-də vəkil gəlmiş, təzyiqə məruz qaldığını desə də, vəkil ona demişdir ki, “sənin kimiləri mən çox yola salmışam, bunu boynuna götürməlisən”. O da, məcbur qalıb boynuna götürmüş, səhəri gün onları Suraxanı rayonuna müvəqqəti saxlama yerinə aparmışlar. Sualları cavablandırarkən əlavə olaraq göstərmişdir ki, polis idarəsində onu Səfər adlı polis işçisi döymüşdür, inzibati iş olacağını dediklərinə görə canını qurtarmaq üçün heç bir yerə müraciət etməmişdir, məhkəmədən bildiriş gəlməyənədək barəsində cinayət işi başlandığını bilməmişdir, bütün sənədləri oxumadan imzalamışdır, o, yalnız 2021-ci ilin avqust ayında dostunun toyunda bir dəfə marixuanadan istifadə etmişdir, əvvəldən axıradək vəkil onun yanında olmamış, heç bir istintaq hərəkətində iştirak etməmiş, gecə saat 1-də gəlmişdir. Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı verdiyi ifadəsi ilə məhkəmə baxışında verdiyi cari ifadə arasında əhəmiyyətli ziddiyyət olduğundan, Azərbaycan Respublikası CPM-nin 327.1.3-cü maddəsinə əsasən onun 30 oktyabr 2021-ci il tarixdə müdafiəçisinin iştirakı ilə təqsirləndirilən şəxs qismində verdiyi ifadəsi elan edilmişdir. Təqsirləndirilən şəxs sözügedən ifadəsində göstərmişdir ki, özünü elan edilmiş ittiham üzrə təqsirli bilir, təxminən 3 aya yaxındır ki, narkotik vasitə olan marixuanadan istifadə edir. O, ağır şəkər xəstəsidir və Suraxanı rayonu 12 saylı poliklinikada bu barədə qeydiyyatdadır. Marixuana şəkər xəstəliyinə yaxşı gəldiyi üçün istifadə edir. Təxminən 5-6 aya yaxındır ki, Bəxtiyar adlı şəxsi tanıyır. Həmin şəxslə birlikdə bir neçə dəfə marixuanadan istifadə etmişdir. 28 oktyabr 2021-ci il tarixdə saat 20 radələrində Bəxtiyar ona avtomobilsiz olduğunu demiş və onu Nizami rayonu, Q.Qarayev prospekti, 74 ünvanında yerləşən “Miss Bahar” geyim dükanına aparmasını xahiş etmişdir. O, Bəxtiyarla razılaşmış və yolda olan zaman Bəxtiyar ona cibindən bir büküm və bir karobka marixuananı çıxardaraq vermişdir ki, çəkər. Buna səbəb isə onun sonuncudan bir müddət qabaq marixuana istəməyi olmuşdur. O, Bəxtiyardan bunu haradan aldığını dedikdə, Bəxtiyar özünün olduğunu demişdir. Həmin gün saat 21 radələrində o, “Miss Bahar” geyim dükanının qarşısında olan zaman polis əməkdaşları ona yaxınlaşmış və Nizami RPİ-nə aparmışlar. Polis idarəsində olan zaman polis əməkdaşları onun üzərinə baxış keçirtmiş və üzərindən bir büküm və bir kibrit qutusu marixuana aşkar edilmişdir. Nə saxlanılarkən, nədə ki, polis şöbəsinə gətirilərkən ona heç bir fiziki və ya psixi təsir olmamışdır. Təqsirləndirilən şəxs ifadəsinin elan olunmasından sonra həmin ifadə ilə razı olmadığını, ifadənin müstəntiqin sözləri ilə yazıldığını, hazırda məhkəməyə verdiyi ifadəni təstiq etdiyini bildirmişdir. Məhkəmədə son sözündə Təqsirləndirilən şəxs müdafiəçisinin ona bəraət verilməsi barədə xahişi ilə razı olduğunu bildirməklə yanaşı, əməlindən peşman olduğunu, ağır şəkər xəstəsi olduğunu nəzərə almağı məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri Nizami rayon polis idarəsinin Narkotiklərlə mübarizə bölməsinin əməliyyat müvəkkili Şahid ifadəsində göstərmişdir ki, 28 oktyabr 2021-ci il tarixdə “Elmir” adlı şəxsin qanunsuz olaraq narkotik vasitələrin dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş məlumat raportla idarə rəhbərliyinə məruzə olunaraq əməliyyat tədbirlərinin keçirilməsinə dair razılıq əldə edildikdən sonra, yaradılmış əməliyyat qrupu tərkibində keçirilmiş əməliyyat tədbirləri nəticəsində, həmin gün saat 21 radələrində Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti, 74 ünvanının qarşısına getmişlər və orada xarici əlamətləri “Elmir” adlı şəxsin əlamətləri ilə üst-üstə düşən şəxsə yaxınlaşaraq özlərini təqdim etmişlər. Həmin şəxs özünü təqdim edərək Təqsirləndirilən şəxs olmasını bildirdikdən sonra, ona narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğulunda şübhəli olmasını bildirərək onlarla birlikdə Nizami rayon polis idarəsinə getməsini təklif etmişlər. Təqsirləndirilən şəxs etiraz etmədən onlarla birlikdə polis idarəsinin inzibati binasına getmiş, orada şəxsi axtarış keçiriləcəyi elan edilərək üzərində hər hansı qanunsuz əşya varsa təqdim etməsi ona təklif olunmuşdur. Təklifdən sonra Təqsirləndirilən şəxs əynindəki göy rəngli cins şalvarının sağ yan cibindən üzərində “Victory” sözləri yazılmış bir ədəd kibrit qutusu və bir kağız bükümü çıxarıb masa üzərinə qoymuşdur. Sorğu zamanı o, həmin kibrit qutusunda və kağız bükülüdə olan maddənin narkotik vasitə qurudulmuş marixuana olmasını, bu narkotik vasitəni şəxsi istifadəsi üçün Bəxtiyar Qasımlı adlı tanışından bir gün əvvəl 100 manata almasını bildirmişdir. Bundan sonra aşkar olunmuş maddə qablaşdırılmaqla bu barədə protokol tərtib edilmiş və protokol iştirakçılar tərəfindən imzalarla təsdiq edilmişdir. Sualları cavablandırarkən bildirmişdir ki, əməliyyat məlumatı əməliyyat müvəkkili Səfər İsmayılova daxil olmuşdur, Təqsirləndirilən şəxs Q.Qarayev prospekti, 74 ünvanının qarşısında, “Neftçilər” metrostansiyası yaxınlığında tərəflərindən saxlanılmışdır, saxlanıldığı zaman və polis idarəsində olarkən Təqsirləndirilən şəxs qarşı təziqə yol verilməmiş, döyülübincidilməmiş, şəxsi axtarış zamanı edilmiş təklifdən sonra Təqsirləndirilən şəxs narkotik vasitəni özü çıxarıb təqdim etmiş və Bəxtiyardan 100 manat pul müqabilində aldığını etiraf etmişdir. Əsmət adlı qadın əvvəlcə saxlanılmış, onun məlumatı əsasında bir neçə saat sonra Bəxtiyarı saxlayarkən onunla bir yerdə Elmiri də saxlamışlar. Məhkəmə iclasında əlavə şahid qismində dindirilmiş Bakı şəhəri Nizami rayon polis idarəsinin Narkotiklərlə mübarizə bölməsinin əməliyyat müvəkkili X2, Şahid ifadəsi ilə eyni məzmunlu ifadə vermiş, sualları cavablandırarkən əlavə olaraq göstərmişdir ki, keçirilən əməliyyat qrupunun rəhbəri özü olmuşdur, Elmiri saxlayan vaxt onu piyada görmüşlər, Elmir onlarla polis idarəsinə getməyə etiraz etməmişdir, şəxsi axtarış zamanı videoçəkiliş aparılmışdır, hal şahidləri iştirak etməmişlər, təklifdən sonra Elmirin özü narkotik vasitəni təqdim etmişdir, saxlanılarkən və polis idarəsində olduğu müddətdə Təqsirləndirilən şəxs qarşı qanunsuz hərəkətə yol verilməmiş, döyülüb-incidilməmişdir, 28 oktyabr 2021-ci il tarixdə Əsmət adlı qadın saxlanılaraq polis idarəsinə aparılmış, orada dindirilərkən bildirmişdir ki, narkotik vasitə marixuananı Bəxtiyar adlı şəxsdən almışdır, Bəxtiyar kök, yumru sifət oğlanla, yəni Elmir adlı şəxslə gəlib-gedir, əməliyyat tədbirinin davamında Bəxtiyarı və zahiri görünüşü Əsmətin dediyi şəxslə üst-üstə düşən şəxsi, yəni Elmiri saxlamışlar. Məhkəmə iclasında əlavə şahid qismində dindirilmiş X1 ifadəsində göstərmişdir ki, o, Elmiri taksi şoferi kimi tanımışdır, 28 oktyabr 2021-ci il tarixdə yaxınlaşıb demişdir ki, onu “Neftçilər”ə “Miss Baharın” qabağına aparsın. Həmin ünvana çatıb maşından düşən kimi onu, sonra isə Elmiri tutmuş və bir yerdə polis idarəsinə aparmışlar. Polisdə onlarla bağlı araşdırma aparmışlar. Elmirin üzərində narkotik vasitə olmamış, onun üzərində bir kibrit qutusu narkotik olmuşdur. Videoçəkiliş saxlanıldıqları gün çəkilmiş, izahatları da həmin gün alınmışdır. Polis idarəsində onu döyən olmamışdır, araşdırma zamanı ayrı-ayrı otaqlarda saxlanılmışlar. O, Elmirə narkotik vasitə verməmişdir, sadəcə bir yerdə istifadə etmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş X3 ifadəsində göstərmişdir ki, 28 oktyabr 2021-ci il tarixdə “Neftçilər” metrostansiyasının yaxınlığında “Miss Bahar” mağazasının qarşısında Bəxtiyarla görüşməli olmuşdur. Saat 18 radələrində polislər yaxınlaşıb onu saxlamış və polis idarəsinə aparmışlar. Sonradan adının Elmir olduğunu bildiyi şəxsi də onun oturduğu avtomobilə oturdaraq polis idarəsinə aparmışlar. Elmir Bəxtiyarın yanında “şofer” kimi gəlmişdir. İşdə olan və məhkəmə baxışında tədqiq edilmiş aşağıda istinad edilən sənədlər və digər sübutlar Azərbaycan Respublikası CPM-nin 124-cü maddəsinin tələblərinə müvafiq olaraq sübut kimi qəbul edilmişdir: - 29 oktyabr 2021-ci il tarixli qərardan görünür ki, material üzrə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmışdır. (i.v. 1) - 28 oktyabr 2021-ci il və 01 dekabr 2021-ci il tarixli protokollardan görünür ki, 28 oktyabr 2021-ci il tarixdə saat 21:00-da Nizami RPİ-nin NMB-nin əməkdaşları tərəfindən narkotik vasitələri qanunsuz əldə etmə, saxlama və daşımada şübhəli bilinərək Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti, 74 ünvanında, “Miss Bahar” mağazasının qarşısında saxlanılaraq idarəyə gətirilmiş Təqsirləndirilən şəxs üzərinə, “Samsunq” markalı videokamera vasitəsi ilə çəkiliş aparılmaqla, şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarışln keçirilməsi və protokolun tərtib edilməsi Nizami RPİ-nin TŞ-nin təhqiqatçısı X6 tərəfindən həyata keçiriımiş, Nizami RPİ-nin NMB-nin əməliyyat müvəkkilləri Şahid və X2 orada iştirak etmişlər. Şəxsi axtarış keçirilməzdən əvvəl Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah edilmiş, videoçəkilişlə, eyni zamanda vəkilin iştirakı olmadan üzərinə şəxsi axtarış keçirilməsinə dair etirazının olub-olmaması soruşulmuş və o, etirazının olmadığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış aparılmazdan əvvəl üzərində hər hansı bir əhəmiyyət kəsb edən, qanunla qadağan olunmuş maddi sübutun olub-olmadığı soruşulan zaman o, əynində olan göy rəngli cins şalvarının sağ yan cibində saxladığı üzərində “Victory” sözləri yazılmış bir ədəd kibrit qutusu və bir kağız bükümü çıxardıb masa üzərinə qoymuşdur. Kibrit qutusunun içərisinə baxış keçirilərkən tam dolu vəziyyətdə yaşıl rəngli spesifik qoxuya malik maddə aşkar edilmişdir. Kağız bükümünə baxış keçirildikdə içərisində eyni yaşıl rəngli spesifik qoxuya malik maddə aşkar edilmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs ondan aşkar olunan kibrit qutusundakı və bükümdəki maddələrin narkotik vasitə qurudulmuş marixuana olduğunu, kibrit qutusundaki qurudulmuş marixuananı bir gün qabaq tanışı Bəxtiyar Qasımlıdan nisyə 100 manata aldığını, bükümdəki qurudulmuş marixuananı isə üç gün qabaq Bəxtiyar Qasımlının ona hədiyyə etdiyini, həmin maddələri istifadə etmək üçün üzərində saxladığını bildirmişdir. Bundan sonra üzərinə baxış keçirilərkən əynində olan cins şalvarının sol yan cibindən “Xiomi” markalı mobil telefon aşkar edilmişdir. Həmin mobil telefon sübuti əhəmiyyət kəsb etmədiyindən Təqsirləndirilən şəxs qaytarılmış, ondan aşkar edilmiş bir ədəd kibrit qutusunda və bir ədəd bükümdəki spesifik iyə malik yaşıl rəngli vasitələr maddi sübuti əhəmiyyət kəsb etdiyindən götürülmüşdür. Şəxsi axtarış və götürmə haqqında protokolun tərtibi zamanı qeydə alınmış videogörüntülərə 01 dekabr 2021-ci il tarixdə baxış keçirilərkən, 28 oktyabr 2021-ci il tarixli protokolda əksini tapan məlumatların həmin görüntülərlə öz təsdiqini tapdığı müəyyən edilmişdir. (i.v. 30-31, 66) -Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş məhkəmə-kimyəvi ekspertizasının 29 oktyabr 2021-ci il tarixli 7/1114 nömrəli ekspert rəyinin nəticə hissəsindən görünür ki, tədqiqata təqdim edilmiş, “Azərbaycan Respublikası DİN-in Zərflər üçün N162” dairəvi möhür əksi olan, “İştirak etdi imza...Təqsirləndirilən şəxs...” yazı və imzalar olan zərfdə 1 ədəd kağız kəsiyi bükümündə təmiz çəkisi 0,08 qram və 1 ədəd kibrit qutusunda təmiz çəkisi 5,330 qram olmaqla, ümumi çəkisi 5,410 qram bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - qurudulmuş marixuanadır. Qeyd: marixuananın təmiz çəkisi 5,410 qram olmuş, tədqiqata 0,1 qram sərf edilmiş, 5,310 qram qalıq qalmışdır. (i.v. 38-40) -Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Publik hüquqi şəxsin Ambulator Məcburi-Narkoloji tibbi yoxlamasının 08 yanvar 2022-ci il tarixli 89 nömrəli rəyinin nəticə hissəsindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs kannabioidlərin və psixotrop maddə olan metamfetaminin birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkari olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Məcburi müalicəyə əks göstərişi yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. (i.v. 77-78) - 22 yanvar 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan edilmiş ittiham dəyişdirilmədən saxlanılmış, barəsində Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə cinayət işinin başlanılması rədd edilmiş, 28 oktyabr 2021-ci il tarixdə Təqsirləndirilən şəxs aşkar edilmiş 5,410 qram kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana, 28 oktyabr 2021-ci il tarixdə şəxsi axtarış keçirilməsini özündə əks etdirən 1 ədəd CD disk maddi sübut kimi tanınmış, narkotik vasitənin tədqiqatdan sonrakı qalıq hissəsi 5,310 qram hissəsi maddi sübutların saxlanc kamerasına təhvil verilmiş, 1 ədəd CD disk cinayət işinə əlavə edilmiş, ibtidai istintaq zamanı keçirilmiş istintaq əməliyyat tədbirlərinə baxmayaraq Təqsirləndirilən şəxs narkotik vasitə əldə etdiyi naməlum mənbənin müəyyən edilməsi mümkün olmadığından cinayət işinin materiallarından naməlum mənbəyə dair material ayrılmış və naməlum mənbənin müəyyən edilməsi məqsədi ilə Nizami RPİ-nə göndərilmişdir. (i.v. 81-83) Məhkəmə qeyd edir ki, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanununa əsasən həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi; məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanılmasına yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanılması hesab olunur. Birləşmiş Millətlər Təşkilatının 30 mart 1961-ci il tarixli “Narkotik vasitələr haqqında” Vahid Konvensiyası, 1971-ci il tarixli “Psixotrop maddələr haqqında” və 19 dekabr 1988-ci il tarixli “Narkotik vasitələr və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə mübarizə haqqında” konvensiyalarında narkotik vasitələrin, güclü təsir edən və zəhərli maddələrin qanun-suz dövriyyəsi beynəlxalq cinayət hesab edilmişdir. “Narkotik vasitələrin, güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli, 2 nömrəli Qərarının 5-ci bəndi ilə məhkəmələrə izah edilmişdir ki, təqsirli şəxsin narkotik vasitələri öz ixtiyarında (məsələn, üstündə, gizli saxlanc yerlərində, binalarda və s.) saxlaması ilə əlaqədar olan hər hansı qəsdən edilən hərəkətləri saxlama kimi başa düşülməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə hökmü haqqında” 15 saylı, 24 dekabr 2021-ci il tarixli Qərarına əsasən məhkəmənin hökmü məhkəmə baxışının aparıldığı dildə, aydın, anlaşılan ifadələrlə tərtib olunmalıdır, hökm yalnız məhkəmə iclasında bilavasitə tədqiq olunan sübutlara əsaslana bilər. Azərbaycan Respublikası CPM-nin 349.5.1-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Məhkəmə, məhkəmə istintaqında tədqiq edilmiş sübutlara tam, hərtərəfli və obyektiv qiymət verərək qeyd edir ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş narkotik vasitənin əldə olunma mənbəyi barədə material ayrılmışdır, nəticəsindən asılı olaraq hüquqi qiymət veriləcəkdir. Məhkəmə, dövlət ittihamçısını, təqsirləndirilən şəxsi, onun müdafiəçisini və şahidləri dinləyib, iş materiallarını hərtərəfli və obyektiv tədqiq edib, istinad olunan hüquq normalarına əsaslanaraq, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirliliyi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan, iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahid ifadələri, məhkəmə ekspertizalarının rəyləri və iş üzrə toplanmış digər materiallarla sübuta yetirilmişdir. İstintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir, onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar, habelə, əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Azərbaycan Respublikası CPM-nin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Həmin Məcəllənin 145.2-ci maddəsinə əsasən təhqiqatçı, müstəntiq, prokuror, hakim və ya andlı iclasçılar qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. Məhkəmə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə verilmiş ittiham üzrə özünü təqsirli bilməməsini onun hüququ kimi qəbul edir və bununla bağlı dəlillərini əsaslı hesab etmir, onun həmin mövqeyinə münasibət bildirərək hesab edir ki, təqsirləndirilən şəxsin bu mövqeyi əsassızdır və onunla razılaşmaq olmaz. Təqsirləndirilən şəxsin və müdafiəçisinin irəli sürdüyü dəlillər məhkəmə tədqiqi zamanı hərtərəfli, tam və obyektiv araşdırılmışdır, müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs istintaqa Bəxtiyar adı ilə məlum olan şəxsdən satış məqsədi olmadan, şəxsi istehlak miqdarından artıq miqdarda ümumi təmiz çəkisi 5,410 qram narkotik vasitə olan qurudulmuş marixuananı qanunsuz olaraq əldə edib üzərində saxlayıb daşımış, Bakı şəhəri Nizami RPİ-nin Narkotiklərlə mübarizə bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində 28 oktyabr 2021-ci il tarixdə saat 21 radələrində Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti, 74 ünvanında şübhəli şəxs qismində saxlanılaraq ünvan 2 ünvanında yerləşən Nizami rayon polis idarəsinə gətirilmiş, orada xidməti otaqların birində üzərinə şəxsi axtarış keçirilərkən, əynində olan göy rəngli şalvarın sağ yan cibində 01 ədəd kağız kəsiyi bükümündə təmiz çəkisi 0,08 qram və 01 ədəd kibrit qutusunda təmiz çəkisi 5,330 qram olmaqla, ümumi təmiz çəkisi 5,410 qram bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. İstər məhkəməyədək icraat zamanı, istərsə də məhkəmə baxışı zamanı 28 oktyabr 2021-ci il tarixdə saat 21:00-da Nizami RPİ-nin NMB-nin əməkdaşları tərəfindən narkotik vasitələri qanunsuz əldə etmə, saxlama və daşımada şübhəli bilinərək saxlanılaraq idarəyə gətirilmiş Təqsirləndirilən şəxs üzərində aparılan şəxsi axtarış zamanı “Samsunq” markalı videokamera vasitəsi ilə qeydə alınmış görüntülərə baxış keçirilmişdir. Baxış zamanı müəyyən edilmişdir ki, şəxsi axtarış keçirilərkən Təqsirləndirilən şəxs üzərində hər hansı əhəmiyyət kəsb edən, qanunla qadağan olunmuş maddi sübutun olub-olmadığı soruşulmuş, həmin vaxt o, əynində olan göy rəngli cins şalvarının sağ yan cibində saxladığı üzərində “Victory” sözləri yazılmış bir ədəd kibrit qutusunu və bir kağız bükümü çıxardıb masa üzərinə qoymuşdur. Kibrit qutusunun içərisinə baxış keçirilərkən tam dolu vəziyyətdə yaşıl rəngli spesifik qoxuya malik maddə, kağız bükümünə baxış keçirildikdə içərisində eyni yaşıl rəngli spesifik qoxuya malik maddə aşkar edilmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs ondan aşkar olunan kibrit qutusundakı və bükümdəki maddələrin narkotik vasitə qurudulmuş marixuana olduğunu, kibrit qutusundakı qurudulmuş marixuananı bir gün qabaq tanışı Bəxtiyar Qasımlıdan nisyə 100 manata aldığını, bükümdəki qurudulmuş marixuananı isə üç gün qabaq Bəxtiyar Qasımlının ona hədiyyə etdiyini, həmin maddələri istifadə etmək üçün üzərində saxladığını bildirmişdir. Videoçəkilişin izlənilməsi ilə müəyyən olunur ki, Təqsirləndirilən şəxs şəxsi axtarış zamanı tam sərbəst olmuş, onun təzyiq altında olması hər hansı əlamətlə hiss olunmamış, o, işin faktiki hallarına uyğun izahat verərək əməlini etiraf etmişdir. Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən təzyiqə məruz qldığını qeyd etsə də, buna dair konkret sübutlar təqdim etməmişdir, məhkəmə baxışı zamanı da belə hal müəyyən edilməmişdir. 30 oktyabr 2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmadan azad olunduqdan sonra kifayət qədər imkanı olmasına baxmayaraq, Təqsirləndirilən şəxs tabelik qaydasında müvafiq orqanlara və ya məhkəmə nəzarəti qaydasında məhkəməyə şikayət verməmiş, həmin halların araşdırılmasını tələb etməmişdir. Belə olan halda, məhkəmə hazırda belə ifadə verilməsini təqsirləndirilən şəxsin özünümüdafiə xarakteri daşıması kimi qiymətləndirir. Azərbaycan Respublikası CPM-nin 42.1-ci maddəsinə əsasən məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü aşağıdakı hallarda çıxarılır: cinayət hadisəsi olmadıqda; əməldə cinayət tərkibi olmadıqda; cinayətin törədilməsinə aidiyyəti olmadıqda; təqsirliliyi sübuta yetirilmədikdə. Məhkəmə Təqsirləndirilən şəxs və müdafiəçisinin, təqsirləndirilən şəxsə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə bəraət verilməsi barədə məhkəmədə etdikləri çıxışlarına münasibətdə qeyd edir ki, cinayətprosessual qanunvericiliyinə görə, təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyi təsdiq edildiyi halda bəraət hökmü çıxarılmalıdır. Lakin məhkəmə tədqiqi zamanı Təqsirləndirilən şəxs ittiham olunduğu həmin maddə ilə bəraət verilməsi üçün Azərbaycan Respublikası CPM-nin 42-ci maddəsində nəzərdə tutulmuş əsaslar məhkəmə iclasında müəyyən edilməmişdir, əksinə, müəyyən edilmişdir ki, sözügedən cinayət hadisəsi baş vermişdir; əməldə cinayət tərkibi vardır; cinayətin törədilməsinə məhz Təqsirləndirilən şəxs aidiyyəti olmuşdur və onun bu cinayət hadisəsində təqsirliliyi sübuta yetirilmişdir, hansı ki, məhkəmə bununla bağlı dəlillərini yuxarıda kifayət qədər əsaslandırmışdır. Eyni zamanda nəzərə alınmalıdır ki, Təqsirləndirilən şəxs məhkəmədə son sözündə əməlindən peşman olduğunu ifadə etmişdir. Odur ki, məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CPM-nin 44.2.4-cü maddəsinə müvafiq olaraq, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməkdə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarılmalı və ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin 234.1-ci maddəsinin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma - həmin maddədə nəzərdə tutulmuş cinayət məsuliyyətinə səbəb olur, bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən aşağıdakıları nəzərə alır, eləcə də cinayət qanununun müvafiq prinsip və müddəalarını rəhbər tutur: - 28 oktyabr 2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs kimi həmin tarixdə tutulmuşdur. (i.v. 12) - 30 oktyabr 2021-ci il tarixli qərardan görünür ki, Bakı şəhəri Nizami rayon prokuroru tərəfindən Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsi haqda məhkəməyə təqdimat verilməsinə dair Nizami RPİ-nin istintaq şöbəsinin müstəntiqinin vəsatətinin müdafiə edilməsindən imtina olunmuşdur. (i.v. 58-59) - 30 oktyabr 2021-ci il tarixli qərardan görünür ki, Bakı şəhəri Nizami RPİ-nin istintaq şöbəsinin müstəntiqi tərəfindən Təqsirləndirilən şəxs müvəqqəti tutulmadan azad edilmiş, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. (i.v. 60-61) -Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş 10 dekabr 2021-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu haqqında məlumat yoxdur. (i.v. 76) -Məhkəməyə təqdim edilmiş tibbi sənədlərdən görünür ki, Təqsirləndirilən şəxs müvafiq xəstəliklərdən, o cümlədən şəkər xəstəliyindən əziyyət çəkir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Cinayət Qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndinə əsasən şəxsin təqsirli bilindiyi maddənin sanksiyası azadlıqdan məhrum etmə ilə yanaşı yüngül cəza növləri də nəzərdə tutursa, hökm çıxarılarkən, azadlıqdan məhrum etmə cəzası təyin edildikdə, bu qərar hökmdə əsaslandırılmalıdır. Cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə törətdiyi əməl həmin Məcəllənin 15.3-cü maddəsinə əsasən az ağır cinayət, 25.1-ci maddəsinə əsasən isə qəsdən törədilmiş cinayət hesab olunur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə əsasən, cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal cəzasını qismində Azərbaycan Respublikası CM-nin 59.1-ci maddəsində, cəzasını ağırlaşdıran hal qismində həmin Məcəllənin 61.1-ci maddəsində dairəsi konkret göstərilmiş hallar müəyyən edilməmişdir. Ali Məhkəmənin Plenumunun yuxarıda istinad edilən 25 iyun 2003-cü il tarixli Qərarında həmçinin göstərilmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi də öz qərarlarında dəfələrlə göstərmiş və Milli məhkəmələrə tövsiyə etmişdir ki, şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması üçün əsaslar olduqda məhkəmələr həmin şəxsin barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza növlərinin tətbiq edilməsinə üstünlük verməlidirlər. Cinayət törətmiş şəxsin cəmiyyətdən təcrid edilməsi yalnız bunun üçün möhkəm əsaslar olduqda və bu açıq-aşkar ictimai maraqlar baxımından zəruri olduqda tətbiq edilə bilər. Məhkəmə Təqsirləndirilən şəxs barəsində təyin ediləcək cəzanın həddini və növünü müəyyən edərkən, cəza təyinetmənin ümumi prinsiplərini rəhbər tutmaqla onun qəsdən az ağır cinayət əməli törətməsini, təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq və cəmiyyətdən təcrid edilmədən islah olunmasının mümkün olması qənaətinə gələrək, hesab edir ki, onun islah olunması üçün cəmiyyətdən təcrid olunmamaqla barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilməsi məqsədəmüvafiqdir və cəzanın məqsədini təmin edir. Ona görə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzası təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Azərbaycan Respublikası CPM-nin 158.2.1-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət həbsdə saxlama müddətinə daxildir. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs hazırkı işlə bağlı 28 oktyabr 2021-ci il tarixdən 30 oktyabr 2021-ci il tarixədək şübhəli şəxs qismində tutulmuşdur. Ona görə məhkəmə hesab edir ki, həmin 02 gün müddət, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə müddətinə azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla təyin olunacaq cəzanın müddətindən çıxılaraq, təqsirləndirilən şəxsin üzərində qəti müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmalıdır. Azərbaycan Respublikası CM-nin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmin Məcəllənin 52-1.2-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 51-3.1 və 51-2.1-ci maddələrinə əsasən Təqsirləndirilən şəxs ona təyin olunacaq azadlığın məhdudlaşdırılması növündə cəzasını yaşayış yeri üzrə çəkməli və cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə müvafiq məhkəmə qərarı olmadan hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək yaşayış yerini, habelə gün ərzində Bakı şəhərinin ərazi hüdudlarını tərk etməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifələri qoyulmalı, Təqsirləndirilən şəxs üzərində nəzarətin həyata keçirilməsi yaşayış yeri üzrə probasiya şöbəsinə həvalə edilməlidir. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 175.5-ci maddəsinə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməli olduğundan, barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 346-cı maddəsində nəzərdə tutulan, məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında müzakirə edilməli olan digər məsələlərlə bağlı qeyd edir ki, cinayət işi üzrə mülki iddia yoxdur; cinayət nəticəsində vurulmuş maddi zərərin və ya mümkün ola biləcək xüsusi müsadirənin təmin edilməsi məqsədi ilə əmlak üzərinə həbs qoyulmamışdır; maddi sübut qismində tanınmış şəxsi axtarış və götürmə aparılmasının videogörüntülərinin əks olunduğu 1 ədəd disk saxlama müddəti ərzində cinayət işinin materiallarında saxlanılmalı, təqsirləndirilən şəxsdən aşkar edilərək götürülməklə Nizami RPİ-nin maddi sübutları saxlama yerinə təhvil verilən, ekspertiza tədqiqatından sonra qalıq qalmış narkotik vasitə məhv edilməlidir; CPM-nin 198.1-ci maddəsinə əsasən məhkəmə məsrəfi olan ekspertiza xərci təqsirləndirilən şəxsdən tutulub Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. Məhkəmə, Ambulator məcburi-narkoloji tibbi yoxlamanın rəyini nəzərə alaraq, hesab edir ki, Təqsirləndirilən şəxs cəza çəkdiyi müddət ərzində narkomaniyadan məcburi müalicə olunmalı və o, ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınmalıdır. Azərbaycan Respublikası CM-nin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmə qeyd edir ki, məhkəmə icraatı zamanı təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsini həyata keçirən vəkil müqavilə əsasında işdə iştirak etdiyindən, təqsirləndirilən şəxsə pulsuz hüquqi yardıma görə dövlət büdcəsinin vəsaiti hesabına əmək haqqı ödənilməsi məsələsinin müzakirəsinə əsaslar yoxdur. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, 02 (iki) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs hazırkı iş üzrə 28 oktyabr 2021-ci il tarixdən 30 oktyabr 2021ci il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün müddət, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə müddətinə azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla təyin olunmuş azadlığın məhdudlaşdırılması cəzasının müddətindən çıxılıb, üzərində qəti olaraq 02 (iki) il 05 (beş) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə müvafiq məhkəmə qərarı olmadan hər gün saat 23:00dan növbəti gün saat 07:00-dək yaşayış yerini, habelə gün ərzində Bakı şəhərinin ərazi hüdudlarını tərk etməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs üzərində nəzarətin həyata keçirilməsi yaşayış yeri üzrə probasiya şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs cəza çəkdiyi müddət ərzində narkomaniyadan məcburi müalicə olunsun və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Maddi sübut qismində tanınmış 1 ədəd CD disk cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılsın, Təqsirləndirilən şəxs aşkar edilərək götürülməklə Bakı şəhəri Nizami RPİ-nin maddi sübutları saxlama kamerasına təhvil verilən, ekspertiza tədqiqatından sonra qalıq çəkisi 5,310 qram olan narkotik vasitəqurudulmuş marixuana məhv edilsin. Məhkəmə məsrəfi olan 88,70 manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub dövlət xəzinədarlığı agentliyi, kod 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN **********, hesab AZ34CTRE******************** hesabına ödənilsin. Hökmdən elan olunduğu andan 20 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Həmin müddətdə hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə, hökm müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Nəriman Mehdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar