Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(007)-132/2023 16.05.2023 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Rauf Tağı oğlunun sədrliyi, məsləhətçi Əsədullayev İrfan İlyas oğlunun katibliyi, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, onun müdafiəçisi, Bakı şəhəri 6 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, Təqsirləndirilən şəxs, xx xxxxxx 1993-cü ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, məhkumluğu olmayan, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olan və Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, Şuşa şəhərciyi, dalan 9 ünvanında yerləşən nömrəsiz fərdi tikilidə yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs, özgənin əmlakını gizli olaraq talama məqsədi ilə, 15 sentyabr 2022-ci il tarixdə, saat 18:40 radələrində Bakı şəhəri, Nizami rayonu, Babək prospekti, 105 nömrəli evin 56 nömrəli Zərərçəkmiş şəxs məxsus mənzilinin giriş qapısının açıq olmasından istifadə edib mənzilə qanunsuz daxil olaraq yataq otağında termonun üzərində olan mücrünün içindən 300 (üç yüz) manat dəyərində 1,06 qram kütləli, 583/585 əyarlı qızıldan hazırlanmış, sarı rəngli 01 (bir) ədəd boyunbağı, 200 (iki yüz) manat dəyərində 1,87 qram kütləli, 583/585 əyarlı qızıldan hazırlanmış, sarı rəngli 01 (bir) ədəd qolbaq, 800 (səkkiz yüz) manat dəyərində italyan qızıldan hazırlanmış 01 (bir) cüt sırğa və 700 (yeddi yüz) manat dəyərində ağ qızıldan hazırlanmış 01 (bir) ədəd sırğanı gizli olaraq talayıb, zərərçəkmiş Zərərçəkmiş şəxs ümumilikdə 2000 (iki min) manat dəyərində ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü tam təqsirli bilərək göstərdi ki, o, 15 sentyabr 2022-ci il tarixdə, saat 18:30 radələrində ünvan 3 ünvanda yerləşən binanın beşinci mərtəbəsində təmir işləri getdiyindən həmin ünvana yaxınlaşaraq kombi və hamam aksesuarlarının satışı ilə məşğul olduğunu bildirməklə həmin qeyd etdiyi əşyalara ehtiyac olub-olmadığını maraqlanmaq istəmişdir. Lakin həmin mənzilin qapısını hər hansı bir şəxs açmadığından o, binadan çıxmaq üçün aşağı mərtəbələrə doğru hərəkət etməyə başlamışdır. Odur ki, 3-cü mərtəbəyə düşdükdə sol tərəfdə yerləşən mənzilin dəmir qapısının bir qədər açıq olduğunu görüb həmin mənzilin içinə baxmışdır. Dəhlizdə kənar şəxs olmadığını görmüşdür. Odur ki, saat 18:40 radələrində həmin mənzilə daxil olaraq orada yataq otağında ola biləcək qızıl-zinət əşyalarını oğurlamaq qərarına gəlmişdir. Bu məqsədlə mənzilin giriş qapısından içəri daxil olub sol tərəfdə yerləşən yataq otağının qapısından otağa daxil olaraq orada termonun üzərində mücrünün olduğunu, həmin mücrünün içində isə qızıl-zinət əşyalarının olduğunu müəyyən etmişdir. Mənzildə kənar şəxsin ola biləcəyini, həmçinin həmin zaman çox həyəcanlandığı səbəbindən həmin mücrünün içindən bir ədəd qızıl boyunbağı, bir ədəd üzərində “Camal” sözü yazılmış qolbağ, bir cüt qızıl sırğa və bir ədəd sırğanı götürməklə əynində olan şalvarın sağ cibinə qoymuş və dərhal mənzildən çıxaraq qapısını bağlamışdır. Mənzildən çıxıb aşağı düşərkən bir nəfər kişi cinsindən olan şəxsi üçüncü mərtəbəyə doğru çıxan görmüş, lakin həmin şəxs ondan şübhələnməmiş və o da özünü oğurluq etmiş olan şübhəli şəxs kimi aparmamışdır, aşağı mərtəbəyə doğru hərəkətini davam etdirmişdir. Həmin qızıl-zinət əşyalarını özündə saxlamaqla ilk olaraq “Neftçilər” metrostansiyasının yaxınlığında yerləşən qızıl alış-satışı ilə məşğul olan mağazaya yaxınlaşmaqla özünə məxsus olan bir ədəd boyunbağı və bir ədəd qolbağı satmaq istədiyini bildirmişdir. Həmin sonradan adı ona Anar kimi məlum olan şəxs təqdim etdiyi qızıl-zinət əşyalarını 130 manata ala biləcəyini söyləmiş və o da həmin şəxslə razılaşmaqla müvafiq qəbzi imzalamaqla pulu götürüb həmin mağazadan uzaqlaşmışdır. Bundan sonra yaşadığı ünvana getmiş və bu barədə hər hansı bir ailə üzvünə məlumat verməmişdir. 16 sentyabr 2022-ci il tarixdə “Gənclik” metrostansiyasının yaxınlığında qızılzinət əşyalarının alış-satışı ilə məşğul olan mağazaya yaxınlaşıb ona məxsus bir cüt sırğanı satmaq istədiyini bildirmiş, həmin mağazada işləyən satıcı həmin sırğaların əvəzi olaraq 155 manat pul verə biləcəyini bildirmiş və o da həmin şəxslə razılaşmaqla onun tərəfindən tərtib edilmiş qəbzi imzalamaqla pulu götürərək oradan uzaqlaşmışdır. 17 sentyabr 2022-ci il tarixdə yenidən “Neftçilər” metrostansiyasının yaxınlığında yerləşən digər bir qızıl alış-satışı ilə məşğul olan mağazaya yaxınlaşıb özünə məxsus bir ədəd sırğanı satmaq istədiyini bildirmiş və həmin mağazada işləyən satıcı həmin əşyanı 80 manata ala biləcəyini söyləmiş və onun şəxsiyyət vəsiqəsinin surətini götürməklə qeydiyyat aparılaraq 80 manat pul vəsaitini götürərək həmin mağazadan uzaqlaşmışdır. Sonradan polis əməkdaşları tərəfindən onun barəsində sorğuların aparıldığını məlumat alıb 24-cü Polis Şöbəsinə yaxınlaşmış və ehtiyacları ucbatından etdiyi oğurluq əməlini səmimi etiraf etmişdir. Sonda Təqsirləndirilən şəxs, törətdiyi əməldən səmimi peşman olduğunu, zərərçəkmiş şəxsə vurulmuş zərəri ödəyərək onunla barışıq əldə etdiyini bildirdi və barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə dövlət ittihamçısını, zərərçəkmiş şəxsi, təqsirləndirilən şəxsi, onun müdafiəçisini və şahidi dinləyərək, iş materiallarını tədqiq edərək, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə müəyyən edilmiş cinayət əməlini törətmişdir və onun təqsiri, özünün etirafedici ifadəsi ilə yanaşı, aşağıda göstərilən digər sübutlarla da təsdiq edilir. Məhkəmə baxışı zamanı Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, o, 19 sentyabr 2022-ci il tarixdə axşam saatlarında yaşadıqları mənzilin yataq otağında olan mücrünün içərisinə baxdıqda qızıl-zinət əşyalarının içərisindən ona məxsus olan, həyat yoldaşına aldığı dəyəri 300 manat olan 01 ədəd 585 əyarlı qızıl boyunbağının, dəyəri 200 manat olan 01 ədəd 585 əyarlı qızıl qolbağının, dəyəri 800 manat italyan qızılından olan bir cüt sırğaların və dəyəri 700 manat olan ağ qızıldan olan bir tay sırğanın oğurlandığını, ona ümumilikdə 2.000 manat məbləğində ziyanın dəydiyini aşkar etmişdir. Evdən baş vermiş oğurluğu aşkar etdikdə o, Azərbaycan Respublikası DİN-nin 102 xidmətinə zəng edərək məlumat vermişdir. Arasından bir neçə dəqiqə keçmiş onun mənzilinə polis əməkdaşları gələrək, ondan ərizə alıb sənədləşdirmə aparmışlar. Oğurluğun kim tərəfindən edilməsini o, bilməmişdir. Sonra o, polisə dəvət olunduqda, ona məlum olmuşdur ki, oğurluğu edən şəxs əvvəllər tanımadığı Təqsirləndirilən şəxs olmuşdur və sonuncu oğurluğu xx.xx.2022ci il tarixdə axşam saatlarında etmişdir. Həmin günü yadına gəlmişdir ki, axşam tərəfi həyat yoldaşı və o, mənzilin giriş qapısını bir qədər aralı açıq qoyaraq, həyat yoldaşı qonşuya getmişdir, o isə aşağıda binanın qarşısında həyətdə nəvəsi ilə gəzişmişdir. Təxminən saat 18:40 radələrində o, nəvəsini bayırda qoyaraq evə qalxmışdır. Yaşadığı 6cı blokun 3-cü mərtəbəsinə çatdıqda, ona tanımadığı bir şəxs rast gəlmişdir. Həmin şəxsin kim olduğunu bilməmiş və həmin şəxsin sifətinə diqqət etməmişdir. Sonda Zərərçəkmiş şəxs, təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyanın ödənildiyini, buna görə də onunla barışdığını, təqsirləndirilən şəxsdən heç bir şikayətinin və tələbinin olmadığını bildirmiş və sonrakı məhkəmə iclaslarının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, o, ünvan 4 ünvanda yerləşən qızıl alış-satışı mağazasında satıcı vəzifəsində işləyir. 17 sentyabr 2022-ci il tarixdə işlədiyi mağazada sonradan adı ona Miramil kimi məlum olan şəxs yaxınlaşaraq bir müddət öncə sırğa aldığını, həmin bir cüt sırğanın bir tayını itirməsi səbəbindən, həmçinin pula ehtiyacı yarandığından mağazaya satmaqla pul vəsaiti əldə etmək istədiyini bildirmiş, odur ki, o, həmin şəxsdən həmin bir ədəd sırğanın özünə məxsus olub-olmadığını, oğurluq olmasını bir daha maraqlandıqda həmin sırğanın özünə məxsus olduğunu bildirmiş və həmin sırğanı çıxararaq ona təqdim etmiş, o, həmin sırğaya baxıb 80 manat dəyərləndirmiş, həmin şəxs də onunla razılaşaraq şəxsiyyət vəsiqəsindən anket məlumatlarını dəqiqləşdirməklə sırğa və şəxsiyyət vəsiqəsinin birlikdə şəklini çəkmişdir. Sonra həmin şəxs 80 manat pulu götürməklə oradan uzaqlaşmışdır. Bundan sonra o, həmin şəxsi bir daha görməmiş, almış olduğu sırğanı isə qızılın topdan alışı və əridilməsi ilə məşğul olan hal-hazırda xatırlamadığı şəxsə satmışdır, sonradan polis əməkdaşlarının çağırışı ilə Nizami RPİ-nə yaxınlaşmış və ona Miramil adlı şəxsin satmış olduğu bir ədəd qızıl sırğanın oğurluq olması barədə məlumat verilmişdir. İş materiallarında olan baxış keçirilməsi haqqında 19 sentyabr 2022-ci il tarixli protokoldan görünür ki, Bakı şəhəri, Nizami rayonu, Babək prospekti 105 nömrəli evin 56 nömrəli mənzilinin giriş qapısının açıq olmasından istifadə edilib mənzilə qanunsuz daxil olaraq mənzilin yataq otağında termonun üzərində olan mücrünün içindən ümumi dəyəri 2000 (iki min) manat olan Zərərçəkmiş şəxs məxsus qızıl-zinət əşyalarının oğurlanması müəyyən edilmişdir. İş materiallarında olan təqdim etmə və götürmə barədə 20 sentyabr 2022-ci il tarixli protokoldan görünür ki, Şahid1 təqdim etdiyi bir ədəd qızıl boyunbağı, bir ədəd qızıl qolbaq və bir ədəd alqı-satqı qəbzinin ünvan 5 ünvanında yerləşən mağazaya Təqsirləndirilən şəxs tərəfindən satılaraq 130 manat götürüldüyü müəyyən edilmişdir. İş materiallarında olan götürmə barədə 20 sentyabr 2022-ci il tarixli protokoldan görünür ki, Şahid1 təqdim etdiyi bir ədəd DVD disk Nizami RPİ-nin 24-cü PŞ-nin baş təhqiqatçısı Ramil Mehdiyev tərəfindən protokol tərtib edilməklə götürülmüş və həmin diskdə olan görüntüdə xx.xx.2022-ci il tarixdə saat 19:45-də Təqsirləndirilən şəxs ünvan 5 ünvanında yerləşən mağazaya girərək əlində olan qızıl-zinət əşyalarını orada işləyən şəxsə verməsi və mağazanı işlədən Şahid1 həmin qızıl-zinət əşyalarının çəkisini ölçmək üçün masanın üzərində olan tərəziyə qoyması müşahidə edilmişdir. İş materiallarında olan 20 sentyabr 2022-ci il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs təqdim etdiyi bir ədəd DVD disk Nizami RPİ-nin 24-cü PŞ-nin baş təhqiqatçısı Ramil Mehdiyev tərəfindən protokol tərtib edilməklə götürülmüş və həmin diskdə olan görüntüdə xx.xx.2022-ci il tarixdə saat 18:33-də Təqsirləndirilən şəxs ünvan 3 binanın 56-cı mənzili yerləşən blokuna girməsi və həmin tarixdə saat 18:42-də blokdan çıxaraq oradan uzaqlaşması müşahidə edilmişdir. İş materiallarında olan 07 oktyabr 2022-ci il tarixli götürmə barədə protokoldan görünür ki, Şahid2 təqdim etdiyi bir ədəd Təqsirləndirilən şəxs, bir ədəd sırğanı qızıl alışsatışı mağazasına satarkən şəxsiyyət vəsiqəsi və qızıl-zinət əşyasının birlikdə çəkilmiş şəkli götürülməklə, bu barədə protokol tərtib edilmişdir. İş materiallarında olan 14 noyabr 2022-ci il tarixli götürmə barədə protokoldan görünür ki, Şahid3 təqdim etdiyi bir ədəd, Təqsirləndirilən şəxs bir cüt sırğanı qızıl alışsatışı mağazasına satarkən tərtib edilmiş alqı-satqı qəbzinin surəti götürülməklə, bu barədə protokol tərtib edilmişdir. İş materiallarında olan əşyanın tanınmaya təqdim edilməsi barədə 03 dekabr 2022-ci il tarixli protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, iş üzrə Təqsirləndirilən şəxs tərəfindən oğurluq zamanı ələ keçirilmiş və sonra tərtib edilmiş protokol ilə Şahid1 götürülmüş bir ədəd boyunbağı Zərərçəkmiş şəxs tanınmaya təqdim edilmiş və həmin protokolda Zərərçəkmiş şəxs həmin boyunbağının əyarından, quruluşundan və digər əlamətlərindən Bakı şəhəri, Nizami rayonu, Babək prospekti 105 nömrəli evin 56 nömrəli mənzilindən oğurlanmış ona məxsus boyunbağı olduğunu bildirmişdir. İş materiallarında olan əşyanın tanınmaya təqdim edilməsi barədə 03 dekabr 2022-ci il tarixli protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, iş üzrə Təqsirləndirilən şəxs tərəfindən oğurluq zamanı ələ keçirilmiş və sonra tərtib edilmiş protokol ilə Şahid1 götürülmüş bir ədəd qolbaq Zərərçəkmiş şəxs tanınmaya təqdim edilmiş və həmin protokolda Zərərçəkmiş şəxs həmin qolbağın əyarından, üzərində olan “Camal” yazısından və digər əlamətlərindən Bakı şəhəri, Nizami rayonu, Babək prospekti 105 nömrəli evin 56 nömrəli mənzilindən oğurlanmış ona məxsus qolbaq olduğunu bildirmişdir. İş materiallarında olan sübutların qiymətləndirilməsi haqqında 05 dekabr 2022-ci il tarixli qərardan görünür ki, iş üzrə 02 (iki) ədəd alqı-satqı qəbzinin surəti, 01 (bir) ədəd şəxsiyyət vəsiqəsi və qızıl-zinət əşyasının birlikdə çəkilmiş fotoşəkli, 1,06 qram kütləli, 583/585 əyarlı qızıldan hazırlanmış, sarı rəngli 1 ədəd boyunbağı, 1,87 qram kütləli, 583/585 əyarlı qızıldan hazırlanmış, sarı rəngli 1 ədəd qolbaq və 02 (iki) ədəd DVD disk sübut əhəmiyyəti nəzərə alınaraq cinayət işi üzrə maddi sübut hesab edilmiş, cinayət işinə əlavə edilmiş və 01 ədəd boyunbağı, 01 ədəd qolbaq isə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə təyinatı məsələsi həll edilənədək saxlanmasından ötrü Zərərçəkmiş şəxs qəbz ilə təhvil verilmişdir. “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 mart 2005-ci il tarixli, 01 nömrəli qərarının 1, 19 və 20-ci bəndlərinə əsasən, məhkəmələr oğurluğa, soyğunçuluğa və quldurluğa dair işlərə baxarkən nəzərə almalıdırlar ki, talama dedikdə özgə əmlakının tamah məqsədilə, hüquqazidd, əvəzsiz götürülməsi və bu əmlakın təqsirkarın və ya başqa şəxsin xeyrinə yönəldilməsindən ibarət hərəkətlər başa düşülür. Yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaq dedikdə oğurluq, soyğunçuluq və ya quldurluq məqsədilə həmin yerlərə gizli və ya açıq formada girmək başa düşülməlidir. «Yaşayış sahəsinə binaya, anbara və ya başqa saxlanc yerlərinə daxil olmaq» anlayışına həmin yerlərə girmədən talanacaq predmetlərin oradan müxtəlif üsul və vasitələrlə götürülməsi, çıxarılması və s. kimi hərəkətlər də aiddir. Avtomobil və digər nəqliyyat vasitəsinin kabinəsi, oturacaq salonu saxlanc yerlərinə aid olmadığından oradan hər hansı əşyanın gizlin götürülməsi saxlanc yerlərinə daxil olma kimi qiymətləndirilə bilməz. Yaşayış sahəsi dedikdə yaşayış və qeyri yaşayış sahələri də daxil olmaqla mülkiyyət formasından asılı olmayaraq mənzil fonduna daxil olan, daimi və ya müvəqqəti yaşamaq üçün yararlı hesab edilən, həmçinin mənzil fonduna daxil olmasa da müvəqqəti yaşamaq üçün nəzərdə tutulmuş fərdi yaşayış evi, mənzil sahəsi başa düşülür. Bina dedikdə istehsalat və ya digər xidməti məqsədlər üçün müvəqqəti olaraq insanların və ya maddi nemətlərin yerləşdirilməsi məqsədilə nəzərdə tutulmuş, mülkiyyət formasından asılı olmayan tikililər, qurğular başa düşülür. Beləliklə, yuxarıda göstərilən sübutlarla Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə müəyyən olunmuş cinayətin törədilməsində təqsiri tam sübuta yetirilir. Cəza təyin edərkən məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs şəxsiyyətini, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Törətdiyi əməldən səmimi peşman olmasını və zərərçəkmiş şəxsə vurulmuş zərəri ödəyərək onunla barışıq əldə etməsini məhkəmə Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar hesab edir. İş üzrə Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin 06 oktyabr 2022-ci il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs sonuncu dəfə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 17 sentyabr 2020-ci il tarixli hökmü ilə, Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə təqsirli bilinib, 01 il müddətinə azadlığın məhdudlaşdıırlması cəzasına məhkum edilmişdir. İş materiallarına əlavə edilmiş Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 24 fevral 2022-ci il tarixli, 7(010)-509/2022 saylı qərarından və Bakı Şəhər Probasiya İdarəsinin 15 may 2023-cü il tarixli, 21-1/3-11326/13 nömrəli məktubundan görünür ki, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 17 sentyabr 2020-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə təqsirli bilinib, 01 il müddətinə azadlığın məhdudlaşdıırlması cəzasına məhkum edilmiş Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Milli Məclisinin “08 Noyabr- Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” 05 noyabr 2021-ci il tarixli 395-VİQR nömrəli Qərarının 2.5-ci bəndi tətbiq edilərək, o, təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından azad edilmiş və üzərindən məhkumluq götürülmüşdür. Bununla da, Təqsirləndirilən şəxs Bakı Şəhər Probasiya İdarəsinin qeydiyyatından çıxarılmışdır. Azərbaycan Respublikası CM-nin 83.6-cı maddəsinə əsasən məhkumluğun ödənilməsi və ya götürülməsi məhkumluqla bağlı olan bütün hüquqi nəticələri ləğv edir. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 4 saylı Qərarının 3-cü bəndində göstərilir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. “Məhkəmə Hökmü Haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 27 dekabr 1996-cı il tarixli 4 saylı qərarının, 13-cü bəndində qeyd olunmuşdur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin etmək hallarına yol verməməlidir. Məhkəmə, Təqsirləndirilən şəxs törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, o cümlədən onun cəzasını yüngülləşdirən halların olub, cəzasını ağırlaşdıran halların olmamasını, eləcə də təqsirləndirilən şəxsin azadlıqdan məhrum etmə növündə cəza çəkmədən islah olunmasını mümkün sayaraq, hesab edir ki, ona azadlığın məhdudlaşdırılması növündə cəza təyin olunduğu təqdirdə də cəzanın məqsədləri təmin edilə bilər. Bununla əlaqədar məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrum edilməklə cəmiyyətdən təcrid edilməsinə əsaslar müəyyən edilmədiyinə görə təqsirləndirilən şəxs barəsində azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanır. Azərbaycan Respublikası CPM-nin 158.2 və 158.2.1-ci maddələrinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan hesablanır və tutulduğu və həbsdə saxlanıldığı müddət həbsdə saxlama müddətinə daxil edilir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli tutma protokolundan, xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, xx.xx.2022-ci il tarixdə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və həmin tarixdə barəsində həbs qətimkan tədbirinin seçilməsi barədə müstəntiqin vəsatətindən imtina edilərək, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. Buna görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı 20 sentyabr 2022-ci il tarixdən 22 sentyabr 2022-ci il tarixədək tutulduğu 02 gün müddətin 01 (bir) günü 02 (iki) gün azadlığın məhdudlaşdırılmasına bərabər tutulmaqla və təyin olunmuş cəzadan çıxılmaqla onun üzərində qəti olaraq, müəyyən müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmalıdır. Azərbaycan Respublikası CM-nin 52-1.1-ci maddəsinə əsasən, azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Bundan başqa, məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CPM-nin 197.1, 197.1.4 və 198.1-ci maddələrinə əsasən materialların məhkəmə ekspertizasının və məhkəmə iqtisad ekspertizasının keçirilməsinə xərclənmiş 140 (yüz qırx) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs dövlət nəfinə tutulmalıdır. Habelə, məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CPM-nin 132-ci maddəsinə uyğun olaraq, iş üzrə maddi sübut kimi tanınmış 1.06 qram kütləli, 583/585 əyarlı qızıldan hazırlanmış sarı rəngli 01 ədəd boyunbağının və 1.87 qram kütləli, 583/585 əyarlı qızıldan hazırlanmış sarı rəngli 01 ədəd qolbağın ibtidai istintaq zamanı Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınmalı, iş üzrə maddi sübut kimi tanınmış və cinayət işində saxlanılan 02 ədəd “DVD” disk, 02 ədəd alqı-satqı qəbzinin surəti və 01 ədəd şəxsiyyət vəsiqəsi ilə qızıl-zinət əşyasının birlikdə çəkilmiş fotoşəkili cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalıdır. Həmçinin, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən Bu Məcəllənin 193.2, 193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının (AR Nazirlər Kabineti) müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə hesab edir ki, vəkilin ibtidai istintaqda və məhkəmədə iştirak etdiyi müddət 31 iş saatı müddətinə bərabər olduğundan, hər iş saatı üçün Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2018-ci il tarixli, 202 saylı qərarına əsasən göstərilmiş hüquqi xidmətlərə görə hər iş saatı üçün 6 (altı) manat miqdarında ödənilməsi nəzərə alınmaqla 186 (31x6) məbləğində əmək haqqı Bakı şəhəri 6 saylı Vəkil Bürosu vasitəsi ilə Müdafiəçi dövlət büdcəsi hesabına ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 346, 347, 349, 351-353, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və ona, 03 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı 20 sentyabr 2022-ci il tarixdən 22 sentyabr 2022-ci il tarixədək tutulduğu 02 (iki) gün müddət nəzərə alınmaqla, həbsdə saxlamanın bir gününü azadlığın məhdudlaşdırılmasının iki gününə hesablayaraq üzərində 02 (iki) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, Bakı şəhərini tərk etməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs üzərində nəzarətin həyata keçirilməsi Bakı şəhər Probasiya İdarəsinə həvalə edilsin. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Hökm qanuni qüvvəyə minənədək Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri dəyişdirilmədən saxlanılsın. İş üzrə materialların məhkəmə ekspertizasının və məhkəmə iqtisad ekspertizasının keçirilməsinə xərclənmiş 140 (yüz qırx) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs dövlət nəfinə tutulsun. İş üzrə maddi sübut kimi tanınmış 1.06 qram kütləli, 583/585 əyarlı qızıldan hazırlanmış sarı rəngli 01 ədəd boyunbağının və 1.87 qram kütləli, 583/585 əyarlı qızıldan hazırlanmış sarı rəngli 01 ədəd qolbağın ibtidai istintaq zamanı Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınsın. İş üzrə maddi sübut kimi tanınmış və cinayət işində saxlanılan 02 ədəd “DVD” disk, 02 ədəd alqı-satqı qəbzinin surəti və 01 ədəd şəxsiyyət vəsiqəsi ilə qızıl-zinət əşyasının birlikdə çəkilmiş fotoşəkili cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılsın. Təqsirləndirilən şəxs 31 saat göstərdiyi pulsuz hüquqi yardıma görə iş üzrə dəvət olunmuş müdafiəçi Bakı şəhəri 6 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi VÖEN – ********** hesablaşma hesabı üzərindən Bakı şəhəri 6 saylı Vəkil Bürosu vasitəsi ilə 186 manat əmək haqqı Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına ödənilsin. Hökm elan olunduğu andan 20 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsinin vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Həmin müddətdə hökmdən apellyasiya qaydasında protest və şikayət verilmədikdə hökm müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Rauf Əhmədov
Məhkəmə qərarları › İş №1(007)-132/2023
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Hökm — İş №1(007)-132/2023
16.05.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver