Məhkəmə qərarları › İş №1(007)-133/2020

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Hökm — İş №1(007)-133/2020

19.08.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(007)-133/2020 19.08.2020 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Mehdiyev Nəriman Hüseynqulu oğlunun sədrliyi, məhkəmə iclası katibi Rüstəmova Sürəyya Nazim qızının katibliyi, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və onun müdafiəçisi-Bakı şəhəri 6 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, təqsirləndirilən şəxs xx xxxx 1989-cu il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, fərdi qaydada işləyən, əvvəllər məhkum olunmamış, Bakı şəhəri, Nərimanov rayonu, Z.Bünyadov prospekti, keçid 4, ev 28-də qeydiyyatda olmaqla həmin ünvanda yaşayan - Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə nəzərdə tutulan əməli törətməsinə dair sadələşdirilmiş icraat materialına məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsin sağlamlığının qısa müddətə pozulmasına səbəb olmuş qəsdən sağlamlığına yüngül zərər vurmuşdur. Belə ki, o, xx xxxx 2020-ci il tarixdə saat 03:30 radələrində ünvan 1 ünvanındakı mənzildə Zərərçəkmiş şəxs ilə qeyri-təbii yolla cinsi əlaqədə olduğu zaman cinsi tələbini ödəyə bilməyəcəyini səbəb göstərərək qoruyucu vasitədən istifadə etmədən intim münasibətlərini davam etdirmələri barədə təklifi ilə sonucunun razı olmaması səbəbindən aralarında yaranmış mübahisə zamanı mənzilin dəhlizində sağ əl zərbəsi ilə Zərərçəkmiş şəxs sifətinin sol tərəfinə bir dəfə qəsdən vuraraq, ona sol göz ətrafı nahiyyədə hematoması və sol gözün ağlı qişasının qansızması ilə nəticələnən, dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan, sağlamlığa yüngül zərər vurmaya aid edilən xəsarət yetirməklə, qəsdən sağlamlığa yüngül zərər vurmuşdur. Həmin əməlinə görə təhqiqat orqanı tərəfindən Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə yekun protokol tərtib edilmişdir. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 124.2-ci maddəsinin tələbinə uyğun olaraq aşağıdakıları sübut növü kimi qəbul etmişdir. Təqsirləndirilən şəxs məhkəmə iclasında özünü ona elan olunmuş Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirli bilərək ifadəsində göstərmişdir ki, xx xxxx 2020-ci il tarixdə Nərimanov rayonunda kafedə yeyib içmiş, bundan sonra bir münasib qadın taparaq, onunla cinsi əlaqədə olub, cinsi tələbini ödəmək qərarına gəlmişdir. Bu məqsədlə xx xxxx 2020-ci il tarixdə təxminən saat 02-03 radələrində internet sosial şəbəkəsində pul müqabilində intim xidmət göstərən, yəni “pulla görüşən” sözlərini yazmaqla, instaqram səhifəsində 055 *** ** ** GSM nömrə istifadəçisi olan və qadın olduğunu güman etdyi şəxsin 30 AZN pul müqabilində intim xidmət göstərməsi barədə yerləşdirdiyi elan əsasında həmin nömrə istifadəçisi olan şəxsə zəng etmişdir. Həmin vaxt sərxoş olduğu üçün zəng etdiyi şəxsin qadın və ya kişi olmasına diqqət etməmişdir, lakin yadında qaldığı qədər həmin şəxs qadın səsi ilə danışmışdır. Həmin şəxslə instaqram səhifəsindəki elan əsasında bir daha intim xidmət müqabilində ona 30 AZN pul ödənilməsi barədə yazılan məlumatı dəqiqləşdirmiş və hansı formada intim xidmət göstərməsi barədə soruşarkən, cinsi əlaqədə olmaq istədiyi həmin şəxs “hər cür intim xidmət göstərəcəyini” ona bildirmişdir. Aralarında bu barədə razılaşma olduqdan sonra, həmin şəxsin izahı əsasında sifariş etdiyi taksi maşını ilə Bakı şəhəri, Nizami rayonu, “Nazlı” şadlıq sarayının arxasında, dəqiq ünvanını xatırlamadığı 9 mərtəbəli binanın dördüncü mərtəbəsində yerləşən mənzilə gəlmiş, mənzildə qadın paltarında olan bir şəxs onu qarşılayaraq, əvvəlcədən razılaşdıqları 30 AZN pulu ondan alandan sonra özü ilə mənzilin divanlı otağına aparmış, divanın üzərində əynindəki paltarlarını çıxarmadan ona qoruyucu vasitə ilə qeyri-təbii formada, yəni oral seks xidməti göstərməyə başlamışdı. Həmin vaxt o, qeyriixtiyari olaraq əlini sonradan adının Zərərçəkmiş şəxs olduğunu bildiyi şəxsin sinə nahiyyəsinə salarkən onun qadın olmadığını bilmiş, bundan sonra onunla aralarında başlamış intim münasibəti dayandıraraq, onu özündən kənarlaşdırmış, bu qaydada intim tələbini ödəyə bilməyəcəyini bildirmiş, ödədiyi 30 AZN puldan 20 AZN pulu geri qaytarmasını demişdir. Zərərçəkmiş şəxs “verilən pul geri qayıtmır” deyə ona cavab vermiş, bu zaman onların arasında pul üstündə mübahisə yaranmışdır. Mübahisə vaxtı o, Zərərçəkmiş şəxs hərəkətlərinə əsəbləşdiyindən mənzili tərk edərkən mənzilin dəhlizində, yəni çıxış qapısının qarşısında özünü saxlaya bilməyib sağ əli ilə Zərərçəkmiş şəxs sifət nahiyyəsinə bir dəfə zərbə vurmuş, bundan sonra mənzili tərk edib binanın həyətinə düşmüş, oradan isə yaşadığı ünvana getmişdir. Hadisə vaxtı sərxoş olduğu üçün Zərərçəkmiş şəxs mobil telefonunun əlindən düşərək zədələnməsini xatırlamır. Hadisə yerində başqa adamlar olmamışdır. Hadisə mənzilin daxilində və təxminən 1-2 dəqiqə müddətinə davam etmişdir. İfadəsinin sonunda Təqsirləndirilən şəxs əməlindən səmimi peşmançılıq çəkdiyini bildirərək barəsində həbslə bağlı olmayan cəza təyin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə istintaqında Zərərçəkmiş şəxs ifadə verərək göstərmişdir ki, heç bir yerdə işləmir, üç il olar ki, kişilərlə müxtəlif məbləğdə pul müqabilində qeyri-təbii yolla cinsi əlaqədə olur, bununla maddi ehtiyaclarını təmin edir. Bu məqsədlə onunla cinsi əlaqədə olmaq istəyən müştərilərlə müxtəlif ünvanlarda və ya çöldə qapalı yerlərdə görüşüb intim münasibətdə olur. Müştəriləri əsasən internet instaqram səhifəsində 055 *** ** ** GSM nömrəsi vasitəsi ilə yerləşdirdiyi 50-30 AZN pul müqabilində intim xidmət göstərməsi barədə elan əsasında cəlb edir, gün ərzində təxminən 2 nəfər müştəri ilə bu qaydada görüşərək intim münasibətdə olur. xx xxxx 2020-ci il tarixdə saat 03 radələrində adını təqdim etməyən, sonradan Təqsirləndirilən şəxs olduğunu bildiyi 050 *** ** ** GSM nömrə istifadəçisi olan şəxs zəng edərək onunla cinsi əlaqədə olmaq istədiyini, lakin bunun üçün münasib bir yeri olmadığını bildirmişdir. O, həmin şəxslə intim xidmət müqabilində 30 AZN pula razılaşaraq, onu kirayə qaldığı ünvan 1 ünvanına dəvət etmişdir. Bir müddət sonra həmin şəxs onun izahı ilə kirayə qaldığı mənzilə gəlmişdir. O, Təqsirləndirilən şəxs mənzilin divan qoyulmuş otağına apararaq oradakı divanın üzərində qoruyucu vasitədən istifadə etməklə onunla qeyri-təbii yolla, yəni arxadan (anal sekslə) və oral sekslə intim münasibətdə olmağa başlamışdır. İntim münasibətdə olarkən Təqsirləndirilən şəxs bu qaydada cinsi tələbini ödəyə bilməyəcəyini deyərək, qoruyucu vasitədən istifadə etmədən intim münasibətlərini davam etdirməyi təklif etsə də, o, buna razı olmamışdır. Bu səbəbdən Təqsirləndirilən şəxs divandan qalxaraq, aralarında başlamış intim münasibətə son qoyub, mənzili tərk edən zaman onunla qoruyucu vasitəsiz intim münasibətdə olmadığı üçün ondan heyif çıxmaq məqsədi ilə mənzilin dəhlizində sağ əl zərbəsi ilə sifətinin sol tərəfinə bir dəfə zərbə vurmuş, sonra isə intim xidmət müqabilində ödəyəcəyi 30 AZN pulu vermədən mənzili tərk etmidir. Zərbə nəticəsində o, sifətinin sol tərəfindən zədə almışdır. Elçin Babyev onu əl zərbəsi ilə vurduğu zaman əlində tutduğu “Samsunq A32 markalı mobil telefonu əlindən mənzilin döşəməsinə düşərək 120 AZN qiyməti olan ekranı sınmışdır. Hadisə təxminən 1 dəqiqə müddətinə davam etmiş, hadisə vaxtı mənzildə başqa adamlar olmamışdır. Ona dəymiş maddi ziyan təqsirləndirilən şəxs tərəfindən ödənilməmişdir, təqsirləndirilən şəxslə barışmamışdır. Təqsirləndirilən şəxsin barəsində qanunda nəzərdə tutulan qaydada cəza təyin edilməsini məhkəmədən xahiş etdi. İşdə olan və məhkəmə baxışında tədqiq edilmiş: -Zərərçəkmiş şəxs Bakı şəhəri Nizami RPİ-nin 24-cü PŞ-nin rəisinə ünvanlanmış xx xxxx 2020-ci il tarixli ərizəsindən görünür ki, o, xx xxxx 2020-ci il tarixdə intim münasibət göstərdiyi müştəri tərəfindən döyüldüyü və intim münasibət müqabilində razılaşdığı pulu vermədiyi üçün həmin şəxsin cinayət məsuliyyətinə cəlb olunmasını xahiş etmiş, ərizə əsasında PŞ-nin təhqiqatçısı tərəfindən məhkəməyədək sadələşdirilmiş icraat materialı açılmışdır. (i.v. 1) -Baxış keçirilməsi haqqında xx xxxx 2020-ci il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs iştirakı ilə ünvan 1 ünvanındakı hadisə yerinə baxış keçirilərək, protokol tərtib olunmuş, hadisə yerinin fotoşəkilləri çəkilərək toplanmış materiala əlavə olunmuşdur. (i.v. 6-8) -Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X3 X4 Nizami rayon şöbəsinin canlı şəxsin ekspertizasına dair xx xxxx 2020-ci il tarixli 241 nömrəli ekspert rəyinin nəticə hissəsindən görünür ki, Zərərçəkmiş şəxs sol göz ətrafı nahiyyədə hematoması və sol gözün ağlı qişasının qansızması olmuşdur. Qeyd olunan xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən törənmişlər, qərarın təsviri hissəsində göstərilən müddətdə və şəraitdə, yəni xx.xx.2020-ci il tarixdə alınmaları mümkündür və dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan, sağlamlığa yüngül zərər vurmaya aiddir. Lokalizasiya və xüsusiyyətlərini nəzərə alaraq demək olar ki, həmin xəsarətlərin şəxsin özü boyu hündürlüyündən yıxılması, eləcə də özü tərəfindən özünə yetirilməsi nəticəsində yaranması inandırıcı deyil, kənar şəxs tərəfindən vurulması nəticəsində alınmaları istisna olunmur. (i.v. 26-27) -İfadənin yerində yoxlanması haqqında xx xxxxx 2020-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs iştirakı ilə ünvan 1 ünvanındakı hadisə yerinə baxış keçirilərək protokol tərtib olunmuş, hadisə yerinin fotoşəkilləri çəkilərək toplanmış materiala əlavə olunmuşdur. (i.v. 61-64) -Sübutların qiymətləndirilməsi haqqında xx xxxx 2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 128-ci maddəsində nəzərdə tutulan cinayətin tərkib əlamətlərinin olması tam sübuta yetirildiyindən məhkəməyədək sadələşdirilmiş materialın prokurorluq vasitəsi ilə məhkəməyə göndərilməsi qərara alınmış, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 221-ci və 187-ci maddələrində nəzərdə tutulmuş cinayətlərin tərkib əlamətləri olmadığından həmin xüsusatlar üzrə cinayət işinin başlanması rədd edilmiş, əməli törətmiş şəxs Təqsirləndirilən şəxs öz ifadəsində hadisə zamanı Zərərçəkmiş şəxs kişi cinsindən olduğu üçün aralarında başlamış intim münasibətin sona çatdırmadan əvvəlcədən ona ödədiyi 30 AZN puldan 20 AZN pulu geri istəməsi və sonuncunun həmin pulu qaytarmaması səbəbindən aralarında yaranmış mübahisə zamanı qeyri-ixtiyari olaraq əl zərbəsi ilə onun sifət nahiyyəsinə bir dəfə zərbə vuraraq ona bədən xəsarəti yetirməsini bildirməsi iş üzrə alınmış zərərçəkmişin ifadəsi və toplanmış sübutlarla təkzib olunduğundan Təqsirləndirilən şəxs ifadəsinin həmin hissəsi məsuliyyətini yüngülləşdirmək məqsədilə özünü müdafiə xarakterli kimi qiymətləndirilmiş, Zərərçəkmiş şəxs ifadəsində hadisə zamanı Təqsirləndirilən şəxs onu əl zərbəsi ilə vurduğu zaman əlində tutduğu “Samsung A3” markalı mobil telefonunun əlindən mənzilin döşəməsinə düşməsi nəticəsində dəyəri 120 manat təşkil edən ekranının sınması, həmçinin intim xidmət müqabilində ödəyəcəyi 30 AZN pulu ona ödəmədən mənzili tərk etməsi barədə göstərdiyi xüsusatlar həmin qərarla qiymət verilərək mülki qaydada məhkəməyə müraciət etmək hüququnun olması izah edilmiş, əməli törətmiş və zərərçəkmiş şəxslərin ifadələri ilə zərərçəkmiş Zərərçəkmiş şəxs müəyyən miqdarda pul müqabilində müxtəlif kişilərlə qeyritəbii yolla cinsi əlaqədə olmaqla fahişəliklə məşğul olduğu müəyyən edildiyindən Zərərçəkmiş şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 524-cü (Fahişəlik) maddəsində nəzərdə tutulan inzibati xəta olduğundan barəsində inzibati qaydada tədbir görülməsi üçün qərarın surətinin müvafiq təhqiqat orqanına göndərilməsi qərara alınmışdır. (i.v. 69-73) -Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və X1 tərəfindən verilmiş xx xxxx 2020-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu haqqında məlumat yoxdur. (i.v. 23) Məhkəmə hökmü haqqında Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 4 saylı, xx xxxxxx 1996-cı il tarixli qərarına əsasən məhkəmə hökmü səlis, aydın, anlaşılan şəkildə yazılmalı, iş üzrə müəyyən olunmuş hallar, sübutlar və məhkəmənin nəticələri hökmdə ciddi məntiqi ardıcıllıqla şərh edilməlidir. Azərbaycan Respublikası CPM-nin 346.1.1-346.1.12-ci maddələrinə əsasən məhkəmə baxışının nəticələrinə dair müvafiq məsələlər müşavirə otağında məhkəmə tərəfindən müzakirə edilməlidir. Həmin Məcəllənin 349.5.1-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Məhkəmə, dövlət ittihamçısını, təqsirləndirilən şəxsi və zərərçəkmiş şəxsi dinləyib, iş materiallarını hərtərəfli və obyektiv tədqiq edərək, istinad olunan hüquq normalarına əsaslanaraq hesab edir ki, istər məhkəmə iclasında tədqiq edilmiş sübutlarla, istərsə də məhkəməyədək icraat zamanı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsinin dispoziyasında nəzərdə tutulan zərərçəkmiş şəxsin sağlamlığının qısa müddətə pozulmasına səbəb olmuş qəsdən sağlamlığına yüngül zərər vurması mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan, iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin ifadəsi və iş üzrə toplanmış digər materiallarla sübuta yetirilmişdir. Təhqiqat orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə düzgün tövsif edilmişdir, onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar, habelə, əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CPM-nin 44.2.4-cü maddəsinə müvafiq olaraq, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməkdə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarılmalı və ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin 128-ci maddəsinin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 128-ci maddəsinə əsasən sağlamlığın qısa müddətə pozulmasına və ya ümumi əmək qabiliyyətinin cüzi itirilməsinə səbəb olmuş qəsdən sağlamlığa yüngül zərər vurma - min manatdan min beş yüz manatadək miqdarda cərimə və ya iki yüz qırx saatdan üç yüz altmış saatadək ictimai işlər və ya bir ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır. Həmin Məcəllənin 73.2-ci maddəsinə əsasən bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Məhkəmə iclasında müəyyən edildi ki, CM-nin 128-ci maddəsində nəzərdə tutulan əməli törətmiş şəxs zərərçəkmiş şəxslə barışmamış və ona dəymiş ziyanı ödəməmişdir. Belə olan halda, CM-nin 73.2-ci maddəsində nəzərdə tutulan əlamətlər olmadığından təqsirləndirilən şəxsin həmin əsaslarla cinayət məsuliyyətindən azad edilməsinə əsas yoxdur, ona görə onun barəsində ittihamedici hökm çıxarılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2003-cü il tarixli, 4 nömrəli qərarının 1-ci bəndi ilə məhkəmələrə izah edilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Qərarın 2-ci bəndində göstərilmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Azərbaycan Respublikası CM-nin 15.2-ci maddəsinə əsasən qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə bu Məcəllə ilə azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza nəzərdə tutulmuş əməllər, yaxud qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə bu Məcəllə ilə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi iki ildən artıq olmayan əməllər böyük ictimai təhlükə törətməyən cinayətlər hesab olunur. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə törətdiyi əməl böyük ictimai təhlükə törətməyən cinayət hesab olunur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə əsasən, cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs böyük ictimai təhlükə törətməyən cinayət törətməklə ilk dəfə məsuliyyətinə cəlb edilməsini, əməlindən səmimi peşman olmasını Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal qismində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulmuş hallar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs barəsində təyin ediləcək cəzanın həddini və növünü müəyyən edərkən cəza təyinetmənin ümumi prinsiplərini rəhbər tutmaqla onun qəsdən böyük ictimai təhlükə törətməyən cinayət törətməsini, cəzasını yüngülləşdirən halları nəzərə alaraq hesab edir ki, onun islah olunması üçün cəmiyyətdən təcrid olunmamaqla barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilməsi məqsədəmüvafiqdir və cəzanın məqsədini təmin edir. Buna görə də, məhkəmə ona əməlinin tövsif olunduğu maddənin sanksiyası hüdudlarında islah işləri cəzasının təyin edilməsini məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikası CPM-nin 346.1.13-346.1.22-ci maddələrinə əsasən məhkəmə baxışının nəticələrinə dair müvafiq məsələlər müşavirə otağında məhkəmə tərəfindən müzakirə edilməlidir. Məhkəmə həmin məsələləri müzakirə edərək qeyd edir ki, təqsirləndirilən şəxsə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməmişdir, ona görə cəzaçəkmə müəssisəsinin növü müəyyən edilmir, yalnız təyin ediləcək islah işləri cəzasının iş yeri üzrə çəkilməli olması müəyyən edilməlidir, onun təqsirləndirildiyi maddədə əlavə cəza nəzərdə tutulmamışdır, barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsi üçün əsaslar yoxdur, zərərçəkmiş şəxs tərəfindən mülki iddia verilməmişdir, təhqiqat orqanı qəbul etdiyi qərarla mülki qaydada iddia qaldırmaq hüququ zərərçəkmiş şəxsə izah edilmişdir, iş üzrə maddi sübut tanınmamışdır, təhqiqat orqanı tərəfindən məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə qətimkan tədbiri seçilməmişdir, hazırda da buna əsaslar və zərurət yoxdur, təyin edilməli olan islah işləri üzrə cəzaçəkmə müddətinin başlanğıcı Təqsirləndirilən şəxs əmək haqqından dövlət nəfinə ilk tutulmanın aparıldığı tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası CM-nin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin: 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həminşəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir; 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2, 193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının (AR Nazirlər Kabineti) müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə hesab edir ki, vəkilin təhqiqat zamanı və məhkəmədə təqsirləndirilən şəxsə göstərdiyi hüquqi yardıma görə iştirak etdiyi müddət 30 iş saatı müddətinə bərabər tutulduğundan, (Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2018-ci il tarixli 202 saylı qərarına əsasən) göstərilmiş hüquqi xidmətlərə görə hər iş saatı üçün 6 manat miqdarında ödənilməsi nəzərə alınmaqla hüquqi yardıma görə iş üzrə dəvət olunmuş müdafiəçi - Bakı şəhəri 6 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi müvafiq hesablaşma hesabı üzərindən Vəkil Bürosu vasitəsi ilə 180 manat əmək haqqı Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinib, hər ay qazancından dövlət nəfinə 20% məbləğində pul tutulmaqla 06 ay müddətinə islah işləri cəzasına məhkum edilsin, o, cəzasını iş yeri üzrə çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı Təqsirləndirilən şəxs əmək haqqından dövlət nəfinə ilk tutulmanın aparıldığı tarixdən hesablansın. Cəzanın icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə İcra və Probasiya şöbəsinə tapşırılsın. Təqsirləndirilən şəxs 180 saat göstərdiyi pulsuz hüquqi yardıma görə iş üzrə dəvət olunmuş müdafiəçi - Bakı şəhəri 6 saylı Vəkil Bürosunun vəkili X2 “xxxxxxxxxxxx” ASC-nin “Qara Qarayev” filialı, kod 200145, VÖEN **********, m/h- AZ37NABZ********************, S.Wİ.F.T.BİK AİİBAZ2X, hesab - AZ33AİİB********************, VÖEN - ********** hesablaşma hesabı üzərindən Bakı şəhəri 6 saylı Vəkil Bürosu vasitəsi ilə 180 manat əmək haqqı Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Həmin müddətdə hökmdən apellyasiya qaydasında protest və şikayət verilmədikdə hökm müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Nəriman Mehdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar