Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(007)-133/2022 06.07.2022 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyeva Mətanət İsfəndiyar qızının sədrliyi, məhkəmə iclas katibi Mustafayev Əşrəf Əli oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi – Bakı şəhəri 6 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi oğlunun, təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs iştirakı ilə, təqsirləndirilən şəxs – xx.xx.1981-ci ildə Bərdə rayonunun Hacıbəyli kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsi ilə təqsirli bilinib CM-nin 69.3-cü maddəsinə əsasən 8 ay 10 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Bərdə şəhəri, Vaqif küçəsi, ev 23 ünvanında qeydiyyatda olan, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə barəsində axtarış elan edilmiş, barəsində seçilmiş başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri dəyişdirilmiş və həbs qətimkan tədbiri seçilmiş, xx.xx.2022-ci il tarixdə tutulmuş, hal-hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 177.2.1 və 177.2.2-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs özgənin əmlakını gizli olaraq talama məqsədi ilə tanışı X1 ilə əvvəlcədən razılaşıb cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs halında 21 may 2021-ci il tarixdə saat 23-24 radələrində ünvan 2 ünvanda yerləşən “Pirania Pub” restoranın həyətində olan Zərərçəkmiş şəxs məxsus dəyəri 550 manat təşkil edən 01 ədəd çətiri gizli talayıb Zərərçəkmiş şəxs ümumilikdə 550 manat miqdarda maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa Təqsirləndirilən şəxs özgənin əmlakını gizli olaraq talama məqsədi ilə tanışı X1 ilə əvvəlcədən razılaşıb cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs halında 25 may 2021-ci il tarixdə saat 21:30 radələrində ünvan 2 ünvanda yerləşən “Pirania Pub” restoranın həyətində olan Zərərçəkmiş şəxs məxsus dəyəri 550 manat təşkil edən bir ədəd çətiri təkrar gizli talayıb Zərərçəkmiş şəxs ümumilikdə 550 manat miqdarda maddi ziyan vurmaqla təkrar oğurluq etmişdir. Məhkəmə baxışında Təqsirləndirilən şəxs özünü ona elan olunmuş Azərbaycan Respublikasının CM-nin 177.2.1 və 177.2.2-ci maddələrində nəzərdə tutulmuş ittiham üzrə qismən təqsirli bilərək göstərmişdir ki, o, özünü ona qarşı irəli sürülmüş epizodlardan yalnız bir epizod üzrə təqsirli bilir. Oğurluq etməyi ona Elxan təklif etmişdir. Tarixini dəqiq xatırlamadığı vaxtda gecə saat 12 radələrində Elxanla birlikdə çayxananın həyətindən çətiri oğurlamışlar. Bu zaman təhlükəsizlik kamerasına düşmüşlər. Çətiri “Nazlı” şadlıq sarayının yanında gizlətmişlər. Sonra bazara getmişlər, bazarda işləyən qadına çətir olduğunu, satmaq istədiklərini demişlər. Sonra çətiri qoyduqları yerdən götürüb taksi ilə çətiri almaq istəyən şəxsin evinə aparıb 50 manata satmışlar. Həmin puldan 10 manatı taksiyə vermişlər, qalan pulu isə hərəsinə 20 manat olmaqla aralarında bölüşdürmüşlər. İkinci oğurluğu o etməmiş, ikinci dəfə çayxananın həyətindən çətir oğurlamamışdır. O, istintaqda ikinci dəfə oğurluq hadisəsi törətməsini etiraf etməmiş, ifadəni müstəntiq özü yazmış və imzalamışdır. Oğurladığı çətiri zərərçəkmiş şəxsə qaytarmışdır. Məhkəmədən ədalətli qərar qəbul edilməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs qeyd edilən əməli törətməkdə təqsiri aşağıdakılarla təsdiq olunur. İş üzrə Zərərçəkmiş şəxs məhkəməyə ərizə ilə müraciət edərək təqsirləndirilən şəxsə qarşı heç bir şikayətinin və tələbinin olmadığını, ona dəymiş ziyanın tam ödənildiyini bildirmiş və cinayət işini onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Zərərçəkmiş şəxs istintaqda verdiyi ifadəsində göstərmişdir ki, Bakı şəhərinin müxtəlif ərazilərində fərdi sahibkarlıqla məşğul olur və Nizami rayonu, Elşən Süleymanov küçəsi 137 saylı ünvanda yerləşən “Pirania Pub” restoranı ona məxsusdur. Həmin məkan 02 mərtəbəlidir, birinci mərtəbənin ətrafı mühafizə edilməyən açıq həyəti olan ərazidir, ikinci mərtəbə isə qapalı məkandır. Restoranın birinci mərtəbəsində 03 ədəd hər biri 4x4 m ölçüdə, həmçinin ikinci mərtəbəsində də 03 ədəd eyni ölçülü çətirlər vardır. Restoranı icarəyə götürmüş şəxslərdən sonuncu dəfə 17 may 2021-ci il tarixdə təhvil-təslim edərkən restorana məxsus bütün avadanlığın, o cümlədən hər iki mərtəbədə olan çətirlərin yerində olduğunu müşahidə etmişdir. 21 may 2021-ci il tarixdə, səhər saatlarında həmin obyektə baxmaq üçün getdikdə restoranın mühafizə edilməyən açıq həyətində olan çətirin 01 ədədinin yerində olmadığını aşkar etmişdir. Həmin çətirin yerinin dəyişdirildiyini və ya müvəqqəti istifadə üçün çətirlə təmin edən şirkət əməkdaşlarının özbaşına götürdüklərini zənn edib polisə bu barədə müraciət etməmişdir. 26 may 2021-ci il tarixdə səhər saatlarında restoranın mühafizə edilməyən açıq həyətindən daha bir ədəd çətirin yerində olmadığını görüb DİN-nin 102 xidmətinə ayrı-ayrı vaxtlarda 02 ədəd çətirin oğurlandığını bildirmişdir. Polis bölməsində aparılan araşdırma zamanı müəyyən olunmuşdur ki, 21 və 25 may 2021-ci il tarixdə oğurluq etmiş şəxslər müşahidə kameralarının obyektivinə düşmüş, onlar çətirlərin birini 8-ci km bazarında çalışan, gül satışı ilə məşğul olan Nəzakət adlı qadına, digərini isə bazarda taksi fəaliyyəti göstərən Etibar adlı şəxsin “Opel” markalı avtomobili ilə aparıb Maştağa qəsəbəsində Həbib adlı şəxsə satmışlar. 24-cü Polis Şöbəsinin keçirdiyi tədbirlər nəticəsində hər iki çətirin yerləri müəyyən edilərək götürülmüşdür. Oğurlanmış çətirlərin hər birinin dəyəri 550 manat təşkil edir və hadisə nəticəsində ümumilikdə 1100 manat maddi zərər dəymişdir. Məhkəmə baxışında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o, 8-ci km bazarında dərzi yeri işlətmişdir. O, tarixini dəqiq xatırlamadığı vaxtda evdə olan zaman işçisi Nuridə ona zəng edərək tanımadığı şəxsin uşağı xəstə olduğundan, pula ehtiyacı olduğundan ucuz qiymətə çətir satdığını bildirərək ona çətir lazım olub-olmadığını soruşmuşdur. O da həyətə qoymaq üçün çətir lazım olduğundan çətiri gətirməsi üçün nömrəsini həmin şəxsə verməsini bildirmişdir. 2 nəfər şəxs çətiri taksi ilə onun yaşadığı Maştağa qəsəbəsinə gətirmişlər. Çətiri ona 80 manata satmışlar, o, həmin puldan 15 manatı çətiri gətirən taksiyə vermiş, 65 manatı isə çətir üçün vermişdir. O, həmin vaxt çətirin oğurluq olduğunu bilməmişdir. Sonradan çətirin oğurluq olduğunu bilmiş, xəstəsi olduğundan bu barədə polisə məlumat verə bilməmişdir. Məhkəmə baxışında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, tarixini dəqiq xatırlamadığı vaxtda axşam təxminən saat 22 radələrində 1 nəfər şəxs ona yaxınlaşaraq çətiri olduğunu və onu Maştağa qəsəbəsinə aparmaq lazım olduğunu bildirmişdir. Həmin şəxslə birlikdə 8-ci km bazarının yaxınlığına getmişlər, orada bir nəfər də şəxs olmuş, çətiri məişət tullantılarının atıldığı yerin yaxınlığından götürüb avtomobilə qoymuşlar və o, onları dedikləri ünvana aparmışdır. Həmiт şəxslər çətiri sonradan tanıdığı bazarda işləyən şəxsə satmışlar. Ona gediş haqqı olaraq 15 manat pul vermişlər. O, həmin şəxsləri Maştağa dairəsi adlanan yerdə avtomobildən düşürtmüşdür. Məhkəmə baxışında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, o, 8-ci km bazarında ticarətlə məşğul olmuşdur. 2 nəfər şəxs göy rəngli “Opel” markalı avtomobillə bazara gəlmiş, həmin şəxslərdən biri ona çətir satdıqlarını bildirmişdir. O, çətirlərin kimə məxsus olduğunu soruşduqda Novxanı və yaxud Nardaranda çayxana işlətdiklərini, bağlandığı üçün çətirləri satdıqlarını bildirmişdir. Ona 5-6 ədəd çətir təqdim etmişlər, o, həmin çətirlərdən birini almışdır. O, çətiri 110 manata almışdır. Həmin çətirin oğurluq olduğunu bilməmişdir. 2 gün sonra 24-cü PŞ-nin əməkdaşı gələrək çətirin oğurluq olduğunu bildirmişdir. İşdə olan və məhkəmə baxışında tədqiq edilmiş: - cinayət işinin başlanması və icraata qəbul olunması haqqında xx.xx.2021-ci il tarixli qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.2-ci maddələri ilə ********* nömrəli cinayət işi başlanılaraq icraata qəbul olunmuşdur. - zərərçəkmiş şəxs qismində tanınma haqqında xx.xx.2021-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs qismində tanınmışdır. - şübhəli şəxsin tutulması barədə xx.xx.2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.2-ci maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli olduğuna görə tutulmuşdur. - təqsirləndirilən şəxsə ittiham elan etmək haqqında xx.xx.2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.2-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddələr ilə ittiham elan edilmişdir. - Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 4(007)-149/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilməsindən imtina edilmiş və məhkəmə iclas zalından dərhal azad edilmişdir. - qətimkan tədbirinin seçilməsi barədə xx.xx.2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. - sübutların qiymətləndirilməsi haqqında xx.xx.2021-ci il tarixli qərardan görünür ki, “Pirania Pub” restoranının həyətindən oğurlanmış 2 ədəd çətir və oğurluq hadisəsini özündə əks etdirən 1 ədəd “CD” disk maddi sübut kimi tanınmış, 2 ədəd çətir məhkəmənin hökmünə qədər saxlanılmasından ötrü Zərərçəkmiş şəxs təhvil verilmiş, 1 ədəd “CD” disk isə cinayət işinə əlavə edilmişdir. - Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 1(007)-133/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində axtarış elan edilmiş, Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri dəyişdirilmiş və həbs qətimkan tədbiri seçilmişdir. - axtarışda olan şəxsin tutulması haqqında xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə Nizami RPİ-nin 24-cü PŞ-nin əməkdaşları tərəfindən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 03 mart 2005-ci il tarixli qərarında Plenum qərara almışdır ki: 2.Mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir. Yaranmış konkret şəraitdə təqsirkar gizli hərəkət etdliyini güman edirsə həmin şəxslər talama hadisəsini görmüş olsalar belə təqsirkarın əməli özgə əmlakının gizli talanması hesab edilməlidir... 7.Təqsirli şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan (məsələn, talanmış əmlakı öz xeyrinə və ya başqalarının nəfinə yönəltmək, yaxud tamah məqsədilə başqa formada onun üzərində sərəncam vermək), oğurluq və ya soyğunçuluq cinayəti bitmiş hesab edilir.... 10. Özgə əmlakının talanması əməlini qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi kimi tövsif edərkən, bilavasitə özgə əmlakının talanmasına yönəlmiş hərəkətlər edilənədək,cinayətin iştirakçıları arasında qabaqcadan belə bir əlbirlik olması, cinayətkar niyyətin həyata keçirilməsi üçün rolların bölüşdürülməsinə dair razılıq əldə edilməsi, həmçinin hər hansı icraçı və cinayətin digər iştirakçıları tərəfindən hansı konkret hərəkətlər edilməsi araşdırılmalıdır. Hökmdə törədilmiş cinayətin hər bir icraçısının və digər iştirakçısının (təşkilatçılarının, təhrikçilərinin, köməkçilərinin) barəsindəki sübutlara qiymət verilməlidir.... 11. CM-nin 34.2-ci maddəsinin mənasına görə, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən oğurluq, soyğunçuluq və ya quldurluq cinayətinə görə cinayət məsuliyyəti həm də o zaman yaranır ki, özgə əmlakının bilavasitə götürülməsini, cinayətin iştirakçıları arasında əldə edilmiş razılaşmaya əsasən, onlardan biri həyata keçirsin. Cinayətin digər iştirakçıları, rolların bölgüsünə əsasən, cinayətin törədilməsində icraçıya bilavasitə kömək göstərməyə yönəlmiş hərəkətlər edərsə (məsələn, şəxs yaşayış sahəsinə girməsə də qapının, cəftənin, qıfılın sındırılmasında iştirak edərsə, əvvəlcədən əldə edilmiş razılığa əsasən talanmış əmlakı apararsa, törədilən cinayət aşkar ediləcəyi hallarda digər iştirakçıları sığortalayarsa) onlar CM-nin 32.2-ci maddəsinə müvafiq olaraq birgə icraçı hesab edilir və belə hallarda əməlin tövsifi üçün CM-nin 32-ci maddəsinə istinad edilməsinə ehtiyac yoxdur....18.Şəxs, tövsifedici əlamətlər olmadan, özgə əmlakının eyni formada iki və ya daha çox müstəqil talanmasına görə (məsələn, müxtəlif mülkiyyətçilərdən bir neçə dəfə oğurluq edilməsi) məhkum edilməmişsə, yaxud cinayət məsuliyyətinə cəlb etmə müddətləri keçməmişsə, bu zaman həmin hərəkətlər, CM-nin 16.2-ci maddəsinə müvafiq olaraq, CM-nin 177.2.2, 180.2.2 və ya 181.2.2-ci maddələrində nəzərdə tutulmuş «təkrar» törədilmiş cinayət kimi tövsif edilməlidir. Belə halda cinayətkar hərəkətlər cinayətlərin məcmusunu təşkil etmir. Təqsirkarın iradəsindən asılı olmayaraq cinayət başa çatmadıqda da məsələyə bu mövqedən yanaşılmalıdır.” Göstərilənlərə əsasən məhkəmə belə bir nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətdiyi əməldə cinayət tərkibi vardır, ona ibtidai istintaq zamanı düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.2-ci maddələri ilə ittiham irəli sürülmüş və əməli həmin maddələr ilə tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsas yoxdur. Məhkəmə iclasında Təqsirləndirilən şəxs qabaqcadan əlbir olan bir qrup şəxs halında təkrar zərərçəkmiş şəxsə məxsus əmlakı gizli talayaraq oğurlaması tədqiq edilmiş mötəbər və mümkün sübutların məcmusu, həmçinin cinayət işinin materiallarındakı digər sənədlərlə tamamilə sübuta yetirildi. Təqsirləndirilən şəxs özünü qismən təqsirli bilərək zərərçəkmiş şəxsə məxsus yalnız bir ədəd çətir oğurlamasına dair ifadəsi məsuliyyətini yüngülləşdirmək məqsədilə verilmiş ifadə kimi qiymətləndirilir və ifadəsində göstərdiyi xüsusatlar məhkəmə iclasında tədqiq edilmiş sübutlarla təkzib olundu. Təqsirləndirilən şəxs cəzadan azad edilməsi və onun barəsində cəzanın təyin edilməməsi üçün əsaslar olmadığı üçün Azərbaycan Respublikası CM-nin 58-ci maddəsinə əsasən ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş hədlərdə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə görə, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin edərkən, Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs törətdiyi əməl az ağır cinayət hesab olunur. İşdə olan və məhkəmə baxışında tədqiq edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli tələbnamədən və Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 1(005)-150/2021 saylı, xx.xx.2021-ci il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsi ilə təqsirli bilinib Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən 8 ay 10 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. İşdə olan və məhkəmə baxışında tədqiq edilmiş Bərdə rayon İcra və probasiya şöbəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 71/01 saylı məktubdan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsi ilə təqsirli bilinərək 8 ay 10 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilməsi barədə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 1(005)-150/2021 saylı, xx.xx.2021-ci il tarixli hökmü xx.xx.2021-ci il tarixdə Bərdə rayon İcra və probasiya şöbəsinin icraatına daxil olmuşdur. Məhkum Təqsirləndirilən şəxs hökmdə qeyd olunan qeydiyyatda olduğu və yaşadığı ünvan 3 ünvanda yaşamadığı məlum olmuşdur. Məhkum Təqsirləndirilən şəxs yeri müəyyən edilmədiyindən Bərdə rayon prokurorluğuna 71/01 saylı, xx.xx.2021-ci il tarixli vəsatət verilmiş və həmin tarixdə məhkumun axtarılması barədə qərar qəbul edilərək Bərdə rayon Polis Şöbəsinə göndərilmişdir. Bərdə Rayon Məhkəməsinin 7(021)-92/2021 saylı, xx.xx.2021-ci il tarixli qərarı ilə məhkum Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzasının başqa cəza növü ilə əvəz edilməsi məqsədi ilə qərarın icrası yerinə məcburi göndərilməsi üçün tutulması qərara alınmış və qərarın icrası Bərdə rayon Polis Şöbəsinə həvalə edilmişdir. Məhkum Təqsirləndirilən şəxs hazırkı tarixədək Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 1(005)-150/2021 saylı, xx.xx.2021-ci il tarixli hökmü ilə ona təyin edilmiş 8 ay 10 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasını çəkməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi əməli qismən etiraf etməsini, zərərçəkmiş şəxsin şikayət və tələbinin olmamasını cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs cəzasını Azərbaycan Respublikası CM-nin 61.1-ci maddəsində nəzərdə tutulmuş ağırlaşdıran hal müəyyən edilmədi. Məhkəmə Təqsirləndirilən şəxs barəsində təyin ediləcək cəzanın həddini və növünü müəyyən edərkən cəza təyinetmənin ümumi prinsiplərini rəhbər tutmaqla onun qəsdən az ağır cinayət törətməsini, qəsdin obyektini mülkiyyət münasibətləri təşkil etməsini, daimi yaşayış yerinin olmamasını nəzərə alaraq hesab edir ki, onun islah olunması üçün cəmiyyətdən təcrid olunmaqla barəsində azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi məqsədəmüvafiqdir və cəzanın məqsədini təmin edir. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə hesab edir ki, cəza təyin edilərkən Təqsirləndirilən şəxs xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək 2 gün həbsdə saxlanılması həbsdə saxlamanın bir gününü azadlıqdan məhrum etmənin bir gününə hesablayaraq nəzərə alınmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.2-ci maddələri ilə təqsirli bilindiyi əməli Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 1(005)-150/2021 saylı, xx.xx.2021-ci il tarixli hökmü ilə məhkum olunana qədər törətdiyi üçün, ona Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsində göstərilən qaydalar üzrə cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 68.1.1-1-ci maddəsinə əsasən cinayətlərin məcmusu və hökmlərin məcmusu üzrə cəzalar qismən və ya tamamilə toplanılarkən azadlıqdan məhrum etmənin bir gününə azadlığın məhdudlaşdırılmasının iki günü bərabər tutulur. Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. Həmin maddədə qeyd olunan “eyni qaydalar” ifadəsi Azərbaycan Respublikası CM-nin 66.1-66.4cü maddələrində əks olunan cəzanın təyin edilməsi qaydalarını göstərir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinin şərh edilməsinə dair 22 fevral 2012ci il tarixli qərarında Plenum qərara almışdır ki, cinayət hüququnda “məhkum” anlayışı qanuni qüvvəyə minmiş hökmə əsasən təqsirli bilinmiş şəxsi ehtiva etdiyindən, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsində birinci iş üzrə qanuni qüvvəyə minmiş hökm nəzərdə tutulur. Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən əvvəllər Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 1(005)-150/2021 saylı, xx.xx.2021-ci il tarixli hökmü ilə təyin edilmiş 8 ay 10 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasının 2 gününü azadlıqdan məhrum etmənin 1 gününə bərabər tutaraq hesablamaqla 4 ay 5 gün müddətinə azadlıqdan məhrum etmə cəzasını hazırkı hökmlə təyin edilmiş cəza ilə qismən toplayaraq Təqsirləndirilən şəxs qəti cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən qəsdən az ağır cinayət törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər üçün azadlıqdan məhrum etmə növündə cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilir. Ona görə də, Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası CPM-nin 346.1.19 - 346.1.22-ci maddələrində nəzərdə tutulmuş məsələləri həll edərək məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməli; cəzaçəkmə müddətinin başlanğıcı tutulduğu vaxtdan, yəni xx.xx.2022-ci il tarixdən hesablanmalı; Azərbaycan Respublikası CPM-nin 132.1.5-ci maddəsinə əsasən iş üzrə maddi sübut olan 2 ədəd çətir Zərərçəkmiş şəxs qaytarılmış hesab edilməli; Azərbaycan Respublikası CPM-nin 132.1.6-cı maddəsinə əsasən cinayət işi üzrə maddi sübut olan 01 ədəd “CD” disk cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.2-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia yoxdur. Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə hesab edir ki, vəkilin ibtidai istintaqda iştirak etdiyi müddət 22 iş saatı və məhkəmədə iştirak etdiyi müddət 21 iş saatı, cəmi 43 (qırx üç) iş saatı müddətinə bərabər olduğundan, hər iş saatı üçün Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2018-ci il tarixli, 202 saylı qərarına əsasən göstərilmiş hüquqi xidmətlərə görə hər iş saatı üçün 6 (altı) manat miqdarında ödənilməsi nəzərə alınmaqla 258 (iki yüz əlli səkkiz) manat (43x6) məbləğində əmək haqqı Bakı şəhəri 6 saylı Vəkil Bürosu vasitəsi ilə Müdafiəçi dövlət büdcəsi hesabına ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.2-ci maddələrində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinib, barəsində 2 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək 2 gün həbsdə saxlanılması nəzərə alınmaqla həbsdə saxlamanın bir gününü azadlıqdan məhrum etmənin bir gününə hesablayaraq üzərində 1 (bir) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 1(005)-150/2021 saylı hökmü ilə təyin edilmiş 8 ay 10 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasının 2 gününü azadlıqdan məhrum etmənin 1 gününə bərabər tutaraq hesablamaqla 4 ay 5 gün müddətinə azadlıqdan məhrum etmə cəzasını hazırkı hökmlə təyin edilmiş cəza ilə qismən toplayaraq Təqsirləndirilən şəxs qəti cəza – 2 (iki) il 1 (bir) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs təyin olunmuş cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin başlanğıcı xx.xx.2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Cinayət işi üzrə maddi sübut olan 2 ədəd çətir Zərərçəkmiş şəxs qaytarılmış hesab edilsin. Cinayət işi üzrə maddi sübut olan 01 ədəd “CD” disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs istintaqda 22 saat, məhkəmədə 21 saat, cəmi 43 (qırx üç) saat göstərdiyi pulsuz hüquqi yardıma görə iş üzrə dəvət olunmuş Müdafiəçi 258 (iki yüz əlli səkkiz) manat əmək haqqı Bakı şəhəri 6 saylı Vəkil Bürosu vasitəsi ilə Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına ödənilsin. Hökmdən elan olunduğu (həbsdə olan məhkuma hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Həmin müddətdə hökmdən apellyasiya qaydasında protest və şikayət verilmədikdə hökm müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən Mətanət Hacıyeva
Məhkəmə qərarları › İş №1(007)-133/2022
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Hökm — İş №1(007)-133/2022
06.07.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver