Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(007)-134/2025 06.08.2025 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyeva Mətanət İsfəndiyar qızının sədrliyi, məhkəmə iclasının katibi Əsədli Gülsu Araz qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi – Bakı şəhəri 6 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi oğlunun, təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs iştirakı ilə, təqsirləndirilən şəxs – xx.xx.1984-cü ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2, 177.2.3-cü maddələri ilə təqsirli bilinib 2 il 6 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, CM-nin 69.3cü maddəsinə əsasən üzərində 2 il 5 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmış, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan, barəsində başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi olmadan xeyli miqdarda ümumi təmiz çəkisi 0,331 qram olan narkotik vasitə heroini qanunsuz olaraq əldə edib üzərində saxlamaqla daşımış, xx.xx.2024-cü il tarixdə saat 14:30 radələrində Bakı şəhəri Nizami RPİ-nin 24-cü PŞ-nin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti 84 ünvanının qarşısında şübhəli şəxs qismində saxlanılaraq Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti 81 ünvanda yerləşən Nizami RPİ-nin 24-cü PŞ-nə gətirilmiş, orada üzərinə keçirilən şəxsi axtarış zamanı əynində olan boz rəngli cins şalvarın sağ yan cibindən 01 ədəd bükümdə təmiz çəkisi 0,331 qram olan açıq qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs məhkəmə baxışında özünü ona elan olunmuş Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş ittihamla təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, 17 iyun 2024-cü il tarixdə evə kran almaq üçün “8-ci km” bazarına getmişdir. Əvvəl Neftçilərdə pul çıxartmış sonra bazara getmişdir. Bazara çatanda köhnə məhəllədən İlqar adlı tanışını görmüşdür. Onunla salamlaşmış, bu zaman polis əməkdaşları onları saxlamışlar. Onları bölməyə aparmışlar. Bölmədə əlini-ayağını skoçla bağlamışlar, ona təzyiq etmişlər ki, sənədləri imzalasın. Həmin vaxt onun üzərində narkotik vasitə olmamışdır. Narkotik vasitəni polis əməkdaşları üzərinə qoymuşlar. Bu barədə vəkilinə heç nə bildirməmişdir. Məhkəmədən ədalətli hökm çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası CPM-nin 327.1.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs əvvəllər vermiş olduğu və cari məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyətlər olduğundan Təqsirləndirilən şəxs ifadəsi elan edilməklə tədqiq edilmişdir. Belə ki, Təqsirləndirilən şəxs istintaq zamanı Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, təxminən 4 ilə yaxındır ki, narkotik vasitə istifadə edir. O, narkotik vasitəni təsadüfi tanış olduğu şəxslərdən alır. xx.xx.2024-cü il tarixdə Qara Qarayev metrostansiyasının yaxınlığında olduğu zaman xarici görkəmindən narkotik vasitə istifadəçisinə oxşatdığı şəxslə söhbət əsnasında həmin şəxsin də narkotik vasitə istifadəçisi olduğunu müəyyən etmiş və onun üzərində narkotik vasitə olub-olmadığını soruşmuşdur. Həmin şəxs cibində olan 01 ədəd şəffaf sellofana bükülü “kakos” kimi tanıdığı narkotik vasitəni ona vermişdir. Həmin şəxsdən aldığı narkotik vasitənin qarşılığında ona 10 manat pul verib daha sonra istifadə etmək məqsədi ilə üzərində saxlamışdır. xx.xx.2024-cü il tarixdə, saat 14:30 radələrində Nizami rayonu, Qara Qarayev prospekti 84 saylı binanın qarşısında olduğu zaman 2 nəfər mülki geyimdə olan şəxslər ona yaxınlaşaraq özlərini təqdim etmişlər, polis əməkdaşları olduqlarını və onun narkotik vasitələrin istifadəsində şübhəli olduğunu bildirərək 24-cü Polis Şöbəsinə gətirmişlər. Polis Şöbəsində xidməti otaqlardan birində onu saxlayan polis əməkdaşları və vəkilin iştirakı ilə üzərində baxış və axtarış keçirilmiş, həmin vaxt əynində olan boz rəngli cins şalvarın sol yan cibindən özünə məxsus 01 ədəd “Nokia 1280” markalı mobil telefonu və sağ yan cibində saxladığı, içərisində “kakos” kimi tanıdığı narkotik vasitə olan 01 ədəd sellofan bükümü polis əməkdaşlarına təqdim etmişdir. Bundan sonra onun təqdim etdiyi həmin büküm təhqiqatçı tərəfindən qablaşdırılmış, bu haqda tərtib olunmuş protokol və həmin bükümün olduğu zərfin üzəri iştirakçıların və onun imzası ilə təsdiq olunmuşdur. Ona həmin bükümdəki maddənin tərkibinin müəyyən edilməsi üçün ekspertiza müayinəsinə göndəriləcəyi bildirilmişdir. Dindirmə zamanı ona verilən suallara cavab olaraq bildirmişdir ki, üzərində olan narkotik vasitə heroin onundur və şəxsi istifadəsi üçün üzərində saxlamışdır. Polis əməkdaşları tərəfindən saxlanılan zaman ona qarşı heç bir zorakılıq tətbiq edilməmişdir. Onun üzərinə Nizami RPİ-nin 24-cü PŞ-nin təhqiqatçısı tərəfindən polis əməkdaşlarının iştirakı ilə şəxsi axtarış keçirilmişdir. O, üzərindən aşkar olunaraq götürülmüş narkotik vasitə heroindən başqa narkotik vasitə və psixotrop maddə saxlamır. Başqa heç bir cinayət əməli törətməmişdir. Təqsirləndirilən şəxs qeyd edilən əməli törətməkdə təqsiri aşağıdakılarla təsdiq olunur. Məhkəmə baxışında şahid qismində dindirilmiş Bakı şəhəri Nizami rayon Polis İdarəsinin 24-cü PŞ-nin CA üzrə əməliyyat müvəkkili, polis baş leytenantı Şahid2 ifadəsində bildirmişdir ki, 17 iyun 2024-cü il tarixdə “Zaur” adlı şəxsin narkotik vasitələrin istifadəsi və qanunsuz dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdur. 17 iyun 2024-cü ildə həmin şəxsin cinayət törədərkən yaxud törətdikdən bilavasitə sonra yaxalanması, cinayət əməlinin ifşa edilməsi istiqamətində əməliyyataxtarış tədbirlərinin keçirilməsi məqsədi ilə əməliyyat qrupu yaradılmışdır. 17 iyun 2024-cü il tarixdə, saat 14:30 radələrində Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti, 84 saylı binanın qarşısında olan zaman Təqsirləndirilən şəxs yaxınlaşıb özlərini təqdim etmişlər və ona narkotik və psixotrop maddələrin istifadəsində şübhəli olduğunu bildirib özləri ilə birlikdə Nizami RPİ-nin 24-cü Polis Şöbəsinə getməli olduğunu demişlər. Polis Şöbəsinə gəldikdən sonra onu 24-cü Polis Şöbəsinin baş təhqiqatçısı, polis mayoru Ramil Mehdiyevə təhvil vermişlər. Bir qədər sonra təhqiqatçı onların və vəkil Müdafiəçi iştirakı ilə şübhəli şəxs Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirməyə başlamışdır. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərində olan qanunsuz əşyaları təqdim etməsi təklif edilmişdir. Bu təklifdən sonra o, əynində olan şalvarın cibindən içində narkotik vasitə heroinə bənzər maddə olan 1 ədəd bükümü, şəxsiyyət vəsiqəsini və 1 ədəd mobil telefonu təqdim etmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən qanunla qadağan edilmiş başqa əşya, maddə və ya predmet aşkar edilməmişdir. Məhkəmə baxışında şahid qismində dindirilmiş Bakı şəhəri Nizami rayon Polis İdarəsinin 24-cü PŞ-nin CA üzrə əməliyyat müvəkkili, polis baş leytenantı Şahid1 Şahid2 ilə oxşar məzmunda ifadə vermişlər. İşdə olan və məhkəmə baxışında tədqiq edilmiş: - şübhəli şəxsin tutulması haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. - şəxsi axtarış və götürmə aparılması haqqında xx.xx.2024-cü il tarixli protokoldan və xx.xx.2024-cü il tarixli diskə baxış keçirilməsi haqqında protokoldan görünür ki, xx.xx.2024-cü il tarixdə Nizami RPİ-nin 24-cü PŞ-nin xidməti otaqlarının birində şübhəli şəxs qismində saxlanılmış Təqsirləndirilən şəxs üzərinə videoçəkilişdən istifadə edilməklə polis əməkdaşlarının və vəkilin iştirakı ilə şəxsi axtarış və götürmə keçirilmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə təqdim etməyi təklif etmişlər. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan boz rəngli cins şalvarın sağ yan cibindən bir ədəd şəffaf sellofana bükülmüş bükümü çıxarıb təqdim edərək həmin bükümün içərisində “kakos” kimi tanıdığı narkotik vasitə olduğunu, təqdim etdiyi narkotik vasitəni xx.xx.2024-cü il tarixdə Qara Qarayev metrostansiyasının yaxınlığında təsadüfən tanış olduğu şəxsdən 10 manata alıb istifadə etmək üçün üzərində gəzdirdiyini bildirmişdir. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş məhkəmə fiziki-kimyəvi ekspertizasının xx.xx.2024-cü il tarixli, 3-16- 16/2-6/3290 nömrəli ekspert rəyinin nəticə hissəsindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün №165” dairəvi möhür əksi olan, “Təqsirləndirilən şəxs aşkar...” sözləri, soyadlar və imzalar qeyd edilmiş bir ədəd zərfin içərisində bir ədəd bükümdə təmiz çəkisi 0,331 qram olan açıq qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. - təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə ittiham elan edilmişdir. - vəsatətin müdafiə edilməsindən imtina edilməsi haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsi barədə Nizami RPİ-nin İŞ-nin müstəntiqi Aqil Ələsgərovun vəsatəti təmin edilməmiş və Təqsirləndirilən şəxs həbsdən azad edilmişdir. - qətimkan tədbirinin seçilməsi haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X2 X1-Narkoloji tibbi yoxlamanın xx.xx.2024-cü il tarixli, 5890 nömrəli rəyinin nəticə hissəsindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. - sübutların qiymətləndirilməsi haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş bir ədəd bükümdə təmiz çəkisi 0,331 qram narkotik vasitə-heroin maddi sübut kimi tanınmış, tədqiqatdan sonra qalıq qalmış 0,281 qram narkotik vasitə-heroin saxlanması üçün Nizami RPİ-nin maddi sübutları saxlama yerinə təhvil verilmişdir. - elektron məhkəmə informasiya sistemindən çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2015-ci il təvəllüdlü bir övladı vardır. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına görə siyahıların təsdiq edilməsi haqqında “Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanununa əsasən dərman preparatı kimi beynəlxalq adı “Heroin” olan maddə narkotik vasitədir, onun 0,15 qramdan artıq hissəsi xeyli miqdar hesab olunur. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanununa əsasən həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi; məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanılmasına yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanılması hesab olunur. Birləşmiş Millətlər Təşkilatının 30 mart 1961-ci il tarixli “Narkotik vasitələr haqqında” Vahid Konvensiyası, 1971-ci il tarixli “Psixotrop maddələr haqqında” və 19 dekabr 1988-ci il tarixli “Narkotik vasitələr və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə mübarizə haqqında” konvensiyalarında narkotik vasitələrin, güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsi beynəlxalq cinayət hesab edilmişdir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 14 iyun 2024-cü il tarixli Qərarının 4-cü və 5-ci bəndlərinə əsasən məhkəmələrə izah edilmişdir ki, narkotik vasitələrin və psixotrop maddələrin xeyli miqdarı “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli 961-İİQ nömrəli Qanunu ilə müəyyən olunmuşdur. Qanunun 1.0.10-cu maddəsində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanmasının izahı verilmişdir. Həmin maddənin mənasına görə narkotik vasitələri və psixotrop maddələri saxlama, bu maddələrin saxlanılması yerindən və müddətindən asılı olmayaraq, onlara qanunsuz surətdə faktiki malik olma deməkdir. Təqsirli şəxsin narkotik vasitələri və ya psixotrop maddələri öz ixtiyarında (məsələn, üstündə, gizli saxlanc yerlərində, binalarda və s.) saxlaması ilə əlaqədar olan hər hansı qəsdən edilən hərəkətləri saxlama kimi başa düşülməlidir. Göstərilənlərə əsasən məhkəmə belə bir nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətdiyi əməldə cinayət tərkibi vardır, ona ibtidai istintaq zamanı düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə ittiham irəli sürülmüş və əməli həmin maddə ilə tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsas yoxdur. Məhkəmə iş üzrə toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutlara qiymət verərək hesab edir ki, həmin sübutlar mötəbər və mümkün olmaqla Təqsirləndirilən şəxs tərəfindən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlinin törədilməsini tam təsdiq edir. Təqsirləndirilən şəxs saxlanılarkən üzərində narkotik vasitə-heroin olmamasına dair ifadəsində göstərdiyi xüsusatlar məhkəmə iclasında tədqiq edilmiş sübutlarla təkzib olundu. Təqsirləndirilən şəxs cəzadan azad edilməsi və onun barəsində cəzanın təyin edilməməsi üçün əsaslar olmadığından Azərbaycan Respublikası CM-nin 58-ci maddəsinə əsasən ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş hədlərdə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən, Azərbaycan Respublikası CMnin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs törətdiyi əməl az ağır cinayət hesab olunur. Azərbaycan Respublikası CM-nin 83.3.2-ci maddəsinə əsasən azadlıqdan məhrum etməyə nisbətən daha yüngül cəzaya məhkum edilmiş şəxslər barəsində-onlar cəzanı çəkib qurtardıqları gündən bir il keçdikdə məhkumluğu ödənilmiş hesab edilir. Azərbaycan Respublikası CM-nin 18.4.4-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətlərə görə məhkumluqlar residivin müəyyən edilməsi zamanı nəzərə alınmır. İşdə olan və məhkəmə baxışında tədqiq edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2, 177.2.3-cü maddələri ilə təqsirli bilinib 2 il 6 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, CM-nin 69.3-cü maddəsinə əsasən üzərində 2 il 5 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmışdır. İşdə olan və məhkəmə baxışında tədqiq edilmiş Bakı Şəhər Probasiya İdarəsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, 3-16-21-1/2-24827/2025 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2, 177.2.3-cü maddələri ilə təqsirli bilinərək Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə 2 il 5 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Hökm və hökmün icrası barədə göstəriş xx.xx.2024-cü il tarixdə icraata qəbul edilmiş və məhkum xx.xx.2024-cü il tarixdə probasiya qeydiyyatına alınmışdır. Təqsirləndirilən şəxs tərəfindən cəzanın çəkilmiş hissəsi 4 ay 18 gün, çəkilməmiş hissəsi isə 2 il 1 ay 8 gün təşkil edir. Göründüyü kimi 2 il 5 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş Təqsirləndirilən şəxs barəsində hökm çıxarıldığı xx.xx.2025-ci il tarixə 1 il 10 ay 3 gün çəkilməmiş cəzası qalmışdır. Əvvəllər azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş Təqsirləndirilən şəxs məhkumluğu ödənilməmiş və götürülməmiş qəsdən cinayət törətməsi cinayətin residivini yaratmır. Məhkəmə Təqsirləndirilən şəxs evli olmasını, yetkinlik yaşına çatmayan bir övladının olmasını cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs cəzasını Azərbaycan Respublikası CM-nin 61.1-ci maddəsində nəzərdə tutulmuş ağırlaşdıran hal müəyyən edilmədi. Məhkəmə Təqsirləndirilən şəxs barəsində təyin ediləcək cəzanın həddini və növünü müəyyən edərkən cəza təyinetmənin ümumi prinsiplərini rəhbər tutmaqla onun qəsdən az ağır cinayət törətməsini, qəsdin əsas obyektini əhalinin sağlamlığının təhlükəsizliyini təmin edən ictimai münasibətlər, əlavə obyektini isə ictimai təhlükəsizlik, dövlət idarə və müəssisələrin normal fəaliyyətini təmin edən ictimai münasibətlər, konkret insanın-fərdin sağlamlığı təşkil etməsini nəzərə alaraq hesab edir ki, onun islah olunması üçün cəmiyyətdən təcrid olunmaqla barəsində azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi məqsədəmüvafiqdir və cəzanın məqsədini təmin edir. Azərbaycan Respublikası CM-nin 68.1.1-1-ci maddəsinə əsasən cinayətlərin məcmusu və hökmlərin məcmusu üzrə cəzalar qismən və ya tamamilə toplanılarkən azadlıqdan məhrum etmənin bir gününə azadlığın məhdudlaşdırılmasının iki günü bərabər tutulur. Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının CM-nin 67 və 68.1.1-1-ci maddələrinə əsasən Təqsirləndirilən şəxs barəsində Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 1 (003)-363/2023 saylı, xx.xx.2023-cü il tarixli hökmü ilə ilə təyin olunmuş və çəkilməmiş qalan 1 il 10 ay 3 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasının iki gününü azadlıqdan məhrum etmənin bir gününə bərabər tutaraq hesablamaqla 11 ay 1 gün müddətinə azadlıqdan məhrum etmə cəzasını yeni hökmlə təyin olunmuş cəzaya qismən birləşdirərək ona qəti cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə hesab edir ki, cəza təyin edilərkən Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək 2 gün həbsdə saxlanılması həbsdə saxlamanın bir gününü azadlıqdan məhrum etmənin bir gününə hesablayaraq nəzərə alınmalıdır. Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş az ağır cinayət törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər üçün azadlıqdan məhrum etmə növündə cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilir. Ona görə də, Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası CPM-nin 346.1.19-346.1.22-ci maddələrində nəzərdə tutulmuş məsələləri həll edərək məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri həbs qətimkan tədbirinə dəyişdirilməli və o, məhkəmə iclas zalında dərhal həbs edilməli; onun həbsdə saxlanıldığı müddət Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən bir günə bir gün hesabı ilə hesablanaraq cəzaçəkmə müddətinə daxil edilməklə, cəzaçəkmə müddətinin başlanğıcı xx.xx.2025-ci il tarixdən hesablanmalı; Azərbaycan Respublikası CPM-nin 132.1.4-cü maddəsinə əsasən iş üzrə maddi sübut olan və Bakı şəhəri Nizami RPİ-də saxlanılan 0,281 qram narkotik vasitə-heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv olunmalı; Azərbaycan Respublikası CPM-nin 198.1-ci maddəsinə əsasən məhkəmə məsrəfi olan 65 (altmış beş) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə olunmalı və ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia yoxdur. Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə hesab edir ki, vəkilin məhkəmədə iştirak etdiyi müddət cəmi 31 iş saatı müddətinə bərabər olmaqla, 23 iş saatı üçün Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2018-ci il tarixli, 202 saylı qərarına əsasən hüquqi yardım haqqı 6 (altı) manat miqdarında ödənilməsi nəzərə alınmaqla 138 manat (23x6) məbləğində, 8 iş saatı üçün Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 aprel 2025-ci il tarixli, 141 nömrəli qərarına əsasən hüquqi yardım haqqı 11 (on bir) manat miqdarında ödənilməsi nəzərə alınmaqla 88 manat (8x11) məbləğində, cəmi 226 (iki yüz iyirmi altı) manat əmək haqqı Bakı şəhəri 6 saylı Vəkil Bürosu vasitəsi ilə Müdafiəçi dövlət büdcəsi vəsaiti hesabına ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinib barəsində 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə əsasən Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 1(003)-363/2023 saylı, xx.xx.2023-cü il tarixli hökmü ilə təyin edilmiş 2 il 5 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş 1 il 10 ay 3 gün hissəsini azadlığın məhdudlaşdırılması cəzasının iki gününü azadlıqdan məhrum etmənin bir gününə bərabər tutaraq hesablamaqla 11 ay 1 gün müddətinə azadlıqdan məhrum etmə cəzasını hazırkı hökmlə təyin edilmiş cəza ilə qismən birləşdirərək Təqsirləndirilən şəxs qəti cəza 1 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 2 gün həbsdə saxlanılması nəzərə alınmaqla həbsdə saxlamanın bir gününü azadlıqdan məhrum etmənin bir gününə hesablayaraq üzərində 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin başlanğıcı xx.xx.2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri dəyişdirilərək, həbs qətimkan tədbiri ilə əvəz edilsin və məhkəmə iclas zalından dərhal həbs edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs həbsdə saxlanılma yeri Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanası müəyyən edilsin. Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə olunsun və ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Cinayət işi üzrə maddi sübut olan və Bakı şəhəri Nizami RPİ-də saxlanılan 0,281 qram narkotik vasitə - heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə məhkəmə məsrəfi olan 65 (altmış beş) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub dövlət xəzinədarlığı agentliyi, kod 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzinin VÖEN **********, hesab AZ34CTRE******************** hesabına keçirilsin. Təqsirləndirilən şəxs 31 saat göstərdiyi pulsuz hüquqi yardıma görə iş üzrə dəvət olunmuş Müdafiəçi 226 (iki yüz iyirmi altı) manat əmək haqqı Bakı şəhəri 6 saylı Vəkil Bürosu vasitəsi ilə Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına ödənilsin. Hökmdən elan olunduğu (həbsdə olan məhkuma hökmün surəti verildiyi) andan 20 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Həmin müddətdə hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən Mətanət Hacıyeva
Məhkəmə qərarları › İş №1(007)-134/2025
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Hökm — İş №1(007)-134/2025
06.08.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver