Məhkəmə qərarları › İş №1(007)-135/2024

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Hökm — İş №1(007)-135/2024

12.03.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(007)-135/2024 12.03.2024 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyeva Mətanət İsfəndiyar qızının sədrliyi, məhkəmə iclasının katibi Cəfərzadə Fərid Bəşir oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhər məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi – Bakı şəhəri 06 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi oğlunun, təqsirləndirilən şəxs - Təqsirləndirilən şəxs iştirakı ilə, təqsirləndirilən şəxsxx.xx.2005-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, natamam ali təhsilli, subay, işləməyən, əvvəllər məhkum olunmamış, Bakı şəhəri, Nizami rayonu, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan, barəsində başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 307.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs 29 may 2022-ci il tarixdə saat 21 radələrində sosial şəbəkədə adını sonradan bildiyi X2 ilə Bakı şəhəri, Nizami rayonu, “Neftçilər” metrostansiyası yaxınlığında yerləşən “MC Donalds” restoranının qarşısında görüşə getdiyini tanışı Şahid1 bildirdikdən sonra sonuncu öz təşəbbüsü ilə onunla birlikdə qeyd edilən restoranın qarşısına gedib Rəsul Salahzadə ilə görüşdükdən sonra, Şahid1 həmin ərazinin yaxınlığında yerləşən məhlədə qohumlarının yaşadığını və bu səbəbdən yaxınlıqda yerləşən 122 saylı uşaq bağçasının həyətyanı sahəsinə getməyi təklif etdikdən sonra o, Şahid1 və Rəsul Salahzadə ilə birlikdə həmin gün saat 22 radələrində ünvan 2 ünvanda yerləşən, 122 saylı uşaq bağçasının həyətyanı sahəsinə gedərək bağçanın həyətində Rəsul Salahzadə ilə sonuncunun internetin “Telegram” sosial şəbəkəsində erməni milliyətindən olan qadınlara dəstək nümayiş etdirdiyinə görə sosial şəbəkə istifadəçilərinin qınaq obyektinə çevrilməsi barədə söhbət edərkən Şahid1 onların söhbətlərinə kənardan müdaxilə edərək Rəsul Salahzadəyə bu məsələ ilə əlaqədar sonuncunu söyəcəyi təqdirdə nə edəcəyini soruşduqda Rəsul Salahzadə həmin söyüşə cavab verəcəyini bildirdikdən sonra Şahid1 heç bir səbəb olmadan Rəsul Salahzadənin ünvanına nalayiq ifadələr işlədib cavab verməsini tələb etmiş, Rəsul Salahzadə isə Şahid1 üzərinə gəldikdə sonuncu bunu bəhanə edərək özünü nüfuz sahibi kimi göstərib öz şəxsiyyətini Rəsul Salahzadənin şəxsiyyətinin fövqündə qoymaqla, orada üzərində gəzdirdiyi qatlanan tipli qara rəngli bıçağı çıxarıb xuliqanlıq niyyəti ilə onun yanında həmin bıçaqla qəsdən Rəsul Salahzadənin döş qəfəsi, qarın və sağ bud nahiyəsindən 03 dəfə vuraraq sonuncuya daxili qanaxma ilə müşayiət olunan mədə, qaraciyərin sol payının kənarı, mədəaltı vəzin baş hissəsinin ön səthinin zədələnməsi ilə nəticələnən döş qəfəsinin sol yarısının ön divarının qarın boşluğuna nüfuz edən 01 ədəd, döş qəfəsinin sol yarısının ön divarının sol döş boşluğuna nüfuz edən 01 ədəd deşilmiş-kəsilmiş yarası, sağ budun yuxarı 1/3-nin arxa səthinin 01 ədəd deşilmiş-kəsilmiş yaralarından ibarət, həyat üçün təhlükəli olan ağır zərər vurmaya aid edilən bədən xəsarətlərini yetirməklə həmin xəsarətlərdən mədənin və mədəaltı vəzinin deşilmiş-kəsilmiş yaralarının nəticəsində postoperasion dövrdə mədəaltı vəzidə zədə nahiyəsinin eroziyası, nekrozlaşması, irinli-iltihabı dəyişiklikləri və mədə boşluğuna penetrasiyası ilə əlaqədar mədə-bağırsağa olan massiv qanaxma, kəskin qanaxma, kəskin qanitirmə 17 avqust 2022-ci il tarixdə saat 23:50 radələrində ünvan 3 ünvanda ehtiyatsızlıqdan Rəsul Salahzadənin ölümünə səbəb olan qəsdən sağlamlığına ağır zərər vurma cinayətinin Şahid1 tərəfindən törədilməsini görüb, bilərək həmin ağır cinayət barəsində müvafiq dövlət orqanlarına xəbər verməmişdir. Təqsirləndirilən şəxs məhkəmə iclasında özünü ona elan olunmuş Azərbaycan Respublikasının CM-nin 307.1-ci maddəsində nəzərdə tutulmuş ittihamla təqsirli bilərək göstərmişdir ki, Rəsul Salahzadəni hadisə olan günədək görməmiş, lakin onunla sosial şəbəkədə tanış olmuşdur. 29 may 2022-ci il tarixdə “Telegram” sosial şəbəkəsində Rəsul Salahzadənin ermənilərə dəstək verməsi barədə paylaşım etdiyini və həmin paylaşımın altında da azərbaycanlı istifadəçilər tərəfindən Rəsulun ünvanına söyüş, təhqir və digər nalayiq ifadələrin yazılmasını görmüş, o, ilk baxışda elə başa düşmüşdür ki, Rəsul Salahzadə ermənipərəst mövqedən çıxış edərək ermənilərin xeyrinə hər hansı bir paylaşım etmişdir. Rəsul Salahzadəyə sosial şəbəkədə mesaj yazıb nə üçün belə bir paylaşım etməsini soruşmuş, Rəsul Salahzadə isə paylaşımın əslində göründüyü kimi olmadığını, ermənilərin xeyrinə hər hansı paylaşım etmədiyini və bunu detallı şəkildə yalnız onunla görüşərək izah edə biləcəyini bildirmiş, o, buna razılıq vermişdir. Rəsul Salahzadə 29 may 2022-ci il tarixdə axşam saatlarında “McDonalds” restoranının qarşısına gəlməyini təklif etmiş, o, həmin gün, yəni 29 may 2022-ci il tarixdə axşam saat 21 radələrində Rəsulla görüşmək üçün evdən çıxmış, onun məqsədi sadəcə Rəsulla görüşüb həm əyani tanış olmaq, həm də sosial şəbəkədə paylaşılan yazıya görə nə deyəcəyini öyrənmək olmuşdur. Yaşadığı binanın həyətində əvvəlcədən tanıdığı Şahid1 görmüş, onlar salamlaşdıqdan sonra Kamran ondan hara getdiyini soruşmuş, o isə dostu ilə görüşəcəyini bildirib, başqa hər hansı bir söz deməmişdir. Kamran bekar olduğundan onunla birlikdə getmək istədiyini dedikdə ona razılıq vermişdir. Onlar Şahid1 ilə bərabər “Neftçilər” metrostansiyasının yaxınlığına gəlmiş, Rəsul bir qədər sonra gəldikdə, o, Kamrana dostu ilə təklikdə danışacağını, öz işində olmasını bildirmiş, daha sonra Kamrana fikir vermədən Rəsulun təklifi ilə “Neftçilər” dairəsi adlanan yerdən “Bakıxanov” qəsəbəsi istiqamətində piyada hərəkət etməyə başlamış, onlar Rəsulla piyada hərəkət edərək binaların məhlələrinə daxil olub, məhlədə olan skamyada əyləşmişlər. Rəsul onun barəsində “Telegram” sosial şəbəkəsində haqsızlıq olduğunu, əslində onun ermənilərin xeyrinə heç bir paylaşım etmədiyini, erməniləri tənqid edən video materialı paylaşdığını, sadəcə videonun yuxarısında “ürək” işarəsinin qoyulmasını, lakin səhifəni işlədən şəxslərin onun paylaşımının aşağısını kəsərək yalnız yuxarı hissəsini saxlamaqla paylaşdığını, bunu görən azərbaycanlıların da onu səhv başa düşərək tənqid edib ünvanına söyüş, təhqir və digər nalayiq ifadələr işlətdiklərini bildirmişdir. Kamran onlara yaxınlaşıb oturduğu məhlənin qohumlarının yaşadığı yer olduğunu, orada oturmaq istəmədiyini bildirmiş, onlar həmin skamyadan qalxıb, Kamranla birlikdə qaranlıq istiqamətə doğru getmişlər. Kamran isə Rəsulun hansı səbəbdən söyülməsini bilməsə də, Rəsula qarşı internetdə bir qrup adam tərəfindən nalayiq və təhqiramiz ifadələrin işlədilməsini onlarla olan söhbətdən başa düşmüşdür. Kamran söhbətə qoşularaq Rəsula qarşı hər hansı şəxsin boş yerə nalayiq ifadələr işlətməsinə tam inanmadığını, yəqin ki, nəsə etdiyini bildirmiş, Rəsul da, bundan sonra ona izah etdiyi kimi Kamrana baş verənləri izah etməyə çalışıb, hər hansı səhv hərəkət etmədiyini demiş, eyni zamanda, Rəsul bildirmişdir ki, onu təhqir edən şəxslər bunu kompyuter arxasında ediblər. Həmin vaxt Kamran Rəsuldan onu söyən şəxslər üzəbüz söysələr, nə edə biləcəyini soruşmuş, Rəsul həmin şəxsi vura biləcəyini demiş, elə həmin vaxt Kamran Rəsulun ünvanına qarşı nalayiq ifadə ilə söyüş söyüb Rəsula “öz hərəkətini göstər” deyə bildirmiş, olduqları yer həddən artıq qaranlıq olmuş, hətta birbirilərinin üzünü belə güclə görmüş, əsasən səslərini eşitmişlər. Rəsul Kamranın ona qarşı işlətdiyi nalayiq ifadədən sonra gödəkçəsini çıxarıb, Kamranın üzərinə getmiş, qəfil Rəsulun yıxılmasını görmüş, lakin qaranlıq olduğundan nə baş verməsini tam başa düşməmiş, üzərində olan mobil telefonunu çıxarıb işığını yandırmış, işıqda baxdıqda Rəsulun köynəyində qan izlərinin olmasını görmüş, dərhal Rəsula yaxınlaşmış, Rəsulun köynəyinin, sağ bud hissəsi üzərindən şalvarının qana bulaşdığını görmüş, həmin vaxt çox həyəcanlı olmuş, Rəsulun Kamran tərəfindən bıçaqla vurulmasını başa düşsə də, nə üçün və hansı səbəbdən bunun baş verdiyini hələ də başa düşməmişdir. Ətrafda yaşayan başqa şəxslərin gəldiyini görüb qaçmışlar. Rəsulun onun tərəfindən vurulduğunu zənn edilməsinə görə qorxub dərhal oradan qaçmış, həmin gün Kamranı görməmiş, ümumiyyətlə, çox qorxduğu üçün nə hüquq mühafizə orqanlarına, nə də ki, hər hansı şəxsə Şahid1 X1 bıçaqla xəsarət yetirməsi barədə bildirməmişdir. Əməlindən peşmandır. Hadisənin yetkinlik yaşına çatanadək törədilməsinin nəzərə alınmasını xahiş etmişdir. Təqsirləndirilən şəxs qeyd edilən əməli törətməkdə təqsiri öz ifadəsi ilə yanaşı aşağıdakılarla da təsdiq olunur. Məhkəmə baxışında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, 29 may 2022-ci il tarixdə təxminən saat 22 radələrində yaşadığı ünvan 4 ünvanında arxa həyətə baxan eyvanda siqaret çəkərkən bağçanın həyətyanı sahəsində 2 nəfər şəxsin mübahisə etməsini eşitmişdir. Belə ki, bağçanın həyətyanı sahəsində 3 nəfər olsa da, onlardan ikisi mübahisə etmiş, digəri isə kənarda dayanmışdır. Mübahisə edən iki nəfər şəxsdən birinin o, birisinə qarşı nalayiq ifadə işlətdiyini görüb yaranmış səs-küydən narahat olmuşdur. Belə ki, bağçanın ətrafı yaşayış binaları ilə əhatə olunduğundan və söyüş eşitdiyinə görə eyvandan “bura mübahisə etmək yeri deyil” deyə səslənmişdir. Həmin yer həddindən artıq qaranlıq olduğu üçün həmin şəxslərin qaraltılarını görmüşdür. Həmin vaxt mübahisə edən uşaqlardan birinin digərini vurmasını və digər uşağın yerə yıxıldığını görüb, yerə yıxılan uşağın “eləmə, bəsdir” sözünü deməsini eşitmişdir. Lakin, uzaqdan baxanda vuran şəxsin əlində bıçaq olmasını görə bilməmişdir. Kənarda dayanan və vuran uşağa nisbətən boyu daha hündür olan digər uşağın isə onlara tərəf gedib vuran şəxsə nə üçün yıxılan uşağı vurması ilə əlaqədar irad bildirməsini eşidib, dərhal mübahisənin və dava-dalaşın qarşısını almaq üçün aşağıya düşmüşdür. Kənarda dayanan uşaq, yerə yıxılan uşağa qarşı heç bir hərəkət etməmişdir. Aşağıya düşüb həmin yerə yaxınlaşmış, bu vaxt tanımadığı 1-2 nəfər də əllərində mobil telefonun fanarı ilə həmin yerı yaxınlaşmışlar. Onları görən kimi hər iki şəxs qaçmışlar. Tanımadığı şəxslərdən biri polisə və təcili tibbi yardıma məlumat verdiyindən, o, artıq heç bir dövlət orqanına məlumat verməmişdir. O, yerdə uzanmış şəxsə yaxınlaşanda üzərində qan görmüşdür. Hadisə yerinə polis əməkdaşları gəlmiş, yerdə uzanmış şəxs heç nə danışa bilməmişdir. Məhkəmə baxışında şahid qismində dindirilmiş Şahid1 bildirmişdir ki, hazırda hadisə barədə yadında heç nə qalmamışdır, istintaqda ifadə vermişdir. Şahid1 istintaqda verdiyi ifadəsində bildirmişdir ki, 29 may 2022-ci il tarixdə axşam saatlarında yaşadığı ünvanın yaxınlığında Məsud ona yaxınlaşaraq adını dəqiq bilmədiyi şəxsin sosial şəbəkədə onu söydüyünü və həmin şəxslə görüşüb aralarında söyüşlə bağlı yaranmış söhbətə aydınlıq gətirmək istədiyini, həmçinin, həmin şəxsin ona söyüş söyməsinə görə qeyd edilən şəxslə görüşüb bıçaqla vurmaq istədiyini bildirmişdir. O, Məsuda bir qədər gözləməsini deyib, yaşadığı ünvanın blokunda 6 və 7-ci mərtəbələr arasında olan su sayğacının plastik qabının içərisində saxladığı açılıb-bağlanan tipli bıçağı gedib həmin yerdən götürərək saxlaması üçün aparıb Məsuda vermiş, sonuncuya gedib öz söhbətinə özünün aydınlıq gətirməsini demişdir. Lakin, Məsud getməmişdən əvvəl onu izləməsini xahiş etmiş, daha sonra Məsud görüş təyin etdikləri yerə, Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospektində yerləşən “McDonalds” restoranının qarşısına getmişdir. O, da Məsudun arxasınca hərəkət etmişdir. Məsud “McDonalds” restoranının qarşısında sonradan adının Rəsul olması ona məlum olan tanımadığı şəxslə görüşmüş, Bakıxanov qəsəbəsi istiqamətində hərəkət etməyə başlamışlar, orada məhlələrə doğru hərəkət edib binaların yanında qoyulmuş skamyaların birində əyləşib söhbət etmişlər. Bu vaxt o, Məsud və Rəsula yaxınlaşaraq onlara “bibimgilin məhləsidir, burada oturmayın” deyə bildirmişdir. Məsud və Rəsul onun sözlərindən sonra skamyadan durub 122 saylı uşaq bağçasının həyətinə getmiş, o da kənardan dayanıb onları müşahidə etmişdir. Məsud və Rəsul bağçanın həyətinə daxil olduqdan sonra Rəsul Məsuda yumruq zərbəsi vurmaq istəmiş, Məsud geriyə çəkilmişdir. Bu vaxt onlara tərəf qaçmış və Rəsuldan nə etdiyini soruşmuş, Rəsul isə ona qarşı nalayiq ifadə işlədərək onlara qarışmamasını ondan tələb etmiş, o, Məsuddan bıçağı yerə atmasını istəmiş, Məsud da bıçağı onun yanına atmış, bundan sonra o, bıçağı yerdən götürərək Rəsulun üzərinə doğru hərəkət edib əlində olan bıçaqla Rəsulun döş nahiyəsindən vurmuş, Rəsulun üstünə gəldiyini və ona təpik atdığını görüb, əlində olan bıçaqla Rəsulun qarın boşluğu nahiyəsindən növbəti dəfə vurmuş, həmin vaxt Rəsulun dayanmadığını və ona yumruq vurmaq istədiyini görüb, Rəsulun ayaqlarının arasına girib sonuncunu qaldırıb yerə çırpmış və bıçaqla Rəsulun bud nahiyəsindən də bir dəfə vurmuşdur. Daha sonra Rəsula heç bir bıçaq zərbəsi vurmamış, həmin yerdən qaçaraq yaxınlıqda yaşayan şəxslərdən bağçanın həyətində bir nəfər şəxsin bıçaqla vurulduğunu və həmin şəxsə köməklik etmək lazım olduğunu bildirmişdir. Şəxsiyyəti ona məlum olmayan bir-iki nəfər şəxs olduqları yerə yaxınlaşaraq Rəsulun tibb müəssisəsinə yerləşdirilməsini təmin etmişlər. Həmin vaxt Məsud artıq qaçmış, o da Rəsula tibbi yardım göstərildiyini görüb oradan uzaqlaşmışdır. Sonradan da polislər tərəfindən saxlanılıb Nizami RPİ-yə aparılmışdır. İşdə olan və məhkəmə baxışında tədqiq edilmiş: - cinayət işinin materiallarından başqa cinayət işinin ayrılması haqqında xx.xx.2022-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işindən Təqsirləndirilən şəxs Şahid1 tərəfindən xüsusilə ağır cinayətin törədilməsini bilərək həmin cinayət barəsində xəbər verməməsi faktı üzrə cinayət işi ayrıca icraata ayrılmış, ayrılmış cinayət işinə ********* nömrə verilmişdir. - Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2023-ci il tarixli, 1(101)-688/23 saylı hökmündən görünür ki, Şahid1 Azərbaycan Respublikası CM-nin 126.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinib, həmin Məcəllənin 66.5, 68.1.1-1 maddələrinə əsasən 10 il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. - Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2023-cü il tarixli, 1(103)-1963/2023 saylı qərarından görünür ki, Şahid1 Azərbaycan Respublikası CM-nin 126.3-cü maddəsi ilə məhkum olunmasına, CM-nin 221.3-cü maddəsi ilə ona bəraət verilməsinə dair Bakı Ağır Cinayətlər Məhkəməsinin 17 avqust 2023-cü il tarixli hökmü verilmiş apellyasiya protestinə və apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. - təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 307.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddədə nəzərdə tutulmuş ittiham elan edilmişdir. - qətimkan tədbirinin seçilməsi barədə xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən verilmiş xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, əməliyyat-sorğu kartotekasında Təqsirləndirilən şəxs məhkumluğu haqqında məlumat yoxdur. - 121 saylı MKİS tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, 2005-ci il təvəllüdlü Təqsirləndirilən şəxs anadan olduğu vaxtdan bu günə qədər Bakı şəhəri, Nizami rayonu, ünvan 1 ünvanında qeydiyyatdadır və yaşayır. Yaşadığı müddət ərzində onun barəsində heç bir şikayət daxil olmamışdır. Göstərilənlərə əsasən məhkəmə belə bir nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətdiyi əməldə cinayət tərkibi vardır, ona ibtidai istintaq zamanı düzgün olaraq Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 307.1-ci maddəsi ilə ittiham irəli sürülmüş və əməli həmin maddə ilə tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsas yoxdur. Beləliklə, məhkəmə iclasında Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 307.1-ci maddəsində nəzərdə tutulmuş cinayəti törətməsi toplanmış və tədqiq edilmiş sübutların məcmusu ilə tamamilə sübuta yetirildi. Məhkəmə iş üzrə toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutlara qiymət verərək hesab edir ki, həmin sübutlar mötəbər və mümkün olmaqla Təqsirləndirilən şəxs tərəfindən Azərbaycan Respublikası CM-nin 307.1-cü maddəsində nəzərdə tutulan cinayət əməlinin törədilməsini tam təsdiq edir. Təqsirləndirilən şəxs cəzadan azad edilməsi və onun barəsində cəzanın təyin edilməməsi üçün əsaslar olmadığı üçün Azərbaycan Respublikası CM-nin 58-ci maddəsinə əsasən ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş hədlərdə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə görə, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin edərkən, Azərbaycan Respublikası CMnin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs törətdiyi əməl böyük ictimai təhlükə törətməyən cinayətlər hesab olunur. Məhkəmə Təqsirləndirilən şəxs ilk dəfə cinayət əməli törətməsini, törətdiyi əməli etiraf etməsini, cinayət əməlini yetkinlik yaşına çatanadək törətməsini, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs cəzasını Azərbaycan Respublikası CM-nin 61.1-ci maddəsində nəzərdə tutulmuş ağırlaşdıran hal müəyyən edilmədi. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 86.1-ci maddəsinə əsasən yetkinlik yaşına çatmayana cəza təyin edərkən məhkəmə bu Məcəllənin 58-ci maddəsində müəyyən edilmiş hallardan başqa, həmçinin həmin şəxsin həyat və tərbiyə şəraitini, psixi inkişaf səviyyəsini, onun şəxsiyyətinin digər xüsusiyyətlərini və kənar şəxslərin ona təsirini nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 86.2-ci maddəsinə əsasən cəza təyin edilərkən yetkinlik yaşına çatmama yüngülləşdirici hal kimi, cəzanı yüngülləşdirən və ağırlaşdıran digər hallarla birlikdə nəzərə alınır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 85.2-ci maddəsinə əsasən yetkinlik yaşına çatmayan məhkuma cərimə altı yüz manatadək miqdarda təyin edilir. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2003-cü il 25 iyun tarixli, 4 nömrəli Qərarının 2-ci bəndində göstərilmişdir ki, Cinayət Məcəlləsinin 59-cu maddəsinə görə cinayətin yetkinlik yaşına çatmayanlar tərəfindən törədilməsi cəzanı yüngülləşdirən hal hesab edildiyindən yetkinlik yaşına çatmayanlara cəza təyin edilərkən məhkəmə ilk növbədə təqsirkara azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza növü təyin edilməsinin mümkünlüyü məsələsini müzakirə etməlidir. Bununla yanaşı məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Azərbaycan Respublikası CPM-nin 346.1.20-ci maddəsində nəzərdə tutulmuş məsələni həll edərək məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 307.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia, maddi sübut və məhkəmə xərci yoxdur. Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən Bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının (AR Nazirlər Kabineti) müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə hesab edir ki, vəkilin məhkəmədə iştirak etdiyi müddət 23 iş saatı müddətinə bərabər olduğundan, hər iş saatı üçün Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2018-ci il tarixli, 202 saylı qərarına əsasən göstərilmiş hüquqi xidmətlərə görə hər iş saatı üçün 6 (altı) manat miqdarında ödənilməsi nəzərə alınmaqla 138 (bir yüz otuz səkkiz) manat (23x6) məbləğində əmək haqqı Bakı şəhəri 6 saylı Vəkil Bürosu vasitəsi ilə Müdafiəçi dövlət büdcəsi vəsaiti hesabına ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 307.1-ci maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinib Azərbaycan Respublikası CM-nin 85.2-ci maddəsinə əsasən barəsində 600 (altı yüz) manat miqdarında cərimə cəzası təyin edilsin. Cəzanın icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Probasiya İdarəsinə tapşırılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs 23 saat göstərdiyi pulsuz hüquqi yardıma görə iş üzrə dəvət olunmuş Müdafiəçi 138 (bir yüz otuz səkkiz) manat əmək haqqı Bakı şəhəri 6 saylı Vəkil Bürosu vasitəsi ilə Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına ödənilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Həmin müddətdə hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Mətanət Hacıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar