Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(007)-139/2021 07.04.2021 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyeva Mətanət İsfəndiyar qızının sədrliyi, məhkəmə iclas katibi Həsənova Vəfa Oruc qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhər məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi - Bakı şəhəri 6 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi oğlunun təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs iştirakı ilə, təqsirləndirilən şəxs xx.xx.1982-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, ali təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan, barəsində başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs xx xxxxxx 2020-ci il tarixdə saat 11:30 radələrində Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsi, Köndələn küçəsi ilə üzü Babək prospekti istiqamətinə doğru “Toyota Prius” markalı, **-UG-*** dövlət nömrə nişanlı avtomobillə hərəkətdə olarkən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin və 69-cu maddəsinin 7-ci hissəsinin 1-ci bəndinin tələblərini pozmaqla diqqətini daim dəyişən yol şəraitindən və avtomobilin idarə olunmasından ayırmamalı, avtomobilin öz hərəkət zolağı ilə dayanıqlı hərəkətini təmin etməli, yol şəraitinə uyğun sürətlə idarə etməli, avtomobili 1.1 üfüqi nişanlanma xəttini kəsərək əks hərəkət zolağına çıxartmamalı və hərəkət üçün təhlükəli şərait yaratmamalı olduğu halda bu tələblərə əməl etməyərək yol hərəkəti qaydalarını pozmaqla yol-nəqliyyat hadisəsinin qarşısını almağa texniki imkanı olduğu halda idarə etdiyi “Toyota Prius” markalı, **-UG-*** dövlət nömrə nişanlı avtomobillə ünvan 2 ünvanında əks hərəkət zolağına çıxaraq həmin zolaqla hərəkətdə olan Zərərçəkmiş şəxs1 idarə etdiyi “Ford Transit” markalı, **-OS-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş və nəticədə ehtiyatsızlıqdan onun idarə etdiyi avtomobildə olan sərnişin Zərərçəkmiş şəxs2 sol kürək sümüyünün qapalı sınığı, sol bazu oynağının hemartrozu, döş qəfəsinin sol yan səthinin qançırları, sol diz oynağının və sol baldırın ön səthinin sıyrıqları, dərəcəsinə görə ümumilikdə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aid edilmiş bədən xəsarətləri yetirilməsinə, “Ford Transit” markalı, **-OS-*** dövlət qeydiyyat nişanlı avtomobilin zədələnməsi nəticəsində isə Zərərçəkmiş şəxs1 3740 manat dəyərində maddi ziyan vurulmasına səbəb olmuşdur. Məhkəmə baxışında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, özünə məxsus olan “Toyota Prius” markalı, **-UG-*** dövlət qeydiyyat nişanlı avtomobillə “2111” (maxim) taksi şirkəti ilə əməkdaşlıq edərək taksi fəaliyyəti ilə məşğul olmuşdur. xx xxxxxx 2020-ci il tarixdə saat 11 radələrində “2111” (maxim) taksidən sifariş əsasında sonradan adının Şahid olduğunu bildiyi şəxsi “Ulduz” metrostansiyasının yanında yerləşən oteldən götürmüş və sonuncunun yanında bir qız da olmuşdur. O, Şahid yanındakı qızı “Qara Qarayev” metrostansiyasının yaxınlığında yerləşən “Sevinc” kinoteatrının qarşısında düşürmüş və Tural ondan qohumunu yolüstü götürüb Keşlə qəsəbəsinə aparmağı xahiş etmişdir. O, Turalın xahişi ilə “Ulduz” metrostansiyasının yaxınlığında yerləşən 17-ci Polis Şöbəsinin qarşısından Turalın qohumu, sonradan adını bildiyi Zərərçəkmiş şəxs2 götürmüşdür. Heydər Əliyev prospektinə çıxaraq körpünün üstündən fırlanaraq Keşlə qəsəbəsinə daxil olmuşdur. Həmin gün, yəni xx xxxxxx 2020-ci il tarixdə saat 12 radələrində idarə etdiyi “Toyota Prius” markalı, **-UG-*** dövlət qeydiyyat nişanlı avtomaşınla ünvan 3 ünvanında yeraltı tunelin altında hərəkətdə olarkən idarə etdiyi avtomaşın sürüşmüş və qarşı tərəfdən üzü stansiya istiqamətinə doğru yolun sol tərəfi ilə hərəkətdə olan “Ford Transit” markalı avtomaşını solundan vurmuşdur. O, həmin vaxt yolun sol zolağı ilə hərəkətdə olmuşdur. Zərərçəkmiş şəxslərlə barışmış və onlara dəymiş maddi ziyanı tam ödəmişdir. Məhkəmədən barəsində olan cinayət işi üzrə icraata xitam verilməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs qeyd edilən əməli törətməkdə təqsiri öz ifadəsi ilə yanaşı aşağıdakılarla da təsdiq olunur. Məhkəmə baxışında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, xx xxxxxx 2020-ci il tarixdə saat 12 radələrində özünə məxsus “Ford Transit” markalı, **-OS-*** dövlət qeydiyyat nişanlı avtomaşınla ünvan 3 ünvanında yeraltı tunelin altında olan zaman solundan, üzü stansiya tərəfdən hərəkətdə olan “Toyota Prius” markalı avtomaşın onu solundan vurmuşdur. O, həmin vaxt saatda 30-40 km sürətlə yolun sağ zolağı ilə hərəkətdə olmuşdur. Həmin avtomobil sürüşərək onun idarə etdiyi avtomobilin hərəkətdə olduğu zolağa anidən daxil olub vurduğu üçün o, heç bir texniki imkanlardan istifadə edə bilməmişdir. “Toyota Prius” markalı, **-UG-*** dövlət qeydiyyat nişanlı avtomaşın onun hərəkət zolağına çıxdığı andan o, hadisədən yayınmaq üçün avtomobili sağa doğru döndərmiş və səkiyə doğru istiqamətləndirmişdir. Dəymiş ziyanın 3200 manat müəyyən edilməsinə dair ekspert rəyi ilə razı deyildir. Baş vermiş hadisə nəticəsində onun avtomaşınına ümumilikdə 3740 manat maddi ziyan dəymişdir. Təqsirləndirilən şəxs ilə barışmışdır, ona dəymiş maddi ziyan tam ödənilmişdir. Təqsirləndirilən şəxs qarşı heç bir şikayəti və tələbi yoxdur. Məhkəmədən cinayət işi üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə baxışında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 oğlu ifadəsində göstərmişdir ki, xx xxxxxx 2020-ci il tarixdə, saat 12 radələrində Nərimanov RPİ-nin 17-ci Polis Şöbəsinin qarşısında dayanmış, bibisi oğlu Şahid ilə əlaqə saxlamış və Tural ona taksi avtomaşını ilə olduğunu deyərək onu da olduğu yerdən götürə biləcəyini demişdir. O da “Ulduz” metrostansiyasının yaxınlığında yerləşən Nərimanov RPİ-nin 17-ci Polis Şöbəsinin qarşısından onu götürməyi xahiş etmişdir. Tural onunla razılaşmış və təxminən 10-15 dəqiqə sonra “Toyota Prius” markalı, **-UG-*** dövlət qeydiyyat nişanlı avtomobil ona yaxınlaşmış, o, həmin avtomaşının sağ arxa oturacağına əyləşmişdir. Sürücü avtomobili idarə etməyə başlamış və onlar Keşlə qəsəbəsində olan tunelə daxil olmuşlar. Həmin vaxt yol sağa doğru dönmüşdür. Döngəyə daxil olduqda sürücü avtomaşını sağa doğru hərəkət etdirməyinə baxmayaraq avtomaşını döngəyə daxil etdirə bilməmiş və avtomaşın sola, yəni qarşı hərəkət hissəsinin zolağına sürüşüb qarşıdan gələn “Ford Transit” markalı avtomaşına dəymişdir. O, zərbənin təsirindən avtomaşının salonunun qabaq hissəsinə doğru düşmüşdür. Avtomobil yararsız hala düşdüyü üçün sürücü onu xəstəxanaya apara bilməmişdir. O, avtomaşından düşüb tanımadığı taksi avtomobili ilə DİN-nin hospitalına getmişdir. Hadisə zamanı avtomaşında əyləşən bibisi oğlu Şahid heç bir xəsarət almamışdır. Təqsirləndirilən şəxs ilə barışmışdır, ona dəymiş maddi ziyan tam ödənilmişdir. Təqsirləndirilən şəxs qarşı heç bir şikayəti və tələbi yoxdur, gələcəkdə də olmayacaqdır. Məhkəmədən cinayət işi üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə baxışında şahid qismində dindirilmiş Şahid zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs2 oğlu ilə oxşar məzmunda ifadə vermişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: - cinayət işinin başlanması və icraata qəbul edilməsi barədə xx.xx.2021-ci il tarixli qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası CM-nin 263.1-ci maddəsi ilə cinayət işi başlanılmışdır. - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi tərəfindən verilmiş “Nəqliyyat vasitəsini idarə edən şəxsin sərxoşluq vəziyyətinin müəyyən edilməsi Qaydaları”na əlavə Sərxoşluq vəziyyətinin tibbi müayinəsinə dair 2/21406 saylı, xx.xx.2020-ci il tarixli Aktdan görünür ki, xx.xx.2020-ci il tarixdə saat 19:37 radələrində müayinə olunan Təqsirləndirilən şəxs ayıq olduğu müəyyən olunmuşdur. - Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X1 canlı şəxsin ekspertizasına dair xx.xx.2020-ci il tarixli, 1009 saylı rəyin nəticə hissəsindən görünür ki, Zərərçəkmiş şəxs2 oğlunda sol kürək sümüyünün qapalı sınığı, sol bazu oynağının hemartrozu, döş qəfəsinin sol yan səthinin qançırları , sol diz oynağının və sol baldırın ön səthinin sıyrıqları olmuşdur. Qeyd edilən xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən müddətdə, yəni xx.xx.2020-ci il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi zamanı yarana bilər,dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aid edilir. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasının xx.xx.2021-ci il tarixli, 8/129 saylı rəyinin nəticə hissəsindən görünür ki, istintaq tərəfindən təqdim olunan məlumatlara əsasən “Toyota Prius” markalı, **-UG-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin və 69-cu maddəsinin 7-ci hissəsinin 1-ci bəndinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddələrin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Hərəkət üçün təhlükə yaranan anda “Ford Transit” markalı, 1O-OS-184 dövlət qeydiyyat nişanlı avtomobilin toqquşma verindən 17,3-26,2 metrdən kiçik məsafədə olmasının istintaq tərəfindən müəyyən edilməsi şəraitində, sürücü Zərərçəkmiş şəxs1 hadisənin qarşısını almağa texniki imkanı olmamış və onun hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğunsuzluq olmamışdır. Hərəkət üçün təhlükə yaranan anda “Ford Transit” markalı, **-OS-*** dövlət qeydiyyat nişanlı avtomobilin toqquşma yerindən 17,3-26,2 metrdən böyük məsafədə olmasının istintaq tərəfindən müəyyən edilməsi şəraitində sürücü Zərərçəkmiş şəxs1 hadisənin qarşısını almağa texniki imkanı olmuş və onun hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuşdur. - zərərçəkmiş şəxs qismində tanınma haqqında xx.xx.2021-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs1 zərərçəkmiş şəxs qismində tanınmışdır. - zərərçəkmiş şəxs qismində tanınma haqqında xx.xx.2021-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs2 zərərçəkmiş şəxs qismində tanınmışdır. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizasının xx.xx.2021-ci il tarixli, 9/727 saylı rəyinin nəticə hissəsindən görünür ki, nəzəri hesablama yolu ilə təqdim edilmiş “Avtoservis Qamışlıq" tərəfindən tərtib edilmiş xx.xx.2021-ci il tarixli ziyan aktından göründüyü kimi 1999-cu il buraxılışlı “Ford Transit” markalı, **-OS-*** dövlət qeydiyyat nişanlı avtomobilin dəyişilməli hissələrin qiyməti-1750.00 manat, təmir-bərpa işlərinin qiyməti - 1450.00 manat olmaqla təmir-bərpa xərci təxminən 3200.00 manat müəyyən edilir. - təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında xx.xx.2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmişdir. - qətimkan tədbirinin seçilməsi barədə xx.xx.2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. - Azərbaycan Respublikası DİN-nin BDYPİ tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli, 016-19089-1221 nömrəli məktubdan görünür ki, DİN-nin BDYPİ-nin Qeydiyyat-İmtahan İdarəsinin kompüter uçot bazasının məlumatlarına əsasən xx.xx.1982-ci il təvəllüdlü Təqsirləndirilən şəxs xx.xx.2019-cu il tarixdə (xx.xx.2029-cu il tarixədək müddətə etibarlı olan) AC 748604 nömrəli, “BC” kateqoriyalı sürücülük vəsiqəsi verilmiş və onun sürücülük hüququnun məhdudlaşdırılması ilə bağlı hər-hansı məlumat qeydə alınmamışdır. - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən verilmiş xx.xx.2021-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinin icraatına xx.xx.2015-ci il tarixdə Azərbaycan Respublikası CPM-nin 40.2.2-ci maddəsinə əsasən xitam verilmişdir. Məhkəmə iş üzrə toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutlara qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməldə cinayət tərkibi vardır, ona ibtidai istintaq zamanı düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə ittiham irəli sürülmüş və əməli həmin maddə ilə tövsif edilmişdir. Məhkəmə cinayət işinin materiallarını tədqiq edərək, proses iştirakçılarını dinləyərək hesab edir ki, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad olunmalı və cinayət işi üzrə icraata aşağıdakı əsaslara görə xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263-cü maddəsinin Qeyd hissəsinin 2-ci bəndinə əsasən bu Məcəllənin 263.1 və ya 263.1-1-ci maddələrində nəzərdə tutulmuş cinayəti törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Bu halda şəxsin əməllərində inzibati xəta tərkibinin əlamətləri olduqda o, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş qaydada məsuliyyətə cəlb edilir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslərlə barışmış, onlara vurulmuş zərəri tamamilə ödəmişdir. Azərbaycan Respublikası CPM-nin 43.1.2-ci maddəsinə görə bu Məcəllənin 39.1.4, 39.1.6-39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərar çıxarır. Həmin Məcəllənin 39.1 və 39.1.11-ci maddələrinə əsasən cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263-cü maddəsinin Qeyd hissəsinin 2-ci bəndinə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsində nəzərdə tutulmuş cinayəti törətmiş şəxsin zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilməsi ilə yanaşı, onun əməlinin inzibati məsuliyyətə səbəb olub-olmaması məsələsi araşdırılmalıdır. İşə baxılan zaman Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş hər hansı bir inzibati xəta tərkibinin əlaməti müəyyən olunmamışdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 156.4-cü maddəsinə əsasən cinayət işi üzrə icraata xitam verildiyi hallarda, şübhəli və ya təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbirləri xitam olunur. Azərbaycan Respublikası CPM-nin 346.1.20-346.1.21-ci maddələrində nəzərdə tutulmuş məsələləri həll edərək məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri xitam olunmalı; Azərbaycan Respublikası CPM-nin 198.1-ci maddəsinə əsasən məhkəmə məsrəfi olan 150 (bir yüz əlli) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub dövlət xəzinədarlığı agentliyi, kod 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN **********, hesab AZ34CTRE******************** hesabına ödənilməlidir. İş üzrə mülki iddia, maddi sübut yoxdur. Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə hesab edir ki, vəkilin ibtidai istintaqda iştirak etdiyi müddət 30 iş saatı və məhkəmədə iştirak etdiyi müddət 16 iş saatı, cəmi 46 iş saatı müddətinə bərabər olduğundan, hər iş saatı üçün Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2018-ci il tarixli, 202 saylı qərarına əsasən göstərilmiş hüquqi xidmətlərə görə hər iş saatı üçün 6 (altı) manat miqdarında ödənilməsi nəzərə alınmaqla 276 (iki yüz yetmiş altı) manat (46x6) məbləğində əmək haqqı Bakı şəhəri 6 saylı Vəkil Bürosu vasitəsi ilə Müdafiəçi oğluna dövlət büdcəsi hesabına ödənilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 43.3, 321, 344-347, 356, 358, 384-cü maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə cinayət məsuliyyətindən azad edilsin və barəsində olan cinayət işinin icraatına xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri xitam olunsun. İş üzrə məhkəmə məsrəfi olan 150 (bir yüz əlli) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub dövlət xəzinədarlığı agentliyi, kod 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN **********, hesab AZ34CTRE******************** hesabına keçirilsin. Təqsirləndirilən şəxs 46 saat göstərdiyi pulsuz hüquqi yardıma görə iş üzrə dəvət olunmuş müdafiəçi Bakı şəhəri 6 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi oğluna 276 (iki yüz yetmiş altı) manat əmək haqqı Bakı şəhəri 6 saylı Vəkil Bürosu vasitəsi ilə Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına ödənilsin. Qərar elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Sədrlik edən Mətanət Hacıyeva
Məhkəmə qərarları › İş №1(007)-139/2021
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №1(007)-139/2021
07.04.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver