Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(007)-14/2021 03.03.2021 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Mehdiyev Nəriman Hüseynqulu oğlunun sədrliyi, məhkəmə iclasının katibi Rüstəmova Sürəyya Nazim qızının katibliyi, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhər məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxslər-Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2, təqsirləndirilən şəxs-Təqsirləndirilən şəxs, onun müdafiəçisi-Bakı şəhəri 6 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, təqsirləndirilən şəxs xx xxxxxxx 1983-cü il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, Bakı Ağır Cinayətlər Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə təqsirli bilinib, 08 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası CM-nin 76.6.3-cü maddəsinə əsasən X2 İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin xx xxxxxx 2010-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.4.3 və 228.2.2-ci maddələri ilə qəti olaraq təyin edilmiş əmlakı müsadirə olunmamaqla 10 il müddətinə azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş 01 il 27 gün hissəsindən Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli qərarı ilə vaxtından əvvəl şərti azad edilmə ləğv edilmiş, həmin cəza Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə əsasən 12 fevraı 2020-ci il tarixli hökmlə təyin edilmiş cəza ilə qismən birləşdirilməklə, qəti olaraq 08 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, ünvan 1 qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı istintaq təcridxanasında saxlanılan - Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.1 və 326.2-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs özgənin əmlakını gizli olaraq talayaraq oğurlamış, o cümlədən vətəndaşın şəxsiyyət vəsiqəsini talamışdır. Belə ki, o, xx xxxx 2019-cu il tarixdə saat 24 radələrində Zərərçəkmiş şəxs1 kirayədə yaşadığı Bakı şəhəri, Nizami rayonu, Naxçıvanski küçəsi 40 nömrəli evin 51-ci mənzilinə gəlib, orada sonuncunun razılığı ilə gecələdikdən sonra növbəti gün, xx xxxx 2019-cu il tarixdə saat 08 radələrində mənzilin yataq otağında, stulun üzərində olan Zərərçəkmiş şəxs1 məxsus, içərisində 650 manat pul və həmin dövrün rəsmi məzənnəsi ilə 1,70 manat olan 1 ABŞ dolları əskinazından ibarət nağd pul vəsaitini, 1 manat yüklü 2 manat dəyərində metro kartını, Zərərçəkmiş şəxs1 adına AZE seriyalı 15921701 nömrəli şəxsiyyət vəsiqəsi olan 5 manat dəyərində pul qabını və həmin mənzildə yaşayan Zərərçəkmiş şəxs2 məxsus mobil nömrə kartı ilə birlikdə 400 manat dəyərində “iPhone 6S” markalı mobil telefonu, ümumilikdə isə 1059,70 manat dəyərində əmlakı gizli olaraq talayıb Zərərçəkmiş şəxs1 659,70 manat, Zərərçəkmiş şəxs2 isə 400 manat ziyan vurmaqla oğurluq etmiş, mühüm şəxsi sənəd olan şəxsiyyət vəsiqəsini talamışdır. Bu hərəkətləri ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.1 və 326.2-ci maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş Azərbaycan Respublikası CM-nin 177.1 və 326.2-ci maddələri ilə nəzərdə tutulan ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, xx xxxx 2019-cu il tarixdə azadlıqdan məhrum etmə cəzasının qalan hissəsindən şərti olaraq azad edilmiş, işləmədiyi üçün maddi cəhətdən korluq çəkmişdir. Nizami rayonu ərazisində taksi fəaliyyəti ilə məşğul olan Şəhriyar adlı şəxslə tanış olmuşdur. xx xxxx 2019-cu il tarixdə saat 23 radələrində pulu və gecələməyə yeri olmadığı üçün “Neftçilər” metrosunun yanında Şəhriyarla rastlaşdıqda ona gecələməyə yer tapmasını xahiş etmişdir. Şəhriyar özünün qardaşının ailəsi ilə birlikdə yaşadığını, evində yer olmadığını deyib telefonla Fərid adlı tanışına zəng etmiş və onunla danışandan sonra öz taksi avtomaşını ilə onu Fərid və Elmar adlı şəxslərin Nizami rayonu ərazisində yaşadıqları mənzilə aparmışdır. O, həmin gecəni orada qonaq otağında, Fərid və Elmar isə digər otaqda yatmışlar. Səhər saat 07 radələrində yuxudan oyanmış, saat 08 radələrində evdən çıxıb getmək istəmişdir. Fərid və Elmarın yatdıqları otağa baxıb onların oyanmadıqlarını, stulun üzərində isə pul kisəsi və mobil telefon olduğunu görüb ora yaxınlaşmış, pul kisəsi ilə mobil telefonu götürüb otaqdan çıxaraq, qapını bağlamadan mənzildən getmişdir. Yolda pul kisəsinə baxdıqda içində 100 və 50 manatlıq əskinaslardan ibarət cəmi 650 manat, 1 ABŞ dolları pul görüb pulları götürmüş, pul qabını içindəki şəxsiyyət vəsiqəsini kartla birlikdə metro yaxınlığında zibilliyə tullamışdır. Sonra “iPphone 6S” markalı mobil telefonu “20 Yanvar” metrosunun yaxınlığında, yadında qalmayan yerdə 20 manata satmış, pulları ehtiyaclarına xərcləmişdir. Qalan 5 manat və 1 ABŞ dollarını isə tutularkən polisdə təqdim etmişdir. Təqsirləndirilən şəxs ifadəsinin sonunda göstərmişdir ki, əməlindən səmimi peşmandır, maddi imkanı olmadığına görə zərərləri ödəyə bilməmişdir. Barəsində yüngül cəza təyin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, o, tanışı Zərərçəkmiş şəxs2 ilə birlikdə Bakı şəhəri, Nizami rayonu, Naxçıvanskı küçəsi ev 40, mənzil 51-də kirayədə yaşamışdır. xx xxxx 2019-cu il tarixdə saat 23 radələrində tanışı Şəhriyar ona zəng edib özü ailəli qardaşı ilə birlikdə yaşadığını deyib, gecələməyə yer verməyə imkanı olmadığı üçün Ceyhun adlı tanışına yaşadığı evdə gecələməyə yer verməsini xahiş etmişdir. O, Şəhriyarın xahişinə razılıq vermiş, az sonra saat 24 radələrində Şəhriyar Ceyhun adlı tanışını gecələmək üçün onun yaşadığı mənzilə gətirmiş, bundan sonra oradan getmişdir. O, Ceyhuna qonaq otağında yatmağa şərait yaratdıqdan sonra Elmarla yataq otağında yatmışdır. xx xxxx 2019-cu il tarixdə səhər saat 09 radələrində yuxudan oyandıqdan sonra mənzilin giriş qapısının açıq olduğunu, Ceyhunun isə mənzildə olmadığını görmüşdür. Diqqət yetirdikdən sonra yatdığı otaqda stulun üzərində içərisində 100 və 50 manatlıq əskinaslardan ibarət 650 manat, 1 ABŞ dolları pulu, metro kartı, şəxsiyyət vəsiqəsi olan pul qabının oğurlandığını bilmişdir. Elmar isə eyni stulun üzərində olan özünə məxsus “iPhone 6S” markalı mobil telefonunun oğurlandığını demişdir. Onlar bu barədə polisə müraciət etmişlər. Araşdırma zamanı oğurluğun Şəhriyarın xahişi ilə evdə gecələməyə yer verdiyi Təqsirləndirilən şəxs tərəfindən edildiyi təsdiq olunmuşdur. Ceyhunun təqdim etdiyi, oğurluq zamanı onun pulqabında olmuş 1 ədəd 5 manatlıq, 1 ədəd 1 ABŞ dolları pul əskinaslarını tanımışdır. Zərərçəkmiş şəxs1 daha sonra ifadəsində göstərmişdir ki, ona vurulmuş maddi ziyan indiyədək ödənilməmişdir, Təqsirləndirilən şəxs qanuna uyğun cəza təyin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, o, tanışı Zərərçəkmiş şəxs1 ilə birlikdə ünvan 2 ünvanında kirayə yaşamışdır. xx xxxx 2019-cu il tarixdə saat 23 radələrində Fəridin tanışı Şəhriyar Fəridə zəng edib özü qardaşı ilə birlikdə yaşadığını, buna görə Ceyhun adlı tanışına yaşadığı evdə gecələməyə yeri olmadığını demiş, Ceyhuna öz yaşadığı evdə yer verməsini xahiş etmişdir. Fərid razılıq verdikdən sonra saat 24 radələrində Şəhriyan Ceyhunu onların yaşadıqları mənzilə gətirmiş, bundan sonra oradan getmişdir. Fəridlə birlikdə Ceyhuna qonaq otağında döşəmədə yer düzəldərək orada yatmasına şərait yaratmış, özləri isə yataq otağında yatmışlar. xx xxxx 2019-cu il tarixdə səhər saat 09 radələrində yuxudan oyananda Fərid yatdıqları otaqda stulun üzərinə qoyduğu pul kisəsinin olmadığını deyib, onun pul kisəsini görübgörməmədiyini soruşmuşdur. O, bu barədə məlumatı olmadığını demiş, həmin vaxt isə özünə məxsus “iPhone 6S” markalı mobil telefonunun da oradakı stulun üzərində qoyduğu yerdə olmadığını görmüşdür. Ceyhunun onlara deməmiş mənzili tərk edərək getməsini gördükdən sonra əşyaların onun tərəfindən oğurlandığını başa düşmüş və bu barədə polisə məlumat vermişlər. Polisdə araşdırma zamanı oğurluğun Şəhriyarın xahişi ilə Fəridin evdə gecələməyə yer verdiyi Təqsirləndirilən şəxs tərəfindən edildiyi təsdiq olunmuşdur. Zərərçəkmiş şəxs2 daha sonra ifadəsində göstərmişdir ki, ona vurulmuş maddi ziyan indiyədək ödənilməmişdir, Təqsirləndirilən şəxs qanuna uyğun cəza təyin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid ifadəsində göstərmişdir ki, şəxsi avtomaşını ilə taksi fəaliyyəti ilə məşğul olur. xx xxxx 2019-cu il tarixdə tanışı Ceyhun, yəni Təqsirləndirilən şəxs onun daim dayanıb sifariş gözlədiyi Bakı şəhəri, Nizami rayonu, “Neftçilər” metrostansiyasının yaxınlığına gəlib, onunla görüşmüş, söhbət zamanı qalmağa yeri olmadığını demiş, bir gecəlik qalmağa yer tapmasını xahiş etmişdir. O, qardaşı və ailəsi ilə birlikdə yaşadığı üçün onu öz qaldığı mənzilə apara bilməmiş, ona görə tanışı Fəridə zəng edib Ceyhuna bir gecəlik gecələməyə yer verməsini xahiş etmişdir. Fərid razılıq verdikdən sonra Ceyhunu öz taksi avtomaşını ilə Fərid və tanışı Elmarın yaşadığı Nizami rayonu, Naxçıvanski küçəsindəki 40 nömrəli evin 51 nömrəli mənzilinə aparmış, sonra oradan getmişdir. xx xxxx 2019-cu il tarixdə saat 10 radələrində Fərid ona zəng edərək Ceyhunun onun içərisində sənəd və pulları olan pul kisəsini, onunla yaşayan Elmarın isə mobil telefonunu oğurlayaraq mənzili tərk etdiyini bildirmişdir. İşdə olan və məhkəmə baxışında tədqiq edilmiş aşağıda istinad edilən sənədlər və digər sübutlar Azərbaycan Respublikası CPM-nin 124-cü maddəsinin tələblərinə müvafiq olaraq sübut kimi qəbul edilmişdir: -Cinayət işinin başlanması haqqında xx xxxxxxxx 2019-cu il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 177.2-ci maddəsi ilə cinayət işi başlanmışdır. (i.v. 1) -Baxış keçirilməsi haqqında xx xxxx 2019-cu il tarixli protokoldan və fotocədvəldən görünür ki, Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 iştirakları ilə hadisənin baş verdiyi Bakı şəhəri, Nizami rayonu, Naxçıvanski küçəsindəki 40 nömrəli evin 51 nömrəli mənzilinə baxış keçirilmişdir, həmin şəxslər hadisə yerini göstərərək baş vermiş hadisəyə dair müvafiq məlumatları bildirmişlər. (i.v. 8-9) -Baxış keçirmə və götürmə haqqında xx xxxx 2019-cu il tarixli protokoldan görünür ki, araşdırma müddətində təhqiqata təqdim edilmiş Təqsirləndirilən şəxs oğurlamış olduğu 650 manat puldan qalan 1 ədəd 5 manatlıq pulu və oğurladığı pul qabında olan 1 ABŞ dolları könüllü olaraq təhqiqata təqdim etmişdir. (i.v. 24) -“xxxx” Telekom MMC-nin xx xxxx 2019-cu il tarixli arayışından görünür ki, 4 ay əvvəl 500 AZN pula alınmış “Ayfon 6S” markalı mobil cihazın hazırkı bazar qiyməti təxminən 400 AZN-dir. (i.v. 38) -Əşyanın tanınması haqqında xx xxxx 2019-cu il tarixli protokoldan və fotocədvəldən görünür ki, Zərərçəkmiş şəxs1 ona təqdim olunmuş 1 ədəd 5 manatlıq əskinasın ona məxsus olub-olmadığını dəqiq bilmədiyini, ancaq 1 ədəd ABŞ dolları əskinasın sağ yan küncündəki qara ləkələrinə görə ona məxsus oğurlanmış pul əskinası olduğunu bildirmişdir. (i.v. 40-42) -İfadənin yerində yoxlanılması haqqında xx xxxxxx 2019-cu il tarixli protokoldan və fotocədvəldən görünür ki, Təqsirləndirilən şəxs hadisə yerini əyani olaraq göstərib, ifadəsində göstərilən xüsusatları təkrar etmişdir. (i.v. 131-134) -Sübutların qiymətləndirilməsi haqqında xx xxxx 2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsindən həmin Məcəllənin 177.1 və 326.2-ci maddələrinə tövsif edilmiş, onun əməlində Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-cü maddələrinin tərkibi olmadığı üçün həmin maddələrlə barəsində cinayət təqibinə xitam verilmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin xx xxxx 2020-ci il tarixli hökmü ilə 08 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmaqla istintaq təcridxanasında həbsdə saxlanıldığından barəsində qətimkan tədbirinin seçilməsinə zərurət olmadığı nəzərə alınmış, Təqsirləndirilən şəxs gizli taladığı puldan qalan 5 manat və 1 ABŞ dolları maddi sübut kimi tanınmış və saxlanılması üçün sahibinə qaytarılması qərara alınmışdır. (i.v. 148-151) Məhkəmə hökmü haqqında Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 4 saylı, xx xxxxxx 1996-cı il tarixli qərarına əsasən məhkəmə hökmü səlis, aydın, anlaşılan şəkildə yazılmalı, iş üzrə müəyyən olunmuş hallar, sübutlar və məhkəmənin nəticələri hökmdə ciddi məntiqi ardıcıllıqla şərh edilməlidir. Azərbaycan Respublikası CPM-nin 349.5.1-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Məhkəmə, dövlət ittihamçısını, təqsirləndirilən şəxsi, onun müdafiəçisini, zərərçəkmiş şəxsləri və şahidi dinləyib, iş materiallarını hərtərəfli və obyektiv tədqiq edərək, istinad olunan hüquq normalarına əsaslanaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.1 və 326.2-ci maddələrində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirliliyi özünün etirafedici ifadəsi ilə yanaşı, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan, iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxslərin və şahidin ifadələri və iş üzrə toplanmış digər materiallarla sübuta yetirilmişdir. İstintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməlləri Azərbaycan Respublikası CM-nin 177.1 və 326.2-ci maddələri ilə düzgün tövsif edilmişdir, onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar, habelə, əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Odur ki, Azərbaycan Respublikası CPM-nin 44.2.4-cü maddəsinə müvafiq olaraq, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməkdə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarılmalı və ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin 177.1 və 326.2-ci maddələrinin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsinə əsasən oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama - üç yüz altmış saatdan dörd yüz səksən saatadək ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Həmin Məcəllənin 326.2-ci maddəsinə əsasən dənizçinin şəxsiyyət sənədini, vətəndaşın şəxsiyyət vəsiqəsini, pasportunu və ya digər mühüm şəxsi sənədini talama min manatdan min beş yüz manatadək miqdarda cərimə və ya bir ilədək müddətə islah işləri və ya eyni müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən aşağıdakıları nəzərə alır, eləcə də cinayət qanununun müvafiq prinsip və müddəalarını rəhbər tutur: -Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və X1 tərəfindən verilmiş xx xxxx 2019-cu il tarixli tələbnamədən, qərarın və hökmün surətlərindən görünür ki, Təqsirləndirilən şəxs Bakı Ağır Cinayətlər Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə təqsirli bilinib, 08 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası CM-nin 76.6.3-cü maddəsinə əsasən X2 İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin xx xxxxxx 2010-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.4.3 və 228.2.2-ci maddələri ilə qəti olaraq təyin edilmiş əmlakı müsadirə olunmamaqla 10 il müddətinə azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş 01 il 27 gün hissəsindən Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli qərarı ilə vaxtından əvvəl şərti azad edilmə ləğv edilmiş, həmin cəza Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə əsasən xx xxxxxx 2020-ci il tarixli hökmlə təyin edilmiş cəza ilə qismən birləşdirilməklə, qəti olaraq 08 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi qərara alınmış, cəzaçəkmə müddətinin əvvəli xx xxxx 2019-cu il tarixdən hesablanmış, Azərbaycan Respublikası CM-nin 93-1.1-ci maddəsinə əsasən barəsində narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli tədbirlər təyin edilmişdir. Həmin hökmə əsasən Təqsirləndirilən şəxs xx xxxx 2019-cu il tarixdə istintaqa məlum olmayan mənbədən satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda, təmiz çəkisi 8505 qram (8 kq 505 qram) olan bitki mənşəli kütləni, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananı əldə edib saxlayaraq daşımışdır. (i.v. 48-50, 116-118, 140- 144) Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. Cinayət işinin materialları, verilmiş ittihamla müəyyən edilir ki, Təqsirləndirilən şəxs əvvəllər xx xxxx 2019-cu il tarixdə törətdiyi cinayət əməlinə görə Bakı Ağır Cinayətlər Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli hökmü ilə təqsirli bilinərək azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir, lakin həmin cinayət işi üzrə ibtidai istintaq zamanı onun xx xxxx 2019-cu il tarixdə törətdiyi hazırkı cinayət əməli barədə məlum olmamış, CM-nin 177.1-ci maddəsi ilə cinayət işi xx xxxxxxxx 2019-cu il tarixdə başlanmışdır, o, xx xxxxxx 2020-ci il tarixli hökmlə yalnız xx xxxx 2019-cu il tarixdə törətdiyi cinayət əməlinə görə məhkum olunmuşdur. Belə olan halda, məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin CMnin 177.1 və 326.2-ci maddələri ilə törətdiyi həmin cinayət əməllərinə görə ona Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinin tələbinə əsasən cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 18.4.1-ci maddəsinin tələbinə müvafiq olaraq residivin müəyyən olunması zamanı böyük ictimai təhlükə törətməyən cinayətlər nəzərə alınmır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.1 və 326.2-ci maddələri ilə törətdiyi cinayət əməlləri böyük ictimai təhlükə törətməyən cinayətlər olduğundan Bakı Ağır Cinayətlər Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli hökmü ilə ləğv edilmiş, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli qərarı ilə təyin olunmuş və çəkilməmiş şərti cəzasına münasibətdə residiv kimi nəzərə alınmır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2003-cü il tarixli, 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Cinayət Qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndinə əsasən şəxsin təqsirli bilindiyi maddənin sanksiyası azadlıqdan məhrum etmə ilə yanaşı yüngül cəza növləri də nəzərdə tutursa, hökm çıxarılarkən, azadlıqdan məhrum etmə cəzası təyin edildikdə, bu qərar hökmdə əsaslandırılmalıdır. Cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Azərbaycan Respublikası CM-nin 15.2-ci maddəsinə əsasən qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə bu Məcəllə ilə azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza nəzərdə tutulmuş əməllər, yaxud qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə bu Məcəllə ilə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi iki ildən artıq olmayan əməllər böyük ictimai təhlükə törətməyən cinayətlər hesab olunur. Həmin Məcəllənin 25.1-ci maddəsinə əsasən birbaşa və ya dolayı qəsdlə törədilmiş əməl (hərəkət və ya hərəkətsizlik) qəsdən törədilmiş cinayət sayılır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.1 və 326.2-ci maddələri ilə törətdiyi əməllər, həmin Məcəllənin 15.2-ci maddəsinə əsasən böyük ictimai təhlükə törətməyən cinayət, 25.1-ci maddəsinə əsasən isə qəsdən törədilmiş cinayət hesab olunur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə əsasən, cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CMnin 59-cu maddəsində nəzərdə tutulan cəzanı yüngülləşdirən hallar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs əməlini etiraf edərək səmimi peşmançılıq çəkməsini Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CMnin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs barəsində təyin ediləcək cəzanın həddini və növünü müəyyən edərkən cəza təyinetmənin ümumi prinsiplərini rəhbər tutmaqla onun qəsdən böyük ictimai təhlükə törətməyən cinayət törətməsini, işin faktiki hallarını nəzərə alaraq, hesab edir ki, təqsirləndirilən şəxsin islah olunması üçün törətdiyi cinayətə görə barəsində azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, təyin ediləcək həmin cəzaları CM-nin 66.2-ci maddəsinə əsasən qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs üzərində qəti müddətə azadlıqdan məhrum etmə cəzasının müəyyən edilməsi məqsədəmüvafiqdir. Məhkəmənin qənaətinə görə, tətbiq edilməsi nəzərdə tutulan cəza cinayət törətmiş şəxsin fərdi xüsusiyyətlərinə, törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsinə və xarakterinə mütənasibdir və hazırkı halda həmin cəza, cəzanın məqsədini təmin edir. Bununla yanaşı məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən Bakı Ağır Cinayətlər Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli hökmü ilə təyin edilmiş 08 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzası hazırkı hökmlə təyin ediləcək həddə azadlıqdan məhrum etmə cəzası ilə qismən toplanılmaqla Təqsirləndirilən şəxs üzərində qəti müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmalıdır. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 346-cı maddəsinin tələbləri baxımından qeyd edir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli hökmünə uyğun olaraq, Təqsirləndirilən şəxs ona təyin olunacaq qəti cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkmə müddətinin başlanğıcı həmin iş üzrə tutulduğu xx xxxx 2019-cu il tarixdən hesablanmalı, ibtidai istintaq zamanı barəsində digər qətimkan tədbirinin seçilmədiyi, hökmlə təyin olunmuş azadlıqdan məhrum etmə cəzasını çəkməkdə olması, habelə, onun barəsində narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbirlər təyin edilməsi, ərazi narkoloji dispanserində qeydiyyata alınmalı olması nəzərə alınmalıdır. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 346-cı maddəsində nəzərdə tutulan, məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında müzakirə edilməli olan digər məsələlərlə bağlı qeyd edir ki, cinayət işi üzrə mülki iddia yoxdur, zərərçəkmiş şəxslərə vurulmuş maddi ziyan ödənilməsə də, onlar tərəfindən mülki iddia verilməmişdir; cinayət nəticəsində vurulmuş maddi zərərin və ya mümkün ola biləcək xüsusi müsadirənin təmin edilməsi məqsədi ilə əmlak üzərinə həbs qoyulmamışdır; maddi sübut qismində tanınmış 1 ədəd 5 manat və 1 ədəd ABŞ dolları məbləğində pul əskinaslarının Zərərçəkmiş şəxs1 qaytarılması nəzərə alınmalıdır; məhkəmə məsrəfi olan pulun tutulmasına əsas olacaq ekspertiza keçirilməmişdir. Azərbaycan Respublikası CM-nin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.1 və 326.2-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2, 193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının (AR Nazirlər Kabineti) müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə hesab edir ki, vəkilin ibtidai istintaqda və məhkəmədə, iş materialları ilə tanış olmaqla birlikdə, təqsirləndirilən şəxsə göstərdiyi hüquqi yardıma görə iştirak etdiyi müddət 80 iş saatı müddətinə bərabər tutulduğundan, (Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2018-ci il tarixli 202 saylı qərarına əsasən) göstərilmiş hüquqi xidmətlərə görə hər iş saatı üçün 6 manat miqdarında ödənilməsi nəzərə alınmaqla hüquqi yardıma görə iş üzrə dəvət olunmuş müdafiəçiyə müvafiq hesablaşma hesabı üzərindən 6 saylı Vəkil Bürosu vasitəsi ilə 480 manat əmək haqqı Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, 01 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzasına, Azərbaycan Respublikası CM-nin 326.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 66.2-ci maddəsinə əsasən təyin edilmiş həmin cəzaları tamamilə toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 01 (bir) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən Bakı Ağır Cinayətlər Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli hökmü ilə təyin edilmiş 08 (səkkiz) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası hazırkı hökmlə təyin edilmiş 01 (bir) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası ilə qismən toplanılmaqla Təqsirləndirilən şəxs üzərində qəti olaraq 09 (doqquz) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs ona təyin olunmuş cəzanı ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin başlanğıcı xx xxxx 2019-cu il tarixdən hesablansın. Təqsirləndirilən şəxs Bakı Ağır Cinayətlər Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli hökmü ilə təyin olunmuş azadlıqdan məhrum etmə cəzasını çəkməkdə olması, barəsində narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbirlərin təyin edilməsi, ərazi narkoloji dispanserində qeydiyyata alınmalı olması nəzərə alınsın. Maddi sübut qismində tanınmış 1 ədəd 5 manat və 1 ədəd ABŞ dolları məbləğində pul əskinaslarının Zərərçəkmiş şəxs1 qaytarılması nəzərə alınsın. Təqsirləndirilən şəxs ibtidai istintaqda və məhkəmədə, iş materialları ilə tanış olmaqla birlikdə, 80 saat göstərdiyi pulsuz hüquqi yardıma görə dəvət olunmuş Müdafiəçi “xxxx” ASC-nin “Qara Qarayev” filialı, kod 200145, VÖEN **********, m/h- AZ37NABZ********************, S.Wİ.F.T.BİK AİİBAZ2X, hesab - AZ33AİİB********************, VÖEN - ********** hesablaşma hesabı üzərindən Bakı şəhəri 6 saylı Vəkil Bürosu vasitəsi ilə 480 manat əmək haqqı Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Hökmdən elan olunduğu (həbsdə olan məhkuma hökmün surəti verildiyi) andan 20 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Həmin müddətdə hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə hökm müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Nəriman Mehdiyev
Məhkəmə qərarları › İş №1(007)-14/2021
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Hökm — İş №1(007)-14/2021
03.03.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver