Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(007)-14/2022 25.02.2022 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Mehdiyev Nəriman Hüseynqulu oğlunun sədrliyi, məhkəmə iclasının katibi Rüstəmova Sürəyya Nazim qızının katibliyi, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı2, zərərçəkmiş şəxs-Zərərçəkmiş şəxs, təqsirləndirilən şəxs-Təqsirləndirilən şəxs, onun müdafiəçisi-Bakı şəhəri 6 saylı vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə, təqsirləndirilən şəxs xx xxxx 1999-cu il tarixdə Şirvan şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, məhkumluğu olmayan, Şirvan şəhəri, 1 May küçəsi ev 126A-da qeydiyyatda olan, 04 aprel 2021-ci il tarixdə barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş, həmin qətimkan tədbirinin şərtlərini pozaraq məhkəmədən gizləndiyindən 01 oktyabr 2021-ci il tarixdə barəsində həbs qətimkan tədbiri seçilərək axtarış elan edilmiş, 15 yanvar 2022-ci il tarixdə həbs edilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 3 saylı istintaq təcridxanasında saxlanılan - Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs özgənin əmlakını gizli olaraq talayıb, oğurluq etmişdir. Belə ki, o, özgənin əmlakını gizli talama məqsədi ilə 13 fevral 2021-ci il tarixdə saat 02 radələrində gecələmək üçün qaldığı, Şahid icarə müqaviləsi əsasında işlətdiyi ünvan 1 ünvanında yerləşən yaşayış bınasının zirzəmisində yerləşən bərbərxanada onunla birlikdə həmin bərbərxanada yaşayan Zərərçəkmiş şəxs məxsus 5 manat dəyində ***-***-**-** və 10 manat deyərində ***-***-**-** GSM nömrələri ilə işləyən 600 manat dəyərində “Samsung J8” markalı mobil telefonunu, həmin telefonun 10 manat dəyərində enerji doldurucusunu və cibində 967 manat nağd pul olan 90 manat dəyərində, üzərində markalanmasına dair heç bir məlumat olmayan, zəncirbənd hissəsində yazıları olan gödəkçəsini gizli olaraq talayıb Zərərçəkmiş şəxs ümumilkdə 1682 manat miqdarında maddi ziyan vurmaqla oğurluq etmişdir. Bu hərəkətləri ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, 2020-ci ilin oktyabr ayından sonra Bakı şəhəri, Nizami rayonu, “8-ci km bazarı” yaxınlığında avtomobillərin yuyulma sexlərindən birində fəhlə işləmiş, gecələr günü 2-3 manatdan ayrı-ayrı evlərdə qalmışdır. İşlədiyi sexin yaxınlığında Bakı şəhəri, Nizami rayonu, C.Naxçıvanski küçəsindəki 13 nömrəli yaşayış binasının zirzəmisini icarəyə götürüb bərbər kimi fəaliyyət göstərən Fəxrəddin adlı bərbərin axşamlar bərbər salonuna gecələmək üçün ayrı-ayrı şəxsləri günü 3-4 manatdan buraxdığını bilib qərara gəlmişdir ki, o da həmin zirzəmidə qalsın. 06 fevral 2021-ci il tarixdə Fəxrəddinlə danışıb 4 manatdan gecələr həmin zirzəmidə qalmışdır. Zirzəmidə onunla yanaşı Rafiq adlı bir oğlan da qalmışdır. Rafiq ona demişdir ki, uzun müddətdir həmin zirzəmidə gecələyir, maddı çətinlikləri olduğu üçün Fəxrəddinə 300 manat borcu da var. O, Rafiqlə bir neçə gün gecəni bərbərxanada qalmış, aralarında heç bır narazılıq olmamışdır. Həmin vaxtlar havanın yağışlı olması səbəbindən işlədiyi sexə müştəri gəlməmiş, nəticədə qazancı olmamışdır. Demək olar ki, gün ərzində qazandığı pul hətta yeməyinə, gecələməyə və çəkdiyi siqaretinə kifayət etməmişdir. 12 fevral 2021-ci il tarixdə iş yerində paltarı tam islanmış, özü də ac olmuşdur. Həmin gün axşam saatlarında üzərində olan pul müqabilində bir qab yemək və 250 qram spirtli içki alıb qaldığı zirzəmiyə gəlmişdir. Rafiqi də çağırıb bir yerdə şam etmiş, lakin içkini özü tək içmişdir. Rafiq yeməyini yedikdən sonra o biri otağa keçib uzanmışdır. O, darıxdığı üçün Rafiqdən mobil telefonu götürmüşdür. Bundan sonra zirzəmidən çıxıb bir qədər təmiz havada dayanmışdır. Həmin vax artıq Rafiq yerində yatmışdır. O, içkili olduğu üçün qəflətən Rafiqə məxsus “Samsung J8” markalı mobil telefonu oğurlamaq qərarına gəlmişdir. Gödəkçəsi yaş olduğu üçün 13 fevral 2021-ci ıl tarixdə saat 02 radələrində Rafiqin gödəkçəsini götürüb əyninə geyinmiş, Rafiqin mobil telefonunun və öz telefonunun adapterlərini götürüb zirzəmidən çıxmışdır. Qərara gəlmişdir ki, həm özünün, həm də Rafiqin telefonunu “20 Yanvar” dairəsində satıb yaşadığı rayona getsin. Piyada metronun “Koroğlu” stansiyasına getmişdir. Yolda Rafiq bir neçə dəfə əvvəl öz telefonuna, sonra isə onun telefonuna zəng edib nə vaxt qayıdacağını soruşduqda, ona demişdir ki. narahat olmasın, dostları ilə bir yerdədir, tezliklə qayıdacaq. Yolda bir taksi saxlayıb onu “20 Yanvar” dairəsinə aparmasını xahiş etmişdir. Cibində pul olmadığı üçün tanımadığı taksi sürücüsünə yol pulu əvəzində özünə məxsus mobil telefonu adapteri ilə bir yerdə təklif etmişdir. Sürücü razılaşmış, həmin gün saat 03 radələrində “20 Yanvar” dairəsinə çatmışdır. O, Rafiqin telefonundan nömrə və yaddaş kartlarını çıxarıb telefonu satmaq üçün avtobus dayanacağında yolla piyada gedən tanımadığı şəxslərə təklif etmişdir. Tanımadığı orta yaşlı bir kişi telefonu ondan 34 manata almışdır. Bundan sonra taksi ilə “Lökbatan” dairəsinə, oradan da yaşadığı Şirvan şəhərinə getmişdir. Rafiqin gödəkçəsinin cibində 967 manat pulun olması barədə dedikləri yalandır. Təqsirləndirilən şəxs sözügedən ifadəsində əməlini qismən etiraf etsə də, məhkəmədə son sözündə törətdiyi əməldən səmimi peşman olduğunu, madid ziyanı ödəməyə imkanı olmadığını bildirərək, ona yüngül cəza təyin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Bakı şəhərində müxtəlif işlərdə işləmiş, daimi yaşayış yeri olmadığı üçün 2018-ci ildən etibarən Şahid icarə götürüb bərbər işlədiyi Nizami rayonu, C.Naxçıvanski küçəsindəki 13 nömrəli yaşayış binasının zirzəmisində gecələmişdir. 06 fevral 2021-ci il tarixdə bərbərxananın yaxınlığında yerləşən avtomobillərin yuyulması sexində fəhlə işləyən Cavid adlı oğlan, sonradan tanıdığı Təqsirləndirilən şəxs həmin zirzəmidə gecələmək üçün Fəxrəddindən xahiş edib icazə almış, eyni zamanda şəxsiyyət vəsiqəsini saxlamaq üçin ona vermişdir. Cavid onunla bir neçə gün gecələmiş, həmin vaxtlar aralarında heç bir narazılıq olmamışdır. 12 fevral 2021-ci il tarixdə axşam saat 23 radələrində Cavid yaxınlıqdakı kafedən hazır yemək alıb gətirmiş və ona təklif etmişdir ki, onunla bir yerdə əyləşib şam etsin. Onlar bir yerdə şam etmişlər, Cavid spirtli içki içmiş, lakin o, içki içməmişdir. Az sonra Cavid ondan xahiş etmişdir ki, sosial şəbəkədən istifadə etmək üçün mobil telefonunu ona versin. O, etiraz etməyib özünə məxsus ***-***-**-** və ***-***-**-** nömrələri ilə istifadə etdiyi “Samsung-J8” markalı mobi telefonu Cavidə vermiş, özü yorğun olduğu üçün bərbərxananın o biri otağına keçib yerində uzanmışdır. Gələn səsdən bilmişdir ki, Cavid sosial şəbəkədə vaxt keçirir. 13 fevral 2021-ci il tarixdə saat 02 radələrində birdən telefonun səsi kəsilmişdir. O, Cavidə səslənmişdir ki, gedib yatsın, səhər işə gedəcəkdir. Lakin Cavid cavab verməmiş, ona görə şübhələnib zirzəmidən çıxanda Cavidi görməmişdir. Cavidlə danışmaq üçün başqa telefondan öz nömrəsinə zəng edəndə Cavid cavab verib demişdir ki, yaxınlıqda olan “Xudafərin” restoranının yanındadır, narahat olmasın, tezliklə gələcək. 5-10 dəqiqə gözləyib növbəti dəfə zəng edən zaman telefon sönülü olmuşdur. O, bu dəfə Cavidin ***-***-**-** nömrəsini yığanda o, demişdir ki, dostları ilə bir yerdədir, tezliklə gələcək. Az sonra növbəti dəfə zəng edəndə isə həmin telefon da sönülü olmuşdur. Şübhələnib telefonun adapterini axtaran zaman tapa bilməyib başa düşmüşdür ki, Cavid adapteri də götürüb, yəqin məqsədi telefonu oğurlamaq olmuşdur. O, gödəkçəsini geyinib Cavidin arxası ilə getmək istəyən zaman cibində 967 manat nağd pul olan, 90 manat dəyərində gödəkçəsinin də Cavid tərəfindən oğurlandığını aşkar etmişdir. Başqa bir paltar geyinib bayıra çıxaraq metronun “Neftçilər” stansiyasına gəlmiş, orada xidmətdə olan polis əməkdaşlarına baş vermiş hadisə barədə məlumat vermişdir. Cavid tərəfindən onun 5 manat dəyində ***-***-**-** və 10 manat dəyərində ***- ***-**-** nömrələri ilə istifadə etdiyi 600 manat dəyərində “Samsung J8” maraklı mobil telefonu, həmin telefonun 10 manat dəyərində adapteri, cibində 967 manat nağd pul olan 90 manat dəyərində gödəkçəsi oğurlanmışdır, ona dəymiş maddi ziyan 1682 manat təşkil edir. Lakin vurulmuş maddi ziyanın əvəzi hələ də ona ödənilməmişdir. Ona görə Təqsirləndirilən şəxs şikayətçidir, pulunu tələb edir. Qanuna uyğun qərar qəbul olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid ifadəsində göstərmişdir ki, 3 ildən artıqdır ki, ünvan 1 ünvanında yerləşən yaşayış binasının zirzəmisində bərbər fəaliyyəti ilə məşğul olur. Həmin obyekti X1 ayı 150 manata icarəyə götürmüşdür. Hər gün saat 10:00-dan axşam saat 22:00-dək müştərilərə xidmət edir. Eyni zamanda həmin obyekti axşamlar gecələmək üçün tanışı Zərərçəkmiş şəxs təhvil vermişdir. Bunun müqabilində Rafiq obyektin bəzi kommunal xərclərinin, o cümlədən obyektdə istifad edilən internet, su və işığa görə ödənişlərinə kömək edir. 06 fevral 2021-ci il tarixdə onun iş yerinin yaxınlığında yerləşən avtomobilərin yuyulma sexində fəhlə işləyən Cavid, sonradan tam adını bildiyi Təqsirləndirilən şəxs ona yaxınlaşıb kirayə ev tutmağa maddi imkanı olmadığını, müvəqqəti bir neçə gün onun bərbərxanasında gecələməsinə icazə verməsini xahiş etmişdir. O, etiraz etməmiş, həmin vaxtdan sonra Cavid təxminən bir həftə onun bərbərxanasında gecələmişdir. Bu müddətdə hər hansı bir problem olmamışdır. 13 fevral 2021-ci il tarixdə saat 02:30 radələrində Rafiq ona zəng vurub demişdir ki, gecə Cavid spirtli içki qəbul etdikdən sonra onun mobil telefonunu və cibində 967 manat nağd pul olan gödəkçəsini götürüb getmişdir. Həmin vaxt o, evində olmuş, buna baxmayaraq bərbərxanaya gəlib Rafiqin dediklərinin həqiqət olduğunu görmüşdür. Hətta Rafiq bütün pullarının Cavidin oğurladığı gödəkçəsinin cibində olduğunu, bu səbəbdən pulsuz qaldığını deyib ondan borca 5 manat almışdır. İşdə olan və məhkəmə baxışında tədqiq edilmiş aşağıda istinad edilən sənədlər və digər sübutlar Azərbaycan Respublikası CPM-nin 124-cü maddəsinin tələblərinə müvafiq olaraq sübut kimi qəbul edilmişdir: - 17 fevral 2021-ci il tarixli qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsi ilə cinayət işi başlanmışdır. (i.v. 1) - 13 fevral 2021-ci il tarixli protokoldan və fotocədvəldən görünür ki, Bakı şəhəri Nizami RPİ-nin 24-cü PŞ-nin təhqiqatçısı tərəfindən hal şahidlərinin və Zərərçəkmiş şəxs iştirakları ilə hadisə yerinə baxış keçirilmişdir. (i.v. 7-9) - 13 fevral 2021-ci il tarixli protokoldan görünür ki, zərərçəkmiş şəxs X3 AA22993954 nömrəli şəxsiyyət vəsiqəsini təqdim edərək həmin vəsiqənin 13 fevral 2021ci il tarixdə saat 02 radələrində ona məxsus mobil telefonu və gödəkçəsini oğurlayan Təqsirləndirilən şəxs məxsus olduğunu bildirmişdir, həmin vəsiqə ondan götürülmüşdür. (i.v. 10) - 17 fevral 2021-ci il tarixli qərardan görünür ki, zərərçəkmiş şəxs X2 təhqiqata təqdim etdiyi Təqsirləndirilən şəxs məxsus olan AA22993954 nömrəli şəxsiyyət vəsiqəsi maddi sübut kimi tanınaraq cinayət işinin materiallarına əlavə edilmişdir. (i.v. 24) - 17 fevral 2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs mobil telefona aid 02 ədəd nömrə və 01 ədəd yaddaş kartlarını və 01 ədəd qara rəngli gödəkçəni təqdim edərək onların Zərərçəkmiş şəxs məxsus olduğunu, 13 fevral 2021-ci il tarixdə saat 02 radələrində həmin əşyaları oğurladığını bildirmişdir. (i.v. 33) - 17 fevral 2021-ci il tarixli protokoldan və fotocədvəldən görünür ki, Təqsirləndirilən şəxs Fanil oğlunun təqdim etdiyi mobil telefona aid 02 ədəd nömrə və 01 ədəd yaddaş kartları Zərərçəkmiş şəxs təqdim edilən zaman o, həmin kartları tanıyaraq ona məxsus olduğunu bildirmişdir. (i.v. 34-35) - 17 fevral 2021-ci il tarixli qərardan görünür ki, mobil telefona aid 02 ədəd nömrə və 01 ədəd yaddaş kartları maddi sübut kimi tanınmış, məhkəmə həllini tapanadək saxlanması üçün sahibi Zərərçəkmiş şəxs təhvil verilmişdir. (i.v. 36) - 17 fevral 2021-ci il tarixli protokoldan və fotocədvəldən görünür ki, Təqsirləndirilən şəxs Fanil oğlunun təqdim etdiyi 01 ədəd qara rəngli gödəkçə Zərərçəkmiş şəxs təqdim edilən zaman o, gödəkçənin ona məxsus olduğunu bildirmişdir. (i.v. 37-38) -Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizasının 01 mart 2021-ci il tarixli 9/1066 nömrəli ekspert rəyinin nəticə hissəsindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilmiş 01 ədəd üzərində markalanmasına dair heç bir məlumat olmayan, zəncirbənd hissəsində “S-J” yazıları olan, süni dəri materialından, içərisi isə süni xəzdən olan qara rəngli gödəkçənin istifadədə olması və yuxarıdakı xüsusiyyətləri nəzərə alınmaqla orta bazar qiyməti təxminən 25.00 manat müəyyən edilir. (i.v. 49-52) - 04 aprel 2021-ci il tarixli qərardan görünür ki, 01 ədəd üzərində markalanmasına dair heç bir məlumat olmayan, zəncirbənd hissəsində “S-J” yazıları olan, süni dəri materialından, içərisi isə süni xəzdən olan qara rəngli gödəkçə maddi sübut kimi tanınmış, məhkəmə həllini tapanadək saxlanması üçün sahibi Zərərçəkmiş şəxs təhvil verilmişdir. (i.v. 53) - 04 aprel 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsi ilə ittiham elan elan edilməsi qərara alınmış, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 180.1-ci maddəsi cinayət təqibinin başlanması rədd edilmişdir. (i.v. 60-64) Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 3 mart 2005-ci il Qərarına əsasən qanuna görə talama dedikdə özgə əmlakının tamah məqsədilə, hüquqazidd, əvəzsiz götürülməsi və bu əmlakın təqsirkarın və ya başqa şəxsin xeyrinə yönəldilməsindən ibarət hərəkətlər başa düşülür. Mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir. Yaranmış konkret şəraitdə təqsirkar gizli hərəkət etdiyini güman edirsə həmin şəxslər talama hadisəsini görmüş olsalar belə təqsirkarın əməli özgə əmlakının gizli talanması hesab edilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə hökmü haqqında” 15 saylı, 24 dekabr 2021-ci il tarixli Qərarına əsasən məhkəmənin hökmü məhkəmə baxışının aparıldığı dildə, aydın, anlaşılan ifadələrlə tərtib olunmalıdır, hökm yalnız məhkəmə iclasında bilavasitə tədqiq olunan sübutlara əsaslana bilər. Azərbaycan Respublikası CPM-nin 349.5.1-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Məhkəmə, dövlət ittihamçısını, zərərçəkmiş şəxsi, təqsirləndirilən şəxsi, onun müdafiəçisini və şahidi dinləyib, iş materiallarını hərtərəfli və obyektiv tədqiq edərək, istinad olunan hüquq normalarına əsaslanaraq, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirliliyi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan, iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin və şahidlərin ifadələri və iş üzrə toplanmış digər materiallarla sübuta yetirilmişdir. İstintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir, onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar, habelə, əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Odur ki, Azərbaycan Respublikası CPM-nin 44.2.4-cü maddəsinə müvafiq olaraq, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlləri törətməkdə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarılmalı və ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin 177.1-ci maddəsinin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsinə əsasən oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama - üç yüz altmış saatdan dörd yüz səksən saatadək ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən aşağıdakıları nəzərə alır, eləcə də cinayət qanununun müvafiq prinsip və müddəalarını rəhbər tutur: - 04 aprel 2021-ci il tarixli qərardan görünür ki, Bakı şəhəri Nizami RPİ-nin istintaq şöbəsinin müstəntiqi tərəfindən Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. (i.v. 85) -Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş 08 may 2021-ci il tarixli tələbnamədən və hökmün surətindən görünür ki, Ağayev X4 Hərbi Məhkəməsinin 14 avqust 2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 333.1-ci maddəsi ilə təqsirli bilinib, 03 ay müddətinə intizam xarakterli hərbi hissədə saxlama cəzasına məhkum edilmiş, Şirvan Apellyasiya Məhkəməsinin 01 oktyabr 2019-cu il tarixli qərarı ilə həmin hökm dəyişdirilib, Azərbaycan Respublikası CM-nin 70-ci maddəsinə əsasən 06 ay sınaq müddəti müəyyən edilməklə cəza şərti olaraq tətbiq edilmişdir. (i.v. 93-100) - 01 oktyabr 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs onun barəsində seçilmiş qətimkan tədbirinin şərtlərini pozduğuna, məhkəmədən gizləndiyinə və məcburi gətirilməsinə dair qərarın icrası mümkün olmadığına görə Bakı şəhəri Nizami Rayon Məhkəməsi tərəfindən onun haqqında axtarış elan edilmiş, barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri dəyişdirilərək həbs qətimkan tədbiri ilə əvəz edilmişdir. - 15 yanvar 2022-ci il tarixli protokoldan görünür ki, barəsində axtarış elan edilərək həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs həmin tarixdə tutulmuşdur. Məhkəmə Azərbaycan Respublikası CM-nin 83-cü maddəsinin tələbləri baxımından qeyd edir ki, Təqsirləndirilən şəxs məhkumluğu olmayan şəxsdir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 nömrəli qərarının 1-ci bəndi ilə məhkəmələrə izah edilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndinə əsasən şəxsin təqsirli bilindiyi maddənin sanksiyası azadlıqdan məhrum etmə ilə yanaşı yüngül cəza növləri də nəzərdə tutursa, hökm çıxarılarkən, azadlıqdan məhrum etmə cəzası təyin edildikdə, bu qərar hökmdə əsaslandırılmalıdır. Cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsi ilə törətdiyi əməl həmin Məcəllənin 15.2-ci maddəsinə əsasən böyük ictimai təhlükə törətməyən, 25.1-ci maddəsinə əsasən isə qəsdən törədilmiş cinayətlər hesab olunur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə əsasən, cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal qismində Azərbaycan Respublikası CM-nin 59.1-ci maddəsində dairəsi konkret göstərilmiş hallar müəyyən edilməmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal qismində Azərbaycan Respublikası CM-nin 61.1-ci maddəsində dairəsi konkret göstərilmiş hallar müəyyən edilməmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs barəsində təyin ediləcək cəzanın həddini və növünü müəyyən edərkən, cəza təyinetmənin ümumi prinsiplərini rəhbər tutmaqla işin faktiki halarını, onun qəsdən böyük ictimai təhlükə törətməyən cinayət törətməsini nəzərə alaraq, hesab edir ki, təqsirləndirilən şəxsin islah olunması üçün törətdiyi cinayətə görə barəsində azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi məqsədəmüvafiqdir, tətbiq edilməsi nəzərdə tutulan cəza cinayət törətmiş şəxsin fərdi xüsusiyyətlərinə, törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsinə və xarakterinə mütənasibdir və hazırkı halda həmin cəza, cəzanın məqsədini təmin edir. Ona görə Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş həddə azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Azərbaycan Respublikası CPM-nin 158.2 və 158.2.1-ci maddələrinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu, həbsdə saxlanıldığı və ev dustaqlığında saxlanıldığı müddətlər onun həbsdə saxlama müddətinə daxildir. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı hazırkı işlə bağlı tutulmamışdır, ona görə cəzaçəkmə müddətinin başlanğıcı onun barəsində axtarış elan edilərək həbs qətimkan tədbiri seçilməsindən sonra, 15 yanvar 2022-ci il tarixdə tutulduğu vaxtdan hesablanmalıdır. Məhkəmə Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinin tələbinə uyğun olaraq, hesab edir ki, Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Məhkəmə, Azərbaycan Respublikası CPM-nin 175.5-ci maddəsinin tələbinə uyğun olaraq, hesab edir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli olduğundan, onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Məhkəmə, Azərbaycan Respublikası CPM-nin 346-cı maddəsində nəzərdə tutulan, məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında müzakirə edilməli olan digər məsələlərlə bağlı qeyd edir ki, cinayət işi üzrə mülki iddia yoxdur, zərərçəkmiş şəxsə vurulmuş maddi ziyan ödənilməsə də, onun tərəfindən məhkəməyədək icraat və məhkəmə icraatı zamanı qanunla müəyyən edilmiş müddətdə və qaydada mülki iddia verilməmişdir, Azərbaycan Respublikası CPM-nin 180.2-ci maddəsinə əsasən şəxs cinayət mühakimə icraatı zamanı mülki iddia verməmişsə, o, mülki mühakimə icraatı qaydasında mülki iddia verməyə haqlıdır, belə olan halda, məhkəmə hesab edir ki, göstərilənlərə əsasən maddi ziyanın ödənilməsini tələb edən zərərçəkmiş şəxs mülki mühakimə icraatı qaydasında mülki iddia verə bilər, ona bu hüququ izah edilməlidir; cinayət nəticəsində vurulmuş maddi zərərin və ya mümkün ola biləcək xüsusi müsadirənin təmin edilməsi məqsədi ilə əmlak üzərinə həbs qoyulmamışdır; maddi sübut qismində tanınmış mobil telefona aid bir ədəd nömrə, bir ədəd yaddaş kartlarının və üzərində markalanmasına dair heç bir məlumat olmayan, zəncirbənd hissəsində “S-J” yazıları olan, süni dəri materialından, içərisi isə süni xəzdən olan qara rəngli gödəkçənin məhkəməyədək icraat zamanı Zərərçəkmiş şəxs təhvil verilməsi nəzərə alınmalı, təqsirləndirilən şəxsin şəxsiyyətini təsdiq edən sənəd olduğundan AA22993954 nömrəli şəxsiyyət vəsiqəsi hökmün icrasına dair sənədlərlə birlikdə onun cəzaçəkmə yeri üzrə müəssisəsinə göndərilməlidir; CPM-nin 198.1-ci maddəsinə əsasən məhkəmə məsrəfi olan ekspertiza xərci təqsirləndirilən şəxsdən tutulub Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. Azərbaycan Respublikası CM-nin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2, 193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının (AR Nazirlər Kabineti) müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə hesab edir ki, dövlət hesabına təyin edilmiş vəkilin məhkəməyədək icraat və məhkəmə icraatı dövründə, iş materialları ilə tanış olmaqla birlikdə, təqsirləndirilən şəxsə göstərdiyi hüquqi yardıma görə iştirak etdiyi müddət ümumilikdə 55 iş saatı müddətinə bərabər tutulduğundan, (Nazirlər Kabinetinin 03.05.2018-ci il tarixli 202 saylı qərarına əsasən) göstərilmiş hüquqi xidmətlərə görə hər iş saatı üçün 6 manat miqdarında ödənilməsi nəzərə alınmaqla müdafiəçiyə müvafiq hesablaşma hesabı üzərindən əmək haqqı dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin başlanğıcı 15 yanvar 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Maddi sübut qismində tanınmış mobil telefona aid bir ədəd nömrə, bir ədəd yaddaş kartlarının və üzərində markalanmasına dair heç bir məlumat olmayan, zəncirbənd hissəsində “S-J” yazıları olan, süni dəri materialından, içərisi isə süni xəzdən olan qara rəngli gödəkçənin məhkəməyədək icraat zamanı Zərərçəkmiş şəxs təhvil verilməsi nəzərə alınsın, AA22993954 nömrəli şəxsiyyət vəsiqəsi hökmün icrasına dair sənədlərlə birlikdə Təqsirləndirilən şəxs cəzaçəkmə yeri üzrə müəssisəyə göndərilsin. Məhkəmə məsrəfi olan 50 manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub dövlət xəzinədarlığı agentliyi, kod 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN **********, hesab AZ34CTRE******************** hesabına ödənilsin. Təqsirləndirilən şəxs məhkəməyədək icraat və məhkəmə icraatı dövründə, iş materialları ilə tanış olmaqla birlikdə, ümumilikdə 55 saat göstərdiyi pulsuz hüquqi yardıma görə Müdafiəçi "xxxx" ASC-nin “Qara Qarayev” filialı, kod 200145, VÖEN **********, m/h- AZ37NABZ013501**********1944, SWİFT BİK AİİBAZ2X, hesab - AZ33AİİB********************, VÖEN - ********** hesablaşma hesabı üzərindən Bakı şəhəri 6 saylı vəkil bürosu vasitəsi ilə 330 manat əmək haqqı Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. İş üzrə maddi ziyanı tələb etdiyi halda, Zərərçəkmiş şəxs mülki mühakimə icraatı qaydasında mülki iddia verə bilmək hüququ izah edilsin. Hökmdən elan olunduğu (həbsdə olan məhkuma hökmün surəti verildiyi) andan 20 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Həmin müddətdə hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə, hökm müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Nəriman Mehdiyev
Məhkəmə qərarları › İş №1(007)-14/2022
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Hökm — İş №1(007)-14/2022
25.02.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver