Məhkəmə qərarları › İş №1(007)-140/2021

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №1(007)-140/2021

17.03.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(007)-140/2021 17.03.2021 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyeva Mətanət İsfəndiyar qızının sədrliyi, məhkəmə iclas katibi Azadəli Orhan Nasir oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhər məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı Namiq oğlunun, zərərçəkmiş şəxs – Zərərçəkmiş şəxs, müdafiəçi - Bakı şəhəri 6 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi oğlunun təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs iştirakı ilə, təqsirləndirilən şəxs xx.xx.1958-ci ildə Gədəbəy rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 mənzil 14 ünvanında qeydiyyatda olan və yaşayan, barəsində başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs xx xxxxxxx 2020-ci il tarixdə saat 07:30 radələrində etibarnamə əsasında idarə etdiyi, texniki cəhətdən saz vəziyyətdə olan “Daimler Chrysler” markalı, “C 180 minik” modelli, **-OT-*** dövlət qeydiyyat nişanlı avtomobilini Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti ilə Babək prospekti istiqamətində idarə edərkən, həmin prospektdəki 114 saylı binanın qarşısında “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin, yəni sürücü hərəkətin intensivliyini, nəqliyyat vasitəsinin, yükün xüsusiyyətlərini və vəziyyətini, yol və meteoroloji şəraiti, xüsusən hərəkət istiqamətində görmə şəraitini nəzərə almaqla, nəqliyyat vasitəsini müəyyən olunmuş sürət məhdudiyyətindən çox olmayan sürətlə sürməsi hərəkət üçün təhlükə yarandığını gördükdə, nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməsi barədə tələblərə əməl etməklə hadisənin qarşısını almağa texniki imkanı olduğu halda bu tələbləri pozub, avtomobilinin qabaq sağ hissəsi ilə yolu sağdan sola keçmək istəyən piyada Zərərçəkmiş şəxs vuraraq ehtiyatsızlıqdan ona sol dirsək çıxıntısının qəlpəli yerdəyişmiş sınığı və sol dirsək nahiyəsinin hematoması, ümumilikdə sağlamlığın uzun müddət pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aid bədən xəsarətləri yetirmişdir. Məhkəmə baxışında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, “Daimler Chrysler C 180” minik markalı, **-OT-*** dövlət qeydiyyat nişanlı avtomobil arvadı Şahid2 adına rəsmiləşdirilsə də, faktiki həmin avtomobil onun özünə məxsusdur və onu etibarnamə əsasında idarə edir. xx xxxxxxx 2020-ci il tarixdə səhər saat 07:30 radələrində Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti “Laçın” Ticarət Mərkəzinin yaxınlığında avtomobilini saatda 60 km sürətlə sol birinci zolaqla Babək prospekti istiqamətində idarə edən zaman bir nəfər cavan oğlanın yolu sağdan sola keçmək istədiyini görmüşdür. Orta və sağ zolaqlarda avtomobillər dayanmış, sonradan adını bildiyi Zərərçəkmiş şəxs sağdan sola qaçaraq sağ tərəfinə çıxmışdır. O, avtomobilinin sükanını sola istiqamətləndirib əyləci işə salsa da avtomobilinin sağ yan güzgüsü və şüşəsinin dirəyi piyadaya dəymişdir. O, avtomobilini qarşıda saxlamış, Həsənə həkimə getməyi təklif etmiş və avtomobili ilə onu xəstəxanaya aparmışdır. Zərərçəkmiş şəxs müayinə olunarkən hadisə nəticəsində ona sol dirsək çıxıntısının qəlpəli yerdəyişmiş sınığı və sol dirsək nahiyəsinin hematoması kimi bədən xəsarətlərinin yetirildiyi müəyyən olunmuşdur. Müayinəyə və Həsənin əlinin gipsə salınmasına görə 170 manat ödəmişdir. Bundan sonra o, Həsəni dediyi yerə, yəni “Laçın” Ticarət Mərkəzinin yaxınlığına gətirmişdir. Zərərçəkmiş şəxs ilə barışmış və ona dəymiş maddi ziyanı tam ödəmişdir. Məhkəmədən barəsində olan cinayət işi üzrə icraata xitam verilməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs qeyd edilən əməli törətməkdə təqsiri öz ifadəsi ilə yanaşı aşağıdakılarla da təsdiq olunur. Məhkəmə baxışında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, xx xxxxxxx 2020-ci il tarixdə saat 07:30 radələrində Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti “Laçın” Ticarət Mərkəzinin yaxınlığında yolu sağdan sola keçmək istəyən zaman adı sonradan ona məlum olmuş sürücü Təqsirləndirilən şəxs idarə etdiyi “Daimler Chrysler C 180” minik markalı, **-OT-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Babək prospekti istiqamətində hərəkət edərkən onu görüb dayanmamış və avtomobilin qabaq sağ hissəsi onun sol əlinin dirsək hissəsinə dəymişdir. Sürücü onu öz avtomobilinə mindirərək xəstəxanaya aparmış və müayinə etdirmişdir. Müayinə zamanı ona sol dirsək çıxıntısının qəlpəli yerdəyişmiş sınığı və sol dirsək nahiyəsinin hematoması bədən xəsarətlərinin yetirildiyi müəyyən olunmuşdur. Həkim xərclərini sürücü Təqsirləndirilən şəxs ödəmişdir. Bundan sonra sürücü ona telefon nömrəsini vermiş və onu avtomobili ilə “Laçın” TM-nin yaxınlığına gətirmişdir. Təqsirləndirilən şəxs ilə barışmışdır. Ona dəymiş maddi və mənəvi ziyan tam ödənilmişdir. Təqsirləndirilən şəxs qarşı heç bir şikayəti və tələbi yoxdur. Məhkəmədən cinayət işi üzrə icraata xitam verilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: - cinayət işinin başlanması və icraata qəbul edilməsi barədə xx.xx.2021-ci il tarixli qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası CM-nin 263.1-ci maddəsi ilə cinayət işi başlanılmışdır. - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X1- Təcrübi və Tədris Birliyinin canlı şəxsin ekspertizasına dair xx.xx.2020-ci il tarixli, 905 saylı rəyin nəticə hissəsindən görünür ki, Zərərçəkmiş şəxs sol dirsək çıxıntısının qəlpəli yerdəyişmiş sınığı və sol dirsək nahiyəsinin hematoması olmuşdur. Qeyd edilən xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən törənmişlər, qərarın təsviri hissəsində göstərilən müddətdə, yəni xx.xx.2020-ci il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi zamanı alınmaları mümkündür və dərəcələrinə görə ümumilikdə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aiddirlər. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasının xx.xx.2021-ci il tarixli, 8/2295 saylı rəyinin nəticə hissəsindən görünür ki, təhqiqat tərəfindən verilən məlumatlara əsasən “Daimler Chrysler C180” markalı, **-OT-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. - zərərçəkmiş şəxs qismində tanınma haqqında xx.xx.2021-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs qismində tanınmışdır. - təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında xx.xx.2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmişdir. - qətimkan tədbirinin seçilməsi barədə xx.xx.2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. - Azərbaycan Respublikası DİN-nin BDYPİ tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli, 016-14815-1221 nömrəli məktubdan görünür ki, DİN-nin BDYPİ-nin Qeydiyyat-İmtahan İdarəsinin kompüter uçot bazasının məlumatlarına əsasən xx.xx.1958-ci il təvəllüdlü Təqsirləndirilən şəxs xx.xx.2013-cü il tarixdə (xx.xx.2023-cü il tarixədək müddətə etibarlı olan) AC 009904 nömrəli, “BC” kateqoriyalı sürücülük vəsiqəsi verilmiş, onun sürücülük hüququnun məhdudlaşdırılması ilə bağlı hər-hansı məlumat qeydə alınmamışdır. - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən verilmiş xx.xx.2021-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu barədə əməliyyat-sorğu kartotekasında heç bir məlumat yoxdur. Məhkəmə iş üzrə toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutlara qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməldə cinayət tərkibi vardır, ona ibtidai istintaq zamanı düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə ittiham irəli sürülmüş və əməli həmin maddə ilə tövsif edilmişdir. Məhkəmə cinayət işinin materiallarını tədqiq edərək, proses iştirakçılarını dinləyərək hesab edir ki, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad olunmalı və cinayət işi üzrə icraata aşağıdakı əsaslara görə xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263-cü maddəsinin Qeyd hissəsinin 2-ci bəndinə əsasən bu Məcəllənin 263.1 və ya 263.1-1-ci maddələrində nəzərdə tutulmuş cinayəti törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Bu halda şəxsin əməllərində inzibati xəta tərkibinin əlamətləri olduqda o, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş qaydada məsuliyyətə cəlb edilir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışmış, ona vurulmuş zərəri tamamilə ödəmişdir. Azərbaycan Respublikası CPM-nin 43.1.2-ci maddəsinə görə bu Məcəllənin 39.1.4, 39.1.6-39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərar çıxarır. Həmin Məcəllənin 39.1 və 39.1.11-ci maddələrinə əsasən cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263-cü maddəsinin Qeyd hissəsinin 2-ci bəndinə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsində nəzərdə tutulmuş cinayəti törətmiş şəxsin zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilməsi ilə yanaşı, onun əməlinin inzibati məsuliyyətə səbəb olub-olmaması məsələsi araşdırılmalıdır. İşə baxılan zaman Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş hər hansı bir inzibati xəta tərkibinin əlaməti müəyyən olunmamışdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 156.4-cü maddəsinə əsasən cinayət işi üzrə icraata xitam verildiyi hallarda, şübhəli və ya təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbirləri xitam olunur. Azərbaycan Respublikası CPM-nin 346.1.20-346.1.21-ci maddələrində nəzərdə tutulmuş məsələləri həll edərək məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri xitam olunmalı; Azərbaycan Respublikası CPM-nin 198.1-ci maddəsinə əsasən məhkəmə məsrəfi olan 100 (bir yüz) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub dövlət xəzinədarlığı agentliyi, kod 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN **********, hesab AZ34CTRE******************** hesabına ödənilməlidir. İş üzrə mülki iddia, maddi sübut yoxdur. Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə hesab edir ki, vəkilin ibtidai istintaqda iştirak etdiyi müddət 20 iş saatı və məhkəmədə iştirak etdiyi müddət 10 iş saatı, cəmi 30 iş saatı müddətinə bərabər olduğundan, hər iş saatı üçün Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2018-ci il tarixli, 202 saylı qərarına əsasən göstərilmiş hüquqi xidmətlərə görə hər iş saatı üçün 6 (altı) manat miqdarında ödənilməsi nəzərə alınmaqla 180 (bir yüz səksən) manat (30x6) məbləğində əmək haqqı Bakı şəhəri 6 saylı Vəkil Bürosu vasitəsi ilə Müdafiəçi dövlət büdcəsi hesabına ödənilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 43.3, 321, 344-347, 356, 358, 384-cü maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə cinayət məsuliyyətindən azad edilsin və barəsində olan cinayət işinin icraatına xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri xitam olunsun. İş üzrə məhkəmə məsrəfi olan 100 (bir yüz) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub dövlət xəzinədarlığı agentliyi, kod 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN **********, hesab AZ34CTRE******************** hesabına keçirilsin. Təqsirləndirilən şəxs 30 saat göstərdiyi pulsuz hüquqi yardıma görə iş üzrə dəvət olunmuş müdafiəçi Bakı şəhəri 6 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi 180 (bir yüz səksən) manat əmək haqqı Bakı şəhəri 6 saylı Vəkil Bürosu vasitəsi ilə Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına ödənilsin. Qərar elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Sədrlik edən Mətanət Hacıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar