Məhkəmə qərarları › İş №1(007)-140/2023

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Hökm — İş №1(007)-140/2023

14.06.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(007)-140/2023 14.06.2023 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Giriş: Hakim Mehdiyev Nəriman Hüseynqulu oğlunun sədrliyi, məhkəmə iclasının katibi Məmmədli Sevinc Əbülfəz qızının katibliyi, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs, onun müdafiəçiləri-Bakı şəhəri 6 saylı vəkil bürosunun vəkili Müdafiəçi1 və Bakı şəhəri 6 saylı vəkil bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə, təqsirləndirilən şəxs xx xxxxxx 1983-cü il tarixdə Lənkəran rayonunun Şilavar kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, əvvəllər məhkum olunmamış, fərdi qaydada işləyən, Bakı şəhəri, Nizami rayonu, N.Abdullayev küçəsi, ev 13/1-də qeydiyyatda olmaqla yaşayan, 19 dekabr 2022-ci il tarixdə barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş - Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini qərəzli olaraq icra etməmişdir. Belə ki, o, cavabdeh kimi ondan 04 oktyabr 2019-cu il tarixdən hesablanmaqla 01 may 2010-cu il təvəllüdlü X1 və 11 mart 2013-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay hər uşağa görə 150 manat, cəmi isə 300 manat sabit pul məbləğində alimentin və ödənilmiş 20 manat dövlət rüsumunun tutularaq Fəttayeva (Nəhmətova) Rəna Şakir qızına verilməsinə dair Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 30 iyul 2020-ci il tarixli 2(007)-307/2020 nömrəli qanuni qüvvəyə minmiş qətnaməsinin icrası ilə bağlı icra məmurunun qanuni tələbini üzrsüz səbəbdən yerinə yetirmədiyinə görə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 29 dekabr 2021-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə inzibati xətanı törətməkdə təqsirli bilinərək 500 manat məbləğində inzibati qaydada cərimə olunmasına və icra sənədindəki tələbləri icra etməsi üçün ona 18 yanvar 2022-ci il və 18 aprel 2022-ci il tarixlərdə məsuliyyəti elan olunmaqla rəsmi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, şəxsi maraq niyyətilə cinayət təqibi başlanması məsələsinə baxılması üçün təqdimat verilən 24 avqust 2022-ci il tarixədək 7218,00 manat aliment borcunu tələbkara ödəməməklə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsini qərəzli olaraq qəsdən icra etməmiş, bununla da zərərçəkmiş şəxs Fəttayeva (Nəhmətova) Rəna Şakir qızına qeyd olunan məbləğdə maddi ziyan vurmaqla yanaşı, ədalət mühakiməsinin mənafeyinə xələl gətirmişdir. Bu hərəkətləri ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. İşin halları, təqdim və tədqiq edilmiş sübutlar: Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs ilə 2008-ci ildə ailə qurmuşlar, rəsmi nikahları isə 22 yanvar 2010-cu il tarixdə qeydiyyatdan keçmişdir. Birgə nikahdan 01 may 2010-cu il tarixdə Nəzrin, 11 mart 2013-cü il tarixdə Nərmin adlı iki uşaqları anadan olmuşdur. Ailə münasibətləri sonradan pozulmuşdur, belə ki, Rəna vəhhabi təriqətinə qoşulmuşdur, qardaşı da həmin təriqətə xidmət etmişdir. Rəna ona itaətsizlik etmiş, onu eşitməmiş, öz bildiyini etmiş, dəfələrlə evdən çıxıb atasının evinə getmiş, sonra isə barışmışlar, lakin Rənanın atası vəfat etdikdən sonra Rəna uşaqları da götürərək anasının evinə getmiş və daha geri qayıtmamışdır. O, imkanı daxilində uşaqları ilə maraqlanmış və uşaqların böyüdülməsi üçün maddi-mənəvi yardım göstərmişdir. Lakin Rəna uşaqların saxlanılmalarından ötrü alimentin alınması üçün məhkəməyə iddia ərizəsi ilə müraciət etmiş və Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 30 iyul 2020-ci il tarixli 2(007)-307/2020 nömrəli qətnaməsinə əsasən nikahları pozulmuş, ondan uşaqların saxlanılmaları üçün 04 oktyabr 2019-cu il tarixdən başlayaraq hər ay hər uşağa görə 150 manat, cəmi 300 manat məbləğində alimentin tutularaq Rənaya ödənilməsi qət edilmişdir. O, uşaqlara görə imkanı çatdığı qədər aliment ödəsə də, Rəna uşaqları ona göstərmir. O, avtomobillərin alqısatqısı və təmiri ilə məşğul olur, maşın təmiri ustasıdır, lakin hər ay cəmi 500-700 manat qazancı olur. Onun aylıq qazancının 1000-2000 manat olması barədə Rənanın göstərdikləri yalandır. Pandemiya dövründə icra məmuru ona çağıraraq bildirmişdir ki, 4000 manat aliment borcu vardır, o da əlində olan 3500 manat pulu ödəmək istəmiş, lakin Rəna həmin məbləği qəbul etməmiş, tam ödəniş tələb etmişdir. Pandemiya dövründəki işsizlikdən başqa o, xəstə olmuş, 20 gün xəstəxanada, 6-7 ay evdə yatmış, alimenti ödəyə bilməmişdir. Buna görə 29 dekabr 2021-ci il tarixdə məhkəmənin qərarı ilə inzibati qaydada ona 500 manat cərimə verilmişdir. Onun cinayət məsuliyyətinə cəlb edilməsi üçün icra məmuru tərəfindən təqdimat verilən 24 avqust 2022-ci il tarixədək ödənilməmiş alimentin miqdarının 7218 manat olması ona məlumdur. Məhkəmədə son sözündə Təqsirləndirilən şəxs göstərmişdir ki, o, 27 mart 2023-cü il tarixdə 2000 manat, 28 aprel 2023-cü il tarixdə 500 manat, 15 may 2023-cü il tarixdə 500 manat aliment ödəmişdir, zərərçəkmiş pulları hissə ilə qəbul etmədiyinə görə ödənişi depozit hesabına ödəmişdir. Bundan başqa, aliment borcunun ödənilməsinin təminatı kimi xüsusi mülkiyyətində olan “Lexus Qrand” markalı **-LV-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə məhkəmənin qərarı ilə həbs qoyulmuşdur. Hazırda həmin avtomobilin açıq hərracda satılması məqsədilə Nizami rayon icra şöbəsi tərəfindən hərracın təşkil edilməsi üçün sifariş verilmişdir. Açıq hərracda satılması üçün həmin avtomobili icra şöbəsinə təqdim etmişdir. Avtomobilin satışından əldə olunan maddi vəsait hesabına yığılıb qalmış aliment borcunu tam şəkildə ödəyəcəyəkdir. Avtomobilin dəyəri ən azı 30000 manat təşkil edir ki, bu da borcun ödənilməsi üçün kifayət edir. Onun xüsusi mülkiyyətində olan avtomobilin açıq hərracda satışına qədər cinayət işi üzrə məhkəmə iclasının təxirə salınmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs ilə el adəti ilə 2008-ci ildə ailə qurmuşlar, rəsmi nikahları 22 yanvar 2010-cı il tarixdə qeydiyyatdan keçmişdir. Birgə nikahdan 01 may 2010-ci il tarixdə Nəzrin, 11 mart 2013-cü il tarixdə Nərmin adlı iki uşaqları anadan olmuşdur. Ailə qurduqları ilk vaxtlar mehriban yaşasalar da, daha sonra münasibətləri pozulmuş, Təqsirləndirilən şəxs açıq-aşkar başqa qadınlarla gəzmiş, bunu açıq şəkildə bildirmiş, ona qarşı çox kobud davranmış və səbəbsiz incitmişdir. O, dəfələrlə evdən çıxıb ata evinə getmiş, sonra isə barışmışlar və bu cür bir neçə il valideyinlərinə görə dözmüş, lakin atası vəfat edəndən sonra daha artıq dözümü qalmamış, uşaqlarını götürərək ana evinə getmiş, daha ər evinə qayıtmamışdır. Təqsirləndirilən şəxs uşaqları ilə maraqlanmamış və uşaqların böyüdülməsi üçün maddi-mənəvi yardım göstərməmişdir. Bu səbəbdən uşaqların saxlanılmalarından ötrü alimentin alınması üçün məhkəməyə iddia ərizəsi ilə müraciət etməyə məcbur olmuşdur. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 30 iyul 2020-ci il tarixli 2(007)-307/2020 nömrəli qətnaməsinə əsasən nikahları pozulmuş, Təqsirləndirilən şəxs Nəzrin və Nərmin adlı uşaqlarının yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün 04 oktyabr 2019-cu il tarixdən başlayaraq hər ay hər uşağa görə 150 manat, hər ay 300 manat məbləğində alimentin tutularaq ona ödənilməsi qət edilmişdir. Lakin Təqsirləndirilən şəxs maddi imkanı olduğu halda, uşaqlarına lazımi maddi köməklik etməmişdir. Təqsirləndirilən şəxs 21 dekabr 2021-ci il tarixdə Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə 500 manat məbləğində inzibati qaydada cərimə edilmiş, lakin bundan nəticə çıxarmamış, cüzi ödəniş etmişdir. Təqsirləndirilən şəxs açıq şəkildə ona bildirmişdir ki, heç bir aliment ödəməyəcəkdir. Təqsirləndirilən şəxs avtomobillərin alqısatqısı və təmiri ilə məşğuldur, maşın təmiri ustasıdır, hər ay 1000-2000 manat qazancı olur. Ona məlumdur ki, Təqsirləndirilən şəxs barəsində cinayət məsuliyyətinə cəlb edilməsi üçün icra məmuru tərəfindən təqdimat verilən 24 avqust 2022-ci il tarixə kimi ödənilməmiş alimentin miqdarı 7218,00 manat təşkil etmişdir. Tələbi ondan ibarətdir ki, Təqsirləndirilən şəxs aliment borcunu tam şəkildə ödəsin, əks halda barəsində qanunla nəzərdə tutulmuş tədbirlər görülsün. Zərərçəkmiş şəxs məhkəmənin növbəti iclaslarında iştirak etməmiş, yazdığı (sonuncu dəfə 30 may 2023-cü il tarixdə) çoxsaylı ərizə və müraciətlərində göstərmişdir ki, aliment borcunun tam ödənilməsi tələbi dəyişməmişdir, məhkəmə başlanan vaxt aliment borcu 7285 manat olmuşdur, Təqsirləndirilən şəxs sonrakı müddət üçün olan alimenti ödəmədiyinə görə 3000 manat ödədikdən sonra borcu hazırda 7113 manat təşkil edir. Təqsirləndirilən şəxsin aliment borcunu tam ödəməsini, əks təqdirdə onun həbs olunmasını tələb edir, ona qarşı heç bir güzəştə getmir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri Nizami rayon icra şöbəsinin icra məmuru Şahid1 ifadəsində göstərmişdir ki, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-307/2020 nömrəli 30 iyul 2020-ci il tarixli qətnaməsi ilə cavabdeh Təqsirləndirilən şəxs iddiaçı X3 xeyrinə iki uşağın saxlanılması üçün hər ay cəmi 300 manat sabit pul məbləğində alimentin tutulması qərara alınmışdır. Qətnamə üzrə verilmiş icra sənədi 04 avqust 2020-ci il tarixdə şöbənin icraatına daxil olmuş, müvafiq qərarla icraata başlanılmış və tələbin könüllü icrası ilə bağlı bildiriş borclunun qeydiyyatda olduğu ünvana göndərilmiş, bu barədə tələbkara və məhkəməyə məlumat verilmişdir. Lakin borclu Təqsirləndirilən şəxs qətnamə üzrə nəzərdə tutulan alimenti tam şəkildə ödəməmişdir. Sonradan “Elektron icra sistemi”ndən borclunun adına avtomobil aşkar olunmuş və tələbin əmlaka yönəldilməsi məqsədi ilə avtomobil üzərinə həbs qoyulması ilə bağlı təqdimatla məhkəməyə müraciət olunmuş və məhkəmənin 8(007)-282/2021 nömrəli 07 dekabr 2021ci il tarixli qərardadı ilə avtomobil üzərinə həbs qoyulmuşdur. Buna baxmayaraq göstərilən avtomobil “Azərbaycan Beynəlxalq Bankı”nda ipoteka predmeti olduğundan tələbin əmlaka yönəldilməsi mümkün olmamışdır. Sonrakı müddət ərzində borclu Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinə əsasən inzibati xəta haqqında protokol tərtib olunaraq baxılması üçün Nizami Rayon Məhkəməsinə göndərilmiş və həmin məhkəmənin 29 dekabr 2021-ci il tarixli qərarı ilə borclu Təqsirləndirilən şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinib, 500 manat məbləğində cərimə edilmişdir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 82-ci maddəsinin tələblərinə uyğun olaraq 18 yanvar 2022-ci il tarixdə borcluya icra sənədini icra etməsi üçün yeni müddət təyin olunaraq bu barədə bildiriş borclunun özünə imza etdirilməklə təqdim edilmişdir. Təqsirləndirilən şəxs borcun ödənilməsi istiqamətində heç bir səy göstərməmiş, barəsində görülmüş tədbirlərdən heç bir nəticə çıxartmamış və bununla da icra sənədində göstərilən tələbi icra etməkdən qəsdən boyun qaçırmışdır. İcra sənədi üzrə göstərilmiş olan tarixdən ödənilməmiş alimentin məbləği 7218,00 manat təşkil etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri Nizami rayon icra şöbəsinin rəis müavini Şahid2, Şahid1la eyni məzmunlu ifadə vermişdir. Məhkəmə iclasında müdafiə tərəfinin vəsatəti əsasında əlavə şahid qismində dindirilmiş X4 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs onların alıb apardıqları əşyaları götürmür, zibilə atır, aliment kimi ödədikləri pulları qəbul etmir, onlarla razılaşmır. İşdə olan və məhkəmə baxışında tədqiq edilmiş aşağıda istinad edilən sənədlər və digər sübutlar Azərbaycan Respublikası CPM-nin 124-cü maddəsinin tələblərinə müvafiq olaraq sübut kimi qəbul edilmişdir: - 15 noyabr 2022-ci il tarixli qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmışdır. (i.v. 1) -Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 30 iyul 2020-ci il tarixli 2(007)-307/2020 nömrəli qətnaməsindən və icra vərəqəsindən görünür ki, 01 may 2010-cu il təvəllüdlü X1 və 11 mart 2013-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanmaları üçün Təqsirləndirilən şəxs 04 oktyabr 2019-cu il tarixdən hər uşaq üçün hər ay 150 manat olmaqla, cəmi 300 manat sabit pul məbləğində aliment tutularaq Fəttayeva (Nəhmətova) Rəna Şakir qızına verilməli, aliment tutulması ilə bağlı olduğundan icra sənədi dərhal icra edilməlidir. (i.v. 11, 15-21) - 04 avqust 2020-ci il tarixli qərarın və bildirişin surətlərindən görünür ki, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 30 iyul 2020-ci il tarixli 2(007)-307/2020 nömrəli icra vərəqəsi əsasında Bakı şəhəri Nizami rayon icra şöbəsində icraata başlanılmışdir. Borclu Təqsirləndirilən şəxs qərarı və bildirişi imza edərək qəbul etmişdir. (i.v. 12-13) - 07 dekabr 2021-ci il tarixli 8(007)-282/2021 nömrəli qərardadın surətindən görünür ki, icra məmurunun təqdimatı əsasında Bakı şəhəri Nizami Rayon Məhkəməsi tərəfindən borclu Təqsirləndirilən şəxs məxsus “Lexus minik” markalı **-VN-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulmuşdur. (i.v. 63-64) - 21 dekabr 2021-ci il tarixli qərarın surətindən görünür ki, icra məmuru tərəfindən borclu Təqsirləndirilən şəxs məxsus “Lexus minik” markalı **-VN-*** dövlət qeydiyyat nişanlı avtomobilin axtarışı elan edilmişdir. (i.v. 67) - 02 sentyabr 2021-ci il tarixli 8(007)-252/2021 nömrəli qərardadın surətindən görünür ki, icra məmurunun təqdimatı əsasında Bakı şəhəri Nizami Rayon Məhkəməsi tərəfindən borclu Təqsirləndirilən şəxs məcburi qaydada Nizami rayon icra şöbəsinə gətirilməsi qərara alınmışdır. (i.v. 79-80) - 17 dekabr 2021-ci il tarixli aktın surətindən görünür ki, icra məmurları tərəfindən hal şahidinin iştirakı ilə borclu Təqsirləndirilən şəxs qeydiyyatda olmaqla yaşadığı ünvana baxış zamanı evin qapısı bağlı olmuş, borclunun tapılması mümkün olmamışdır. (i.v. 81) - 29 dekabr 2021-ci il tarixli 3(007)-3354/2021 nömrəli qərarın surətindən görünür ki, Bakı şəhəri Nizami Rayon Məhkəməsi tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinib, barəsində 500 manat məbləğində inzibati cərimə tətbiq edilmişdir. (i.v. 90-93) - 18 yanvar 2022-ci il tarixli bildiriş-xəbərdarlıqdan görünür ki, Bakı şəhəri Nizami rayon icra şöbəsinin icra məmuru tərəfindən borclu Təqsirləndirilən şəxs, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 30 iyul 2020-ci il tarixli 2(007)-307/2020 nömrəli icra sənədi üzrə borcunu ödəmək üçün 10 günlük yeni müddət təyin edildiyi izah edilmiş, əks təqdirdə Azərbaycan Respublikası CM-nin 306-cı maddəsinə əsasən cinayət məsuliyyətinə cəlb olunacağı barədə xəbərdarlıq edilmişdir. Təqsirləndirilən şəxs imza edərək xəbərdarlığı almışdır. (i.v. 94) - 08 fevral 2022-ci il tarixli aktın surətindən görünür ki, icra məmurları tərəfindən hal şahidinin iştirakı ilə borclu Təqsirləndirilən şəxs qeydiyyatda olmaqla yaşadığı ünvana baxış zamanı evdə ilk zərurət əşyaları istisna olmaqla tələbin yönələ biləcəyi əmlak aşkar olunmamışdır. (i.v. 97) - 02 iyun 2022-ci il tarixli 8(007)-180/2022 nömrəli qərardadın surətindən görünür ki, icra məmurunun təqdimatı əsasında Bakı şəhəri Nizami Rayon Məhkəməsi tərəfindən borclu Təqsirləndirilən şəxs ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmışdır. (i.v. 103-104) - 08 sentyabr 2020-ci il, 20 may 2021-ci il, 02 avqust 2021-ci il, 19 oktyabr 2021-ci il və 18 aprel 2022-ci il tarixli bildiriş-xəbərdarlıqlardan görünür ki, Bakı şəhəri Nizami rayon icra şöbəsinin icra məmuru tərəfindən borclu Təqsirləndirilən şəxs, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 30 iyul 2020-ci il tarixli 2(007)-307/2020 nömrəli icra sənədinin icrasını təmin etmədiyi təqdirdə Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb olunması üçün barəsində prosessual tədbirlərin həyata keçiriləcəyi haqda xəbərdarlıqlar edilmişdir. (i.v. 74, 119-122) -Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Dayanaqlı və Operativ Sosial Təminat Agentliyinin 3 saylı Bakı DOST Mərkəzinin 16 avqust 2022-ci il tarixli məktubdan və 18 yanvar 2023-cü il tarixli arayışından görünür ki, Təqsirləndirilən şəxs Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Məşğulluq” altsisteminə əsasən işaxtaran kimi qeydiyyatda deyil, onun qüvvədə olan əmək müqaviləsi aşkar edilməmişdir. (i.v. 123) - 17 dekabr 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi ilə elan edilmiş ittiham qüvvəsində saxlanılmışdır. (i.v. 155-159) Sübutların qiymətləndirilməsi və hüquqi məsələlər: Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə hökmü haqqında” 15 saylı, 24 dekabr 2021-ci il tarixli Qərarına əsasən məhkəmənin hökmü məhkəmə baxışının aparıldığı dildə, aydın, anlaşılan ifadələrlə tərtib olunmalıdır, hökm yalnız məhkəmə iclasında bilavasitə tədqiq olunan sübutlara əsaslana bilər. Azərbaycan Respublikası CPM-nin 349.5.1-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Məhkəmə, dövlət ittihamçısını, zərərçəkmiş şəxsi, təqsirləndirilən şəxsi, onun müdafiəçisini və şahidləri dinləyib, iş materiallarını hərtərəfli və obyektiv tədqiq edib, istinad olunan hüquq normalarına əsaslanaraq, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirliliyi özünün qismən etiraf ifadəsi ilə yanaşı, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan, iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, iş üzrə toplanmış digər materiallarla sübuta yetirilmişdir. İstintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir, onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar, habelə, əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016cı il tarixli Qərarının 8.2-ci bəndi ilə məhkəmələrə izah edilmişdir ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi). Nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir. Aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Ona görə məhkəmə Təqsirləndirilən şəxs ifadəsində göstərilənləri onun cinayət məsuliyyətindən azad olunmağa cəhdi kimi qiymətləndirərək nəzərə almır və hesab edir ki, Azərbaycan Respublikası CPM-nin 44.2.4-cü maddəsinə müvafiq olaraq, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməkdə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarılmalı və ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin 306.1-ci maddəsinin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsinə əsasən qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini, hökmünü, qərardadını, qərarını və ya əmrini qərəzli olaraq icra etməmə və ya həmin məhkəmə aktlarının icrasına maneçilik törətmə - iki min manatdan dörd min manatadək miqdarda cərimə və ya üç yüz iyirmi saatdan dörd yüz səksən saatadək ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsinin şərh edilməsinə dair” 2 oktyabr 2012-ci il tarixli Qərarına əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306-cı maddəsində nəzərdə tutulmuş cinayət tərkibi məhkəmə aktını icra etməməsinə görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 313-1.1-ci (hazırkı 528.1-ci) maddəsi ilə inzibati məsuliyyətə cəlb edildikdən sonra şəxs tərəfindən həmin icra sənədinin yenidən qərəzli olaraq icra edilmədiyi hallarda yaranır. Azərbaycan Respublikası CM-nin 306-cı maddəsinin “Qeyd”inə əsasən bu Məcəllənin 306.1 və ya 306.2-ci maddələrində nəzərdə tutulmuş əməlləri törətmiş şəxs qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini, hökmünü, qərardadını, qərarını və ya əmrini həmin əməllərlə bağlı hökm qanuni qüvvəyə minənədək tam icra etdikdə cinayət məsuliyyətindən azad edilir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, Azərbaycan Respublikası CM-nin 306.1ci maddəsində nəzərdə tutulan əməli törətmiş Təqsirləndirilən şəxs, verilmiş ittiham üzrə 7218 manat aliment borcundan, cinayət işinin məhkəmənin icraatına daxil olduğu 28 dekabr 2022-ci il tarixindən yekun məhkəmə aktının çıxarıldığı 14 iyun 2023-cü il tarixinədək qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini (ittihamla müəyyən edilmiş hissədə) tamamilə icra etməmiş, yalnız 3000 manat məbləğində pul ödənişi etmişdir. Belə olan halda, məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin qeyd edilən əsasla cinayət məsuliyyətindən azad edilməsinə əsas yoxdur, ona görə onun barəsində ittihamedici hökm çıxarılmalıdır. Bundan başqa, Təqsirləndirilən şəxs 22 may 2023-cü il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, aliment borcunun ödənilməsinin təminatı kimi onun xüsusi mülkiyyətində olan “Lexus Qrand” markalı **-LV-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin müvafiq qərarı ilə həbs qoyulmuşdur. Hazırda həmin avtomobilin açıq hərracda satılması məqsədilə Bakı şəhəri Nizami rayon icra şöbəsi tərəfindən hərracın təşkil edilməsi üçün sifariş verilmişdir. Açıq hərracda satılması üçün həmin avtomobili icra şöbəsinə təqdim etmişdir. Avtomobilin satışından əldə olunan maddi vəsait hesabına yığılıb qalmış aliment borcunu tam şəkildə ödəyəcəyəkdir. Belə ki, avtomobilin dəyəri ən azı 30000 manat təşkil edir ki, bu da borcun ödənilməsi üçün kifayət edir. Göstərilənləri nəzərə alaraq, onun xüsusi mülkiyyətində olan avtomobilin açıq hərracda satışına qədər cinayət işi üzrə 31 may 2023-cü il tarixə təyin edilmiş məhkəmə iclasının təxirə salınmasını xahiş etmişdir. Təqsirləndirilən şəxsin qeyd olunan vəsatəti nəzərə alınaraq və aliment borcunun ödəniləcəyi ehtimalına görə cinayət işi üzrə 31 may 2023-cü il tarixə təyin edilmiş məhkəmə iclası təxirə salınmış, həmin və 14 iyun 2023-cü il tarixdə keçirilən məhkəmə iclasları zamanı isə təqsirləndirilən şəxs tərəfindən ittihamla müəyyən edilmiş aliment borcunun tamamilə ödənilməsi təmin edilməmişdir. Avtomobilin hərracda satılaraq borcun ödənilməsi məsələsinə gəldikdə, məhkəmə qeyd edir ki, icra məmurunun 19 may 2023-cü il tarixli qərarı ilə avtomobilin qiymətləndirilməsi üçün qiymətləndirici ekspert dəvət olunmuşdur, həmin qərarın nə vaxt icra olunacağı və sonrakı prosedurların nə vaxt və hansı qaydada həyata keçirilməsi müəyyən deyil, vaxt da konkret deyildir, belə olan halda, məhkəmənin qənaətinə görə, cinayət icraatı qaydasında işə baxan məhkəmənin işə baxılmasını belə səbəbdən qeyri-müəyyən vaxtadək saxlaması, mahiyyəti üzrə qərar qəbul etməməsi, cinayət mühakimə icraatının vəzifələrinə zidd olardı. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən aşağıdakıları nəzərə alır, eləcə də cinayət qanununun müvafiq prinsip və müddəalarını rəhbər tutur: -Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş 01 dekabr 2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu haqqında məlumat yoxdur, o, Bakı şəhəri Qaradağ RPİ-nin istintaq şöbəsi tərəfindən qəsdən sağlamlığa yüngül zərər vurma əməlinə görə Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilmiş, 24 mart 2020ci il tarixdə Azərbaycan Respublikası CPM-nin 39.1.11-ci maddəsinə əsasən cinayət işinin icraatına xitam verilmişdir. (i.v. 154) - 19 dekabr 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. (i.v. 176) -Məhkəməyə təqdim edilmiş 27 mart 2023-cü il, 28 aprel 2023-cü il və 15 may 2023-cü il tarixli qəbzlərdən görünür ki, Təqsirləndirilən şəxs "xxxx" ASC-yə aid ödəmə terminalı vasitəsi ilə müvafiq olaraq 2000 manat, 500 manat və 500 manat olmaqla cəmi 3000 manat pulu aliment ödənişi qismində Bakı şəhəri Nizami rayon icra şöbəsinin depozit hesabına ödəmişdir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 nömrəli Qərarının 1-ci bəndi ilə məhkəmələrə izah edilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndinə əsasən şəxsin təqsirli bilindiyi maddənin sanksiyası azadlıqdan məhrum etmə ilə yanaşı yüngül cəza növləri də nəzərdə tutursa, hökm çıxarılarkən, azadlıqdan məhrum etmə cəzası təyin edildikdə, bu qərar hökmdə əsaslandırılmalıdır. Cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi ilə törətdiyi əməl həmin Məcəllənin 15.3-cü maddəsinə əsasən az ağır cinayət, 25.1-ci maddəsinə əsasən isə qəsdən törədilmiş cinayət hesab olunur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə cinayət nəticəsində dəymiş ziyanı qismən ödəməsini Azərbaycan Respublikası CM-nin 59.1.14-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal qismində Azərbaycan Respublikası CM-nin 61.1-ci maddəsində dairəsi konkret göstərilmiş hallar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs barəsində təyin ediləcək cəzanın həddini və növünü müəyyən edərkən, cəza təyinetmənin ümumi prinsiplərini rəhbər tutmaqla onun qəsdən az ağır cinayət törətməsini, işin faktiki hallarını nəzərə alaraq, hesab edir ki, onun islah olunması üçün törətdiyi cinayətə görə barəsində azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi məqsədəmüvafiqdir, tətbiq edilməsi nəzərdə tutulan cəza cinayət törətmiş şəxsin fərdi xüsusiyyətlərinə, törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsinə və xarakterinə mütənasibdir və hazırkı halda həmin cəza, cəzanın məqsədini təmin edir. Ona görə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs hazırkı işlə bağlı şübhəli şəxs qismində tutulmamış, həbsdə saxlanılmamışdır. Ona görə məhkəmə hesab edir ki, cəza müddətinin hesablanması zamanı Azərbaycan Respublikası CPM-nin 158-ci, CM-nin 69-cu maddələrinin müddəalarının tətbiqi üçün əsaslar yoxdur. Məhkəmə Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs ona təyin olunacaq cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 175.5-ci maddəsinə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli olduğundan, onun barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri dəyişdirilərək həbs qətimkan tədbiri ilə əvəz edilməli və bu qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Məhkəmə, Azərbaycan Respublikası CPM-nin 346-cı maddəsində nəzərdə tutulan, məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında müzakirə edilməli olan digər məsələlərlə bağlı qeyd edir ki, iş üzrə mülki iddia yoxdur; cinayət nəticəsində vurulmuş maddi zərərin və ya mümkün ola biləcək xüsusi müsadirənin təmin edilməsi məqsədi ilə əmlak üzərinə həbs qoyulmamışdır; maddi sübut qismində hər hansı əşya və ya predmet tanınmamışdır; məhkəmə məsrəfinin tutulmasına əsas olacaq ekspertiza iş üzrə keçirilməmişdir. Azərbaycan Respublikası CM-nin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2, 193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının (AR Nazirlər Kabineti) müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə hesab edir ki, qərar əsasında dövlət hesabına dəvət olunmuş vəkil Müdafiəçi1 məhkəmə icraatı zamanı təqsirləndirilən şəxsə göstərdiyi hüquqi yardıma görə iştirak etdiyi müddət 30 iş saatı müddətinə bərabər sayılaraq, (Nazirlər Kabinetinin xx.xx.2018-ci il tarixli 202 saylı qərarına əsasən) göstərilmiş hüquqi xidmətlərə görə hər iş saatı üçün 6 manat miqdarında ödənilməsi nəzərə alınmaqla dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsini həyata keçirmiş digər vəkil Müdafiəçi2 müqavilə əsasında işdə iştirak etdiyindən Azərbaycan Respublikası CPM-nin 193-cü maddəsinin tələbləri baxımından həmin vəkilə əmək haqqı ödənilməsi məsələsinin müzakirəsinə əsaslar yoxdur. Nəticə: Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin başlanğıcı 14 iyun 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri dəyişdirilib hökm qanuni qüvvəyə minənədək qüvvədə saxlanılmaqla, həbs qətimkan tədbiri ilə əvəz edilsin və o, məhkəmə iclas zalında dərhal həbs edilsin. Təqsirləndirilən şəxs müvafiq rejim üzrə cəzaçəkmə müəssisəsinə göndərilməsinədək həbsdə saxlanılma yeri Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 3 saylı istintaq təcridxanası müəyyən edilsin. Təqsirləndirilən şəxs məhkəmə icraatı dövründə 30 iş saatı göstərdiyi pulsuz hüquqi yardıma görə Bakı şəhəri 6 saylı vəkil bürosunun vəkili Müdafiəçi1 müvafiq hesablaşma hesabı üzərindən 180 manat əmək haqqı Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Hökmdən elan olunduğu (həbsdə olan məhkuma hökmün surəti verildiyi) andan 20 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Həmin müddətdə hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə, hökm müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Nəriman Mehdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar