Məhkəmə qərarları › İş №1(007)-141/2024

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Hökm — İş №1(007)-141/2024

27.02.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(007)-141/2024 27.02.2024 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Giriş: Hakim Mehdiyev Nəriman Hüseynqulu oğlunun sədrliyi, məhkəmə iclasının katibi Məmmədli Sevinc Əbülfəz qızının katibliyi, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi-Bakı şəhəri 6 saylı vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə, təqsirləndirilən şəxs xx xxxxxxxx 1980-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, subay, fərdi qaydada işləmiş, məhkumluğu olmayan, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Mehmandarov küçəsi ev 19, mənzil 5-də qeydiyyatda olan, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, S.Şuşinski küçəsi ev 2, mənzil 4-də yaşamış, 01 oktyabr 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, 03 oktyabr 2023-cü il tarixdə barəsində həbs qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 3 saylı istintaq təcridxanasında saxlanılan - Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.1 və 234.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs özgənin əmlakını gizli olaraq talayıb oğurluq etmiş və satış məqsədi olmadan, qanunsuz olaraq, psixotrop maddəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib, saxlayaraq daşımışdır. Belə ki, özgənin əmlakını gizli olaraq talama məqsədilə 12 sentyabr 2023-cü il tarixdə saat 18 radələrində ünvan 1 ünvanda yerləşən “Sirab” marketə müştəri qismində daxil olaraq marketdə satıcının digər müştəri ilə məşğul olmasından istifadə edib masanın üzərində olan, həmin marketin sahibi Zərərçəkmiş şəxs məxsus 30 manat dəyərində bir ədəd qara rəngli pul qabını, içərisində 2000 manat pul, üzərində 500 manat dəyərində ***- ***-**-** nömrə, 5 manat dəyərində mobil telefonun ekran qoruyucusu və 10 manat dəyərində bir ədəd mobil telefon koburu olan 500 manat dəyərində bir ədəd “İphone X” markalı mobil telefon, Zərərçəkmiş şəxs məxsus 5 manat dəyərində şəxsiyyət vəsiqəsini və 30 manat dəyərində sürücülük vəsiqəsini gizli olaraq talayıb ümimilikdə Zərərçəkmiş şəxs 3080 manat maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, o, istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi olmadan, qanunsuz olaraq, şəxsi istehlak miqdarından artıq miqdarda təmiz çəkisi 0,921 qram psixotrop maddə metamfetamini əldə edib özündə saxlamaqla daşımış, 01 oktyabr 2023-cü il tarixdə saat 19:45 radələrində Bakı şəhəri Nizami rayon polis idarəsinin 25-ci polis şöbəsinin əməkdaşları tərəfindən ünvan 2 ünvanın qarşısında Zərərçəkmiş şəxs məxsus əmlakın oğurlanmasında şübhəli şəxs qismində saxlanılaraq ünvan 3 ünvanında yerləşən Bakı şəhəri Nizami RPİ-nin 25-ci polis şöbəsinə gətirilmiş, həmin şöbədə üzərində şəxsi axtarış aparılan zaman əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən 01 ədəd şəffaf sellofan bükümdə təmiz çəkisi 0,921 qram olan maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Bu hərəkətləri ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.1 və 234.1-ci maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətmişdir. İşin halları, təqdim və tədqiq edilmiş sübutlar: Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, 2020-ci ildən nakotik vasitə heroin və psixotrop maddə metamfetamini falqada yandırıb çəkmə yolu ilə qəbul etməyə başlamışdır. O, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi və Yasamal rayonu, Yeni Yasamal qəsəbəsi ərazində tanımadığı şəxslərdən narkotik vasitə və ya psixotrop maddə alıb qəbul etmişdir. Şahid4 uşaqlıqdan tanıyır və onunla normal münasibəti vardır. 12 sentyabr 2023-cü il tarixdə saat 18 radələrində Artyomla birlikdə metronun “Qara Qarayev” stansiyasının yanında piyada gəlib Kamil Balakişiyev küçəsi ilə 213 nömrəli marşurut avtobus dayanacağına getmişlər. Kamil Balakişiyev küçəsində olan “Sirab” marketin qarşısından keçən zaman o, qərara gəlmişdir ki, su alsın və Artyoma demişdir ki, marketdən su alıb çıxır. O, tək marketə girmiş, Artyom isə yavaş-yavaş getmişdir. İçəri girəndə görmüşdür ki, marketdə heç kim yoxdur. O, su bölməsinə tərəf gələn zaman görmüşdür ki, kiçik masanın üzərində bir ədəd qara rəngli portmanat var. Həmin vaxt qərara gəlmişdir ki, portmanatda pul olar və həmin portmanatı oğurlasın. Yenə sağa və sola baxmış, görmüşdür ki, heç kim yoxdur. Həmin vaxt qərarını qətiləşdirmiş və masanın üzərindəki portmanatı götürmüş, marketin giriş qapısına tərəf gəlməyə başlamış və portmanatı çiyindən olan çantaya qoyub iti addımlarla marketdən çıxmışdır. Bundan sonra qaçaraq Kamil Balakişiyev küçəsini keçib əks tərəfdə olan yaşayış binasına tərəf getmişdir. O, qaçaraq yaşayış binasının blokuna keçmiş, oğurladığı portamanatı açmış və görmüşdür ki, portmanatın içində 2000 manat pul, bir ədəd “iPhone X” markalı mobil telefon və 2 ədəd bank kartı vardır. Bundan sonra o, əynində olan idman gödəkcəsini çıxardıb çiynində olan çantaya qoymuş, çantada olan digər gödəkcəni çıxarıb geyinmişdir ki, onu tanıyan olmasın. Bundan sonra piyada “Sevinc” kinoteatrının qarşısına gəlib 213 nömrəli marşurut avtobusuna minmiş və Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsinə getmişdir. Bakıxanov qəsəbəsində o, oğurladığı portmanatın içində olan pulu və mobil telefonu götürmüş, niyyəti bank kartı və rəsmi sənəd oğurlamaq olmadığı üçün portmanatı içində olan kartlarla birlikdə Bakıxanov dəmiryolu stansiyasının arxa tərəfinə atmışdır. Mobil telefonun arxa hissəsində olan koburu açanda görmüşdür ki, bir ədəd şəxsiyyət vəsiqəsi və bir ədəd sürücülük vəsiqəsi vardır. Mobil telefonun üzərində olan mobil nömrəni çıxarıb atmış və mobil telefonun ekranın kodunu açmaq üçün Bakıxanov qəsəbəsində yaşayan tanışı Namiq adlı şəxsə vermişdir. Sürücülük və şəxsiyyət vəsiqəsi mobil telefonun koburunu arxasında qalmışdır. Təxminən 2 gündən sonra Bakıxanov qəsəbəsində Artyomla görüşmüşlər, Artyom 12 sentyabr 2023-cü il tarixdə “Sirab” marketə girəndən sonra onu gözləmədən qaçıb getdiyinin səbəbini soruşmuş, Artyoma demişdir ki, marketdə masanın üzərində olan portmanatı oğurlayıb qaçıb getmişdir. Artyom ondan oğurladığı portmanatda nə olduğunu soruşanda bir ədəd “iPhone X” markalı mobil telefon, bank kartları, sürücülük və şəxsiyyət vəsiqəsi olduğunu demiş, lakin portmanatda pul olduğunu deməmişdir. İstintaq zamanı da bu barədə deməmişdir, lakin hazırda etiraf edir. Bundan sonra, 01 oktyabr 2023-cü il tarixdə səhər saatlarında o, tək Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsində yerləşən Ticarət mərkəzinin yaxınlığında tanımadığı şəxsdən öz istifadəsi üçün bir ədəd bükümdə psixotrop maddə metamfetamini 10 manata almış və əynində olan göy rəngli cins şalvarın sağ yan cibinə qoymuş, bu barədə heç kimə bir söz deməmişdir. 01 oktyabr 2023-cü il tarixdə saat 19:30 radələrində o, Artyomla birlikdə Bakıxanov qəsəbəsi, Məktəbli küçəsi ilə piyada gedən zaman iki nəfər mülki geyimdə olan şəxs onlara yaxınlaşıb özlərini Bakı şəhəri Nizami rayon polis idarəsinin 25-ci polis şöbəsinin əməkdaşları kimi təqdim etmiş, ondan və Artyomdan anket məlumatlarını soruşmuşlar. Onlar öz anket məlumatlarını demişlər, polis əməkdaşları Bakı şəhəri, Nizami rayonu ərazisində oğurluq cinayətində şübhəli bilindikləri üçün onları 25-ci polis şöbəsinə dəvət etmişlər. Onlar etiraz etməyib polis əməkdaşları ilə birlikdə 25-ci polis şöbəsinə getmişlər və polis şöbəsində hərəsini bir xidməti otağa aparmışlar. Xidməti otaqlarının birində ona təhqiqatçı tərəfindən hüquq və vəzifələri izah olunmuş, dövlət hesabına vəkil dəvət edilmişdir. Polis əməkdaşları tərəfindən ona izah olunmuşdur ki, videoçəkilişlə üzərində şəxsi axtarış aparılacaqdır. Vəkilin iştirakı ilə videoçəkilişlə üzərində şəxsi axtarış keçirilməsi başlanmış, videoçəkiliş zamanı polis əməkdaşları özlərini təqdim etdikdən sonra o da özünü təqdim etmişdir. Hüquq və vəzifələri izah olunmuş və vəkilin iştirakı ilə üzərində şəxsi axtarış aparılmasına başlanmışdır. Bu zaman üzərində qanunla qadağan olunmuş hər hansı əşya və ya predmetin olub-olmamasını soruşmuş, olduğu təqdirdə təqdim etməsini təklif etmişlər. O, əynində olan göy rəngli cins şalvarın sağ yan cibində olan bir ədəd bükümü çıxarıb xidməti otaqda olan masanın üzərinə qoyub bildirmişdir ki, bu bükümdə olan maddə “şüşə” kimi tanıığı psixotrop maddə metamfetamindir, onu 01 oktyabr 2023-cü il tarixdə Bakıxanov qəsəbəsində tanımadığı, anket məlumatlarını bilmədiyi şəxsdən 10 manata öz istifadəsi üçün almışdır. Bir ədəd büküm polis əməkdaşları tərəfindən açılmış və həmin bükümün içində ağımtıl rəngli maddə aşkarlanmışdır. Təqdim etdiyi büküm polis əməkdaşları tərəfindən onun yanında zərfə qoyularaq qablaşdırılmış, protokol tərtib olunmuş və zərf möhürlənmiş, zərfin üzəri və tərtib olunmuş protokolu o və iştirakçılar imzalamışlar. Polis əməkdaşları ondan 12 sentyabr 2023-cü il tarixdə saat 18 radələrində ünvan 5 ünvanda yerləşən “Sirab” marketdə baş vermiş oğurluq hadisəsi haqqında soruşmuşlar və o, polis əməkdaşlarına oğurluq əməlini etiraf etmişdir. Təqsirləndirilən şəxs ifadəsinin sonunda əməlindən səmimi peşman olduğunu, zərərçəkmiş şəxsə dəymiş ziyanın ödənildiyini və zərərçəkmiş şəxsin onunla barışdığını göstərmiş, barəsində yüngül cəza təyin olunmasını məhkəmədən xahiş etmişdir. İbtidai istintaq zamanı zərərçəkmiş şəxs qismində tanınaraq dindirilmiş Zərərçəkmiş şəxs məhkəmə iclasında iştirak etməmiş, ərizə ilə müraciət edərək Təqsirləndirilən şəxs ona vurduğu ziyanı ödədiyini, təqsirləndirilən şəxslə barışdıqlarını, ona qarşı heç bir şikayət və tələbinin olmadığını göstərmiş, işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Bununla əlqədar onun qeyd olunan dövrdə verdiyi ifadə elan olunaraq tədqiq edilmişdir. Zərərçəkmiş şəxs sözügedən ifadəsində göstərmişdir ki, ünvan 6 ünvandakı “Sirab” market ona məxsusdur. Həmin marketdə qida və sular satılır. Marketi saat 07 radələrində satıcı Şahid3 açır və saat 19 radələrinə kimi işləyir. Bundan sonra o, Şahid3 yola salır və saat 01 radələrində marketi bağlayıb gedir. 12 sentyabr 2023-cü il tarixdə saat 07 radələrində Şahid3 marketi açıb işə başlamış və həmin gün saat 18 radələrində o, marketə gəlmiş, əlində olan portmanatı mağazada masanın üzərinə qoyub sanuzerə getmişdir. Market iki otaqdan ibarətdir, həmin vaxt Sevinc marketdə ikinci otaqda bir nəfər müştəriyə yumurta vermişdir. O, sanuzerdən çıxmış və Sevinc ona demişdir ki, bir nəfər kişi cinsli müştəri gəlmiş, tez də çıxmış, şübhələndiyi üçün onun arxasınca çıxmış və onu çağırsa da, müştəri qaçıb getmişdir. Bundan sonra o, Şahid3 ilə birlikdə müşahidə kamerasına baxmış və məlum olmuşdur ki, kişi cinsli şəxs mağazada masanın üzərinə qoyduğu portamanatı götürüb çıxıb gedir. Bundan sonra Şahid3 istifadəsində olan ***-***- **-** nömrədən DİN-nin 102 xidməti zəng mərkəzinə zəng vurub məlumat vermişdir ki, ünvan 7 ünvanda yerləşən “Sirab” marketdə müdiriyyətə məxsus içərisində kart və məbləğini bilmədiyi pul olan portmanatı naməlum kişi cinsli şəxs oğurlamışdır. Bundan sonra Bakı şəhəri Nizami rayon polis idarəsinin 25-ci polis şöbəsinin əməkdaşları gəlib hadisə yerinə və müşahidə kamerasına baxış keçirmişlər. Həmin gün o, 25-ci polis şöbəsinə ərizə ilə müraciət etmiş və hadisə ilə bağlı izahat yazmışdır. Oğurluq hadisəsi zamanı 30 manat dəyərində bir ədəd portmanat, içərisində 2000 manat, bir ədəd şəxsiyyət vəsiqəsi, bir ədəd sürücülük vəsiqəsi, bir ədəd VÖEN, bir ədəd Kapital banka aid təqaüd kart, bir ədəd Kapital banka aid Birkart, bir ədəd Kapital banka aid debüt kartı, 500 manat dəyərində bir ədəd İphone X markalı mobil telefon, 500 manat dəyərində bir ədəd ***-***- **-** nömrə, mobil telefonun ekranın üzərində 5 manat ekran qoruyucusu, mobil telefonun arxasında 10 manat dəyərində bir ədəd kobur olmuşdur. O, şəxsiyyət vəsiqəsinə görə 5 manat, sürücülük vəsiqəsinə görə 30 manat pul vermiş, portmanatda olan digər kartları pulla almamış və məlum oğurluq cinayəti nəticəsində ona 3080 manat ziyan dəymişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, o, 2021-ci ildən ünvan 6 ünvanda “Sirab” marketdə satıcı vəzifəsində işləyir. Həmin marketdə qida, ərzaq və sular satılır. Marketi o, saat 07 radələrində açır, saat 19 radələrində kimi işləyir, ondan sonra marketin sahibi Zərərçəkmiş şəxs onu əvəz edir. Zərərçəkmiş şəxs marketi saat 01 radələrində bağlayıb gedir. 12 sentyabr 2023-cü il tarixdə saat 07 radələrində o, marketi açıb işə başlamış və həmin gün saat 18 radələrində Zərərçəkmiş şəxs marketdə gəlmiş, əlində olan portmanatı mağazada masanın üzərinə qoyub sanuzerə getmişdir. Market iki otaqdan ibarətdir, o, marketin ikici otağında bir nəfər müştəriyə yumurta vermişdir. Həmin vaxt görmüşdür ki, bir müştəri marketdən çıxmışdır, o, həmin müştəridən nə lazım olduğunu soruşmuş, müştəri cavab vermədən marketdən çıxmışdır. O, müştərinin arxasınca çıxmış, lakin müştəri qaçıb getmişdir. Həmin şəxsin üzünü görməmiş, aralarında danışıq olmamışdır. Bundan başqa, şəxs marketdən çıxıb qaçanda marketin yaxınlığında bir nəfər orta yaşlı kişi dayanmışdır, lakin onun kim olduğunu bilməmişdir. Bundan sonra o, Zərərçəkmiş şəxs çağırmış və ona demişdir ki, bir müştəri tələsik marketdən çıxaraq qaçıb getmişdir. Bundan sonra onlar birlikdə marketdə olan təhlükəsizlik kamerasına baxmışlar və məlum olmuşdur ki, kişi cinsli şəxs mağazada masanın üzərinə Zərərçəkmiş şəxs qoyduğu portamanatı götürüb çıxıb getmişdir. O, istifadəsində olan ***-***-**-** nömrəsindən DİN-nin 102 xidməti zəng mərkəzinə zəng vurub məlumat vermişdir ki, ünvan 7 ünvanda yerləşən “Sirab” marketdə müdiriyyətə məxsus içərisində kart və məbləğini bilmədiyi pul olan portmanatı naməlum kişi cinsli şəxs oğurlamışdır. Bundan sonra Bakı şəhəri Nizami rayon polis idarəsinin 25-ci polis şöbəsinin əməkdaşları gəlib hadisə yerinə və müşahidə kamerasına baxış keçirmişlər. Həmin gün Zərərçəkmiş şəxs 25-ci polis şöbəsinə ərizə ilə müraciət etmişdir. Zərərçəkmiş şəxs ona bildirdiyinə görə portamanatda pul və kart olmuşdur. Buna görə o, 102 xidməti zəng mərkəzinə zəng vurarkən müdirin portmanatının oğurlandığını, içində pul və kart olduğunu bildirmişdir. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid4 məhkəmə iclasında iştirakının təmin edilməsi mümkün olmamışdır, bununla əlaqədar onun qeyd olunan dövrdə verdiyi ifadəsi məhkəmə iclasında elan olunaraq tədqiq edilmişdir. Şahid sözügedən ifadəsində göstərmişdir ki, o, Təqsirləndirilən şəxs uşaqlıqdan tanıyır və onun Etibarla normal münasibəti vardır. 12 sentyabr 2023-cü il tarixdə saat 18 radələrində o, Etibarla birlikdə Bakı şəhəri, Nizami rayonu, Kamil Balakişiyev küçəsi ilə piyada hərəkət edib 213 nömrəli marşurut avtobusunun dayanacağına getmişlər ki, avtobusla Bakıxanov qəsəbəsinə getsinlər. O, Etibarla birlikdə Kamil Balakişiyev küçəsi ilə piyada hərəkət edən zaman “Sirab” marketin qarşısından keçmişlər. Həmin vaxt Etibar marketə tərəf getmiş və demişdir ki, su alıb çıxır. O, marketin qarşısında durmuş və Etibarı gözləməyə başlamışdır. Təxminən 2-3 dəqiqə sonra Etibar marketdən iti adamlarla çıxmış və qaçaraq Kamil Balakişiyev küçəsini keçib hərəkətini davam etdirmişdir. O, fikirləşmişdir ki, görəsən nə oldu və Etibarın axasınca adi yerişlə getməyə başlamışdır. Bu zaman “Sirab” marketdən bir qadın çıxmış və Etibarın arxasınca baxıb marketə qayıtmışdır. O, Etibarın arxasınca getsə də tapa bilməmiş və 213 nömrəli marşurut aavtobusunun dayanacağına gəlmiş, avtobus gələndən sonra avtobusa əyləşib Bakıxanov qəsəbəsinə getmişdir. O, həmin gün Etibarı görməmiş, təxminən 2 gündən sonra Etibarı Bakıxanov qəsəbəsində məhəllədə görmüş və ondan soruşmuşdur ki, o gün niyə qaçıb getdiyini soruşmuşdur. Etibar ona demişdir ki, “Sirab” marketdən bir ədəd portmanat oğurlamışdır. O, portmanatın içində nə olduğunu soruşanda Etibar demişdir ki, portmanatda bir ədəd “iPhone X” markalı mobil telefon, şəxsiyyət vəsiqəsi, sürücülük vəsiqəsi və bank kartları olmuşdur. O, Etibardan portmanatda pul olub-olmadığını soruşanda o, pul olmadığını demişdir. O, Etibardan mobil telefonu nə etdiyini soruşanda, mobil telefonun ekranının kodunu açması üçün dostuna verdiyini bildirmişdir. 01 oktyabr 2023-cü il tarixdə saat 19:30 radələrində o, Etibarla birlikdə Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Məktəbli küçəsi ilə evə tərəf piyada gedən zaman iki nəfər mülki geyimdə olan şəxs yaxınlaşıb özlərini Bakı şəhəri Nizami rayon polis idarəsinin 25-ci polis şöbəsinin polis əməkdaşları kimi təqdim etmişlər. Onlar da polis əməkdaşlarına öz anket məlumatlarını demişlər və polis əməkdaşları Bakı şəhəri, Nizami rayonu ərazisində oğurluq cinayətində şübhəli bilindikləri üçün onları 25-ci polis şöbəsinə dəvət etmişlər. Onlar etiraz etməmiş, polis əməkdaşları onları 25-ci polis şöbəsinə aparmışlar. Onu və Təqsirləndirilən şəxs ayrı-ayrı xidməti otaqlara aparmışlar və ondan 12 sentyabr 2023-cü il tarixdə Bakı şəhəri, Nizami rayonu, Kamil Balakişiyev küçəsində yerləşən “Sirab” marketdən portmanatın oğurlanması barədə soruşmuşlar. O, olan hadisə barədə polis əməkdaşlarına danışmış və demişdir ki, Etibar “Sirab” marketə girmiş və demişdir ki, su alır. O, mağazaya girməmiş və çöldə gözləmişdir. Təxminən 2-3 dəqiqə sonra Etibar iti yerişlə marketdən çıxmış və Kamil Balakişiyev küçəsini qaçaraq keçib getmişdir. Etibar “Sirab” marketdə gedən zaman marketə oğurluq etmək üçün girdiyini deməmişdir. Etibar marketə girən zaman marketin qarşısında durub gözləmişdir ki, o, marketdən çıxsın və birlikdə evə getsinlər. Etibar marketə girən zaman ona deməmişdir ki, marketin qarşısında gözləsin, kimsə gəlsə xəbər etsin. Yalnız iki gündən sonra Etibarla görüşən zaman ona demişdir ki, marketdən portmanat oğurlamışdır. Etibarın ekranının kilidini açmaq üçün mobil telefonu verdiyi dostunu o, tanımır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o, Bakı şəhəri Nizami RPİ-nin 25-ci polis şöbəsinin cinayət axtarışı üzrə baş əməliyyat müvəkkili vəzifəsində xidmət edir. 12 sentyabr 2023-cü il tarixdə saat 18:03-də Azərbaycan Respublikası DİN-nin 102 xidməti zəng mərkəzindən həmin tarixdə ünvan 5 ünvanda yerləşən “Sirab” marketdə masanın üzərindən içərisində 2000 manat, bir ədəd iPhone X markalı mobil telefon, şəxsiyyət vəsiqəsi, sürücülük vəsiqəsi və bank kartları olan bir ədəd pul qabının oğurlanması barədə Nizami rayon polis idarəsinin 25-ci polis şöbəsinə məlumat daxil olmuşdur. Eyni tarixdə Zərərçəkmiş şəxs 25-ci polis şöbəsinə ərizə ilə müraciət edərək bildirmişdir ki, 12 sentyabr 2023-cü il tarixdə saat 18 radələrində özünə məxsus ünvan 5 ünvanda yerləşən “Sirab” marketə gəlmiş, marketdə masanın üzərinə içərisində 2000 manat, bir ədəd iPhone X markalı mobil telefon, şəxsiyyət vəsiqəsi, sürücülük vəsiqəsi və bank kartları olan bir ədəd qara rəngli pul qabını qoymuş və marketdə olan tualetə getmiş, təxminən 2-3 dəqiqədən sonra geri dönən zaman marketdə masanın üzərinə qoyduğu pul qabının yerində olmadığını görmüşdür. Bundan sonra müşahidə kamerasına baxan zaman görmüşdür ki, marketə müştəri qismində daxil olmuş 35-40 yaşlarında kişi ona məxsus qara rəngli pul qabını marketdə masanın üzərindən oğurlamışdır. Keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı müəyyən edilmişdir ki, həmin pul qabını oğurlayan şəxs Təqsirləndirilən şəxsdur. 25-ci polis şöbəsinin əməliyyat müvəkkili Şahid2 ilə 01 oktyabr 2023-cü il tarixdə saat 20:00 radələrində ünvan 8 ünvanının qarşısında həmin oğurluq cinayətini törətməkdə şübhəli bilinən Təqsirləndirilən şəxs və Şahid4 saxlayaraq 25-ci polis şöbəsinə gətirmişlər. Təqsirləndirilən şəxs və Şahid4 polis şöbəsinin ayrı-ayrı xidməti otaqlarına aparılmışdır. Xidməti otaqların birində 25-ci polis şöbəsinin təhqiqatçısı Samir Nəsirli tərəfindən Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah olunmuş, hüquqlarının müdafiə edilməsi üçün dövlət hesabına vəkil dəvət olunmuşdur. Videoçəkiliş vasitəsilə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılacağı barədə ona bildirilmişdir. Bundan sonra onun, əməliyyat müvəkkili Şahid2, videoçəkiliş aparan həmin şöbənin əməliyyat müvəkkili X1 və vəkilin iştirakları ilə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmasına başlanmışdır. Videoçəkiliş zamanı Təqsirləndirilən şəxs təhqiqatçı tərəfindən hüquq və vəzifələri yenidən izah olunmuşdur. Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmamışdan qabaq üzərində qanunla qadağan olunmuş hər hansı əşya və ya predmetin olub-olmaması, olduğu təqdirdə təqdim edilməsi təklif edilmişdir. Təqsirləndirilən şəxs bu təklifdən sonra əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən bir ədəd bükümün içərisində ağ rəngli kristallik hissəcik maddədən ibarət olan psixotrop maddə metamfetaminə bənzər maddəni təqdim etmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs həmin bir ədəd bükümdə olan maddənin psixotrop maddə metamfetamin olduğunu, 01 oktyabr 2023-cü il tarixdə Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsində tanımadığı şəxsdən 10 manata özü istifadə etmək üçün aldığını və özü istifadəsi üçün üzərində saxladığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilmiş və onun üzərindən qanunla qadağan olunmuş əşya və predmet aşkar olunmamışdır. Təqsirləndirilən şəxs üzərindən aşkar olunan bir ədəd bükümdə psixotrop maddə metamfetaminə bənzər maddə cinayət təqibi üzrə sübut əhəmiyyətli olduğundan zərfə qoyularaq qablaşdırılmış, zərfin üzəri iştirakçılar tərəfindən imzalanmış və möhürlə möhürlənib götürülmüşdür. Bundan sonra Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə keçirilməsi ilə əlaqədar protokol tərtib edilmiş, ucadan oxunmuş, heç bir əlavə və qeyd daxil olmadığından, protokol düzgün yazıldığı üçün iştirakçılar tərəfindən imzalarla təsdiq edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs ünvan 9 ünvanda yerləşən “Sirab” marketdən oğurluq olması ilə barədə soruşmuşlar. Təqsirləndirilən şəxs səmimi olaraq bildirmişdir ki, 12 sentyabr 2023-cü il tarixdə saat 18 radələrində Bakı şəhəri, Nizami rayonu, Kamil Balakişiyev küçəsində yerləşən “Sirab” marketə su almaq üçün girmiş, marketdə masanın üzərində olan bir ədəd qara rəngli pul qabını görmüş, marketdə heç kim olmadığı üçün həmin pul qabını oğurlamaq qərarına gəlmiş və marketdə olan masaya yaxınlaşıb pul qabını götürüb marketdən çıxmışdır. Bundan sonra qaçaraq Kamil Balakişiyev küçəsini əks tərəfə keçən zaman bir qadın arxadan onu çağırmışdır. Lakin o, yaşayış binasının blokuna keçmiş, pul qabını açan zaman içərisində bir ədəd “iPhone X” markalı mobil telefon və iki ədəd bank kartı görmüşdür. O, 213 nömrəli marşurut avtobusuna minib Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsinə getmiş, pul qabının içindən bir ədəd iPhone X markalı mobil telefonu götürmüş və içərisində olan kartlarla birlikdə pul qabını atmışdır. iPhone X markalı mobil telefonun kodunu açmaq üçün Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsində yaşayan Namiq adlı şəxsə vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri Nizami RPİ-nin 25-ci polis şöbəsinin cinayət axtarışı üzrə əməliyyat müvəkkili Şahid2, Şahid1lə eyni məzmunlu ifadə vermişdir. İşdə olan və məhkəmə baxışında tədqiq edilmiş aşağıda istinad edilən sənədlər və digər sübutlar Azərbaycan Respublikası CPM-nin 124-cü maddəsinin tələblərinə müvafiq olaraq sübut kimi qəbul edilmişdir: - 02 oktyabr 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmışdır. (i.v. 1) - 01 oktyabr 2023-cü il və 11 noyabr 2023-cü il tarixli protokollardan görünür ki, 01 oktyabr 2023-cü il tarixdə şübhəli şəxs qismində saxlanılaraq 25-ci polis şöbəsinin inzibati binasına gətirilmiş Təqsirləndirilən şəxs üzərində, müdafiəçinin iştirakı və videoçəkilişlə, şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış aparılmazdan əvvəl Təqsirləndirilən şəxs bu barədə qərarla tanış edilərək paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə verməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynindəki göy rəngli şalvarının sağ yan cibindən 01 ədəd şəffaf sellofan kağızı çıxarıb masanın üzərinə qoyaraq təqdim etmişdir. Həmin sellofan kağız açılıb içərisinə baxış keçirildikdə içərisində ağ rəngli spesifik iyə malik olan maddənin olması aşkar edilmişdir. Sorğu zamanı şübhəli şəxs Təqsirləndirilən şəxs həmin kağızın içərisində “şüşə” kimi tanıdığı metamfetamin narkotik vasitəsi olduğunu, həmin maddəni şəxsi istifadəsi üçün 01 oktyabr 2023-cü il tarixdə səhər saatlarında Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsində üzdən tanıdığı, anket məlumatlarını bilmədiyi şəxsdən 10 manata aldığını bildirmişdir. Şübhəli şəxsin təqdim etdiyi 01 ədəd büküm içərisi boş olan 01 ədəd kağız zərfin içərisinə qoyulub qablaşdırılaraq möhürlənmiş, iştirakçılar və şübhəli şəxs tərəfindən imzalarla təsdiqlənmişdir. Şəxsi axtarış davam etdirilərkən şübhəli şəxs Rafiq Xanı-zadənin üzərində hər hansı qanunsuz əşya və ya predmet aşkar edilməmişdir. Şəxsi axtarış və götürmə aparılması haqqında protokol tərtib olunaraq imzalarla təsdiqlənmişdir. Şəxsi axtarış zamanı qeydə alınmış görüntülərin olduğu bir ədəd diskə 11 noyabr 2023-cü il tarixdə baxış keçirilərkən 01 oktyabr 2023-cü il tarixli protokolda qeyd olunanların öz təsdiqini tapdığı müəyyən olunmuşdur. (i.v. 26-27, 160) -Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Publik hüquqi şəxsin Ambulator Məcburi-Narkoloji tibbi yoxlamasının 18 noyabr 2023-cü il tarixli 7554 nömrəli rəyinin nəticə hissəsindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloj dispanserində qeydiyyata alınması məsləhət görülür. (i.v. 172-173) - 10 dekabr 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.1 və 234.1-ci maddələri ilə yenidən ittiham elan edilmiş, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilərkən əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən bir ədəd bükümdə psixotrop maddə metamfetamini təqdim etməsi zamanı qeydə alınmış videogörüntü olan bir ədəd DVD disk cinayət işi üzrə maddi sübut qismində tanınmış və cinayət işinə əlavə edilərək saxlanılmış, 12 sentyabr 2023-cü il tarixdə ünvan 5 ünvanda yerləşən “Sirab” marketə Təqsirləndirilən şəxs daxil olub marketdə heç kim olmadığından istifadə edib masanın üzərində olan bir ədəd qara rəngli pul qabını götürərək çiynində olan çantaya qoyub marketdən çıxıb getməsi zamanı qeydə alınmış videogörüntü olan bir ədəd DVD disk cinayət işi üzrə maddi sübut qismində tanınaraq cinayət işinə əlavə edilərək saxlanılmış, Təqsirləndirilən şəxs üzərində aşkar olunmuş bir ədəd bükümdə təmiz çəkisi 0,921 qram psixotrop maddə metamfetamin maddi sübut qismində tanınmış və ekspertiza tədqiqatına sərf edildikdən sonra qalan 0,871 qram psixotrop maddə metamfetamin Bakı şəhəri Nizami rayon polis idarəsində maddi sübutların saxlanılma anbarına təhvil verilmiş, Şahid4 hərəkətlərində Azərbaycan Respublikası CM-nin 180.2.1, 177.2.1, 177.2.3 və 307.1-ci maddələrinin, Təqsirləndirilən şəxs hərəkətlərində Azərbaycan Respublikası CM-nin 180.2.1, 177.2.1, 177.2.3, 177.2.3- 1, 326.1 və 326.2-cü maddələrinin tərkibi olmadığından onların barəsində Azərbaycan Respublikası CPM-nin 39.1.2-ci maddəsinə əsasən cinayət təqibinin başlanması rədd edilmiş, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılan zaman psixotrop maddəyə sərəncam vermək imkanının olmadığını dərk etməsi nəticəsində Bakı şəhəri Nizami rayon polis idarəsinin 25-ci polis şöbəsinin əməkdaşının təklifi ilə psixotrop maddəni könüllü surətdə təhvil verməsi Azərbaycan Respublikası CM-nin 234-cü maddəsinin qeydinin 1-ci bəndinin tətbiq edilməsinə məqsədəmüvafıq hesab edilməmiş, Təqsirləndirilən şəxs bir ədəd bükümdə təmiz çəkisi 0,921 qram psixotrop maddə metamfetaminin mənbəyini müəyyən edilməsi istintaq yolu ilə mümkün olmadığından, həmin mənbənin müəyyən edilməsi məqsədi ilə əməliyyat-axtarış tədbirləri keçirilməsi üçün cinayət işindən material ayrılmış və yoxlanılması üçün Bakı şəhəri Nizami RPİ-nin 25-ci polis şöbəsinə göndərilmiş, Namiq adlı şəxs barəsində cinayət işindən material ayrılaraq araşdırılması üçün Bakı şəhəri Nizami RPİ-nin 25-ci polis şöbəsinə göndərilmiş, oğurlanmış pul kisəsinin Zərərçəkmiş şəxs məxsus olması müəyyən edilmişdir. (i.v. 174-186) Sübutların qiymətləndirilməsi və hüquqi məsələlər: Məhkəmə qeyd edir ki, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanununa əsasən həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi; məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanılmasına yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanılması hesab olunur. Birləşmiş Millətlər Təşkilatının 30 mart 1961-ci il tarixli “Narkotik vasitələr haqqında” Vahid Konvensiyası, 1971-ci il tarixli “Psixotrop maddələr haqqında” və 19 dekabr 1988-ci il tarixli “Narkotik vasitələr və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə mübarizə haqqında” konvensiyalarında narkotik vasitələrin, güclü təsir edən və zəhərli maddələrin qanun-suz dövriyyəsi beynəlxalq cinayət hesab edilmişdir. “Narkotik vasitələrin, güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli, 2 nömrəli Qərarının 5-ci bəndi ilə məhkəmələrə izah edilmişdir ki, təqsirli şəxsin narkotik vasitələri öz ixtiyarında (məsələn, üstündə, gizli saxlanc yerlərində, binalarda və s.) saxlaması ilə əlaqədar olan hər hansı qəsdən edilən hərəkətləri saxlama kimi başa düşülməlidir. Bundan başqa, Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 3 mart 2005-ci il Qərarına əsasən qanuna görə talama dedikdə özgə əmlakının tamah məqsədilə, hüquqazidd, əvəzsiz götürülməsi və bu əmlakın təqsirkarın və ya başqa şəxsin xeyrinə yönəldilməsindən ibarət hərəkətlər başa düşülür. Mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir. Yaranmış konkret şəraitdə təqsirkar gizli hərəkət etdiyini güman edirsə həmin şəxslər talama hadisəsini görmüş olsalar belə təqsirkarın əməli özgə əmlakının gizli talanması hesab edilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə hökmü haqqında” 15 saylı, 24 dekabr 2021-ci il tarixli Qərarına əsasən məhkəmənin hökmü məhkəmə baxışının aparıldığı dildə, aydın, anlaşılan ifadələrlə tərtib olunmalıdır, hökm yalnız məhkəmə iclasında bilavasitə tədqiq olunan sübutlara əsaslana bilər. Azərbaycan Respublikası CPM-nin 349.5.1-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Məhkəmə, məhkəmə istintaqında tədqiq edilmiş sübutlara tam, hərtərəfli və obyektiv qiymət verərək qeyd edir ki, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş psixotrop maddənin əldə edilmə mənbəyinin müəyyən edilməsi faktının araşdırılması məqsədi ilə ibtidai istintaq zamanı material ayrılmışdır və nəticəsindən asılı olaraq hüquqi qiymət veriləcəkdir. Məhkəmə, dövlət ittihamçısını, təqsirləndirilən şəxsi, onun müdafiəçisini və şahidləri dinləyib, iş materiallarını hərtərəfli və obyektiv tədqiq edərək, istinad olunan hüquq normalarına əsaslanaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.1 və 234.1-ci maddələrində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirliliyi özünün etirafedici ifadəsi ilə yanaşı, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan, iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, məhkəmə ekspertizalarının rəyləri və iş üzrə toplanmış digər materiallarla sübuta yetirilmişdir. İstintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 177.1 və 234.1-ci maddələri ilə düzgün tövsif edilmişdir, onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar, habelə, əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Odur ki, Azərbaycan Respublikası CPM-nin 44.2.4-cü maddəsinə müvafiq olaraq, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməkdə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarılmalı və ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin 177.1 və 234.1-ci maddələrinin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsinə əsasən oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama - üç yüz altmış saatdan dörd yüz səksən saatadək ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Həmin Məcəllənin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma - həmin maddədə nəzərdə tutulmuş cinayət məsuliyyətinə səbəb olur, bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən aşağıdakıları nəzərə alır, eləcə də cinayət qanununun müvafiq prinsip və müddəalarını rəhbər tutur: - 01 oktyabr 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs kimi həmin tarixdə tutulmuşdur. (i.v. 17) - 03 oktyabr 2023-cü il tarixli qərardan görünür ki, Bakı şəhəri Nizami Rayon Məhkəməsi tərəfindən Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş, həbsdə saxlanılma müddəti 03 ay həddində müəyyən edilmiş, həbsetmənin əvvəli 01 oktyabr 2023-cü il tarixdən hesablanmışdır. (i.v. 132-133) -Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş 11 oktyabr 2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. (i.v. 137-138) Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli Qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Cinayət Qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndinə əsasən şəxsin təqsirli bilindiyi maddənin sanksiyası azadlıqdan məhrum etmə ilə yanaşı yüngül cəza növləri də nəzərdə tutursa, hökm çıxarılarkən, azadlıqdan məhrum etmə cəzası təyin edildikdə, bu qərar hökmdə əsaslandırılmalıdır. Cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsi ilə törətdiyi əməl həmin Məcəllənin 15.2-ci maddəsinə əsasən böyük ictimai təhlükə törətməyən cinayət, Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə törətdiyi əməl həmin Məcəllənin 15.3-cü maddəsinə əsasən az ağır cinayət, 25.1-ci maddəsinə əsasən isə qəsdən törədilmiş cinayətlər hesab olunur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə əsasən, cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə iş üzrə zərərçəkmiş şəxsə dəymiş maddi ziyanın ödənilərək onunla barışıq əldə edilməsini Azərbaycan Respublikası CM-nin 59.1.12-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal qismində Azərbaycan Respublikası CM-nin 61.1-ci maddəsində dairəsi konkret göstərilmiş hallar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs barəsində təyin ediləcək cəzanın həddini və növünü müəyyən edərkən cəza təyinetmənin ümumi prinsiplərini rəhbər tutmaqla onun qəsdən böyük ictimai təhlükə törətməyən və az ağır cinayətlər törətməsini nəzərə alaraq, hesab edir ki, təqsirləndirilən şəxsin islah olunması üçün törətdiyi cinayətə görə barəsində azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi məqsədəmüvafiqdir, tətbiq edilməsi nəzərdə tutulan cəza cinayət törətmiş şəxsin fərdi xüsusiyyətlərinə, törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsinə və xarakterinə mütənasibdir və hazırkı halda həmin cəza, cəzanın məqsədini təmin edir. Ona görə Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddələrin sanksiyasında nəzərdə tutulmuş həddə azadlıqdan məhrum etmə cəzaları təyin edilməli, CM-nin 66.2-ci maddəsinə əsasən qeyd edilən cəzalar qismən toplanılmalıdır. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs 01 oktyabr 2023-cü il tarixdə şübhəli şəxs kimi tutulmuş, 03 oktyabr 2023-cü il tarixdə barəsində həbs qətimkan tədbiri seçilmişdir, ona görə məhkəmə Azərbaycan Respublikası CPM-nin 158.2 və 158.2.1-ci maddələrinə əsasən hesab edir ki, ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, təqsirləndirilən şəxsin cəzaçəkmə müddətinin başlanğıcı 01 oktyabr 2023-cü il tarixdən hesablanmalıdır. Məhkəmə Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 175.5-ci maddəsinə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli olduğundan onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 346-cı maddəsində nəzərdə tutulan, məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında müzakirə edilməli olan digər məsələlərlə bağlı qeyd edir ki, cinayət işi üzrə mülki iddia yoxdur; cinayət nəticəsində vurulmuş maddi zərərin və ya mümkün ola biləcək xüsusi müsadirənin təmin edilməsi məqsədi ilə əmlak üzərinə həbs qoyulmamışdır; maddi sübut qismində tanınmış, ekspertiza tədqiqatına sərf edildikdən sonra qalmış psixotrop maddənin qalığı məhv olunmalı, içərisində videogörüntülərin olduğu 02 ədəd disk cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalıdır; CPM-nin 198.1-ci maddəsinə əsasən məhkəmə məsrəfi olan ekspertiza xərci təqsirləndirilən şəxsdən tutulub Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. Məhkəmə, Ambulator məcburi-narkoloji tibbi yoxlamanın rəyini nəzərə alaraq, hesab edir ki, Təqsirləndirilən şəxs cəza çəkdiyi müddət ərzində narkomaniyadan məcburi müalicə olunmalı və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Azərbaycan Respublikası CM-nin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.1 və 234.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2, 193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının (AR Nazirlər Kabineti) müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti olmadığından qərar əsasında dövlət hesabına dəvət olunmuş vəkilin məhkəmə icraatı zamanı təqsirləndirilən şəxsə göstərdiyi hüquqi yardıma görə iştirak etdiyi müddətə görə Nazirlər Kabinetinin xx.xx.2018-ci il tarixli 202 saylı qərarına əsasən hər iş saatı üçün 6 manat miqdarında ödənilməsi nəzərə alınmaqla dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Nəticə: Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.1 və 234.1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinib, CM-nin 177.1-ci maddəsi ilə 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına, CM-nin 234.1-ci maddəsi ilə 09 (doqquz) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 66.2-ci maddəsinə əsasən təyin edilmiş həmin cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 01 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, cəzaçəkmə müddətinin başlanğıcı 01 oktyabr 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs cəza çəkdiyi müddət ərzində narkomaniyadan məcburi müalicə olunsun və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Maddi sübut qismində tanınmış, Təqsirləndirilən şəxs aşkar edilərək götürülməklə Bakı şəhəri Nizami RPİ-nin maddi sübutları saxlama kamerasına təhvil verilən, ekspertiza tədqiqatından sonra qalmış 0,871 qram çəkidə psixotrop maddə metamfetamin məhv edilsin, içərisində Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılarkən, eləcə də onun oğurluq cinayət əməlini törətdiyi zaman qeydə alınmış videogörüntülərin olduğu 02 ədəd DVD disk cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılsın. Məhkəmə məsrəfi olan 89 manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub dövlət xəzinədarlığı agentliyi, kod 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN **********, hesab AZ34CTRE******************** hesabına ödənilsin. Təqsirləndirilən şəxs məhkəmə icraatı zamanı 16 iş saatı göstərdiyi pulsuz hüquqi yardıma görə Bakı şəhəri 6 saylı vəkil bürosunun vəkili Müdafiəçi müvafiq hesablaşma hesabı üzərindən 96 manat əmək haqqı Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Hökmdən elan olunduğu (həbsdə olan məhkuma hökmün surəti verildiyi) andan 20 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Həmin müddətdə hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə, hökm müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Nəriman Mehdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar