Məhkəmə qərarları › İş №1(007)-141/2025

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №1(007)-141/2025

13.02.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(007)-141/2025 13.02.2025 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Məhkəmə iclasında sədrlik edən: Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Qədirli Nigar Aftandil qızının Məhkəmə iclasının katibi: X1, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxsin müdafiəçisi: Bakı şəhəri 6 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Zərərçəkmiş şəxs: Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs: xx.xx.1978-ci ildə Tovuz rayonunda anadan olmuş, evli, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, əvvəllər məhkum olunmamış, işsiz, Tovuz rayonu, Əyyublu kəndində qeydiyyatda olan və yaşayan, barəsində "polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs xx.xx.2024-ci il tarixdə saat 13 radələrində B kateqoriyalı sürücülük vəsiqəsi ilə adına verilmiş etibarnamə əsasında idarə etdiyi texniki cəhətdən saz vəziyyətdə olan “Toyot Prius” markalı **-DM-*** dövlət nömrə nişanlı avtomobillə saatda 10 km/saat sürətlə Bakı şəhəri, Nizami rayonu, Babək prospekti 105 ünvanında körpünün altında arxaya doğru hərəkətdə olan zaman “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 42-ci maddəsinin 14-cü hissəsinin tələblərini pozub, yəni yolayrıcında və bu maddənin 12-ci hissəsinə əsasən (körpülərdə, estakadalarda və onların altında) geriyə hərəkət qadağan olduğu halda həmin tələblərə riayət etməyərək idarə etdiyi avtomobilin arxa sağ hissəsi ilə Şahid “BE CE DE” kateqoriyalı sürücülük vəsiqəsi ilə yol vərəqəsi əsasında 25 saylı maşrut xəttində hərəkətdə olan saatda 30 km/saat sürətlə idarə etdiyi “Daewoo BS090” markalı **-TG-*** dövlət nömrə nişanlı sərnişin avtobusunun ön sol hissəsi ilə toqquşmuş və nəticədə ehtiyatsızlıqdan “Daewoo BS090” markalı **-TG- *** dövlət nömrə nişanlı avtobusda olan sərnişin Zərərçəkmiş şəxs yıxılaraq sağ baldır sümüklərinin orta 1/3-nin qapalı, qəlpəli, yerdəyişmiş sınığı ilə nəticələnən dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurma ilə nəticələnən xəsarətlər almasına səbəb olmuşdur. Məhkəmə istintaqı zamanı ifadə verən Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilərək qeyd etmişdir ki, 2024-cü ilin fevral ayının əvvəllərindən taksi fəaliyyəti ilə məşğul olur. xx.xx.2024-cü il tarixdə saat 13 radələrində “Yango” proqramı vasitəsilə götürdüyü müştərini Babək prospektində göstərilən ünvanda düşürdükdən sonra həmin proqram vasitəsilə gələn yeni sifarişlə əlaqədar müştəri götürmək üçün Bakı şəhəri, Nizami rayonu, Babək prospekti 105 ünvanında yerləşən körpünün alt hissəsində geriyə dönmək üçün nəzərdə tutulan tuneldə olan zaman proqramda yanlış yola daxil olduğunu görmüşdür. Avtomobilin surətini aşağıya saldıqdan sonra tuneldən çıxmaq üçün avtomobili təxminən 10 km/saat sürətlə arxaya hərəkət etdirmək istəyən zaman tunelə daxil olan “DAEVOO BS 090” markalı **-TG-*** dövlət nömrə nişanlı avtobusu görməmiş və idarə etdiyi avtomobilin sağ arxa hissəsi ilə həmin avtobusun sol qabaq hissəsi toqquşmuşdur. O, avtomobildən yerə düşmüş, avtobusda olan sərnişinlər və avtobusun sürücüsü avtobusdan düşmüşlər. Həmin vaxt avtobusda olan sərnişinlərdən birinin xəsarət almasını bilmişdir. Hadisə yerinə polis əməkdaşları və X4 əməkdaşları gəlmişlər. Xəsarət alan qadını xəstəxanaya aparmışlar. O da polis əməkdaşları ilə birlikdə Nizami Rayon Polis İdarəsinə gəlmişdir. Hadisədən sonra zərərçəkən şəxsə hərtərəfli köməklik göstərməsini, zərərçəkmiş şəxsə dəyən ziyanı tamamilə ödədiyini, zərərçəkən şəxsin ondan şikayət və tələbinin olmadığını, onunla barışdığını, özünü təqsirli bildiyini və əməlindən peşman olduğunu nəzərə alaraq Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə cinayət məsuliyyətindən azad olunmasını və həmin hissədə cinayət təqibinə xitam verilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla təsdiq olunur ki, təqsirləndirilən şəxs ittiham aktında ona qarşı elan olunmuş cinayət əməlini törətmişdir. Belə ki, məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs kimi dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, xx.xx.2024-cü il tarixdə xadimə olaraq işlədiyi X2 çıxaraq yaşadığı ünvana getmək üçün 15 saylı sərnişin avtobusuna minmişdir. O, həmin avtobusda avtobusun ön hissəsində ayaq üstə dayanmışdır. Təxminən saat 13 radələrində avtobus Bakı şəhəri, Nizami rayonu, Babək prospekti 105 ünvanında tunelə daxil olan zaman içərisində olduğu sərnişin avtobusu avtomobillə toqquşmuşdur. Toqquşma nəticəsində o, yerə yıxılmış və avtobusda olan sərnişinlər də ona tərəf gəlmişlər. Yıxılmağı nəticəsində sağ ayağında şiddətli ağrı olduğunu hiss etmiş, həmin vaxt hadisə yerinə polis əməkdaşları və təcili tibbi yardım əməkdaşları gəlmişlər. Təcili tibb yardım avtomobili ilə onu xəstəxanaya aparmışlar. Orada ona sağ ayağının sınması məlum olmuşdur. Halhazırda təqsirləndirilən şəxslə barışdığını, ona dəymiş ziyanın tam ödənildiyini, təqsirləndirilən şəxsdən heç bir şikayət və tələbinin olmadığını bildirdi. İş üzrə təyin edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə tibbi ekspertiza və patoloji anatomiya birliyi tərəfindən verilmiş 09 aprel 2024-cü il tarixli 297 nömrəli rəydə göstərilmişdir ki, 1978-ci il təvəllüdlü Zərərçəkmiş şəxs aşkar olunmuş sağ baldır sümüklərinin orta 1/3-nin qapalı, qəlpəli, yerdəyişmiş sınığı - bərk küt əşyanın (əşyaların) təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən şəraitdə və müddətdə, yəni xx.xx.2024-cü il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində alınmaları istisna olunmur, dərəcəsinə görə ümumilikdə sağlamlığın uzun müddətdə pozulmasına səbəb olan sağlamlığa AZ AĞİR zərər vurmaya aiddirlər. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin məhkəmə ekspertizası mərkəzi tərəfindən verilmiş 23 may 2024-cü il tarixli, 3-16-16/2-8/1198 nömrəli rəyində göstərilmişdir ki, "Toyota Prius" markalı, ** DM *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 42-ci maddəsinin 14-cü hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə toqquşmanın qarşısını almağa texniki imkanı olmuşdur. Beləliklə, məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən təqsirləndirilən şəxsin etirafedici ifadəsinə, zərər çəkmiş şəxs və şahid ifadələrinə, yuxarıda sadalanan sübutlara, onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, cinayət hadisəsi törədilmişdir, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi vardır, cinayət əməlininin Təqsirləndirilən şəxs tərəfindən törədilməsi tam sübuta yetir, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə tövsif edilmişdir. Lakin təqsirləndirilən şəxsin təqsirləndirildiyi Cinayət Məcəlləsinin 263.1-ci maddəsi üzrə cinayət məsuliyyətindən azad olunması üçün əsaslar vardır. Belə ki, məhkəmədə müəyyən edildi ki, zərər çəkmiş şəxs təqsirləndirilən şəxslə barışmışdır, təqsirləndirilən şəxsə qarşı heç bir şikayəti yoxdur, ona dəymiş ziyan tam ödənilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-cü maddəsinin Qeydinin 2-ci hissəsinə əsasən həmin Məcəllənin 263.1 və ya 263.1-1-ci maddələrində nəzərdə tutulmuş cinayəti törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Bu halda şəxsin əməllərində inzibati xəta tərkibinin əlamətləri olduqda o, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş qaydada məsuliyyətə cəlb edilir. CPM-nin 40.3-cü maddəsinə əsasən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.2-ci, 73.2-ci, 73.3-cü, 73-1.1-ci və 73-1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir. CPM-nin 40.4-cü maddəsinə əsasən şəxsin iqtisadi fəaliyyət sahəsində olan cinayətlərə görə cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-2-ci maddəsində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir. CPM-nin 43.1.2-ci maddəsinə əsasən həmin Məcəllənin 39.1.4, 39.1.6–39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Qeyd edilən hüquq normalarına əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 263.1-ci maddəsi üzrə cinayət məsuliyyətindən azad edilməli və həmin maddə üzrə cinayət təqibinə xitam verilməlidir. İş üzrə təqsirləndirilən şəxs barəsində xx.xx.2024-cü il tarixdə “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. İş üzrə maddi sübut qismində tanınmış ** DM *** dövlət qeydiyyat nişanlı “Toyota Prius” markalı nəqliyyat vasitəsinin Təqsirləndirilən şəxs, ** TG *** dövlət qeydiyyat nişanlı avtobusun “X5” yə təhvil verilməsi nəzərə alınmalıdır. İş üzrə məhkəmə məsrəfi kimi ekspertizanın keçirilməsi üçün çəkilmiş xərc təqsirləndirilən şəxsdən tutulub dövlət nəfinə keçirilməlidir. Həmçinin iş üzrə dövlət büdcəsi vəsaiti hesabına göstərilmiş hüquqi xidmətə görə müdafiəçinin haqqı dövlət büdcəsi vəsaiti hesabına ödənilməlidir. İş üzrə xüsusi müsadirə olunası əmlak, mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 39, 43, 321, 344-347, 356, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsi üzrə cinayət məsuliyyətindən azad edilsin və həmin maddə üzrə barəsində olan cinayət təqibinə xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş «polisin nəzarəti altına vermə» qətimkan tədbiri qüvvədən düşmüş hesab edilsin. İş üzrə məhkəmə məsrəfi kimi ekspertizanın keçirilməsinə çəkilmiş xərc 128 manat Təqsirləndirilən şəxs tutulub dövlət nəfinə keçirilsin. İş üzrə maddi sübut olan ** DM *** dövlət qeydiyyat nişanlı “Toyota Prius”markalı nəqliyyat vasitəsinin Təqsirləndirilən şəxs, ** TG *** dövlət qeydiyyat nişanlı avtobusun “X5”yə təhvil verilməsi nəzərə alınsın. Təqsirləndirilən şəxs məhkəmə icraatı zamanı dövlət büdcəsi vəsaiti hesabına göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 6 saylı vəkil bürosunun vəkili Müdafiəçi ödənilmək üçün 150 manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 6 saylı vəkil bürosunun hesablaşma hesabına köçürülsün. Hökmdən 20 (iyirmi) gün müddətində işə baxan Bakı şəhər Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyasına apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən Nigar Qədirli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar