Məhkəmə qərarları › İş №1(007)-142/2020

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Hökm — İş №1(007)-142/2020

04.11.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(007)-142/2020 04.11.2020 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Mehdiyev Nəriman Hüseynqulu oğlunun sədrliyi, məhkəmə iclasının katibi Rüstəmova Sürəyya Nazim qızının katibliyi, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxs-Zərərçəkmiş şəxs, onun qanuni nümayəndəsi X1, təqsirləndirilən şəxs-Təqsirləndirilən şəxs, onun müdafiəçisi-Bakı şəhəri 6 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, təqsirləndirilən şəxs xx xxxxxx 1997-ci il tarixdə Beyləqan şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, məhkumluğu olmayan, Beyləqan şəhəri, M.Əsədov küçəsi ev 139, mənzil 3-də qeydiyyatda olan, Bakı şəhəri, Nizami rayonu, B.Nuriyev küçəsi ev 75, mənzil 19-da yaşamış, xx xxxx 2020-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, xx xxxx 2020-ci il tarixdə barəsində həbs qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı istintaq təcridxanasında saxlanılan - Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 180.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs insanların həyatı və sağlamlığı üçün təhlükəli olmayan zor tətbiq etməklə özgənin əmlakını açıq talayaraq soyğunçuluq etmişdir. Belə ki, o, tamah niyyəti ilə özgənin əmlakını ələ keçirmək məqsədilə xx xxxx 2020ci il tarixdə saat 16 radələrində Bakı şəhəri, Nizami rayonu, B.Nuriyev küçəsi, 49 nömrəli evin qarşısında xx xxxx 2002-ci il təvəllüdlü, yetkinlik yaşına çatmayan Zərərçəkmiş şəxs baxıb qaytaracağı adı ilə üzərində 1 manat danışıq konturu ilə 6 manatlıq nömrə kartı olan 300 manat dəyərində “Xiaomi” markalı, “Redmi S2” modelli mobil telefon aparatını alıb baxdıqdan sonra, sonuncu ondan telefonu geri tələb edən zaman Zərərçəkmiş şəxs sifət nahiyyəsindən bir dəfə yumruqla vuraraq üst dodağın iç səthinin kiçik ölçülü əzilmiş yarası və qansızması ilə müşayiət olunan, ümumilikdə sağlamlığa zərər vurmayan dərəcəsi təyin edilməyən xəsarət yetirməklə, həyatı və sağlamlığı üçün təhlükəli olmayan zor tətbiq edib mobil telefonu açıq talayaraq Zərərçəkmiş şəxs cəmi 307 manat məbləğində ziyan vurmaqla soyğunçuluq etmişdir. Bu hərəkətləri ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 180.2.4-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs özünü Azərbaycan Respublikası CM-nin 180.2.4-cü maddəsi ilə ona elan olunmuş ittihamda təqsirli bilərək ifadəsində göstərmişdir ki, maddi çətinlikləri olduğundan şəxsi ehtiyaclarını ödəmək üçün pul əldə etmək istəmişdir. Bu məqsədlə xx xxxx 2020-ci il tarixdə saat 16 radələrində “Xalqlar Dostluğu” metrostansiyasının yaxınlığında gəzişərkən, Nizami rayonu, B.Nuriyev küçəsində yerləşən “Urfa” restoranının qarşısında əvvəllər tanımadığı, sonradan adının Zərərçəkmiş şəxs olduğunu bildiyi oğlanı görmüşdür. Munis həmin ərazidən tək keçmişdir. O, Munisə yaxınlaşıb telefonunda kontur olmadığını deyərək, zəng etmək üçün mobil telefonunu ona verməsini xahiş etmişdir. Munis əlində saxladığı “Redmi S2” markalı mobil telefonu zəng elmək üçün ona vermişdir. O, guya kiməsə zəng vurub danışan kimi özünü göstərib bir qədər aralanmışdır. Munis onun arxasınca gəlib telefonunu qaytarmasını xahiş etmişdir. O, sol əli ilə Munisi sifət nahiyəsindən itələmiş və bundan sonra hadisə yerini iti addımlarla tərk etmişdir. Munis isə onun arxasınca gəlməmişdir. Əldə etdiyi “Redmi S2” markalı mobil telefonun üzərində olan nömrəni çıxarıb atdıqdan sonra həmin gün “Neftçilər” metrostansiyasının yaxınlığında yerləşən mobil telefonların alqı-satqısı ilə məşğul olan mağazaya öz ümumi vətəndaş pasportunu təqdim etməklə telefonu 30 manata satmışdır. Əldə etdiyi pulu şəxsi ehtiyaclarına sərf etmişdir. xx xxxx 2020-ci il tarixdə yaşadığı evdə olduğu vaxt 24-cü Polis Şöbəsinin əməkdaşları gələrək onu Şöbəyə dəvət etmişlər. Polis şöbəsində olarkən o, törətdiyi əməli səmimi olaraq etiraf etmiş və telefonu satdığı mağazanı polis əməkdaşlarına göstərmişdir. O, Zərərçəkmiş şəxs sifətindən bir dəfə sol əli ilə itələmiş, bu zaman dodağının partlamasını görmüşdür. Bundan başqa ona xəsarət yetirməmişdir. İfadəsinin sonunda Təqsirləndirilən şəxs törətdiyi əməldən səmimi peşmançılıq çəkdiyini, dəymiş maddi ziyanın ödənildiyini, zərərçəkmiş şəxsin onunla barışdığını nəzərə alaraq, ona yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmənin əvvəlki iclasında Zərərçəkmiş şəxs qanuni nümayəndəsi (atası) X1 iştirakı ilə ifadə verərək göstərmişdir ki, ali məktəbə hazırlaşdığı üçün məktəbdən əlavə fərdi olaraq müəllim yanına gedib hazırlaşmışdır. xx xxxx 2020-ci il tarixdə saat 16 radələrində müəllim yanına gedərkən “Xalqlar Dostluğu” metrostansiyasının yaxınlığında, Nizami rayonu, B.Nuriyev küçəsində yerləşən “Urfa” restoranının qarşısında əvvəllər tanımadığı, sonradan adının Təqsirləndirilən şəxs olduğunu bildiyi şəxs ona yaxınlaşıb bu ərazidə telefon itirildiyini, bir neçə nəfər tanışı ilə həmin telefonu axtardıqlarını demiş, telefonunu ona göstərməyini xahiş etmişdir. O, müəllim yanına tələsdiyini deyib telefonu Ülviyə verməkdən imtina etmişdir. Ülvi onunla söhbət edərək yalnız telefona baxıb qaytaracağını dedikdə o, üzərində olan “Redmi S2” markalı mobil telefonu şalvarının sağ yan cibindən çıxarıb Ülviyə vermişdir. Ülvi telefonu götürüb baxmağa başlamış, telefona baxdıqdan sonra bir dəfə sol əli ilə onun dodaq nahiyəsindən vuraraq iti addımlarla hadisə yerini tərk edib getmişdir. Bundan sonra o, baş vermiş hadisə ilə əlaqədar DİN-in “102” xidməti zəng mərkəzinə, sonra isə Nizami RPİ 24-cü PŞ-nə ərizə ilə müraciət etmişdir. Ülvi onu vuranda dodağından xəsarət almışdır. Hadisə zamanı onların yanında başqa şəxs olmamışdır. Ülvi onu dodaq nahiyəsindən bir dəfə əli ilə vuran zaman əlində heç bir əşya olmamış, ona hədə-qorxu gəlməmişdir. Telefonu götürən kimi söyüş söyərək hadisə yerindən uzaqlaşmışdır. O, isə Ülvinin arxasınca getməmişdir. Mobil telefonu 2018-ci ilin sentyabr ayında “Qara Qarayev” metrostansiyasının yaxnlığında yerləşən “İrşad Telekom” mağazasından 6 ay müddətə, aylıq 58 manat ödəniş etmək şərti ilə kreditə almışdır. Hazırda həmin telefonun dəyərinin 300 manat olmasını düşünür. Üzərində olan mobil nömrəni həmin ərəfədə 6 manata almışdır, telefonunda 1 manat danışıq konturu olmuşdur. Buna görə hadisə nəticəsində ona 307 manat maddi ziyan dəymişdir. Ona dəymiş maddi ziyan ödənilmişdir, hər hansı tələbi yoxdur. Zərərçəkmiş şəxs qanuni nümayəndəsi (atası) X2 ilə birlikdə məhkəmənin dəftərxanası vasitəsi ilə verdiyi ərizəsində göstərmişdir ki, ona dəymiş maddi ziyan tam ödənilmişdir, Təqsirləndirilən şəxs ilə barışmışdır, ona qarşı heç bir şikayəti və tələbi yoxdur. Ərizəsinin nəzərə alınaraq, təqsirləndirilən şəxsə köməklik edilməsini, tələbə olduğuna və dərsə getdiyinə görə növbəti məhkəmə iclaslarının onun iştirakı olmadan keçirilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə həmin ərizəni nəzərə alaraq, zərərçəkmiş şəxsin iştirakı olmadan məhkəmə iclasını yekunlaşdırmışdır. Məhkəmə iclasında Şahid ifadəsində bildirmişdir ki, beş ildir Nizami rayonu, Qara Qarayev prospekti, 74 ünvarında yerləşən mobil telefonların alqı-satqısı mağazasında satıcı işləyir. xx xxxx 2020-ci il tarixdə saat 17 radələrində əvvəllər tanımadığı, sonradan adının Təqsirləndirilən şəxs olduğunu bildiyi şəxs satıcı işlədiyi mağazaya gələrək pula ehtiyacı olduğundan özünə məxsus “Redmi S2” markalı mobil telefonu satmaq istədiyini bildirmişdir. O, telefona baxış keçirib qutusunun və qidalandırıcı qurğusunun harada olmasını soruşmuşdur. Ülvi mobil telefonun qutusunun, sənədlərinin və qidalandırıcı qurğusunun evdə olduğunu, bir neçə günə gətirib ona verəcəyini bildirmişdir. Bu səbəbdən o, həmin telefonu 30 manata ala biləcəyini Ülviyə demişdir. Ülvi onunla razılaşmış və üzərində olan özünə məxsus ümumi vətəndaş pasportunu təqdim etmişdir. O, pasportun surətini çıxarıb mağazada olan qeydiyyat kitabında müvafiq qeydiyyat apardıqan sonra 30 manat pulu Ülviyə vermişdir. Ülvi pulları götürüb mağazanı tərk etmişdir. Bir neçə gün keçmiş Təqsirləndirilən şəxs polis əməkdaşları ilə birlikdə işlədiyi mağazaya gəlmişdir. Polis əməkdaşları ondan Ülvini tanıyıb-tanımadığını soruşmuşlar. O, Ülvini tanıdığını, bir neçə gün əvvəl mağazaya 30 manata “Redmi S2” markalı mobil telefon satdığını bildirmişdir. Polis əməkdaşları Ülvinin həmin telefonu cinayət yolu ilə əldə etdiyini ona bildirmişlər. O, həmin telefonun satılmadığını və mağazada olduğunu demişdir. Ülvi mağazada olan telefonların içərisində olan, bir neçə gün əvvəl 30 manata satdığı “Redmi S2” markalı mobil telefonu özü göstərmişdir. Bundan sonra o, könüllü olaraq həmin telefonu polis əməkdaşlarına təhvil vermişdir. İşdə olan və məhkəmə baxışında tədqiq edilmiş aşağıda istinad edilən sənədlər və digər sübutlar Azərbaycan Respublikası CPM-nin 124-cü maddəsinin tələblərinə müvafiq olaraq sübut kimi qəbul edilmişdir: -Cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında xx xxxx 2020-cu il tarixli qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası CM-nin 180.2.4-cü maddəsi ilə cinayət işi başlanmış və icraata qəbul edilmişdir. (i.v. 1) -Hadisə yerinə baxış keçirilməsi və ifadənin yerində yoxlanılması haqqında xx xxxx 2020-ci il və xx xxxx 2020-ci il tarixli protokollardan və fotocədvəllərdən görünür ki, Zərərçəkmiş şəxs hadisə yerini əyani olaraq göstərərək hadisənin hansı şəraitdə baş verdiyini izah etmişdir. (i.v. 8-10, 81-83) -Götürmə barədə xx xxxx 2020-ci il tarixli protokoldan və fotocədvəldən görünür ki, Təqsirləndirilən şəxs xx xxxx 2020-ci il tarixdə soyğunçuluq edərək Zərərçəkmiş şəxs götürdüyü, sonradan həmin gün “Neftçilər” metrostansiyasının yaxınlığında yerləşən telefon alqı-satqısı mağazasına 30 manata satdığı “Redmi S2” markalı mobil telefon cinayət işi üçün sübut əhəmiyyəti kəsb etdiyindən, mağazanın satıcısı Şahid götürülmüşdür. (i.v. 72-74) -Əşyanın tanınmaya təqdim edilməsi haqqında xx xxxx 2020-ci il tarixli protokoldan və fotocədvəldən görünür ki, “Redmi S2” markalı mobil telefon qanunu nümayəndəsinin iştirakı ilə Zərərçəkmiş şəxs təqdim edilmiş, o, tanınmaya təqdim edilmiş telefonlar içərisindən 3 rəqəmi ilə işarələnmiş “Redmi S2” markalı mobil telefonu tanımışdır. Zərərçəkmiş şəxs telefonu arxasında olan İMEİ kodundan tanıdığını bildirmişdir. (i.v. 75- 76) -İfadənin yerində yoxlanılması haqqında xx xxxx 2020-ci il tarixli protokoldan və fotocədvəllərdən görünür ki, Təqsirləndirilən şəxs hadisə yerini əyani olaraq göstərərək hadisənin hansı şəraitdə baş verdiyini izah etmişdir. (i.v. 84-86) -Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X5 Publik hüquqi şəxsin Nizami rayon şöbəsinin canlı şəxsin ekspertizasına dair xx xxxx 2020-ci il tarixli 195 nömrəli rəyinin nəticə hissəsindən görünür ki, Zərərçəkmiş şəxs üst dodağın iç səthinin kiçik ölçülü əzilmiş yarası və qansızması aşkar olunmuşdur. Qeyd olunan xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən şəraitdə və müddətdə, yəni xx.xx.2020-ci il tarixdə yarana bilər və ümumilikdə sağlamlığa zərər vurmayan xəsarətlər olduğuna görə dərəcəsi təyin edilmir. (i.v. 105-106) -Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizasının xx xxxxx 2020-ci il tarixli 9/331 nömrəli rəyinin nəticə hissəsindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilmiş bir ədəd “Xiaomi” markalı, “Redmi S2” modelli mobil telefon aparatının satış üçün komplektləşdirilməsinə daxil edilən aksesuarların olmamasını və istifadədə olduğunu nəzərə alaraq, 2020-ci ilin mart ayına olan orta bazar qiyməti 160 manat müəyyən olunur. (i.v. 107-109) -Sübutların qiymətləndirilməsi haqqında xx xxxxx 2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 181.1 və 182.1-ci maddələrinin tərkib əlamətləri olmadığından onun barəsində həmin maddələrlə cinayət təqibinin başlanması rədd edilmiş, Şahid əməlində Azərbaycan Respublikası CM-nin 194cü maddəsinin tərkibi olmadığına görə həmin maddə ilə barəsində cinayət təqibinin başlanması rədd olunmuş, “Xiaomi” markalı, “Redmi S2” modelli mobil telefon aparatı maddi sübut kimi tanınmış və işin sonunadək saxlanılması üçün sahibi Zərərçəkmiş şəxs təhvil verilməsi qərara alınmışdır. (i.v. 112-117) - xx xxxxx 2020-ci il tarixli qəbzdən görünür ki, Zərərçəkmiş şəxs özünə məxsus “Redmi S2” markalı mobil telefon aparatını qəbul etmişdir. (i.v. 125) Məhkəmə hökmü haqqında Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 4 saylı, xx xxxxxx 1996-cı il tarixli qərarına əsasən məhkəmə hökmü səlis, aydın, anlaşılan şəkildə yazılmalı, iş üzrə müəyyən olunmuş hallar, sübutlar və məhkəmənin nəticələri hökmdə ciddi məntiqi ardıcıllıqla şərh edilməlidir. Azərbaycan Respublikası CPM-nin 349.5.1-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Məhkəmə, dövlət ittihamçısını, təqsirləndirilən şəxsi, zərərçəkmiş şəxsi və şahidi dinləyib, iş materiallarını hərtərəfli və obyektiv tədqiq edərək, istinad olunan hüquq normalarına əsaslanaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 180.2.4-cü maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirliliyi özünün etirafedici ifadəsi ilə yanaşı, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan, iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin və şahidin ifadələri və iş üzrə toplanmış digər materiallarla sübuta yetirilmişdir. İstintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 180.2.4-cü maddəsi ilə düzgün tövsif edilmişdir, onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar, habelə, əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CPM-nin 44.2.4-cü maddəsinə müvafiq olaraq, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməkdə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarılmalı və ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin 180.2.4-cü maddəsinin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 180.2.4-ci maddəsinə əsasən soyğunçuluq, yəni özgənin əmlakını açıq talama, insanların həyatı və ya sağlamlığı üçün təhlükəli olmayan zor tətbiq etməklə törədildikdə - həmin maddədə nəzərdə tutulmuş cinayət məsuliyyətinə səbəb olur, üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə təqsirləndirilən şəxslərə cəza təyin etmək məsələsini həll edərkən aşağıdakıları nəzərə alır, eləcə də cinayət qanununun müvafiq prinsip və müddəalarını rəhbər tutur: -Tutma haqqında xx xxxx 2020-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 180.2.4-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli kimi xx xxxx 2020-ci il tarixdə saat 16:40-da tutulmuşdur. (i.v. 42) -Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş, həbsdə saxlanılma müddəti 03 ay həddində seçilmiş, həbsdə saxlanılma müddəti 03 ay həddində müəyyən edilmiş, həbsetmənin əvvəli xx xxxx 2020-ci il tarixdən hesablanmışdır. (i.v. 90- 91) -Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və X3 tərəfindən verilmiş xx xxxxx 2020-ci il tarixli tələbnamədən və hökmün surətindən görünür ki, Təqsirləndirilən şəxs Gəncə Hərbi Məhkəməsinin xx xxx 2017-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 333.1-ci maddəsi ilə təqsirli bilinib, həmin Məcəllənin 62-ci maddəsi tətbiq edilməklə, 100 (bir yüz) manat məbləğində cərimə cəzasına məhkum edilmiş, xx xxx 2017-ci il tarixdə cəriməni tam ödəmişdir. (i.v. 96-97, 100-103) “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2003-cü il tarixli, 4 nömrəli qərarının 1-ci bəndi ilə məhkəmələrə izah edilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndinə əsasən şəxsin cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Azərbaycan Respublikası CM-nin 83.3.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etməyə nisbətən daha yüngül cəzaya məhkum edilmiş şəxslər barəsində - onlar cəzanı çəkib qurtardıqları gündən bir il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Həmin Məcəllənin 83.6-cı maddəsinə əsasən məhkumluğun ödənilməsi və ya götürülməsi məhkumluqla bağlı olan bütün hüquqi nəticələri ləğv edir. Qanunvericiliyin qeyd edilən tələbləri baxımından məhkəmə hesab edir ki, əvvəllər böyük ictimai təhlükə törətməyən cinayət törətməyə görə azadlıqdan məhrum etməyə nisbətən yüngül cəzaya, cərimə cəzasına məhkum edilmiş Təqsirləndirilən şəxs xx xxx 2017-ci il tarixdə cəriməni tam ödəyib qurtardığından, bir il keçdikdən sonra onun məhkumluğu ödənilmişdir, ona görə o, məhkumluğu olmayan şəxs hesab edilir. Azərbaycan Respublikası CM-nin 15.3-cü maddəsinə əsasən bu Məcəllə ilə qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi yeddi ildən artıq olmayan əməllər az ağır cinayətlər hesab olunur. Həmin Məcəllənin 25.1-ci maddəsinə əsasən birbaşa və ya dolayı qəsdlə törədilmiş əməl (hərəkət və ya hərəkətsizlik) qəsdən törədilmiş cinayət sayılır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 180.2.4-cü maddəsi ilə törətdiyi əməl, həmin Məcəllənin 15.3-cü maddəsinə əsasən az ağır cinayət, 25.1-ci maddəsinə əsasən isə qəsdən törədilmiş cinayət hesab olunur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə əsasən, cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. 15.3-cü maddəsinə əsasən bu Məcəllə ilə qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi yeddi ildən artıq olmayan əməllər az ağır cinayətlər hesab olunur. Məhkəmə Təqsirləndirilən şəxs əməlindən səmimi peşmançılıq çəkməsini, zərərçəkmiş şəxsə dəymiş maddi ziyanın ödənilməsini, zərərçəkmiş şəxsin onunla barışmasını, ona qarşı şikayət və tələbinin olmamasını Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal qismində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulmuş hallar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs barəsində təyin ediləcək cəzanın həddini və növünü müəyyən edərkən, cəza təyinetmənin ümumi prinsiplərini rəhbər tutmaqla onun qəsdən az ağır cinayət törətməsini, qəsdin obyektini mülkiyyət münasibətləri təşkil etməsini nəzərə alaraq, hesab edir ki, onun islah olunması üçün törətdiyi cinayətə görə barəsində azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi məqsədəmüvafiqdir, tətbiq edilməsi nəzərdə tutulan cəza cinayət törətmiş şəxsin fərdi xüsusiyyətlərinə, törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsinə və xarakterinə mütənasibdir və hazırkı halda həmin cəza, cəzanın məqsədini təmin edir. Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər cəzanı ümumi rejimli cəza çəkmə müəssisələrində çəkirlər. Məhkəmə hesab edir ki, qəsdən törədilmiş az ağır cinayətə görə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməli olan Təqsirləndirilən şəxs məhkumluğu olmayan şəxs kimi cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası CPM-nin 158.2 və 158.2.1-ci maddələrinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət həbsdə saxlama müddətinə daxildir. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs xx xxxx 2020-ci il tarixdə şübhəli şəxs kimi tutulmuş, xx xxxx 2020-ci il tarixdə barəsində həbs qətimkan tədbiri seçilmişdir, ona görə məhkəmə hesab edir ki, ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, təqsirləndirilən şəxsin cəzaçəkmə müddətinin başlanğıcı xx xxxx 2020-ci il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası CPM-nin 175.5-ci maddəsinə əsasən müvafiq qətimkan tədbiri onun ləğvindən, dəyişdirilməsindən, habelə şübhəli və ya təqsirləndirilən şəxsin barəsində cinayət təqibinə xitam verildikdən və ya məhkuma təyin edilən cəza icraya yönəldikdən sonra qüvvədən düşmüş sayılır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli olduğundan onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 346-cı maddəsində nəzərdə tutulan, məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında müzakirə edilməli olan digər məsələlərlə bağlı aşağıdakıları qeyd edir: Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiqinə əsas olacaq hallar müəyyən edilməmişdir; zərərçəkmiş şəxs məhkəməyədək icraat və məhkəmə icraatı zamanı mülki iddia verməmişdir, o, ərizə verərək dəymiş maddi ziyanın ödənildiyini bildirmişdir; cinayət nəticəsində vurulmuş maddi zərərin və ya mümkün ola biləcək xüsusi müsadirənin təmin edilməsi məqsədi ilə əmlak üzərinə həbs qoyulmamışdır. Azərbaycan Respublikası CPM-nin 132.0.1-ci maddəsinə əsasən iş üzrə maddi sübut olan və işin sonunadək saxlanılması üçün zərərçəkmiş şəxsə təhvil verilmiş bir ədəd mobil onun istifadəsində saxlanılmalı; Azərbaycan Respublikası CPM-nin 198.1-ci maddəsinə əsasən məhkəmə məsrəfi hesab olunan 50 manat ekspertiza xərci təqsirləndirilən şəxsdən tutulub Məhkəmə Ekspertizası Mərkəzinin müvafiq hesabına ödənilməlidir. Azərbaycan Respublikası CM-nin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 180.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2, 193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının (AR Nazirlər Kabineti) müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə hesab edir ki, vəkilin ibtidai istintaqda və məhkəmədə, iş materialları ilə tanış olmaqla birlikdə, təqsirləndirilən şəxsə göstərdiyi hüquqi yardıma görə iştirak etdiyi müddət 60 iş saatı müddətinə bərabər tutulduğundan, (Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2018-ci il tarixli 202 saylı qərarına əsasən) göstərilmiş hüquqi xidmətlərə görə hər iş saatı üçün 6 manat miqdarında ödənilməsi nəzərə alınmaqla hüquqi yardıma görə iş üzrə dəvət olunmuş Müdafiəçi müvafiq hesablaşma hesabı üzərindən Bakı şəhəri 6 saylı Vəkil Bürosu vasitəsi ilə 360 manat əmək haqqı Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 180.2.4-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs ona təyin olunmuş cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, cəzaçəkmə müddətinin başlanğıcı xx xxxx 2020-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Maddi sübut qismində tanınmış “Xiaomi” markalı, “Redmi S2” modelli bir ədəd mobil telefon aparatının işin sonunadək saxlanılması üçün Zərərçəkmiş şəxs təhvil verilməsi nəzərə alınsın, mobil telefon onun istifadəsində saxlanılsın. Məhkəmə məsrəfi olan 50 manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub dövlət xəzinədarlığı agentliyi, kod 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN **********, hesab AZ34CTRE******************** hesabına ödənilsin. Təqsirləndirilən şəxs 60 saat göstərdiyi pulsuz hüquqi yardıma görə iş üzrə dəvət olunmuş Müdafiəçi “xxxxxxxxxxxx” ASC-nin “Qara Qarayev” filialı, kod 200145, VÖEN **********, m/h- AZ37NABZ013501**********1944, S.Wİ.F.T.BİK AİİBAZ2X, hesab - AZ33AİİB********************, VÖEN - ********** hesablaşma hesabı üzərindən Bakı şəhəri 6 saylı Vəkil Bürosu vasitəsi ilə 360 manat əmək haqqı Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Hökmdən elan olunduğu (həbsdə olan məhkuma hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Həmin müddətdə hökmdən apellyasiya qaydasında protest və şikayət verilmədikdə hökm müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Nəriman Mehdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar