Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(007)-142/2022 20.04.2022 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Mehdiyev Nəriman Hüseynqulu oğlunun sədrliyi, məhkəmə iclasının katibi Rüstəmova Sürəyya Nazim qızının katibliyi, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, təqsirləndirilən şəxs-Təqsirləndirilən şəxs, onun müdafiəçisi-Bakı şəhəri 6 saylı vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə, təqsirləndirilən şəxs xx xxxxxx 1992-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsi, T.Bədəlov küçəsi, dalan 2, ev 2-də qeydiyyatda olmaqla yaşamış, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 02 dekabr 2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib, 01 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 24 iyun 2020-ci il tarixli qərarı ilə 25 gün vaxtından əvvəl şərti azad edilmiş, 17 iyul 2020-ci il tarixdə cəza müddəti başa çatmış, məhkumluğu ödənilməmiş, hazırkı işlə bağlı 26 dekabr 2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, 27 dekabr 2021-ci il tarixdə barəsində həbs qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 3 saylı istintaq təcridxanasında saxlanılan - Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə əldə etmiş, saxlamış və daşımışdır. Belə ki, o, istintaqa məlum olmayan mənbədən, satış məqsədi olmadan, qanunsuz olaraq, şəxsi istehlak miqdarından artıq miqdarda, 0,523 qram çəkidə narkotik vasitə olan heroini əldə edib üzərində saxlayaraq daşımış, 26 dekabr 2021-ci il tarixdə saat 04:35 radələrində Baki şəhəri Nizami rayon polis idarəsinin PPXB-nin polis əməkdaşları tərəfindən ünvan 1 ünvanının qarşısında şübhəli şəxs qismində saxlanılaraq Nizami rayonu, H.Əliyev prospekti, 118 ünvanında yerləşən Nizami RPİ-nin 23-cü PB-nə gətirilmiş və orada üzərinə keçirilmiş şəxsi axtarış zamanı əynində olan qara rəngli dəri gödəkçənin sağ yan cibindən 1 ədəd şəffaf sellofana bükülmüş 0,523 qram çəkidə qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin aşkar edilərək götürülmüşdür. Bu hərəkətləri ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, təxminən 3 ildir ki, narkotik vasitələrdən istifadə edir. 26 dekabr 2021-ci il tarixdə Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsi, T.Bədəlov küçəsində yaşadığı evin yaxınlığında olan zaman ərazidə xidmət aparan polis əməkdaşları ona yaxınlaşmış, özlərini təqdim edərək ondan sənəd tələb etmişlər. Bundan sonra o, özünü şübhəli apardığı üçün onu Nizami RPİ-nin 23-cü polis bölməsinə aparmışlar. Orada üzərinə baxış keçirildikdə o, əynində olan qara rəngli dəri materialdan olan jiletin sağ yan cibindən bir ədəd şəffaf sellofan bükümdə olan narkotik maddəni təqdim edərək öz istifadəsi üçün saxlanılan gün Yasamal rayonu ərazisindən tanımadığı şəxsdən 20 manata aldığını bildirmişdir. Həmin maddə ondan götürülərək protokol tərtib edilmiş, protokolu o da imzalamışdır. Təqsirləndirilən şəxs daha sonra əməlindən səmimi peşmançılıq hissləri keçirdiyini, gəncliyini nəzərə alaraq, barəsində yüngül cəza təyin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri Nizami RPİ-nin 23-cü polis bölməsinin cinayət axtarışı üzrə əməliyyat müvəkkili Şahid2 ifadəsində göstərmişdir ki, 26 dekabr 2021-ci il tarixdə narkotik vasitələrinin qanunsuz dövriyyəsində şübhəli bilinən Kərim adlı şəxs PPXB-nin əməkdaşları tərəfindən 23-cü polis bölməsinə gətirilərək raportla təhvil verilmişdir. Bölmədə müəyyən edilmişdir ki, həmin şəxs Təqsirləndirilən şəxsdur. Polis bölməsinin təhqiqatçısı tərəfindən xidməti otaqda onların iştraklari ilə Təqsirləndirilən şəxs üzərinə baxış keçirilmiş, ona üzərində qanunla qadağa edilmiş əşya və ya predmet, dövriyyəsi qadağa edilmiş narkotik vasitə və ya psixotrop maddə olduğu halda təqdim etməsi təklif edilmişdir. Təklifdən dərhal sonra Təqsirləndirilən şəxs əynində olan qara rəngli dəri gödəkçənin sağ yan cibindən bir ədəd şəffaf selofana bükülmüş qəhvəyi rəngli, küstar üsulla hazırlanmış və spesifik iyə məxsus olan maddəni təqdim etmiş, həmin maddənin narkotik vasitə olan “kakos” olduğunu, onu 25 dekabr 2021-ci il tarixdə Yasamal rayonun ərazisində tanımadığı şəxsdən 20 manata aldığını bildirmişdir. Həmin maddə cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan təhqiqatçı tərəfindən qablaşdırılıb möhürlənərək götürülmüşdür. Şəxsi axtarış və götürmə zamanı cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşya və sənədlər aşkar edilməmişdir. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş Bakı şəhəri Nizami RPİ-nin 23-cü polis bölməsinin polis sahə inspektoru X1 məhkəmə iclasında iştirak etmədiyindən onun istintaq zamanı verdiyi ifadəsi elan olunmaqla tədqiq edilmiş, müəyyən edilmişdir ki, o, Şahid2la eyni məzmunlu ifadə vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri Nizami RPİ-nin PPXBnün polis nəfəri Şahid3 ifadəsində göstərmişdir ki, 26 dekabr 2021-ci il tarixdə təxminən saat 04:35 radələrində 4 saylı sahədə xidmət apararkən Nizami rayonu, Keşlə qəsəbəsi, Tahir Bədəlov küçəsində dayanan bir nəfər şəxsin narkotik vasitələrin istifadəsində şübhəli olması səbəbindən digər polis nəfərləri Şahid5 və Şahid4 ilə birgə həmin vətəndaşa yaxınlaşmış, özlərini təqdim etmişlər. Bu vaxt həmin şəxs özünü şübhəli aparmağa başlamış, ona görə onu 23-cü polis bğlməsinə dəvət edərək raportla təhvil vermişlər, polis bölməsində həmin şəxsin Təqsirləndirilən şəxs olması müəyyən edilmişdir. Sonradan saxlanılan həmin şəxsin üzərində narkotik vasitə aşkar olunmasını bilmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri Nizami RPİ-nin PPXBnün polis nəfəri Şahid5, Şahid3la eyni məzmunlu ifadə vermişdir. Eyni zamanda, ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Bakı şəhəri Nizami RPİ-nin PPXB-nün polis nəfəri Şahid4 məhkəmə iclasında iştirak etmədiyindən onun istintaq zamanı verdiyi ifadəsi elan olunmaqla tədqiq edilmiş, müəyyən edilmişdir ki, o, digər şahidlərlə eyni məzmunlu ifadə vermişdir. İşdə olan və məhkəmə baxışında tədqiq edilmiş aşağıda istinad edilən sənədlər və digər sübutlar Azərbaycan Respublikası CPM-nin 124-cü maddəsinin tələblərinə müvafiq olaraq sübut kimi qəbul edilmişdir: - 26 dekabr 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə cinayət işi başlanmışdır. (i.v. 1) - 26 dekabr 2021-ci il protokollardan görünür ki, polis əməkdaşları tərəfindən, videoçəkiliş aparılmaqla, Təqsirləndirilən şəxs üzərinə həmin tarixdə Nizami RPİ-nin 23-cü PB-nin inzibati binasında baxış keçirilmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs üzərində narkotik vasitə, qanunsuz əşya olduğu halda təqdim etməsi təklif olunmuşdur. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan qara rəngli dəri gödəkçənin sağ yan cibindən 1 ədəd şəffaf sellofana bükülmüş büküm təqdim edərək həmin bükümdə narkotik vasitə heroin olduğunu, həmin gün şəxsi istifadəsi üçün Yasamal rayonu ərazisində tanımadığı şəxsdən aldığını bildirmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi narkotik vasitəyə bənzər maddə zərfə qoyularaq qablaşdırılmışdır. Videogörüntüyə təqsirləndirilən şəxsin və müdafiəçisinin iştirakları ilə baxış zamanı həmin halın öz təsdiqini tapdığı müəyyən edilmişdir. (i.v. 23-24, 43) -Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş məhkəmə-kimyəvi ekspertizasının 26 dekabr 2021-ci il tarixli 6/5627 nömrəli ekspert rəyinin nəticə hissəsindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün №163” dairəvi möhür əksi olan, “Təqsirləndirilən şəxs” sözləri, soyad və imzalar qeyd edilmiş bir ədəd zərfdə bir ədəd bükümdə təmiz çəkisi 0,523 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qağan edilən narkotik vasitələr”in siyahısına (Siyahı 1) daxildir. Qeyd: heroinin təmiz çəkisi 0,523 qram, tədqiqata sərf edildi 0,05 qram, qalıq 0,473 qramdır (i.v. 31-34) - 30 yanvar 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərinə baxış keçirilən zaman əynində olan qara rəngli dəri gödəkçənin sağ yan cibindən aşkar edilərək 01 ədəd şəffaf sellofana bükülmüş 0,523 qram çəkidə qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin tədqiqatdan sonrakı çəkisi 0,473 qram və üzərində şəxsi axtarış zamanı videoçəkiliş vasitəsi ilə qeyd edilmiş görüntülərin olduğu 01 ədəd CD disk maddi sübut hesab edilmiş və məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə təyinatı məsələsi həll edilənədək narkotik vasitə olan heroinin tədqiqatdan sonrakı çəkisi 0,473 qram Bakı şəhəri Nizami RPİ-nin maddi sübutları saxlama kamerasına təhvil verilmiş, 01 ədəd CD disk isə cinayət işinin materiallarına əlavə edilmişdir. (i.v. 86-87) -Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Publik hüquqi şəxsin Ambulator Məcburi-Narkoloji tibbi yoxlamasına dair 27 yanvar 2022-ci il tarixli 354 nömrəli rəyinin nəticə hissəsindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin qəbulu nəticəsində asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Lakin, halhazırda abstinensiya, intoksikasiya əlamətlərinin olmamasını nəzərə alaraq, həmçinin öz vəziyyətinə tənqidi münasibətin olması ilə əlaqədar olaraq, narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. (i.v. 88-89) - 05 fevral 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan edilmiş ittiham dəyişdirilmədən saxlanılmış, barəsində Azərbaycan Respublikası CM-nin 234.2 və 234.4.3-cü maddələri ilə cinayət təqibinin başlanması rədd edilmiş, Təqsirləndirilən şəxs aşkar edilmiş narkotik vasitə heroinin əldə olunma mənbəyinin müəyyən olunması ilə bağlı material ayrılaraq 23-cü polis bölməsinə göndərilmişdir. (i.v. 90-95) Məhkəmə qeyd edir ki, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 28.06.2005-ci il tarixli Qanununa əsasən həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi; məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanılmasına yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanılması hesab olunur. Birləşmiş Millətlər Təşkilatının 30 mart 1961-ci il tarixli “Narkotik vasitələr haqqında” Vahid Konvensiyası, 1971-ci il tarixli “Psixotrop maddələr haqqında” və 19 dekabr 1988-ci il tarixli “Narkotik vasitələr və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə mübarizə haqqında” konvensiyalarında narkotik vasitələrin, güclü təsir edən və zəhərli maddələrin qanun-suz dövriyyəsi beynəlxalq cinayət hesab edilmişdir. “Narkotik vasitələrin, güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli, 2 nömrəli Qərarının 5-ci bəndi ilə məhkəmələrə izah edilmişdir ki, təqsirli şəxsin narkotik vasitələri öz ixtiyarında (məsələn, üstündə, gizli saxlanc yerlərində, binalarda və s.) saxlaması ilə əlaqədar olan hər hansı qəsdən edilən hərəkətləri saxlama kimi başa düşülməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə hökmü haqqında” 15 saylı, 24 dekabr 2021-ci il tarixli Qərarına əsasən məhkəmənin hökmü məhkəmə baxışının aparıldığı dildə, aydın, anlaşılan ifadələrlə tərtib olunmalıdır, hökm yalnız məhkəmə iclasında bilavasitə tədqiq olunan sübutlara əsaslana bilər. Azərbaycan Respublikası CPM-nin 349.5.1-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Məhkəmə, məhkəmə istintaqında tədqiq edilmiş sübutlara tam, hərtərəfli və obyektiv qiymət verərək, qeyd edir ki, ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş narkotik vasitənin mənbəyinin müəyyən edilməsi faktının araşdırılması məqsədi ilə material ayrılmışdır və nəticəsindən asılı olaraq hüquqi qiymət veriləcəkdir. Məhkəmə, dövlət ittihamçısını, təqsirləndirilən şəxsi, onun müdafiəçisini və şahidləri dinləyib, iş materiallarını hərtərəfli və obyektiv tədqiq edərək, istinad olunan hüquq normalarına əsaslanaraq, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirliliyi özünün etirafedici ifadəsi ilə yanaşı, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan, iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahid ifadələri, məhkəmə ekspertizalarının rəyləri və iş üzrə toplanmış digər materiallarla sübuta yetirilmişdir. İstintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir, onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar, habelə, əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Odur ki, Azərbaycan Respublikası CPM-nin 44.2.4-cü maddəsinə müvafiq olaraq, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməkdə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarılmalı və ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin 234.1-ci maddəsinin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma - həmin maddədə nəzərdə tutulmuş cinayət məsuliyyətinə səbəb olur, bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən aşağıdakıları nəzərə alır, eləcə də cinayət qanununun müvafiq prinsip və müddəalarını rəhbər tutur: - 26 dekabr 2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs kimi həmin tarixdə tutulmuşdur. (i.v. 15) - 27 dekabr 2021-ci il tarixli qərardan görünür ki, Bakı şəhəri Nizami Rayon Məhkəməsi tərəfindən Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş, həbsdə saxlanılma müddəti 03 ay həddində müəyyən edilmiş, həbsetmənin əvvəli 26 dekabr 2021-ci il tarixdən hesablanmışdır. (i.v. 61-64) -Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş 19 yanvar 2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 02 dekabr 2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib, 01 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 24 iyun 2020-ci il tarixli qərarı ilə 25 gün vaxtından əvvəl şərti azad edilmiş, 17 iyul 2020-ci il tarixdə cəza müddəti başa çatmışdır. (i.v. 66-67) Azərbaycan Respublikası CM-nin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Həmin Məcəllənin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs əvvəllər az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxs kimi 17 iyul 2020-ci il tarixdə cəzanı çəkib qurtardığı gündən iki il keçmədən, 26 dekabr 2021-ci il tarixdə yenidən qəsdən cinayət törətdiyinə görə onun məhkumluğu ödənilməmiş hesab olunur, əməlində Azərbaycan Respublikası CM-nin 18.1-ci maddəsində nəzərdə tutulan qaydada cinayətlərin residivi vardır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Cinayət Qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndinə əsasən şəxsin təqsirli bilindiyi maddənin sanksiyası azadlıqdan məhrum etmə ilə yanaşı yüngül cəza növləri də nəzərdə tutursa, hökm çıxarılarkən, azadlıqdan məhrum etmə cəzası təyin edildikdə, bu qərar hökmdə əsaslandırılmalıdır. Cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə törətdiyi əməl həmin Məcəllənin 15.3-cü maddəsinə əsasən az ağır cinayət, 25.1-ci maddəsinə əsasən isə qəsdən törədilmiş cinayət hesab olunur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə əsasən, cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal qismində Azərbaycan Respublikası CM-nin 59.1-ci maddəsində dairəsi konkret göstərilmiş hallar müəyyən edilməmişdir. Məhkəmə cinayətlərin residivini Azərbaycan Respublikası CM-nin 61.1.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal kimi nəzərə alır, cəzanı ağırlaşdıran digər hallar isə müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs barəsində təyin ediləcək cəzanın həddini və növünü müəyyən edərkən cəza təyinetmənin ümumi prinsiplərini rəhbər tutmaqla onun qəsdən az ağır cinayət törətməsini, işin faktiki hallarını nəzərə alaraq, hesab edir ki, təqsirləndirilən şəxsin islah olunması üçün törətdiyi cinayətə görə barəsində azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi məqsədəmüvafiqdir, tətbiq edilməsi nəzərdə tutulan cəza cinayət törətmiş şəxsin fərdi xüsusiyyətlərinə, törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsinə və xarakterinə mütənasibdir və hazırkı halda həmin cəza, cəzanın məqsədini təmin edir, ona görə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. O cümlədən məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CM-nin 65.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin ediləcək cəzanın müddəti onun təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş daha ciddi cəza növü olan azadlıqdan məhrum etmə cəzasının son həddinin yarısından az olmamalıdır. Həmin maddənin tələbinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Azərbaycan Respublikası CPM-nin 158.2 və 158.2.1-ci maddələrinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu, həbsdə saxlanıldığı və ev dustaqlığında saxlanıldığı müddətlər onun həbsdə saxlama müddətinə daxildir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs hazırkı işlə bağlı 26 dekabr 2021-ci il tarixdə şübhəli şəxs qismində tutulduğu müddət ibtidai həbs müddəti kimi cəzaçəkmə müddətinə daxil edilməklə, cəzaçəkmə müddətinin başlanğıcı həmin tarixdən hesablanmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli olduğundan, Azərbaycan Respublikası CPM-nin 175.5-ci maddəsinin tələbinə uyğun olaraq, onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Məhkəmə Azərbaycan Respublikası CM-nin 56.1.3-cü maddəsinə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs ona təyin olunacaq cəzanı ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 346-cı maddəsində nəzərdə tutulan, məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında müzakirə edilməli olan digər məsələlərlə bağlı qeyd edir ki, cinayət işi üzrə mülki iddia yoxdur; cinayət nəticəsində vurulmuş maddi zərərin və ya mümkün ola biləcək xüsusi müsadirənin təmin edilməsi məqsədi ilə əmlak üzərinə həbs qoyulmamışdır; maddi sübut qismində tanınaraq Bakı şəhəri Nizami RPİ-nin maddi sübutları saxlama kamerasında saxlanılan, ekspertiza tədqiqatına sərf edildikdən sonra qalmış 0,473 qram narkotik vasitə-heroin məhv edilməli, bir ədəd CD disk cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalıdır; CPM-nin 198.1-ci maddəsinə əsasən məhkəmə məsrəfi olan ekspertiza xərci təqsirləndirilən şəxsdən tutulub Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. Məhkəmə, Ambulator məcburi-narkoloji tibbi yoxlamanın rəyini nəzərə alaraq, hesab edir ki, Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Azərbaycan Respublikası CM-nin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2, 193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının (AR Nazirlər Kabineti) müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə qeyd edir ki, müstəntiqin qərarı əsasında dövlət hesabına dəvət edilmiş Bakı şəhəri 6 saylı vəkil bürosunun vəkili Müdafiəçi məhkəməyədək icraat zamanı iştirak edərək təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsini həyata keçirsə də, müstəntiq müdafiəçinin hüquqi xidmətlərə görə iştirak etdiyi müddətə və bunun məbləğinə dair arayışı ittiham aktına əlavə etməmiş, eləcə də müdafiəçinin özü tərəfindən həmin dövr üçün hesabat arayışı təqdim edilməmişdir, ona görə müdafiəçiyə həmin hissədə əmək haqqının tutulması məsələsi həll edilmir. Həmin vəkil məhkəmənin qərarı əsasında məhkəmə icraatı zamanı iştirak edərək iş materialları ilə tanış olmaqla birlikdə təqsirləndirilən şəxsə hüquqi yardım göstərmişdir, həmin müddət 10 iş saatı müddətinə bərabər tutulduğundan, (Nazirlər Kabinetinin 03.05.2018-ci il tarixli 202 saylı qərarına əsasən) hər iş saatı üçün 6 manat miqdarında ödənilməsi nəzərə alınmaqla müdafiəçiyə əmək haqqı dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, 01 (bir) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin və ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, cəzaçəkmə müddətinin başlanğıcı 26 dekabr 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Cinayət işi üzrə maddi sübut qismində tanınaraq Bakı şəhəri Nizami RPİ-nin maddi sübutları saxlama kamerasında saxlanılan, ekspertiza tədqiqatına sərf edildikdən sonra qalmış 0,473 qram narkotik vasitə-heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, bir ədəd CD disk cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılsın. Məhkəmə məsrəfi olan 65 manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub dövlət xəzinədarlığı agentliyi, kod 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN **********, hesab AZ34CTRE******************** hesabına ödənilsin. Təqsirləndirilən şəxs məhkəmə icraatı zamanı 10 saat göstərdiyi pulsuz hüquqi yardıma görə Müdafiəçi müvafiq hesablaşma hesabı üzərindən Bakı şəhəri 6 saylı vəkil bürosu vasitəsi ilə 60 manat əmək haqqı Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Hökmdən elan olunduğu (həbsdə olan məhkuma hökmün surəti verildiyi) andan 20 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Həmin müddətdə hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə, hökm müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Nəriman Mehdiyev
Məhkəmə qərarları › İş №1(007)-142/2022
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Hökm — İş №1(007)-142/2022
20.04.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver