Məhkəmə qərarları › İş №1(007)-142/2024

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Hökm — İş №1(007)-142/2024

29.03.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(007)-142/2024 29.03.2024 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Giriş: Hakim Mehdiyev Nəriman Hüseynqulu oğlunun sədrliyi, məhkəmə iclasının katibi Məmmədli Sevinc Əbülfəz qızının katibliyi, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və onun müdafiəçisi-Bakı şəhəri 6 saylı vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə, təqsirləndirilən şəxs xx xxxxxx 1989-cu il tarixdə Cəlilabad şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, iki uşağı olan, işləməyən, əvvəllər məhkum olunmamış, Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsi, P.Fərzəliyev küçəsi ev 15/1-də qeydiyyatda olmaqla yaşamış, 23 sentyabr 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, 25 sentyabr 2023-cü il tarixdə barəsində həbs qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 3 saylı istintaq təcridxanasında saxlanılan - Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-1 və 234.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs elektron məlumat daşıyıcılarından istifadə etməklə özgənin əmlakını gizli yolla talayaraq oğurluq etmiş və satış məqsədi olmadan, qanunsuz olaraq, şəxsi istehlak miqdarından artıq miqdarda psixotrop maddəni əldə edib özündə saxlamaqla daşımışdır. Belə ki, o, elektron məlumat daşıyıcısından istifadə etməklə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 02 iyul 2023-cü il tarixdə ünvan 1 ünvanda yerləşən mağazada həmin mağazanın sahibi Zərərçəkmiş şəxs xahişi ilə sonuncunun mobil telefonuna Zərərçəkmiş şəxs məxsus "xxxx" ASC-dən verilmiş 4127-2044-4332-5863 nömrəli plastik kartdan internet üzərində istifadə etməsi məqsədilə “ABB” proqramını yüklədikdən sonra eyni tarixdə Zərərçəkmiş şəxs həmin telefonu danışmaq adı ilə alıb saat 14:16:08-də mobil telefon vasitəsilə bank hesabına müdaxilə edərək elektron məlumat daşıyıcısından istifadə etməklə internet üzərindən həmin kartdan onun cinayətkar niyyətindən xəbərsiz olan qardaşı Şahid3 adına olan, "xxxx" ASC-dən verilmiş 4169-7399-4234-1210 nömrəli plastik karta 60 manat pul vəsaitini köçürdükdən sonra cinayətkar niyyətini davam etdirərək Zərərçəkmiş şəxs sonuncuya məxsus mobil telefonu müxtəlif bəhanələrlə alıb eyni üsulla sonuncuya məxsus bank hesabına müdaxilə etməklə 13 sentyabr 2023-cü il tarixdə saat 20:45-də Şahid3 adına olan, "xxxx" ASC-dən verilmiş 4169-7388-4234-1210 nömrəli plastik karta 50 manat, 17 sentyabr 2023-cü il tarixdə saat 15:49-da özünün adına olan "xxxx" ASC-dən verilmiş 4169-7388-4965-8962 nömrəli plastik karta 13 manat, 17 sentyabr 2023-cü il tarixdə saat 17:14-də Şahid3 adına olan "xxxx" ASC-dən verilmiş 4169-7388-4234-1210 nömrəli plastik karta 129 manat, 18 sentyabr 2023-cü il tarixdə saat 01:38-də özünün adına olan "xxxx" ASC-dən verilmiş 5522-0993-4898-0319 nömrəli plastik kartına 130 manat, 18 sentyabr 2023-cü il tarixdə saat 08:49-da özünün adına olan "xxxx" ASC-dən verilmiş 5522-0993-4898-0319 nömrəli plastik kartına 348 manat, 21 sentyabr 2023-cü il tarixdə saat 07:00-də özünün adına olan "xxxx" ASC-dən verilmiş 4169-7388-4965-8962 nömrəli plastik karta 500 manat, ümumilikdə vahid niyyətlə əhatə olunan qəsdlə 1230 manat pul vəsaitini köçürməklə gizli olaraq talayıb Zərərçəkmiş şəxs 1230 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, o, şəxsiyyəti istintaqa məlum olmayan mənbədən naməlum vaxtda və şəraitdə satış məqsədi olmadan, qanunsuz olaraq, şəxsi istehlak miqdarından artıq miqdarda, bir ədəd bükümdə 0,349 qram çəkidə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini əldə edib üzərində daşımaqla saxlamış, 23 sentyabr 2023-cü il tarixdə saat 13 radələrində Bakı şəhəri Nizami rayon polis idarəsinin 23-cü polis bölməsinin əməkdaşları tərəfindən Bakı şəhəri, Nərimanov rayonu, Ziya Bünyadov prospekti 2071 ünvanında yerləşən “Santral” adlı mağazanın qarşısında Zərərçəkmiş şəxs qarşı oğurluq cinayəti törətməkdə şübhəli şəxs qismində saxlanılaraq Bakı şəhəri, Nizami rayonu, Heydər Əliyev prospetki 118 ünvanında yerləşən Nizami RPİ-nin 23-cü polis bölməsinin inzibati binasına gətirilib orada üzərinə keçirilmiş şəxsi axtarış zamanı əynindəki qara rəngli cins şalvarın sağ yan iç cibindən 01 ədəd şəffaf sellofan bükümdə, təmiz çəkisi 0,349 qram ağ rəngli kristallik hissəciklərdən ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Bu hərəkətləri ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-1 və 234.1-ci maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətmişdir. İşin halları, təqdim və tədqiq edilmiş sübutlar: Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, onunla eyni küçədə yaşayan Zərərçəkmiş şəxs tanıyır, Zərərçəkmiş şəxs Keşlə qəsəbəsi, P.Fərzəliyev küçəsində 24 saat işləyən ərzaq satışı mağazası işlədir. 2023-cü ilin iyul ayının əvvəllərində təxminən saat 09 radələrində yaşadığı evin həyətindən küçəyə çıxarkən təsadüfən qonşusu Zərərçəkmiş şəxslə rastlaşmışdır. Zərərçəkmiş şəxs onunla salamlaşaraq onu işlətdiyi mağazasına çağıraraq, ondan kart məlumatlarını onun mobil telefonuna yükləməkdə köməklik etməsini xahiş etmişdir. Zərərçəkmiş şəxs yaşlı olduğu üçün mobil telefonu tam olaraq yaxşı işlədə bilməmiş, hər dəfə telefonla bağlı nəsə lazım olduqda ondan kömək istəmişdir. O da Zərərçəkmiş şəxs xahişinə görə “ABB” proqramı köçürdərək "xxxx"ına aid kart məlumatlarını həmin proqrama yükləmişdir. Həmin vaxt Zərərçəkmiş şəxs kartında müəyyən məbləğdə pul olduğunu görmüşdür. Həmin gün bir neçə saat sonra Zərərçəkmiş şəxs mobil telefonunu götürüb nəsə işi olduğunu bahənə edib ondan xəbərsiz, telefonuna yüklədiyi “ABB” proqramı vasitəsilə 02 iyul 2023-cü il tarixdə təxminən saat 14 radələrində qardaşı Elşənə məxsus "xxxx" ASC tərəfindən verilmiş əvvəli 4169, sonu 1210 saylı kart hesabına pulun yüklənib-yüklənməyəcəyini yoxlamaq üçün Zərərçəkmiş şəxs kartının balansından 60 manat pul göndərmişdir. Daha sonra Elşənə zəng edib ondan 60 manat pulun onun kart hesabına yüklənib-yüklənmədiyini soruşmuşdur. Elşən də kart hesabına 60 manat pulun köçdüyünü dedikdən sonra, həmin pulun özünə məxsus olduğunu demiş və hesabdan çıxardıb ona verməsini xahiş etmişdir. Elşən də həmin gün 60 manat pulu kart hesabından çıxardıb ona vermişdir. Həmin 60 manat pulu şəxsi ehtiyaclarına xərcləmişdir. Elşənə həmin pulu Zərərçəkmiş şəxs kart hesabından oğurladığı barədə bildirməmişdir. Bundan sonrakı müddətdə Müşfiq qəsəbəsində yaşadığı üçün tez-tez Keşlə qəsəbəsinə gedə bilməmişdir. Təxminən sentyabr ayının 12-də anasını görmək üçün Keşlə qəsəbəsinə getmişdir. 13 sentyabr 2023-cü il tarixdə saat 20 radələrində Zərərçəkmiş şəxs işlədiyi mağaza getmiş, mobil telefonu ilə işi olduğunu bahanə edib, onun mobil telefonunu almış və Zərərçəkmiş şəxs mobil telefonunda olan “ABB” proqramı vasitəsilə qardaşı Elşənə məxsus "xxxx" ASC-yə aid əvvəli 4169, sonu 1210 olan kart hesabına 50 manat pul köçürmüşdür. Pulu köçürdükdən sonra Elşənə zəng edib ona olan borcumdan 50 manatını kart hesabına köçürdüyünü bildirmişdir. Elşən kart hesabına 50 manat pulun yükləndiyini təsdiq etmişdir. 17 sentyabr 2023-cü il tarixdə saat 15 radələrində eyni qaydada Zərərçəkmiş şəxs mobil telefonu ilə “ABB” proqramına daxil olub özünə məxsus "xxxx" ASC tərəfindən verilmiş tam olaraq nömrəsi yadında qalmayan 4169-7388-****8962 nömrəli kart hesabına 13 manat yükləmişdir. Həmin gün bir neçə saat sonra, təxminən saat 17 radələrində eyni qaydada Zərərçəkmiş şəxs məxsus mobil telefonda olan proqram vasitəsilə qardaşı Elşənə məxsus tam olaraq nömrələri yadında qalmayan "xxxx" ASC tərəfindən verilmiş əvvəli 4169, sonu 1210 saylı kart hesabına 129 manat pul köçürmüşdür. Elşənə zəng edib onun kart hesabına pulun yüklənibyüklənmədiyini soruşmuş, Elşən həmin məbləğdə pulun kartına yükləndiyini dedikdən sonra o, həmin pulla Elşənə verməli olduğu borcun bir hissəsini, yəni 129 manatını ödədiyini bildirmişdir. Səhəri gün, yəni 18 sentyabr 2023-cü il tarixdə gecə saat 01 radələrində yenidən eyni qaydada mağazaya gedib Zərərçəkmiş şəxs məxsus telefonda “ABB” proqramı vasitəsilə özünə məxsus "xxxx" ASC tərəfindən verilmiş 5522-0993-4898- 0319 nömrəli kart hesabına 130 manat, bundan sonra həmin gün saat 08 radələrində yenidən eyni qaydada özünə məxsus 5522- 0993-4898-0319 nömrəli kart hesabına 348 manat pul göndərmişdir. Bundan sonra 21 sentyabr 2023-cü il tarixdə saat 07 radələrində Zərərçəkmiş şəxs mobil telefonunda nəsə problem olduğunu demiş və mağazaya gəlib problemi aradan qaldırmaq üçün ona kömək etməsini xahiş etmişdir. O da Zərərçəkmiş şəxs mobil telefonuna baxarkən fürsətdən istifadə edib “ABB” proqramına daxil olaraq özünə məxsus "xxxx" ASC tərəfindən verilmiş tam olaraq nömrəsi yadında qalmayan 4169-7388-****8962 nömrəli kart hesabına 500 manat pul köçürtmüşdür. Bütün pulların bir hissəsini dəqiq ünvanını xatırlamadığı ATM-dən çıxartmış, bir hissəsini isə kartdan xərcləmişdir. Həmin pulun bir hissəni şəxsi ehtiyaclarına, bir hissəsini isə narkotik vasitə almağa xərcləmişdir. Belə ki, o, bir neçə il əvvəldən narkotik vasitələrdən və psixotrop maddələrdən çəkmək yolu ilə istifadə etmişdir. İstifadə etdiyi narkotik vasitələri anket məlumatlarını bilmədiyi şəxslərdən pul ödəməklə alıb istifadə etmişdir. 23 sentyabr 2023cü il tarixdə səhər saatlarında Bakı şəhəri Nərimanov rayonunun ərazisində yaşayan üzdən tanıdığı, lakin anket məlumatlarını bilmədiyi, 30-35 yaşlarında, orta boylu, qaraşın, arıq bədən quruluşlu kişidən “Nərimanov” metrostansiyası yaxınlığında 10 manat pul müqabilində şəxsi istifadəsi üçün 01 ədəd metallik rəngli siqaret falqası bükümünün içərisindəki kiçik şəffaf sellofan bükümündə “patı” kimi tanıdığı ağ rəngli kristallik maddəni alıb üzərində saxlamışdır. Həmin gün saat 13 radələrində ünvan 5 ünvanda yerləşən “Santral” adlı mağazanın qarşısında bir nəfər polis geyimi formasında və bir nəfər isə mülki geyimdə olmaqla, iki nəfər şəxs ona yaxınlaşaraq özlərini Nizami RPİ-nin 23-cü polis bölməsinin əməkdaşları kimi təqdim edərək, qonşusu Zərərçəkmiş şəxs müraciəti üzrə təhqiqatçı tərəfindən verilmiş tapşırığa görə onlarla birlikdə 23-cü PB-nə getməli olduğunu bildirmişlər. O da etiraz etməyib həmin polis əməkdaşları ilə birlikdə 23-cü polis bölməsinə getmişdir. Polis bölməsinə aparılarkən üzərində psixotrop maddə olduğundan yolda özünü şübhəli apardığı üçün əvvəl polis bölməsinin binasında şəxsiyyətini tam dəqiqləşdirildən sonra xidməti otaqlardan birinə aparılmışdır. Orada təhqiqatçı tərəfindən hüquq və vəzifələri izah edilmiş, dəvət olunmuş vəkiliş iştirakı ilə şübhəli şəxs qismində tutulmuş, bundan sonra müdafiəçinin və polis əməkdaşlarının iştirakları ilə, videoçəkilişlə təhqiqatçı tərəfindən şəxsi axtarış keçirilmişdir. Əvvəlcə ona üzərində qanunsuz olaraq əldə edilmiş narkotik vasitə, maddə və ya əşya varsa təqdim etməsi təklif edilmişdir. Bundan sonra o, əynində olan qara rəngli cins şalvarın sağ yan iç cibindən 01 ədəd metallik rəngli siqaret falqası bükümünün içərisindəki şəffaf sellofan bükümünü çıxarıb masanın üzərinə qoymuşdur. Təqdim etdiyi həmin bir büküm açıldıqda içərisində ağ rəngli kristallik maddə aşkarlanmışdır. Həmin kütlənin nə olması sualına cavab olaraq “patı” kimi tanıdığı psixotrop maddə olduğunu bildirmişdir. Üzərində şəxsi axtarış davam etdirilmiş, lakin başqa heç bir əşya və ya predmet aşkar edilməmişdir. Üzərindən aşkar edilmiş içərisində psixotrop maddə olan büküm zərfdə qablaşdırılmış, üzəri onlar tərəfindən imzalandıqdan sonra möhürlənmişdir. Polis əməkdaşları tərəfindən saxlanıldığından istifadə etməyə imkanı olmamışdır. Polis əməkdaşları tərəfindən saxlanılan zaman və 23-cü polis bölməsində olarkən ona qarşı hər hansı bir zor və təzyiq göstərilməmişdir. Təqsirləndirilən şəxs ifadəsinin sonunda əməlindən səmimi peşman olduğunu, zərərçəkmiş şəxsə dəymiş ziyanın ödənildiyini və zərərçəkmiş şəxsin onunla barışdığını, himayəsində iki azyaşlı uşağı olduğunu göstərmiş, barəsində yüngül cəza təyin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, o, Təqsirləndirilən şəxs onun uşaqlığından tanıyır. Təqsirləndirilən şəxs onun yaşadığı küçədə anası, qardaşı və ailəsi ilə birlikdə yaşamışdır. Onun özü isə yaşadığı məhəllədə 24 saat işləyən kiçik bir ərzaq mağazası işlədir. Təqsirləndirilən şəxs ailəsi və özü onun mağazasından alış-veriş etmişlər. O, hər dəfə özünə məxsus mobil telefonuna proqram köçürtmək, telefonda hər hansı bir əməliyyat və s. etmək istədikdə Elçindən bunu etməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs da onun mobil telefonunu götürüb, mağzada telefonda lazım olanları etdikdən sonra mobil telefonu ona qaytarmışdır. 20 sentyabr 2023-cü il tarixdə özünə məxsus "xxxx" ASC-dən ona verilmiş 4127-2044-4332-5863 kartın balansında olan pulunun azaldığını görmüş və Nizami RPİ-nin 23-cü polis bölməsinə gedib bu barədə şikayət ərizəsi ilə müraicət etmişdir. Polis əməkdaşları ilə onun mobil telefonunda olan “ABB” adlı proqrama baxış zamanı pullarının digər kartlara köçürüldüyü aşkar edilmişdir. Sonra ona məxsus həmin bank kartından çıxan pulların qonşu Təqsirləndirilən şəxs adına olan müxtəlif banklara məxsus pul kartlarına köçürüldüyü müəyyən edilmişdir. Səhəri gün, yəni 21 sentyabr 2023-cü il tarixdə mobil telefonuna gəlmiş sms bildirişdə kartından daha 500 manat çıxarıldığı qeyd olunmuşdur. Telefonunda olan “ABB” adlı proqrama daxil olduqda, oradan 02 iyul 2023-cü il tarixdən 21 sentyabr 2023-cü il tarixədək olan müddət ərzində hissə-hissə olmaqla ümumilikdə 1230 manat pul çıxarıldığını görmüşdür. Bu səbəbdən "xxxx" ASC-yə müraciət edərək həmin kartını bloklatdırmışdır. Təqsirləndirilən şəxs onun mobil telefonunda olan "xxxx" ASC-dən verilmiş 4127-2044-4332-5863 kartı hesab əməliyyatları edilməsi üçün qeydiyyatdan keçirtdiyi “ABB” proqramına daxil olaraq hissə-hissə olmaqla öz kart hesablarına onun hesabında olan pulları köçürdərək, ona ümumilikdə 1230 manat maddi ziyan vurmuşdur. Zərərçəkmiş şəxs daha sonra, ona dəymiş maddi ziyan ödənildiyinə görə Təqsirləndirilən şəxs ilə barışdığını, ona qarşı şikayət və tələbinin olmadığını göstərmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, o, Bakı şəhəri Nizami RPİ-nin 23-cü polis bölməsində polis sahə rəisi vəzifəsində xidmət edir. Xidməti ərazisində yaşayan Zərərçəkmiş şəxs məxsus "xxxx" ASC tərəfindən verilmiş tam kart hesabından pul vəsaitinin çıxarılmaqla oğurlanmasında şübhəli olan Təqsirləndirilən şəxs müəyyən edilərək, təhqiqata təmin edilməsi barədə 23-cü PB-nin təhqiqatçısı tərəfindən əməliyyat tapşırığı verilmişdir. 23-cü PB-nin CA üzrə əməliyyat müvəkkili Şahid1 ilə birlikdə həmin əməliyyat tapşırığına əsasən 23 sentyabr 2023-cü il tarixdə saat 13 radələrində Bakı şəhəri, Nizami rayonu, Ziya Bünyadov prospektində yerləşən “Santral” mağazasının qarşısında zahiri əlamətlərindən Təqsirləndirilən şəxs bənzəyən, hərəkətləri və davranışı ilə narkotik vasitələrin aludəçisinə oxşayan, özünü şübhəli aparan şəxsi görüb ona yaxınlaşıb xidməti vəsiqələrini göstərməklə özlərini təqdim edib həmin şəxsdən adını, soyadını və şəxsiyyətini təsdiq edən sənədini soruşduqda, şəxs özünü Təqsirləndirilən şəxs olaraq təqdim etsə də, verilən suallara qeyri-müəyyən cavab verməyi onun narkotik vasitə və ya psixotrop maddə təsiri altında ola bilməsi ilə bağlı şübhə yaratdığından həmin şəxsi 23-cü polis bölməsinə aparmışlar. Polis bölməsində həmin şəxsin həqiqətən də Təqsirləndirilən şəxs olması müəyyən edilmişdir. Bu barədə bölmə rəhbərliyinə raportla məruzə edildikdən sonra, rəhbərliyin göstərişi ilə Təqsirləndirilən şəxs təhqiqatçı Şəbnəm Ələkbərovanın iş otağına aparılmışdır. Xidməti otaqda Təqsirləndirilən şəxs təhqiqatçı tərəfindən vəkilin iştirakı ilə şübhəli şəxs qismində tutulmuş, daha sonra üzərində şəxsi axtarış aparılması barədə qərarla tanış edilərək üzərində qanunsuz olaraq əldə edilmiş hər hansı bir əşya, predmet, narkotik vasitə, maddə varsa təqdim etməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynindəki qara rəngli cins şalvarın sağ yan iç cibindən 01 ədəd metallik rəngli siqaret kağızı bükümünü çıxarıb masanın üzərinə qoymuşdur. Sorğu zamanı Təqsirləndirilən şəxs həmin bükümün içərisində “patı” adı ilə tanıdığı psixotrop maddə metamfetamin olduğunu, işlətdiyi taksiyə müştəri kimi götürdüyü adını, ünvanını bilmədiyi şəxsdən özünün istifadəsi üçün 10 manata aldığını, sonradan istifadə etməsi üçün üzərində saxladığını, əvvəllər də narkotik vasitələrdən, psixotrop madələrdən istifadə etdiyini, narkomaniyadan müalicə aldığından sonra bir müddət qəbul etmədiyini, lakin bir ay-ay yarımdır ki, yenidən psixotrop maddə metamfetamindən istifadə etdiyini bildirmişdir. Həmin siqaret kağızı bükülüsü təhqiqatçı tərəfindən açıldıqda içərisində şəffar sellofana bükülmüş ağ rəngli maddə olduğu görünmüşdür. Şəxsi axtarış davam etdirildikdə Təqsirləndirilən şəxs üzərindən başqa əşya, kütlə və sənəd aşkar edilməmişdir. Təqdim olunan içərisində psixotrop maddə metamfetamin olduğu güman edilən bir ədəd bükülü bütün iştirakçıların gözü qarşısında zərfə qoyularaq qablaşdırılmış, zərfin üzəri imzalarla təsdiq edildikdən sonra möhürlənmişdir. Bu barədə protokol tərtib edilmiş, tərtib edilmiş protokol ucadan oxunduqdan sonra düzgünlüyü iştirakçılar, eləcə də Təqsirləndirilən şəxs oğlu tərəfindən imzalarla təsdiq edilmişdir. Təqsirləndirilən şəxs tərəflərindən saxlanılarkən, polis bölməsinə aparılarkən və bölmədə olarkən ona qarşı hər hansı bir şəxs tərəfindən psixi-fiziki təsir edilməmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs məxsus "xxxx" tərəfindən verilmiş tam kart hesabından pul vəsaitinin onun tərəfindən çıxarıldığını da etiraf etmiş və əməlindən peşman olduğunu bildirmişdir. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş Bakı şəhəri Nizami RPİ-nin 23-cü polis bölməsinnin CA üzrə əməliyyat müvəkkili Şahid1 iştirakının təmin edilməsi mümkün olmadığından, həmin dövrdə verdiyi ifadəsi məhkəmə iclasında elan olunaraq tədqiq edilmiş, onun Şahid2lə eyni məzmunlu ifadə verdiyi müəyyən edilmişdir. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid3 iştirakının təmin edilməsi mümkün olmadığından, həmin dövrdə verdiyi ifadəsi məhkəmə iclasında elan olunaraq tədqiq edilmişdir. Şahid sözügedən ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun qardaşıdır. Elçin əvvəllər onlarla birlikdə ünvan 6 ünvanında yaşamışdır. Lakin sonralar ailəsi ilə birlikdə Abşeron rayonu, Müşfiq qəsəbəsində, Şirvani küçəsi 12/10, nömrəsiz fərdi tikilidə kirayə yaşamışdır. Zərərçəkmiş şəxs 10 ilə yaxındır ki, tanıyır. Ramiz də Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsi, P.Fərzəliyev küçəsində qonşuluqda yaşayır. Zərərçəkmiş şəxslə arasında heç bir ədavət, düşmənçilik və ziddiyyətli münasibətlər olmamışdır. Əksinə, bir qonşu kimi münasibətləri normal olmuşdur. Ramiz həmçinin Keşlə qəsəbəsi, P.Fərzəliyev küçəsində 24 saat işləyən ərzaq satışı mağazası işlədir. Təxminən 2023-cü ilin iyul ayının əvəllərində qardaşı Elçin "xxxx" ASC tərəfindən ona verilmiş 4169- 7388-4234-1210 saylı kart hesabına 60 manat pul göndərmişdir. Daha sonra zəng edib həmin pulu çıxardıb ona verməsini xahiş etmişdir. Yadında qaldığı qədəri ilə həmin vaxt Elçinin bank kartı yox imiş. O da 60 manat pulu həmin kart hesabından bir neçə gün sonra yadında qalmayan yerdə ATM-dən çıxardıb Elçinə vermişdir. Bundan başqa 2023-cü ilin sentyabr ayının ortalarında Elçin "xxxx"dan ona verilmiş həmin 4169-7388-4234-1210 nömrəli bank kartına 50 manat pul köçürmüşdür. Sonra isə ona zəng edib ona olan borcundan 50 manatı çıxmasını xahiş etmişdir. Həmin ərəfədə Elçinin ona təxminən 200- 300 manat borcu varmış. Ona görə də Elçinin ona olan borcundan həmin 50 manatı çıxmışdır. Bundan bir neçə gün sonra, yəni 2023-cü ilin sentyabr ayında Elçin onun həmin kart hesabına daha 129 manat pul göndərmişdir. Sonra isə zəng edib ona olan borcundan həmin 129 manatı çıxmasını istəmişdir. Ona görə Elçinin ona olan borcundan həmin 129 manatı çıxmışdır. Elçin ümumilikdə ona məxsus "xxxx"dan ona verilmiş bank kartına 60 manat, 50 manat və 129 manat, yəni cəmi üç dəfə olmaqla ümumilikdə 239 manat pul göndərmişdir. Həmin məbləğin 60 manatını Elçinin istəyi ilə özünə qaytarmış, qalan 179 manatını isə Elçinin istəyi ilə ona olan borcundan çıxmışdır. Elçinin onun adına olan 4169- 7388-4234-1210 nömrəli bank kartına göndərdiyi 239 manat pulu onun başqasının kartından və hesabından göndərdiyini bilməmiş və bu barədə Elçin ona heç nə deməmişdir. Ancaq sonradan, yəni Elçin tutulduqdan sonra Elçinin qonşuları Ramiz kişinin kart hesabından məyyən məbləğdə pul oğurladığını öyrənmişdir. İşdə olan və məhkəmə baxışında tədqiq edilmiş aşağıda istinad edilən sənədlər və digər sübutlar Azərbaycan Respublikası CPM-nin 124-cü maddəsinin tələblərinə müvafiq olaraq sübut kimi qəbul edilmişdir: - 24 sentyabr 2023-cü il tarixli qərardan görünür ki, faktla əlaqədar Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmışdır. (i.v. 1) - 23 sentyabr 2023-cü il və 26 sentyabr 2023-cü il tarixli protokollardan görünür ki, 23 sentyabr 2023-cü il tarixdə şübhəli şəxs qismində saxlanılaraq 23-cü polis bölməsinin inzibati binasına gətirilmiş Təqsirləndirilən şəxs üzərində, müdafiəçinin iştirakı və videoçəkilişlə, şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış aparılmazdan əvvəl Təqsirləndirilən şəxs bu barədə qərarla tanış edilərək paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə verməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynindəki qara rəngli cins şalvarının sağ yan iç cibindən 01 ədəd metallik rəngli siqaret falqası bükümünü çıxarıb masanın üzərinə qoymuşdur. Sorğu zamanı Təqsirləndirilən şəxs təqdim etdiyi həmin sellofan bükümünün içərsindəki maddə kütləsinin “patı” kimi tanıdığı psixotrop maddə olduğunu, bu maddə kütləsini 23 sentyabr 2023-cü il tarixdə səhər saatlarında ünvan 8 ünvanını bilmədiyi bir nəfər şəxsdən 10 manat pul müqabilində şəxsi istifadəsi məqsədi ilə alaraq üzərində saxlayıb gəzdirdiyini bildirmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi 01 ədəd metallik rəngli siqaretin falqası bükümü açıldıqda içərisində bir ədəd şəffaf rəngli sellofan bükümün ağ rəngli kristallik psixotrop maddə metafetaminə bənzər maddə olması aşkar edilmişdir. Həmin psixotrop maddə metafetaminə bənzər ağ rəngli kristallik maddə kütləsi cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan bir ədəd kağız zərfdə qablaşdırılıb möhürlənərək götürülmüşdür. Axtarış davam etdirilərkən şəxsin üzərindən heç bir əşya və ya predmet aşkar edilməmişdir. Şəxsi axtarış və götürmə aparılması haqqında protokol tərtib olunaraq imzalarla təsdiqlənmişdir. Şəxsi axtarış zamanı qeydə alınmış görüntülərin olduğu bir ədəd diskə 26 sentyabr 2023-cü il tarixdə baxış keçirilərkən yuxarıda qeyd olunanların öz təsdiqini tapdığı müəyyən olunmuşdur. (i.v. 30-31, 122) -Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş məhkəmə-kimyəvi ekspertizasının 24 sentyabr 2023-cü il tarixli 3-16- 16/2-6/5030 nömrəli ekspert rəyinin nəticə hissəsindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “.... (imza) Təqsirləndirilən şəxs...” sözləri olan zərfdəki bir ədəd bükümdə təmiz çəkisi 0,349 qram ağ rəngli, kristalşəkilli maddə kustar üsulla hazırlanmış psixotrop maddə-metamfetamindir. Metamfetamin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”in siyahısına (Siyahı İ) daxildir. Qeyd: metamfetaminin təmiz çəkisi 0,349 qram olmuş, tədqiqata 0,050 qram sərf edilmiş, 0,299 qram qalıq qalmışdır. (i.v. 39-42) - 24 sentyabr 2023-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs məxsus bank kartı hesabından pulun naməlum şəraitdə çıxarılması faktı ilə bağlı toplanmış HK/1-1631 nömrəli material Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə istintaqı aparılan ********* nömrəli cinayət işinə birləşdirilmiş, cinayət işi üzrə əməl qeyd olunan maddədən Azərbaycan Respublikası CM-nin 177.2.3-1 və 234.1-ci maddələrinə tövsif edilmişdir. (i.v. 66) - 28 sentyabr 2023-cü il tarixli protokoldan və hesabdan çıxarışdan görünür ki, Zərərçəkmiş şəxs təhqiqat orqanına təqdim etdiyi özünə məxsus "xxxx" ASC tərəfindən verilmiş 4127-2044-4332-5863 nömrəli kartının qeydiyyatdan keçdiyi “ABB" proqramının kart tarixçəsinə Zərərçəkmiş şəxs iştirakı ilə baxış keçirilmişdir. Baxış zamanı müəyyən olunmuşdur ki, xx.xx.2023-cü il tarixdə 500 manat pul vəsaiti əvvəli 4169 nömrəli kart hesabına köçürülmüşdür. (i.v. 135-136) - 28 sentyabr 2023-cü il tarixli protokoldan, hesabdan çıxarışdan və digər sənədlərdən görünür ki, Zərərçəkmiş şəxs təhqiqat orqanına təqdim etdiyi özünə məxsus "xxxx" ASC tərəfindən verilmiş 4127-2044-4332-5863 nömrəli kartının qeydiyyatdan keçdiyi “ABB” proqramının kart tarixçəsinə Zərərçəkmiş şəxs iştirakı ilə baxış keçirilmişdir. Baxış zamanı müəyyən olunmuşdur ki, Zərərçəkmiş şəxs adına olan "xxxx" ASC-yə aid 4127-2044-4332-5863 nömrəli kart hesabından “bu gün” yazılan tarixdə ELCHİN S* adlı hesabına saat 08:48-də 348 manat, ELCHİN S* hesabına 01:38-də 130 manat, “dünən” yazılan tarixdə 4169**** 1210 nömrəli kart hesabına saat 17:14-də 129 manat, 4169**** 8962 nömrəli kart hesabına saat 15:49-da 13 manat, 13 sentyabr 2023 yazılan tarixdə 4169**** 1210 nömrəli kart hesabına saat 20:45-də 50 manat, 02 iyul 2023 yazılan tarixdə isə 4169*** 1210 nömrəli kart hesabına saat 14:16-da 60 manat pul vəsaiti köçürülmüşdür. Baxışda iştirak edən Zərərçəkmiş şəxs bildirmişdir ki, həmin özünə məxsus "xxxx" ASC tərəfindən verilmiş 4127-2044-4332-5863 nömrəli kartının qeydiyyatdan keçdiyi “ABB” proqramına xx.xx.2023-cü il tarixdə baxış keçirtmişdir. O səbəbdən “bu gün” yazılan tarix xx.xx.2023-cü il tarixə, “dünən” yazılan tarix isə xx.xx.2023-cü il tarixə aiddir. Həmin kart əməliyyatlarının çıxarışı tərəfindən yaddaşa köçürülüb Nizami RPİ-nin 23-cü PB-nin təhqiqatçısına təqdim edilmişdir. (i.v. 74-78, 139-140) - 22 noyabr 2023-cü il tarixli protokoldan və hesabdan çıxarışdan görünür ki, "xxxx" ASC-dən 20 noyabr 2023-cü il tarixli məktubla daxil olmuş Şahid3 adına olan 416973******1210 nömrəli kart hesabının çıxarışlarına baxış zamanı xx.xx.2023-cü il tarixdə saat 14:16:08-də 60 manat, xx.xx.2023-cü il tarixdə saat 20:45:52-də 50 manat, xx.xx.2023-cü il tarixdə 17:14:07-də 129 manat pul vəsaitinin köçürülməsi, bundan başqa, Təqsirləndirilən şəxs adına olan 416973******8962 nömrəli kart hesabının çıxarışlarına baxış zamanı xx.xx.2023-cü il tarixdə saat 15:49:57-də 13 manat pul vəsaitinin köçürülməsi müəyyən edilmişdir. (i.v. 164-181) - 07 dekabr 2023-cü il tarixli protokoldan və hesabdan çıxarışdan görünür ki, "xxxx" ASC-dən 30 noyabr 2023-cü il tarixli məktubla daxil olmuş Təqsirləndirilən şəxs adına olan 5522-0993- 4898-0319 nömrəli kart hesabının çıxarışlarına baxış zamanı 18 sentyabr 2023-cü il tarixdə saat 01:38:31-də 130 manat pul vəsaiti köçürüldüyü müəyyən edilmişdir. (i.v. 182-187) -Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Publik hüquqi şəxsin Ambulator Məcburi-Narkoloji tibbi yoxlamasının 26 sentyabr 2023-cü il tarixli 6142 nömrəli rəyinin nəticə hissəsindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloj dispanserində qeydiyyata alınması məsləhət görülür. (i.v. 196-197) - 14 dekabr 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-1 və 234.1-ci maddələrində nəzərdə tutulan ittiham elan edilmiş, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsində nəzərdə tutulan cinayətin tərkibi olması müəyyən edilmədiyindən barəsində həmin maddənin əlamətləri ilə cinayət təqibinin icraatına xitam verilmiş, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 234.4.3, 177.2.1 və 177.2.3-cü maddələri ilə cinayət təqibinin başlanması rədd edilmiş, Şahid3 barəsində Azərbaycan Respublikası CM-nin 177.2.1, 194 və 307.1-ci maddələri ilə cinayət təqibinin başlanması rədd edilmiş, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə istintaq hərəkəti həyata keçirilən zaman aşkar edilərək götürülmüş bir ədəd bükümdə təmiz çəkisi 0,349 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin iş üçün mühüm əhəmiyyət kəsb etdiyi üçün maddi sübut qismində tanınmış, ekspertiza tədqiqatına sərf edilən miqdar 0,050 qram olmaqla, qalıq 0,299 qram psixotrop maddə metamfetamin saxlanılması üçün Nizami RPİ-nin maddi sübutların saxlanc yerinə verilmiş, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə aparılmasına dair 23 sentyabr 2023-cü il tarixli istintaq hərəkətinin videoçəkilişi əks etdirilmiş 1 ədəd DVD disk iş üçün əhəmiyyət kəsb etdiyindən maddi sübut hesab edilmiş və cinayət işinin istintaq materiallarına əlavə edilmiş, Təqsirləndirilən şəxs aşkar edilib götürülmüş psixotrop maddə metamfetamini əldə etdiyi şəxsə və mənbəyə görə cinayət işindən material ayrılaraq əməliyyat tədbirlərinin davam etdirilməsi üçün Nizami RPİ-nin 23-cü PB-nə göndərilmişdir. (i.v. 213-226) Sübutların qiymətləndirilməsi və hüquqi məsələlər: Məhkəmə qeyd edir ki, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanununa əsasən həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi; məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanılmasına yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanılması hesab olunur. Birləşmiş Millətlər Təşkilatının 30 mart 1961-ci il tarixli “Narkotik vasitələr haqqında” Vahid Konvensiyası, 1971-ci il tarixli “Psixotrop maddələr haqqında” və 19 dekabr 1988-ci il tarixli “Narkotik vasitələr və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə mübarizə haqqında” konvensiyalarında narkotik vasitələrin, güclü təsir edən və zəhərli maddələrin qanun-suz dövriyyəsi beynəlxalq cinayət hesab edilmişdir. “Narkotik vasitələrin, güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli, 2 nömrəli Qərarının 5-ci bəndi ilə məhkəmələrə izah edilmişdir ki, təqsirli şəxsin narkotik vasitələri öz ixtiyarında (məsələn, üstündə, gizli saxlanc yerlərində, binalarda və s.) saxlaması ilə əlaqədar olan hər hansı qəsdən edilən hərəkətləri saxlama kimi başa düşülməlidir. Bundan başqa, Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 3 mart 2005-ci il Qərarına əsasən qanuna görə talama dedikdə özgə əmlakının tamah məqsədilə, hüquqazidd, əvəzsiz götürülməsi və bu əmlakın təqsirkarın və ya başqa şəxsin xeyrinə yönəldilməsindən ibarət hərəkətlər başa düşülür. Mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir. Yaranmış konkret şəraitdə təqsirkar gizli hərəkət etdiyini güman edirsə həmin şəxslər talama hadisəsini görmüş olsalar belə təqsirkarın əməli özgə əmlakının gizli talanması hesab edilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə hökmü haqqında” 15 saylı, 24 dekabr 2021-ci il tarixli Qərarına əsasən məhkəmənin hökmü məhkəmə baxışının aparıldığı dildə, aydın, anlaşılan ifadələrlə tərtib olunmalıdır, hökm yalnız məhkəmə iclasında bilavasitə tədqiq olunan sübutlara əsaslana bilər. Azərbaycan Respublikası CPM-nin 349.5.1-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Məhkəmə, məhkəmə istintaqında tədqiq edilmiş sübutlara tam, hərtərəfli və obyektiv qiymət verərək qeyd edir ki, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş psixotrop maddənin əldə edilmə mənbəyinin müəyyən edilməsi faktının araşdırılması məqsədi ilə ibtidai istintaq zamanı material ayrılmışdır və nəticəsindən asılı olaraq hüquqi qiymət veriləcəkdir. Məhkəmə, dövlət ittihamçısını, zərərçəkmiş şəxsi, təqsirləndirilən şəxsi, onun müdafiəçisini və şahidi dinləyib, iş materiallarını hərtərəfli və obyektiv tədqiq edərək, istinad olunan hüquq normalarına əsaslanaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-1 və 234.1-ci maddələrində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirliliyi özünün etirafedici ifadəsi ilə yanaşı, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan, iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, məhkəmə ekspertizalarının rəyləri və iş üzrə toplanmış digər materiallarla sübuta yetirilmişdir. İstintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 177.2.3-1 və 234.1-ci maddələri ilə düzgün tövsif edilmişdir, onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar, habelə, əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Odur ki, Azərbaycan Respublikası CPM-nin 44.2.4-cü maddəsinə müvafiq olaraq, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməkdə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarılmalı və ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin 177.2.3-1 və 234.1-ci maddələrinin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 177.2.3-1-ci maddəsinə əsasən oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama — elektron məlumat daşıyıcılarından, yaxud informasiya texnologiyalarından istifadə edilməklə törədildikdə — bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Həmin Məcəllənin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma - həmin maddədə nəzərdə tutulmuş cinayət məsuliyyətinə səbəb olur, bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən aşağıdakıları nəzərə alır, eləcə də cinayət qanununun müvafiq prinsip və müddəalarını rəhbər tutur: - 23 sentyabr 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs şübhəli şəxs kimi həmin tarixdə tutulmuşdur. (i.v. 19) - 25 sentyabr 2023-cü il tarixli qərardan görünür ki, Bakı şəhəri Nizami Rayon Məhkəməsi tərəfindən Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş, həbsdə saxlanılma müddəti 03 ay həddində müəyyən edilmiş, həbsetmənin əvvəli 23 sentyabr 2023-cü il tarixdən hesablanmışdır. (i.v. 108-113) -Şəxsiyyət vəsiqələrinin surətindən görünür ki, X1 14 dekabr 2016-cı il tarixdə, X2 05 mart 2018-ci il tarixdə doğulmuşlar. (i.v. 53-54) -Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş 30 sentyabr 2023-cü il tarixli tələbnamədən və qərarın surətindən görünür ki, Bakı şəhəri Nizami rayon polis idarəsinin istintaq şöbəsinin 14 dekabr 2023-cü il tarixli qərarı ilə cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyindən Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə olan ********* nömrəli cinayət işinin icraatına xitam verilmişdir. (i.v. 143-144, 205-212) Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli Qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Cinayət Qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndinə əsasən şəxsin təqsirli bilindiyi maddənin sanksiyası azadlıqdan məhrum etmə ilə yanaşı yüngül cəza növləri də nəzərdə tutursa, hökm çıxarılarkən, azadlıqdan məhrum etmə cəzası təyin edildikdə, bu qərar hökmdə əsaslandırılmalıdır. Cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-1 və 234.1-ci maddələri ilə törətdiyi əməllər həmin Məcəllənin 15.3-cü maddəsinə əsasən az ağır cinayət, 25.1-ci maddəsinə əsasən isə qəsdən törədilmiş cinayətlər hesab olunur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində azyaşlı uşaqlarının olmasını və iş üzrə zərərçəkmiş şəxsə dəymiş maddi ziyanın ödənilərək onunla barışıq əldə edilməsini Azərbaycan Respublikası CM-nin müvafiq olaraq 59.1.4 və 59.1.12-ci maddələrinə əsasən cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal qismində Azərbaycan Respublikası CM-nin 61.1-ci maddəsində dairəsi konkret göstərilmiş hallar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs barəsində təyin ediləcək cəzanın həddini və növünü müəyyən edərkən cəza təyinetmənin ümumi prinsiplərini rəhbər tutmaqla onun qəsdən az ağır cinayətlər törətməsini, işin faktiki hallarını nəzərə alaraq və onun cəmiyyətdən təcrid edilmədən islah olunmasının qeyri-mümkün olması qənaətinə gələrək, hesab edir ki, təqsirləndirilən şəxsə daha yüngül cəza təyin edilməsi üçün əsaslar müəyyən edilməmişdir, törətdiyi cinayətlərə görə barəsində azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi məqsədəmüvafiqdir. Məhkəmənin qənaətinə görə, tətbiq edilməsi nəzərdə tutulan cəza cinayət törətmiş şəxsin fərdi xüsusiyyətlərinə, törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsinə və xarakterinə mütənasibdir və hazırkı halda həmin cəza, cəzanın məqsədini təmin edir, ona görə Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddələrin sanksiyasında nəzərdə tutulmuş həddə azadlıqdan məhrum etmə cəzaları təyin edilməli, CM-nin 66.2-ci maddəsinə əsasən qeyd edilən cəzalar qismən toplanılmalıdır. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs 23 sentyabr 2023cü il tarixdə şübhəli şəxs kimi tutulmuş, 25 sentyabr 2023-cü il tarixdə barəsində həbs qətimkan tədbiri seçilmişdir, ona görə məhkəmə Azərbaycan Respublikası CPM-nin 158.2 və 158.2.1-ci maddələrinə əsasən hesab edir ki, ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, təqsirləndirilən şəxsin cəzaçəkmə müddətinin başlanğıcı tutulduğu vaxtdan hesablanmalıdır. Məhkəmə Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 175.5-ci maddəsinə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli olduğundan onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 346-cı maddəsində nəzərdə tutulan, məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında müzakirə edilməli olan digər məsələlərlə bağlı qeyd edir ki, cinayət işi üzrə mülki iddia yoxdur; cinayət nəticəsində vurulmuş maddi zərərin və ya mümkün ola biləcək xüsusi müsadirənin təmin edilməsi məqsədi ilə əmlak üzərinə həbs qoyulmamışdır; maddi sübut qismində tanınmış, ekspertiza tədqiqatına sərf edildikdən sonra qalmış psixotrop maddənin qalığı məhv olunmalı, içərisində videogörüntü olan 01 ədəd disk cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalıdır; CPM-nin 198.1-ci maddəsinə əsasən məhkəmə məsrəfi olan ekspertiza xərci təqsirləndirilən şəxsdən tutulub Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. Məhkəmə, Ambulator məcburi-narkoloji tibbi yoxlamanın rəyini nəzərə alaraq, hesab edir ki, Təqsirləndirilən şəxs cəza çəkdiyi müddət ərzində narkomaniyadan məcburi müalicə olunmalı və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Azərbaycan Respublikası CM-nin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-1 və 234.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2, 193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının (AR Nazirlər Kabineti) müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti olmadığından qərar əsasında dövlət hesabına dəvət olunmuş vəkilin məhkəmə icraatı zamanı təqsirləndirilən şəxsə göstərdiyi hüquqi yardıma görə iştirak etdiyi müddətə görə Nazirlər Kabinetinin xx.xx.2018-ci il tarixli 202 saylı qərarına əsasən hər iş saatı üçün 6 manat miqdarında ödənilməsi nəzərə alınmaqla dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Nəticə: Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-1 və 234.1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinib, CM-nin 177.2.3-1-ci maddəsi ilə 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına, CM-nin 234.1-ci maddəsi ilə 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 66.2-ci maddəsinə əsasən təyin edilmiş həmin cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 02 (iki) il 01 (bir) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, cəzaçəkmə müddətinin başlanğıcı 23 sentyabr 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs cəza çəkdiyi müddət ərzində narkomaniyadan məcburi müalicə olunsun və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Maddi sübut qismində tanınmış, Təqsirləndirilən şəxs aşkar edilərək götürülməklə Bakı şəhəri Nizami RPİ-nin maddi sübutları saxlama kamerasına təhvil verilən, ekspertiza tədqiqatından sonra qalmış 0,299 qram çəkidə psixotrop maddə metamfetamin məhv edilsin, içərisində Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılarkən qeydə alınmış videogörüntü olan 01 ədəd DVD disk cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılsın. Məhkəmə məsrəfi olan 81 manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub dövlət xəzinədarlığı agentliyi, kod 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN **********, hesab AZ34CTRE******************** hesabına ödənilsin. Təqsirləndirilən şəxs məhkəmə icraatı zamanı 30 iş saatı göstərdiyi pulsuz hüquqi yardıma görə Bakı şəhəri 6 saylı vəkil bürosunun vəkili Müdafiəçi müvafiq hesablaşma hesabı üzərindən 180 manat əmək haqqı Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Hökmdən elan olunduğu (həbsdə olan məhkuma hökmün surəti verildiyi) andan 20 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Həmin müddətdə hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə, hökm müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Nəriman Mehdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar