Məhkəmə qərarları › İş №1(007)-143/2022

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Hökm — İş №1(007)-143/2022

25.10.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(007)-143/2022 25.10.2022 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Bаkı şəhəri Nizami Rayon Мəhkəməsinin hakimi Əhmədov Rauf Tağı oğlunun sədrliyi, məsləhətçi (məhkəmə iclas katibi) İmanov Nizami Bəxtiyar oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhər məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxs Şahid1, onun nümayəndəsi və vəkili X2, Təqsirləndirilən şəxs və onun müdafiəçisi – Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxx 1984-cü il tarixdə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta-ixtisas təhsilli, əvvəllər məhkum olunmuş, ünvan 1 ünvanda qeydiyyatda olan, Sumqayıt şəhəri, Qurd Dərəsi Y/M, Novxanı Bağlar massivi, 363/54 saylı evdə yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra CM) 178.2.4, 32.4, 312.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs aldatma və etibardan sui-istifadə yolu ilə özgə əmlakını dələduzluq yolu ilə ələ keçirmək məqsədilə hər hansı xüsusi xidmət orqanında işləməməsinə və hər hansı hərbi xidmət yeri üzrə qulluq keçməməsinə baxmayaraq 2020-ci ilin oktyabr ayından 2020-ci ilin dekabr ayınadək olan müddətdə tanışı Şahid1 özünə olan inam və etibarlarından sui-istifadə edərək guya hərbi xidmət yeri üzrə Bakı şəhərinə gəlmək, hərbi xidmət üzrə dövlət tərəfindən verilmiş avtomobili qeydiyyata aldırmaq, hərbi xidmət üzrə dövlət tərəfindən verilmiş mənzilin qeydiyyata salınmasından ötrü pul vəsaitlərinin verilməsinə zərurət olmasını yalandan bildirərək inandırıb aldatmaqla Şahid1 2020-ci ilin oktyabr ayından 2020-ci ilin dekabr ayınadək olan müddətdə istintaqa dəqiq müəyyən olmayan Bakı şəhərində yerləşən müxtəlif ünvanlarda hissə-hissə olmaqla cəmi 1100 manat məbləğində pul vəsaitini alıb şəxsi ehtiyaclarına sərf etməklə, həmçinin eyni cinayətkar niyyətini davam etdirib Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətində psixoloq vəzifəsi üzrə işlə təmin edilməsində köməklik göstərilməsi barədə 2021-ci ilin mart ayının əvvəllərində ona müraciət edən tanışı Şahid1 özünü işgüzar və çoxşaxəli əlaqələrə malik olan Xarici Kəşfiyyat Xidmətinin “Yarasa” Xüsusi Bölmələrinin mayor rütbəli zabiti olmasını bildirib özünə olan inam və etibardan sui-istifadə edərək Azərbaycan Respublikası Müdafiə Nazirliyində yüksək vəzifədə işləyən səlahiyyətli şəxslə münasibətinin olmasını, həmin şəxsin vasitəsilə Şahid1 işə düzəlməsini təmin etmək imkanına malik olduğunu yalandan bildirib, tanışı olan həmin vəzifəli şəxsə xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar Şahid1 xeyrinə edəcəyi hərəkətə, yəni müvafiq vəzifəyə təyin etməsi üçün zəruri tədbirləri görməsinə görə birbaşa yolla özü vasitəsilə maddi nemət olan 8.000 manat məbləğində pul vəsaitinin rüşvət qismində verilməsinin zəruri olmasını 2021-ci ilin mart ayının əvvəllərində aldatmaqla bildirərək, onunla razılaşmaqla sövdələşib, həmin niyyətlə 2021ci ilin mart ayından həmin ilin sentyabr ayınadək olan müddətdə Şahid1 anası Şahid4 məxsus olmaqla Şahid1 ona verməklə özündə saxladığı "xxxx" ASC-yə məxsus 4169********2645 nömrəli bank kartına Şahid1 tərəfindən Bakı şəhərinin müxtəlif ünvanlarında yerləşən “MilliÖn” ödəmə terminalları vasitəsilə köçürülmüş cəmi 2.786 manat məbləğində puldan müxtəlif vaxtlarda nağdsız ödənişlər etməklə və nağd qaydada, sonuncu dəfə xx.xx.2021-ci il tarixdə ünvan 5 ünvanda yerləşən "xxxx" ASC-yə məxsus bankomatdan çıxarmaqla, eyni niyyətlə qeyd edilən müddətdə Bakı şəhərində istintaqla müəyyən olunmayan ünvanlarda Şahid1 hissə-hissə olmaqla nağd qaydada aldığı cəmi 5.500 manat olmaqla, ümumilikdə 9.386 manat məbləğində pul vəsaitini Şahid1 alıb özünün şəxsi ehtiyaclarına sərf etməklə, aldatma və etibardan sui-istifadə etmə yolu ilə Şahid1 məxsus cəmi 9.386 manat məbləğində pul vəsaitini vahid niyyətlə xeyli miqdarda ziyan vurmaqla ələ keçirib dələduzluq etmiş, vəzifəli şəxsə xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar Şahid1 xeyrinə edəcəyi hərəkətə görə birbaşa yolla özü vasitəsilə maddi neməti rüşvət qismində verməyə Şahid1m vahid niyyətlə təhrik etmişdir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli biləməyərək ifadəsində göstərmişdir ki, Şahid1 ilə sosial şəbəkədə tanış olmuş, həmin vaxtdan sonuncu ilə ünsiyyəti yaranmış və münasibətləri olmuşdur. Onlar ailə qurmaq məqsədilə tanış olsalar da, düşüncələri uyğun olmadığı üçün münasibətlərini kəsmişlər. Elnarə ilə tanış olarkən özünü keçmiş xüsusi təyinatlı qüvvələrin hərbiçisi kimi təqdim etmişdir. 2020-ci ilin sentyabr ayının sonunda “Vətən Müharibəsi" başladıqdan sonra Elnarəyə zəng vuraraq “Vətən Müharibəsi”nə çağırıldığını və döyüşlərə qatılacağını bildirmiş və bundan sonra aralarında münasibətlər yenidən bərpa olmuşdur. Elnarəyə mütəmadi zəng vuraraq cəbhə bölgəsində olması və əməliyyatlarda iştirak etməsi ilə bağlı yalan məlumatlar vermiş, bunu etməkdə məqsədi Elnarənin onun üçün narahat olmasını istəməsi olmuşdur. 2021-ci ilin oktyabr ayının ilk on günlüyündə Elnarə ilə əlaqə saxlayaraq 1 günlük Bakı şəhərinə ezam olunduğunu bildirib görüşməyi təklif etmiş, sonuncunu anası ilə yaşadığı evə dəvət edərək anası ilə tanış etmişdir. İlk görüşdən sonra Elnarə ilə bir neçə dəfə həm yaşadığı evdə, həm də Bakı şəhərinin müxtəlif yerlərində görüşmüşlər. Maddi durumu aşağı olduğu üçün Elnarədən müxtəlif bəhanələrlə pul almışdır. Elnarəyə görüşməyi təklif edərkən cəbhə bölgəsindən gəlmək üçün yalandan pulunun olmadığını demiş, Elnarə isə ona xərclərini qarşılayacağını bildirib müxtəlif vaxtlarda 50-100 manat civarında pul göndərmişdir. Elnarəyə xidmətdən qayıdan kimi 50.000 manat kompensasiya alacağını və ondan aldığı pulları qaytaracağını bildirmişdir. 2021-ci ilin fevral-mart aylarında Elnarədən pul almaq üçün sonuncuya adını çəkmədiyi tanışı vasitəsilə Dövlət Təhlükəsizlik Xidmətinə işə düzəldə biləcəyini demişdir. Elnarə işlə bağlı maraqlanarkən sonuncuya Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinə işə düzəlmək üçün ilk olaraq təlim kurslarına getməli olduğunu bildirmişdir. Elnarəyə yalandan orada adını çəkmədiyi tanışının olduğunu, həmin şəxs vasitəsilə işini həll edəcəyini və Elnarənin təlim kursunu bitirdikdən sonra leytenant rütbəsi ilə DSX-nə işə düzələcəyini yalandan bildirmişdir. Elnarə ondan işə görə hansı məbləğdə pul verməli olduğunu soruşarkən, kursa qəbul olunmaq üçün nə qədər pul lazım olduğunu deməmiş, lazım olan pulu özü ödəcəyinə söz vermişdir. Bu məsələdən qabaq Elnarə anası Şahid4 məxsus “Kapital Bank" ASCnin 4169********2645 saylı “Umico” kartını ona 2021-ci ilin mart ayının əvvəllərində yaşadığı Sumqayıt şəhəri, Qurd Dərəsi Y/M-də yerləşən evdə vermişdir. Elnarənin kartı ona verməkdə məqsədi, ona köməklik etmək olmuş və həmin kartı ona könüllü olaraq vermişdir. Elnarə 2021-ci ilin sentyabr ayına kimi hər dəfə 250-300 manat olmaqla karta hissə-hissə pul köçürmüş, həmin pulları müxtəlif yerlərdə bankomatlardan, əsasən evinə yaxın olan Saray qəsəbəsindəki Araz marketdə yerləşən bankomatda nağdlaşdırsa da, pulların dəqiq məbləğini bilməmişdir. Sonuncu dəfə pulu iş yerinin yaxınlığında yerləşən Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsi ərazisində yerləşən marketdəki bankomatdan çıxarmışdır. 2021-ci ilin sentyabr ayında Elnarə ilə münasibətləri pozulmuş və sonuncu ondan verdiy pulları tələb etmiş, pulları qaytarması üçün vaxt istəsə də, Elnarə razılaşmamış və şikayət etmişdir. Şahid1 ilə münasibətdə olduğu müddətdə özünü Vətən müharibəsinin iştirakçısı, ermənilərə qarşı müharibə aparan zabit kimi təqdim edərkən guya MN-nin yüksək rütbəli zabitləri ilə birlikdə müharibədə iştirak etdiyini, həmin zabitlərin bəziləri ilə yaxın münasibətdə olduğunu demiş, lakin bu söhbətlər Elnarəni DTX-da kurslara yazmaq söhbətlərindən əvvəl olmuş, həqiqətən Xarici Kəşfiyyat Xidmətinin “Yarasa" gizli təşkilatının əməkdaşı olduğunu inandırmaq üçün bəzi zabitləri tanıdığını yalandan demiş, lakin X5 Xidmətinə işə düzəldə biləcəyini bildirərkən həmin vəzifəli şəxslərin adlarını çəkməmiş və onlara pul və ya rüşvət verəcəyini deməmiş, yalnız Elnarəyə adını çəkmədiyi tanışı vasitəsi ilə işini həll edəcəyini demişdir. Şahid1 guya ona hədiyyə edilmiş avtomobil və mənzilin qeydiyyata salınması adı ilə 1.100 manat deyil, 300 və 250, cəmi 550 manat pul almış, Şahid1 Dövət Sərhəd Xidmətində psixoloq vəzifəsinə işə qəbul edilməsi ilə bağlı Azərbaycan Respublikası DTX-də təşkil olunan guya kurs haqqı adı ilə ondan pul almamış, Elnarənin işə qəbul ilə bağlı 5500 manatı ona verməsini deməsinə gəlincə, 550 manatdan başqa Elnarədən 5500 manat deyil, 4000 manat almış, həmin pul vəsaitlərini Elnarə ona həm kart vasitəsi ilə, həm də əlbəəl vermiş və həmçinin ona geyim əşyaları almışdır. Elnarənin Azərbaycan Respublikası DSX-də işləmək arzusu olmuş, sonuncuya Dövlət Sərhəd Xidmətinə işə düzəldəcəyinə vəd vermiş, lakin bunun müqabilində Elnarədən pul almamışdır. Heç vaxt xüsusi xidmət orqanında işləməmiş, özəl şirkətdə mühafizəçi işləmiş, Müdafiə Nazirliyi, DTX, DSX və ya digər orqanlarda yüksək vəzifədə işləyən hər hansı tanışı olmamışdır. Bütün bunları ailə qurmaq istədiyi Şahid1 yanında özünü daha uğurlu və böyük səlahiyyətlərə malik şəxs kimi təqdim etmək məqsədi ilə demişdir. Şahid1 aldığı puldan heç kəsə hər hansı məbləğdə pul verməmiş, həmçinin pul verəcəyinə dair söz verməmiş, pulların hamısını şəxsi ehtiyaclarına xərcləmişdir. Ümümulikdə Şahid1 müxtəlif bəhanələrlə 5000 manata yaxın pul almış, həmin pulu sonuncu ona könüllü vermiş, aldığı pulları şəxsi ehtiyaclarına sərf etmişdir. Şahid1 qarşı dələduzluq etməmiş, pulunu mənimsəməmiş, sonuncunun ona verdiyi pulları şəxsi ehtiyaclarına sərf etmiş və hər hansı vəzifəli şəxsə rüşvət verməmişdir. Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli iş üzrə dindirilmiş şahidlərin ifadələri ilə, habelə iş üzrə toplanmış digər sübutlarla da tam təsdiq olunmuşdur. Belə ki, məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində tanınmış Şahid1 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs ilə 2018-ci ildə internet vasitəsi ilə tanış olmuşdur. Təqsirləndirilən şəxslə 2020-ci ilin sentyabr ayına qədər yalnız internet vasitəsi ilə ünsiyyəti olmuş, ilk tanışlıqlarında Anar özünü Xarici Kəşfiyyat Xidmətinin “Yarasa” adlı xüsusi təyinatlı dəstənin xidmət vaxtı yaralanması səbəbindən ehtiyata çıxmış zabiti kimi təqdim etmişdir. Təqsirləndirilən şəxs 2020-ci ilin sentyabr ayının sonlarında onun istifadəsində olan ***-***-**-** saylı mobil nömrəsinə ***-***-**-** saylı mobil nömrədən zəng edib Vətən Müharibəsinə çağırıldığını bildirmişdir. Həmin zəngdən sonra, müharibə dövründə Anar ona hər gün zəng etdiyi üçün mütəmadi olaraq əlaqə saxlamış, Anar sonuncu danışıq zamanı cəbhə bölgəsində məxfi tapşırıqlar yerinə yetirdiyini bildirmişdir. 2021-ci ilin oktyabrın ayının birinci yarısında Anar onunla əlaqə saxlayaraq 1 günlük Bakı şəhərinə ezam olunduğunu bildirib görüşməyi təklif edib işi ilə əlaqədar ona ictimai yerlərə çıxmağın qadağan olduğunu bildirib onu evinə dəvət etmiş və onlar Anarın yaşadığı Sumqayıt şəhəri, Qurd Dərəsi Y/M-də yerləşən evinə getmişlər. Anarın anası Fatmanisə xanımın açdığı süfrə arxasında söhbət edərkən X6 Xidmətinin “Yarasa” gizli təşkilatının mayor rütbəli zabiti olmaqla Qarabağın Təhlükəsizliyi üzrə rəisi vəzifəsində işlədiyini və “Yalquzey” ləqəbi ilə tanındığını bildirmiş, evdə Anarın anası Fatmanisə xanım oğlunun hərbiçi olmaqla döyüş bölgəsində olduğunu təsdiq etmişdir. Həmin gün görüşdən sonra Anar cəbhəyə qayıtdığını demişdir. Anarın özünü bir vətənpərvər şəxs kimi təqdim etməsi sonuncuya etibarını və münasibətini dəyişmiş və buna görə Anarla ailə qurmağa etiraz etməmişdir. Həmin görüşdən sonra Anarla mütəmadi olaraq telefon vasitəsi ilə əlaqə saxlamış, 2020-ci ilin oktyabr ayının ortalarında Anar telefonda Bakı şəhərinə ezam olunub qayıdacağını bildirib guya ona dövlət tərəfindən müharibədə fərqləndiyinə görə avtomobil hədiyyə edildiyini, həmin avtomobili qəbul etmək üçün dövlət rüsumu ödəməli olduğunu deyərək 100 manat pul istəmiş, onlar növbəti gün Bakı şəhəri Səbail rayonu ərazisində yerləşən “28 May” metrostansiyasının yaxınlığında görüşmüş və orada Anara ilk cəfə 100 manat pul vermişdir. Bundan sonra, növbəti aylarda, yəni 2020-ci ilin noyabr və dekabr aylarında Anar ondan müxtəlif bəhanələrlə guya dövlət tərəfindən hədiyə edilmiş mənzilin qeydiyyata salınması üçün dövlət rüsumunun ödənilməsi və digər işlər üçün Bakı şəhərinin müxtəlif yerlərində “Sahil”, “20 Yanvar” və "28 May" metrosu yaxınlığında ümumilikdə 1.100 manat pul almışdır. Bundan başqa, Anarın xahişi ilə sonuncunun anası Fatmanisə xanıma guya dərman alması üçün taksi vasitəsi ilə 300 manat pul göndərmişdir. xx.xx.2020-ci il tarixdə Vətən Müharibəsi başa çatsa da, Anar hələ xidmətdə olduğunu, xidmətdən qayıdan kimi 50.000 manat kompensasiya alacağını və pulunu qaytaracağını bildirdiyi üçün Anara müxəlif məbləğlərdə pullar vermişdir. 2021-ci ilin yanvar və mart aylarında Anar anası Fatmanisə ilə onlara elçi gəlmiş, lakin valideynləri onların ailə həyatı qurması üçün bir qədər münasibət saxlamağı məsləhət bildiyi üçün razılıq verməmişlər. 2021-ci ilin yanvar ayında Anar Bakı şəhərinə gələ bilmədiyini bildirib ona bank kartı vasitəsilə pul göndərməyini xahiş etmiş, sonuncudan bank kart nömrəsi istəyərkən məxfi işi ilə əlaqədar bank kartı aça bilmədiyini və onun adına kart açaraq verməsini xahiş etmişdir. Anası Şahid4 məxsus "xxxx" ASC-nin 4169********2645 saylı “Umico" kartını Anara 2021-ci ilin mart ayının əvvəllərində sonuncunun yaşadığı Sumqayıt şəhəri, Qurd Dərəsi Y/M-də evdə vermişdir. Bundan sonra 2021-ci ilin mart ayında Anar yaxın münasibətdə olduğu Azərbaycan Respublikası Müdafiə Nazirliyinin generalı Mais Bərxudarovun vasitəsilə Dövlət Təhlükəsizlik Xidmətinin adını çəkmədiyi generalına rüşvət verməklə onu Dövlət Sərhəd Xidmətində psixoloq vəzifəsinə işə düzəltməyini təklif etmiş, Anar ona işə qəbul olmadan əvvəl Azərbaycan Respublikası DTX-də təşkil olunan Texnoloji, ekspertiza və adlarını xatırlamadığı digər kurslara qatılmalı olduğunu demiş, sonuncunun təklifi ilə razılaşmışdır. Anar adlarını çəkdiyi kursların ödəniş haqlarının cəmi 7000-8000 manat olduğunu, lakin ona həmin kursları aşağı qiymətə və hissə-hissə ödəməklə təşkil edəcəyini bildirmişdir. Onun razılığından sonra Anar ilk öncə sənədlərinin surətlərini, yaşayış yerindən arayış və fotoşəkillər istəmiş, həmin sənədləri “28 May" metrosu yaxınlığında Anara vermişdir. Bundan sonra, Anara 2021-ci ilin sentyabr ayına kimi hər dəfə 250-300 manat olmaqla anası Qızılgülün adına olan karta hissə-hissə cəmi 2.786 manat pul köçürmüş, Anar da həmin pulları qəbul etdikdən sonra ona məlumat vermişdir. Təqsirləndirilən şəxs köçürdüyü məbləği dəqiq hesablamamış, təqdim etdiyi Şahid4 məxsus 4169********2645 nömrəli "xxxx" ASC-nin bank kartı üzrə çıxarışda köçürdüyü məbləğlər dəqiq əks olunmuşdur. Həmçinin, 2021-ci ilin mart ayından həmin ilin sentyabr ayınadək hissə-hissə olmaqla Xidmətə işə qəbul ilə bağlı Bakı şəhərinin müxtəlif yerlərində “Sahil", “20 Yanvar" və “28 May” metrosu yaxınlığında ümumilikdə Anara 5.500 manat pul vermiş, onlar görüşəndə hər zaman ikisi olmuş, yanlarında kimsə olmamışdır. 2021-ci ilin sentyabr ayında Anarın verdiyi vədlərin yalan olduğunu bilib münasibətlərini kəsmiş və ondan aldığı pulları geri qaytarmasını tələb etmişdir. Təqsirləndirilən şəxs ilə aparılan danışığın səs yazılarını ilkin araşdırma zamanı təqdim etmişdir. DSX-də işə düzəlmək üçün əvvəllər rəsmi qaydada Nazirliyə və ya hər hansı vəzifəli şəxsə müraciət etməmişdir. Təqsirləndirilən şəxs qanunsuz əməlləri ilə bağlı sonuncunun cinayət məsuliyyətinə cəlb olunmasına və ondan aldığı pulların geri qaytarılmasına köməklik göstərilməsini xahiş emişdir. Məhkəmə istintaqı zamanı Şahid4 ifadəsində göstərmişdir ki, qızı Şahid1 Təqsirləndirilən şəxs ilə 2018-ci ildə internet vasitəsi ilə tanış olmuş və sonuncu özünü Kəşfiyyat Xidmətinin ehtiyata çıxmış zabiti, Vətən Müharibəsi iştirakçısı kimi təqdim etmişdir. 2021-ci ilin yanvar ayının 28-də Anarın anası Fatmanisə xanım onlara elçi gəlmiş, sonuncu oğlu Anarı mayor rütbəli hərbçi kimi təqdim etmiş, Qarabağda xidmət apardığını demiş, lakin əri ilə qızlarının ailə həyatı qurmağının tez olduğunu düşündüklərindən razılıq verməmişlər. Bundan sonra, Elnarə ilə Anar Bakı şəhərində dəfələrlə görüşmüş, Elnarə Anara müxtəlif məbləğlərdə pul verməsi barədə məlumat vermişdir. Sonuncuların ailə quracaqlarını düşündüyü üçün etiraz etməmişdir. Elnarənin ondan müxtəlif bəhanələrlə aldığı 200-300 manat pulu Anara göndərdiyi sonradan ona məlum olmuşdur. 2021-ci ilin əvvəllərində Elnarə ondan “Kapral Bank" ASC-in 4169 7385 5120 2645 saylı kartını verməyi xahiş etmiş, səbəbini soruşduqda Elnarə həmin kartı müvəqqəti olaraq Təqsirləndirilən şəxs istənilən vaxtı pul göndərə bilməsi üçün verəcəyini demişdir. Elnarənin Anarın kəşfiyyatçı olması səbəbindən adına bank kartı aça bilmədiyini demiş, buna görə etiraz etməmiş və kartı Elnarəyə vermişdir. Sonradan Elnarənin həmin kartla 2021-ci il ərzində 3000 manata yaxın pul göndərməsi barədə məlumatı olmuşdur. X7 Nazirliyində çalışan yüksək rütbəli qohumu vasitəsilə adını çəkmədiyi vəzifəli şəxslərə rüşvət verməsi qarşılığında Dövlət Sərhəd Xidmətində psixoloq vəzifəsinə işə düzəltməyi təklif etdiyini və həmin yerdə işləmək istədiyini Anara bildirərək tələb olunan pulu verəcəyini bildirdiyini demişdir. Elnarənin şəxsən pulları Anara verməsində iştirak etməsə də, deməsinə görə X8 Xidmətinə işə düzəlmək üçün müxtəlif vaxtlarda 10.000 manata yaxın pul vermişdir. Elnarə bir dəfə ondan Azərbaycan Respublikası DTX-də təşkil olunan kurslar üçün Anara vermək məqsədi ilə 200 manat almış və sonuncuya göndərmiş, həmçinin eyni kurslar üçün Anara vermək adı ilə atası Şakirdən 300 manat pul almışdır. Həm özü, həm əri Şakir Elnarədən kursa gedibgetmədiyini mütəmadi olaraq soruşmuş, Elnarə isə pandemiya səbəbindən kursların təxirə salındığını bildirmişdir. 2021-ci ilin sonlarında Elnarə Anarla münasibətinin pozulduğunu bildirmiş və məlum olmuşdur ki, müxtəlif vaxtlarda Anar Elnarəni aldadaraq pullarını ələ keçirmiş və buna görə Elnarə hüquq mühafizə orqanlarına şikayət etmişdir. Məhkəmə istintaqı zamanı Şahid2 ifadəsində göstərmişdir ki, oğlu Təqsirləndirilən şəxs Mühafizə Xidmətində mühafizəçi işləmişdir. Şahid1 ona evə taksi vasitəsi bir neçə dəfə 300 manat pul və ərzaq göndərmişdir. Anarın Elnarədən işə düzəltmə adı ilə pul alması barədə məlumatı olmamış, Anar ilə Elnarə evlənməyi fikirləşmiş, lakin sonradan münasibətləri pozulmuşdur. Anar Elnarəyə hərbi xidmətdə kəşfiyyatçı olduğunu demişdir. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid3 ifadəsi məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq olunmuşdur. İşdə olan xx.xx.2022-ci il tarixli “Kompakt diskə baxış keçirilməsi haqqında” protokoldan və “Azercell" MMC-dən götürülmüş məlumatlardan görünür ki, Şahid1 məxsus ***-***-**-** saylı telefon nömrəsi ilə Təqsirləndirilən şəxs istifadəsində olan ***- ***-**-** saylı telefon nömrəsi arasında xx.xx.2021-ci il tarixdə saat 21:56-də 56 saniyə, xx.xx.2021-ci il tarixdə saat 20:33-də 67 saniyə, xx.xx.2021-ci il tarixdə saat 17:45-də 44 saniyə, xx.xx.2021-ci il tarixdə saat 19:11-də 52 saniyə, xx.xx.2021-ci il tarixdə saat 19:35-də 90 saniyə, xx.xx.2021-ci il tarixdə saat 19:46-də 58 saniyə, xx.xx.2021-ci il tarixdə saat 20:04-də 34 saniyə, xx.xx.2021-ci il tarixdə saat 10:52-də 42 saniyə, xx.xx.2021-ci il tarixdə saat 15:01-də 79 saniyə, xx.xx.2021-ci il tarixdə saat 14:41-də 76 saniyə, xx.xx.2021-ci il tarixdə saat 17:44-də 80 saniyə davam edən qarşılıqlı telefon danışıqları olmuşdur. İşdə olan xx.xx.2022-ci il tarixli “Kompakt diskə baxış keçirilməsi haqqında” protokoldan və "xxxx" MMC-dən götürülmüş məlumatlardan görünür, Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı telefon nömrəsi ilə Şahid1 məxsus ***-***-**-** saylı telefon nömrəsi arasında xx.xx.2020-ci il tarixdə saat 22:29-də 51 saniyə, xx.xx.2020-ci il tarixdə saat 22:51-də 24 saniyə, xx.xx.2020-ci il tarixdə saat 09:52-də 24 saniyə, xx.xx.2020-ci il tarixdə saat 09:57-də 113 saniyə, xx.xx.2020-ci il tarixdə saat 14:45-də 121 saniyə, xx.xx.2020-ci il tarixdə saat 19:02-də 27 saniyə, xx.xx.2020-ci il tarixdə saat 08:00-də 48 saniyə, xx.xx.2021 -ci il tarixdə saat 11:01 -də 265 saniyə, xx.xx.2021-ci il tarixdə saat 11:06-də 38 saniyə, xx.xx.2021-ci il tarixdə saat 21:22-də 236 saniyə, xx.xx.2020-ci il tarixdə saat 14:37-də 42 saniyə, xx.xx.2020-ci il il tarixdə saat 19:09-də 90 saniyə davam edən qarşılıqlı telefon danışıqları olmuşdur. İşdə olan Şahid4 məxsus 4169********2645 nömrəli “Kapital Bank" ASC-in bank kartı üzrə çıxarışdan görünür ki, xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək həmin karta ümumilikdə 2.786 (iki min yeddi yüz səksən altı) manat məbləğində pul vəsaiti köçürülmüş və Təqsirləndirilən şəxs tərəfindən sonuncu dəfə xx.xx.2021-ci il tarixdə ünvan 5 ünvanda yerləşən "xxxx" ASC-yə məxsus bankomatdan məxaric edilmişdir. İşdə olan xx.xx.2021-ci il tarixli protokoldan görünür ki, Şahid1 tərəfindən təqdim edilən CD diskdə olan fayllara baxış keçirilərkən “AUD-20220121-WA0012.mp3” adlı audio yazısında:

1. Təqsirləndirilən şəxs Şahid1 “Səhəri məni apardılar, bilirsən nə adla, mən filankəsin adından böyük adamın adından kimlərdənsə pul alıb işə düzəltmişəm, hər bir şeyi danışıb evimin adresini, səndən nə qədər necə almışam, necə səni dirəmişəm, evdə demişdin kiməsə? Dedim ki, demə də evdə nədir nə deyil mənə səni haralara kursa getməyivi demirəm soruşdun dedin demə. Apardılar məni hər şey qoydular qabağıma səndən nə qədər pul almışam, DTX-yə görə, kursa görə sən atana danışmısan axı. Mənə deyiblər ki, əmin zad yox ə orqanda prokuratura, DTX ki, filankəsdən filankəsin adıyla pul almısan, əmi mənə bilirsən nə dedi, bu nədir belə filankəs gəlir mədən səni soruşur, sən bu qədər düşmüsən cəhənnəm ol çıx bayıra, düz demir?, demişdi o mənə eləmə də. Poqonumu cırdılar hər şeyimi aldılar əlimdən. Köhnə iş yoldaşlarımdan pul almışdım e o pulları hamısı qaytardım yiyələrinə, atanın 300 manat pulunu da qaytaracam, atan o 300 manatı istəyir? hə sənədlərivi DTX-dan qaytarıblar” sözlərini deyir.

2. Şahid1 Təqsirləndirilən şəxs “Başa düşürsən DTX kursu var idi amma mən heçnə deməmişəm, niyə mənə inanmırsan bircə kəlmə də deməmişəm," yadıva gəlir axırıncı dəfə bir dənə rüsum var idi 200 manat, sən dedin ki, onsuzda düzələcək alınacaq, ona görə də sən evdə deyə bilərsən, mənə dedin ki, atandan elə al pulu, atam bilirdi axı ki, DTX kursu məsələsi var, məndən soruşdu bax Elnarə dedin ki, avqustun biri başlayacaq, niyə başlamadı ondan sonra mənə dedi, dedim ki Anar mənim yanımda danışıb DTX kursu karantin səbəbindən təxirə salınıb noyabr ayına, atam dedi ki bilirəm pul vermisən niyə başlamadı, mən ona nə cavab verərdim, kurs da alınmadı pullarım da batdı, mən atama bu barədə sənin razılığın ilə demişəm, mənim sənədlərim DTX-dadır, qaytarıblar? sözlərini deyir. İşdə olan sənədlərdən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2020-ci il tarixdən xx.xx.2021-ci il tarixədək "xxxx" MMC-də gözətçi, xx.xx.2021-ci il tarixdən "Dinçer və Carçıoğlu” Birgə Müəssisədə ərazi gözətçisi işləmişdir. İşdə olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X1 İdarəsindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Sumqayıt şəhər məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 306.1-ci maddəsi ilə təqsirli bilinərək 11 ay 28 gün müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı şəhəri, Suraxanı rayon məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarı ilə 03 ay 25 gün cəzadan şərti olaraq vaxtından əvvəl azad edilmiş və xx.xx.2020-ci ildə cəza müddəti başa çatmışdır. İşdə olan sənədlərdən görünür ki, Təqsirləndirilən şəxs himayəsində bir azyaşlı uşağı var. İşdə olan 15 yanvar 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. Beləliklə, məhkəmə istintaqı zamanı tədqiq olunmuş sübutların məcmuyuna əsasən, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.4, 32.4,312.1-ci maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməsi tam sübuta yetirilmişdir. Onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar müəyyən edilməmişdir. Məhkəmə belə qənaətə gələrkən “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 11 iyun 2015-ci il tarixli 7 №-li qərarının 1-ci bəndinin tövsiyyəsini də nəzərə alır. Belə ki, qərarda qeyd edilir ki, şəxs, o cümlədən müvafiq səlahiyyətləri olmayan vəzifəli şəxs rüşvətxorluqda vasitəçilik etmək adı altında hər hansı hərəkətin (hərəkətsizliyin) edilməsinə görə səlahiyyətli vəzifəli şəxsə vermək adı ilə digər şəxsi rüşvət verməyə təhrik etdikdə və vədinə əməl etmək niyyətində olmayaraq pul və ya sair nemətləri ondan alıb ələ keçirdikdə onun əməli həm dələduzluq (CM-nin 178-ci maddəsi), həm də rüşvət verməyə təhrik etmə (CM-nin 32.4,312-ci maddələri) kimi qiymətləndirilir. Qərarda həmçinin qeyd olunmuşdur ki, rüşvət vermə və ya rüşvət verməyə cəhd etmə cinayətlərinin törədilməsi zamanı isə şəxs tərəfindən istər vəzifəli şəxsə, istərsə də rüşvətxorluqda vasitəçilik etmiş və ya rüşvətxorluqda vasitəçilik etmək adı ilə dələduzluq etmiş şəxsə verilmiş pul, qiymətli kağızlar və ya sair maddi nemətlər ona məxsus olmuş əmlakdan artıq rüşvətin predmetinə çevrilir və həmin şəxs bu maddi nemətlərin nə vaxtsa qaytarılmasını yox, rüşvətin müqabilində onun xeyrinə vəzifəli şəxs tərəfindən qanuni və ya qanunsuz hərəkətin (hərəkətsizliyin) edilməsini gözləyir. Göründüyü kimi, məhkəmənin Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməllərinin tövsifi ilə bağlı gəldiyi nəticə Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenum qərarının izahlarına uyğundur. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edilməsi məsələsini müzakirə edərkən, cinayət qanunvericiliyinin aşağıda qeyd olunan prinsip və müddəalarını nəzərə alır. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 11 iyun 2015-ci il tarixli 7 №-li qərarının 39-cu bəndinin tövsiyyəsində qeyd edilimişdir ki, məhkəmələr dələduzluq cinayətinin törədilməsində təqsirli bilinmiş şəxslər barəsində cəza tədbiri seçərkən cəza təyin etmənin əsasları, prinsipləri və qaydaları təsbit edilmiş cinayət qanunvericiliyinin müvafiq normalarının tələblərinə əməl etsinlər, vurulmuş zərərin könüllü olaraq ödənilməsi və ya aradan qaldırılması kimi cəzanı yüngülləşdirən halı törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsi və xarakteri, iş üzrə müəyyən edilmiş cəzanı yüngülləşdirən və ağırlaşdıran hallarla, habelə işin digər halları ilə birgə müzakirə edərək nəzərə alsın. Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən, Təqsirləndirilən şəxs himayəsində bir azyaşlı uşağının olması cəzanı yüngülləşdirən hal, Cinayət Məcəlləsinin 61.1.1-ci maddəsinə əsasən cinayətlərin residivi isə cəzanı ağırlaşdıran hal qismində nəzərə alınmışdır. Belə ki, Azərbaycan Respublikası CM-nin 18.1-ci maddəsinə əsasən, qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Azərbaycan Respublikası CM-nin 83.1-ci maddəsinə əsasən, cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. Həmin Məcəllənin 83.3.3-cü maddəsinə əsasən, az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində - onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Təqsirləndirilən şəxs barəsində olan Sumqayıt şəhər məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmünə münasibətdə məhkumluğu ödənilmədən və ya götürülmədən yenidən qəsdən cinayət törətmişdir. Azərbaycan Respublikası CM-nin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə həmin Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz. Həmin Məcəllənin 18.5-ci maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla və hədlərdə cinayətlərin residivinə görə daha sərt cəza tətbiq edilir. «Аzərbaycan Respublikası Cinayət Məcəlləsinin 18-ci və 83.1-ci maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 6 sentyabr 2010-cu il tarixli qərarında qeyd edilmişdir ki, məhkumluq hüquqi təbiətinə görə cinayət törətməklə özünün ictimai təhlükəliliyini biruzə vermiş şəxsin hərəkətləri üzərində sosial-hüquqi nəzarətin müəyyənləşdirilməsindən və həyata keçirilməsindən ibarət olan cinayət-hüquqi institutdur. Bu cür nəzarət yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə həyata keçirilməklə məhkumun hüquq və azadlıqlarının müəyyən dərəcədə məhdudlaşdırılmasında ifadə olunur. Məhkumluq, həmçinin yenidən cinayət törətməməsi üçün ədalət mühakiməsi tərəfindən məhkuma edilən özünəməxsus xəbərdarlıq növüdür. Məhkumluğu olan şəxs tərəfindən yeni cinayətin törədilməsi bir qayda olaraq onun sabit kriminal meylliliyinə, məhkəmə tərəfindən edilmiş xəbərdarlığa məhəl qoymamasına dəlalət edir, bu isə nəticə etibarilə onun yüksək ictimai təhlükəliliyinə işarə edir. Yeni cinayət törətdiyinə görə qanun belə şəxsə qarşı daha sərt cinayət-hüquqi təsir tədbirlərinin tətbiq edilməsini nəzərdə tutur. Göründüyü kimi həm qanunvericilik, həm də Аzərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 06 sentyabr 2010-cu il tarixli qərarında formalaşdırdığı hüquqi mövqeyi bir mənalı оlараг məhkumluğu olan şəxs tərəfindən yeni cinayətin törədilməsinin bir qayda olaraq onun sabit kriminal meylliliyinə, məhkəmə tərəfindən edilmiş xəbərdarlığa məhəl qoymamasına, bunun isə nəticə etibarilə onun yüksək ictimai təhlükəliliyinə işarə etdiyini və yeni cinayət törətdiyinə görə qanunun belə şəxslərə qarşı daha sərt cinayəthüquqi təsir tədbirinin tətbiq edilməsini nəzərdə tutur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 4 saylı Qərarının 3-cü bəndində göstərilir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. “Məhkəmə Hökmü Haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 saylı qərarının 45-ci bəndinin tövsiyyəsinə görə, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin etmək hallarına yol verməməlidir. Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsinin sanksiyasında dörd min manatdan yeddi min manatadək miqdarda cərimə və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası CM-nin 312.1-ci maddəsinin sanksiyasında isə beş min manatdan səkkiz min manatadək miqdarda cərimə və ya üç ildən beş ilədək müddətə azadlığın məhdudlaşdırılması və iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Həmin Məcəllənin 17.4-cü maddəsinə əsasən, bu Məcəllənin Xüsusi hissəsində həm ümumi, həm də xüsusi normada nəzərdə tutulmuş cinayətin törədilməsi cinayətlərin məcmusunu yaratmır və bu halda xüsusi norma tətbiq olunur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 4 saylı Qərarının 3-cü bəndində göstərilir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Habelə qərarda qeyd edilir ki, cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və həmin əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin İctimai təhlükəlilik dərəcəsi isə onun törədilməli hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilməsi dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla tprədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir. Həmin qərara əsasən, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən, cəzanın növünün və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmə yuxarıda qeyd olunan xüsusatları və qanunvericiliyin tələblərini nəzərə alaraq, Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid edilməklə cəza çəkmədən islah olunmasını mümkün saymır və hesab edir ki, ona təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 178.2.4 və 312.1-ci maddələrinin sanksiyası həddində azadlıqdan məhrum etmə cəzası, həmin Məcəllənin 65.2-ci maddəsində müəyyən edilmiş qaydalar nəzərə alınmaqla təyin edilməli və Azərbaycan Respublikası CM-nin 56.1.3-cü maddəsinə əsasən cəzasını çəkməsi üçün ciddi rejimli cəzaçəkmə müəssisəsi müəyyən edilməlidir. Cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsi ilə müsadirə olunması nəzərdə tutulan əmlak müəyyən edilməmişdir. İş üzrə maddi sübut, mülki iddia və məhkəmə xərcləri yoxdur. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası CPM-nin 346, 347, 349, 351- 353, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə

HÖKM ETDİ:

Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.4 və 32.4, 312.1-ci maddələri ilə təqsirli bilinərək, Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə 2 (iki) il 6 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına, Cinayət Məcəlləsinin 32.4, 312.1-ci maddəsi ilə 2 (iki) il 6 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 66.2-ci maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 03 (üç) il 6 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 25 oktyabr 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri “həbs” qətimkan tədbiri ilə əvəz olusun və o, məhkəmə iclas zalından həbs edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs həbsdə saxlama yeri Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanası müəyyən edilsin. Hökm elan olunduğu andan 20 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Həbsdə saxlanılan məhkum tərəfindən isə apellyasiya şikayəti hökmün surəti ona verildiyi andan 20 gün müddətində verilə bilər. Həmin müddətdə hökmdən apellyasiya qaydasında protest və şikayət verilmədikdə hökm müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir.

Sədrlik edən: Rauf Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar