Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(007)-144/2020 26.08.2020 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyeva Mətanət İsfəndiyar qızının sədrliyi, məhkəmə iclas katibi Ələsgərova Aytac Hikmət qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhər məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi – Bakı şəhəri 6 saylı Vəkil Bürosunun vəkili X8 oğlunun, təqsirləndirilən şəxs - X2 (Akhmedov Makhadin) iştirakı ilə, təqsirləndirilən şəxs xx.xx.1958-ci ildə Gürcüstan Respublikasının Bolnisi rayonunda anadan olmuş, Gürcüstan Respublikası vətəndaşı, subay, orta təhsilli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, məhkumluğu ödənilmiş, ünvan 1 ünvanında müvəqqəti qeydiyyatda olan və Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, A.Alı küçəsi, ev 10, mənzil 58 ünvanında yaşayan, barəsində başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri seçilmiş, X2 (Akhmedov Makhadin) Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İstintaq orqanı tərəfindən X3 (Akhmedov Makhadin) Azərbaycan Respublikası CMnin 177.1-ci maddəsi ilə ittiham irəli sürülmüşdür ondan ötrü ki, o, özgənin əmlakını gizli talama məqsədi ilə Bakı şəhəri, Nizami rayonu, metronun “Neftçilər” stansiyası yaxınlığında valyuta alqı-satqısı ilə məşğul olan Zərərçəkmiş şəxs izləyib sonuncunun nağd pul vəsaitini Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti 62 ünvanında yerləşən yaşayış binasının həyətində dayandırdığı “Mercedes” markalı, **-GL-*** dövlət qeydiyyat nişanlı avtomobilinin salonunda saxlamasına əmin olduqdan sonra xx.xx.2019cu il tarixdə saat 16 radələrində üzərindəki çəkiclə həmin avtomobilin sağ qabaq-yan şüşəsini sındıraraq salonunda qarşı oturacaqların arasındakı saxlanc yerindən həmin 3746 manat nağd pul vəsaitini gizli olaraq talayıb Zərərçəkmiş şəxs maddi ziyan vurmaqla oğurluq etmişdir. Təqsirləndirilən şəxs X5 (Akhmedov Makhadin) məhkəmə baxışında özünü ona elan olunmuş Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsində nəzərdə tutulmuş ittihamla təqsirli bilərək göstərmişdir ki, 2019-cu ilin avqust ayında maddi ehtiyacı ilə əlaqədar Azərbaycan Respublikasına gəlmişdir. Maddi ehtiyacını ödəyə bilmədiyi üçün uzaq qohumu Şahid1 Gürcüstana getmək üçün yol pulu istəmişdir. Nicat pulunun olmadığını deyərək bir il əvvəl ona verdiyi 1000 manat borcunu tələb etmişdir. O, Nicata Gürcüstana qayıtmaq üçün pulunun olmadığını, heç kimin ona pul vermədiyini, oğurluq etməkdən başqa yolunun olmadığını bildirmişdir. Nicat ona “nə edirsən et, istəyirsən oğurluq et, ancaq mənim pulumu qaytar” demişdir. Həmin vaxtlar o, iş axtararkən “Neftçilər” metrostansiyasının yaxınlığında Zərərçəkmiş şəxs küçədə valyuta alveri ilə məşğul olduğunu, lakin üzərində pul gəzdirmədiyini, müştəri düşəndə pulu dəyişmək üçün yaxınlıqda, binanın həyətində saxladığı “Mercedes” markalı avtomobilinin salonundan pul götürüb gətirdiyini müşahidə etmişdir. O, Zərərçəkmiş şəxs avtomobilindən pulu oğurlamaq qərarına gəlmiş və bu məqsədlə onu izləməyə başlamışdır. xx.xx.2019-cu il tarixdə səhər saatlarında Zərərçəkmiş şəxs “Mercedes” markalı, **-GL-*** dövlət qeydiyyat nişanlı avtomobili Nizami rayonu, Q.Qarayev prospekti 62 ünvanının həyətində saxladığını görüb həmin gün saat 16 radələrində havanın küləkli olmasından və ətrafda heç kimin olmamasından istifadə edərək üzərində gətirdiyi çəkiclə avtomobilin sağ yan şüşəsinə bir dəfə vuraraq sındırmış, avtomobilin salonuna daxil olub qarşı oturacaqların arasındakı saxlanc yerindən 3746 manat pul götürmüşdür. Oradan uzaqlaşmış, çəkici xatırlamadığı yerə tullamışdır. Həmin gün axşam saatlarında Şahid1la görüşüb borcundan 700 manat qaytarmışdır. Oğurladığı puldan 1000 manatı isə şərik siqaret köşkü işlətmək üçün tanışı Amilə vermişdir. Zərərçəkmiş şəxslə barışmış, ona dəymiş ziyanı tam ödəmişdir. Əməlindən peşmandır. Məhkəmədən barəsində yüngül cəza verilməsini xahiş etmişdir. X2 (Akhmedov Makhadin) qeyd edilən əməli törətməkdə təqsiri öz ifadəsi ilə yanaşı aşağıdakılarla da təsdiq olunur. Məhkəmə baxışında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, xx.xx.2019-cu il tarixdə özünə məxsus “Mercedes” markalı, **- GL-*** dövlət qeydiyyat nişanlı avtomobili “Ailə” marketin arxasında saxlayıb marketə daxil olmuşdur. Saat təxminən 16 radələrində avtomobilinə yaxınlaşdıqda avtomobilinin sərnişin tərəfdən qabaq yan şüşəsinin sındırıldığını və avtomobilində saxladığı 3746 manat pulunun oğurlandığını aşkar etmişdir. Həmin pulu laminat almaq üçün avtomobilində saxlamışdır. Təqsirləndirilən şəxslə barışmış, ona dəymiş ziyan tam ödənilmişdir. Heç bir şikayəti və tələbi yoxdur. Məhkəmə baxışında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Əhmədov Məhəddin onun uzaq qohumudur. 2018-ci ilin noyabr ayında Məhəddin borc olaraq ondan 1000 manat pul almış, lakin sonradan borcunu qaytarmamışdır. 2019-cu ilin sentyabr ayında Məhəddinlə görüşmüş, Məhəddin maddi imkanı olmadığı üçün borcunu qaytara bilmədiyini demişdir. O, Məhəddindən pulunu qaytarmağı tələb etmişdir. xx.xx.2019-cu il tarixdə səhər saatlarında Məhəddin ona zəng edib “Neftçilər” metrostansiyasının yanında olduğunu, pul alacağını demişdir. Məhəddindən borcunu alacağını güman edib “Neftçilər” metrostansiyasının yaxınlığındakı “ev bazarı” deyilən yerə gəlmiş, lakin Məhəddinin orada olmadığını görüb Məhəddinin mobil nömrəsinə bir neçə dəfə zəng edib nə üçün onu aldatdığını deyərək onunla mübahisə etmişdir. Məhəddin yaxınlıqda olduğunu, tanışından pul gözlədiyini, pulu alan kimi ona verəcəyini bildirmişdir. O, bir müddət orada gözləmiş, sonradan Məhəddin zəng vurub “Koroğlu” metrostansiyasına gəlməyini demişdir. Həmin yerə gedərkən Məhəddin zəng vurub Sabunçu rayonu, Bakıxanov qəsəbəsindəki ticarət mərkəzinin qarşısına gəlməyini xahiş etmişdir. Orada Məhəddin ona 400 manat verib, 300 manatı həmin gün axşam verəcəyini bildirmişdir. Həmin gün axşam Məhəddin ona 300 manat pul vermişdir. Bir neçə gün sonra qohumlarından Məhəddinin oğurluq cinayəti ilə əlaqədar saxlanıldığını eşitmişdir. Məhkəmə baxışında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, uzun müddətdir ki, ayrı-ayrı marşrut avtobuslarında sürücü işləyir. Əhmədov Məhəddin ilə 2019-cu ilin yay aylarında, 40 saylı marşrut xəttin sonuncu dayanacağında, sürücülərin toplaşdığı kafedə tanış olmuşdur. Məhəddinin işsiz və pula ehtiyacının olmasını bildikdən sonra 3-4 gün avtobusla marşrut xəttinə çıxarkən Məhəddini özü ilə xəttə götürərək onu dolandırmışdır. Lakin sonradan Məhəddin bir müddət görünməmişdir. Bir gün Məhəddin onun yanına gəlib ona olan 20 manat borcunu qaytarmışdır. Məhəddin cibindən pul çıxararkən onun cibində çox pul olduğunu görmüşdür. Həmin vaxtlar pula ehtiyacı olduğundan atasına məxsus siqaret köşkünü işlətməklə əlavə gəlir əldə etmək istəmişdir. Bu məqsədlə Məhəddinə əgər 1000 manat pulu varsa bir yerdə şərik siqaret köşkü işlətməyi təklif etmiş və hər birinin gündəlik 30 manat qazana biləcəyini demişdir. Məhəddin razılaşıb köşkə mal alması üçün ona 1000 manat pul vermişdir. Məhəddin ona sənədinin vaxtı bitdiyi üçün sərhədə gedib “giriş-çıxış” etməli olduğunu demişdir. Bundan sonra Məhəddin getmiş, təxminən 10 gün keçdikdən sonra gəlib pula ehtiyacının olduğunu bildirərək verdiyi pulu geri almışdır. O, Məhəddinin verdiyi həmin pulu oğurluq yolu ilə əldə etdiyindən xəbəri olmamışdır. İş üzrə Şahid3 Nürəddin oğlu məhkəməyə teleqram vuraraq rayonda olduğu üçün məhkəməyə gələ bilmədiyini, verdiyi izahatını təsdiq etdiyini bildirmiş, məhkəmə iclasını onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Şahid3 Nürəddin oğlu istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki,Şahid1 onun xalası oğludur. O, Bakı şəhərində olanda bəzən Nicat onun yanına qonaq gəlmişdir. Təxminən 2019-cu ilin sentyabr ayında Nicat yanında atasının qohumlarından olan Məhəddin adlı şəxslə onun kirayədə yaşadığı mənzilə qonaq gəlmişlər. Bir qədər söhbət etdikdən sonra Nicat ondan mobil telefonunun internet və “WhatsApp” proqramının olubolmadığını soruşduqda o, olduğunu bildirmişdir. Nicat “WhatsApp” proqramı vasitəsilə bir nömrə yığmaq istədiyini dedikdə o, etiraz etməyib mobil telefonunu ona vermiş, özü çay hazırlamaq məqsədi ilə mətbəxə keçmişdir. O, mətbəxdən qayıtdıqda Məhəddinin onun telefonundakı “WhatsApp” proqramı vasitəsi ilə kimləsə danışdığını görmüşdür. Onun kimlə danışması onun üçün maraqlı olmadığından bu barədə onlardan soruşmamışdır. Nicat qohumu Məhəddin ilə bir qədər onun evində qonaq olub getmişlər. İşdə olan və məhkəmə baxışında tədqiq edilmiş: - cinayət işinin başlanması və icraata qəbul olunması haqqında xx.xx.2019-cu il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs Nizami RPİ-nin 25-ci PŞ-də xx.xx.2019-cu il tarixdə HK-2343 nömrəsi ilə qeydiyyata alınmış ərizəsi əsasında toplanmış materiala əsasən fakta görə Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsi ilə cinayət işi başlanılmışdır. - xx.xx.2019-cu il tarixli tutma protokolundan görünür ki, X5 Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. - zərərçəkmiş şəxs qismində tanınma haqqında xx.xx.2019-cu il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs kimi tanınmışdır. - təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında xx.xx.2019-cu il tarixli qərardan görünür ki, X5 (Akhmedov Makhadin) Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddədə nəzərdə tutulmuş ittiham elan edilmişdir. - qətimkan tədbirinin seçilməsi barədə xx.xx.2019-cu il tarixli qərardan görünür ki, X2 barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. - xx.xx.2019-cu il tarixli qərardan görünür ki, X2 barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçildiyindən saxlanıldığı Bakı şəhəri Nizami RPİ-nin X6 dərhal azad edilmişdir. - maddi sübut kimi tanıma haqqında xx.xx.2019-cu il tarixli qərardan və Zərərçəkmiş şəxs tərəfindən verilmiş qəbzdən görünür ki, 1000 manat nağd pul vəsaiti iş üzrə maddi sübut kimi tanınaraq saxlanması üçün Zərərçəkmiş şəxs təhvil verilmişdir. - maddi sübut kimi tanıma haqqında xx.xx.2020-ci il tarixli qərardan görünür ki, “xxxxxxx” MMC-nin xx.xx.2020-ci il tarixli, BKC/LGL-3922/20 saylı məktubu ilə təqdim edilmiş 1 ədəd “CD” disk iş üzrə maddi sübut kimi tanınmış və cinayət işinin materiallarına əlavə edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” xx xxxx 2005-ci il tarixli qərarında Plenum qərara almışdır ki:”…2.Mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir. Yaranmış konkret şəraitdə təqsirkar gizli hərəkət etdiyini güman edirsə həmin şəxslər talama hadisəsini görmüş olsalar belə təqsirkarın əməli özgə əmlakının gizli talanması hesab edilməlidir... 7.Təqsirli şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan (məsələn, talanmış əmlakı öz xeyrinə və ya başqalarının nəfinə yönəltmək, yaxud tamah məqsədilə başqa formada onun üzərində sərəncam vermək), oğurluq və ya soyğunçuluq cinayəti bitmiş hesab edilir.” Göstərilənlərə əsasən məhkəmə belə bir nəticəyə gəlir ki, təqsirləndirilən şəxs X2 (Akhmedov Makhadin) törətdiyi əməldə cinayət tərkibi vardır, ona ibtidai istintaq zamanı düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə ittiham irəli sürülmüş və əməli həmin maddə ilə tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin X2 (Akhmedov Makhadin) cinayət məsuliyyətindən azad edilməsi üçün əsas yoxdur. Məhkəmə iclasında təqsirləndirilən şəxs X2 (Akhmedov Makhadin) özgənin əmlakını gizli ələ keçirib zərərçəkmiş şəxsə 3746 manat məbləğində ziyan vuraraq oğurluq etməsi toplanmış və tədqiq edilmiş sübutların məcmusu ilə tamamilə sübuta yetirildi. X2 (Akhmedov Makhadin) cəzadan azad edilməsi və onun barəsində cəzanın təyin edilməməsi üçün əsaslar olmadığına görə Azərbaycan Respublikası CM-nin 58-ci maddəsinə əsasən ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş hədlərdə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin edərkən, Azərbaycan Respublikası CMnin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.2-ci maddəsinə əsasən X2 (Akhmedov Makhadin) törətdiyi əməl böyük ictimai təhlükə törətməyən cinayət hesab olunur. Azərbaycan Respublikası CM-nin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluğu ödənilmiş hesab edilir. İşdə olan və məhkəmə baxışında tədqiq edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və X1 verilmiş xx.xx.2020-ci il tarixli tələbnamədən və Qaradağ Rayon Məhkəməsinin xx.xx.2005-ci il tarixli, 1-123 nömrəli hökmündən görünür ki, X5 Azərbaycan Respublikası CM-nin 228.1-ci maddəsi ilə təqsirli bilinib 2 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Nizami Rayon Məhkəməsinin xx.xx.2006-cı il tarixli qərarı ilə cəzasının çəkilməmiş hissəsindən qalan 11 ay 13 gün müddətini çəkməkdən şərti olaraq vaxtından əvvəl azad edilmişdir. Göründüyü kimi X2 (Akhmedov Makhadin) məhkumluğu ödənilmişdir, bu da Azərbaycan Respublikası CM-nin 83.6-cı maddəsinə əsasən məhkumluqla bağlı bütün hüquqi nəticələri ləğv edir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx xxxx 2003-cü il tarixli, 4 №li qərarında göstərilir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla, daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Məhkəmə, təqsirləndirilən şəxs X2 (Akhmedov Makhadin) törətdiyi cinayət əməlini etiraf etməsini, əməlindən peşman olmasını, zərərçəkmiş şəxsə dəymiş ziyanı tam ödəməsini, zərərçəkmiş şəxsin şikayətinin və tələbinin olmamasını cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə baxışında X2 (Akhmedov Makhadin) cəzasını Azərbaycan Respublikası CM-nin 61.1-ci maddəsində nəzərdə tutulmuş ağırlaşdıran hal müəyyən edilmədi. Məhkəmə X2 (Akhmedov Makhadin) barəsində təyin ediləcək cəzanın həddini və növünü müəyyən edərkən cəza təyinetmənin ümumi prinsiplərini rəhbər tutmaqla onun qəsdən böyük ictimai təhlükə törətməyən cinayət törətməsini, qəsdin obyektini mülkiyyət münasibətləri təşkil etməsini, cəzasını yüngülləşdirən halları nəzərə alaraq hesab edir ki, onun islah olunması üçün barəsində cəmiyyətdən təcrid olunmamaqla təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə ilə bağlı olmayan islah işləri cəzasının təyin edilməsi məqsədəmüvafiqdir və cəzanın məqsədini təmin edir. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə hesab edir ki, cəza təyin edilərkən X2 (Akhmedov Makhadin) xx.xx.2019cu il tarixdən xx.xx.2019-cu il tarixədək 1 gün həbsdə saxlanılması, həbsdə saxlamanın bir gününü islah işləri cəzasının 4 gününə hesablayaraq nəzərə alınmalıdır. Azərbaycan Respublikası CPM-nin 346.1.19 - 346.1.22-ci maddələrində nəzərdə tutulmuş məsələləri həll edərək məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs X2 (Akhmedov Makhadin) barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməli; cəzaçəkmə müddətinin başlanğıcı X2 (Akhmedov Makhadin) əmək haqqından dövlət nəfinə ilk tutulmanın aparıldığı tarixdən hesablanmalı, Azərbaycan Respublikası CPM-nin 132.1.6-cı maddəsinə əsasən iş üzrə maddi sübut olan 1 ədəd “CD” disk cinayət işinin materiallarında saxlanılmalı; Azərbaycan Respublikası CPM-nin 132.1.5-ci maddəsinə əsasən iş üzrə maddi sübut olan 1000 manat nağd pul vəsaiti Zərərçəkmiş şəxs qaytarılmış hesab edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, X2 (Akhmedov Makhadin) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia yoxdur. Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən Bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə hesab edir ki, vəkilin cinayət işi ilə tanış olduğu və məhkəmədə iştirak etdiyi müddət 5 iş saatı müddətinə bərabər olduğundan, hər iş saatı üçün Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2018-ci il tarixli, 202 saylı qərarına əsasən göstərilmiş hüquqi xidmətlərə görə hər iş saatı üçün 6 (altı) manat miqdarında ödənilməsi nəzərə alınmaqla 30 (otuz) manat (5x6) məbləğində əmək haqqı Bakı şəhəri 6 saylı Vəkil Bürosu vasitəsi ilə müdafiəçi X4 dövlət büdcəsi hesabına ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: X5 (Akhmedov Makhadin) Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinib, barəsində hər ay qazancından dövlət nəfinə 15 % məbləğində pul tutulmaqla 1 (bir) il müddətinə islah işləri cəzası təyin edilsin və cəzasını iş yeri üzrə çəksin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən X2 (Akhmedov Makhadin) xx.xx.2019-cu il tarixdən xx.xx.2019-cu il tarixədək 1 gün həbsdə saxlanılması nəzərə alınmaqla həbsdə saxlamanın bir gününü islah işləri cəzasının 4 gününə hesablayaraq üzərində hər ay qazancından dövlət nəfinə 15 % məbləğində pul tutulmaqla 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətinə islah işləri cəzası saxlanılsın. Cəzaçəkmə müddətinin başlanğıcı X2 (Akhmedov Makhadin) əmək haqqından dövlət nəfinə ilk tutulmanın aparıldığı tarixdən hesablansın. Cəzanın icrası X2 (Akhmedov Makhadin) yaşayış yeri üzrə İcra və Probasiya şöbəsinə həvalə edilsin. X2 (Akhmedov Makhadin) barəsində seçilmiş başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Cinayət işi üzrə maddi sübut olan bir ədəd “CD” disk cinayət işinin materiallarında saxlanılsın və 1000 manat nağd pul vəsaiti Zərərçəkmiş şəxs qaytarılmış hesab edilsin. Təqsirləndirilən şəxs X3 (Akhmedov Makhadin) 5 saat göstərdiyi pulsuz hüquqi yardıma görə iş üzrə dəvət olunmuş müdafiəçi Bakı şəhəri 6 saylı Vəkil Bürosunun vəkili X4 Bakı şəhəri 6 saylı Vəkil Bürosu vasitəsi ilə 30 (otuz) manat əmək haqqı Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına ödənilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Həmin müddətdə hökmdən apellyasiya qaydasında protest və şikayət verilmədikdə hökm müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən Mətanət Hacıyeva
Məhkəmə qərarları › İş №1(007)-144/2020
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Hökm — İş №1(007)-144/2020
26.08.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver