Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(007)-144/2021 30.04.2021 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyeva Mətanət İsfəndiyar qızının sədrliyi, Seyfullayeva Şəbnəm Əfqan qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhər məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Mirzəyev Ceyhun Namiq oğlunun, müdafiəçi - Bakı şəhəri 6 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Abış oğlunun, təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs iştirakı ilə, təqsirləndirilən şəxs – xx.xx.1961-ci ildə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, ali təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan və ünvan 2anında yaşayan, barəsində başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 139-1.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN E T D İ: Təqsirləndirilən şəxs 03 sentyabr 2020-ci il tarixdə yeni növ koronavirus infeksiyasının (Covid-19 PCR) təyini üçün barəsində aparılmış laborator müayinənin nəticəsi pozitiv olmaqla, Covid-19 virus infeksiyasına yoluxub hava-damcı yolu ilə keçən həmin infeksiyanın daşıyıcısı olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 28 fevral tarixli, 73-1 nömrəli Qərarına əsasən Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 1 may 2020-ci il tarixli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində hava-damcı yolu ilə keçən yoluxucu xəstəliklər zamanı karantin nəzarətinə götürülmə və təcrid olunma Qaydalarının 4.5.5-ci maddəsinin tələblərinə əsasən digər şəxsləri xəstəliyə yoluxdura biləcəyinə görə 14 gün müddətinə karantin qaydalarına uyğun müşahidəyə götürülərək hüquq və vəzifələri, göstəriləcək xidmətlərin dairəsi və təcrid olunma müddəti barədə ona məlumat verilməklə yaşadığı mənzili (evi) tərk etməməsi və bu tələblərin pozulmasına görə qanunda nəzərdə tutulmuş cinayət məsuliyyəti barədə xəbərdar olmasına baxmayaraq 14.09.2020-ci il tarixdə saat 10 radələrində yaşadığı ünvanı tərk edərək xüsusi karantin rejimini pozmaqla yeni növ koronavirus (Covid-19) infeksiyasının (xəstəliyin) yayılması üçün real təhlükə yaratmış və həmin gün saat 10 radələrində Bakı şəhəri, Nizami rayonu, R.Rüstəmov küçəsindəki 32 a saylı binanın qarşısında Bakı şəhəri Nizami RPİ-nin 24-cü PŞ-nin əməkdaşları tərəfindən saxlanılaraq yaşadığı mənzilə qaytarılmışdır. Məhkəmə baxışında Təqsirləndirilən şəxs özünü ona elan edilmiş Azərbaycan Respublikası CM-nin 139-1.1-ci maddəsi ilə təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, 26.08.2020-ci il tarixdə göz qapağında çirk yığışdığından “Medilux” klinikasında əməliyyat olunaraq evə buraxılmışdır. 02 sentyabr 2020-ci il tarixdə səhhətində olan nasazlıqla bağlı yaşadığı mənzilə TTYS-nın həkim briqadasını çağırmışdır. Həmin vaxt Covid-19 infeksiyasından yaşadığı mənzildə TTYS-nın həkim briqadasına analiz vermişdir. 03 sentyabr 2020-ci il tarixdə saat 16:03-də istifadəsində olan ***-***-**-** saylı mobil telefona “İTS.GOV.AZ” saytından 02 sentyabr 2020-ci il tarixdə Covid-19 ilə bağlı vermiş olduğu analizin nəticəsinin pozitiv olması ilə bağlı mesaj gəlmişdir. Həmin mesajda həm də o və ailə üzvlərinin yaşayış yerini tərk etməməyi ilə bağlı və karantin rejimini pozduğu halda Azərbaycan Respublikası İnzibati Xətalar və Cinayət Məcəllələrində nəzərdə tutulmuş məsuliyyətə cəlb oluna biləcəyi ilə bağlı xəbərdar edilmişdir. O, 14 sentyabr 2020-ci il saat 09 radələrinə qədər yaşadığı ünvanda xəstəliyi ilə bağlı müalicə almışdır. 14 sentyabr 2020-ci il tarixdə saat 10 radələrində qızı Sevinc və kürəkəni Orxanla birlikdə 26 avqust 2020-ci il tarixdə gözündən keçirdiyi əməliyyata görə həkim yoxlanışına getmək üçün yaşadığı mənzili tərk etmişdir. Yaşadığı binanın həyətində ona polis əməkdaşları yaxınlaşmış və ona mənzili tərk etməməli olduğunu bildirmişlər. Bundan sonra oraya ağ paltar geyinmiş şəxslər gəlmişlər. Həmin şəxslər ona yaşadığı mənzili tərk etməməli olduğunu izah etmişlər və o, yaşadığı mənzilə getmişdir. O, elə bilmişdir ki, 14.09.2020-ci il tarixdə 14 gün xüsusi karantin rejimi qurtarır, ona görə yaşadığı mənzili tərk etmişdir. O, əvvəllər yaşadığı mənzili tərk etməmişdir. Onun mobil telefonu uşaqda olduğu üçün yaşadığı mənzili tərk etmiş kimi görünmüşdür. Heç bir yerdə işləmir, dövlət ittihamçının çıxışında ona istədiyi 3000 manat cəriməni ödəməyə maddi imkanı yoxdur. Məhkəmədən qərar qəbul edərkən təqsirinin olmamasının nəzərə alınmasını xahiş etmişdir. Təqsirləndirilən şəxs qeyd edilən əməli törətməkdə təqsiri aşağıdakılarla təsdiq olunur. Məhkəmə baxışında şahid qismində dindirilmiş Bakı şəhəri Nizami RPİ-nin 24-cü PŞnin CA üzrə əməliyyat müvəkkili Şahid4 ifadəsində göstərmişdir ki, 14 sentyabr 2020-ci il tarixdə ünvan 3 ünvanında yaşayan Təqsirləndirilən şəxs aktiv koronavirus xəstəsi olduğu halda yaşadığı ünvanı tərk edərək binanın həyətinə düşməsi və digər şəxslərin xəstəliyə yoluxmasına real təhlükə yaratması barədə məlumat daxil olmuşdur. Bundan sonra o, şöbənin digər əməkdaşları ilə birlikdə ünvan 4 ünvanın qarşısına gəldikdə həqiqətən də Təqsirləndirilən şəxs aktiv koronavirus xəstəsi olduğu halda ona aidiyyəti orqanlar tərəfindən yaşayış yerini tərk etməməsi barədə edilmiş xəbərdarlığa baxmayaraq yaşadığı ünvanı tərk edərək binanın həyətinə düşməsi müəyyən edilmişdir. Tərəflərindən mobil telefon vasitəsilə çəkiliş aparılmaqla Təqsirləndirilən şəxs xəbərdar edildikdən sonra yaşadığı mənzilə göndərilmişdir. Məhkəmə baxışında şahid qismində dindirilmiş Bakı şəhəri Nizami RPİ-nin 24-cü PŞnin CA üzrə kiçik inspektoru Şahid3 və 24-cü PŞ-nin sahə rəisi Şahid5 Şahid4 ilə oxşar məzmunda ifadə vermişlər. Məhkəmə baxışında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun qayınanasıdır. 2020-ci ilin avqust ayının 26-da Təqsirləndirilən şəxs göz qapağında çirk yığışdığından “Medilux” klinikasında əməliyyat olunaraq evə buraxılmışdır. 02 sentyabr 2020-ci il tarixdə Təqsirləndirilən şəxs səhhətində problem yarandığından TTYS-nın həkim briqadasını çağırmış və həmin vaxt Covid-19 infeksiyasından analiz vermişdir. 03 sentyabr 2020-ci il tarixdə axşam saatlarında Təqsirləndirilən şəxs onunla telefonda danışan zaman analizin nəticəsinin pozitiv olduğunu bildirmişdir. 14 sentyabr 2020-ci il tarixdə səhər saatlarında Təqsirləndirilən şəxs onunla mobil telefonla əlaqə saxlayaraq göz qapağında olan tikişlərin sökülməsi üçün həkimə getməli olduğunu bildirmişdir. Həmin gün saat 09 radələrində Təqsirləndirilən şəxs yaşadığı ünvan 3 ünvanına gəlmişdir. Blokdan çıxan zaman həyətdə polis əməkdaşları yaxınlaşaraq Təqsirləndirilən şəxs yaşadığı mənzili sağalmadan tərk etməyinin səbəbini soruşmuşlar. Təqsirləndirilən şəxs həkimə getdiklərini bildirmişdir. Polis əməkdaşları 14 gün xüsusi karantin rejimini pozduğuna görə xəbərdar edib Təqsirləndirilən şəxs mənzilə qaytarmışdır. İşdə olan və məhkəmə baxışında tədqiq edilmiş: - cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında 01 dekabr 2020-ci il tarixli qərardan görünür ki, material üzrə Azərbaycan Respublikası CM-nin 139-1.1-ci maddəsi ilə cinayət işi başlanmış və istintaq aparılması üçün icraata qəbul edilmişdir. - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Nizami rayon Gigiyena və Epidemiologiya Mərkəzi tərəfindən Bakı şəhəri Nizami RPİ-nin 24-cü PŞ-nə ünvanlanmış 11 sentyabr 2020-ci il tarixli, 10-19/458 saylı məktubdan görünür ki, Nizami rayonu, R.Rüstəmov küçəsi, ev 32a, mənzil 111-də yaşayan Təqsirləndirilən şəxs Covid-19 infeksiyası ilə 03.09.2020-ci il tarixdə xəstələnmişdir. Təqsirləndirilən şəxs 14 gün ərzində Gigiyena və Epidemiologiya Mərkəzi tərəfindən karantin qaydalarına uyğun müşahidəyə götürülüb və bu müddət ərzində evdən çıxmamalıdır. Lakin buna baxmayaraq xəstə karantin rejimini 2 dəfə pozmuşdur. Bununla əlaqədar olaraq xəstənin ev şəraitində karantin rejiminə riayət etməsi üçün onlara köməklik göstərilməsini xahiş etmişlər. - videogörüntülərin götürülməsi və baxış keçirilməsi haqqında 14.09.2020-ci il tarixli protokoldan görünür ki, baxış zamanı müəyyən olunmuşdur ki, Covid-19 infeksiyası ilə xəstələnmiş xx.xx.1961-ci il təvəllüdlü Təqsirləndirilən şəxs karantin qaydalarına uyğun olaraq öz yaşadığı ünvan 6 ünvanda müşahidəyə götürülməsinə baxmayaraq 14.09.2020ci il tarixdə saat 10 radələrində yaşadığı mənzili tərk edib getmək istəyərkən yaşadığı binanın həyətində 24-cü PŞ-nin əməkdaşları tərəfindən saxlanılaraq geri qaytarılır. - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Bakı Baş Səhiyyə İdarəsi 18 №-li Birləşmiş Şəhər Xəstəxanası Poliklinika şöbəsi tərəfindən Nizami RPİ-nə ünvanlanmış 08.01.2021-ci il tarixli məktubdan görünür ki, ünvan 6 ünvanda yaşayan, 1961-ci il təvəllüdlü Təqsirləndirilən şəxs dediyinə görə 25.08.2020-ci il tarixdə gözündən əməliyyat olunub. 02.09.2020-ci il tarixdə evdə xəstədə ümumi halsızlıq və temperatur olub. Buna görə TTY briqadası çağırılıb və ondan yaxma götürülüb. 03.09.2020-ci il tarixdə cavab pozitiv olmuşdur. 03.09.2020-ci il tarixdən 16.09.2020-ci il tarixə kimi 18 saylı BŞX-nın poliklinika şöbəsi tərəfindən Covid-19 pozitiv diaqnozu ilə evdə izolyasiya şəraitində müalicə olunmuşdur. 17.09.2020-ci il tarixdə izolyasiya müddəti bitmişdir. - 05.01.2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs istifadəsində olan “Samsung Note 8” markalı mobil telefon aparatına baxış keçirilərkən “Mesaj” bölümündə 03.09.2020-ci il tarixdə saat 16:03 radələrində “İTS.GOV.AZ” saytından göndərilmiş “Hörmətli Təqsirləndirilən şəxs Sizin 02.09.2021-ci il tarixində Covid-19 ilə bağlı verdiyiniz testin nəticəsi pozitivdir. Xahiş olunur, Siz və ailə üzvləriniz yaşayış yerini tərk etməyəsiniz. Karantin rejimini pozduğunuz təqdirdə Azərbaycan Respublikası İnzibati Xətalar və Cinayət Məcəlləsində nəzərdə tutulmuş qaydada məsuliyyətə cəlb oluna bilərsiniz. Tel.1542” mətnli mesaj olması müəyyən edilmişdir. - Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X1 sağlamlıq vəziyyətinin təyininə dair 10.02.2021-ci il tarixli, KEŞ-151 saylı rəyinin nəticə hissəsindən görünür ki, 03.09.2020-ci il tarixdə yeni növ virus infeksiyasının (Covid-19 PCR) təyini üçün aparılmış laborator müayinə zamanı Təqsirləndirilən şəxs müayinənin nəticəsinin pozitiv olduğu müəyyən edilmişdir. Təqsirləndirilən şəxs “Covid-19” virus infeksiyasının daşıyıcısı olduğu halda sanitar-gigiyena qaydalarını pozmaqla digər şəxsləri xəstəliyə yoluxdura biləcəyi istisna edilmir. “Covid-19” virus infeksiyasının inkubasiya dövrü 1-14 gün arası davam edir və orqanizmin fərdi xüsusiyyətlərindən asılı olaraq sağalma müddəti müxtəlif olur. - sübutların qiymətləndirilməsi haqqında 01.03.2021-ci il tarixli qərardan görünür ki, iş üzrə 1 ədəd CD disk maddi sübut kimi tanınmış və cinayət işinin materiallarına əlavə edilmişdir. - təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında 04.03.2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 139-1.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunmuş və ona həmin maddə ilə nəzərdə tutulan ittiham elan olunmuşdur. - qətimkan tədbirinin seçilməsi haqqında 04.03.2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş 05.04.2021-ci il tarixli tələbnamədən görünür ki, əməliyyat-sorğu kartotekasında Təqsirləndirilən şəxs məhkumluğu barədə heç bir məlumat yoxdur. - “xxxx” MMC tərəfindən verilmiş 14 aprel 2021-ci il tarixli, 4597/21 saylı arayışdan görünür ki, Təqsirləndirilən şəxs 26.08.2020-ci il tarixdə “xxxx” MMC klinikasında həkimcərrahın müayinəsində olmuşdur və ona “Alt-Üst” göz qapaqlarının dermoxoliziuası” diaqnozu qoyulmuşdur. 26.08.2020-ci il tarixində “Alt-Üst blefaroplastika” əməliyyatı icra olunmuşdur. 26.08.2020-ci il tarixində kafi vəziyyətdə evə yazılmışdır. Həkim tərəfindən xəstənin 20 gün sonra yenidən müayinəsi tövsiyə olunmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 may 2020-ci il tarixli, 161 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində hava-damcı yolu ilə keçən yoluxucu xəstəliklər zamanı karantin nəzarətinə götürülmə və təcrid olunma Qaydaları”nın 1.3-cü bəndinə əsasən bu Qaydalar yoluxucu xəstəliklərin yayıldığı xarici ölkələrdən Azərbaycan Respublikasının ərazisinə gələn şəxslərə; yoluxucu xəstəliyə yoluxma faktı təsdiq edilmiş şəxslərə; yoluxucu xəstəliyə yoluxma faktı təsdiq edilmiş şəxslərlə təmasda olan şəxslərə şamil edilir. Həmin Qaydaların 2.1.4-cü bəndinə əsasən karantin nəzarəti - yoluxucu xəstəliyə yoluxma faktının erkən aşkar edilməsi və həmin xəstəliyə xas olan əlamətlərin müşahidə olunması məqsədilə yoluxduğu güman edilən və təmasda olan şəxslərin digər şəxslərdən təcrid edilməsidir. Həmin Qaydaların 2.1.5-ci bəndinə əsasən karantin yeri - yoluxması güman edilən şəxslərin karantin nəzarətində saxlandıqları karantin müəssisələri və ya onların yaşadıqları, yaxud olduqları yerdir. Həmin Qaydaların 3.1-ci bəndinə əsasən yoluxduğu güman edilən şəxslər bu Qaydaların 3.8-ci bəndində göstərilənlər istisna olmaqla, sərhəd buraxılış məntəqəsindən birbaşa həmin yoluxucu xəstəlik üçün ÜST-nin tövsiyələri nəzərə alınmaqla, hər bir xəstəliyin xüsusiyyətlərindən asılı olaraq Nazirlər Kabinetinin müəyyən etdiyi müddətdə karantin müəssisələrinə yerləşdirilirlər. Həmin Qaydaların 4.5-ci bəndinə əsasən yaşadığı və ya olduğu yerdə karantin nəzarətinə götürülmüş şəxs aşağıdakı tələblərə riayət etməlidir: onunla birgə yaşayan şəxslərin xəstəliyə yoluxma riskini azaltmaq üçün ayrı otaqda qalmalı, bu mümkün olmadıqda, mənzili yaxşı havalandırmalı, həmin şəxslərlə ən az 1 (bir) metr məsafədə olmalı və ünsiyyət zamanı tibbi maskadan istifadə etməlidir; şəxsi gigiyena vasitələrini və istifadə etdiyi digər əşyaları onunla birgə yaşayan şəxslərdən təcrid etməlidir; mənzilin (evin) daxilində mümkün qədər az hərəkət etməlidir; ümumi istifadə yerlərini tez-tez havalandırmalıdır; mənzili (evi) tərk etməməlidir. Həmin Qaydaların 4.6-cı bəndinə əsasən yaşadıqları və ya olduqları yerdə karantin nəzarətinə götürülmüş şəxslərin laboratoriya müayinəsi bu Qaydaların 3.2-ci bəndinə uyğun olaraq həyata keçirilir. Karantin nəzarətinin müddəti başa çatdığı vaxt aparılan müayinələrin nəticəsi neqativ olduqda, karantin müddəti başa çatmış hesab edilir. Karantin nəzarətinin müddəti başa çatdığı vaxt aparılan sonuncu laboratoriya müayinəsinin nəticələri əldə olunana qədər karantin nəzarətinə götürülmüş şəxsin yaşadığı və ya olduğu yeri tərk etməsi qadağandır. Həmin Qaydaların 4-1.1-ci bəndinə əsasən aparılmış laboratoriya müayinələri nəticəsində yoluxucu xəstəliyə yoluxma faktı təsdiq edilmiş şəxslər yoluxucu xəstəliyin müalicəsi üçün ayrılmış xüsusi tibb müəssisəsinə yerləşdirilirlər. Həmin Qaydaların 4-1.2-ci bəndinə əsasən yoluxucu xəstəliyə yoluxma faktı təsdiq edilmiş şəxslər xəstəliyi yüngül formada keçirdiyi hallarda və onların xüsusi tibb müəssisəsindən kənarda müalicə olunması mümkün hesab edildikdə, onlar həkim rəyinə əsasən bu Qaydaların 4.5-ci bəndində göstərilənlərə riayət etməklə, yaşadıqları və ya olduqları yerdə təcrid olunurlar və onların üzərində bu Qaydaların 4.4-cü bəndinə uyğun olaraq (ərazi ambulator-poliklinika müəssisəsi tərəfindən gündəlik olaraq telefon vasitəsilə) tibbi müşahidə həyata keçirilir. Həmin Qaydaların 4-1.3-cü bəndinə əsasən yoluxucu xəstəliyə yoluxma faktı təsdiq edilmiş şəxslərə onların hüquq və vəzifələri, həmin şəxslərə göstəriləcək xidmətlərin dairəsi və təcridolunma müddəti barədə məlumat verilir, bu Qaydaların 4.5-ci bəndinin tələblərinin pozulmasına görə qanunda nəzərdə tutulmuş inzibati və cinayət məsuliyyəti barədə, habelə təcrid müddətində mobil telefonu işlək vəziyyətdə saxlaması və onun söndürülməsinin yolverilməzliyi, eləcə də mobil tətbiq vasitəsilə yaşadığı və ya olduğu yerin müəyyən edilməsinin mümkünlüyü barədə xəbərdarlıq edilir və onlardan bu barədə yazılı iltizam alınır. Həmin Qaydaların 7.2-ci bəndinə əsasən karantin nəzarətinə götürülmüş şəxslərin karantin yerini tərk etməsi və kənar şəxslərin onları ziyarət etməsi (“Sosial xidmət haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq sosial xidmət göstərilməsi halları istisna olmaqla) qadağandır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Elmi-Tibbi Şurasının 07 sentyabr 2020-ci il tarixli Qərarı ilə (Protokol №9) təsdiq edilmiş “Koronavirus infeksiyasının (Covid-19) idarə olunması üzrə Metodik Təlimat”ın “COVİD-19 xəstələrinin ambulator şəraitdə aparılması” hissəsində qeyd olunur ki, xəstəliyin yüngül forması olan şəxslər tibbi nəzarətdən aşağıdakı hallarda çıxarılır: qızdırma olmadıqda və respirator simptomlar azaldıqda və burun-boğazdan PZR müayinənin mənfi nəticəsindən sonra; klinik simptomların olmadığı, lakin PZR müayinənin müsbət nəticəsi hallarında müşahidə 14 gün ərzində davam edir (xəstələnmənin 1-ci günündən hesablanır). Göstərilənlərə əsasən məhkəmə belə bir nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətdiyi əməldə cinayət tərkibi vardır, ona ibtidai istintaq zamanı düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 139-1.1-ci maddəsi ilə ittiham irəli sürülmüş və əməli həmin maddə ilə tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsas yoxdur. Məhkəmə iclasında Təqsirləndirilən şəxs koronavirus (Covid-19) infeksiyasına 03.09.2020-ci il tarixdə yoluxduğunu bilib yaşadığı yerdə təcrid olunaraq müalicə olunması, habelə bu yeri tərk etməmək və məsuliyyət barədə xəbərdar olunmasına baxmayaraq, karantin nəzarətinə götürülmüş şəxs kimi karantin nəzarəti müddəti ərzində 14.09.2020-ci il tarixdə yaşadığı ünvan 2anını tərk etməsi, bununla da epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və ya karantin rejimlərini pozmaqla xəstəliyin yayılması üçün real təhlükə yaratması toplanmış və tədqiq edilmiş sübutların məcmusu ilə tamamilə sübuta yetirildi. Təqsirləndirilən şəxs özünü təqsirli bilməməsinə dair ifadəsi özünü müdafiə xarakterli ifadə kimi qiymətləndirilir. Təqsirləndirilən şəxs cəzadan azad edilməsi və onun barəsində cəzanın təyin edilməməsi üçün əsaslar olmadığı üçün Azərbaycan Respublikası CM-nin 58-ci maddəsinə əsasən ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş hədlərdə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə görə, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin edərkən, Azərbaycan Respublikası CMnin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs törətdiyi əməl az ağır cinayət hesab olunur. Məhkəmə Təqsirləndirilən şəxs ilk dəfə cinayət əməli törətməsini cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs cəzasını Azərbaycan Respublikası CM-nin 61.1-ci maddəsində nəzərdə tutulmuş ağırlaşdıran hal müəyyən edilmədi. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 №li qərarında göstərilir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla, daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Məhkəmə Təqsirləndirilən şəxs barəsində təyin ediləcək cəzanın həddini və növünü müəyyən edərkən cəza təyinetmənin ümumi prinsiplərini rəhbər tutmaqla onun az ağır cinayət törətməsini nəzərə alaraq hesab edir ki, onun islah olunması üçün barəsində təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş cərimə cəzasının təyin edilməsi məqsədəmüvafiqdir və cəzanın məqsədini təmin edir. Azərbaycan Respublikası CPM-nin 346.1.19-346.1.20-ci maddələrində nəzərdə tutulmuş məsələləri həll edərək məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı; Azərbaycan Respublikası CPM-nin 132.1.6-cı maddəsinə əsasən cinayət işi üzrə maddi sübut olan 01 ədəd “CD” disk cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 139-1.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə hesab edir ki, vəkilin ibtidai istintaqda iştirak etdiyi müddət 16 iş saatı və məhkəmədə iştirak etdiyi müddət 15 iş saatı, cəmi 31 iş saatı müddətinə bərabər olduğundan, hər iş saatı üçün Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03.05.2018ci il tarixli, 202 saylı qərarına əsasən göstərilmiş hüquqi xidmətlərə görə hər iş saatı üçün 6 (altı) manat miqdarında ödənilməsi nəzərə alınmaqla 186 (bir yüz səksən altı) manat (31x6) məbləğində əmək haqqı Bakı şəhəri 6 saylı Vəkil Bürosu vasitəsi ilə Müdafiəçi Abış oğluna dövlət büdcəsi hesabına ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 139-1.1-ci maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinərək, barəsində 2500 (iki min beş yüz) manat miqdarında cərimə cəzası təyin edilsin. Cəzanın icrası Bakı Şəhər Probasiya İdarəsinə tapşırılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Cinayət işi üzrə maddi sübut olan 1 ədəd “CD” disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs 31 saat göstərdiyi pulsuz hüquqi yardıma görə iş üzrə dəvət olunmuş müdafiəçi Bakı şəhəri 6 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Abış oğluna 186 (bir yüz səksən altı) manat əmək haqqı Bakı şəhəri 6 saylı Vəkil Bürosu vasitəsi ilə Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına ödənilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Həmin müddətdə hökmdən apellyasiya qaydasında protest və şikayət verilmədikdə hökm müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən Mətanət Hacıyeva
Məhkəmə qərarları › İş №1(007)-144/2021
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Hökm — İş №1(007)-144/2021
30.04.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver