Məhkəmə qərarları › İş №1(007)-144/2025

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Hökm — İş №1(007)-144/2025

13.03.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(007)-144/2025 13.03.2025 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Mehdiyev Nəriman Hüseynqulu oğlunun sədrliyi, məhkəmə iclasının katibi Məmmədli Sevinc Əbülfəz qızının katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Bakı şəhəri 6 saylı vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə, təqsirləndirilən şəxs xx xxxx 2000-ci il tarixdə Samux rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, əvvəllər məhkum olunmamış, Samux rayonunun Kolayır kəndində qeydiyyatda olan, Bakı şəhəri Yasamal rayonu 2-ci Alatava küçəsində nömrəsiz fərdi evdə yaşayan, 12 iyul 2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, 14 iyul 2024-cü il tarixdə tutmadan azad olunaraq barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş - Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs özgənin əmlakını gizli olaraq talayaraq oğurluq etmişdir. Belə ki, o, 27 iyun 2024-cü il tarixdə saat 00:00 radələrində giriş-çıxış hüququ olduğu Bakı şəhəri Nizami rayonu, Babək prospekti, 36 ünvanında yerləşən Zərərçəkmiş şəxs icarə əsasında işlətdiyi “JLR auto” avtomobil təmiri servisində giriş hissədən sağda piştaxtaya yığılmış, bir ədədinin qiyməti 250 manat olan 4 ədəd “Range Rover 3.0” markalı avtomobilə aid mühərrik yastıqlarının bağlanma hissələrini, 250 manat dəyərində “Range Rover 3.0” markalı avtomobilə aid su pompasını, 80 manat dəyərində “Range Rover 3.0” markalı avtomobilə aid gidromuftanı, 350 manat dəyərində “Range Rover 3.0” markalı avtomobilə aid charger başlığını, bir ədədinin qiyməti 200 manat olan 2 ədəd “Range Rover 2.0” markalı avtomobilə aid mühərrikin ön qapağını, giriş hissədən sağda döşəmənin üzərinə qoyulmuş “Range Rover 3.0” markalı avtomobilə məxsus iki hissədən ibarət olan 1250 manat dəyərindəki üzərlərində göstəriciləri olan katalizatoru gizli olaraq talayıb Zərərçəkmiş şəxs ümumilikdə 3330 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bu hərəkəti ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. İşin halları, təqdim və tədqiq edilmiş sübutlar: Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, 2016-cı ildə atası ilə anası boşandıqlarından o, atası ilə birlikdə Samux rayonunun Kolayır kəndində yaşamışdır. Atası 04 fevral 2022-ci il tarixdə rəhmətə getdiyindən o, orada tək yaşamağa başlamışdır. Anası və qardaşı Bakı şəhərində yaşadıqlarından 2023-cü ilin yay aylarından onlarla birlikdə yaşamaq üçün Bakı şəhərinə gəlmişdir. Qardaşı avtomobil rəngsazı işlədiyindən həmin vaxtdan qardaşının yanında işləmişdir. Daha sonra o, avtomobil çilingəri kimi işləməyə başlamışdır. 26 dekabr 2023-cü il tarixdən “Neapol dairəsi” yaxınlığında fəaliyyət göstərən “Unikal” servisdə çilingər kimi işləmişdir. Həmin servis Bakı şəhəri Nizami rayonu, Babək prospekti, 36 ünvanına köçdüyündən o, həmin vaxtdan orada çilingər kimi işləməyə davam etmişdir. Servisin yerləşdiyi yer 3 mərtəbəli binadır. “Unikal” servis həmin binanın zirzəmi hissəsində fəaliyyət göstərir. Yaşadıqları evin sahəsi balaca olduğundan o, “Unikal” servisdə həm işləyib, həm də yaşamışdır. Servisin yerləşdiyi binanın birinci mərtəbəsində “Range Rover” markalı avtomobillərin təmiri üçün fəaliyyət göstərən “JLR” servis fəaliyyət göstərir. Digər mərtəbələrdə isə kafe və ofislər fəaliyyət göstərir. “JLR” servisin giriş qapısı ümumi binanın girişi olduğundan onlar işlədikləri servisə getmək üçün həmin servisdən aşağıya düşmüşlər. Bu səbəbdən həmin binanın jalüz qapısının açarlarından bir nüsxə onda olmuşdur. O, heç bir məhdudiyyət olmadan “JLR” servisə daxil ola bilmişdir. “JLR” servisdə “Range Rover” markalı avtomobillərin təmiri üçün işlənmiş halda avtomobil ehtiyat hissələri olmuşdur. Həmin ehtiyat hissələri servisin iş sahəsində olmuşdur. Onun borcları olduğundan maddi sıxıntıları olmuşdur. 27 iyun 2024-cü il tarixdə saat 00:00 radələrində servisdə olan işçilər çıxıb getikdən sonra o, binanın giriş qapısının jalüzünü bağlamışdır. Daha sonra “JLR” servisdə olan “Range Rover”ə məxsus olan avtomobil motorlarının ehtiyat hissələrini və orada olan katalizatoru oğurlamaq qərarına gəlmişdir. Həmin vaxt servisdə 5-6 ədəd “Range Rover” markalı avtomobil təmir üçün saxlanılmışdır. O, öz işlədiyi servisdən 03 ədəd kisə götürüb birinci mərtəbəyə qalxmış və girişdən sağda olan saxlanılmış avtomobillərdən qara rəngli “Range Rover”in arxa hissəsində olan piştaxtaya yığılmış avtomobil ehtiyat hissələri olan dəmirləri həmin kisələrə doldurmuşdur. Daha sonra piştaxtanın sol hissəsində yerdə olan iki hissədən ibarət “Range Rover” markalı avtomobilin katalizatorunu və həmin kisələri jalüz qapının qarşısına gətirmişdir. Onda olan açarla qapını açmış və katalizator böyük olduğundan daha sonra satmaq üçün avtoservisin yaxınlığında olan yarımtikili vəziyyətdəki tikiliyə qoymuşdur. Mobil tətbiq vasitəsilə taksi sifariş etmişdir. Dövlət nömrə nişanını xatırlamadığı və gecə olduğundan rənginə diqqət etmədiyi “Prius” markalı avtomobilə həmin kisələri yığmışdır. Əvvəllər qarşısından keçən zaman Yasamal rayonu Alatava ərazisində yerləşən dəmir alqı-satqı məntəqəsini gördüyündən həmin dəmirləri oraya satmaq qərarına gəlmişdir. Taksi ilə həmin ünvana getmiş, dəmir alqı-satqı məntəqəsi bağlı olduğundan orada olan reklam lövhəsinin üzərindəki nömrəyə zəng etmişdir. İçəridən bir nəfər şəxs çölə çıxmışdır. O, həmin şəxsə onda satmaq üçün əlvan metal olduğunu bildirmişdir. Həmin şəxs ona metalların nə olduğunu soruşduqda o, həmin metalların avtomobil motorunun ehtiyat hissəsi olduğunu və avtomobil ustası olduğundan həmin hissələrin yararsız olduğunu demişdir. Həmin şəxs kisələrdə olan ehtiyat hissələrini tərəzi ilə çəkdikdən sonra ona 70 manat pul vermişdir. O, oradan mobil tətbiq vasitəsilə başqa taksi sifariş etmiş və işlədiyi servisə getmişdir. 70 manat pulu şəxsi ehtiyacları üçün xərcləmişdir. Oğurluq etdiyindən heç kim şübhələnməmişdir. O, mütəmadi olaraq katalizatorları qoyduğu yerə gedərək katalizatorun orada olub-olmamasına nəzarət etmişdir. 09 iyul 2024-cü il tarixdə saat 22 radələrində servisdə olan işçilər getdiyindən servisdə tək olmuş, servisdən çıxaraq oğurladığı katalizatoru ailəsinin yaşadığı ünvana apararaq satmaq qərarına gəlmişdir. Bu səbəblə mobil tətbiq vasitəsilə taksi sifariş etmiş, katalizatoru qoyduğu yerdən çıxararaq gecə olduğundan rənginə diqqət etmədiyi “Prius” markalı avtomobilin baqajına qoymuşdur. Həmin iki hissədən ibarət katalizatoru qardaşının yaşadığı ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinin giriş qapısının arxasına qoymuşdur. Qardaşı Sərxan həmin katalizatorların kimə məxsus olmasını soruşduqda, onların ona məxsus olmasını bildirmişdir. Həmin gün qardaşının yaşadığı evdə qalmışdır. Səhəri gün işə getməmiş, 11 iyul 2024-cü il tarixdə “İnstagram”, “Tik-tok” sosial şəbəkələrində katalizator alışı elanlarına baxdıqdan sonra oradan götürdüyü nömrələrlə əlaqə saxlamışdır. Onlarla danışdıqdan sonra əvvəlcədən adını bilmədiyi şəxslə mobil telefonda 180 manata razılaşmışlar. O, ünvanı bildirdikdən sonra həmin şəxs qardaşının yaşadığı evin ünvanına gəlmiş və həmin katalizatorları 180 manat verərək ondan almışdır. O, həmin pulu şəxsi ehtiyacları üçün xərcləmişdir. Daha sonra işlədiyi “Unikal” servisin nəzarətçisi ona zəng edərək katalizatorların oğurlanmasını bildirmiş, o da həmin şəxsə katalizatorları onun oğurladığını demişdir. Daha sonra nəzarətçinin dediyi ünvana getmiş və polis əməkdaşları onu saxlayaraq 23-cü polis bölməsinə aparmışlar, orada əməlini etiraf etmişdir. Təqsirləndirilən şəxs əlavə olaraq göstərmişdir ki, hazırda zərərçəkmiş şəxsə vurduğu maddi ziyanı ödəyərək onunla barışıq əldə etmişdir, əməlindən səmimi peşmandır. Qeyd etdiklərinin nəzərə alınaraq, ona yüngül cəza təyin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəməyədək icraat zamanı zərərçəkmiş şəxs qismində tanınaraq dindirilmiş Zərərçəkmiş şəxs məhkəmə iclasında iştirak etməmiş, poçt vasitəsi ilə teleqram göndərərək iş üzrə oğurluq faktı ilə əlaqədar heç bir şikayət və tələbinin olmadığını, səhhəti ilə əlaqədar məhkəmə iclasında iştirak edə bilməyəcəyini, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini göstərmişdir. Bununla əlaqədar zərərçəkmiş şəxsin həmin dövrdə verdiyi ifadəsi məhkəmə iclasında elan olunaraq tədqiq edilmişdir. Zərərçəkmiş şəxs sözügedən ifadəsində göstərmişdir ki, 2021-ci ildən Bakı şəhəri Nizami rayonu, Babək prospekti, 36 ünvanında “JLR Auto” adı ilə fəaliyyət göstərən servisdə “Range Rover” markalı avtomobillərin təmiri ilə məşğul olmuşdur, həmin servisin direktorudur. “JLR Auto” servis binanın birinci mərtəbəsində yerləşir, həmin binanın zirzəmisində isə digər avtomobil servisi fəaliyyət göstərir. Binanın girişi direktoru olduğu servisdən olduğundan zirzəmidə olan servisin işçiləri birinci mərtəbədən əsas girişdən istifadə etmişlər. Bu səbəbdən həmin giriş qapısının açarı zirzəmidə fəaliyyət göstərən servisin işçilərində olmuşdur. Giriş qapısından sağ hissədə sökülmüş və təmiri davam edən avtomobillər olur. 2024-cü ilin iyun ayının sonlarında həmin hissədə bir neçə ədəd sökülmüş vəziyyətdə “Range Rover” markalı avtomobil olmuşdur. Həmin avtomobillərin bəzi ehtiyat hissələri yenisi ilə əvəz ediləcəyindən sökülmüş halda olmuşlar. 10 iyul 2024cü il tarixdə o, avtomobillərə ehtiyat hissəsi qoymaq üçün bəzi hissələrin yerində olmadığını aşkarlamışdır. Həmin vaxt ətraflı şəkildə servisə baxış keçirən zaman girişdən sağda dayanmış qara rəngli “Range Rover” markalı avtomobilin arxa hissəsində olan piştaxtaya yığılmış bir ədədinin qiyməti 250 manat olan 4 ədəd “Range Rover 3.0” markalı avtomobilə aid mühərrik yastıqlarının bağlanma hissələrinin, 250 manat dəyərində “Range Rover 3.0” markalı avtomobilə aid su pompasının, 80 manat dəyərində “Range Rover 3.0” markalı avtomobilə aid gidromuftanın, 350 manat dəyərində “Range Rover 3.0” markalı avtomobilə aid charger başlığının, bir ədədinin qiyməti 200 manat olan 2 ədəd “Range Rover 2.0” markalı avtomobilə aid mühərrikin ön qapağının və həmin hissədə döşəməyə qoyulmuş “Range Rover 3.0” markalı avtomobilə aid, bir avtomobilə məxsus iki hissədən ibarət 1500 manat dəyərində üzərlərində göstəriciləri olan katalizatorun oğurlanmasını aşkarlamışdır. O, işlətdiyi servisə sərbəst şəkildə girib çıxdıqlarından zirzəmidə yerləşən servisin direktoru Yunisə oğurluq barədə məlumat vermişdir. Həmin ehtiyat hissələrini onun işçilərindən birinin oğurlamasını ehtimal etdiyindən, həmin hissələri ondan tələb etmişdir. O, araşdırmanın aparılması üçün polisə məlumat verəcəklərini demiş, oğurlanan ehtiyat hissələrinin siyahısını həmin şəxsə təqdim etmişdir. 11 iyul 2024-cü il tarixdə zirzəmidə fəaliyyət göstərən servisdə nəzarətçi işləyən Murad adlı şəxs ehtiyat hissələrini həmin servisin işçisi olan Seyid adlı şəxsin oğurlamasını aşkar etdiyini ona bildirmişdir. 12 iyul 2024-cü il tarixdə polis əməkdaşları tərəfindən Seyid adlı şəxs saxlanılaraq polis bölməsinə aparılmışdır. Oğurlanmış katalizatorun 15 avqust 2024-cü il tarixli nömrəli ekspertiza rəyində qeyd olunmuş dəyəri ilə razıdır, ona dəymiş maddi ziyan 3330 manatdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, 07 iyun 2024-cü il tarixdən Bakı şəhəri Nizami rayonu, Babək prospekti, 36 ünvanında yerləşən “Unikal” avto servisdə nəzarətçi kimi işləyir. Təqsirləndirilən şəxs həmin servisdə çilingir kimi işlədiyindən tanıyır, Təqsirləndirilən şəxs yaşamağa yeri olmadığından bir müddət servisdə qalmışdır. Həmin servisə giriş binanın birinci mərtəbəsində fəaliyyət göstərən servisdən olduğundan həmin yerin giriş qapısının açarının bir nüsxəsi Seyiddə olmuş, o, birinci mərtəbədə yerləşən servisə rahat şəkildə girib çıxa bilmişdir. 10 iyul 2024cü il tarixdə birinci mərtəbədə fəaliyyət göstərən servisin müdiri Orxan işlədikləri servisdən “Range Rover” markalı avtomobillərin ehtiyat hissələrinin itməsini bildirmişdir. O, işlədiyi servisin direktoru olan Şahid1 həmin ehtiyat hissələrini onların işlədiyi servisdə işləyən işçilərdən birinin oğurlamasından şübhələndiyini demişdir. Bu səbəbdən oğurlanan ehtiyat hissələrinin pulunu ondan tələb etmişdir. Orxan ondan həmin ehtiyat hissələrini və ya dəymiş ziyanı tələb etdiyindən, həmçinin, polisə məlumat vermək istəmədiyini bildirdiyindən Yunis oğurluq əməli törədən şəxsin müəyyən edilməsi üçün 102 Xidmətinə məlumat vermişdir. 11 iyul 2024-cü il tarixdə servisdə işləyən Təqsirləndirilən şəxs işə gəlməməsini müəyyən etdiyindən onunla əlaqə saxladıqda o, onun mobil zənglərinə cavab verməmişdir. Daha sonra Seyid “WhatsApp”la ona mesaj yazaraq oğurluq əməli törətdiyini etiraf etmişdir. O, Seyidə onunla görüşməsini bildirmişdir. 12 iyul 2024-cü il tarixdə Seyid onunla görüşmək üçün gələn zaman 23-cü polis bölməsinin əməkdaşları onu saxlayaraq polis bölməsinə aparmışlar. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, o, Bakı şəhəri Yasamal rayonu Alatava ərazisində “Qoşa şam” servisin yaxınlığında fəaliyyət göstərən metal alqı-satqı məntəqəsini icarə əsasında işlədir. Təqsirləndirilən şəxs əvvəllər tanımamışdır. Həmin yerdə işləməyə başlayandan 2 dəfə həmin şəxsi görmüş və ondan yararsız vəziyyətdə olan müxtəlif avtomobil ehtiyat hissələri almışdır. Seyid birinci dəfə 2024-cü ilin iyun ayında axşam saat 22 radələrində kisəyə yığılmış halda olan sınıq vəziyyətdə avtomobil ehtiyat hissələri gətirmiş və o, həmin metalları tərəzidə çəkdikdən sonra Seyidə 55 manat pul vermişdir. Seyid onun mobil nömrəsini götürmüş və yenə metal gətirəcəyini bildirmişdir. Növbəti dəfə, yadında qalmayan tarixdə saat 24 radələrində iş çox olduğundan metal qəbul məntəqəsini bağlamış və orada hesabat işləri aparmışdır. Seyid tanımadığı nömrədən “WhatsApp” vasitəsilə ona mesaj yazaraq mobil nömrəsini götürən usta olduğunu və onda olan metalları gətirəcəyini bildirmişdir. Təxminən 40 dəqiqə sonra Seyid ona gəlməsi barədə mesaj yazmış, o, çölə çıxmış və Seyidin 3 ədəd kisəni qapının qarşısına qoyduğunu görmüşdür. O, həmin kisələri götürərək içəridə olan tərəzidə çəkmiş, kisələrdə hansı avtomobil hissələri olmasını dəqiq bilmədiyi metallar olduğunu görmüş və metalların qarşılığında ona 70 manat pul vermişdir. Seyid uzaqlaşaraq çıxıb getmiş, o da metal qəbulu məntəqəsini bağlayaraq oradan getmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərmişdir ki, təxminən 10 ildən artıqdır ki, o, avtorəngsaz kimi işləyir. Təqsirləndirilən şəxs onun qardaşıdır. Seyid Bakı şəhəri Nizami rayonu, Babək prospekti, 36 ünvanında yerləşən avtoservisdə usta olaraq işləmiş və orada yaşamışdır. 09 iyul 2024-cü il tarixdə saat 00:00 radələrində yaşadığı evdə olan zaman Seyid evə gəlmiş, evə gələn zaman əlində içərisində paltarları olan sellofan torbalar olmuşdur. Seyid ona işdən çıxdığını bildirmişdir. Daha sonra çölə çıxdıqda həyətdə qapının arxasında iki ədəd katalizator olduğunu görmüşdür. Həmin katalizatorların nə olduğunu soruşduqda Seyid həmin katalizatorun ona məxsus olmasını demişdir. Daha sonra həmin katalizatorları orada görməmişdir. 12 iyul 2024-cü il tarixdə Seyidin oğurluq əməli törətməsi ona bildirilmişdir. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid1 və Şahid3 iştirakları mümkün olmadığından onların həmin dövrdə verdikləri ifadələri məhkəmə iclasında elan olunaraq tədqiq edilmişdir. Şahid1 sözügedən ifadəsində göstərmişdir ki, 2024-cü ilin aprel ayından Bakı şəhəri Nizami rayonu, Babək prospekti, 36 ünvanında yerləşən “Unikal” avto servisi işlədir. Həmin servisdə müxtəlif avtomobillərin təmiri ilə məşğul olmuşlar. İcarə əsasında işlətdiyi servis 3 mərtəbəli binanın zirzəmi hissəsində fəaliyyət göstərmişdir. Təqsirləndirilən şəxs 2024-cü ilin yanvar ayından tanıyır. “Unikal” avto servis fəaliyyətə başladığı andan o, onunla birlikdə servisdə çilingir olaraq işləmişdir. O, servisdə gördüyü işə müvafiq olaraq pul almışdır. Təxminən 1 ay olar ki, Təqsirləndirilən şəxs yaşamağa yeri olmadığından servisdə qalmışdır. Onun işlətdiyi servisə giriş binanın birinci mərtəbəsində fəaliyyət göstərən servisdən olduğundan həmin yerin giriş qapısının açarının bir nüsxəsi Seyiddə olmuşdur. O, birinci mərtəbədə yerləşən servisə rahat şəkildə girib çıxa bilmişdir. 10 iyul 2024-cü il tarixdə birinci mərtəbədə fəaliyyət göstərən servisin müdiri olan Orxan ona məxsus olan servisdən “Range Rover” markalı avtomobillərin ehtiyat hissələrinin itməsini bildirmişdir. Həmin şəxs onun servisində işləyən şəxslərdən birinin həmin ehtiyat hissələrini oğurlanmasından şübhələndiyini demişdir. Bu səbəbdən oğurlanan ehtiyat hissələrinin pulunu ondan tələb etmişdir. Orxan ondan həmin ehtiyat hissələrini və ya dəymiş ziyanı tələb etdiyindən, həmçinin, polisə məlumat vermək istəmədiyini bildirdiyindən o, oğurluq əməli törədən şəxsin müəyyən edilməsi üçün 102 Xidmətinə məlumat vermişdir. Daha sonra servisi işlədən Orxan ona oğurluq nəticəsində 5000 manatdan çox maddi ziyan dəydiyini bildirdiyindən o, 23-cü PB-də izahat yazan zaman həmin miqdarı qeyd etmişdir. Daha sonra həmin servisdən onunla birlikdə işləyən Təqsirləndirilən şəxs oğurluq etməsi məlum olmuşdur. Şahid3 sözügedən ifadəsində göstərmişdir ki, o, 2016-cı ildən qulşitel ustası olaraq işləyir. Təxminən bir il olar ki, ünvan 3 ünvanında icarə əsasında götürdüyü avtomobil təmiri sexində qulşitel ustası olaraq işləyir. O, “Tik- tok” və İnstagram” sosial şəbəkələrində “Sesbogucular” profilində gördüyü işlər barədə videolar paylaşır. Həmin sosial şəbəkələrdə işlətdiyi ***-***-**-** mobil nömrəsini yerləşdirmişdir. xx.xx.2024-cü il tarixdə saat 10 radələrində əvvəlcədən tanımadığı ***-***-**-** mobil nömrəsindən ona zəng edən şəxs onda “Range Rover” markalı avtomobilə məxsus olan qulşitel olduğunu bildirmişdir. O, ondan həmin qulşitelin kimə məxsus olmasını soruşmuş, həmin şəxs ona həmin qulşitelin ona məxsus olmasını demişdir. O, ona qulşitelin şəklini atmasını istəmişdir. O, “WhatsApp” sosial şəbəkəsi vasitəsilə ona qulşitelin şəklini göndərmişdir. O, həmin qulşitelə 180 manat pul verə biləcəyini bildirmişdir. O, onunla razılaşmışdır. Ona Yasamal rayonu ərazisində yerləşən “Vərəm” dispanserinin yanına gəlməyi bildirmişdir. O, günorta radələrində “Vərəm” dispanserinin yaxınlığına getmiş, həmin nömrəyə zəng etmişdir. Həmin şəxs ona yolu izah etdikdən sonra Bakı şəhəri Yasamal rayonu Alatavada yerləşən fərdi yaşayış evinə aparmışdır. Yaşadığı ünvan olduğunu bildirdiyi evin həyətinin qarşısına “Ranger Rover” markalı avtomobilə məxsus iki ədəd qulşitel gətirmişdir. O, 180 manat pulu onun ona dediyi kart hesabına göndərmişdir. Daha sonra həmin qulşitelləri götürərək oradan uzaqlaşmışdır. xx.xx.2024-cü il tarixdə ona həmin qulşitellərin oğurluq olması bildirilmişdir və o, 23-cü polis bölməsin həmin qulşitelləri könüllü şəkildə təqdim etmişdir. İşdə olan və məhkəmə baxışında tədqiq edilmiş aşağıda istinad edilən sənədlər və digər sübutlar Azərbaycan Respublikası CPM-nin 124-cü maddəsinin tələblərinə müvafiq olaraq sübut kimi qəbul edilmişdir: - 12 iyul 2024-cü il tarixli qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmışdır. (i.v. 1) - 12 iyul 2024-cü il tarixli protokoldan və fotocədvəldən görünür ki, təhqiqatçı tərəfindən Şahid3 təqdim etdiyi iki ədəd bütöv formada olan səs boğucu (katalizator) ondan götürülmüşdür. (i.v. 11-12) - 13 iyul 2024-cü il tarixli protokoldan və fotocədvəldən görünür ki, müstəntiq tərəfindən Zərərçəkmiş şəxs və hal şahidlərinin iştirakları ilə oğurluq hadisəsinin baş verdiyi yerə baxış zamanı müəyyən edilmişdir ki, hadisə yeri Bakı şəhəri Nizami rayonu, Babək prospekti, 36 ünvanında fəaliyyət göstərən “JLR Auto” servisdir. (i.v. 50-54) - 14 iyul 2024-cü il tarixli protokoldan və fotocədvəldən görünür ki, müstəntiq tərəfindən ifadənin yerində yoxlanılması zamanı Təqsirləndirilən şəxs müdafiəçisinin iştirakı ilə hadisə yerini əyani olaraq göstərib ifadəsində qeyd olunanları əlavə olaraq təsvir etmişdir. (i.v. 82-85) - 14 iyul 2024-cü il tarixli protokoldan və fotocədvəldən görünür ki, Zərərçəkmiş şəxs iki hissədən ibarət katalizator ona təqdim edilən zaman həmin katalizatorun onun işlətdiyi servisdən oğurlanan ona məxsus katalizator olduğunu təsdiq etmişdir. (i.v. 86-87) -Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizasının 15 avqust 2024-cü il tarixli 9/5700 nömrəli ekspert rəyinin nəticə hissəsindən görünür ki, analoji malların texniki göstəricilərinə müvafiq olaraq ekspertiza tədqiqatına təqdim edilmiş 01 ədəd “Rang Rover” avtomobilə aid, üzərində “Kat 128 ******************** C9R5A” sözləri yazılmış 2 hissədən ibarət katalizatorun 2024-cü ilin iyun ayına olan orta bazar qiyməti təxminən 1250 manat müəyyən edilir. (i.v. 111-113) - 04 sentyabr 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsi ilə elan edilmiş ittiham qüvvəsində saxlanılmış, iş üzrə Şahid3 təqdim etdiyi iki hissədən ibarət katalizator cinayət işi üzrə maddi sübut kimi tanınmış və katalizatorun zərərçəkmişə qaytarılması nəzərə alınmış, Zərərçəkmiş şəxs 13 iyul 2024-cü il tarixdə verdiyi ifadəsində oğurlanmış katalizatorun qiymətinin 1500 manat olmasını bildirsə də 15 avqust 2024-cü il tarixli məhkəməəmtəəşünaslıq ekspertizasının rəyində katalizatorun qiyməti 1250 manat qeyd olunduğundan və zərərçəkmiş şəxs həmin qiymətlə razılaşdığından oğurlanmış katalizatorun qiyməti 1250 manat olaraq qiymətləndirilmiş, Şahid3 və Şahid4 əməllərində Azərbaycan Respublikası CM-nin 194.1-ci maddəsinin tərkibi olmadığından Azərbaycan Respublikası CPM-nin 39.1.2-ci maddəsinə əsasən barələrində cinayət təqibinin başlanması rədd edilmiş, Təqsirləndirilən şəxs hərəkətində Azərbaycan Respublikası CMnin 177.2.3 və 180.1-ci maddələrinin tərkibi olmadığından barəsində Azərbaycan Respublikası CPM-nin 39.1.2-ci maddəsinin tələbinə əsasən cinayət təqibinin başlanması rədd edilmiş, Şahid5 hərəkətində Azərbaycan Respublikası CM-nin 177.2.1 və 307-ci maddələrinin tərkibi olmadığından onun barəsində Azərbaycan Respublikası CPM-nin 39.1.2-ci maddəsinin tələbinə əsasın cinayət təqibinin başlanması rədd edilmişdir. (i.v. 120-127) Sübutların qiymətləndirilməsi və hüquqi məsələlər: Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 3 mart 2005-ci il Qərarına əsasən qanuna görə talama dedikdə özgə əmlakının tamah məqsədilə, hüquqazidd, əvəzsiz götürülməsi və bu əmlakın təqsirkarın və ya başqa şəxsin xeyrinə yönəldilməsindən ibarət hərəkətlər başa düşülür. Mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir. Yaranmış konkret şəraitdə təqsirkar gizli hərəkət etdiyini güman edirsə həmin şəxslər talama hadisəsini görmüş olsalar belə təqsirkarın əməli özgə əmlakının gizli talanması hesab edilməlidir. Yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaq dedikdə oğurluq, soyğunçuluq və ya quldurluq məqsədilə həmin yerlərə gizli və ya açıq formada girmək başa düşülməlidir. Oğurluq, soyğunçuluq və quldurluq cinayəti törətmiş şəxsin əməlinin “yaşayış sahəsinə, habelə binaya və ya başqa saxlanc yerlərinə daxil olmaq” əlaməti ilə tövsif edilməsi məsələsi həll edilərkən, məhkəmələr təqsirli şəxsin həmin yerlərdə hansı məqsədlə olmasını, həmçinin onun özgə əmlakına yiyələnmək qəsdinin hansı anda meydana gəlməsini aydınlaşdırmalıdır. Şəxs cinayət niyyəti olmadan oraya hüquqamüvafiq qaydada daxil olmuşsa, lakin sonra o, oğurluq, soyğunçuluq və ya quldurluq cinayəti törətmişsə, o zaman onun əməlində “daxil olma” əlaməti yoxdur. Şəxsin yaşayış sahəsinə, habelə binaya və ya başqa saxlanc yerlərinə qohumluğa və ya tanışlığa görə, zərərçəkmişin və ya əmlakı mühafizə edən şəxsin razılığı ilə daxil olması, yaxud onun vətəndaşların azad girib-çıxa biləcəyi mağazanın ticarət zalında, ofisdə və digər yerlərdə olması qeyd edilən tövsifedici əlamətlərin mövcudluğunu istisna edir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə hökmü haqqında” 15 saylı, 24 dekabr 2021-ci il tarixli Qərarına əsasən məhkəmənin hökmü məhkəmə baxışının aparıldığı dildə, aydın, anlaşılan ifadələrlə tərtib olunmalıdır, hökm yalnız məhkəmə iclasında bilavasitə tədqiq olunan sübutlara əsaslana bilər. Azərbaycan Respublikası CPM-nin 349.5.1-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Məhkəmə, dövlət ittihamçısını, təqsirləndirilən şəxsi, onun müdafiəçisini və şahidləri dinləyib, iş materiallarını hərtərəfli və obyektiv tədqiq edərək, istinad olunan hüquq normalarına əsaslanaraq, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirliliyi özünün etirafedici ifadəsi ilə yanaşı mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan, iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin, şahidlərin ifadələri, ekspertiza rəyi və iş üzrə toplanmış digər materiallarla sübuta yetirilmişdir. İstintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir, onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar, habelə, əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Odur ki, Azərbaycan Respublikası CPM-nin 44.2.4-cü maddəsinə müvafiq olaraq, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməkdə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarılmalı və ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin 177.1-ci maddəsinin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsinə əsasən oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama - üç yüz altmış saatdan dörd yüz səksən saatadək ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən, aşağıdakıları nəzərə alır, eləcə də cinayət qanununun müvafiq prinsip və müddəalarını rəhbər tutur: - 12 iyul 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs şübhəli şəxs kimi həmin tarixdə tutulmuşdur. (i.v. 34-35) - 14 iyul 2024-cü il tarixli qərardan görünür ki, Bakı şəhəri Nizami RPİ-nin istintaq şöbəsinin müstəntiqi tərəfindən Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş və o, tutmadan azad edilmişdir. (i.v. 88-89) -Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş 07 avqust 2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu haqqında məlumat yoxdur. (i.v. 106) Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli Qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Cinayət Qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndinə əsasən şəxsin təqsirli bilindiyi maddənin sanksiyası azadlıqdan məhrum etmə ilə yanaşı yüngül cəza növləri də nəzərdə tutursa, hökm çıxarılarkən, azadlıqdan məhrum etmə cəzası təyin edildikdə, bu qərar hökmdə əsaslandırılmalıdır. Cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsi ilə törətdiyi əməl həmin Məcəllənin 15.2-ci maddəsinə əsasən böyük ictimai təhlükə törətməyən cinayət, 25.1-ci maddəsinə əsasən isə qəsdən törədilmiş cinayət hesab olunur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə əsasən, cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışıq əldə etməsini Azərbaycan Respublikası CM-nin 59.1.12-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal qismində Azərbaycan Respublikası CM-nin 61.1-ci maddəsində dairəsi konkret göstərilmiş hallar müəyyən edilməmişdir. Ali Məhkəmənin Plenumunun yuxarıda istinad edilən 25 iyun 2003-cü il tarixli Qərarında həmçinin göstərilmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi də öz qərarlarında dəfələrlə göstərmiş və Milli məhkəmələrə tövsiyə etmişdir ki, şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması üçün əsaslar olduqda məhkəmələr həmin şəxsin barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza növlərinin tətbiq edilməsinə üstünlük verməlidirlər. Cinayət törətmiş şəxsin cəmiyyətdən təcrid edilməsi yalnız bunun üçün möhkəm əsaslar olduqda və bu açıq-aşkar ictimai maraqlar baxımından zəruri olduqda tətbiq edilə bilər. Məhkəmə Təqsirləndirilən şəxs barəsində təyin ediləcək cəzanın həddini və növünü müəyyən edərkən, cəza təyinetmənin ümumi prinsiplərini rəhbər tutmaqla onun qəsdən böyük ictimai təhlükə törətməyən cinayət əməli törətməsini, cəzasını yüngülləşdirən halın olmasını, cəzasını ağırlaşdıran halın isə olmamasını, təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq və cəmiyyətdən təcrid edilmədən islah olunmasının mümkün olması qənaətinə gələrək, hesab edir ki, onun islah olunması üçün cəmiyyətdən təcrid olunmamaqla barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilməsi məqsədəmüvafiqdir və cəzanın məqsədini təmin edir. Ona görə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzası təyin edilməlidir. Azərbaycan Respublikası CPM-nin 158.2.1-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət həbsdə saxlama müddətinə daxildir. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs hazırkı işlə bağlı 12 iyul 2024-cü il tarixdən 14 iyul 2024-cü il tarixədək olan müddətdə şübhəli şəxs qismində tutulmuşdur, ona görə məhkəmə hesab edir ki, həmin 02 gün müddət, azadlıqdan məhrum etmə müddətinə azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla, təyin olunacaq cəzanın müddətindən çıxılaraq, təqsirləndirilən şəxsin üzərində qəti müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmalıdır. Azərbaycan Respublikası CM-nin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmin Məcəllənin 52-1.2-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 51-3.1 və 51-2.1-ci maddələrinə əsasən Təqsirləndirilən şəxs ona təyin olunacaq azadlığın məhdudlaşdırılması növündə cəzasını yaşayış yeri üzrə çəkməli və cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə müvafiq məhkəmə qərarı olmadan hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək yaşayış yerini, habelə gün ərzində Bakı şəhərinin ərazi hüdudlarını tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifələri qoyulmalı, Təqsirləndirilən şəxs üzərində nəzarətin həyata keçirilməsi yaşayış yeri üzrə probasiya şöbəsinə həvalə edilməlidir. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 175.5-ci maddəsinə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməli olduğundan, onun barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 346-cı maddəsində nəzərdə tutulan, məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında müzakirə edilməli olan digər məsələlərlə bağlı qeyd edir ki, cinayət işi üzrə mülki iddia yoxdurr; cinayət nəticəsində vurulmuş maddi zərərin və ya mümkün ola biləcək xüsusi müsadirənin təmin edilməsi məqsədi ilə əmlak üzərinə həbs qoyulmamışdır; maddi sübut qismində tanınmış 01 ədəd “Rang Rover” avtomobilə aid, üzərində “Kat 128 ******************** C9R5A” sözləri yazılmış 2 hissədən ibarət katalizatorun məhkəməyədək icraat zamanı zərərçəkmiş şəxsə qaytarılması nəzərə alınmalıdır; CPM-nin 198.1-ci maddəsinə əsasən məhkəmə məsrəfi olan ekspertiza xərci təqsirləndirilən şəxsdən tutulub Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. Azərbaycan Respublikası CM-nin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2, 193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının (AR Nazirlər Kabineti) müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti olmadığından qərar əsasında dövlət hesabına dəvət olunmuş vəkilin məhkəmə icraatı zamanı təqsirləndirilən şəxsə göstərdiyi hüquqi xidmətlərə görə (Nazirlər Kabinetinin xx.xx.2018-ci il tarixli 202 saylı qərarına əsasən) hər iş saatı üçün 6 manat miqdarında ödənilməsi nəzərə alınmaqla dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Nəticə: Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, 01 (bir) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs hazırkı iş üzrə 12 iyul 2024-cü il tarixdən 14 iyul 2024-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün müddət, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə müddətinə azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanaraq, 04 (dörd) günə bərabər sayılmaqla təyin olunmuş azadlığın məhdudlaşdırılması cəzasının müddətindən çıxılıb, üzərində qəti olaraq 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə müvafiq məhkəmə qərarı olmadan hər gün saat 23:00dan növbəti gün saat 07:00-dək yaşayış yerini, habelə gün ərzində Bakı şəhərinin ərazi hüdudlarını tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs üzərində nəzarətin həyata keçirilməsi yaşayış yeri üzrə probasiya şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Maddi sübut qismində tanınmış 01 ədəd “Rang Rover” avtomobilə aid, üzərində “Kat 128 ******************** C9R5A” sözləri yazılmış 2 hissədən ibarət katalizatorun məhkəməyədək icraat zamanı Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınsın. Məhkəmə məsrəfi olan 50 manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub dövlət xəzinədarlığı agentliyi, kod 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN **********, hesab AZ34CTRE******************** hesabına ödənilsin. Təqsirləndirilən şəxs məhkəmə icraatı zamanı 30 iş saatı göstərdiyi pulsuz hüquqi yardıma görə Bakı şəhəri 6 saylı vəkil bürosunun vəkili Müdafiəçi müvafiq hesablaşma hesabı üzərindən 180 manat əmək haqqı Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Hökmdən elan olunduğu andan 20 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Həmin müddətdə hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə, hökm müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Nəriman Mehdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar