Məhkəmə qərarları › İş №1(007)-145/2024

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Hökm — İş №1(007)-145/2024

06.03.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(007)-145/2024 06.03.2024 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Giriş: Hakim Mehdiyev Nəriman Hüseynqulu oğlunun sədrliyi, məhkəmə iclasının katibi Məmmədli Sevinc Əbülfəz qızının katibliyi, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi-Bakı şəhəri 6 saylı vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə, təqsirləndirilən şəxs xx xxxx 1972-ci il tarixdə Lənkəran rayonunun Küvənil kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən, Lənkəran rayonunun Aşağı Nüvədi qəsəbəsində qeydiyyatda olan, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 25 fevral 2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib, 01 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, CM-nin 69.3-cü maddəsinə əsasən üzərində qəti olaraq 11 ay 28 gün müddətinə azadllıqdan məhrum etmə cəzası saxlanılmış, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 10 avqust 2022-ci il tarixli qərarı ilə çəkilməmiş 02 ay 03 gün cəza müddətindən şərti olaraq vaxtından əvvəl azad edilmiş, 13 oktyabr 2022-ci il tarixdə cəza müddəti başa çatmış, məhkumluğu ödənilməmiş, hazırkı iş üzrə 11 oktyabr 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, 13 oktyabr 2023-cü il tarixdə barəsində həbs qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 3 saylı istintaq təcridxanasında saxlanılan - Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs satış məqsədi ilə, qanunsuz olaraq, narkotik vasitə əldə edib daşıyaraq saxlamışdır. Belə ki, o, istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi ilə, qanunsuz olaraq, ümumi çəkisi 1,654 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin əldə edib daşıyaraq saxlamış, 11 oktyabr 2023-cü il tarixdə saat 15:30 radələrində Bakı şəhəri Nizami rayon polis idarəsinin 24-cü polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhəri, Nizami rayonu, C.Naxçıvanski küçəsi 64 saylı binanın qarşısında şübhəli şəxs qismində saxlanılaraq Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti 81B ünvanında yerləşən Nizami RPİ-nin 24cü PŞ-nə gətirilərək orada üzərində şəxsi axtarış aparılarkən əynində olan qara rəngli cins şalvarının sol yan cibindən 05 ədəd şəffaf sellofan bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,294 qram, 0,441 qram, 0,199 qram, 0,479 qram və 0,241 qram, ümumi çəkisi 1,654 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin və əlindəki ağ rəngli sellofanın içərisində 01 ədəd üzərində narkotik vasitə heroinə məxsus izlər olan elektron tərəzi aşkar edilərək götürülmüşdür. Bu hərəkətləri ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. İşin halları, təqdim və tədqiq edilmiş sübutlar: Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə elan olunmuş ittihamda özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, o, 10 oktyabr 2023-cü il tarixdə saat 15:30 radələrində Nizami rayonu, “8ci km bazarı” yaxınlığında kafedə oturub çörək yeyərkən 5 nəfər polis əməkdaşı gələrək onu bayıra çıxarmış, onu gəldikləri 2 ədəd mülki maşından birinə oturdaraq 24-cü polis şöbəsinə aparmışlar. Polis şöbəsində onun üzərində 02 ədəd bükümdə təxminən çəkisi 1,6 qram olan narkotik vasitə heroin aşkar etmişlər. O da həmin narkotikin özünə məxsus olduğunu və özü istifadə etmək məqsədi ilə üzərində saxladığını bildirmişdir. Lakin polis əməkdaşları həmin bükümləri bölüb 5 ədəd büküm etmiş, yanına da tərəzi qoymuş, bildirmişlər ki, həmin bükümlərdən birini 20 manatdan olmaqla 100 manata İran vətəndaşından aldığını, 5 nəfərə də satdığını bildirsin. O, razı olmayıb etirazını bildirəndə isə polis əməkdaşları onu döyüb təzyiq göstərmişlər. Ona görə vəkil gəldikdən sonra üzərində şəxsi axtarış aparılanda polislərin böldüyü 5 ədəd büküm heroini və elektron tərəzini cibindən çıxarıb təqdim etmiş və onun satışı ilə məşğul olduğunu demişdir. Narkotik vasitənin satışı ilə məşğul olmadığına görə verilmiş ittihamla razılaşmır, hesab edir narkotik vasitənin istifadəçisi kimi Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə məsuliyyətə cəlb edilməlidir, bu əməlinə görə peşmandır. Qeyd etdiklərinin nəzərə alınmasını məhkəmədən xahiş etmişdir. Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı verdiyi ifadəsi ilə məhkəmə baxışında verdiyi cari ifadəsi arasında əhəmiyyətli ziddiyyət olduğundan, Azərbaycan Respublikası CPM-nin 327.1.3-cü maddəsinə əsasən onun 13 oktyabr 2023-cü il tarixdə müdafiəçisinin iştirakı ilə təqsirləndirilən şəxs qismində verdiyi ifadəsinin aidiyyəti hissəsi elan edilmişdir. Təqsirləndirilən şəxs sözügedən ifadəsində göstərmişdir ki, özünü elan edilmiş ittiham üzrə təqsirli bilir, təxminən 2 aydır ki, narkotik vasitə olan heroin istifadəçisi olmuş, ürək-qan damar sistemində yaranmış problemləri ilə əlaqədar olaraq 3-cü qrup əlillik statusuna malik olmuşdur. Bir neçə müddət əvvəl internet üzərindən “Məhəmməd” adlı İran İslam Respublikası vətəndaşı ilə tanış olmuş və o, narkotik vasitə olan heroinin satışı ilə məşğul olduğunu deyəndə özü ondan 5 büküm heroin istəmişdir. Məhəmməd ondan bunun müqabilində 100 manat pul istəyəndə o, onun göndərdiyi kartın şifrəsinə hər bükümün qiyməti 20 manat olmaqla ümumi 100 manat pul göndərmişdir. O da həmin 5 büküm heroini Binəqədi rayonu, Binəqədi gölünün yaxınlığında yerləşən yanacaq doldurma məntəqəsinin kənarında xatırlamadığı yerdə qoyaraq ona onları götürmək üçün istiqamət vermişdir. O da xx.xx.2023-cü il tarixdə həmin yeri axtarıb taparaq 5 ədəd şəffaf sellofan bükümdə olan heroinləri götürmüş və onlardan istifadə etməyə başlamışdır. Daha sonra isə verdiyi 100 manat pulun əvəzində həmin heroinin bir hissəsini satmaq qərarına gəlmişdir. Bu məqsədlə mağazalardan birindən tərəzi almış və onları hissələrə bölərək tanımadığı şəxslərə satmışdır. xx.xx.2023-cü il tarixdə saat 15:30 radələrində Nizami rayonu, C.Naxçıvanski küçəsi 64 saylı binanın qarşısı ilə hərəkət edərkən 2 nəfər mülki geyimdə olan şəxs ona yaxınlaşaraq özlərini təqdim edib polis əməkdaşları olduqlarını bildirmişlər. Polis əməkdaşları onun narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirərək onu Nizami RPİ-nin 24-cü PŞ-nə dəvət etmişlər. İdarənin inzibati binasının daxilində ona hüquq və vəzifələrini izah etmişlər və o, ərizə ilə müraciət edərək dövlət hesabına müdafiəçi ilə təmin olunmasını xahiş etmişdir. Az bir vaxtdan sonra o, dövlət hesabına Müdafiəçi ilə təmin edilmişdir. Həmin vaxt polis əməkdaşlarının iştirakı ilə üzərinə şəxsi axtarış keçiriləcəyi bildirilmişdir. O, etiraz etməmiş və üzərinə şəxsi axtarış keçirilməsinə razılıq vermişdir. Şəxsi axtarış keçirilməzdən əvvəl ona üzərində narkotik vasitələr, psixotrop maddə, eləcə də cinayət xarakterli digər əşya və predmetlər vardırsa təqdim etməyim təklif olunmuşdur. Həmin vaxt o, əlində olan ağ rəngli sellofanın içərisindən 01 ədəd elektron tərəzini, göy rəngli əl dəsmalına bükülmüş tiyəsi qara rəngli mətbəx bıçağını, əynindəki qara rəngli cins şalvarının sağ yan cibindən 01 ədəd qara rəngli pul kisəsini, 01 ədəd qara rəngli “Samsung” markalı mobil telefonu, sol yan cibindən isə 05 ədəd içərisində heroin olan şəffaf sellofan bükümləri təqdim etmişdir. Baxış zaman bükümlər polis əməkdaşı tərəfindən açılmışdır. Onların içərisində narkotk vasitə heroin aşkar olunmuşdur. Aşkar edilmiş vasitələr 01 ədəd bağlamaya qoyularaq qablaşdırılmış və polis əməkdaşları tərəfindən götürülmüşdür. Ondan həmin vasitələri haradan əldə etdiyini soruşduqda o, narkotik vasitələri İran İslam Respublikası vətəndaşı olan, özünü “Məhəmməd” kimi təqdim edən tanımadığı şəxsdən aldığını, narkotik vasitələri həm istifadə etmək, həm də satmaq məqsədi ilə əldə etdiyini bildirmişdir. Bundan sonra şəxsi axtarış davam etdirilsə də, üzərindən başqa qanunla qadağan edilmiş əşya və ya predmet aşkar edilməmişdir. Şəxsi axtarış zamanı videoçəkiliş aparılmış, protokol tərtib olunmuş, tərtib edilmiş protokol ucadan oxunmuş, o və polis əməkdaşları həmin protokolun doğruluğunu imzaları ilə təsdiq etmişlər. Təqsirləndirilən şəxs ifadəsinin elan olunmasından sonra göstərmişdir ki, o, həmin ifadə ilə razı deyil, ifadəsi müstəntiqin sözləri ilə yazılmışdır, hazırda məhkəməyə verdiyi ifadəni təstiq edir. Polislər onda olan 02 ədəd bükümdə narkotik vasitəni bölüb 05 ədəd büküm etmişlər. Əslində polislər bükümləri elə bükməli idilər ki, narkotiklərin çəkiləri eyni olsun, lakin onlar qramları düzgün bükməmişlər. Özü büksəydi, narkotikin qramları elə fərqli olmazdı, hamısı bərabər olardı. Təqsirləndirilən şəxs məhkəmədə son sözlə çıxışında xəstə olduğunu, ürək-damar çatışmazlığının olduğunu, narkotik vasitəni öz istifadəsi üçün götürdüyünü, satış məqsədi ilə götürmədiyini göstərmiş və ona CM-nin 234.1-ci maddəsi ilə cəza təyin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o, Bakı şəhəri Nizami RPİ-nin 24-cü PŞ-nin cinayət axtarışı üzrə əməliyyat müvəkkili vəzifəsində xidmət edir. 11 oktyabr 2023-cü il tarixdə Fikrət adlı şəxsin narkotik vasitələrin qanunsuz dövriyyəsi və satışı ilə məşğul olması barədə Nizami RPİ-nin 24-cü PŞ-nə məlumat daxil olmuşdur. Buna görə həmin şəxsin ətrafında əməliyyat-axtarış tədbirinin keçirilməsi barədə qərar qəbul edilmişdir. Qərarın icrası ilə əlaqədar 11 oktyabr 2023-cü il tarixdə saat 15:30 radələrində Nizami RPİ-nin 24-cü PŞ-nin polis sahə inspektoru Şahid2 ilə birlikdə Fikrət adlı şəxsin Bakı şəhəri, Nizami rayonu, C.Naxçıvanski küçəsi 64 saylı binanın qarşısında dayandığını görüb ona yaxınlaşmış və ona özlərini təqdim etmişlər. Daha sonra əməliyyat tədbirinin keçirilməsi haqqında qərarla Fikrəti tanış edib narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmasında şübhəli olduğunu bildirərək üzərinə şəxsi axtarış aparılması məqsədi ilə Nizami RPİ-nin 24-cü PŞ-nə getməsini təklif etmişlər. Fikrət etiraz etməyərək onlarla polis şöbəsinə getmişdir. Həmin vaxt Fikrət adlı şəxsin Təqsirləndirilən şəxs olduğunu dəqiqləşdirmişlər. Bundan sonra dəvət olunmuş vəkilin iştirakı ilə Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuşdur. Həmin gün saat 17 radələrində 24-cü PŞ-nin təhqiqatçısına məxsus xidməti otaqda Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı üzərində qanunsuz hər hansı əşya və ya premet olduğu təqdirdə təqdim etməsi barədə təklifdən sonra Təqsirləndirilən şəxs əlindəki ağ rəngli sellofan torbanı stolun üstünə qoymuş, daha sonra isə əynində olan qara rəngli cins şalvarın qabaq sağ yan cibindən 01 ədəd qara rəngli pul kisəsini, 01 ədəd qara rəngli “Samsung” markalı mobil telefonu, şalvarının qabaq sol yan cibindən isə 05 ədəd şəffaf sellofan bükümü çıxarıb təqdim etmişdir. Təhqiqatçı tərəfindən pul kisəsinin içərisinə baxış keçirilən zaman oradan 03 ədəd 01 Azərbaycan manatı, Təqsirləndirilən şəxs məxsus şəxsiyyət vəsiqəsi və 01 ədəd “birbank” “Kapital Bank” kartı aşkar edilmişdir. Daha sonra Təqsirləndirilən şəxs stolun üzərinə qoyduğu 01 ədəd ağ rəngli sellofan torbaya baxış keçirilmiş və onun içərisindən göy rəngli əl dəsmalına bükülmüş 01 ədəd mətbəx bıçağı, həmçinin 01 ədəd elektron tərəzi aşkar edilmişdir. Baxış zamanı təqdim edilmiş 05 ədəd şəffaf sellofan bağlamanın hər birinə baxış keçirilmiş və onların içərisində qəhvəyi rəngli, tozşəkilli narkotik vasitə olan heroinə bənzər maddə aşkar olunmuşdur. Aşkar edilmiş həmin vasitələr zərfə qoyularaq qablaşdırılmış və götürülmüşdür. Üzərindən aşkar olunmuş bükümləri haradan əldə etdiyini soruşduqda Təqsirləndirilən şəxs həmin bükümləri Məhəmməd adlı İran İslam Respublikası vətəndaşından əldə etdiyini, həmin şəxslə “whatsapp” vasitəsi ilə tanış olduğunu bildirmişdir. Şəxsi axtarış davam etdirilsə də, Təqsirləndirilən şəxs üzərindən başqa qanunla qadağan edilmiş əşya və ya predmet aşkar edilməmişdir. Şəxsi axtarış zamanı videoçəkiliş aparılmış, yekunda protokol tərtib olunmuş, tərtib edilmiş protokol ucadan oxunmuş, o və digər iştirakçılar həmin protokolun doğruluğunu imzaları ilə təsdiq etmişlər. Şahid1 sualları cavablandırarkən göstərmişdir ki, Təqsirləndirilən şəxs 24-cü polis şöbəsində ona təzyiq göstərilməsi, üzərində aşkar olunmuş 02 ədəd bükümdə olan narkotik vasitənin bükümlərinin bölünərək 05 ədəd edilməsi və sair barədə göstərdiklərinin hər hansı əsası yoxdur, şəxsi axtarış digər polis əməkdaşlarının və vəkilin iştirakı ilə keçirilmiş, bu proses isə videoçəkilişlə qeydə alınmışdır. Əməliyyat tədbiri zamanı tərəflərindən Təqsirləndirilən şəxs qarşı qanunsuz hərəkətə yol verilməmiş, təzyiq göstərilməmişdir. Təqsirləndirilən şəxs narkotik vasitəni hansı qaydada və hansı niyyətlə alması barədə məlumatları özü vermiş, üzərində saxladığı narkotik vasitəni və elektron tərəzini şəxsi axtarış zamanı təqdim etmişdir. Təqsirləndirilən şəxs barədə əməliyyat məlumatı 11 oktyabr 2023-cü il tarixdə daxil olmuşdur, ona görə o, 10 oktyabrda deyil, 11 oktyabrda saxlanılmışdır. Bundan başqa, əməliyyat tədbirində yalnız onunla sahə inspektoru Şahid2 iştirak etmişdir, hər hansı digər polis əməkdaşı əməliyyat qrupuna daxil edilməmiş və ya iştirakçısı olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri Nizami RPİ-nin 24-cü PŞ-nin polis sahə inspektoru Şahid2, Şahid1la eyni məzmunlu ifadə vermiş, əlavə olaraq göstərmişdir ki, tərəflərindən Təqsirləndirilən şəxs qarşı qanunsuz hərəkətə yol verilməmiş, təzyiq göstərilməmiş, şübhəli şəxs vəkilin iştirakı ilə tutulmuş və üzərində şəxsi axtarış aparılmışdır. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş Bakı şəhəri Nizami RPİ-nin 24-cü PŞ-nin təhqiqatçısı (şəxsi axtarış zamanı videoçəkiliş etmiş) Şahid3 iştirakı mümkün olmadığından onun həmin dövrdə verdiyi ifadəsi məhkəmə iclasında elan olunaraq tədqiq edilmiş, onun digər şahidlərlə eyni məzmunlu ifadə verdiyi müəyyən olunmuşdur. İşdə olan və məhkəmə baxışında tədqiq edilmiş aşağıda istinad edilən sənədlər və digər sübutlar Azərbaycan Respublikası CPM-nin 124-cü maddəsinin tələblərinə müvafiq olaraq sübut kimi qəbul edilmişdir: - 12 oktyabr 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmışdır. (i.v. 1) - 11 oktyabr 2023-cü il və 12 oktyabr 2023-cü il tarixli protokollardan görünür ki, 11 oktyabr 2023-cü il tarixdə Bakı şəhəri Nizami RPİ-nin 24-cü PŞ-nin təhqiqatçısı tərəfindən 24-cü PŞ-nin əməkdaşlarının və müdafiəçinin iştirakları ilə şübhəli şəxs Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə istintaq hərəkəti aparılmışdır. İstintaq hərəkəti zamanı müvafiq prosessual hərəkətlər həyata keçirilməklə üzərində narkotik vasitələr, eləcə də cinayət xarakterli digər əşya və predmetlər olduğu halda təqdim etməsi təklif olunduqdan sonra Təqsirləndirilən şəxs əlində olan ağ rəngli sellofanın içərisində 01 ədəd elektron tərəzini, göy rəngli əl dəsmalına bükülmüş tiyəsi qara rəngli mətbəx bıçağını, əynindəki qara rəngli cins şalvarın sağ yan cibindən 01 ədəd qara rəngli pul kisəsini, 01 ədəd qara rəngli “Samsung” markalı mobil telefonu, sol yan cibindən 05 ədəd şəffaf sellofan bükümləri çıxarıb təqdim etmişdir. Təqdim edilmiş pul kisəsinin içərisinə baxış keçirilən zaman 3 ədəd 1 Azərbaycan manatı, şəxsiyyət vəsiqəsi və “Kapital Bank”a aid kart aşkar edilmişdir. Bundan sonra təqdim edilən 05 ədəd bükümə baxış keçirilmiş, bükümlər polis əməkdaşı tərəfindən açılarkən içərisində qəhvəyi rəngli toz şəklində spesifik iyə malik olan kütlə aşkar olunmuşdur. Sorğu zamanı Təqsirləndirilən şəxs həmin kütlələrin “heroin” kimi tanıdığı narkotik vasitə olduğunu, narkotik vasitəni “whatsapp” proqramı vasitəsi ilə tanış olduğu Məhəmməd adlı İran İslam Respublikası vətəndaşından satmaq üçün əldə etdiyini bildirmişdir. Bundan sonra şəxsi axtarış davam etdirilsə də, Təqsirləndirilən şəxs üzərindən başqa qanunla qadağan edilmiş əşya və ya predmet aşkar edilməmişdir. Aşkar olunmuş 01 ədəd elektron tərəzi, tiyəsi qara rəngli mətbəx bıçağı və içərisində narkotik vasitəyə bənzər maddələr olan 05 ədəd şəffaf sellofan büküm 02 ədəd içərisi boş zərfə qoyulub ağzı möhürlənərək götürülmüş, zərfin üzəri bütün iştirakçılar tərəfindən imzalanmışdır. Şəxsi axtarış və götürmənin nəticələrinə dair protokol tərtib olunmuş, protokol da bütün iştirakçılar tərəfindən imzalanmışdır. Bu zaman hər hansı iştirakçı tərəfindən şikayət, təklif daxil olmamış, protokola qeyd aparılmamışdır. Şəxsi axtarış və götürmə zamanı qeydə alınmış videoçəkilişin görüntüləri əks olunmuş 01 ədəd diskə 12 oktyabr 2023-cü il tarixdə şübhəli şəxsin və müdafiəçisinin iştirakları ilə baxış zamanı yuxarıda qeyd olunan halların öz təsdiqini tapdığı müəyyən edilmişdir. (i.v. 31-32, 61) -Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş məhkəmə-kimyəvi ekspertizasının 12 oktyabr 2023-cü il tarixli 3-16- 16/2-6/5327 nömrəli ekspert rəyinin nəticə hissəsindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Azərbaycan Respublikası DİN Arayışlar üçün № 164” dairəvi möhür əksləri olan, “Şübhəli şəxs: “imza” Təqsirləndirilən şəxs” və digər ad, soyad, imzalar qeyd edilmiş iki ədəd zərfdən - birində olan 05 ədəd bükümlərdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,294 qram, 0,441 qram, 0,199 qram, 0,479 qram, 0,241 qram, ümumi təmiz çəkisi 1,654 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Həmin heroinlər öz aralarında xarici əlamətlərinə və kimyəvi komponent tərkiblərinə görə eynidirlər; digər zərfdə olan 01 ədəd elektron tərəzi üzərində narkotik vasitə heroinə məxsus izlər vardır. İz şəklində olduğu üçün heroinin çəkisini və bükümlərdəki heroinlə eyni kimyəvi tərkibli olubolmamasını müəyyən etmək mümkün deyildir. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”in siyahısına (Siyahı İ) daxildir. Qeyd: heroinin ümumi təmiz çəkisi 1,654 qram olmuş, tədqiqata cəmi 0,150 qram (hər birindən 0,030 qram) sərf olunmuş, 1,504 qram qalıq qalmışdır. (i.v. 44-47) - 12 oktyabr 2023-cü il tarixli qərardan görünür ki, Bakı şəhəri Nizami RPİ-nin 24-cü PŞ-nin cinayət axtarışı üzrə əməliyyat müvəkkili İlqar Məmnədovun rəhbərliyi ilə “Fikrət” adlı şəxslə bağlı əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə dair 11 oktyabr 2023cü il tarixli qərar Bakı şəhəri Nizami Rayon Məhkəməsi tərəfindən qanuni hesab edilmişdir. (i.v. 51) -Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi publik hüquqi şəxsin Ambulator Məcburi-Narkoloji tibbi yoxlamasının 28 oktyabr 2023-cü il tarixli 7058 nömrəli rəyinin nəticə hissəsindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və kannabinoidlərin birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2006-cı il tarixli 39 saylı “Narkotik vasitələrin və psixotrop maddələrin tibbi məqsədlərlə istifadə edilməsi qaydasının və şərtlərinin, habelə narkomanlıq xəstəliyinə düçar olan şəxslər barəsində tibbi tədbirlərin tətbiq edilməsi qaydasının təsdiq edilməsi barədə” Qərarı ilə təsdiq edilmiş məcburi müalicə tətbiq edilməyən narkomanlıq xəstəliyinə düçar olmuş şəxslərə məcburi müalicə qaydalarının 3.2-ci bəndinə uyğun olaraq olaraq hal-hazırda Təqsirləndirilən şəxs İİİ dərəcəli əlil olması ilə əlaqədar olaraq, ona narkomaniyadan məcburi müalicə tətbiq edilməsi mümkün deyildir. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. (i.v. 119-120) -Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş məhkəmə-ballistik ekspertizasının 27 oktyabr 2023-cü il tarixli 3-16- 16/2-3/1656 nömrəli ekspert rəyinin nəticə hissəsindən görünür ki, tədqiqata təqdim edilən 01 ədəd bıçaq kustar üsulla istehsal edilmiş, bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan təsərrüfat-məişət təyinatlı mətbəx bıçağıdır, soyuq silah hesab edilmir, üzərində sonradan düzəliş edilmişdir. (i.v. 128-130) - 13 dekabr 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə elan edilmiş ittiham qüvvəsində saxlanılmış, Təqsirləndirilən şəxs internet üzərindən “Məhəmməd” adlı İran İslam Respublikası vətəndaşından narkotik vasitə heroin aldıqdan sonra mağazalardan birindən aldığı tərəzidən istifadə etməklə onları hissələrə bölərək tanımadığı şəxslərə satdığı barədə ifadəsində göstərdikləri ilə bağlı cinayət işindən material ayrılaraq Nizami RPİ-nin 24-cü PŞ-nə göndərilmiş, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 234.4.1 və 228.4-cü maddələri ilə cinayət təqibinin başlanması rədd edilmiş, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş ümumi çəkisi 1,654 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin, 01 ədəd üzərində narkotik vasitə heroinə məxsus izlər olan elektron tərəzi, içərisində şəxsi axtarış və götürmə aparılması haqqında protokola əlavə edilmiş videogörüntünün olduğu 01 ədəd DVD disk, “Samsung J6” markalı mobil telefon və həmin mobil telefona baxış keçirilməsi haqqında təqdim edilmiş 01 ədəd DVD disk maddi sübut kimi tanınmış, tədqiqatlardan sonra qalan 1,504 qram qalmış kustar üsulla hazırlanmış narkotik vasitə heroin, 01 ədəd üzərində narkotik vasitə heroinə məxsus izlər olan elektron tərəzi və 01 ədəd mətbəx bıçağı Nizami RPİ-nin maddi sübutların saxlanc kamerasına təhvil verilmişdir. (i.v. 136-145) Sübutların qiymətləndirilməsi və hüquqi məsələlər: Məhkəmə qeyd edir ki, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanununa əsasən həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi; məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanılmasına yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanılması hesab olunur. Habelə, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlərdir. Birləşmiş Millətlər Təşkilatının 30 mart 1961-ci il tarixli “Narkotik vasitələr haqqında” Vahid Konvensiyası, 1971-ci il tarixli “Psixotrop maddələr haqqında” və 19 dekabr 1988-ci il tarixli “Narkotik vasitələr və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə mübarizə haqqında” konvensiyalarında narkotik vasitələrin, güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsi beynəlxalq cinayət hesab edilmişdir. “Narkotik vasitələrin, güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli Qərarının 4-cü 5-ci bəndi ilə məhkəmələrə izah edilmişdir ki, ... narkotik vasitənin qanunsuz əldə edilməsi dedikdə, o cümlədən narkotik vasitələrin satın alınması, başqa əmlakla və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə qəbul edilməsi, tapılmış narkotik vasitənin mənimsənilməsi, yabanı çətənə bitkisinin, xaş-xaşın və ya onların müəyyən hissələrinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahələrindən tərkibində narkotik vasitələr olan bitkilərin yığılması hərəkətləri də başa düşülməlidir. Təqsirli şəxsin narkotik vasitələri öz ixtiyarında (məsələn, üstündə, gizli saxlanc yerlərində, binalarda və s.) saxlaması ilə əlaqədar olan hər hansı qəsdən edilən hərəkətləri saxlama kimi başa düşülməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə hökmü haqqında” 15 saylı, 24 dekabr 2021-ci il tarixli Qərarına əsasən məhkəmənin hökmü məhkəmə baxışının aparıldığı dildə, aydın, anlaşılan ifadələrlə tərtib olunmalıdır, hökm yalnız məhkəmə iclasında bilavasitə tədqiq olunan sübutlara əsaslana bilər. Azərbaycan Respublikası CPM-nin 349.5.1-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Məhkəmə, məhkəmə istintaqında tədqiq edilmiş sübutlara tam, hərtərəfli və obyektiv qiymət verərək, qeyd edir ki, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş narkotik vasitə heroinin mənbəyinin müəyyən edilməsi faktının araşdırılması məqsədi ilə ibtidai istintaq zamanı material ayrılmışdır və nəticəsindən asılı olaraq hüquqi qiymət veriləcəkdir. Məhkəmə, dövlət ittihamçısını, təqsirləndirilən şəxsi, onun müdafiəçisini və şahidləri dinləyib, iş materiallarını hərtərəfli və obyektiv tədqiq edərək, istinad olunan hüquq normalarına əsaslanaraq, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirliliyi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan, iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahid ifadələri, məhkəmə ekspertizalarının rəyləri və iş üzrə toplanmış digər materiallarla sübuta yetirilmişdir. İstintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə düzgün tövsif edilmişdir, onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar, habelə, əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Azərbaycan Respublikası CPM-nin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Həmin Məcəllənin 145.2-ci maddəsinə əsasən təhqiqatçı, müstəntiq, prokuror, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. Məhkəmə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə verilmiş ittiham üzrə özünü təqsirli bilməməsini onun hüququ kimi qəbul edir və bununla bağlı dəlillərini əsaslı hesab etmir, onun həmin mövqeyinə münasibət bildirərək hesab edir ki, təqsirləndirilən şəxsin bu mövqeyi əsassızdır və onunla razılaşmaq olmaz. Təqsirləndirilən şəxsin və müdafiəçisinin irəli sürdüyü dəlillər məhkəmə tədqiqi zamanı hərtərəfli, tam və obyektiv araşdırılmışdır, müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs verilmiş ittiham qanuni və əsaslıdır. Belə ki, “Narkotik vasitələrin, güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli Qərarının 9-cu bəndində izah edilmişdir ki, Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə, və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Məhkəmə tədqiqi ilə müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış zamanı əvvəlcədən çəkilib xırda bağlamalar halında saxlanılan 05 ədəd bükümdə narkotik vasitə heroin və üzərində narkotik vasitə heroinə məxsus izlər olan elektron tərəzi aşkar olunaraq götürülmüşdür. Qeyd olunan bütün bu faktiki hallar belə qənaətə gəlməyə tam əsas verir ki, Təqsirləndirilən şəxs həmin narkotik vasitələri məhz qanunsuz olaraq, satış məqsədilə əldə edərək ayrı-ayrı bükümlərdə üzərində saxlamışdır. Müdafiə tərəfinin eyni Plenum Qərarına istinad edərək əldə olunmuş narkotik vasitənin miqdarının çox olması və onun bükümlərdə olması digər sübutlarla təsdiq olunduqda həmin şəxsə satışa görə ittiham verilə bilməsi, hazırkı halda isə təqsirləndirilən şəxsin narkotik vasitəni satmasını təsdiq edən hər hansı sübut əldə olunmadığı barədə irəli sürdüyü dəlillə razılaşmayaraq, məhkəmə nəzərə çatdırır ki, təqsirləndirilən şəxsə narkotik vasitənin qanunsuz olaraq satışını həyata keçirməsi ilə bağlı deyil, məhz qanunsuz olaraq satış məqsədi ilə, qanunsuz olaraq narkotik vasitə əldə edib saxlamağa və daşımağa görə ittiham verilmişdir, hansı ki, təkrar olaraq xatırladılmalıdır ki, təqsirləndirilən şəxsin üzərində şəxsi axtarış zamanı əvvəlcədən çəkilib xırda bağlamalar halında saxlanılan 05 ədəd bükümdə narkotik vasitə heroin və elektron tərəzi aşkar olunaraq götürülmüşdür ki, bu hallar, ittihamın qanuni və əsaslı olmasını təsdiq edir. Təqsirləndirilən şəxs məhkəmə iclasında verdiyi ifadəsində narkotik vasitələrin bükümlərinin sayının 05 ədəd deyil, 02 ədəd olması və 24-cü polis şöbəsində 01 bükümün 05 bükümə ayrılması, ona təzyiq göstərilməsi barədə göstərdiklərinə münasibətdə məhkəmə qeyd edir ki, şəxsi axtarış və götürmə protokolu, şəxsi axtarış zamanı qeydə alınmış videogörüntülərlə, şahid ifadələri ilə müəyyən olunmuşdur ki, narkotik vasitənin bükümlərinin ümumi sayı 05 ədəd olmuşdur, şəxsi axtarış zamanı müdafiəçi də real olaraq iştirak etmişdir. İbtidai istintaqda müdafiəçisinin iştirakı ilə verdiyi etirafedici ifadəsindən fərqli olaraq məhkəmə iclasında bükümün sayının 02 ədəd olmasını göstərməsinin səbəbini təqsirləndirilən şəxs izah edə bilməmişdir, eyni zamanda iş üzrə məhkəməkimyəvi ekspertizasının rəyi ilə müəyyən edilmişdir ki, təqdim olunmuş 05 ədəd bükümlərdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,294 qram, 0,441 qram, 0,199 qram, 0,479 qram, 0,241 qram, ümumi təmiz çəkisi 1,654 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin olmuşdur. Bundan başqa, təqsirləndirilən şəxs ona təzyiqin məhz kim tərəfindən göstərilməsi, kim tərəfindən döyülməsi barədə hər hansı məlumat verməmiş, məhkəmə iclasında da belə hal müəyyən edilməmişdir. O cümlədən nəzərə alınmalıdır ki, tutulduğu andan Təqsirləndirilən şəxs vəkillə təmsil olunmuşdur, istər özü fərdi qaydada, istərsə də müdafiəçisi vasitəsi ilə qeyd olunan məsələnin araşdırılaraq hüquqi qiymət verilməsi ilə bağlı aidiyyəti orqanlara müraciət və ya məhkəmə nəzarəti qaydasında şikayət verməmişlər. Xüsusilə nəzərə alınmalıdır ki, öz təsdiqini tapmasa belə, Təqsirləndirilən şəxs ona qarşı məhz 24-cü polis şöbəsində təzyiq və təsir edildiyini bildirsə də, o, yalnız 11 oktyabr 2023-cü il tarixdə həmin polis şöbəsində saxlanılmış, 12 oktyabr 2023-cü il tarixdə materialla birlikdə Nizami rayon polis idarəsinə təhvil verilmiş, həmin idarənin müvəqqəti saxlama yerində saxlanılmış, eyni tarixdə müstəntiq tərəfindən şübhəli şəxs, 13 oktyabr 2023-cü il tarixdə isə təqsirləndirilən şəxs qismində dindirilmişdir. Bu ifadələrində isə o, öz xətti ilə özünü təqsirli bildiyinə, ifadəsinin doğru yazıldığına dair qeydlər yazmaqla imzalamış, bu zaman isə qeyd olunan təzyiq və ya təsir barədə bildirməmişdir. Odur ki, məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CPM-nin 44.2.4-cü maddəsinə müvafiq olaraq, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməkdə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarılmalı və ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin 234.2-ci maddəsinin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsinə əsasən satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satma - üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən aşağıdakıları nəzərə alır, eləcə də cinayət qanununun müvafiq prinsip və müddəalarını rəhbər tutur: - 11 oktyabr 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs şübhəli şəxs kimi həmin tarixdə tutulmuşdur. (i.v. 20) -Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 13 oktyabr 2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş, həbsdə saxlanılma müddəti 03 ay həddində müəyyən edilmiş, həbsetmənin əvvəli 11 oktyabr 2023-cü il tarixdən hesablanmışdır. (i.v. 84-87) -Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş 26 oktyabr 2023-cü il tarixli tələbnamədən və hökmün surətindən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 25 fevral 2022ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib, 01 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, CM-nin 69.3-cü maddəsinə əsasən üzərində qəti olaraq 11 ay 28 gün müddətinə azadllıqdan məhrum etmə cəzası saxlanılmış, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 10 avqust 2022-ci il tarixli qərarı ilə çəkilməmiş 02 ay 03 gün cəza müddətindən şərti olaraq vaxtından əvvəl azad edilmiş, 13 oktyabr 2022-ci il tarixdə cəza müddəti başa çatmışdır. (i.v. 89-97, 105- 106) Azərbaycan Respublikası CM-nin 83.4-cü maddəsinə əsasən məhkum edilmiş şəxs qanunla müəyyən edilmiş qaydada vaxtından əvvəl cəza çəkməkdən azad edildikdə və yaxud cəzanın çəkilməmiş hissəsi daha yüngül cəza növü ilə əvəz edildikdə, məhkumluğun ödənilməsi müddəti əsas və əlavə cəzanı çəkməkdən azad edildiyi vaxtdan hesablanır. Həmin Məcəllənin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 25 fevral 2022-ci il tarixli hökmü ilə təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzaya münasibətdə, həmin cəzadan 10 avqust 2022-ci il tarixdə şərti olaraq vaxtından azad edildiyi vaxtdan sonra, məhkumluğu ödənilmədən hazırkı iş üzrə cinayət əməlini törətdiyindən onun əməlində Azərbaycan Respublikası CM-nin 18.1-ci maddəsində nəzərdə tutulan qaydada cinayətlərin residivi vardır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Cinayət Qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndinə əsasən cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə törətdiyi əməl həmin Məcəllənin 15.3-cü maddəsinə əsasən az ağır cinayət, 25.1-ci maddəsinə əsasən isə qəsdən törədilmiş cinayət hesab olunur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə əsasən, cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal qismində Azərbaycan Respublikası CM-nin 59.1-ci maddəsində dairəsi konkret göstərilmiş hallar müəyyən edilməmişdir. Məhkəmə cinayətlərin residivini Azərbaycan Respublikası CM-nin 61.1.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal kimi nəzərə alır, cəzanı ağırlaşdıran digər hallar isə müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs barəsində təyin ediləcək cəzanın həddini və növünü müəyyən edərkən cəza təyinetmənin ümumi prinsiplərini rəhbər tutmaqla onun qəsdən az ağır cinayət törətməsini, cinayətlərin residivinin müəyyən edilməsini, işin faktiki hallarını nəzərə alaraq, hesab edir ki, təqsirləndirilən şəxsin islah olunması üçün törətdiyi cinayətə görə barəsində azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi məqsədəmüvafiqdir. Məhkəmənin qənaətinə görə, tətbiq edilməsi nəzərdə tutulan cəza cinayət törətmiş şəxsin fərdi xüsusiyyətlərinə, törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsinə və xarakterinə mütənasibdir və hazırkı halda həmin cəza, cəzanın məqsədini təmin edir. O cümlədən məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CM-nin 65.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin ediləcək cəzanın müddəti onun təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş daha ciddi cəza növü olan azadlıqdan məhrum etmə cəzasının son həddinin yarısından az olmamalıdır. Həmin maddənin tələbinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 158.2 və 158.2.1-ci maddələrinə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, cəzaçəkmə müddətinin başlanğıcı 11 oktyabr 2023-cü il tarixdən hesablanmalıdır. Məhkəmə Azərbaycan Respublikası CM-nin 56.1.3-cü maddəsinin tələbinə uyğun olaraq hesab edir ki, Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Eyni zamanda məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli olduğundan, Azərbaycan Respublikası CPM-nin 175.5ci maddəsinin tələbinə uyğun olaraq, onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 346-cı maddəsində nəzərdə tutulan, məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında müzakirə edilməli olan digər məsələlərlə bağlı qeyd edir ki, cinayət işi üzrə mülki iddia yoxdur; cinayət nəticəsində vurulmuş maddi zərərin və ya mümkün ola biləcək xüsusi müsadirənin təmin edilməsi məqsədi ilə əmlak üzərinə həbs qoyulmamışdır; maddi sübut qismində tanınaraq Nizami RPİ-nin maddi sübutları saxlama yerinə təhvil verilən, ekspertiza tədqiqatından sonra qalıq qalmış narkotik vasitə heroin və 01 ədəd mətbəx bıçağı məhv edilməli, içərisində videogörüntülər olan 02 ədəd disk cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalı, 01 ədəd “Samsung J6” markalı mobil telefon Təqsirləndirilən şəxs müraciəti əsasında özünə və ya ailə üzvlərinə (səlahiyyətli nümayəndəsinə) qaytarılmalıdır; CPM-nin 198.1-ci maddəsinə əsasən məhkəmə məsrəfi olan ekspertiza xərci təqsirləndirilən şəxsdən tutulub Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. Məhkəmə, Ambulator məcburi-narkoloji tibbi yoxlamanın rəyini nəzərə alaraq, hesab edir ki, Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Azərbaycan Respublikası CM-nin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2, 193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının (AR Nazirlər Kabineti) müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti olmadığından qərar əsasında dövlət hesabına dəvət olunmuş vəkilin məhkəmə icraatı zamanı təqsirləndirilən şəxsə göstərdiyi hüquqi yardımla bağlı iştirak etdiyi müddətə görə Nazirlər Kabinetinin xx.xx.2018-ci il tarixli 202 saylı qərarına əsasən hər iş saatı üçün 6 manat miqdarında ödənilməsi nəzərə alınmaqla dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Nəticə: Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, 04 (dörd) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs ona təyin olunmuş cəzanı ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin və ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, cəzaçəkmə müddətinin başlanğıcı 11 oktyabr 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Maddi sübut qismində tanınmış, Təqsirləndirilən şəxs aşkar edilərək götürülməklə Bakı şəhəri Nizami RPİ-nin maddi sübutları saxlama kamerasına təhvil verilmiş, ekspertiza tədqiqatından sonra qalan 1,504 qram çəkidə narkotik vasitə heroin və kustar üsulla hazırlanmış 01 ədəd mətbəx bıçağı məhv edilsinlər, 01 ədəd “Samsung J6” markalı mobil telefon Təqsirləndirilən şəxs müraciəti əsasında özünə və ya ailə üzvlərinə (səlahiyyətli nümayəndəsinə) qaytarılsın, içərisində videogörüntülər olan 02 ədəd DVD disk cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılsın. Məhkəmə məsrəfi olan cəmi 153 manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub dövlət xəzinədarlığı agentliyi, kod 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN **********, hesab AZ34CTRE******************** hesabına ödənilsin. Təqsirləndirilən şəxs məhkəmə icraatı dövründə 25 iş saatı göstərdiyi pulsuz hüquqi yardıma görə Bakı şəhəri 6 saylı vəkil bürosunun vəkili Müdafiəçi müvafiq hesablaşma hesabı üzərindən 150 manat əmək haqqı Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Hökmdən elan olunduğu (həbsdə olan məhkuma hökmün surəti verildiyi) andan 20 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Həmin müddətdə hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə, hökm müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Nəriman Mehdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar