Məhkəmə qərarları › İş №1(007)-146/2021

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Hökm — İş №1(007)-146/2021

06.10.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(007)-146/2021 06.10.2021 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Mehdiyev Nəriman Hüseynqulu oğlunun sədrliyi, məhkəmə iclasının katibi Rüstəmova Sürəyya Nazim qızının katibliyi, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, təqsirləndirilən şəxs-Təqsirləndirilən şəxs, onun müdafiəçisi-Bakı şəhəri 6 saylı vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə, təqsirləndirilən şəxs xx xxxxxx 1980-ci il tarixdə Zaqatala şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, məhkumluğu olmayan, Zaqatala şəhəri, 28 May küçəsi, ev 33-də qeydiyyatda olan, Bakı şəhəri, Nizami rayonu, K.Balakişiyev küçəsi ev 25, mənzil 15-də yaşayan, 16 noyabr 2020-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, 18 noyabr 2020-ci il tarixdə tutmadan azad olunaraq barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş, həmin qətimkan tədbirinin şərtlərini pozaraq məhkəmədən gizləndiyindən haqqında axtarış elan edilmiş, barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri dəyişdirilərək həbs qətimkan tədbiri ilə əvəz edilmiş, 19 iyul 2021-ci il tarixdə həbs edilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı istintaq təcridxanasında saxlanılan - Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 139-1.1 və 234.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə əldə edib daşıyaraq saxlamış, epidemiya əleyhinə karantin rejimini pozmaqla xəstəliklərin yayılması üçün real təhlükə yaratmışdır. Belə ki, o, 16 noyabr 2020-ci il tarixdə şəxsiyyəti istintaqa məlum olmayan şəxsdən satış məqsədi olmadan, qanunsuz olaraq, şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarında, şəxsi istehlak miqdarından artıq miqdarda 0,614 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin əldə edib daşıyaraq saxlamış və 16 noyabr 2020-ci il tarixdə saat 16 radələrində Bakı şəhəri Nizami RPİ-nin 25-ci PŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində ünvan 2 saylı binanın qarşısında saxlanılaraq ünvan 1 ünvanında yerləşən 25ci PŞ-nə gətirilmiş, şöbədə üzərinə şəxsi axtarış keçirilən zaman əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən bir ədəd gümüşü rəngli kağıza bükülmüş, içərisində ümumi təmiz çəkisi 0,614 qram qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Bundan başqa o, 19 noyabr 2020-ci il tarixdə yeni növ koronavirus infeksiyasının (Covid-19 PCR) təyini üçün barəsində aparılmış laborator müayinənin nəticəsi pozitiv olmaqla, “Covid-19” virus infeksiyasına yoluxub hava-damcı yolu ilə keçən həmin infeksiyanın daşıyıcısı olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 28 fevral tarixli 73-1 nömrəli Qərarına əsasən Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 1 may 2020-ci il tarixli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respubikasının ərazisində hava-damcı yolu ilə keçən yoluxucu xəstəliklər zamanı karantin nəzarətinə götürülmə və təcrid olunma Qaydaları”nın 4.5.5-ci maddəsinin tələblərinə əsasən digər şəxsləri xəstəliyə yoluxdura biləcəyinə görə 14 gün müddətinə karantin qaydalarına uyğun müşahidəyə götürülərək hüquq və vəzifələri, göstəriləcək xidmətlərin dairəsi və təcridolunma müddəti barədə ona məlumat verilməklə yaşadığı mənzili (evi) tərk etməməsi və bu tələblərin pozulmasına görə qanunda nəzərdə tutulmuş cinayət məsuliyyəti barədə xəbərdar olmasına baxmayaraq 28 noyabr 2020-ci il tarixdə saat 20:05 radələrində yaşadığı ünvanı tərk edərək xüsusi karantin rejimini pozmaqla yeni növ koronavirus (Covid-19) infeksiyasının (xəstəliyin) yayılması üçün real təhlükə yaratmış və həmin gün saat 20:10 radələrində ünvan 3n qarşısında Bakı şəhəri Nizami RPİ-nin 25-ci PŞ-nin əməkdaşı Şahid5 tərəfindən saxlanılaraq yaşadığı mənzilə qaytarılmışdır. Bu hərəkətləri ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 139-1.1 və 234.1-ci maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 139-1.1 və 234.1-ci maddələri ilə elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, ünvan 3n 15-ci otağında tək yaşamış, Bakı şəhəri, Xətai rayonu ərazisində yerləşən “maşın bazarı” deyilən yerdə avtomobillərin şüşələri üçün pərdə satışı ilə məşğul olmuşdur. 10 ildir narkotik vasitə olan heroin qəbul edir. 16 noyabr 2020-ci il tarixdə səhər saatlarında “maşın bazarı” deyilən yerdə üzlə tanıdığı, lakin şəxsiyyəti barədə məlumatı olmadığı şəxsdən öz istifadəsi üçün 20 manata bir büküm narkotik vasitə olan heroin almışdır. Narkotik vasitəni ağrıları olanda istifadə etmək üçün üzərində saxlamışdır. Həmin gün saat 16 radələrində yaşadığı ünvan 2 ünvanında yerləşən yataqxananın qarşısında olan zaman polis əməkdaşları ona yaxınlaşıb özlərini təqdim etdikdən sonra onu sorğusual edib 25-ci PŞ-nə dəvət etmişlər. Şöbədə xidməti otaqların birində əvvəllər tanımadığı iki nəfər hal şahidinin iştirakı ilə üzərinə şəxsi axtarış keçiriləcəyi bildirilmiş, dövlət hesabına vəkil də dəvət edilmişdir. Baxış zamanı ona təklif edilmişdir ki, üzərində qanunla qadağan olunmuş maddə və ya predmet varsa, könüllü olaraq təqdim etsin. O, əyinində olan göy rəngli cins şalvarın sağ yan cibindən narkotik vasitəni təqdim edib bildirmişdir ki, narkotik vasitəni səhər saatlarında “maşın bazarı” deyilən yerdə üzlə tanıdığı, lakin şəxsiyyəti barədə məlumatı olmadığı şəxsdən öz istifadəsi üçün 20 manata almışdır. Təqdim etdiyi narkotik vasitə onun, vəkilinin və orada olan hall şahidləririn iştirakları ilə qablaşdırılaraq möhürlənmiş və bu barədə protokol tərtib olunmuşdur. Protokol onun və baxışda iştirak etmiş şəxslər tərəfindən imzalanmışdır. Həmin vaxt onun Nizami rayon polis idarəsinin müvəqqəti saxlama yerinə təhvil verilməsindən əvvəl “koronovirus” infeksiyasına yoluxmasına şübhə olduğu üçün o, laborator müayinədən keçirilmişdir. Laborator müayinəsinin 19 noyabr 2020-ci il tarixli nəticəsi pozitiv olmuşdur və 25-ci PŞnin əməkdaşları bu barədə ona məlumat verərək 14 gün müddətində ev şəraitində müalicə alması və özünütəcrid müddətində yaşadığı mənzili tərk etməməsi barədə xəbərdarlıq edilmiş, bildirilmişdir ki, karantin rejiminin tələblərinin pozulmasına görə Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada inzibati və cinayət məsuliyyəti daşıyacaqdır. Lakin 28 noyabr 2020-ci il tarixdə saat 20:10 radələrində siqaret almaq üçün yaşadığı ünvanı tərk etmiş və ünvan 3n qarşısında 25-ci PŞ-nin əməkdaşı Şahid5 tərəfindən saxlanılmış, ona “Covid-19” infeksiyasına yoluxmuş xəstə kimi qeydiyyatda olaraq 14 günlük karantin qaydalarını pozduğu bildirilmişdir. Təqsirləndirilən şəxs daha sonra əməlindən səmimi peşmançılıq hissləri keçirdiyini göstərərək, barəsində yüngül cəza təyin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri Nizami RPİ-nin 25-ci PŞnin CA üzrə əməliyyat müvəkkili Şahid3 ifadəsində göstərmişdir ki, 16 noyabr 2020-ci il tarixdə səhər saatlarında xidmətdə olarkən Bakı şəhəri Nizami rayonunda yerləşən metronun “Q.Qarayev” stansiyası yaxınlığında Firuz adlı şəxsin narkotik vasitələrin qanunsuz istehlakı və satışı ilə məşğul olması barədə şöbəyə məlumat daxil olmuşdur. Məlumat əsasında onun iştirakı ilə əməliyyat qrupu təşkil edilmiş və qrup üzvləri tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində həmin gün saat 16 radələrində Təqsirləndirilən şəxs yaşadığı ünvan 4 ünvanındakı yataqxananın qarşısında şübhəli şəxs qismində saxlanılıb 25-ci polis şöbəsinə dəvət edilmişdir. Polis şöbəsində iki nəfər hal şahidi dəvət edildikdən sonra Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi ilə əlaqədar dövlət hesabına müdafiəçi ilə təmin edildikdən sonra üzərinə şəxsi axtarış keçiriləcəyi bildirilmişdir. Şəxsi axtarış keçirilməzdən əvvəl Təqsirləndirilən şəxs təklif edilmişdir ki, üzərində hər hansı bir dövriyyəsi qadağan edilmiş maddə, yaxud da vasitə olduğu halda könüllü olaraq təqdim etsin. Həmin vaxt Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən bir ədəd gümüşü rəngli kağıza bükülmüş, içərisində sarımtıl rəngdə, spesifik iyə malik narkotik vasitəyə oxşar toz halında olan maddəni təqdim edərək həmin maddəni heroin kimi tanıyıb istifadə etdiyini, narkotik vasitəni səhər saatlarında “maşın bazarı” deyilən yerdə üzlə tanıdığı, lakin şəxsiyyəti barədə məlumatı olmadığı şəxsdən öz istifadəsi üçün 20 manata aldığını bildirmişdir. Baxış protokollaşdırılmış və protokol iştirakçılar tərəfindən imzalarla təsdiq olunmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri Nizami RPİ-nin 25-ci PŞnin əməkdaşı Şahid4u, Şahid3lə eyni məzmunlu ifadə vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri Nizami RPİ-nin 25-ci PŞnin CA üzrə əməliyyat müvəkkili Şahid5 ifadəsində göstərmişdir ki, 16 noyabr 2020-ci il tarixdə xidmətdə olan zaman 25-ci PŞ-nin əməkdaşlarının keçirdikləri əməliyat tədbirləri nəticəsində Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz istehlakı və satışı ilə məşğul olmaqda şübhəli şəxs kimi saxlanılmışdır. 17 noyabr 2020-ci il tarixdə Təqsirləndirilən şəxs “koronavirus” infeksiyasına yoluxmasına şübhə olduğu üçün onun müşayiəti ilə laborator müayinəsindən keçirilmişdir. Həmin laborator müayinə nəticəsinin pozitiv olması barədə 19 noyabr 2020-ci il tarixdə onun mobil telefonuna məlumat daxil olmuşdur. Bu barədə dərhal Təqsirləndirilən şəxs məlumat verilmiş və ona “Covid-19” xəstəsi kimi ərazi üzrə 18 saylı Birləşmiş Şəhər Poliklinikasında qeydiyyata götürülüb ev şəraitində müalicə olunacağı, 14 gün müddətində yaşadığı mənzilini tərk etməməsi barədə xəbərdarlıq edilmiş və bildirilmişdir ki, karantin rejiminin tələblərinin pozulmasına görə qanunvericilikdə nəzərdə tutulmuş qaydada inzibati və cinayət məsuliyyəti daşıyacaqdır. Eyni zamanda Təqsirləndirilən şəxs faktiki olaraq ünvan 3n 15-ci mənzilində yaşaması nəzərə alınaraq, onun karantin rejim qaydalarına riayət etməsi nəzarətə götürülmüşdür. 28 noyabr 2020-ci il tarixdə tərəfindən Təqsirləndirilən şəxs karantin rejim qaydasını pozaraq, yaşadığı ünvan 3n 15-ci mənzilini tərk etməsi müəyyən olunmuşdur. Həmin gün saat 20:10 radələrində Təqsirləndirilən şəxs yaşadığı yataqxananın qarşısında saxlanmışdır. Təqsirləndirilən şəxsla söhbət zamanı o, siqaret almaq məqsədilə mənzili tərk edib yaxınlıqdakı marketə getdiyini bildirmişdir. Aşkar edilmiş fakt videoçəkilişlə qeydiyyata alınmış və bu barədə raportla məruzə olunmuşdur. Fakta görə Nizami RPİ-nin 25-ci PŞnin sabiq təhqiqatçısı Rüfət Bünyatzadə tərəfindən sənədləşmə və təhqiqat aparılmışdır. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid1 məhkəməyə poçt vasitəsi ilə teleqram göndərərək ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini göstərmiş və işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Bununla əlaqədar həmin şahidin ifadəsi məhkəmə iclasında elan edilməklə tədqiq olunmuşdur. Şahid1 həmin ifadəsində göstərmişdir ki, 16 noyabr 2020-ci il tarixdə saat 16:20 radələrində Nizami RPİ-nin 25-ci PŞ-nin yaxınlığından piyada keçərkən mülki geyimdə polis əməkdaşları ona yaxınlaşıb özlərini təqdim etdikdən sonra bir şəxsin qanunsuz olaraq narkotik vasitə saxlamaqda və gəzdirməkdə şübhəli kimi saxlandığını, həmin şəxsin üzərinə baxış keçirilərkən hal şahidi kimi işlirak etməsini xahiş etmişlər. O, razılaşmış və bundan sonra 25-ci PŞ-nin xidməti otaqlarının birində polis əməkdaşları əvvəllər tanımadığı Təqsirləndirilən şəxs ona təqdim edərək bildirmişlər ki, bu, şübhəli şəxs qismində şöbəyə gətirilmiş şəxsdir, onun üzərinə şəxsi axtarış keçiriləcəkdir. Ona və dəvət olunmuş digər hal şahidinə hüquq və vəzifələri izah edilmişdir. Polislər Təqsirləndirilən şəxs üzərində dövriyyəsi qadağan olunmuş maddə və ya vasitə varsa, könüllü təqdim etməsini təklif etdikdən sonra o, əynindəki göy rəngli cins şalvarın sağ yan cibindən bir ədəd gümüşü rəngli kağıza bükülmüş, içərisində sarımtıl rəngdə, spesifik iyə malik olan narkotik vasitəyə oxşar toz halında olan maddəni təqim edərək həmin maddəni heroin kimi tanıyıb istifadə etdiyini, narkotik vasitəni səhər saatlarında “maşın bazarı” deyilən yerdə üzlə tanıdığı, lakin şəxsiyyəti barədə məlumatı olmadığı şəxsdən öz istifadəsi üçün 20 manata aldığını bildirmişdir. Bundan başqa ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid2 məhkəmə iclasında iştirakının təmin edilməsi və məcburi gətirilməsi barədə qərarın icrası mümkün olmadığından şahidin ifadəsi məhkəmə iclasında elan edilməklə tədqiq olunmuş, müəyyən edilmişdir ki, o, digər Şahid1la eyni məzmunlu ifadə vermişdir. İşdə olan və məhkəmə baxışında tədqiq edilmiş aşağıda istinad edilən sənədlər və digər sübutlar Azərbaycan Respublikası CPM-nin 124-cü maddəsinin tələblərinə müvafiq olaraq sübut kimi qəbul edilmişdir: - 17 noyabr 2020-ci il tarixli qərardan görünür ki, material üzrə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmış və icraata qəbul edilmişdir. (i.v. 1) - 16 noyabr 2020-ci il tarixli protokoldan görünür ki, polis əməkdaşları tərəfindən, müdafiəçinin və hal şahidlərinin iştirakları ilə, həmin tarixdə saat 17:15-də Nizami RPİ-nin 25-ci PŞ-nin inzibati binasında Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə aparılmışdır. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərində qadağan olunmuş əşya və ya predmet varsa, təqdim etməsi təklif olunmuş, həmin zaman o, əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən bir ədəd gümüşü rəngli kağıza bükülmüş, içərisində narkotik vasitəyə oxşar maddəni təqdim edərək həmin maddəni heroin kimi tanıdığını, şprits vasitəsi ilə daxilə qəbul etdiyini bildirmişdir. Şəxsi axtarışın nəticəsinə dair protokol yazılaraq imzalarla təsdiq edilmişdir. (i.v. 28-29) -Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş məhkəmə-kimyəvi ekspertizasının 17 noyabr 2020-ci il tarixli 6/2504 nömrəli ekspert rəyinin nəticə hissəsindən görünür ki, tədqiqata təqdim edilmiş zərfdəki bir ədəd bükümdə təmiz çəkisi 0,614 qram qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Heroin 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq olunmuş “Azərbaycan Respublikası ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”in İ siyahısına daxildir. (i.v. 34-38) - 18 noyabr 2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş bir ədəd bükümdə təmiz çəkisi 0,614 qram narkotik vasitə heroinin tədqiqata sərf edildikdən sonra 0,514 qram qalığının maddi sübut kimi tanınaraq məhkəmənin hökmünə qədər saxlanılmasından ötrü Nizami RPİ-nin maddi sübutların saxlama kamerasına təhvil verilməsi qərara alınmışdır. (i.v 61) -Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Publik hüquqi şəxsin Ambulator Məcburi-Narkoloji tibbi yoxlamasına dair 03 dekabr 2020-ci il tarixli 3369 nömrəli rəyinin nəticə hissəsindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən və psixotrop maddə olan metamfetamindən sui-istifadə edilməsi nəticəsində asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. (i.v. 67-68) - 01 dekabr 2020-ci il tarixli qərardan görünür ki, material üzrə Azərbaycan Respublikası CM-nin 139-1.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmış və icraata qəbul edilmişdir. (i.v. 82) - 10 dekabr 2020-ci il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası CM-nin 139-1.1-ci maddəsi ilə olan ********* nömrəli cinayət işinin materialları ********* nömrəli cinayət işinin materialları ilə bir icraatda (2********) birləşdirilmişdir. (i.v. 81) - 30 noyabr 2020-ci il və 05 dekabr 2020-ci il tarixli protokollardan görünür ki, Bakı şəhəri Nizami RPİ-nin 25-ci PŞ-nin təhqiqatçısı tərəfindən CD diskə baxış zamanı müəyyən edilmişdir ki, 28 noyabr 2020-ci il tarixdə saat 20:10 radələrində Təqsirləndirilən şəxs yaşadığı ünvan 3n qarşısında 25-ci PŞ-nin əməkdaşı, polis baş leytenantı Şahid5 tərəfindən saxlanılmış, sorğu-sual edilərkən o, “Covid-19” virusuna yoluxduğunu, mənzili tərk etməli olmaması barədə məlumatı olduğunu, lakin darıxıb siqaret almaq üçün mənzili tərk etdiyini bildirmişdir. Həmin CD diskə müstəntiq tərəfindən Təqsirləndirilən şəxs iştirakı ilə də baxış keçirilmişdir. (i.v. 86, 96) -Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Gigiyena və Epidemiologiya Mərkəzi” Publik hüquqi şəxsin 19 yanvar 2021-ci il tarixli 04-17/124-2021 nömrəli məktubundan görünür ki, Bakı şəhəri, Nizami rayonu, K.Balakişiyev küçəsi ev 25, mənzil 15-də yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin COVİD-19 məlumat bazasına əsasən 19 noyabr 2020-ci il tarixdə koronavirus infeksiyasına laborator müayinə nəticəsi pozitiv olmuşdur. Təqsirləndirilən şəxs COVİD-19 xəstəsi kimi ərazi üzrə Nizami rayonu 18 saylı Birləşmiş Şəhər Xəstəxanasında qeydiyyata götürülmüşdür. Xəstə ev şəraitində müalicə almış, 02 yanvar 2021-ci il tarixində özünütəcrid müddəti bitmişdir. (i.v. 111) -Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X2” Publik hüquqi şəxs tərəfindən keçirilmiş məhkəmə-tibbi ekspertizasının 05 fevral 2021-ci il tarixli 294 nömrəli ekspert rəyinin nəticə hissəsindən görünür ki, 19 noyabr 2020-ci il tarixdə yeni növ virus infeksiyasının “Covid-19 RCR” təyini üçün aparılmış laborator müayinə zamanı Təqsirləndirilən şəxs müayinənin nəticəsinin pozitiv olduğu müəyyən edilmişdir. Təqsirləndirilən şəxs (Covid-19) virus infeksiyasının daşıyıcısı olduğu halda sanitar-gigiyena qaydalarını pozmaqla digər şəxsləri xəstəliyə yoluxdura biləcəyi istisna edilmir. (i.v. 115-117) - 05 fevral 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs yenidən təqsirləndirilən şəxs qismində cəlb edilməklə ona Azərbaycan Respublikası CM-nin 139- 1.1 və 234.1-ci maddələri ilə nəzərdə tutulan ittiham elan edilmiş, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsinin tərkib əlamətləri olmadığı üçün barəsində bu xüsusat üzrə cinayət təqibinin başlanması rədd edilmiş, Təqsirləndirilən şəxs 28 noyabr 2020-ci il tarixdə saat 20:10 radələrində yaşadığı ünvanı tərk edərək ünvan 5arşısında polis əməkdaşları tərəfindən saxlanılarkən çəkilmiş videogörüntü yazılmış bir ədəd CD disk maddi sübut kimi tanınmış, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş 0,614 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroinin əldə edildiyi mənbənin müəyyən edilməsi məqsədilə cinayət işindən material ayrılaraq araşdırmanın davam etdirilməsi üçün Nizami RPİ-nin 25-ci PŞ-nə göndərilmişdir. (i.v. 119- 125) Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 1 may tarixli 161 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində hava-damcı yolu ilə keçən yoluxucu xəstəliklər zamanı karantin nəzarətinə götürülmə və təcrid olunma Qaydaları”nın 4.5 və 4.6-cı bəndlərinə əsasən yaşadığı və ya olduğu yerdə karantin nəzarətinə götürülmüş şəxs aşağıdakı tələblərə riayət etməlidir: onunla birgə yaşayan şəxslərin xəstəliyə yoluxma riskini azaltmaq üçün ayrı otaqda qalmalı, bu mümkün olmadıqda, mənzili yaxşı havalandırmalı, həmin şəxslərlə ən az 1 (bir) metr məsafədə olmalı və ünsiyyət zamanı tibbi maskadan istifadə etməlidir; şəxsi gigiyena vasitələrini və istifadə etdiyi digər əşyaları onunla birgə yaşayan şəxslərdən təcrid etməlidir; mənzilin (evin) daxilində mümkün qədər az hərəkət etməlidir; ümumi istifadə yerlərini tez-tez havalandırmalıdır; mənzili (evi) tərk etməməlidir; yaşadıqları və ya olduqları yerdə karantin nəzarətinə götürülmüş şəxslərin laboratoriya müayinəsi bu Qaydaların 3.2-ci bəndinə uyğun olaraq həyata keçirilir. Karantin nəzarətinin müddəti başa çatdığı vaxt aparılan müayinələrin nəticəsi neqativ olduqda, karantin müddəti başa çatmış hesab edilir. Karantin nəzarətinin müddəti başa çatdığı vaxt aparılan sonuncu laboratoriya müayinəsinin nəticələri əldə olunana qədər karantin nəzarətinə götürülmüş şəxsin yaşadığı və ya olduğu yeri tərk etməsi qadağandır. Həmin Qərarın 7.6-cı bəndinə əsasən karantin rejimini pozan şəxslər Azərbaycan Respublikasının İnzibati Xətalar və Cinayət məcəllələrində nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası Nazirlər Kabinetinin sonrakı bir çox Qərarları ilə xüsusi karantin rejiminin və müvafiq məhdudiyyətlərin müddətləri uzadılmışdır. Bundan başqa “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 28.06.2005-ci il tarixli Qanununa əsasən həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi; məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanılmasına yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanılması hesab olunur. Birləşmiş Millətlər Təşkilatının 30 mart 1961-ci il tarixli “Narkotik vasitələr haqqında” Vahid Konvensiyası, 1971-ci il tarixli “Psixotrop maddələr haqqında” və 19 dekabr 1988-ci il tarixli “Narkotik vasitələr və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə mübarizə haqqında” konvensiyalarında narkotik vasitələrin, güclü təsir edən və zəhərli maddələrin qanun-suz dövriyyəsi beynəlxalq cinayət hesab edilmişdir. “Narkotik vasitələrin, güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli, 2 nömrəli Qərarının 5-ci bəndi ilə məhkəmələrə izah edilmişdir ki, təqsirli şəxsin narkotik vasitələri öz ixtiyarında (məsələn, üstündə, gizli saxlanc yerlərində, binalarda və s.) saxlaması ilə əlaqədar olan hər hansı qəsdən edilən hərəkətləri saxlama kimi başa düşülməlidir. Məhkəmə hökmü haqqında Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 4 saylı, 27 dekabr 1996-cı il tarixli qərarına əsasən məhkəmə hökmü səlis, aydın, anlaşılan şəkildə yazılmalı, iş üzrə müəyyən olunmuş hallar, sübutlar və məhkəmənin nəticələri hökmdə ciddi məntiqi ardıcıllıqla şərh edilməlidir. Azərbaycan Respublikası CPM-nin 349.5.1-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Məhkəmə, məhkəmə istintaqında tədqiq edilmiş sübutlara tam, hərtərəfli və obyektiv qiymət verərək qeyd edir ki, ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş narkotik vasitənin mənbəyinin müəyyən edilməsi faktının araşdırılması məqsədi ilə material ayrılmışdır və nəticəsindən asılı olaraq hüquqi qiymət veriləcəkdir. Məhkəmə, dövlət ittihamçısını, təqsirləndirilən şəxsi, onun müdafiəçisini və şahidləri dinləyib, iş materiallarını hərtərəfli və obyektiv tədqiq edərək, istinad olunan hüquq normalarına əsaslanaraq, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 139-1.1 və 234.1-ci maddələrində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirliliyi özünün etirafedici ifadəsi ilə yanaşı, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan, iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahidlərin ifadələri, məhkəmə ekspertizalarının rəyləri və iş üzrə toplanmış digər materiallarla sübuta yetirilmişdir. İstintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 139-1.1 və 234.1-ci maddələri ilə düzgün tövsif edilmişdir, onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar, habelə, əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Odur ki, Azərbaycan Respublikası CPM-nin 44.2.4-cü maddəsinə müvafiq olaraq, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməkdə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarılmalı və ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin 139-1.1 və 234.1-ci maddələrinin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma - həmin maddədə nəzərdə tutulmuş cinayət məsuliyyətinə səbəb olur, bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Həmin Məcəllənin 139-1.1-ci maddəsinə əsasən epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və ya karantin rejimlərinin pozulması xəstəliklərin yayılmasına səbəb olduqda və ya xəstəliklərin yayılması üçün real təhlükə yaratdıqda - iki min beş yüz manatdan beş min manatadək miqdarda cərimə və ya üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən aşağıdakıları nəzərə alır, eləcə də cinayət qanununun müvafiq prinsip və müddəalarını rəhbər tutur: - 16 noyabr 2020-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs kimi həmin tarixdə tutulmuşdur. (i.v. 21) - 18 noyabr 2020-ci il tarixli qərardan görünür ki, Bakı şəhəri Nizami rayon prokuroru tərəfindən Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsi haqda məhkəməyə təqdimat verilməsinə dair Nizami RPİ-nin istintaq şöbəsinin müstəntiqinin vəsatətinin müdafiə edilməsindən imtina olunmuşdur. (i.v. 55-57) -Bakı şəhəri Nizami RPİ-nin istintaq şöbəsinin müstəntiqinin 18 noyabr 2020-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs müvəqqəti tutulmaqdan azad edilmiş, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. (i.v. 58-59) -Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş 09 dekabr 2020-ci il və 11 yanvar 2021-ci il tarixli tələbnamələrdən, hökmün surətindən görünür ki, Hüseynov X1 Rayon Məhkəməsinin 30 yanvar 2007-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsi ilə təqsirli bilinib, 240 saat ictimai işlər cəzasına məhkum edilmiş, Zaqatala Rayon Məhkəməsinin 08 sentyabr 2010-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib, 02 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 22 dekabr 2012-ci il tarixdə cəzasının sonu ilə azad edilmiş, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 18 avqust 2016-cı il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 178.1 və 234.1-ci maddələri ilə təqsirli bilinib, 02 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 07 mart 2018-ci il tarixdə “Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 20 oktyabr 2017-ci il tarixli Qanunu tətbiq edilərək CM-nin 178.1-ci maddəsi ilə işin icraatına xitam verilmiş, CM-nin 234.1-ci maddəsi ilə cəzasını çəkib qurtardığına görə azad edilmişdir. (i.v. 63-65, 102-104) - 09 iyul 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzürlü səbəblər olmadan məhkəmə iclaslarına gəlməyərək gizləndiyindən və olduğu yer məlum olmadığından Bakı şəhəri Nizami Rayon Məhkəməsi tərəfindən haqqında axtarış elan olunmuş, barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri dəyişdirilərək həbs qətimkan tədbiri ilə əvəz edilmişdir. - 3 saylı istintaq təcridxanasının 23 iyul 2021-ci il tarixli 17/40-2874 nömrəli və Bakı şəhəri Nizami RPİ-nin 25-ci polis şöbəsinin 19 iyul 2021-ci il tarixli 090-6727-1221 nömrəli məktublarından, tutma protokolundan görünür ki, barəsində axtarış elan edilərək həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs 19 iyul 2021-ci il tarixdə Nizami RPİ-nin əməkdaşları tərəfindən tutularaq 22 iyul 2021-ci il tarixdə saxlanılması üçün 3 saylı istintaq təcridxanasına təhvil verilmişdir. Azərbaycan Respublikası CM-nin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Həmin Məcəllənin 83.6-cı maddəsinə əsasən məhkumluğun ödənilməsi və ya götürülməsi məhkumluqla bağlı olan bütün hüquqi nəticələri ləğv edir. Məhkəmə istinad olunan maddələrin tələbinə uyğun olaraq, hesab edir ki, hazırkı iş üzrə cinayət əməlini 16 noyabr 2020-ci il tarixdə törədərkən Təqsirləndirilən şəxs məhkumluqları ödənilmiş olmuşdur. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Cinayət Qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndinə əsasən şəxsin təqsirli bilindiyi maddənin sanksiyası azadlıqdan məhrum etmə ilə yanaşı yüngül cəza növləri də nəzərdə tutursa, hökm çıxarılarkən, azadlıqdan məhrum etmə cəzası təyin edildikdə, bu qərar hökmdə əsaslandırılmalıdır. Cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 139- 1.1 və 234.1-ci maddələri ilə törətdiyi əməllər həmin Məcəllənin 15.3-cü maddəsinə əsasən az ağır cinayət, 25.1-ci maddəsinə əsasən isə qəsdən törədilmiş cinayət hesab olunur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə əsasən, cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal qismində Azərbaycan Respublikası CM-nin 59.1-ci maddəsində, cəzasını ağırlaşdıran hal qismində həmin Məcəllənin 61.1-ci maddəsində dairəsi konkret göstərilmiş hallar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs barəsində təyin ediləcək cəzanın həddini və növünü müəyyən edərkən cəza təyinetmənin ümumi prinsiplərini rəhbər tutmaqla onun qəsdən az ağır cinayət törətməsini, işin faktiki hallarını nəzərə alaraq, hesab edir ki, təqsirləndirilən şəxsin islah olunması üçün törətdiyi cinayətə görə barəsində azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi məqsədəmüvafiqdir, tətbiq edilməsi nəzərdə tutulan cəza cinayət törətmiş şəxsin fərdi xüsusiyyətlərinə, törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsinə və xarakterinə mütənasibdir və hazırkı halda həmin cəza, cəzanın məqsədini təmin edir. Ona görə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 139-1.1 və 234.1-ci maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzası təyin edilməli, CM-nin 66.2-ci maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə ona müvafiq müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Azərbaycan Respublikası CPM-nin 158.2 və 158.2.1-ci maddələrinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu, həbsdə saxlanıldığı və ev dustaqlığında saxlanıldığı müddətlər onun həbsdə saxlama müddətinə daxildir. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs hazırkı işlə bağlı 16 noyabr 2020-ci il tarixdən 18 noyabr 2020-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 gün müddət, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanmaqla təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının müddətindən çıxılmaqla, üzərində qəti müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmalı, cəzaçəkmə müddətinin başlanğıcı isə həbs qətimkan tədbiri seçilməsi ilə bağlı tutulduğu 19 iyul 2021-ci il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası CPM-nin 175.5-ci maddəsinə əsasən müvafiq qətimkan tədbiri onun ləğvindən, dəyişdirilməsindən, habelə şübhəli və ya təqsirləndirilən şəxsin barəsində cinayət təqibinə xitam verildikdən və ya məhkuma təyin edilən cəza icraya yönəldikdən sonra qüvvədən düşmüş sayılır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli olduğundan, onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Məhkəmə Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs ona təyin olunacaq cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 346-cı maddəsində nəzərdə tutulan, məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında müzakirə edilməli olan digər məsələlərlə bağlı aşağıdakıları qeyd edir: Cinayət işi üzrə mülki iddia yoxdur; cinayət nəticəsində vurulmuş maddi zərərin və ya mümkün ola biləcək xüsusi müsadirənin təmin edilməsi məqsədi ilə əmlak üzərinə həbs qoyulmamışdır; maddi sübut qismində tanınaraq Bakı şəhəri Nizami RPİ-nin maddi sübutları saxlama kamerasında saxlanılan, ekspertiza tədqiqatına sərf edildikdən sonra qalmış 0,514 qram narkotik vasitə heroin məhv olunmalı; maddi sübut olan bir ədəd CD disk cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalı; CPM-nin 198.1-ci maddəsinə əsasən məhkəmə məsrəfi olan ekspertiza xərci təqsirləndirilən şəxsdən tutulub Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. Məhkəmə, Ambulator məcburi-narkoloji tibbi yoxlamanın rəyini nəzərə alaraq, hesab edir ki, Təqsirləndirilən şəxs cəza çəkdiyi müddət ərzində narkomaniyadan məcburi müalicə olunmalı və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Azərbaycan Respublikası CM-nin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 139-1.1 və 234.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2, 193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının (AR Nazirlər Kabineti) müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə hesab edir ki, vəkilin ibtidai istintaqda və məhkəmədə, iş materialları ilə tanış olmaqla birlikdə, təqsirləndirilən şəxsə göstərdiyi hüquqi yardıma görə iştirak etdiyi müddət ümumilikdə 100 iş saatı müddətinə bərabər tutulduğundan, (Nazirlər Kabinetinin 03.05.2018-ci il tarixli 202 saylı qərarına əsasən) göstərilmiş hüquqi xidmətlərə görə hər iş saatı üçün 6 manat miqdarında ödənilməsi nəzərə alınmaqla dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 139-1.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, 01 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzasına, Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, 01 (bir) il 03 (üç) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 66.2-ci maddəsinə əsasən təyin edilmiş həmin cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs hazırkı işlə bağlı 16 noyabr 2020-ci il tarixdən 18 noyabr 2020ci il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün müddət, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanmaqla, təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının müddətindən çıxılıb, üzərində qəti olaraq 01 (bir) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs ona təyin olunmuş cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin başlanğıcı 19 iyul 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs cəza çəkdiyi müddət ərzində narkomaniyadan məcburi müalicə olunsun və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Maddi sübut qismində tanınmış bir ədəd CD disk cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılsın, Təqsirləndirilən şəxs aşkar edilərək götürülməklə Bakı şəhəri Nizami RPİ-nin maddi sübutları saxlama kamerasına təhvil verilən, ekspertiza tədqiqatından sonra qalıq çəkisi 0,514 qram olan narkotik vasitə heroin məhv edilsin. Məhkəmə məsrəfi olan 114 manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub dövlət xəzinədarlığı agentliyi, kod 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN **********, hesab AZ34CTRE******************** hesabına ödənilsin. Təqsirləndirilən şəxs ibtidai istintaqda və məhkəmədə, iş materialları ilə tanış olmaqla birlikdə, ümumilikdə 100 saat göstərdiyi pulsuz hüquqi yardıma görə Müdafiəçi "xxxx" ASC-nin “Qara Qarayev” filialı, kod 200145, VÖEN **********, m/h- AZ37NABZ013501**********1944, S.W.İ.F.T.BİK AİİBAZ2X, hesab - AZ33AİİB********************, VÖEN - ********** hesablaşma hesabı üzərindən Bakı şəhəri 6 saylı vəkil bürosu vasitəsi ilə 600 manat əmək haqqı Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Hökmdən elan olunduğu (həbsdə olan məhkuma hökmün surəti verildiyi) andan 20 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Həmin müddətdə hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə, hökm müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Nəriman Mehdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar