Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(007)-147/2022 12.05.2022 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Mehdiyev Nəriman Hüseynqulu oğlunun sədrliyi, məhkəmə iclasının katibi Rüstəmova Sürəyya Nazim qızının katibliyi, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxslər-Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs3, təqsirləndirilən şəxs-Təqsirləndirilən şəxs, onun müdafiəçisi-Bakı şəhəri 6 saylı vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə, təqsirləndirilən şəxs xx xxxxxxx 1993-cü il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, əvvəllər məhkum olunmamış, Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, Neftçi küçəsi, ev 35-də qeydiyyatda olmaqla yaşamış, 08 dekabr 2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, 10 dekabr 2021-ci il tarixdə barəsində həbs qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 3 saylı istintaq təcridxanasında saxlanılan - Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs özgənin əmlakını gizli olaraq talayaraq təkrarən oğurluq etmişdir. Belə ki, o, özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə 25 noyabr 2021-ci il tarixdə saat 16 radələrində Bakı şəhəri, Nizami rayonu, 8-ci Köndələn küçəsində saxlanılmış, Zərərçəkmiş şəxs3 məxsus “VAZ-2103” markalı **-EO-*** dövlət qeydiyyat nişanlı avtomobilin sol qabaq qapısının nəfəsliyindən əlini salıb qapısını açaraq avtomobildən dəyəri 150 manat təşkil edən bir ədəd “Pioneer” markalı maqnitafonu gizli olaraq talayıb, zərərçəkmiş Zərərçəkmiş şəxs3 150 manat dəyərində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, o, özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə 26 noyabr 2021-ci il tarixdə saat 20 radələrində Bakı şəhəri, Nizami rayonu, H.Əliyev prospekti 119 ünvanında yerləşən metronun “Koroğlu” stansiyasının yaxınlığında, Bakı Nəqliyyat Agentliyinin dayanacağının qarşısında saxlanılmış, Zərərçəkmiş şəxs1 məxsus “VAZ 2107” markalı **-MR-*** dövlət qeydiyyat nişanlı avtomobilin qapısını açaraq avtomobildən bir ədəd 450 manat dəyərində “Pioneer” markalı maqnitafon, bir ədəd dəyəri 100 manat olan salon güzgüsünü gizli olaraq talayıb zərərçəkmiş Zərərçəkmiş şəxs1 ümumilikdə 550 manat dəyərində maddi ziyan vurmaqla təkrarən oğurluq etmişdir. Bundan başqa, o, özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə 30 noyabr 2021-ci il tarixdə saat 16 radələrində Bakı şəhəri, Nizami rayonu, 8-ci Köndələn küçəsində saxlanılmış, Zərərçəkmiş şəxs2 məxsus “VAZ 2106” markalı **-MR-*** dövlət qeydiyyat nişanlı avtomobilin yük yerinin qapısını açaraq oradan ümumi dəyəri 480 manat təşkil edən bir ədəd səsgücləndirici, iki ədəd “Pioneer” markalı maqnitafonun kalonkaları, bir cüt səs siqnalı, “led” işıqları və bir ədəd qaldırıcını gizli olaraq talayıb zərərçəkmiş Zərərçəkmiş şəxs2 ümumilikdə 480 manat dəyərində maddi ziyan vurmaqla təkrarən oğurluq etmişdir. Bu hərəkətləri ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 177.2.2-ci maddəsi ilə elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsində yerləşən avtoyuma məntəqəsində avtomobil yuyucusu kimi işləmişdir. Sonradan böyrəkləri ağrıdığı üçün avtoyuma məntəqəsindən işdən çıxmışdır. İşdən çıxdıqdan sonra maddi vəziyyəti pis olduğu üçün avtomobillərdən oğurluq edib oğurladığı əşyaları sataraq dolanmaq qərarına gəlmişdir. 25 noyabr 2021-ci il tarixdə saat 16 radələrində Bakı şəhəri, Nizami rayonu, 8-ci Köndələn küçəsində olduğu vaxt “VAZ-2103 markalı **-EO-*** dövlət qeydiyyat nişanlı avtomobilin orada dayandığını, avtomobilin içərisinə baxdıqda “Pioneer” markalı maqnitofon olduğunu görmüşdür. Ətrafa baxıb heç kimin olmadığına əmin olduqdan sonra avtomobilin sol qabaq qapısının nəfəsliyindən əlini salıb qapısını açmış, avtomobilə daxil olub orada olan bir ədəd “Pioneer” markalı maqnitafonu yerindən çıxardaraq avtomobildən düşmüşdür. Bundan sonra oradan uzaqlaşmış və 184 saylı avtobusa əyləşərək yaşadığı Suraxanı rayonu, Əmircan qəsəbəsinə getmişdir. 25 noyabr 2021-ci il tarixdə Nizami rayonu, metronun “Koroğlu” stansiyası yaxınlığında Bakı Nəqliyyat Agentliyinin avtobus dayanacağının qarşısında olan boş ərazidə “VAZ 2107” markalı **-MR-*** dövlət qeydiyyat nişanlı avtomobilin dayandığını, yaxınlaşıb içərisinə baxdıqda maqnitafon olduğunu görmüşdür. O, avtomobildə olan maqnitafonu oğurlamaq qərarına gəlmişdir. Lakin yaxınlıqda polislər olduğu üçün oğurluq edə bilməmişdir. 26 noyabr 2021-ci il tarixdə saat 20 radələrində təkrarən həmin avtobus dayanacağının qarşısına getmiş və əvvəlcədən orada gördüyü “VAZ 2107” markalı **-MR-*** dövlət qeydiyyat nişanlı avtomobilin hələ də orada olduğunu görmüşdür. Ətrafa baxıb heç kimin olmadığına əmin olduqdan sonra avtomobilə yaxınlaşmış və qapısının açıq olub-olmadığını yoxlamaq məqsədi ilə qapının dəstəyini yoxlamışdır. Qapının açıq olduğunu görüb avtomobilə daxil olmuş və avtomobildə olan bir ədəd “Pioneer” markalı maqnitafonu və bir ədəd salon güzgüsünü yerindən çıxardaraq avtomobildən düşmüşdür. Bundan sonra oradan uzaqlaşmış və 184 saylı avtobusa əyləşərək yaşadığı Suraxanı rayonu, Əmircan qəsəbəsinə getmişdir. Bundan başqa, maddi imkanı olmadığından yenidən avtomobillərdən oğurluq etmək qərarına gəlmişdir. Bu məqsədlə 30 noyabr 2021-ci il tarixdə saat 16 radələrində Bakı şəhəri, Nizami rayonu, Heydər Əliyev prospektində yerləşən “Asan xidmət” mərkəzinin yaxınlığından keçərkən 8-ci Köndələn küçəsində “VAZ 2106” markalı **-MR-*** dövlət qeydiyyat nişanlı avtomobilin dayandığını görmüşdür. Ətrafa baxıb heç kimin olmadığına əmin olduqdan sonra avtomobilə yaxınlaşmış və qapısının açıq olub-olmadığını yoxlamaq məqsədi ilə qapının dəstəyini qaldırmışdır. Qapının açıq olduğunu görüb avtomobilə daxil olmuş və avtomobilin yük yerində olan bir ədəd səsgücləndiricini, iki ədəd “Pioneer” markalı maqnitafonun kalonkalarını, bir cüt səs siqnalı, bir ədəd qaldırıcı qurğu domkratı və aksesuarları götürərək avtomobildən düşmüşdür. Bundan sonra oradan uzaqlaşmış və 184 saylı avtobusa əyləşərək yaşadığı Suraxanı rayonu, Əmircan qəsəbəsinə getmişdir. O, oğurladığı “Pioneer” markalı maqnitafonu 07 dekabr 2021-ci il tarixdə tanıdığı Ümid adlı şəxsə 60 manata satmış və ona maqnitofonun özünə məxsus olmasını demişdir. Bir ədəd salon güzgüsünü satmaq üçün 04 dekabr 2021-ci il tarixdə “Tap.az” saytında elan yerləşdirmiş və həmin gün də ona məxsus mobil nömrəyə zəng edən, lakin nömrəsi yadında qalmayan tanımadığı şəxsə 30 manata satmışdır. Digər avtomobillərdən oğurladığı bütün əşyaları “tap.az” saytında satmışdır. İfadəsinin sonunda Təqsirləndirilən şəxs ilk dəfə cinayət məsuliyyətinə cəlb edildiyini, həbsdə olarkən etdiyi səhvlərin nəticələrini başa düşdüyündən bir daha belə əməllərə yol verməyəcəyini, zərərçəkmiş şəxslərə vurduğu maddi ziyanı ödədiyini, zərərçəkmiş şəxslərin ona qarşı şikayət və tələbləri olmadığını göstərmiş və barəsində yüngül cəza təyin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, o, "xxxx" MMC-də sürücü işləyir, özünə məxsus “VAZ 2107” markalı **-MR-*** dövlət qeydiyyat nişanlı avtomobili 26 noyabr 2021-ci il tarixdə saat 12 radələrində Bakı şəhəri, Nizami rayonu, metronun “Koroğlu” stansiyası yaxınlığında Bakı Nəqliyyat Agentliyinin qarşısında saxlayıb işlədiyi "xxxx" MMC-yə getmişdir. 27 noyabr 2021-ci il tarixdə saat 00:10 rədərlərində işdən çıxıb avtomobilə yaxınlaşdıqda avtomobilin qapısının açıq olduğunu və içərisindən bir ədəd dəyəri 450 manat təşkil edən “Pioneer” markalı maqnitafon və bir ədəd dəyəri 100 manat təşkil edən salon güzgüsünün naməlum şəraitdə oğurlandığını aşkar etmişdir. Bundan əlavə oğurluq edən şəxs avtomobildən maqnitafonu çıxararkən dəyəri təxminən 100 manat olan avtomobilin cihazlar panelini zədələyərək ona maddi ziyan vurmuşdur. Baş vermiş hadisə nəticəsində ona ümumilikdə 650 manat dəyərində madd ziyan dəymişdir. Sonradan ona vurulmuş maddi ziyanın əvəzi ödənilmişdir, ona görə oğurluq hadisəsini törətmiş Təqsirləndirilən şəxs ilə barışmışdır, ona qarşı şikayəti və tələbi yoxdur, bu barədə ərizə də təqdim etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, 30 noyabr 2021-ci il tarixdə təxminən saat 06:30 radələrində özünə məxsus “VAZ 2106” markalı **-MR-*** dövlət qeydiyyat nişanlı avtomobili Bakı şəhəri, Nizami rayonu, Heydər Əliyev prospektində yerləşən 5 saylı “ASAN xidmət”in qarşısında saxlayıb işlədiyi "xxxx" MMC-yə getmişdir. Həmin gün saat 18:10 radələrində işdən çıxıb avtomobilə yaxınlaşdıqda avtomobilin yük yerinin kilidinin açıq olmasını görmüşdür. Yük yerini açıb baxış keçirdikdə orada olan ümumi dəyəri 480 manat təşkil edən bir ədəd səsgücləndirici, iki ədəd “Pioneer” markalı maqnitofonun kalonkaları, bir cüt səs siqnalı və bir ədəd qaldırıcı qurğunun oğurlandığını aşkar etmişdir. Baş vermiş hadisə ilə əlaqədar DİN-nin “102” mərkəzi zəng xidmətinə telefonla məlumat vermişdir. Sonradan Nizami RPİ-nin 23-cü PB-nə hadisə ilə bağlı ərizə ilə müraciət etmişdir. Avtomobilinin yük yerindən oğurlanmış səsgücləndiricini 2021-ci ilin oktyabr ayında maşın bazarında tanımadığı şəxsdən 300 manata almış, “Pioneer” markalı maqnitafonun kalonkalarını da 2021-ci ilin noyabr ayının əvvəllərində biri 55 manat olmaqla 110 manata maşın bazarından almışdır. Səs siqnalını və “led” işıqları birlikdə 2021-ci ilin iyun ayında 50 manata, qaldırıcı qurğunu isə 20 manata almışdır. Baş vermiş hadisə nəticəsində ona ümumilikdə 480 manat dəyərində maddi ziyan dəymişdir. Sonradan ona vurulmuş maddi ziyanın əvəzi ödənilmişdir, ona görə oğurluq hadisəsini törətmiş Təqsirləndirilən şəxs ilə barışmışdır, ona qarşı şikayəti və tələbi yoxdur, bu barədə ərizə də təqdim etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs3 ifadəsində göstərmişdir ki, 25 noyabr 2021-ci il tarixdə təxminən saat 08:30 radələrində özünə məxsus “VAZ 2103” markalı **-EO-*** dövlət qeydiyyat nişanlı avtomobili Bakı şəhəri, Nizami rayonu, 8-ci Köndələn küçəsində, iş yerinin yaxınlığında saxlayıb işlədiyi "xxxx" MMC-yə getmişdir. Həmin gün saat 19 rədələrində işdən çıxıb avtomobilə yaxınlaşdıqda avtomobilin sol qabaq qapısının və nəfəsliyinin açıq olmasını görmüşdür. Avtomobilin içərisinə baxdıqda orada olan ümumi dəyəri 150 manat təşkil edən bir ədəd “Pioneer” markalı maqnitafonun naməlum şəraitdə oğurlandığını aşkar etmişdir. Baş vermiş hadisə ilə əlaqədar DİN-nin “102” mərkəzi zəng xidmətinə telefonla məlumat vermişdir. Sonradan Nizami RPİ-nin 23-cü PB-nə hadisə ilə bağlı ərizə ilə müraciət etmişdir. Avtomobilindən oğurlanmış “Pioneer” markalı maqnitafonu 2013-cü ildə təzə vəziyyətdə 300 manata maşın bazarından almışdır, hazırda həmin maqnitofonun dəyəri 150 manat təşkil edir. Baş vermiş hadisə nəticəsində ona ümumilikdə 150 manat dəyərində maddi ziyan dəymişdir. Sonradan ona vurulmuş maddi ziyanın əvəzi ödənilmişdir, ona görə oğurluq hadisəsini törətmiş Təqsirləndirilən şəxs ilə barışmışdır, ona qarşı şikayəti və tələbi yoxdur, bu barədə ərizə də təqdim etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid ifadəsində göstərmişdir ki, Suraxanı rayonu, Əmircan qəsəbəsində yerləşən “Həzimli zavod çörəyi” çörək sexində sürücü işləyir. **-CZ-*** dövlət qeydiyyat nişanlı “Ford Transit” markalı avtomobillə mağazalara çörək daşıyır. 07 dekabr 2021-ci il tarixdə saat 19 radələrində Əmircan qəsəbəsində yerləşən mağazaya çörək verən zaman həmin mağazanın sahibi Böyükağa adlı şəxsin qardaşı oğlu, uzun müddətdir tanıdığı Ramil ona yaxınlaşaraq əlində olan “Pioneer” markalı maqnitafonu göstərib satmaq istədiyini bildirmişdir. O, Ramildən maqnitafonu haradan aldığını və neçəyə satdığını soruşmuşdur. Ramil maqnitafonun özünə məxsus olduğunu və 100 manata satdığını bildirmişdir. O, Ramilə həmin maqnitafonu 100 manata almağa imkanı olmadığını demişdir. Bir qədər söhbət etdikdən sonra Ramil maqnitafonu 60 manata satmağa razılaşmışdır. O, Ramilə 60 manat pul verib “Pioneer” markalı maqnitafonu almışdır. Sonradan onu Nizami RPİ-nin 23-cü polis bölməsinə dəvət etdikdə Ramilin ona satdığı maqnitafonu hansısa avtomobildən oğurladığını öyrənmişdir. O, Ramildən aldığı maqnitafonu polis bölməsində könüllü olaraq təqdim etmişdir. Təqsirləndirilən şəxs ona satdığı “Pioneer” markalı maqnitafonu oğurladığını bilməmişdir. İşdə olan və məhkəmə baxışında tədqiq edilmiş aşağıda istinad edilən sənədlər və digər sübutlar Azərbaycan Respublikası CPM-nin 124-cü maddəsinin tələblərinə müvafiq olaraq sübut kimi qəbul edilmişdir: - 08 dekabr 2021-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 ərizələri əsasında toplanmış materiallar üzrə Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 177.2.2-ci maddəsi ilə cinayət işi başlanmışdır. (i.v. 1) - 27 noyabr 2021-ci il tarixli protokoldan və fotocədvəldən görünür ki, Zərərçəkmiş şəxs1 və hal şahidlərinin iştirakları ilə hadisə yerinə baxış keçirilmişdir. (i.v. 6-7) - 07 dekabr 2021-ci il tarixli protokoldan görünqr ki, Şahid “Pioneer” markalı maqnitofonu təqdim edərək onu 07 dekabr 2021-ci il tarixdə Suraxanı rayonu, Əmircan qəsəbəsində Təqsirləndirilən şəxs almışdır. (i.v. 18) - 30 noyabr 2021-ci il tarixli protokoldan və fotocədvəldən görünür ki, Zərərçəkmiş şəxs2 və hal şahidlərinin iştirakları ilə hadisə yerinə baxış keçirilmişdir. (i.v. 28-31) - 13 dekabr 2021-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs3 ərizəsi əsasında toplanmış material Təqsirləndirilən şəxs barəsindəki cinayət işinin materiallarına birlışdirilmişdir. (i.v. 106) - 25 noyabr 2021-ci il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs3 və hal şahidlərinin iştirakları ilə hadisə yerinə baxış keçirilmişdir. (i.v. 111) - 13 dekabr 2021-ci il tarixli protokoldan və fotocədvəldən görünür ki, ifadənin yerində yoxlanılması zamanı Təqsirləndirilən şəxs Bakı şəhəri, Nizami rayonu, 8-ci Köndələn küçəsindəki ərazini hadisə yeri kimi göstərərək 25 noyabr 2021-ci il tarixdə saat 16 radələrində həmin yerdə dayanmış Zərərçəkmiş şəxs3 məxsus “VAZ-2103” markalı **- EO-*** dövlət qeydiyyat nişanlı avtomobilin sol qabaq qapısının nəfəsliyindən əlini salıb qapısını açaraq avtomobildən bir ədəd “Pioneer” markalı maqnitafonu gizli olaraq talayaraq oğurluq etdiyi barədə istintaqa verdiyi ifadəsini əyani şəkildə bir daha təsdiq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs Bakı şəhəri, Nizami rayonu, H.Əliyev prospekti 119 ünvanında yerləşən metronun “Koroğlu” stansiyasının yaxınlığındakı BNAnın avtobus dayanacağının qarşısında yerləşən ərazini hadisə yeri kimi göstərərək 26 noyabr 2021-ci il tarixdə saat 20 radələrində həmin yerdə dayanmış Zərərçəkmiş şəxs1 məxsus “VAZ 2107” markalı **-MR-*** dövlət qeydiyyat nişanlı avtomobilin qapısını açaraq avtomobildən bir ədəd “Pioneer” markalı maqnitafon, bir ədəd salon güzgüsünü gizli olaraq talayaraq oğurluq etdiyi barədə istintaqa verdiyi ifadəsini əyani şəkildə bir daha təsdiq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs Bakı şəhəri, Nizami rayonu, Heydər Əliyev prospekti 115 ünvanında yerləşən 5 saylı “Asan xidmət” mərkəzinin yaxınlığındakı ərazini hadisə yeri kimi göstərərək 30 noyabr 2021-ci il tarixdə saat 18:30 radələrində həmin yerdə dayanmış Zərərçəkmiş şəxs2 məxsus “VAZ 2106” markalı ** MR *** dövlət qeydiyyat nişanlı avtomobilin qapısını açaraq avtomobildən bir ədəd səsgücləndirici, iki ədəd “Pioneer” markalı maqnitafonun kalonkaları, bir cüt səs siqnalı və bir ədəd qaldırıcını gizli olaraq talayaraq təkrar oğurluq etdiyi barədə istintaqa verdiyi ifadəsini əyani şəkildə bir daha təsdiq etmişdir. (i.v. 127-130) -Azərbaycan Respublikası DİN-nin Kriminalistik Tədqiqatlar İdarəsi tərəfindən verilmiş məhkəmə-daktiloskopik ekspertizasının 24 yanvar 2021-ci il tarixli 22/72R nömrəli ekspert rəyinin nəticə hissəsindən görünür ki, 25.11.2021-ci il tarixdə Bakı şəhəri, Nizami rayonu, 8-ci Köndələn küçəsində saxlanılmış vətəndaş Zərərçəkmiş şəxs3 məxsus “VAZ- 2103” markalı **-EO-*** d.n.n-lı avtomaşında baş vermiş oğurluq faktı ilə əlaqədar hadisə yerinin müayinəsi zamanı götürülmüş 06 ədəd müxtəlif ölçüdə yapışqanlı lent kəsikləri üzərlərində olan 03 ədəd əl-barmaq izi şəxsiyətin eyniləşdirilməsi üçün yararlıdır. 30.11.2021-ci il tarixdə Bakı şəhəri, Nizami rayonu, Heydər Əliyev prospekti 115 ünvanında yerləşən 5 saylı “Asan xidmət” mərkəzinin yaxınlığında saxlanılmış vətəndaş Zərərçəkmiş şəxs2 məxsus “VAZ 2106” markalı **-MR-*** d.n.n-lı avtomaşında baş vermiş oğurluq faktı ilə əlaqədar hadisə yerinin müayinəsi zamanı götürülmüş 10 ədəd müxtəlif ölçüdə yapışqanlı lent kəsikləri üzərlərində olan 08 ədəd əl-barmaq izi şəxsiyətin eyniləşdirilməsi üçün yararlıdır. Tədqiqata təqdim edilmiş Təqsirləndirilən şəxs daktiloskopik xəritəsi müqayisəli tədqiqat üçün yararlıdır. 25.11.2021-ci il tarixdə Bakı şəhəri, Nizami rayonu, 8-ci Köndələn küçəsində saxlanılmış vətəndaş Zərərçəkmiş şəxs3 məxsus “VAZ-21032 markalı **-EO-*** d.n.n-lı avtomaşında baş vermiş oğurluq faktı ilə əlaqədar hadisə yerinin müayinəsi zamanı götürülmüş əl izlərindən şəxsiyətin eyniləşdirilməsi üçün yararlı olan 03 ədəd əl-barmaq izi xx.xx.1993-cü ildə Bakı şəhərində anadan olmuş Təqsirləndirilən şəxs sol əlinin şəhadət, orta və adsız barmaqlarının əksləri ilə eynilik müəyyən edilmişdir. 30.11.2021-ci il tarixdə Bakı şəhəri, Nizami rayonu, Heydər Əliyev prospekti 115 ünvanında yerləşən 5 saylı “Asan xidmət” mərkəzinin yaxınlığında saxlanılmış vətəndaş Zərərçəkmiş şəxs2 məxsus “VAZ 2106” markalı **-MR-*** d.n.n-lı avtomaşında baş vermiş oğurluq faktı ilə əlaqədar hadisə yerinin müayinəsi zamanı götürülmüş əl izlərindən şəxsiyətin eyniləşdirilməsi üçün yararlı olan əl-barmaq izlərindən 07 ədədi xx.xx.1993-cü ildə Bakı şəhərində anadan olmuş Təqsirləndirilən şəxs sağ əlinin böyük, şəhadət, adsız, çeçələ, sol əlinin orta və adsız (02 dəfə) barmaqlarının əksləri ilə eynilik müəyyən edilmişdir. Qalan digər şəxsiyətin eyniləşdirilməsi üçün yararlı olan 01 ədəd əl-barmaq izi DİN-in KTİ-nin ADİS-in məlumat bazasında olan şəxslərin, o cümlədən Təqsirləndirilən şəxs əl-barmaq əksləri ilə eynilik müəyyən edilməmişdir. (i.v. 175-190) -Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizasının 30 dekabr 2021-ci il tarixli 9/9067 nömrəli ekspert rəyinin nəticə hissəsindən görünür ki, tədqiqata təqdim edilmiş 1 ədəd qara rəngli, “Pioneer” markalı, “DEH-P7150UB” modelli maqnitofon istifadədə olması nəzərə alınaraq 2021-ci ilin dekabr ayına olan orta bazar qiyməti təxminən 70,00 manat müəyyən edilir. (i.v. 191-193) - 30 yanvar 2022-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs1 məxsus “Pioneer” markalı, “DEH-P7150UB” modelli maqnitafon maddi sübut kimi tanınmış və məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə təyinatı məsələsi həll edilənədək saxlanılması üçün Zərərçəkmiş şəxs1 təhvil verilmişdir. (i.v. 194) - 03 fevral 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2-ci maddəsi ilə yenidən ittiham elan edilmiş, əməlində Azərbaycan Respublikası CM-nin 177.2.3, 177.2.4 və 186-cı maddələrində nəzərdə tutulan cinayətin tərkibi olmadığı üçün barəsində həmin maddələrlə cinayət işinin başlanması rədd edilmiş, Şahid əməlində Azərbaycan Respublikası CM-nin 194-cü maddəsində nəzərdə tutulan cinayətin tərkibi olmadığı üçün barəsində həmin maddələrlə cinayət təqibinin başlanması rədd edilmiş, iş üzrə 25 noyabr 2021-ci il tarixdə baş vermiş oğurluq faktı ilə əlaqədar hadisə yerinin müayinəsi zamanı götürülmüş əl izlərindən şəxsiyyətin eyniləşdirilməsi üçün yararlı olan 03 ədəd əl-barmaq izi və 30 noyabr 2021-ci il tarixdə baş vermiş oğurluq faktı ilə əlaqədar hadisə yerinin müayinəsi zamanı götürülmüş əl izlərindən şəxsiyyətin eyniləşdirilməsi üçün yararlı olan 07 ədəd əl-barmaq izləri maddi sübut kimi tanınmış və cinayət işinin materiallarına əlavə edilmişdir. (i.v. 206-215) Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə hökmü haqqında” 15 saylı, 24 dekabr 2021-ci il tarixli Qərarına əsasən məhkəmənin hökmü məhkəmə baxışının aparıldığı dildə, aydın, anlaşılan ifadələrlə tərtib olunmalıdır, hökm yalnız məhkəmə iclasında bilavasitə tədqiq olunan sübutlara əsaslana bilər. Azərbaycan Respublikası CPM-nin 349.5.1-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 3 mart 2005-ci il Qərarına əsasən qanuna görə talama dedikdə özgə əmlakının tamah məqsədilə, hüquqazidd, əvəzsiz götürülməsi və bu əmlakın təqsirkarın və ya başqa şəxsin xeyrinə yönəldilməsindən ibarət hərəkətlər başa düşülür. Mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir. Yaranmış konkret şəraitdə təqsirkar gizli hərəkət etdiyini güman edirsə həmin şəxslər talama hadisəsini görmüş olsalar belə təqsirkarın əməli özgə əmlakının gizli talanması hesab edilməlidir. Məhkəmə, zərərçəkmiş şəxsləri, dövlət ittihamçısını, təqsirləndirilən şəxsi, onun müdafiəçisini və şahidi dinləyib, iş materiallarını hərtərəfli və obyektiv tədqiq edərək, istinad olunan hüquq normalarına əsaslanaraq, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2-ci maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirliliyi özünün etirafedici ifadəsi ilə yanaşı, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan, iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxslərin, şahidin ifadələri və iş üzrə toplanmış digər materiallarla sübuta yetirilmişdir. İstintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 177.2.2-ci maddəsi ilə düzgün tövsif edilmişdir, onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar, habelə, əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CPM-nin 44.2.4-cü maddəsinə müvafiq olaraq, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməkdə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarılmalı və ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin 177.2.2-ci maddəsinin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 177.2.2-ci maddəsinə əsasən oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama - təkrar törədildikdə - bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən aşağıdakıları nəzərə alır, eləcə də cinayət qanununun müvafiq prinsip və müddəalarını rəhbər tutur: - 08 dekabr 2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs şübhəli şəxs kimi həmin tarixdə tutulmuşdur. (i.v. 68) - 10 dekabr 2021-ci il tarixli qərardan görünür ki, Bakı şəhəri Nizami Rayon Məhkəməsi tərəfindən Təqsirləndirilən şəxs haqqında həbs qətimkan tədbiri seçilmiş, həbsdə saxlanılma müddəti 03 ay həddində müəyyən edilməklə, həbsetmənin əvvəli 08 dekabr 2021-ci il tarixdən hesablanmışdır. (i.v. 98-100) -Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş 16 dekabr 2021-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu haqqında məlumat yoxdur. (i.v. 141) “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Cinayət Qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndinə əsasən şəxsin təqsirli bilindiyi maddənin sanksiyası azadlıqdan məhrum etmə ilə yanaşı yüngül cəza növləri də nəzərdə tutursa, hökm çıxarılarkən, azadlıqdan məhrum etmə cəzası təyin edildikdə, bu qərar hökmdə əsaslandırılmalıdır. Cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2-ci maddəsi ilə törətdiyi əməl həmin Məcəllənin 15.3-cü maddəsinə əsasən az ağır cinayət, 25.1-ci maddəsinə əsasən isə qəsdən törədilmiş cinayət hesab olunur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə əsasən, cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslərə vurulmuş maddi ziyanı ödəməklə onlarla barışıq əldə etməsini Azərbaycan Respublikası CM-nin 59.1.12-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal qismində Azərbaycan Respublikası CM-nin 61.1-ci maddəsində dairəsi konkret göstərilmiş hallar müəyyən edilməmişdir. Ali Məhkəmənin Plenumunun yuxarıda istinad edilən 25 iyun 2003-cü il tarixli Qərarında həmçinin göstərilmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi də öz qərarlarında dəfələrlə göstərmiş və Milli məhkəmələrə tövsiyə etmişdir ki, şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması üçün əsaslar olduqda məhkəmələr həmin şəxsin barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza növlərinin tətbiq edilməsinə üstünlük verməlidirlər. Cinayət törətmiş şəxsin cəmiyyətdən təcrid edilməsi yalnız bunun üçün möhkəm əsaslar olduqda və bu açıq-aşkar ictimai maraqlar baxımından zəruri olduqda tətbiq edilə bilər. Məhkəmə Təqsirləndirilən şəxs barəsində təyin ediləcək cəzanın həddini və növünü müəyyən edərkən, cəza təyinetmənin ümumi prinsiplərini rəhbər tutmaqla onun qəsdən az ağır cinayət əməli törətməsini, cəzasını yüngülləşdirən halın olmasını, cəzasını ağırlaşdıran halın isə olmamasını, təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq və cəmiyyətdən təcrid edilmədən islah olunmasının mümkün olması qənaətinə gələrək, hesab edir ki, onun islah olunması üçün cəmiyyətdən təcrid olunmamaqla barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilməsi məqsədəmüvafiqdir və cəzanın məqsədini təmin edir. Ona görə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzası təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmin Məcəllənin 52-1.2-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 51-3.1 və 51-2.1-ci maddələrinə əsasən Təqsirləndirilən şəxs ona təyin olunacaq azadlığın məhdudlaşdırılması növündə cəzasını yaşayış yeri üzrə çəkməli və cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə müvafiq məhkəmə qərarı olmadan hər gün saat 22:00-dan növbəti gün saat 07:00-dək yaşayış yerini, habelə gün ərzində Bakı şəhərinin ərazi hüdudlarını tərk etməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifələri qoyulmalı, Təqsirləndirilən şəxs üzərində nəzarətin həyata keçirilməsi yaşayış yeri üzrə probasiya şöbəsinə həvalə edilməlidir. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs hazırkı işlə bağlı 08 dekabr 2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, 10 dekabr 2021-ci il tarixdə barəsində həbs qətimkan tədbiri seçilmişdir, hal-hazıra, yəni 12 may 2022-ci il tarixədək həbsdə saxlanılır. Ona görə məhkəmə hesab edir ki, ümumilikdə həmin 05 ay 03 gün müddət, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə müddətinə azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla təyin olunacaq cəzanın müddətindən çıxılaraq, təqsirləndirilən şəxsin üzərində qəti müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmalıdır. Azərbaycan Respublikası CPM-nin 175.5-ci maddəsinə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməli olduğundan, onun barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilib, hökm qanuni qüvvəyə minənədək, başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ilə əvəz olunmalı və o, məhkəmə iclas zalında dərhal həbsdən azad edilməlidir. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 346-cı maddəsində nəzərdə tutulan, məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında müzakirə edilməli olan digər məsələlərlə bağlı qeyd edir ki, zərərçəkmiş şəxslərə vurulmuş maddi ziyan ödənilmiş, cinayət işi üzrə mülki iddia yoxdur; cinayət nəticəsində vurulmuş maddi zərərin və ya mümkün ola biləcək xüsusi müsadirənin təmin edilməsi məqsədi ilə əmlak üzərinə həbs qoyulmamışdır; maddi sübut qismində tanınmış hadisə yerinin müayinəsi zamanı götürülmüş 10 ədəd əl-barmaq izi saxlama müddəti ərzində cinayət işinin materiallarında saxlanılmalı, bir ədəd “Pioneer” markalı, “DEH-P7150UB” modelli maqnitafonun məhkəməyədək icraat zamanı Zərərçəkmiş şəxs1 qaytarılması nəzərə alınmalı; CPM-nin 198.1-ci maddəsinə əsasən məhkəmə məsrəfi olan ekspertiza xərci təqsirləndirilən şəxsdən tutulub Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. Azərbaycan Respublikası CM-nin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2, 193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının (AR Nazirlər Kabineti) müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə məhkəməyədək icraat zamanı 60 saat göstərdiyi pulsuz hüquqi yardıma görə dəvət olunmuş Bakı şəhəri 6 saylı vəkil bürosunun vəkili X1, məhkəmə icraatı zamanı 35 saat göstərdiyi pulsuz hüquqi yardıma görə dəvət olunmuş Bakı şəhəri 6 saylı vəkil bürosunun vəkili Müdafiəçi (Nazirlər Kabinetinin 03.05.2018-ci il tarixli 202 saylı qərarına əsasən) hər iş saatı üçün 6 manat miqdarında ödənilməsi nəzərə alınmaqla əmək haqqı dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, 02 (iki) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs hazırkı iş üzrə 08 dekabr 2021-ci il tarixdən 12 may 2022-ci il tarixədək həbsdə saxlanıldığı 05 (beş) ay 04 (dörd) gün müddət, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə müddətinə azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla təyin olunmuş azadlığın məhdudlaşdırılması cəzasının müddətindən çıxılıb, üzərində qəti olaraq 01 (bir) il 07 (yeddi) ay 22 (iyirmi iki) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə müvafiq məhkəmə qərarı olmadan hər gün saat 22:00dan növbəti gün saat 07:00-dək yaşayış yerini, habelə gün ərzində Bakı şəhərinin ərazi hüdudlarını tərk etməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs üzərində nəzarətin həyata keçirilməsi yaşayış yeri üzrə probasiya şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilib, hökm qanuni qüvvəyə minənədək başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ilə əvəz olunsun və o, məhkəmə iclas zalında dərhal həbsdən azad edilsin. Maddi sübut qismində tanınmış hadisə yerinin müayinəsi zamanı götürülən 10 ədəd əl-barmaq izi saxlama müddəti ərzində cinayət işinin materiallarında saxlanılsın, bir ədəd “Pioneer” markalı, “DEH-P7150UB” modelli maqnitafonun məhkəməyədək icraat zamanı Zərərçəkmiş şəxs1 qaytarılması nəzərə alınsın. Məhkəmə məsrəfi olan 50 manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub dövlət xəzinədarlığı agentliyi, kod 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN **********, hesab AZ34CTRE******************** hesabına ödənilsin. Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı 60 saat göstərdiyi pulsuz hüquqi yardıma görə dəvət olunmuş Bakı şəhəri 6 saylı vəkil bürosunun vəkili X1 360 manat əmək haqqı, məhkəmə icraatı zamanı 35 saat göstərdiyi pulsuz hüquqi yardıma görə dəvət olunmuş Bakı şəhəri 6 saylı vəkil bürosunun vəkili Müdafiəçi 210 manat əmək haqqı müvafiq hesablaşma hesabı üzərindən Bakı şəhəri 6 saylı vəkil bürosu vasitəsi ilə Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Hökmdən elan olunduğu andan 20 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Həmin müddətdə hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə, hökm müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Nəriman Mehdiyev
Məhkəmə qərarları › İş №1(007)-147/2022
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Hökm — İş №1(007)-147/2022
12.05.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver