Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(007)-148/2021 14.10.2021 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyeva Mətanət İsfəndiyar qızının sədrliyi, məhkəmə iclas katibi Azadəli Orhan Nasir oğlunun katibliyi, dövlət ittihamçısı -Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhər məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Mirzəyev Ceyhun Namiq oğlunun, zərərçəkmiş şəxs – Zərərçəkmiş şəxs, zərərçəkmiş şəxsin nümayəndəsi – Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2, müdafiəçi – Bakı şəhəri 25 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi3 oğlunun, təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs oğlunun iştirakı ilə, təqsirləndirilən şəxs – xx.xx.1981-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, fərdi əmək fəaliyyəti ilə məşğul olan, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan, barəsində başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 133.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN E T D İ: Təqsirləndirilən şəxs 2020-ci ilin iyul ayının 19-dan arvadı Zərərçəkmiş şəxs ilə ünvan 2 ünvanında yerləşən binanın 13-cü mərtəbəsinin 4 nömrəli mənzilində birgə yaşadıqları müddət ərzində Zərərçəkmiş şəxs mənzilin xərclərini tam təmin etməməsi, qazandığı pulları spirtli içkiyə xərcləməsi, başqa qadınlarla münasibətdə olması, evə gec gəlməsi ilə bağlı ona iradlar bildirməsi ilə əlaqədar qisas almaq üçün sonuncuya güclü fiziki ağrılar və psixi iztirablar vermək məqsədilə 2020-ci ilin iyul ayının 19-dan 2020-ci ilin noyabr ayının 19-dək olan müddət ərzində birgə yaşadıqları ünvan 2 ünvanında yerləşən binanın 13-cü mərtəbəsinin 4 nömrəli mənzilində mütəmadi olaraq Zərərçəkmiş şəxs ünvanına müxtəlif nalayiq sözlər ifadə edərək yumruq və təpiklə Zərərçəkmiş şəxs bədəninin müxtəlif nahiyələrinə zərbələr endirməklə döyüb fiziki ağrılar və psixi iztirablar vermiş, bundan sonra 19 noyabr 2020-ci il tarixdə birgə yaşadıqları ünvan 2 ünvanında yerləşən binanın 13-cü mərtəbəsinin 4 nömrəli mənzilində yenidən Zərərçəkmiş şəxs ünvanına müxtəlif nalayiq sözlər ifadə edərək yumruq və təpiklə Zərərçəkmiş şəxs bədəninin müxtəlif nahiyələrinə zərbələr endirib döyməklə sonuncuya sağ çənə bucağının, sol gicgah nahiyəsinin qançırları, sol bazunun arxa səthinin, sağ bazunun ön səthinin, sol saidin ön-iç səthinin və arxa səthinin, sağ saidin bayır səthinin arxa səthinin qançırları ilə nəticələnən ümumilikdə sağlamlığa zərər vurmayan dərəcəsi təyin edilməyən xəsarətlər yetirmiş, sonuncu dəfə 27 noyabr 2020-ci il tarixdə saat 23 radələrində birgə yaşadıqları ünvan 2 ünvanında yerləşən binanın 13-cü mərtəbəsinin 4 nömrəli mənzilində yüngül alkoqol sərxoşluğu vəziyyətində Zərərçəkmiş şəxs ünvanına nalayiq sözlər ifadə edib əlləri ilə zərbələr endirərək döyüb yerə yıxmaqla, saçından tutub başını mənzilin döşəməsinə çırpmış, yerlə sürüməklə təkrar intensiv və davamlı olaraq yumruq və təpiklə bədəninin müxtəlif nahiyələrinə zərbələr endirərək Zərərçəkmiş şəxs hər iki təpə nahiyəsinin və burun belinin şişkinlik halında əzilmələri, sol yanağın iç səthinin qansızması, sol qulaq sırğalığın və sol qulaq seyvanının arxa səthinin qançırları, sol qulaq sırğalığının səthi əzilmiş yarası, sağ saidin bayır səthinin, sol əlin arxa səthində İV barmağın proksimal-orta falanqa oynağı nahiyəsinin və distal falanqa nahiyəsinin, sağ dirsək oynağının arxa səthinin, döş qəfəsinin sol döş-körpücük oynağı nahiyəsinin sıyrıqları, sağ əlin arxa səthində İİ barmağın proksimal-orta falanqa oynağı nahiyəsinin qançırı, hər iki budun ön səthinin çoxsaylı qançırları, hər iki dizin ön səthinin qançırları ilə nəticələnən ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aid xəsarətlər yetirərək Zərərçəkmiş şəxs Azərbaycan Respublikası CM-nin 126 və 127-ci maddələrində göstərilən nəticələrə səbəb olmayan mütəmadi olaraq döyməklə və zorakı hərəkətlərlə güclü fiziki ağrılar və psixi iztirablar verməklə əzab vermişdir. Təqsirləndirilən şəxs məhkəmə baxışında özünü ona elan olunmuş Azərbaycan Respublikası CM-nin 133.1-ci maddəsində nəzərdə tutulmuş ittihamla təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, 27.11.2020-ci il tarixdə saat 21:30 radələrində bazarlıq eləyib işdən evə gəlmişdir. Əynini dəyişib, aldığı ərzağı yerləşdirmiş, sonra hamama yuyunmağa girmişdir. Təxminən yarım saat hamamda qalmışdır. Duş kabinəsinin qapısını açmaq istəyərkən cəftəsi əlində qalmış, şüşəsi qırılıb üstünə tökülmüşdür. Təmir vaxtı duş kabinəsini bir dəfə söküb çıxartmışlar, sonra düz quraşdırmamışdılar. Səsə Dilarə gəlib nə baş verdiyini soruşmuş, o, duş kabinəsinin qapısının sındığını demişdir. Dilarə yod, pambıq vermiş, o, qanı kəsmişdir. Həmin vaxt Fərəh hələ yatmamış, Dilarəyə uşağı o tərəfə çəkməsini bildirmişdir. O, qanını kəsib hamamdan çıxmışdır. Duş kabinəsinin qırılması üstündə sözlə mübahisələri düşmüş, o, təzəsini alıb qoyacağını bildirmişdir. Sonra Fərəh aralarına girib “ata bəsdir, bəsdir” demişdir. O, Fərəhə “o, sakit olsun, mən də sakit olacam” demişdir. Dilarə ilə mübahisələri daha da güclənmişdir. Dilarə Fərəhə demişdir ki “telefonu götür babana zəng elə”. O da “wifi” yerindən qopardıb atmışdır. Telefona əl vurmamışdır, “wifi” çıxarılanda telefon işləmir. Sonra Dilarə çöl qapısını açıb Fərəhə demişdir ki, “get babangilə”. Özü də “tapoçkanı” geyinmişdir ki, getsin. O, onların hər ikisinin qolundan tutub evə salmış, qapını bağlamışdır. O, Fərəhi aralarında olan mübahisəni görməməsi, psixikasının korlanmaması üçün otağa salmış, otağın qapısı açıq qalmışdır. Həmin vaxt Fərəh ağlamışdır. Sonra yenə mübahisə etmişlər, nə qədər Dilarəyə səsini kəsməsini desə də səsini kəsməmişdir. O, mətbəxə keçmiş, Dilarə üstünə gəlmiş, o, Dilarəni itələyib çölə çıxarmışdır. Dilarə yenə mətbəxə girərək üstünə gəlmiş o, Dilarəni itələyib çölə çıxartmışdır. Dilarə axırda koridorda stulda oturmuş, o da mətbəxdə oturub siqaret çəkmişdir. Mətbəxin qapısı açıq vəziyyətdə olmuşdur. Təxminən 15-20 dəqiqə sonra, bəlkə də yarım saat sonra birdən Dilarənin “Fərəh, Fərəh” deyə qışqırıq səsinə çıxmış və otağa keçdikdə Dilarənin kürəyi pəncərəyə tərəf “Fərəh, Fərəh” deyə qışqırmasını görmüşdür. Pəncərə və pərdə açıq vəziyyətdə olmuşdur. Dərhal otaqda orabura baxmış, lakin, Fərəhi tapa bilməmişdir. O, ayaqyalın liftlə aşağı düşmüş, Dilarə isə pilləkənlərlə düşmüşdür. Qaça-qaça həyətdə evin arxasına baxmış, uşağı görməmiş, zaborun üstünə qalxıb o biri tərəfə hoppanmış, lakin uşağı tapa bilməmişdir. Bu zaman qonşu qışqırıb uşağın eyvanın beton çıxıntısının üzərinə düşdüyünü bildirmişdir. O, dala qayıtmış, blokun qabağına çatdıqda 2 polis maşınının dayandığını, qonşuların həyətdə olduğunu görmüşdür. Dilarə də blokun qabağında dayanıb “uşağı sən öldürdün” demişdir. O, tez yuxarı qalxıb qonşunun evinə girmiş, 2 nəfər polis əməkdaşının pəncərənin qabağında dayandığını görmüşdür. Uşağın yanına getmək istəmiş, lakin polis əməkdaşları qoymamışlar. Onları itələmiş, pəncərəni açmışdır ki, hoppansın onu tutub yerə yıxmışlar ki, sakitləşsin. Bu zaman Dilarə koridorda qonşunun evinin girəcəyində dayanmışdır. Polis əməkdaşları hadisənin necə olduğunu soruşduqda Dilarə demişdir ki, “uşaq buna görə ölüb”. Sonra polislər onu aparmışlar, prokurorluqda izahat vermişdir. O, həmin gün Dilarəni vurmamışdır, üstünə gəldiyinə görə koridorda itələmişdir. 19.11.2020-ci il tarixdə evin təmiri ilə əlaqədar Dilarə ilə aralarında mübahisə olmuşdur. Şirkət tərəfindən göndərilmiş ustalar evi yaxşı təmir etməmişlər. Ona görə də evi özü təmir edəcəyini, hal-hazırda pulunun olmadığını demişdir. Dilarə özünün usta tapıb gətirəcəyini bildirmiş, o isə cavabında “sən yad adamı tap gətir evə, dalı pis olacaq” demişdir. Dilarə ilə sözlə mübahisələri davam etmiş, o, axırda “əcəb edirəm, etmirəm” demişdir. O, yataq otağına keçib uzanmışdır. Dilarə də gəlib yataq otağının girişində dayanıb onun o biri qızına qarğış etmiş, söyüş söymüşdür. O, ayağa durub Dilarəyə qarğış etməməyini, qışqırmamağını bildirmişdir. Dilarə Fərəhi yuxudan durğuzub beynini doldurmuşdur ki, baban, nənən, bibin düşməndir, onlar səni istəmirlər. Anası xəstədir, işləmir. Çağırışlara həmişə vaxtı-vaxtında gəlmişdir. İşlərini yekunlaşdırıb təhvil verməyi üçün ona bir həftə vaxt verilməsini xahiş etmişdir. Vəkilinin çıxışında dedikləri ilə razıdır. Məhkəmə baxışında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, 2010-cu ilin noyabr ayının 20-də Vahidlə rəsmi nikaha daxil olmuşlar. Nikaha daxil olduqdan 1 ay sonra Vahid dəyişmiş, onun içki aludəçisi olduğunu aşkar etmişdir. 2020-ci ilin iyul ayında o və valideynləri ilkin ödəniş etmiş, Vahid və qızı ilə birlikdə Nizami rayonu, Mehdi Abbasov küçəsi, 13 nömrəli evin 13-cü mərtəbəsində yerləşən 4 nömrəli mənzilə köçmüşlər. Birlikdə yaşadıqları 10 il ərzində dəfələrlə Vahidlə münasibətləri korlanmış və bir müddət Vahiddən ayrı yaşamışdır. Buna səbəb Vahidin teztez spirtli içki qəbul etməsi, sərxoş vəziyyətdə olduğu vaxtlarda onunla mübahisə edib dalaşması, onu döyməsi, işgəncə verməsi, ailəyə diqqət göstərməməsi, evin xərclərini tam təmin etməməsi, qazandığı pulları spirtli içkilərə xərcləməsi, başqa qadınlarla münasibətdə olması olmuşdur. Vahid dəfələrlə uşağının gözü qarşısında onu döymüş, işgəncə vermişdir. Fərəh hər dəfə araya girib “ata anamı döymə, ata anamı öldürmə, ata anamı burax” demişdir. Təqsirləndirilən şəxs bir neçə dəfə rəsmi qaydada ayrılmaq qərarına gəlmiş və bu məqsədlə boşanmaq üçün bir dəfə 2017-ci ildə Bakı şəhəri Nizami Rayon Məhkəməsinə müraciət etmiş, lakin Vahid həmin ərəfədə onunla əlaqə saxlayıb “məndən ayrılsan, səni və ailə üzvlərini öldürəcəm” sözlərini deməklə onu hədələmiş və buna görə də qorxub iddia ərizəsini geri götürmüşdür. Həmçinin 2017-ci ildə Təqsirləndirilən şəxs onu döyməsi barədə Bakı şəhəri Nizami RPİ-nin 25-ci PB-nə müraciət etmiş, lakin Təqsirləndirilən şəxs yenə də onu öldürməklə hədələdiyi üçün araşdırma aparılmadan ərizəsini geri götürmək məcburiyyətində qalmışdır. 19.11.2020-ci il tarixdə Vahid evə gələndə gözləri qızarmış, “kefli” vəziyyətdə olmuş, nəfəsindən də iy gəlmişdir. Vahid evə gələndə də “Bizon” içkisi alıb gətirmiş, evdə həmin içkini içmişdir. Həmin vaxt Fərəh yataqda uzanmış, yuxuya getmişdir. Vahid evin qapısına baxıb “bu nə qapıdır qoyublar, bu necə qapıdı düzəldiblər” demişdir. O, cavabında usta adamsan bəyənmirsən təmir edərsən demişdir. Vahid isə ona mənzildə heç bir iş görməyəcəyini bildirmişdir. Bu zaman aralarında mübahisə yaranmış, Fərəh səsə oyanmışdır. Vahid pultu üstünə ataraq qışqıraraq “səsini kəs” demişdir. Vahid onu divara dirəyərək “səni öldürəcəm, səni boğacam, sən yaşamayacaqsan” demiş, valideynlərini, bacısını nalayiq ifadələrlə təhqir etmişdir. O da Vahidə cavab qaytarmışdır. Vahid onu divara dirəyib boğmuş, boynunu qaçıranda az qalmışdır ki, boynu qırılsın. O, çıxmaq istəyəndə yenə onu divara itələmişdir. Fərəh də aralarında qalmış, yalvarmışdır ki, “ata anamı burax, öldürmə”. Sonra onu yatağa atmış, üstünə çıxıb yenə boğmağa başlamışdır. Bu zaman burnunu da, ağzını da tutmuşdur ki, səsini çıxarda bilməsin. Sonra onu ayaqlarından tutub yerə atmış, o, belüstə yerə dəymişdir. Yenə onu yerdə döyməyə başlamışdır. Fərəh gəlib onları birtəhər ayırmış, o, kənara çəkilmişdir. O, həmin gün Vahidə demişdir ki, “qurban olum, yalvarıram sənə evə gəlmə, imkan ver mən də özümə gəlim, sən də özünə gəl”. Vahid isə demişdir ki, “bundan sonra acığa hər gün evə gələcəm”. Noyabr ayının 19-da olan münaqişədən sonra hadisə gününədək Vahid ilə danışmamış, birlikdə yaşasa da, bir dəfə də olsun söhbət etməmişlər. 27 noyabr 2020-ci il tarixdə saat 21:30 radələrində Vahid evə gəlmiş, aldığı ərzağı qonaq otağına və mətbəxə aparıb qoymuş, sonra isə hamama keçmişdir. Artıq hərəkətlərindən, davranışlarından və evə girən zaman hamama girməsindən onun yenə də, spirtli içki qəbul etməsini başa düşmüşdür. Vahid çimərkən içəridən şaqqıltı səsi gəldiyi üçün hamama tərəf getmiş, qapını açdıqda duş kabinəsinin şüşələrinin qırıldığını, şüşələrin Vahidin çiyninə və ayaqlarına düşməsi səbəbindən üst-başının qan içində olduğunu görmüşdür. Səsə artıq Fərəh də yuxudan oyanmışdır. Ondan nə baş verdiyini soruşduqda Vahid isti su ilə çox çimdiyinə görə şüşələrin istidən qırıldığını bildirmişdir. O, Vahidə əlini uzadaraq demişdir ki, “əlini ver mənə kömək edim oradan çıx”, Vahid isə cavabında “sənin əlin mənə lazım deyil” demişdir. X13 çağırmış, ondan yod və spirt gətirməyini istəmişdir. Fərəh tez gətirib ona vermiş, o da Vahidə vermişdir. Vahid hamamdan çıxanda ayağı sürüşüb yıxılmış, o, yenə əl uzatmış, lakin Vahid rədd etmişdir. Vahid ondan yaralarına perekis, yod tökməyini istəmiş, o, tökmüşdür. Sonra ondan dəsmalı istəmiş, o, dəsmalı da vermişdir. Vahid dəsmala bürünüb hamamdan çıxmışdır. O, Fərəhlə yataq otağına keçib oturmuşlar, Vahid də gəlib onlarla üzbəüz durmuşdur. O, artıq başa düşmüşdür ki, Vahid onlarla mübahisə edəcək, özünü kəsməyinin acığını onlardan çıxacaqdır. O, 27.11.2020-ci il tarixdə Vahidlə mübahisə etməmiş, Vahid nə demişsə susmuş, cavab qaytarmamışdır. Yalnız özünün və uşağının canını qurtarmağı fikirləşmişdir. Vahid çaynikin suyunu dəyişməyini bəhanə edərək onun dalınca gəlib onu divara dirəmiş, qarnından yumruqla vurmuş, o, başını aşağı salmışdır. Onun saçından tutub sürüyə-sürüyə yataq otağından hola gətirmişdir. Hola gətirəndə onu atmış, o, holun qurtaracağında dirsəkləri, ayaqları üstə yıxılmışdır. Fərəh də qaçıb yanına gəlmişdir. Vahid də arxasınca gəlmiş başını yerə vurmağa başlamış, burnundan qan açılmışdır. O, “burnumdan qan da açıldı, bəsdir də, nə istəyirsən” demişdir. Vahid “öldürəcəm səni” demişdir. Onu stulun altına salıb bədənini üstünə qoyub ayaqlarını bağlamış, əllərini tutmuş, gah burnunu, gah ağzını tutmuşdur ki, nəfəs ala bilməsin. Fərəh ağlaya-ağlaya yalvararaq “ata nə olar burax anamı, öldürmə” demişdir. Vahid Fərəhə, onun göz yaşlarına, çabalamasına əhəmiyyət verməmişdir. Vahid qulağını dişləyib qanatmışdır. Sonra barmağından yapışıb ağzına salmışdır ki, indi barmağını qopardacam. Fərəh yenə də “ata, eləmə, burax” deyərək yalvarmışdır. Sonra Vahid artıq onun taqətinin qalmadığını, boğulduğunu görüb buraxmışdır. Fərəhi götürüb qapını açıb getmək istəmiş, bu zaman Vahid yenə arxadan onu tutub “hara gedirsən” deyərək, dala darta-darta içəri salmışdır. Vahid Fərəhin əlini onun əlindən ayırıb, iki qolunun altından tutub sürüyə-sürüyə yataq otağına aparmış, Fərəhə “burdan çıxsan meyidini sərərəm sənin” demiş, qapını örtmüşdür. O, şok vəziyyətində olmuşdur. Vahid onu yerə yıxıb yenə döyməyə başlamış, holdan sürüyərək mətbəxə aparmış, orada da onu yenə döymüş, başını yerə çırpmışdır. Həmin gecə Vahidin məqsədi onu öldürmək olmuşdur. O, birtəhər qalxmış, dizinin üstündə oturmuş, bir anlıq başı getmişdir. Vahid onu orada qoymuş, balkon tərəfə çıxmış, balkona getməyi ilə qayıtmağı heç bir dəqiqə çəkməmişdir. Vahid qayıdana artıq o, özünü toplamış, ayağa qalxmışdır. Vahid yenə onu tutub dartaraq mətbəxdən hola gətirmiş, onu döymüşdür. Vahid onun yaxasından tutub balkona aparmaq üçün dartmış, o, müqavimət göstərmişdir. Onu mətbəxin ortasına kimi gətirmiş, yenə onun başına, bədəninə vurmuş, burnunu, ağzını tutmuşdur ki, o, özü ölsün, onun əl izləri qalmasın. Vahidin şalvarını geyindiyini görüb başa düşmüşdür ki, Vahid bu hadisəni törədib qaçmaq istəyir. O, “hara gedirsən, bunlara görə cavab verəcəksən” demişdir. O, Fərəhin olduğu otaqdan səs gəlmədiyinə görə həmin otağa daxil olduqda otaqda Fərəhi görməyib, “Fərəh, Fərəh” deyib Fərəhi səsləmişdir. Cavab gəlmədiyi üçün fikirləşmişdir ki, Fərəh qorxusundan gizlənib, ona görə də otaqda olan şkafa baxmış, lakin Fərəhi tapa bilməmişdir. Yataq otağının qapısını açdıqda pəncərənin önündə asılmış pərdə və pəncərənin açıq vəziyyətdə olduğunu görmüşdür. Onun arxasınca Vahid də otağa girmiş, pəncərəyə yaxınlaşıb baxmış və Fərəhin orada olmadığını demişdir. O, otaqdan birinci çıxmış, Vahid də onun arxasınca çıxmış, Vahid liftə minmiş, o, 13 mərtəbəni “Fərəh” deyə-deyə pilləkənlərlə düşmüşdür. O, qapını açdıqda qonşuların, bəzi polislərin orada olduğunu görmüşdür. O, heç nə demədən komendant tərəfə getmişdir. Onun nitqi tutulmuş, danışa bilməmişdir. Bir neçə dəqiqədən sonra qonşulardan biri Fərəhin meyitinin binanın ikinci mərtəbəsində olan eyvanın yanındakı beton çıxıntının üzərində olduğunu bildirmişdir. Uşağının ölüm səbəbi birbaşa Vahiddir. Fərəhi pəncərədən Vahid atmışdır. Vahid onu sürüyə-sürüyə mətbəxə aparanda demişdir ki, onu 13-cü mərtəbədən atmağa aparır. Onu atmaq istəyirdi ki, sonra desin uşaqdan sonra anası da özünü atıb. Məhkəmə baxışında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, Bakı şəhəri, Nizami rayonu, Mehdi Abbasov küçəsi, 13 saylı binanın 2-ci mərtəbəsində yerləşən 4 nömrəli mənzildə ailəsi ilə birlikdə yaşayır. Təqsirləndirilən şəxs, arvadı Zərərçəkmiş şəxs və onların övladları X4 hadisə baş verənədək tanımamış, onlarla heç bir münasibəti olmamışdır. 27 noyabr 2020-ci il tarixdə saat 23 radələrində yaşadığı mənzilin qonaq otağında oturub televizora baxarkən, arvadı Gülay mətbəxdə ev işləri ilə məşğul olmuşdur. Bu zaman həyətdən küt səs gəldiyini eşitmiş və güman etmişdir ki, açıq eyvanda quraşdırılmış isidici qurğuda (kombidə) nə isə nasazlıq baş vermiş və partlayış olmuşdur. Dərhal mətbəxdən açıq eyvana keçib kombi aparatına baxarkən ondan əvvəl eyvana çıxmış arvadı Gülayın çox həyəcanlı vəziyyətdə ona əli ilə birinci mərtəbə ilə ikinci mərtəbə arasında binaya bitişik beton çıxıntını göstərdiyini görmüşdür. Gülayın əli ilə göstərdiyi yerə baxdıqda qız uşağının arxası üstə həmin çıxıntının üzərində hərəkətsiz uzandığını görmüşdür. DİN-nin 102 xidmətinə zəng etmişdir. Zəngə cavab verən olmadığı üçün telefonu Gülaya vermişdir ki, cavab versələr hadisə barədə məlumat versin, özü isə həyətə düşmüşdür ki, bu barədə qonşulara məlumat versin. O, həyətə düşdükdə Fərəhin valideynləri orada olmamış, təxminən 10 dəqiqədən sonra Fərəhin valideynləri onların evinə gəlmişlər. Artıq həmin vaxt polislər də gəlmişlər. Həmin vaxt Dilarə xanımın üzündə, ağzında, burnunda şişkinlik, əzik olmuş, üzərində qan ləkələri olmuşdur. Evdə olarkən Dilarə xanım Vahidin onu tez-tez döydüyünü dediyini eşitmişdir. Dilarə xanımın Vahidin uşağı atdığını, itələdiyini deməyini xatırlamır. Məhkəmə baxışında şahid qismində dindirilmiş Şahid4 Şahid3 ilə oxşar məzmunda ifadə vermişdir. Məhkəmə baxışında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, Bakı şəhəri, Mehdi Abbasov küçəsi 13 saylı binanın 14-cü mərtəbəsində yerləşən 3 nömrəli mənzildə yaşayır. Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və azyaşlı qızları Fərəh Nadirova ilə birlikdə yaşadıqları binanın 13-cü mərtəbəsində yerləşən 4 nömrəli mənzildə yaşamışlar. Hadisə baş verən gün, yəni 27.11.2020-ci il tarixdə az-az səslər gəlmiş, elə bil dava səsi olmuş, qapının çırpılması səslərini eşitmişdir. Sonra bərkdən xanımın qışqırmaq səsini eşitmiş, həyəcan keçirmiş, nə baş verdiyini öyrənmək üçün çölə çıxmış, liftlə aşağı düşmüşdür. Həmin vaxt xanım “uşaq yoxdur” demişdir. O, nə baş verdiyini başa düşməmişdir. Xanım ayaq yalın, başı açıq aşağı düşmüşdür ki, “uşaq hanı”. Xanım elə bilmişdir ki, uşaq evdən çıxıb qaçıb düşmüşdür, uşağın yıxılıb öldüyünü ağlına gətirməmişdir. Həmin vaxt xanımın üzü-gözü göy olmuş, ağzından qan axmışdır. Həyətdə başqa qonşular, kişilər olmuşdur. Sonra o, 2-ci mərtəbəyə qalxmışdır. 2-ci mərtəbədəki qonşu uşağın pəncərədən yıxıldığını demişdir. Xanım da orada olmuş, ağlamışdır. Xanım orada “mənim uşağımı öldürdü” demişdir. Sonra o, evinə getmişdir. Polis əməkdaşları o, evə getdikdən sonra gəlmişlər. Hadisə baş verən tarixdən bir neçə gün əvvəl bir dəfə Dilarə xanımgilin mənzilindən səslər gəldiyini eşitmişdir. Həmin vaxt uşağın da səsinin gəldiyini eşitmişdir. Qeyd etdiklərindən başqa həmin mənzildən səslər eşitməmişdir. İstintada ifadəsini oxumamışdır. Məhkəmə baxışında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, ünvan 2 ünvanında yerləşən binanın 12-ci mərtəbəsindəki 4 nömrəli mənzilində qızı və nəvəsi ilə birlikdə yaşayır. Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və qızı Fərəh Nadirova onun yaşadığı mənzilin üst qonşuluğunda yaşamışlar. Bir neçə dəfə onların mənzilindən səslər gəlmiş, Dilarə ilə Vahidin bir-biri ilə mübahisə etmələrini eşitmişdir. 27 noyabr 2020ci il tarixdə təxminən saat 23-24 radələrində çaqqıltı səsləri eşitmiş, kiminsə təmir etdiyini düşünmüşdür. Dilarəgilin evindən səslər gəlmişdir. Kolidorda sürümək səsi gəlmiş, sanki kimisə mətbəxə sürümüşlər. Dilarənin səsi boğuq gəlmiş, yoldaşının səsi bərkdən gəlmiş, lakin nə dediyini tam başa düşə bilməmişdir. Mənzilin yataq otağında uşağın ağlamaq səsini eşitmişdir. Uşaq pəncərənin yanında 2-3 dəfə “kömək edin, kömək edin” deyə qışqırmışdır. Qızının üzü pəncərəyə tərəf olmuş və qızı kiminsə yıxıldığı demişdir. Bu anda həyətdən tappıltı səsi eşitmişdir. Qızının halı pisləşmiş, əsməyə başlamışdır. O, mənzilin eyvanına keçib aşağıya baxdıqda uşağın binanın 1-ci və 2-ci mərtəbəsi arasında beton çıxıntının üzərinə düşdüyünü görmüşdür. Hətta uşaq aşağı düşdükdən sonra da mətbəxdən dava-dalaş səsləri gəlmişdir. Bir qədər sonra Vahidlə Dilarə bundan xəbər tutub aşağıya düşmüşlər. Qızının halı yaxşı olmadığı üçün o, mənzilindən bayıra çıxmamışdır. Məhkəmə baxışında zərərçəkmiş şəxsin nümayəndəsinin vəsatəti əsasında şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərmişdir ki, ünvan 2 ünvanında yerləşən binanın 11-ci mərtəbəsindəki 4 nömrəli mənzildə valideynləri və qardaşı ilə birlikdə yaşayır. Hadisə baş verən gün evdə o və valideynləri olmuş, qardaşı müharibədə olmuşdur. Axşam saat təxminən 10-dan sonra səslər, dava səsləri eşitmişlər, lakin səslər tam aydın olmamışdır. Həmin vaxt hətta uşağın da səsini eşitmiş, uşaq “ana” və ya “ata” demişdir. Çölə çıxdıqda Dilarə xanımın “uşağımı öldürdü” deyərək qaçdığını görmüşlər. Heç nədən xəbərləri olmamış, nə baş verdiyini bilməmişlər, elə bilmişlər ki, evdə sadəcə dava olmuşdur. O, təsadüfən evin arxa tərəfində olan eyvanına çıxmış, yerə baxdıqda yerdə uşağı görmüşdür. Bundan sonra tez telefonu götürüb 102 xidmətinə zəng etmişdir. Xanım “uşağımı öldürdü” deyəndə elə başa düşmüşdür ki, uşağı kimsə atıb. O, 102 xidmətinə zəng edib “biz dava səsləri eşitmişik, indi yerdə uşaq meyiti var. Uşağın valideyni deyəsən dedi ki, “uşağı öldürüb, uşağı atası öldürüb” demişdir. O, hətta bunu gözü ilə görmədiyini də demişdir. Sonra onlar aşağıya düşmüşlər, dəqiq xatırlamır, 1 və ya 2-ci mərtəbəyə düşmüşlər. Orada uşağın özünün yıxıldığını demişlər. O, polis əməkdaşları gələndən sonra onlara da xanımın dediyinə əsasən 102 xidmətinə elə məlumat verdiyini, amma sonra aşağıya düşəndə uşağın özünün yıxıldığını dediklərini bildirmişdir. Dilarə xanımgilnən onların arasında 2 mərtəbə var. Kiminsə kimisə öldürdüyünü və ya atdığını gözü ilə görməmişdir, görməsi də mümkün deyildir. İşdə olan və məhkəmə baxışında tədqiq edilmiş: - cinayət işinin başlanması haqqında 28.11.2020-ci il tarixli qərardan görünür ki, azyaşlı X2 özünü öldürməsi faktı üzrə toplanmış material əsasında Azərbaycan Respublikası CM-nin 125-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanılmışdır. - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi tərəfindən verilmiş “Sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə” barədə 2/12620 saylı, 28.11.2020-ci il tarixli protokoldan görünür ki, 28.11.2020-ci il tarixdə saat 01:40 radələrində müayinə olunan Təqsirləndirilən şəxs yüngül dərəcə sərxoş olduğu müəyyən olunmuşdur. - Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X7- Təcrübi və Tədris Birliyinin 28.11.2020-ci il tarixli, 927 saylı ekspert rəyinin nəticə hissəsindən görünür ki, Zərərçəkmiş şəxs olan xəsarətlər şərti olaraq iki qrupa bölünür: 1 qrupdakı xəsarətlər - hər iki təpə nahiyəsinin və burun belinin şişkinlik halında əzilmələri, sol yanağın iç səthinin qansızması, sol qulaq sırğalığın və sol qulaq seyvanının arxa səthinin qançırları, sol qulaq sırğalığının səthi əzilmiş yarası, sağ saidin bayır səthinin, sol əlin arxa səthində İV barmağın proksimal-orta falanqa oynağı nahiyəsinin və distal falanqa nahiyəsinin, sağ dirsək oynağının arxa səthinin, döş qəfəsinin sol döş-körpücük oynağı nahiyəsinin sıyrıqları, sağ əlin arxa səthində İİ barmağın proksimal-orta falanqa oynağı nahiyəsinin qançırı, hər iki budun ön səthinin çoxsaylı qançırları, hər iki dizin ön səthinin qançırları; 2- ci qrupdakı xəsarətlər - sağ çənə bucağının, sol gicgah nahiyəsinin qançırları, sol bazunun arxa səthinin, sağ bazunun ön səthinin, sol saidin ön-iç səthinin və arxa səthinin, sağ saidin bayır səthinin arxa səthinin qançırları vardır. Qeyd olunan xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən törənmişdir, İ qrupdakı xəsarətlərin alınma müddəti şəxsin göstərdiyi, yəni 27 noyabr 2020-ci il tarixə uyğun gələ bilər və dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aid edilir. İİ qrupdakı xəsarətlərin alınma müddəti, şəxsin göstərdiyi 19 noyabr 2020-ci il tarixə uyğun gələ bilər və həm ayrı-ayrılıqda, həm də ki, ümumilikdə sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilmir. Qərarın təsviri hissəsində göstərilən digər tarixlərə uyğun bədən səthində hər hansı bir xəsarət və ya xəsarət izi aşkar edilmədi. Xəsarətlərin lokalizasiya və xüsusiyyətlərinə istinadən demək olar ki, hər iki budun ön səthinin qançırları şəxsin özü tərəfindən özünə yetirməsi nəticəsində törənə bilərdi, digər xəsarətlərin şəxsin özü tərəfindən yetirilməsi inkar olunur. - Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X7- Təcrübi və Tədris Birliyinin 30.11.2020-ci il tarixli, 931 saylı ekspert rəyinin nəticə hissəsindən görünür ki, Təqsirləndirilən şəxs sağ bazunun bayır səthi, sağ ayaqaltı və sol ayaqüstü nahiyələr və sol baldırın ön səthinin səthi kəsilmiş yaraları olmuşdur. Qeyd olunan səthi kəsilmiş yaralar kəsici kənara malik əşyanın (əşyaların), ola bilsin ki, sınmış şüşə qırıntılarının təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən şəraitdə və müddətdə, yəni 27.11.2020-ci il tarixdə yarana bilər, həm ayrı-ayrılıqda, həm də ki, ümumilikdə sağlamlığa zərər vurmayan xəsarət olduğundan dərəcəsi təyin edilmir. Lokalizasiya və xarakterlərinə əsasən demək olar ki, xəsarətlərin şəxsin özü tərəfindən özünə yetirməsi nəticəsində yaranması inandırıcı deyildir. - Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X1 maddi sübutların ekspertizasına dair 05.01.2021-ci il tarixli, 987/2020-MTBŞ saylı rəyin nəticə hissəsindən görünür ki, Zərərçəkmiş şəxs ABO sistemi üzrə qrup göstəricisi: Abeta (İİ) (şəxsiyyət vəsiqəsinin kserosurətinə əsasən). X3 ABO sistemi üzrə qrup göstəricisi: AB (İV). Təqsirləndirilən şəxs ABO sistemi üzrə qrup göstəricisi: AB (İV) (şəxsiyyət vəsiqəsinin kserosurətinə əsasən). Ekspertizaya təqdim olunmuş 4 ədəd çubuqlu pambıq tamponların (“Karidordan metlağın üzəri”, “Mətbəxin qapısının çöl tərəf”, “Yataq otağında qapının qarşısı”, “Hamamda duş kabinədə” yazısı olan) üzərinə hopdurulmuş ləkələrdə A və B antigenləri alındı. Aqqlyutininlər isə alınmadı. Belə olan halda bu qan ləkələri bir şəxsə məxsus olduğu halda X5 və ya Təqsirləndirilən şəxs məxsus ola bilər (əgər sonuncuda hadisə zamanı qanaxma ilə müşahidə olunan xəsarətləri olubsa). Ekspertizaya təqdim olunmuş digər 2 ədəd çubuqlu pambıq tamponlar üzərində qan aşkar olunmadı. - cinayət işi üzrə icraata hissəvi xitam verilməsi və işin istintaq aidiyyəti üzrə göndərilməsi haqqında 05.02.2021-ci il tarixli qərardan və Bakı şəhəri Nizami RPİ-nin Təminat Hissəsinin kiçik inspektoru S.R.Ələkbərov tərəfindən verilmiş 06.03.2021-ci il tarixli qəbzdən görünür ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CMnin 125-ci maddəsinin tərkibi müəyyən edilmədiyindən cinayət işi üzrə icraata həmin hissədə xitam verilmiş, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 133.1-ci maddəsinin tərkib əlamətləri olduğundan cinayət işi üzrə icraat həmin maddə ilə tövsif olunmuş və ibtidai istintaqın davam etdirilməsi üçün aidiyyəti üzrə Bakı şəhəri Nizami RPİ-nin İstintaq Şöbəsinə göndərilmişdir. Bakı şəhəri, Nizami rayonu, M.Abbasov küçəsi, 13 nömrəli binanın, 13-cü mərtəbəsində yerləşən 4 nömrəli mənzildən aşkar edilərək 6 ədəd çubuqlu pambıq tamponlar vasitəsi ilə götürülmüş qan nümunələri maddi sübut kimi tanınmış və Nizami RPİ-nin maddi sübutların saxlama kamerasına təhvil verilmişdir. - zərərçəkmiş şəxs qismində tanınma haqqında 17.02.2021-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs kimi tanınmışdır. - təqsirləndirilən şəxs qismində cəlb etmə barədə 17.02.2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona Azərbaycan Respublikası CM-nin 133.1-ci maddəsi ilə nəzərdə tutulan ittiham elan olunmuşdur. - qətimkan tədbirinin seçilməsi barədə 17.02.2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. - sübutların qiymətləndirilməsi haqqında 19.02.2021-ci il tarixli qərardan görünür ki, “Samsung” markalı, **********78517/01 və **********78515/01 imei kodlu mobil telefon aparatından ani mesajlaşma mübadilə sistemi üçün nəzərdə tutulmuş “Whatsapp” proqramında “VahidCin” adı ilə qeydə alınmış “Whatsapp” istifadəçisi tərəfindən göndərilmiş mesaj mətnləri, Zərərçəkmiş şəxs bədən səthi üzərində olan xəsarətlərin təsvir edildiyi 7 ədəd fotoşəkil cinayət işi üzrə maddi sübut kimi tanınmışdır. "xxxx" MMCdən göndərilmiş 1 ədəd “CD” disk və "xxxx" MMC-dən göndərilmiş 1 ədəd “CD” disk maddi sübut kimi tanınmış və iş materiallarına əlavə edildiyi nəzərə alınmışdır. - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş 23.04.2021-ci il tarixli tələbnamədən görünür ki, əməliyyat-sorğu kartotekasında Təqsirləndirilən şəxs məhkumluğu barədə heç bir məlumat yoxdur. Göstərilənlərə əsasən məhkəmə belə bir nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətdiyi əməldə cinayət tərkibi vardır, ona ibtidai istintaq zamanı düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 133.1-ci maddəsi ilə ittiham irəli sürülmüş və əməli həmin maddə ilə tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsas yoxdur. Məhkəmə iclasında Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsə Azərbaycan Respublikası CM-nin 126 və 127-ci maddələrində göstərilən nəticələrə səbəb olmayan mütəmadi olaraq döyməklə və zorakı hərəkətlərlə güclü fiziki ağrı və ya psixi iztirablar verməsi toplanmış və tədqiq edilmiş sübutların məcmusu ilə tamamilə sübuta yetirildi. Təqsirləndirilən şəxs özünü təqsirli bilməməsinə dair ifadəsi özünü müdafiə xarakterli ifadə kimi qiymətləndirilir və ifadəsində göstərdiyi xüsusatlar məhkəmə iclasında tədqiq edilmiş sübutlarla təkzib olundu. Məhkəmə iş üzrə toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutlara qiymət verərək hesab edir ki, həmin sübutlar mötəbər və mümkün olmaqla Təqsirləndirilən şəxs tərəfindən Azərbaycan Respublikası CM-nin 133.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlinin törədilməsini tam təsdiq edir. Təqsirləndirilən şəxs cəzadan azad edilməsi və onun barəsində cəzanın təyin edilməməsi üçün əsaslar olmadığı üçün Azərbaycan Respublikası CM-nin 58-ci maddəsinə əsasən ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş hədlərdə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə görə, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən, Azərbaycan Respublikası CMnin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs törətdiyi əməl böyük ictimai təhlükə törətməyən cinayət hesab olunur. Məhkəmə Təqsirləndirilən şəxs ilk dəfə cinayət əməli törətməsini cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs cəzasını Azərbaycan Respublikası CM-nin 61.1-ci maddəsində nəzərdə tutulmuş ağırlaşdıran hal müəyyən edilmədi. Məhkəmə Təqsirləndirilən şəxs barəsində təyin ediləcək cəzanın həddini və növünü müəyyən edərkən cəza təyinetmənin ümumi prinsiplərini rəhbər tutmaqla onun qəsdən böyük ictimai təhlükə törətməyən cinayət törətməsini, qəsdin obyektini insan sağlamlığının təhlükəsizliyini təmin edən ictimai münasibətlər təşkil etməsini nəzərə alaraq hesab edir ki, onun islah olunması üçün cəmiyyətdən təcrid olunmaqla barəsində azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi məqsədəmüvafiqdir və cəzanın məqsədini təmin edir. Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən qəsdən böyük ictimai təhlükə törətməyən cinayət törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər üçün azadlıqdan məhrum etmə növündə cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilir. Ona görə də, Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası CPM-nin 346.1.19 - 346.1.22-ci maddələrində nəzərdə tutulmuş məsələləri həll edərək məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri dəyişdirilərək, həbs qətimkan tədbiri ilə əvəz edilməli, məhkəmə iclas zalından dərhal həbs edilməli; barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməli; cəzaçəkmə müddətinin başlanğıcı 14.10.2021-ci il tarixdən hesablanmalı; Azərbaycan Respublikası CPM-nin 132.1.7-ci maddəsinə əsasən iş üzrə maddi sübut olan və Bakı şəhəri Nizami RPİ-də saxlanılan Bakı şəhəri, Nizami rayonu, M.Abbasov küçəsi, 13 nömrəli binanın, 13-cü mərtəbəsində yerləşən 4 nömrəli mənzildən aşkar edilərək 6 ədəd çubuqlu pambıq tamponlar vasitəsi ilə götürülmüş qan nümunələri hökm qanuni qüvvəyə mindikdən sonra məhv olunmalı; Azərbaycan Respublikası CPM-nin 132.1.6-cı maddəsinə əsasən cinayət işi üzrə maddi sübut olan 2 ədəd “CD” disk, Zərərçəkmiş şəxs bədən səthi üzərində olan xəsarətlərin təsvir edildiyi 7 ədəd fotoşəkil, “Samsung” markalı, **********78517/01 və **********78515/01 imei kodlu mobil telefon aparatından ani mesajlaşma mübadilə sistemi üçün nəzərdə tutulmuş “Whatsapp” proqramında “VahidCin” adı ilə qeydə alınmış “Whatsapp” istifadəçisi tərəfindən göndərilmiş mesaj mətnləri cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 133.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia, məhkəmə xərci yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 133.1-ci maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinib, barəsində 1 (bir) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs təyin olunmuş cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin başlanğıcı 14.10.2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri dəyişdirilərək, həbs qətimkan tədbiri ilə əvəz edilsin və məhkəmə iclas zalından dərhal həbs edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs həbsdə saxlanılma yeri Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanası müəyyən edilsin. Cinayət işi üzrə maddi sübut olan 2 ədəd “CD” disk, Zərərçəkmiş şəxs bədən səthi üzərində olan xəsarətlərin təsvir edildiyi 7 ədəd fotoşəkil, “Samsung” markalı, **********78517/01 və **********78515/01 imei kodlu mobil telefon aparatından ani mesajlaşma mübadilə sistemi üçün nəzərdə tutulmuş “Whatsapp” proqramında “VahidCin” adı ilə qeydə alınmış “Whatsapp” istifadəçisi tərəfindən göndərilmiş mesaj mətnləri cinayət işinin materiallarında saxlanılsın. Cinayət işi üzrə maddi sübut olan və Nizami RPİ-də saxlanılan Bakı şəhəri, Nizami rayonu, M.Abbasov küçəsi, 13 nömrəli binanın, 13-cü mərtəbəsində yerləşən 4 nömrəli mənzildən aşkar edilərək 6 ədəd çubuqlu pambıq tamponlar vasitəsi ilə götürülmüş qan nümunələri hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Hökmdən elan olunduğu (həbsdə olan məhkuma hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Həmin müddətdə hökmdən apellyasiya qaydasında protest və şikayət verilmədikdə hökm müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən Mətanət Hacıyeva
Məhkəmə qərarları › İş №1(007)-148/2021
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Hökm — İş №1(007)-148/2021
14.10.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver