Məhkəmə qərarları › İş №1(007)-148/2023

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Hökm — İş №1(007)-148/2023

04.04.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(007)-148/2023 04.04.2023 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Məhkəmə iclasında sədrlik edən: Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hakimi X2, Məhkəmə iclasının katibi: X3, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs, Təqsirləndirilən şəxsin müdafiəçiləri: Bakı şəhəri 6 saylı vəkil bürosunun vəkili Müdafiəçi2 və Müdafiəçi1 iştirakları ilə Təqsirləndirilən şəxs: xx.xx.1994-cü ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, əvvəllər məhkum olunmamış, işləməyən, Füzulu rayonu, Qacar kəndi ünvanında qeydiyyatda olan və ünvan 1 yaşayan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3 və 234.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 19 sentyabr 2022-ci il tarixdə, saat 21:35 radələrində Bakı şəhəri, Nizami rayonu, H.Əliyev prospekti, 172 ünvanında yerləşən Bravo supermarketə gəlib müştərilərin şəxsi əşyalarının saxlanması üçün nəzərdə tutulan saxlanc qutusunu digər saxlanc qutularının açarı ilə açıb qanunsuz olaraq saxlanc yerinə daxil olub oradan Belarus Respublikasının vətəndaşı Zərərçəkmiş şəxs məxsus içərisində həmin dövrün rəsmi məzənnəsi 34 manat təşkil edən 20 ABŞ dolları dəyərində 01 ədəd kapişonlu köynək, 34 manat təşkil edən 20 ABŞ dolları dəyərində 01 ədəd idman şalvarı, 204 manat təşkil edən 120 ABŞ dolları dəyərində 01 ədəd «Samsung» markalı blutuz qulaqcıq, 25,50 manat təşkil edən 15 ABŞ dolları dəyərində 01 ədəd günəşə qarşı krem, 25,50 manat təşkil edən 15 ABŞ dolları dəyərində 01 ədəd üz üçün krem, 34 manat təşkil edən 20 ABŞ dolları dəyərində 01 ədəd mavi rəngli daraq, 25,50 manat təşkil edən 15 ABŞ dolları dəyərində 01 ədəd linza qabları ilə, ümumilikdə 17 manat təşkil edən 10 ABŞ dolları dəyərində salfetka, plaster, dərmanlar və sair əşyalar, Belarus Respublikası vətəndaşlıq pasportu və Minsk şəhərindəki mənzilinin açarları olan, həmin dövrün rəsmi məzənnəsi 68 manat təşkil edən 40 ABŞ dolları dəyərində 01 ədəd çantanı gizli olaraq talayıb ümumilikdə Zərərçəkmiş şəxs 467,50 manat (275 ABŞ dolları) maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa Təqsirləndirilən şəxs 21 sentyabr 2022-ci il tarixdə istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda, bir ədəd bükümdə təmiz çəkisi 1,072 qram narkotik vasitə olan heroin əldə edib üzərində saxlamaqla daşımış, Bakı şəhəri Nizami RPİ-nin 23-cü PB-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 22 sentyabr 2022-ci il tarixdə, saat 09:35 radələrində Bakı şəhəri, Suraxanı rayonu, X.Ələkbərov küçəsi, ev 23 ünvanının yaxınlığında Nizami rayonu ərazisində oğurluq cinayəti törətməkdə şübhəli şəxs qismində saxlanılaraq Bakı şəhəri, Nizami rayonu, Heydər Əliyev prospekti, 118 ünvanında yerləşən Bakı şəhəri, Nizami RPİ-nin 23-cü PB-nin inzibati binasına gətirilib orada üzərinə şəxsi axtarış aparılan zaman, əynində olan mavi rəngli cins şalvarın sol yan cibindən 01 (bir) ədəd bükümdə təmiz çəkisi 1,072 qram olan qəhvəyi rəngli maddə kütləsi - kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Bununla da o, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3 və 234.1-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Məhkəmə istintaqı zamanı ifadə vermiş Təqsirləndirilən şəxs ona qarşı elan edilmiş ittihamda özünü qismən, yəni Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilməyib CM-nin 177.2.3-cü maddəsi ilə təqsirli bilərək ifadəsində göstərmişdir ki, 19 sentyabr 2022-ci il tarixdə Bakı şəhəri, Nizami rayonu, Heydər Əliyev prospektində yerləşən “Bravo” supermarketə gəlib həmin marketdə müştərilərin çantalarının saxlanması üçün nəzərdə tutulmuş saxlanc yerini açıb həmin saxlanc yerində qoyulmuş tanımadığı şəxsə məxsus olan çantanı gizlicə götürərək marketdən çıxıb uzaqlaşmışdır. Çantaya baxan zaman çantada qadın paltarı, blutuz qulaqcıq və müxtəlif əşyalar olduğunu görmüş, çantada pul və pula satılacaq hər hansı əşya olmadığından həmin çantanı Koroğlu metrostansiyası yaxınlığında oturacağın yanına qoyub oradan uzaqlaşmışdır. Həmçinin AR-sı CM-nin 234.1-ci maddəsi ilə özünü təqsirli bilməyərək bildirdi ki, o narkotik vasitə istifadəçisi deyil, aşkar olunmuş 1,072 qram heroin isə ona məxsus olmamışdır. Əməlindən səmimi peşman olmasını, himayəsində 1 azyaşlı uşağının olmasını, zərərçəkmişə dəymiş ziyanı ödəməsini və onunla barışıq əldə etməsini nəzərə alaraq barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla təsdiq olunur ki, təqsirləndirilən şəxs ittiham aktında ona qarşı elan olunmuş cinayət əməlini törətmişdir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində “Whatsapp” videozəng vasitəsilə tərcüməçi Layla İsmayılovanın iştirakı ilə dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, 12 sentyabr 2022-ci il tarixdə Bakı şəhərinə turist qismində gəlmiş, 23 sentyabr 2022-ci il tarixədək Azərbaycan Respublikasında olmuşdur. 19 sentyabr 2022-ci il tarixdə axşam saatlarında Bakı şəhəri, Nizami rayonu, Koroğlu metrostansiyasının yaxınlığında yerləşən “Bravo” supermarketə alış-veriş etmək üçün getmiş, içərisində özünə məxsus əşyalar olan çantanı saxlanc yerinə qoyaraq qutunu açarla bağlamış, özü ilə mobil telefonunu və pulqabını götürüb alış verişə getmişdir. Alış-verişi bitirdikdən sonra saxlanc yerinə qayıtdıqda saxlanc yerində öz çantasını qoyduğu qutu açıq olmuş və çanta yerində olmamışdır. 19 sentyabr 2022-ci il tarixdə Nizami RPİ-nin 23-cü Polis bölməsinə gedərək hadisə barədə ərizə ilə müraciət etmiş, bundan sonra çantasında ona məxsus pasportu olduğundan 20 sentyabr 2022-ci il tarixdə səhər saatlarında Belarus Respublikasının Azərbaycan Respublikasında fəaliyyət göstərən səfirliyinə müraciət etmişdir. Səfirlikdən ona Ceyhun adlı taksi sürücüsünün zəng etdiyini, onun avtomobilində içərisində Belarus Respublikası vətəndaşına məxsus pasportun olduğu paketin qoyulduğunu bildirərək ona həmin taksi sürücüsünün nömrəsi təqdim edilmiş, o, sonuncu ilə əlaqə yaratmış və yaşadığı ünvana gedərək onunla görüşmüş, həmin taksi sürücüsü ona içərisində pasport və bəzi əşyalar olan paket vermişdir. Hadisə nəticəsində ona məxsus 40 ABŞ dolları dəyərində 01 ədəd çanta, 20 ABŞ dolları dəyərində 01 ədəd kapişonlu köynək, 20 ABŞ dolları dəyərində 01 ədəd idman şalvarı, 120 ABŞ dolları dəyərində 01 ədəd «Samsung» markalı blutuz qulaqcıq, 15 ABŞ dolları dəyərində 01 ədəd günəşə qarşı krem, 15 ABŞ dolları dəyərində 01 ədəd üz üçün krem, 20 ABŞ dolları dəyərində 01 ədəd mavi rəngli daraq, 15 ABŞ dolları dəyərində 01 ədəd linza, ümumilikdə 10 ABŞ dolları dəyərində salfetka, plaster, dərmanlar və sair əşyalar, Belarus Respublikası pasportu və Minsk şəhərindəki mənzilin açarları oğurlanmış, nəticədə ümumulikdə ona 275 ABŞ dolları məbləğində maddi ziyan dəymişdir. Hal-hazırda ona dəymiş ziyan ödənilmişdir, təqsirləndirlən şəxslə barışmış, hazırda ondan heç bir şikayət və tələbi yoxdur. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, Bakı Şəhər Nizami RPİ-nin 23-cü PB-nin əməliyyat müvəkkili vəzifəsində işləyir və Təqsirləndirilən şəxs 22 sentyabr 2022-ci il tarixdən etibarən xidməti vəzifəsinin icrası ilə əlaqədar tanıyır. Nizami RPİ-nin 23-cü PB-nin inzibati ərazisində Zərərçəkmiş şəxs Alekseevnaya məxsus çantanın oğurlanması faktı üzrə Nizami RPİ-nin 23-cü PB-nin CA üzrə kiçik inspektoru, polis serjantı Şahid4 iştirakı ilə aparılmış əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli olan Fəxri adlı şəxs 22 sentyabr 2022-ci il tarixdə, saat 09:35 radələrində ünvan 6 ünvanda tərəflərindən saxlanılaraq Polis bölməsinə gətirilmiş və burada həmin şəxsin şəxsiyyəti müəyyən edilmişdir. Fəxri Rüstəmov Bakı şəhərində oğurluqlar etdiyini, cinayət yolu ilə ələ keçirdiyi əmlakları sataraq narkotik vasitə alaraq qəbul etdiyini bildirmişdir. Təqsirləndirilən şəxs şübhəli şəxs qismində saxlanılaraq PB-nə gətirilmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Bakı Şəhər Nizami RPİ-nin 23-cü PB-nin CA üzrə kiçik inspektoru, polis serjantı Şahid4 Şahid3 ilə eyni məzmunlu ifadə vermişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərmişdir ki, Bakı Şəhər Nizami RPİ-nin 23-cü PB-nin əməliyyat müvəkkili vəzifəsində işləyir və Təqsirləndirilən şəxs 22 sentyabr 2022-ci il tarixdən etibarən xidməti vəzifəsinin icrası ilə əlaqədar tanıyır. Nizami RPİ-nin 23-cü PB-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Nizami RPİ-nin 23-cü PB-nin inzibati ərazisində Zərərçəkmiş şəxs Alekseevnaya məxsus çantanın oğurlanmasında şübhəli bilinən Təqsirləndirilən şəxs 22 sentyabr 2022-ci il tarixdə, saat 09:35 radələrində ünvan 6 ünvanda saxlanılaraq araşdırma aparılması məqsədi ilə Nizami RPİ-nin 23-cü Polis bölməsinin inzibati binasına gətirilmişdir. Xidməti otaqların birində ona hüquq və vəzifələri izah edildikdən sonra üzərində şəxsi axtarış və götürmə keçirilməsinə başlanılmasından əvvəl Təqsirləndirilən şəxs ərizə ilə müraciət edərək vəkilin iştirakı olmadan şəxsi axtarış keçirilməsini xahiş etmişdir. Şəxsi axtarış və götürmə aparılmasından əvvəl Təqsirləndirilən şəxs paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə təqdim etməsini təklif olunmuş və bundan sonra Təqsirləndirilən şəxs əynində olan mavi rəngli cins şalvarın sol yan cibindən bir ədəd şəffaf sellofan bükümdə bükümü təqdim edərək həmin bükümdə narkotik maddə olduğunu, həmin narkotik vasitəni 21 sentyabr 2022-ci il tarixdə Suraxanı rayonu ərazisində üzdən tanıdığı, lakin anket məlumatlarını bilmədiyi şəxsdən 21 manata şəxsi istifadəsi üçün aldığını bildirmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Bakı Şəhər Nizami RPİ-nin 23-cü PB-nin əməliyyat müvəkkili, polis baş leytenantı Şahid6 Şahid5 ilə eyni məzmunlu ifadə vermişdir. Məhkəmə istintaqı zamanı ifadəsi elan edilmiş Şahid1 ibtidai istintaqa verdiyi ifadəsində göstərmişdir ki, o, ünvan 1 ailə üzvləri ilə birlikdə yaşayır. 20 sentyabr 2020-ci il tarixdə Təqsirləndirilən şəxs ilə ailə həyatı qurmuşdur. Təqsirləndirilən şəxs ilə birgə nikahdan bir azyaşı qız övladı vardır. Rəsmi olaraq heç yerdə işləmir. Təqsirləndirilən şəxs uzun müddətdir ki, işsiz olmuş, son iki gün imiş ki, dediyinə görə Sədərək ticarət mərkəzində fəhləliyə getmişdir. 20 sentyabr 2022-ci il tarixdə səhər saat 07 radələrində Fəxri işdən evə gəlmiş, bu zaman Fəxri ona qara rəngli «Samsung» markalı blutuz qulaqlıq göstərərək, həmin qulaqlığı Sədərək ticarət mərkəzində 5 manata bacısı üçün aldığını bildirmiş və həmin qulaqlığı ona verərək evdə saxlamağını bildirmişdir. O da həmin qulaqlığı servantda bakalın içərisinə qoymuşdur. Həmin gün günorta vaxtı Fəxri yenə də işə gedəcəyini deyib evdən çıxmışdır. 22 sentyabr 2022-ci il tarixdə qaynanasından eşidib bilmişdir ki, həyat yoldaşı Fəxri Nizami RPİ-nin əməkdaşları tərəfindən tutulmuşdur. Həyat yoldaşı Təqsirləndirilən şəxs narkotik vasitələrdən və psixotrop maddələrdən istifadə etməmiş, spirtli içki belə qəbul etməmişdir. Həyat yoldaşı Təqsirləndirilən şəxs qeyd olunan tarixdə ona saxlamaq üçün verdiyi 01 ədəd «Samsung» markalı blutuz qulaqlığı onun cinayət yolu ilə əldə etdiyindən məlumatı olmamışdır. Təqsirləndirilən şəxs qeyd olunan tarixdə ona həmin 01 ədəd «Samsung» markalı blutuz qulaqlıqdan başqa digər hər hansı əşya və ya predmet verməmişdir. Həyat yoldaşı Təqsirləndirilən şəxs oğurluq etməsi barədə məlumatı olmamış, onun belə əməl törətməsi barədə nə özündən, nə də ki qeyrilərindən eşitməmişdir. Məhkəmə istintaqı zamanı ifadəsi elan edilmiş Şahid2 ibtidai istintaqa verdiyi ifadəsində göstərmişdir ki, ünvan 8 ünvanında ailə üzvləri ilə birlikdə yaşayır. İcarə əsasında “Toyota Prius” markalı, 99ZM149 dövlət qeydiyyat nişanlı avtomobil ilə taksi fəaliyyəti ilə məşğul olur. Təqsirləndirilən şəxs tanımır. 20 sentyabr 2022-ci il tarixdə səhər saat 04-05 radələrində Nizami rayonu, metronun Q.Qarayev stansiyasının çıxışında olan çayxanada oturub çay içmişdir. Bu zaman təxminən 17-18 yaşlarında yeniyetmə bir oğlan ona yaxınlaşaraq onun üçün bir ədəd dönər almağını xahiş etmişdir. Ona dönər deyil, hamburqer alacağını bildirmişdir. Həmin şəxsə 1 manat vermişdir ki, çayxananın qarşısında fəaliyyət göstərən dönərxanadan hamburqer alsın. Sonra həmin şəxs ona polis əməkdaşı olub-olmamağını sual etmişdir. O, sonuncuya polis olmadığını bildirmiş və əmin şəxs Nizami rayonu, Koroğlu metrostansiyasının yaxınlığından bir ədəd sellofan paket tapdığını bildirmişdir. O, həmin şəxsə bildirmişdir ki, həmin tapdığı sellofan paketi yaxınlıqda olan Nizami Rayon Polis idarəsinə təhvil versin. Sonuncu isə qorxduğunu bildirmişdir. Belə olan halda ondan həmin sellofan paketi alaraq içindəkiləri oturduğu masanın üzərinə boşaltmışdır. Sellofan paketin içərisində qadına məxsus əşyalar, Zərərçəkmiş şəxs Alekseevna adlı şəxsə məxsus xarici pasport, mənzil açarları, qulaqcıq, daraq və sair aksesuarlar olmuşdur. Paketin içərisində qiymətli əşyalar və pul olmamışdır. Bundan sonra həmin şəxsdən paketi alıb idarə etdiyi avtomobilə qoymuş və saat 09 radələrində Belarus Respublikasının Bakı şəhərində yerləşən səfirliyinin qaynar xəttinə zəng edərək Zərərçəkmiş şəxs Alekseevnaya məxsus sənədlərin və əşyaların olduğu sellofan paket tapdığını bildirmişdir. Səfirliyin əməkdaşı bildirmişdir ki, sonuncu səfirliyə bu barədə məlumat vermişdir. O da məlum olmuşdur ki, səfirlikdə onun istifadəsində olan 051-232- 71-61 saylı mobil nömrəni Zərərçəkmiş şəxs Alekseevnaya vermişlər. Həmin gün günorta saatlarında sonuncu ona zəng edərək onunla görüşmək istədiyini və özünə məxsus sellofan paketi ondan götürmək istədiyini bildirmişdir. O da sonuncuya yaşadığı ev ünvanını bildirmişdir. Həmin gün günorta saatlarında yaşadığı evdə olan zaman Zərərçəkmiş şəxs Alekseevna yaşadığı ünvana gələrək ona zəng etmiş, o, aşağı düşüb sonuncu ilə görüşmüş və sellofan paketi ona göstərmişdir. Zərərçəkmiş şəxs Alekseevna sellofan paketə baxış keçirdəndə paketin içərisində pasport, mənzil açarları, daraq, qulaqcıq və sair qadın aksessuarlarının özünə aid olduğunu bildirmiş və sellofan paketi götürüb ona təşəkkür edərək getmişdir. İçərisində Zərərçəkmiş şəxs Alekseevnaya məxsus əşyaların olduğu sözügedən sellofan paketi ona verən şəxsi tanımır, onu ilk dəfədir ki, görmüşdür, onun təxminən 17 yaşı olarmış. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə ekspertizası mərkəzinin xx.xx.2022-ci il trixli 6/5393 saylı ekspert rəyinə əsasən Təqsirləndirilən şəxs üzərindən götürülmüş bir ədəd bükümdəki təmiz çəkisi – 1,072 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə - heroindir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Ambulator X1 xx.xx.2022-ci il tarixli 6061 saylı rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin qəbulu nəticəsində yaranan Asılılıq Sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə ekspertizası mərkəzinin xx.xx.2022-ci il trixli 9/7407 saylı ekspert rəyinə əsasən ekspertiza tədqiqatına təqdim edilmiş 01 ədəd Vietnamda zavod üsulu ilə hazırlanmış “Samsung” markalı, “SM-R170” modelli simsiz qulaqcığın istifadədə olması nəzərə alınmaqla orta bazar qiyməti təxminən 120,00 manat müəyyən olunur. Təqdim edilmiş “Samsung” markalı “SM-R170” modelli simsiz qulaqçığın istifadəyə yararlı olub-olmaması ekspertəmtəəşünasın səlahiyyətinə aid olmadığı üçün tədqiqat aparılmamışdır. Azərbaycan Respublikasının xx.xx.2005-ci tarixli Qanunu ilə təsdiq edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahıları»nda ittiham aktında göstərilən narkotik vasitənin miqdarı şəxsi istehlak miqdarından artıq miqdar kimi müəyyən edilmişdir. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanununa əsasən hazırda müəyyən edilmiş əməl narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi və qanunsuz saxlanması kimi müəyyən edilmişdir. Beləliklə, məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən təqsirləndirilən şəxsin qismən etirafedici ifadəsinə, zərərçəkmiş şəxsin və şahid ifadələrinə, yuxarıda sadalanan sübutlara, onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, cinayət hadisəsi törədilmişdir, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi vardır, cinayət əməlininin Təqsirləndirilən şəxs tərəfindən törədilməsi tam sübuta yetir, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Cinayət Məcəlləsinin 177.2.3 və 234.1-ci maddləri ilə tövsif edilmişdir. Bununla da təqsirləndirilən şəxs həmin maddədə göstərilən cinayət əməlini törətməkdə təqsirlidir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Ona görə də Cinayət Prosessual Məcəllənin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını nəzərə alaraq, CM-nin 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, CM-nin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. CM-nin 177.2.3 və 234.1-ci maddələrinin sanksiyasında nəzərdə tutulmuş alternativ cəzalardan məhkəmə təqsirləndirilən şəxsə azadlıqdan məhrumetmə növündə cəzanın təyin edilməsini ədalətli və qanunauyğun hesab edir. Hazırkı cinayətə görə cəzanın həddini müəyyən edərkən aşağıdakılar nəzərə alınır. CM-nin 2.2-ci maddəsinə əsasən Cinayət Məcəlləsi cinayətlərin törədilməsinə görə tətbiq edilən cəzaların həddini və həcmini müəyyən edir. CM-nin 5.1-ci maddəsində müəyyən edilən qanunçuluq prinsipinə əsasən əmələ görə cəza yalnız Cinayət Məcəlləsi ilə müəyyən edilir, CM-nin 8-ci maddəsinə əsasən isə cəza ədalətli olmalıdır. CM-nin 58.1-ci maddəsinə əsasən cəzanın növü və həddi müəyyən edilərkən, CMnin Ümumi hissəsinin müddəaları nəzərə alınmalı və Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli təyin edilməlidir. Məhkəmə cəzanın növünü təyin edərkən CM-nin yuxarıdakı tələblərinə əməl edərək cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, həmçinin aşağıdakıları da nəzərə alır. İş materiallarında olan Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən daxil olmuş xx.xx.2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkumluğu olmamışdır. İş materiallarında olan AZ-İV 682412 seriyalı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2021-ci il təvəllüdlü uşağı vardır. İş materiallarında olan Zərərçəkmiş şəxs xx.xx.2023-cü il tarixli ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən dəymiş ziyan tam şəkildə ona ödənilmişdir, Təqsirləndirilən şəxs heç bir şikayət və tələbi yoxdur. Məhkəmə təqsirləndirilən şəxsin əməlindən səmimi peşman olmasını, zərərçəkmiş şəxsə dəymiş ziyanı ödəməsini və onunla barışıq əldə etməsini, zərərçəkmiş şəxsin ondan şikayət və tələbinin olmamasını, himayəsində 1 azyaşlı uşağının olmasını cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. Cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Təqsirləndirilən şəxs ibtidai istintaq dövründə xx.xx.2022-ci il tarixdə saat 09:35-də şübhəli şəxs qismində tutulmuş, barəsində Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 4(007)-514/2022 nömrəli qərarı ilə 3 ay müddətinə “həbs” qətimkan tədbiri seçilmişdir. Həbsetmənin əvvəli 22 sentyabr 2022-ci il tarixdən hesablanmışdır. Məhkəmə hesab edir ki, maddi sübut kimi hesab edilən narkotik vasitənin qalığı məhv edilməli, şəxsin üzərinə şəxsi axtarış və götürmənin keçirilməsi zamanı aparılmış videoçəkilişin qeydə alındığı 01 ədəd CD disk və Bakı şəhəri, Nizami rayonu, H.Əliyev prospekti, 172 ünvanında yerləşən Bravo supermarketdə quraşdırılmış videomüşahidə qurğusundan götürülmüş videogörüntülərin əks olunduğu 01 ədəd CD disk cinayət işinin materiallarında saxlanılmalı, Şahid1 könüllü olaraq istintaqa təqdim etdiyi 01 ədəd qara rəngli “Samsung” markalı blutuz qulaqcıq sahibinə qaytarılmalı, iş üzrə məhkəmə məsrəfi kimi ekspertizaların keçirilməsi üçün çəkilmiş xərc təqsirləndirilən şəxsdən tutulub dövlət nəfinə keçirilməlidir. Həmçinin iş üzrə dövlət büdcəsi vəsaiti hesabına göstərilmiş hüquqi xidmətə görə müdafiəçinin haqqı dövlət büdcəsi vəsaiti hesabına ödənilməlidir. İş üzrə xüsusi müsadirə olunası əmlak, mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 44.1; 344-347; 349; 351-353; 356; 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 09 ay (doqquz ay) müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirli bilinərək 2 il (iki il) müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. CM-nin 66.2-ci maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 02 il 03 ay ( iki il üç ay ) müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasının əvvəli tutulduğu andan, yəni 22 sentyabr 2022-ci il tarixdən hesablansın. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunsun. Ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə məhkəmə məsrəfi kimi ekspertizaların keçirilməsinə çəkilmiş xərc-cəmi 142 (bir yüz qırx iki) manat Təqsirləndirilən şəxs tutulub dövlət nəfinə keçirilsin. İş üzrə maddi sübutun qalığı olan Bakı şəhəri Nizami rayon Polis İdarəsində saxlanılan qalıq çəkisi 1,022 qram narkotik vasitə olan heroin hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. İş üzrə maddi sübut kimi tanınmış Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmənin keçirilməsi zamanı aparılmış videoçəkilişin qeydə alındığı 01 ədəd CD disk və Bakı şəhəri, Nizami rayonu, H.Əliyev prospekti, 172 ünvanında yerləşən Bravo supermarketdə quraşdırılmış videomüşahidə qurğusundan götürülmüş videogörüntülərin əks olunduğu 01 ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın. Şahid1 könüllü olaraq istintaqa təqdim etdiyi 01 ədəd qara rəngli “Samsung” markalı blutuz qulaqcıq sahibinə qaytarılsın. Təqsirləndirilən şəxs məhkəmə icraatı zamanı dövlət büdcəsi vəsaiti hesabına göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 6 saylı vəkil bürosunun vəkili Müdafiəçi2 ödənilmək üçün 162 (bir yüz altmış iki) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 6 saylı vəkil bürosunun hesablaşma hesabına köçürülsün. Hökmdən 20 (iyirmi) gün müddətində işə baxan Bakı şəhər Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyasına apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Nigar Qədirli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar