Məhkəmə qərarları › İş №1(007)-149/2020

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Hökm — İş №1(007)-149/2020

03.09.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(007)-149/2020 03.09.2020 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyeva Mətanət İsfəndiyar qızının sədrliyi, məhkəmə iclas katibi Ələsgərova Aytac Hikmət qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhər məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Mirzəyev Ceyhun Namiq oğlunun, müdafiəçi - Bakı şəhəri 6 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi oğlunun, təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs iştirakı ilə, təqsirləndirilən şəxs – xx.xx.1983-cü ildə Ağdam rayonunun Muradbəyli kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, məhkumluğu ödənilmiş, Ağdam rayonu, Muradbəyli sahəsində qeydiyyatda olan və ünvan 1 ünvanında yaşayan, xx.xx.2019-cu il tarixdə şübhəli şəxs qismində tutulmuş, xx.xx.2019-cu il tarixdə barəsində həbs qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 128 və 234.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İstintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128 və 234.1-ci maddələri ilə ittiham elan olunmuşdur ondan ötrü ki, o, tanışı Zərərçəkmiş şəxs borc verdiyi 30 manat nağd pul vəsaitini qaytarmadığı üçün xx xxxxxxxx 2019-cu il tarixdə saat 16 radələrində ünvan 2 ünvanında yerləşən “Şəki” kafesinin arxasında aralarında baş vermiş mübahisə zamanı sonuncuya adamların olmadığı sakit yerə gedib söhbət etmələrini təklif edərək, birlikdə ünvan 4 ünvanında yerləşən yaşayış binasının sağ yanına, adamların olmadığı, sakit yerə gedib orada şəxsi münasibətlərin pozulması zəminində aralarında olan mübahisəni davam etməklə əlində olan qayçının bir dilimi ilə qəsdən Zərərçəkmiş şəxs döş qəfəsinin sol yarısının arxa qoltuqaltı nahiyəsindən bir dəfə vurub, döş qəfəsinin sol yarısının arxa qoltuqaltı nahiyəsinin 1 ədəd deşilmiş-kəsilmiş yarası, sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid edilən xəsarət yetirmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan, qanunsuz olaraq, şəxsi istehlak miqdarından artıq miqdarda 1 ədəd qara rəngli kağız bükümdə təmiz çəkisi 0,202 qram olan, kustar üsulla hazırlanmış psixotrop maddə - metamfetamini əldə edib daşıyaraq üzərində saxlamış və xx xxxxxx 2019-cu il tarixdə saat 12:30 radələrində Bakı şəhər Baş Polis İdarəsinin X5 əməkdaşları tərəfindən Bakı şəhəri, Nizami rayonu, C.ünvan 6 saylı ünvanın qarşısında şübhəli şəxs qismində saxlanılaraq Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti 81 saylı ünvanda yerləşən Nizami rayon Polis İdarəsinin 24-cü Polis Şöbəsinə gətirilmiş və orada üzərinə baxış keçirilən zaman, əynində olan qara rəngli gödəkçəsinin sağ yan cibindən pul kisəsinin içində saxladığı 1 ədəd qara rəngli kağız bükümdə təmiz çəkisi 0,202 qram olan, kustar üsulla hazırlanmış psixotrop maddə - metamfetamin aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs məhkəmə baxışında özünü ona elan olunmuş Azərbaycan Respublikası CM-nin 128 və 234.1-ci maddələrində nəzərdə tutulmuş ittihamla təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, o,uzun müddət 8-ci km qəsəbəsində yerləşən meyvə-tərəvəz bazarında fəhlə işləmişdir. Zərərçəkmiş şəxs onunla birlikdə həmin bazarda fəhlə işləmişdir. Zərərçəkmiş şəxs 2019-cu ilin sentyabr ayının əvvəllərində ondan 30 manat borc pul almış, lakin geri qaytarmamışdır. Bu səbəbdən də aralarında anlaşılmazlıq olmuşdur. xx xxxxxxxx 2019-cu il tarixdə saat 16 radələrində o, 8-ci kilometr qəsəbəsində yerləşən “Şəki” kafesinin arxasında təsadüfən Zərərçəkmiş şəxsla görüşmüşdür. Zərərçəkmiş şəxs ona olan 30 manat borcunu qaytarmasını bildirmiş, Elçin isə hazırda pulunun olmadığını və ona olan borcunu ödəyə bilməyəcəyini demişdir. Bu zaman aralarında mübahisə yaranmış, Zərərçəkmiş şəxs ona gözləməyini, “Şəki” kafesinin tualetinə girib gələcəyini demişdir. Elçin qayıdıb gəldikdən sonra aralarındakı mübahisə davam etmişdir. Mübahisə zamanı Elçin sol arxa tərəfdən bıçaqla onu vurmuşdur. O, əlini həmin yerə tutaraq arxaya dönmüş və Elçinin əlində qanlı bıçaqla qaçdığını görmüşdür. O, dərhal “8-ci km” bazarında meyvə-tərəvəz satışı ilə məşğul olan atası Malikin yanına qaçmış, atası onu qanlı vəziyyətdə gördükdə dərhal orada olan tanımadığı taksi avtomobilinə əyləşdirmiş və onu “Azərsutikinti” xəstəxanasına aparmışdır. Onun əlində qayçı olmamışdır. O, Zərərçəkmiş şəxs ümumiyyətlə vurmamış və ona heç bir xəsarət yetirməmişdir. xx xxxxxx 2019-cu il tarixdə saat 12:30 radələrində Bakı şəhəri, Nizami rayonu, C.ünvan 6 saylı ünvanın qarşısından keçərkən mülki geyimdə olan şəxslər ona yaxınlaşaraq özlərini təqdim edib polis əməkdaşları olduqlarını bildirmişlər və ondan şəxsiyyətini təsdiq edən sənədi istəmişlər. O, şəxsiyyətini təsdiq edən sənədi təqdim edə bilmədiyindən onu 24-cü Polis Şöbəsinə dəvət etmişlər, o, heç bir etiraz etmədən polis əməkdaşları ilə birlikdə 24-cü Polis Şöbəsinə getmişdir. Pul kisəsində limon duzu olduğuna görə pul kisəsini cibindən çıxararaq yerə atmış, polis əməkdaşlarından biri pul kisəsini götürmüşdür. Üzərinə baxış keçirilərkən pul kisəsini ona qaytarmışlar. Ona üzərinə baxış keçiriləcəyi bildirilmiş və baxış keçirilməzdən əvvəl ona üzərində hər hansı bir qeyriqanuni, yəni qadağan olunmuş əşya və yaxud predmet varsa təqdim etməyi təklif edilmişdir. O, üzərində heç bir qeyri-qanuni və qadağan olunmuş əşya və yaxud predmet olmadığını bildirmiş və cibindəki əşyaları çıxararaq təqdim etmişdir. Əynində olan qara rəngli gödəkçənin sağ yan cibindən pul kisəsinin içərisindən 1 ədəd qara rəngli kağıza bükülmüş içərisində kristal şəkilli maddə olan kütlə aşkar edilərək götürülmüşdür. Aşkar edilmiş həmin kristal şəkilli maddə limon duzu olmuşdur. O, Zərərçəkmiş şəxs heç bir xəsarət yetirməmiş və onun pul kisəsində metamfetamin olmamışdır. Məhkəmə baxışında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, o, Bakı şəhəri, Nizami rayonu, 8-ci km qəsəbəsində yerləşən meyvə-tərəvəz bazarında fəhlə işləmişdir. Təqsirləndirilən şəxs də onunla birlikdə həmin bazarda fəhlə işləmişdir. O, Qabildən 30 manat borc pul almış və həmin pulu qaytara bilməmişdir. Buna görə də aralarında anlaşılmazlıq olmuşdur. xx xxxxxxxx 2019-cu il tarixdə təxminən saat 16 radələrində o, Nizami rayonu, Naxçıvanski küçəsində yerləşən “Şəki” kafesinin arxasında təsadüfən Qabillə görüşmüşdür. Təqsirləndirilən şəxs ona olan 30 manat borcunu qaytarmasını bildirmişdir. O, Qabilə hazırda üzərində o qədər pul olmadığını, pulu olan zaman özü onu tapıb pulunu qaytaracağını demişdir. Bu zaman aralarında mübahisə yaranmışdır. O, Qabilə gözləməyini bildirərək “Şəki” kafesinə daxil olub soyuducunun üzərindən bıçağı götürüb sağ cibinə qoyaraq Qabilin yanına getmişdir. Onlar kənara çəkilib yaşayış binasının sağ tininə, adamlar olmayan yerə getmişlər. Qabilin nalayiq söyüşlər söyməsi ona pis təsir etdiyindən cibindən bıçağı çıxardıb Qabilin döş qəfəsi nahiyəsindən bir dəfə zərbə endirmişdir. Sonra əlində olan bıçağı yerə atıb oradan uzaqlaşmışdır. Qabil onu vurmamış, ona heç bir xəsarət yetirməmişdir. İstintaqda qorxduğu üçün, özünü müdafiə etmək məqsədilə Qabilin onu vurduğunu demişdir. Onda aşkar edilmiş xəsarət hadisədən sonra binanın önündə setkadan keçərkən setka və setkada olan turbaya dəyərək əmələ gəlmişdir. xx xxxxxxxx 2019-cu il tarixdə “8-ci kilometr” bazarına iş yerinə gələrkən Nizami rayon X10 patrul xidməti bölüyünün əməkdaşları tərəfindən saxlanılaraq 24-cü Polis Şöbəsinə aparılmışdır. Təqsirləndirilən şəxs qarşı heç bir şikayəti yoxdur. Məhkəmə baxışında şahid qismində dindirilmiş Bakı şəhər BPİ-nin CAİ-nin baş əməliyyat müvəkkili Şahid7 ifadəsində göstərmişdir ki, xx xxxxxx 2019-cu il tarixdə Nizami rayonu ərazisində xidmətdə olarkən Nizami rayonu, C.ünvan 6 saylı ünvanın qarşısında bir nəfər şəxsin şübhəli hərəkətlərini müşahidə edib saat 12:30 radələrində həmin şəxsə yaxınlaşıb özlərini təqdim edərək onu Nizami RPİ-nin 24-cü PŞ-nə dəvət etmişlər. Orada xidməti otaqların birində sonradan şəxsiyyəti onlara Təqsirləndirilən şəxs kimi məlum olan şəxsin üzərinə baxış keçirilməzdən əvvəl ona üzərində hər hansı qeyri-qanuni nə varsa onları təqdim etməyi təklif etmişlər. Təqsirləndirilən şəxs üzərində saxlanılması qadağan olunmuş hər hansı əşya və predmet olmadığını bildirmişdir. Sonra Təqsirləndirilən şəxs üzərində axtarış aparılmış və əynində olan qara rəngli gödəkçənin sağ yan cibindən pul kisəsinin içərisindən 1 ədəd qara rəngli qızılı kağıza bükülmüş içərisində kristal şəkilli maddə olan kütlə aşkar edilərək götürülmüşdür. Sorğu zamanı Təqsirləndirilən şəxs həmin kütlənin limon duzu olduğunu bildirmişdir. Məhkəmə baxışında şahid qismində dindirilmiş Bakı şəhər BPİ-nin CAİ-nin əməliyyat müvəkkilləri Şahid5 və Şahid4 Şahid7 ilə oxşar məzmunda ifadə vermişlər. Məhkəmə baxışında şahid qismində dindirilmiş Bakı şəhəri Nizami rayon X10 Patrul Xidməti Bölüyünün polis nəfəri Şahid2 ifadəsində göstərmişdir ki, xx xxxxxxxx 2019-cu il tarixdə Nizami rayon Polis İdarəsinin 24-cü Polis Şöbəsinin növbətçi hissəsinə “Azərsutikinti” xəstəxanasından həmin gün təxminən saat 16 radələrində “Şəki” kafesinin yaxınlığında Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs ilə mübahisə etməsi və mübahisə zamanı Təqsirləndirilən şəxs qəsdən bıçaqla vuraraq ona xəsarət yetirməsi barədə məlumat daxil olmuşdur. xx xxxxxxxx 2019-cu il tarixdə iş yoldaşı Şahid3 ilə Bakı şəhəri, Nizami rayonu, 8-ci km qəsəbəsində yerləşən meyvə-tərəvəz bazarında xidmət apararkən həmin bazarda fəhlə işləyən Zərərçəkmiş şəxs bazarda olduğunu görüb ona yaxınlaşaraq özlərini təqdim etmişlər və baş vermiş hadisə ilə əlaqədar Nizami rayon Polis İdarəsinin 24-cü Polis Şöbəsinə dəvət etmişlər. Zərərçəkmiş şəxs heç bir etiraz etmədən onlarla birlikdə 24-cü Polis Şöbəsinə getmişdir. Zərərçəkmiş şəxs Polis Şöbəsində törətdiyi cinayəti könüllü olaraq etiraf edərək Təqsirləndirilən şəxs əlində olan qayçının bir dilimi ilə onu vurub xəsarət yetirdikdən sonra o da Qabili bıçaqla vuraraq xəsarət yetirdiyini, hadisə yerindən qaçıb getdiyini və bıçağı yerə atdığını demişdir. İş üzrə Şahid3 məhkəməyə teleqram vuraraq məhkəmə iclasına üzrlü səbəbdən gələ bilməyəcəyini, istintaqda verdiyi ifadəsini təsdiq etdiyini, bildirmiş, məhkəmə iclasını onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Şahid3 istintaq zamanı Şahid2 ilə oxşar məzmunda ifadə vermişdir. Məhkəmə baxışında dindirilmiş məhkəmə-tibb eksperti X2 canlı şəxsin ekspertizasına dair xx.xx.2019-cu il tarixli, 933 nömrəli rəyi müdafiə edərək bildirmişdir ki, təhqiqatçının qərarı əsasında Zərərçəkmiş şəxs Nizami rayon MTE və PA şöbəsinə müraciət etmiş və onun tərəfindən xx.xx.2019-cu il tarixdə Zərərçəkmiş şəxs məhkəmə tibbi müayinədən keçirilmişdir. Zərərçəkmiş şəxs hadisənin necə olduğunu soruşduqda o, xx.xx.2020-ci il tarixdə saat 17:00-da “8-ci km” bazarının yaxınlığında Qabil adlı şəxslə aralarında yaranmış mübahisə zamanı Qabilin əlində olan qayçının bir dilimi ilə onun sol qoltuqaltı nahiyəsinə vurub xəsarət yetirdiyini bildirmişdir. Zərərçəkmiş şəxs məhkəmətibbi müayinəsi zamanı onda döş qəfəsinin sol yarısının arxa qoltuqaltı nahiyəsinin 01 ədəd deşilmiş-kəsilmiş yarası olmuşdur. Qeyd olunan xəsarət deşici-kəsici alətlə (əşya ilə), ola bilsin qayçının bir dilimi ilə törənmişdir, xx.xx.2019-cu il tarixdə alınması mümkündür və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddir. Xəsarətin lokalizasiyasına və xüsusiyyətlərinə əsasən demək olar ki, həmin xəsarətin şəxsin özü tərəfindən özünə yetirilməsi və ya öz boyu hündürlüyündən yıxılması nəticəsində əmələ gəlməsi inandırıcı deyildir. Müayinə zamanı Zərərçəkmiş şəxs onda olan xəsarətin setkaya və turbaya dəyməsi nəticəsində yarandığını desəydi və qarşısında bununla bağlı sual qoyulsaydı o, həmin suala cavab verə bilərdi. Setka və turba deşici-kəsici alət deyildir. Zərərçəkmiş şəxs aşkar edilmiş xəsarət deşici-kəsici alətin təsirindən yaranmışdır. İşdə olan və məhkəmə baxışında tədqiq edilmiş: - cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında xx.xx.2019-cu il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs barəsində Azərbaycan Respublikası CM-nin 126.1ci maddəsi ilə cinayət işi başlanılmışdır. - ********* saylı cinayət işinin materiallarından başqa cinayət işinin ayrılması və icraata qəbul edilməsi barədə xx.xx.2020-ci il tarixli qərardan görünür ki, xx.xx.2019-cu il tarixdə saat 16 radələrində ünvan 4 ünvanında yerləşən yaşayış binasının sağ tinində adamların olmadığı yerdə şəxsi münasibətlərin pozulması zəminində Təqsirləndirilən şəxs tərəfindən Zərərçəkmiş şəxs sağlamlığına yüngül zərər vurmaya aid edilən bədən xəsarəti yetirilməsi faktı üzrə ********* saylı cinayət işindən ayrıca icraata Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə ********* saylı cinayət işi ayrılmışdır. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş materialların məhkəmə ekspertizasının xx.xx.2019-cu il tarixli, 30037 nömrəli ekspert rəyinin nəticə hissəsindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində: “saxlanılan şəxs: Təqsirləndirilən şəxs” yazısı olan zərfdə 1 (bir) ədəd bükümdə, təmiz çəkisi 0,202 qram olan ağ rəngli kristallardan ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. - xx.xx.2019-cu il tarixli tutma protokolundan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli olduğuna görə tutulmuşdur. - Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X9- Təcrübi və Tədris Birliyinin canlı şəxsin ekspertizasına dair xx.xx.2019-cu il tarixli, 933 saylı rəyin nəticə hissəsindən görünür ki, Zərərçəkmiş şəxs döş qəfəsinin sol yarısının arxa qoltuqaltı nahiyəsində 01 ədəd deşilmiş-kəsilmiş yara aşkar olunmuşdur. Qeyd olunan xəsarət deşici-kəsici alətlə (əşya ilə), ola bilsin qayçının bir dilimi ilə törənmişdir, qərarın təsviri hissəsində göstərilən müddətdə, yəni xx.xx.2019-cu il tarixdə alınması mümkündür və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddir. Xəsarətlərin lokalizasiyasına və xüsusiyyətlərinə istinad edərək qeyd etmək olar ki, Zərərçəkmiş şəxs bədən səthində müəyyən edilmiş xəsarət müxtəlif şəraitlərdə, o cümlədən qərarın təsviri hissəsində və şəxsin göstərdiyi şəraitlərdə əmələ gələ bilərdi, lakin bu xəsarətin şəxsin özü tərəfindən yetirilməsi və ya öz boyu hündürlüyündən yıxılması nəticəsində əmələ gəlməsi inandırıcı deyildir. - Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X9- Təcrübi və Tədris Birliyinin canlı şəxsin ekspertizasına dair xx.xx.2019-cu il tarixli, 943 saylı rəyin nəticə hissəsindən görünür ki, Təqsirləndirilən şəxs daxili qanaxma, hemopnevmotoraks və hemoperiteniumla müşayiət olunan, 9-cu qabırğanın yerdəyişmiş sınığı, diafraqma və dalağın zədələnməsi ilə nəticələnən döş qəfəsinin sol yarısının daxilə nüfuz edən 1 ədəd deşilmiş-kəsilmiş yarası olmuşdur. Qeyd olunan xəsarət deşici-kəsici əşyanın, ola bilsin ki, bıçağın təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən müddətdə, yəni xx.xx.2019-cu il tarixdə yarana bilər və dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid edilir. Lokalizasiya və xarakterlərinə əsasən xəsarətin şəxsin özü tərəfindən özünə yetirməsi və öz boyu hündürlüyündən yıxılması nəticəsində yaranması inandırıcı deyildir. - Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 4(007)-266/2019 saylı, xx.xx.2019-cu il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 03 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X6-Narkoloji tibbi yoxlamanın xx.xx.2020-ci il tarixli, 44 nömrəli rəyinin nəticə hissəsindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən sui-istifadə edilməsi ilə nəticələnən narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. - əməlin tövsif edilməsi haqqında xx.xx.2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs əməlləri Azərbaycan Respublikası CM-nin 128-ci maddəsindən həmin Məcəllənin 128 və 234.1-ci maddələrinə tövsif edilmiş və Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128 və 234.1-ci maddələri ilə yenidən ittiham elan edilmişdir. - təqsirləndirilən şəxsə yenidən ittiham elan etmək haqqında xx xxxxxx 2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128 və 234.1-ci maddələri ilə ittiham elan edilmişdir. - zərərçəkmiş şəxs qismində tanınma haqqında xx.xx.2020-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs kimi tanınmışdır. - maddi sübut kimi tanıma, cinayət işinə əlavə etmə və saxlama haqqında xx.xx.2020-ci il tarixli qərardan və Bakı şəhəri Nizami RPİ-nin təminat hissəsinin kiçik inspektoru, polis baş serjantı S.R.Ələkbərov tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli qəbzdən görünür ki, Təqsirləndirilən şəxs aşkar edilib götürülmüş bir ədəd zərfdə 01 ədəd qara rəngli siqaret kağızı bükümündə ümumi təmiz çəkisi 0,202 qram olan, tədqiqata sərf edildikdən sonra qalığı 0,152 qram təşkil edən kustar üsulla hazırlanmış ağ rəngli kristallardan ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin maddi sübut kimi tanınmış və məhkəmənin hökmünə qədər saxlanılmasından ötrü Nizami RPİ-nin X8 Kamerasına təhvil verilmişdir. - maddi sübut kimi tanıma və cinayət işinə əlavə etmə haqqında xx.xx.2020-ci il tarixli qərardan görünür ki, 01 ədəd “DVD” disk maddi sübut kimi tanınmış və cinayət işinə əlavə edilmişdir. - Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-589/2020 saylı, xx.xx.2020-ci il tarixli hökmü ilə Zərərçəkmiş şəxs Azərbaycan Respublikası CM-nin 126.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 4 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına görə siyahıların təsdiq edilməsi haqqında “Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanununa əsasən dərman preparatı kimi beynəlxalq adı “Metamfetamin” olan maddə psixotrop maddədir, onun 0,15 qramdan artıq hissəsi şəxsi istehlak miqdarından artıq miqdar hesab olunur. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanununa əsasən həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi; məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanılmasına yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanılması hesab olunur. X3 xx xxxx 1961-ci il tarixli “Narkotik vasitələr haqqında” Vahid Konvensiyası, 1971-ci il tarixli “Psixotrop maddələr haqqında” və xx xxxxxx 1988-ci il tarixli “Narkotik vasitələr və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə mübarizə haqqında” konvensiyalarında narkotik vasitələrin, güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsi beynəlxalq cinayət hesab edilmişdir. “Narkotik vasitələrin, güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2011-ci il tarixli,2 nömrəli Qərarının 5-ci bəndi ilə məhkəmələrə izah edilmişdir ki, təqsirli şəxsin narkotik vasitələri öz ixtiyarında (məsələn, üstündə, gizli saxlanc yerlərində, binalarda və s.) saxlaması ilə əlaqədar olan hər hansı qəsdən edilən hərəkətləri saxlama kimi başa düşülməlidir. Göstərilənlərə əsasən məhkəmə belə bir nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətdiyi əməldə cinayət tərkibi vardır, ona ibtidai istintaq zamanı düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128 və 234.1-ci maddələri ilə ittiham irəli sürülmüş və əməli həmin maddələr ilə tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsas yoxdur. Məhkəmə iclasında Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə şəxsi münasibətlərin pozulması zəminində aralarında olan mübahisə zamanı əlində olan qayçının bir dilimi ilə qəsdən Zərərçəkmiş şəxs vuraraq sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid edilən xəsarət yetirməsi və satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda psixotrop maddə olan metamfetamini əldə edib saxlaması tədqiq edilmiş mötəbər və mümkün sübutların məcmusu, həmçinin cinayət işinin materiallarındakı digər sənədlərlə tamamilə sübuta yetirildi. Təqsirləndirilən şəxs özünü təqsirli bilməyərək, zərərçəkmiş şəxsi vurmamasına və üzərində metamfetamin deyil, limon duzu aşkar edilməsinə dair ifadəsi özünü müdafiə xarakterli ifadə kimi qiymətləndirilir və ifadəsində göstərdiyi xüsusatlar məhkəmə iclasında tədqiq edilmiş sübutlarla təkzib olundu. Zərərçəkmiş şəxs (həmin hadisə ilə əlaqədar həmçinin təqsirləndirilən şəxs) məhkəmədə verdiyi ifadəsi Təqsirləndirilən şəxslə (həmin hadisə ilə əlaqədar həmçinin zərərçəkmiş) barışdıqlarından onu müdafiə etmək məqsədilə verilmiş ifadə kimi qiymətləndirilir. Belə ki, ibtidai istintaq zamanı və Bakı Ağır Cinayətlər Məhkəməsində Zərərçəkmiş şəxs Azərbaycan Respublikası CM-nin 126.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə baxılarkən təqsirləndirilən şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində “Qabilin ona qarşı nalayiq söyüşlər söyərək “səni məhv edərəm” deyib əlində saxladığı qayçını açaraq bir dilimi ilə üzərinə hücum edib onu vurmaq istəyərkən əyildiyini və həmin qayçının bir diliminin onun döş qəfəsinin sol yarısının arxa qoltuqaltı nahiyəsinə girərək ona xəsarət yetirdiyini, Təqsirləndirilən şəxsəlində olan qayçını bağlayıb cibinə qoyduğunu və ona qarşı yenə də nalayiq söyüşlər söyərək “görürsənmi adamı nə günə salırlar" dediyini” bildirmişdir. Təqsirləndirilən şəxs cəzadan azad edilməsi və onun barəsində cəzanın təyin edilməməsi üçün əsaslar olmadığı üçün Azərbaycan Respublikası CM-nin 58-ci maddəsinə əsasən ona təqsirli bilindiyi maddələrin sanksiyasında nəzərdə tutulmuş hədlərdə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə görə, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən, Azərbaycan Respublikası CMnin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs törətdiyi əməllər böyük ictimai təhlükə törətməyən və az ağır cinayətlər hesab olunur. Azərbaycan Respublikası CM-nin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluğu ödənilmiş hesab edilir. İşdə olan və məhkəmə baxışında tədqiq edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və X1 verilmiş xx.xx.2020-ci il tarixli tələbnamədən və Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 1(007)-282/2016 saylı hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib 1 il 3 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2017-ci il tarixdə cəzasının sonu ilə azad olunmuşdur. Göründüyü kimi Təqsirləndirilən şəxs məhkumluğu ödənilmişdir, bu da Azərbaycan Respublikası CM-nin 83.6-cı maddəsinə əsasən məhkumluqla bağlı bütün hüquqi nəticələri ləğv edir. Məhkəmə Təqsirləndirilən şəxs evli olmasını, hadisə zamanı ağır xəsarət almasını cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs cəzasını Azərbaycan Respublikası CM-nin 61.1-ci maddəsində nəzərdə tutulmuş ağırlaşdıran hal müəyyən edilmədi. Məhkəmə Təqsirləndirilən şəxs barəsində təyin ediləcək cəzanın həddini və növünü müəyyən edərkən cəza təyinetmənin ümumi prinsiplərini rəhbər tutmaqla onun qəsdən böyük ictimai təhlükə törətməyən və az ağır cinayətlər törətməsini nəzərə alaraq hesab edir ki, onun islah olunması üçün cəmiyyətdən təcrid olunmaqla barəsində barəsində törətdiyi hər iki cinayətə görə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi məqsədəmüvafiqdir və cəzanın məqsədini təmin edir. Azərbaycan Respublikası CM-nin 66.2-ci maddəsinə əsasən cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrı-ayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz. Cəzaların tamamilə və ya qismən toplanılması yolu ilə təyin edilmiş qəti cəzanın müddəti və ya həcmi azadlıqdan məhrum etmə növündə cəzaya münasibətdə böyük ictimai təhlükə törətməyən cinayətlərə görə üç ildən, az ağır cinayətlərə görə on iki ildən, digər cəzalara münasibətdə isə bu Məcəllənin Ümumi hissəsində müvafiq cəza növü üçün müəyyən edilmiş yuxarı həddən artıq ola bilməz. Beləliklə, məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CM-nin 66.2-ci maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplayaraq Təqsirləndirilən şəxs qəti cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən qəsdən az ağır cinayət törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər üçün azadlıqdan məhrum etmə növündə cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilir. Ona görə də, Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası CPM-nin 346.1.19 - 346.1.22-ci maddələrində nəzərdə tutulmuş məsələləri həll edərək məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, onun həbsdə saxlanıldığı müddət Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən bir günə bir gün hesabı ilə hesablanaraq cəzaçəkmə müddətinə daxil edilməklə, cəzaçəkmə müddətinin başlanğıcı həbs etmənin əvvəlindən, yəni xx.xx.2019cu il tarixdən hesablanmalı; Azərbaycan Respublikası CPM-nin 132.1.4-cü maddəsinə əsasən iş üzrə maddi sübut olan və Bakı şəhəri Nizami RPİ-də saxlanılan 0,152 qram psixotrop maddə - metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv olunmalı; Azərbaycan Respublikası CPM-nin 132.1.6-ci maddəsinə əsasən cinayət işi üzrə maddi sübut olan 1 ədəd “DVD” disk cinayət işinin materiallarında saxlanılmalı; Azərbaycan Respublikası CPM-nin 198.1-ci maddəsinə əsasən məhkəmə məsrəfi olan 114 (bir yüz on dörd) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub dövlət xəzinədarlığı agentliyi, kod 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN **********, hesab AZ34CTRE******************** hesabına ödənilməlidir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə olunmalı və ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128 və 234.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia yoxdur. Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə hesab edir ki, vəkilin ibtidai istintaqda iştirak etdiyi müddət 40 iş saatı və məhkəmədə iştirak etdiyi müddət 30 iş saatı, cəmi 70 iş saatı müddətinə bərabər olduğundan, hər iş saatı üçün Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2018-ci il tarixli, 202 saylı qərarına əsasən göstərilmiş hüquqi xidmətlərə görə hər iş saatı üçün 6 (altı) manat miqdarında ödənilməsi nəzərə alınmaqla 420 (dörd yüz iyirmi) manat (70x6) məbləğində əmək haqqı Bakı şəhəri 6 saylı Vəkil Bürosu vasitəsi ilə Müdafiəçi dövlət büdcəsi hesabına ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinib, barəsində 1 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinib, barəsində 3 (üç) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 66.2-ci maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplayaraq Təqsirləndirilən şəxs qəti cəza – 1 (bir) il 1 (bir) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs təyin olunmuş cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin başlanğıcı xx.xx.2019-cu il tarixdən hesablansın, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə olunsun və ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Cinayət işi üzrə maddi sübut olan və Bakı şəhəri Nizami RPİ-də saxlanılan 0,152 qram psixotrop maddə - metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Cinayət işi üzrə maddi sübut olan 1 ədəd “DVD” disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə məhkəmə məsrəfi olan 114 (bir yüz on dörd) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub dövlət xəzinədarlığı agentliyi, kod 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN **********, hesab AZ34CTRE******************** hesabına keçirilsin. Təqsirləndirilən şəxs 70 saat göstərdiyi pulsuz hüquqi yardıma görə iş üzrə dəvət olunmuş müdafiəçi Bakı şəhəri 6 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi 420 (dörd yüz iyirmi) manat əmək haqqı Bakı şəhəri 6 saylı Vəkil Bürosu vasitəsi ilə Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına ödənilsin. Hökmdən elan olunduğu (həbsdə olan məhkuma hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Həmin müddətdə hökmdən apellyasiya qaydasında protest və şikayət verilmədikdə hökm müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən Mətanət Hacıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar