Məhkəmə qərarları › İş №1(007)-149/2023

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Hökm — İş №1(007)-149/2023

21.06.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(007)-149/2023 21.06.2023 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Giriş: Hakim Mehdiyev Nəriman Hüseynqulu oğlunun sədrliyi, məhkəmə iclasının katibi Məmmədli Sevinc Əbülfəz qızının katibliyi, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və onun müdafiəçisi-Bakı şəhəri 6 saylı vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə, təqsirləndirilən şəxs xx xxxxxx 1973-cü il tarixdə Naxçıvan MR, Şahbuz rayonu, Nurs kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, evli, işləməyən, Bakı şəhəri, Nizami rayonu, Ş.Mirzəyev küçəsi, İnzibati bina, ev 127-də qeydiyyatda olan, Bakı şəhəri, Nizami rayonu, C.Naxçıvanski küçəsi ev 76, mənzil 19-da yaşamış, Bakı Ağır Cinayətlər Məhkəməsinin icraatında olan cinayət işi üzrə barəsində həbs qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı istintaq təcridxanasında saxlanılan - Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirib dələduzluq etmişdir. Belə ki, o, etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə, heç bir səlahiyyəti olmadığı halda, Zərərçəkmiş şəxs Azərbaycan Respublikası CM-nin 234-cü maddəsi ilə təqsirləndirilən əri X1 yüngül cəza verilməsi və həbsdən azad edilməsinə köməklik edəcəyi barədə yalan vəd verib aldadaraq bu adla Zərərçəkmiş şəxs 03 mart 2022-ci il tarixdə sonuncunun yaşadığı ünvan 1 ünvanında 200 manat, 10 mart 2022-ci il tarixdə eyni məqsədlə həmin ünvanda 800 manat, bundan başqa Zərərçəkmiş şəxs əmlakını ələ keçirməyə yönəlmiş hərəkətlərini davam etdirməklə guya Zərərçəkmiş şəxs baxça müəlliməsi vəzifəsinə işə düzəldəcəyinə dair yalan vəd verib aldadaraq bu adla sonuncudan 14 mart 2022-ci il tarixdə ünvan 1 ünvanında 500 manat, bundan başqa, Zərərçəkmiş şəxs əmlakının ələ keçirməyə yönəlmiş hərəkətlərini davam etdirməklə sonuncunun anası Şahid1 əvvəllər təyin edilmiş pensiyasının yenidən bərpa edilməsinə köməklik edəcəyinə dair yalan vəd verib aldadaraq bu adla Zərərçəkmiş şəxs 08 aprel 2022-ci il tarixdə ünvan 1 ünvanında 500 manat, ümumilikdə 2000 manat pul vəsaitini vahid niyyətlə əhatə olunan qəsdlə alıb ələ keçirməklə Zərərçəkmiş şəxs maddi ziyan vuraraq dələduzluq etmişdir. Bu hərəkətləri ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. İşin halları, təqdim və tədqiq edilmiş sübutlar: Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, əslində təqsirləndirilən şəxsin yalan danışmaq hüququ var, lakin o, şərəfi və namusu üzərinə and içir ki, məhkəməyə həqiqəti söyləyəcəkdir. Zərərçəkmiş şəxs onun qaynı Natiq vasitəsi ilə tanıyır. Günelin qaynı Natiqlə “8-ci km bazarı” yanında tanış olmuşdur. Natiqlə birlikdə çay içdikləri zaman mülki işlə bağlı axtarışda olduğunu bildirmişdir. Natiq aliment ödənilməsi ilə bağlı axtarışda olduğunu bildirdiyi zaman, ona şifahi məsləhətlər vermiş və məhkəmə qətnaməsini alaraq həmin qətnamədən apellyasiya şikayəti verdiyi təqdirdə icra işinin və axtarışın dayanacağını bildirmişdir. Natiq də ona təşəkkür etmişdir. Məsləhət qarşılığında o, Natiqdən heç bir məbləğ istəməmişdir. Həmin zamandan sonra mütəmadi olaraq Natiqlə görüşmüşlər. Bir dəfə Natiq qardaşı Qabilin tutulduğunu ona bildirmiş, demişdir ki, Qabil CM-nin 234.4.3-cü maddəsi ilə həbs olunmuşdur. Sonra Natiq ondan soruşmuşdur ki, bununla bağlı nə etmək olar. O, Natiqə “bununla bağlı heç nə etmək olmaz, sizi aldadıb kimsə pul almasın” demişdir. Bu vaxt Natiq ona bildirmişdir ki, onların yaxınlarından kimsə 10000 manat pul istəyir ki, qardaşının barəsində olan CM-nin 206-cı maddəsi ilə olan hissəsini guya götürtsün. O, bu sözü deyənlərin onları aldadığını demiş, heç kimə bununla bağlı 1 manat da pul verməmələrini məsləhət etmişdir. Natiq ona bildirmişdir ki, onunla birlikdə qardaşının qaldığı evə, yəni Günelin yaşadığı evə getsinlər və ona dediklərini Günelgilə də izah etsin. O, razılaşıb Natiqlə birlikdə Nizami rayonu, Qara Qarayev prospektində yerləşən həmin evə getmişdir. Natiqin xalası, Günel və Natiqin qardaşı uşaqları həmin evdə olmuşlar. O, Günelgilə bildirmişdir ki, heç kimə pul verməsinlər, onları aldadırlar, Qabillə bağlı kim pul istəyirsə, yalan danışır. Bundan sonra Natiq bildirmişdir ki, hər zaman onlara məsləhətləri ilə kömək etsin, o da razılaşmışdır. Bundan sonra Günel ona 100 manat pul verərək bildirmişdir ki, “əziyyət çəkirsən, gəldiyin zaman taksilərə pul verirsən, bu pulu götür.” O, Günelin verdiyi 100 manatı ondan götürmüşdür ki, çağırdıqları zaman yol pulu kimi taksiyə versin, telefona kontur və sair alsın. Ondan sonra Natiqlə birlikdə evdən çıxmış və evinə getmişdir. Bir neçə gün sonra Günel ona məxsus telefona zəng vuraraq evlərinə çağırmışdır. O, Natiqə dedikdan sonra Günelgilə getmişdir. Günel evlərində anası ilə birlikdə olmuşdur. Həmin şəxslər Qabilin işi ilə bağlı ona bəzi suallar vermişlər. O da bildirmişdir ki, “bu işə görə kiməsə xahiş etməyinə dəyməz, qanun nə tələb edirsə, onu da edəcəklər.” Getdiyi zaman Günel ona 50 manat da pul vermişdir. Sonra onlarla söhbət etdiyi zaman Günel ona kirayə qaldıqlarını bildirmişdir. Qabilin tutulduğu və maddi vəziyyətləri ağır olduğu üçün iş axtardığını, baxça müəlliməsi diplomu olduğunu bildirmişdir. O, Günelə mümkün olarsa CV-lərini internet vasitəsi ilə müvafiq orqanlara göndərə biləcəyini bildirmişdir. Sonra ona Günelin diplomunun və şəxsiyyət vəsiqəsinin surətlərini vermişlər. O, bu köməkliyi, ümumiyyətlə onlara etdiyi köməklikləri pul qarşılığında etmədiyini, Allah xatirinə etdiyini hər zaman bildirmişdir. Günelə işlə bağlı kömək etməyə çalışmağı da pul qarşılığında olmamışdır. Bununla bağlı ona heç kim pul verməmişdir. Sonradan ona məlum olmuşdur ki, baxça müəllimlərinin də işə qəbulunu Təhsil Nazirliyinə veriblər. Ondan sonra Günellə danışmış və onlara getmişdir. Evlərində Günelin anasından başqa xalası da olmuşdur. Günelə bildirmişdir ki, yalnız imtahan vasitəsi ilə işə qəbul ola bilər, imtahan verdikdən sonra onu işə götürə bilərlər. Günelin anası bildirmişdir ki, “bəs bu uşaqlar neçə dolanacaqlar, mənim də pensiyamı kəsiblər.” Xalası da bildirmişdir ki, onun da pensiyası 8 aydır kəsilib. O, bildirmişdir ki, “bu qərardan şikayət verin, yenidən baxsınlar, sizin xəstəliyinizi yoxlasınlar”. Həmin şəxslər ona bildirmişlər ki, “biz sənə etibarnamə verək və sən şikayətləri ver, bizim əvəzimizdən imza çəkərsən”. O da razılaşmış, bundan sonra Günelin anası notarius haqqı ödəməsi üçün ona 40 manat pul vermış və notariusa getmək istəmişdir. Notariusa getməyə hazırlaşanda məlum olmuşdur ki, həmin gün onların evinə yaxın notarius işləmir. Günelin anasının verdiyi 40 manat pul da onda qalmışdır. Sonrakı günlərdə dəfələrlə Günel və anası ilə Günelgildə görüşmüşlər. Günelin ailə vəziyyətinin maddi cəhətdən çox ağır olduğu görünmüşdür. Hətta 2022-ci ilin mart ayında “Novruz bayramı”nda evlərinə nəsə ala biləcəklərinə belə inam olmamışdır. Günelgilin xətrinə dəymədən onlara kömək etmək istəmiş və bildirmişdir ki, “şəkərbura üçün ləvazimatları mən alım, siz bişirin, yarı bölək”. Günel də, anası da sevinmişlər. Ona görə o, 187 manat dəyərində yeməyi alıb Günelgilə vermişdir. Sonra həmin şeyləri ona vermişlər, o, balaca bir hissəni götürüb geri qalanını yenə onlara vermişdir ki, narazı olmasınlar. Bundan bir neçə gün keçdikdən sonra Günel ona zəng vuraraq gedib Qabillə görüşməsini demişdir. Günelə “bunun üçün mən hansısa vəkillə müqavilə bağlamalıyam getsin görüşsün və bizim buna gücümüz çatmaz” demişdir. Günel bildirmişdir ki, iş də tapa bilmir, kirayə evdən də onları çıxarırlar. Günelə bildirmişdir ki, “mən sənə 200 manat pul kömək edəcəm, amma indi imkanım yoxdur.” 10-15 gündən sonra Günel bir daha ona zəng vurmuşdur ki, “mənə pul verəcəyinizi demişdiniz”, o, cavabında bildirmişdir ki, “hələ imkan yoxdur, olan kimi kömək edəcəm.” Bu vaxt Günel ona “biz sənə 200 manat vermişik, mən həmin pulu istəyirəm” demişdir. Günelə “sizin verdiyinizi sizin üçün xərcləmişəm, amma imkan olan kimi verərəm, narahat olma” demiş, Günel onunla sağollaşmışdır. Bundan bir neçə gün sonra o, həbs olunmuş, ona görə də Günelə maddi kömək edə bilməmişdir. Lakin edəcəyi kömək, onun tərəfindən ediləcək yardım idi, Günelin verdiyi ümumilikdə 150 manatı və anasının verdiyi 40 manatı onlara ərzaq aldığı zaman, onların dəvəti ilə onlara getdiyi zaman taksi üçün xərcləmişdir. Yəni, o, Günelgili heç bir zaman aldatmamışdır. Bundan başqa, Günellə tanış olarkən, ona yardım göstərərkən Vəkillər Kollegiyasının üzvü olmamışdır. O, keçmişdə vəkil işlədiyi üçün hüquqi məsləhətlər vermiş, bunun da qarşılığında heç kimdən pul almamışdır. Əvvəllər onun Xətai rayonu, 8 Noyabr prospektində yerləşən AMAY ticarət mərkəzinin 4cü mərtəbəsində ofisi olsa da, Günellə tanışlıqları dövründə həmin ofis olmamışdır. Təqsirləndirilən şəxs məhkəmədə son sözlə etdiyi çıxışında göstərmişdir ki, o, dələduzluq cinayəti törətməmiş, Zərərçəkmiş şəxs 2000 manat məbləğində pul almamışdır, ona görə haqqında bəraət hökmü çıxarılmasını istəyir. Bu cinayəti törətmədiyini sübut etmək üçün onunla Günelin arasında olan telefon danışıqları götürülməlidir. Məhkəmə ona 5 il də cəza versə, həmin hökmün onun üçün əhəmiyyəti yoxdur, apellyasiya şikayəti verərək bəraət alacaqdır. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, həyat yoldaşı X4 2022-ci ilin fevral ayının 23-də narkotik vasitələrin qanunsuz dövriyyəsinə görə Cəlilabad rayonunda polis əməkdaşları tərəfindən saxlanılmış, Cəlilabad rayon polis idarəsində barəsində Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə cinayət işi başlanmış, Bakı istintaq təcridxanasında həbsdə saxlanılmışdır. Özünü vəkil kimi təqdim edən Qurban adlı şəxsi qaynı, Bakı şəhərində fərdi yaşayış evlərində ustalıqla məşğul olan Natiq Əzizovun vasitəsi ilə tanımışdır. 2022-ci il mart ayının əvvəllərində Natiq ona bildirmişdir ki, usta kimi işlədiyi hansısa yerdə ona demişlər ki, Qurban adlı şəxs vardır, həmin şəxs Qabilin məhkəmədə hüquqlarını müdafiə edə və cəzasının yüngülləşdirilməsinə kömək edə bilər. Elə həmin ərəfədə, yəni 2022-ci ilin mart ayının təxminən 3-də Natiq Qurban adlı şəxslə onların həmin vaxt kirayədə yaşadıqları Nizami rayonu, T.Abbasov küçəsi ev 83, mənzil 8 ünvanına gəlmişdir. Həmin vaxt özü, anası Şahid1, övladları Nihat və Nuray evdə olmuşlar. Qurbanın əynində kostyum, əlində qovluq olmuş, o, özünü vəkil kimi təqdim edərək bildirmişdir ki, Bakı şəhəri, Xətai rayonu, 8 Noyabr prospektində yerləşən “AMAY” ticarət mərkəzinin 4-cü mərtəbəsində ofisi, yuxarı instansiyalarda qohumları, yaxın tanışları vardır, həyat yoldaşının məhkəmədəki işində ona köməklik edə bilər. Qurban onları Qabilin cəzasını yüngülləşdirməyə, onun daha yüngül maddə ilə cəza almasına kömək edəcəyinə inandırmış və bunun müqabilində ondan 1000 manat pul istəmişdir. Həmin vaxt o, Qurbana inanaraq ona 200 manat pulu əlbəəl vermişdir. 2022-ci ilin mart ayının 10-da günorta saatlarında Qurban Qabilin işinə görə əlavə 800 manat pulu da almaq üçün yenidən onun yaşadığı həmin ünvana gəlmişdir. Həmin vaxt anası və uşaqları yenə evdə olmuşlar. O, anasının və uşaqlarının yanında Qurbana 800 manat pulu da əlbəəl vermişdir. Qurban onu inandırmışdır ki, Qabilin məhkəmədəki cəzasını yüngülləşdirmək üçün köməklik edəcəkdir. Təxminən 2022-ci ilin mart ayının 14-də Qurban onun özü üçün iş düzəldəcəyini bildirib bu adla ünvan 2 ünvana gəlmişdir. Anası Radə və uşaqları həmin vaxt evdə olmuşlar. Qurban onu baxçada işə düzəldəcəyini vəd verərək bunun müqabilində ondan 500 manat pul istəmişdir. O da Qurbana inanaraq anası Radənin yanında 500 manat pulu əlbəəl Qurbana vermişdir. 2022-ci ilin mart ayının 20-də Qurban yenidən onun yaşadığı Nizami rayonu, T.Abbasov küçəsi ev 83, mənzil 8 ünvanına gəlmişdir. Həmin vaxt anası Radə və xalası Şahid2 da evdə olmuşlar. Qurban anasının və xalasının yanında, anasının dayandırılmış təqaüdünü bərpa edəcəyini vəd verib bunun müqabilində 500 manat pul istəmişdir. Belə ki, anası xəstəliyi ilə əlaqədar təqaüd almış, təxminən iki il olmuşdur ki, onun təqaüdü kəsilmişdir. Qurban anasının təqaüdünü bərpa edəcəyinə onları inandırmış, ona görə sonradan, yəni 2022-ci ilin aprel ayının 8-də həmin 500 manat pulu almaqdan ötrü yenə onun yaşadığı ünvana gəlmişdir. Anası Radənin və qızı Nurayın yanında o, 500 manat pulu əlbəəl Qurbana vermişdir. 2022-ci ilin aprel ayının 20-də Qurban ***-***-**-** mobil telefon nömrəsi ilə onun istifadəsində olan ***-***-**-** mobil telefon nömrəsinə zəng edərək bildirmişdir ki, əlavə olaraq ona vəd etdiyi köməkliklərlə əlaqədar rüsüm ödəmək üçün 51 manat da verməlidir. Pulu olmadığını bildirdikdə, Qurban vəkil kimi onların işlərinə kömək etməkdən imtina etdiyini, başqa vəkil tapmalarını bildirmişdir. Belə olan halda, ona verdiyi pul vəsaitlərini qaytarmasını Qurbana demişdir. Qurban isə bildirmişdir ki, may ayının 5-dən sonra əmək haqqı alıb ona verdiyi ümumilikdə 2000 manat pulunu qaytaracaqdır. Lakin həmin vaxtdan sonra Qurban onun zənglərinə cavab verməmiş, daha sonra ona zəng edə bilməməsi üçün onun nömrəsini blok etmişdir. Bununla da, Qurban ona verdiyi 2000 manat pulu qaytarmaqdan imtina etmiş, həmin şəxsin pulunu geri qaytarmayacağını başa düşəndə DİN-nin 102 xidmətinə zəng vurmuşdur. Əlavə sualları cavablandırarkən göstərmişdir ki, Qurban vəkil kimi fəaliyyət göstərdiyini desə də, peşə fəaliyyəti ilə bağlı ona heç bir rəsmi sənəd təqdim etməmiş, aralarında hər hansı müqavilə bağlanmamışdır. Bundan başqa, Qurban onu baxçada müəllimə kimi işə düzəldəcəyini desə də, konkret olaraq hansı baxçada işlə təmin edəcəyi barədə məlumat verməmiş, onu kimin vasitəsi ilə işə düzəldəcəyini, kiməsə buna görə pul verəcəyini ona deməmiş, o da bu barədə Qurbandan soruşmamışdır. Həmçinin, Qurban həyat yoldaşı Qabilin məhkəmədə hüquqlarını müdafiə edəcəyini, onun cəzasını yüngülləşdirəcəyini vəd verərkən bunun üçün kiməsə pul verəcəyi, kimin vasitəsilə belə köməkliyi göstərəcəyi barədə heç bir söz deməmiş, bu barədə soruşanda isə onu arxayın edib narahat olmamasını bildirərək hər dəfə suallardan yayınmışdır. Lakin bir dəfə Qurban zəng vurub bildirmişdir ki, “sizə şad xəbərim var, Baş Prokurorla danışmışam, 2024-cü ildə ərin Qabil azadlığa çıxacaq”. Bundan başqa, Qurban onun anası Radənin dayandırılmış təqaüdünü bərpa edəcəyini vəd verərkən bunu kimin vasitəsi ilə edəcəyi və buna görə kiməsə pul verəcəyi barədə onlara heç bir məlumat verməmiş, lakin buna onları inandıraraq pulunu ələ keçirmişdir. Qurban ona verdiyi pulu ondan nağd olaraq əldən almış, ona demişdir ki, kartdan başı çıxmır. Qurbanla ona verəcəyi pul barədə telefonda nəsə danışanda ona demişdir ki, “telefonda bu barədə danışma, sizə gələndə üz-üzə bu barədə danışarıq”. Qurbana verdiyi ümumilikdə 2000 manat pul vəsaiti özünə məxsus olmuş, hadisə ilə bağlı ona 2000 manat məbləğində maddi ziyan dəymişdir. Təqsirləndirilən şəxs həmin məbləğdə pulunu geri qaytarmadığı üçün ondan şikayətçidir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 (zərərçəkmişin anası), Şahid4 İslam oğlu və Şahid5 (zərərçəkmişin övladları) Zərərçəkmiş şəxs ilə eyni məzmunlu ifadələr vermişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş X2 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs yeznəsi Qabil Əzizlinin qardaşı Natiq Əzizova görə tanımışdır. Bacısı Günelin həyat yoldaşı X4 2022-ci ilin fevral ayının 23-də narkotik vasitələrin qanunsuz dövriyyəsinə görə Cəlilabad rayonunda polis əməkdaşları tərəfindən saxlanılmış, barəsində Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə cinayət işi başlanmış, həbs edilmişdir. 2022-ci il mart ayının əvvəllərində Günelin övladları və anası Radə ilə kirayədə yaşadığı ünvan 3 ünvana gəlmişdir. Günel əvvəldən ona demişdir ki, özünü vəkil kimi təqdim edən Təqsirləndirilən şəxs həbsdə olan yeznəsi Qabil Əzizlinin məhkəmədə hüquqlarını müdafiə edə biləcəyini və onun cəzasının yüngülləşdirilməsinə kömək edə biləcəyini ona bildirmişdir. Qurban həmin vaxt Günelin və anası Radənin yanında bu barədə danışdıqda o da Qurbana inanmış, onun təklifi ilə razılaşmışlar. Bir neçə gün sonra yenə Günelgilin kirayədə yaşadığı həmin ünvanda olduğu zaman Qurban ora gəlmişdir. Evdə olduğu zaman Qurban onun, bacısı Günelin və anası Radənin yanında anasının təqaüd məsələsini həll edəcəyinə onları inandırmışdır. Belə ki, anası 17 ildir təqaüd almış, onun təqaüdü təxminən 2 ildir kəsilmişdir. Onlar da Qurbanın şirin vədlərinə inanıb onunla razılaşmışlar. Hətta həmin gün Qurbanı özünə məxsus avtomobillə yaşadığı ünvana aparmışdır. Lakin Qurbanı evinə aparan zaman o, “8-ci km bazarı”nın yanında, “Nazlı” şadlıq evinin qarşısında maşını saxlatdırıb onunla sağollaşaraq çıxıb getmişdir. Onu ünvanına apara biləcəyini təklif etsə də, Qurban ehtiyac olmadığını bildirib həmin yerdə düşərək getmişdir. Ondan sonra Təqsirləndirilən şəxs görməmişdir. Sonradan anası Radədən və bacısı Güneldən eşidib bilmişdir ki, Təqsirləndirilən şəxs həbsdə olan yeznəsi Qabilin hüquqlarını müdafiə etmək, anasının təqaüdünü bərpa etmək və Güneli işə düzəltməkdən ötrü ümumilikdə 2000 manat pulu alıb ələ keçirmişdir. Lakin sonradan Günel Qurbanın mobil telefonuna dəfələrlə zəng etsə də, o, hər dəfə müxtəlif bəhanələrlə vaxtı uzadıb pulu qaytarmamışdır. Onun özü də mobil telefonuna zəng etsə də, Qurbanın nömrəsinə zəng çatmamışdır. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid2 2023-cü ilin mart ayından Qazaxıstan Respublikasında olması ilə əlaqədar məhkəmə iclasında iştirakının təmin edilməsi mümkün olmadığından, onun həmin dövrdə verdiyi ifadəsi məhkəmə iclasında elan olunaraq tədqiq edilmişdir. Şahid sözügedən ifadəsində göstərmişdir ki, Qazaxıstan Respublikasında ailə üzvləri ilə birlikdə yaşayır, Azərbaycana tez-tez gəlib-gedir. 20 fevral 2022-ci il tarixdə Qazaxıstandan Azərbaycana gəlmiş, təxminən bir ay qaldıqdan sonra 2022-ci ilin mart ayının 20-dən sonra Qazaxıstana qayıtmışdır. Bacısı Şahid1, qızı Zərərçəkmiş şəxs və nəvələri ilə birlikdə ünvan 1 ünvanında kirayədə yaşamışlar. Bacısının yeznəsi X4 2022-ci ilin fevral ayının 23-də narkotik vasitələrin qanunsuz dövriyyəsinə görə Cəlilabad rayonunda polis əməkdaşları tərəfindən saxlanılmış, Cəlilabad rayon polis idarəsində barəsində Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə cinayət işi başlanmışdır, hazırda Bakı istintaq təcridxanasında həbsdə saxlanılır. 2022-ci il mart ayının əvvəllərində Qabilin qardaşı X6 bildirmişdir ki, usta kimi işlədiyi hansısa yerdə ona demişlər ki, Qurban adlı vəkil vardır, həmin şəxs həbsdə olan Qabil Əzizlinin məhkəmədə hüquqlarını müdafiə edə bilər və onun cəzasının yüngülləşdirilməsinə kömək edə bilər. Bu barədə ona bacısı Şahid1 danışmışdır. Şahid1 ilə hər gün telefonla əlaqə saxlamışlar, arabir onların kirayədə yaşadığı ünvana da gedib gəlmişdir. Sonradan həmin Qurban adlı şəxs bacısı Radənin yaşadığı evə dəfələrlə gələrək özünü vəkil kimi təqdim etmiş və bacısı Radənin həbsdə olan yeznəsi Qabilin hüquqlarını məhkəmədə müdafiə edəcəyini, həmçinin Güneli baxçada işə düzəldəcəyini vəd verib onlardan ümumilikdə 1500 manat pul almışdır. Həmin Qurban adlı şəxsi təxminən 2022-ci ilin mart ayının ortalarında tanımışdır. Belə ki, həmin vaxt bacısı Radənin kirayədə yaşadığı ünvanda olmuşdur. Qurban adlı şəxs həmin ünvana gəlmişdir. Qurban adlı həmin şəxs onun və Günelin yanında bacısı Radənin dayandırılmış təqaüdünü bərpa edəcəyini vəd verib bunun müqabilində onlardan 500 manat pul istəmişdir. Qurban adlı həmin şəxs bacısı Radənin təqaüdünü bərpa edəcəyinə onları inandırdığından sonradan bacısı qızı Günel Qurban adlı həmin şəxsə bildiyinə görə 500 manat pul vermişdir. Bildiyinə görə sonradan Qurban adlı şəxs Güneldən vəd etdiyi köməkliklərlə əlaqədar əlavə pul istəmişdir. Günel ona pulu olmadığını bildirdikdə Qurban adlı şəxs onların işlərinə kömək etməkdən imtina etdiyini, başqa vəkil tapmalarını bildirmişdir. İşdə olan və məhkəmə baxışında tədqiq edilmiş aşağıda istinad edilən sənədlər və digər sübutlar Azərbaycan Respublikası CPM-nin 124-cü maddəsinin tələblərinə müvafiq olaraq sübut kimi qəbul edilmişdir: - 09 avqust 2022-ci il tarixli qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmışdır. (i.v. 1) - 31 may 2022-ci il tarixli protokoldan və fotocədvəldən görünür ki, təhqiqatçı tərəfindən Zərərçəkmiş şəxs və hal şahidlərinin iştirakları ilə ünvan 1 ünvanına baxış keçirilmiş, yenidənqurma işləri ilə əlaqədar mənzilə baxış keçirmək mümkün olmamış, hadisə yerində video müşahidə kameraları aşkar edilməmişdir. (i.v. 9-11) -Bakı şəhəri Nizami RPİ-nin 25-ci polis şöbəsinin 27 oktyabr 2022-ci il tarixli ***-**** nömrəli məktubundan görünür ki, ********* nömrəli cinayət işinin istintaq zərurəti ilə əlaqədar tərəflərinən keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsində nəzərdə tutulmuş əməli törətməkdə şübhəli bilinən xx xxxxxx 1973-cü il təvəllüdlü Təqsirləndirilən şəxs tərəflərindən müəyyən edilmişdir. (i.v. 65) -Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən tərtib olunmaqla 27 iyun 2022-ci il tarixdə təsdiq olunmuş ittiham aktının surətindən görünür ki, Təqsirləndirilən şəxs 2018-ci ilin may ayından həmin ilin oktyabr ayınadək vahid niyyətlə, 2018-ci ilin iyul ayının əvvəlindən sonunadək vahid niyyətlə, 2021-ci ilin iyun ayı ərzində vahid niyyətlə və 2021-ci ilin dekabr ayı ərzində vahid niyyətlə etibardan sui-istifadə etmə və aldatma yolu ilə ğzgə əmlakını xeyli miqdarda ziyan vurmaqla ələ keçirərək təkrarən dələduzluq etmiş, vəzifəli şəxsə xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar qeyrilərinin xeyrinə edəcəyi hərəkətə və bilə-bilə qanunsuz hərəkətə görə özü vasitəsilə birbaşa yolla maddi nemətin vahid niyyətlə rüşvət qismində verilməsinə ayrı-ayrı şəxsləri təkrarən təhrik etmiş, bununla da Azərbaycan Respublikası CM-nin 178.2.2, 178.2.4 və 32.4,312.2-ci maddələrində nəzərdə tutulan cinayət əməllərini törətmişdir. (i.v. 134-161) - 27 noyabr 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə elan edilmiş ittiham dəyişdirilmədən saxlanılmış, əməlində Azərbaycan Respublikası CM-nin 178.2.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət tərkibinin olması müəyyən edilmədiyindən, həmin maddə ilə barəsində cinayət təqibinin başlanması rədd olunmuş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini öz qulluq mövqeyindən istifadə etməklə törətmədiyindən, qeyd olunan əməli törədərkən vəzifəli şəxs statusuna malik olmadığından, həmçinin özünü vəzifəli şəxs kimi təqdim etmədiyindən, onun barəsində Azərbaycan Respublikası CM-nin 178.2.3, 308 və 310-cu maddələri ilə cinayət təqibinin başlanması rədd olunmuş, Təqsirləndirilən şəxs qeyd olunan əməli törədərkən vəzifəli şəxs olmadığından, onun Zərərçəkmiş şəxs yalan vədlərlə qeyd olunan məbləğdə pul vəsaiti almasına münasibətdə əməlində rüşvət verməyə təhrik etmə cinayətinin tərkibi əlamətləri müəyyən edilmədiyindən, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 32.4,312-ci maddələri ilə cinayət təqibinin başlanması rədd edilmiş, Təqsirləndirilən şəxs vəzifəli şəxs olmaması sübuta yetirildiyindən və o, yalnız müxtəlif yalanlar danışmaqla zərərçəkmiş şəxsin özü üçün, əri və anası üçün müxtəlif işləri həll edəcəyi barədə yalan vədlər verərək onu və yaxınlarını özünə inandırdığından, Zərərçəkmiş şəxs da Təqsirləndirilən şəxs vəzifəli şəxs olmadığını bildiyindən, Zərərçəkmiş şəxs barəsində Azərbaycan Respublikası CM-in 29,312-ci maddələri ilə cinayət təqibinin başlanması rədd edilmiş, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs etibarından sui-istifadə etməklə müxtəlif vaxtlarda fərqli vədlərlə sonuncunu aldadaraq vahid niyyətlə əmlakını ələ keçirdiyi, bununla da Təqsirləndirilən şəxs niyyəti vahid qəsdlə əhatə olunduğu, onun əməlində Azərbaycan Respublikası CM-nin 178.2.2-ci maddəsinin tərkibinin olmadığı müəyyən edildiyindən, onun barəsində Azərbaycan Respublikası CM-in 178.2.2-ci maddəsi ilə cinayət təqibinin başlanması rədd edilmiş, istintaq zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ifadəsində özünü Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə təqsirli bilmədiyini bildirməsi, habelə Zərərçəkmiş şəxs ona həyat yoldaşının hüquqlarının müdafiə olunması üçün 1000 manat, özünün işə düzəlməsi üçün 500 manat, anasının pensiyasının bərpası üçün 500 manat pul verməməsi, Zərərçəkmiş şəxs ona verdiyi ümumilikdə 150 manatı və anasının verdiyi 40 manatı onlara ərzaq aldığı zaman, həmin şəxslərin dəvəti ilə onlara getdiyi zaman taksi üçün xərclədiyini, onları heç bir zaman aldatmadığını göstərməsi iş üzrə toplanmış sübutlarla təkzib olunduğundan həmin xüsusatlar müdafiə xarakterli ifadə kimi qiymətləndirilmiş və mötəbər sübut növü kimi qəbul edilməmişdir. (i.v. 162-173) Sübutların qiymətləndirilməsi və hüquqi məsələlər: Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə hökmü haqqında” 15 saylı, 24 dekabr 2021-ci il tarixli Qərarına əsasən məhkəmənin hökmü məhkəmə baxışının aparıldığı dildə, aydın, anlaşılan ifadələrlə tərtib olunmalıdır, hökm yalnız məhkəmə iclasında bilavasitə tədqiq olunan sübutlara əsaslana bilər. Azərbaycan Respublikası CPM-nin 349.5.1-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Məhkəmə, dövlət ittihamçısını, zərərçəkmiş şəxsi, təqsirləndirilən şəxsi, onun müdafiəçisini və şahidləri dinləyib, iş materiallarını hərtərəfli və obyektiv tədqiq edərək, istinad olunan hüquq normalarına əsaslanaraq, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirliliyi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan, iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin və şahidlərin ifadələri və iş üzrə toplanmış digər materiallarla sübuta yetirilmişdir. İstintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir, onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar, habelə, əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 11 iyun 2015-ci il tarixli Qərarının 1-ci bəndində qeyd edilmişdir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin İX bölməsinin iyirmi üçüncü fəslində nəzərdə tutulmuş başqa talama cinayətlərindən fərqli olaraq dələduzluq cinayəti aldatma və ya etibardan sui-istifadə etmə yolu ilə törədilir və əmlak sahibi öz əmlakını və ya ona olan hüququnu başqa şəxslərə yalan vədlərin təsiri altında könüllü surətdə verir. Törədilmiş əməl o halda CM-nin 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə hesab edilir ki, şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakının əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə, yaxud da əmlak hüquqlarının əldə edilməsinə yönəlmiş olsun. Təqsirləndirilən şəxs barəsindəki cinayət işinin məhkəmə tədqiqi zamanı işin müəyyən olunmuş faktiki halları ilə tam təsdiq edilmişdir ki, o, dələduzluq cinayətini məhz aldatma və etibardan sui-istifadə etmə yolu ilə törətmişdir, əmlak (pul) sahibi olan Zərərçəkmiş şəxs da öz əmlakını (pulunu) onun yalan vədlərinin təsiri altında könüllü surətdə vermişdir, Təqsirləndirilən şəxs niyyəti əmlakı (pulu) ələ keçirərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, zərərçəkmiş şəxsin pulunun əvəzsiz və qanunsuz olaraq ələ keçirilməsinə yönəlmişdir, hansı ki, nəticə etibarı ilə o, bu məqsəd və niyyətinə çatmışdır. Azərbaycan Respublikası CPM-nin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Həmin Məcəllənin 145.2-ci maddəsinə əsasən təhqiqatçı, müstəntiq, prokuror, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. Məhkəmə Təqsirləndirilən şəxs verilmiş ittiham üzrə özünü təqsirli bilməməsini onun hüququ kimi qəbul edir, irəli sürdüyü dəlilləri əsaslı hesab etmir, onun həmin mövqeyinə münasibət bildirərək, hesab edir ki, təqsirləndirilən şəxsin bu mövqeyi əsassızdır və onunla razılaşmaq olmaz. Təqsirləndirilən şəxsin və müdafiəçisinin dəlilləri məhkəmə tədqiqi zamanı hərtərəfli, tam və obyektiv araşdırılmış, lakin öz təsdiqini tapmamış, əksinə, irəli sürülmüş ittihamın əsaslı olması işin faktiki halları ilə öz təsdiqini tapmışdır. Təqsirləndirilən şəxslə zərərçəkmiş şəxs arasında aparılmış mümkün mobil telefon danışıqlarında və ya aparılmış yazışmalarda baş vermiş hadisə ilə bağlı hər hansı məlumatın olmaması barədə Təqsirləndirilən şəxs irəli sürdüyü dəlilin yoxlanılması üçün əsaslar və zərurət olmamışdır, belə ki, bu növdə sübutun olmaması ümumiyyətlə belə hadisənin baş verməməsi, təqsirləndirilən şəxs tərəfindən dələduzluq cinayətinin törədilməməsi barədə qənaətə gəlinməsi üçün əsas hesab oluna bilməz. Azərbaycan Respublikası CPM-nin 126.2-ci maddəsinə əsasən yalnız o ifadələr sübut hesab oluna bilər ki, onlar hadisəni, onun səbəblərini, xarakterini, mexanizmini və ya inkişafını bilavasitə qavrayan şəxsin məlumatlarına və ya nəticələrinə əsaslanmış olsun. Həmin Məcəllənin 125.1-ci maddəsinə əsasən məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. Qeyd olunanlara əsasən məhkəmə iş üzrə zərərçəkmiş şəxsin və şahidlərin baş vermiş cinayət hadisəsi, onun səbəbləri, xarakteri, mexanizmi və ya inkişafı üzrə verdikləri ifadələri mötəbər sübut qismində qəbul edir, qeyd edir ki, bu sübutlar biri digərini tamamlayır, həmin sübutların şübhə altına alınması üçün hər hansı əsas yoxdur. Azərbaycan Respublikası CPM-nin 42.1-ci maddəsinə əsasən məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü aşağıdakı hallarda çıxarılır: cinayət hadisəsi olmadıqda; əməldə cinayət tərkibi olmadıqda; cinayətin törədilməsinə aidiyyəti olmadıqda; təqsirliliyi sübuta yetirilmədikdə. Məhkəmə müdafiə tərəfinin Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə verilmiş ittiham üzrə təqsirsiz olması, iş üzrə bəraət hökmü çıxarılmalı olması barədə məhkəmədə etdikləri çıxışlarına münasibətdə qeyd edir ki, qanunvericiliyin tələbinə görə, təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyi təsdiq edildiyi halda bəraət hökmü çıxarılmalıdır. Halbuki, məhkəmə tədqiqi zamanı Təqsirləndirilən şəxs ittiham olunduğu həmin maddə ilə bəraət verilməsi üçün Azərbaycan Respublikası CPM-nin 42-ci maddəsində nəzərdə tutulmuş əsaslar məhkəmə iclasında müəyyən edilməmişdir, əksinə, müəyyən edilmişdir ki, sözügedən cinayət hadisəsi baş vermişdir; əməldə cinayət tərkibi vardır; cinayətin törədilməsinə məhz Təqsirləndirilən şəxs aidiyyəti olmuşdur və onun bu cinayət hadisəsində təqsirliliyi sübuta yetirilmişdir, hansı ki, məhkəmə bununla bağlı dəlillərini yuxarıda kifayət qədər əsaslandırmışdır. Odur ki, məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CPM-nin 44.2.4-cü maddəsinə müvafiq olaraq, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməkdə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarılmalı və ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin 178.1-ci maddəsinin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsinə əsasən dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə - min manatdan iki min manatadək miqdarda cərimə və ya üç yüz altmış saatdan dörd yüz səksən saatadək ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Həmin Məcəllənin 73-1.1-ci maddəsinə əsasən bu Məcəllənin 178.1, 179.1, 185.1, 186.1, 187.1, 187.2, 189-1.1 və 189-1.2-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs verilmiş ittiham üzrə özünü təqsirli bilməməklə, təqsirləndirildiyi dələduzluq əməli nəticəsində zərərçəkmiş şəxsə vurduğu maddi ziyanı ödəməmiş və zərərçəkmiş şəxslə barışıq əldə etməmişdir. Belə olan halda, təqsirləndirilən şəxsin Azərbaycan Respublikası CM-nin 73-1.1-ci maddəsində müəyyən edilən qaydada cinayət məsuliyyətindən azad edilməsi üçün qanuni əsaslar yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən aşağıdakıları nəzərə alır, eləcə də cinayət qanununun müvafiq prinsip və müddəalarını rəhbər tutur: -Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş 22 noyabr 2022-ci il tarixli tələbnamədən görünür, eyni zamanda “Elektron Məhkəmə İnformasiya Sistemi” vasitəsilə yoxlama ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs Bakı Ağır Cinayətlər Məhkəməsinin 23 dekabr 2015-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsi ilə təqsirli bilinib, qəti olaraq 06 il 26 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, CM-nin 70-ci maddəsinə əsasən cəzası şərti hesab olunmaqla 03 il sınaq müddəti təyin edilmiş, 14 yanvar 2019-cu il tarixdə cəza müddəti başa çatmışdır; Azərbaycan Respublikası CM-nin 178.2.2, 178.2.4 və 32.4,312.2-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi 28 iyun 2022-ci il tarixdə baxılması üçün məhkəməyə göndərilmişdir, hazırda da Bakı Ağır Cinayətlər Məhkəməsinin hesabındadır, iş üzrə yekun məhkəmə aktı çıxarılmamışdır. (i.v. 71-73) -Bakı şəhəri Nizami RPİ-nin istintaq şöbəsinin müstəntiqinin 26 noyabr 2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində Bakı Ağır Cinayətlər Məhkəməsinin icraatında olan cinayət işi üzrə həbs qətimkan tədbiri seçilməklə Bakı istintaq təcridxanasında saxlanılması nəzərə alınmışdır. (i.v. 126-127) Məhkəmə Azərbaycan Respublikası CM-nin 83-cü maddəsinin tələbləri baxımından qeyd edir ki, Təqsirləndirilən şəxs məhkumluğu olmayan şəxs hesab edilir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli Qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Cinayət Qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndinə əsasən şəxsin təqsirli bilindiyi maddənin sanksiyası azadlıqdan məhrum etmə ilə yanaşı yüngül cəza növləri də nəzərdə tutursa, hökm çıxarılarkən, azadlıqdan məhrum etmə cəzası təyin edildikdə, bu qərar hökmdə əsaslandırılmalıdır. Cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə törətdiyi əməl həmin Məcəllənin 15.2-ci maddəsinə əsasən böyük ictimai təhlükə törətməyən, 25.1-ci maddəsinə əsasən isə qəsdən törədilmiş cinayət hesab olunur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə əsasən, cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal qismində Azərbaycan Respublikası CM-nin 59.1-ci maddəsində, cəzasını ağırlaşdıran hal qismində həmin Məcəllənin 61.1-ci maddəsində dairəsi konkret göstərilmiş hallar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs barəsində təyin ediləcək cəzanın həddini və növünü müəyyən edərkən cəza təyinetmənin ümumi prinsiplərini rəhbər tutmaqla onun qəsdən böyük ictimai təhlükə törətməyən cinayət törətməsini, işin faktiki hallarını nəzərə alaraq, hesab edir ki, təqsirləndirilən şəxsin törətdiyi cinayətə görə barəsində azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi məqsədəmüvafiqdir. Məhkəmənin qənaətinə görə, tətbiq edilməsi nəzərdə tutulan cəza cinayət törətmiş şəxsin fərdi xüsusiyyətlərinə, törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsinə və xarakterinə mütənasibdir və hazırkı halda həmin cəza, cəzanın məqsədini təmin edir, ona görə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Azərbaycan Respublikası CPM-nin 158.2 və 158.2.1-ci maddələrinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu, həbsdə saxlanıldığı və ev dustaqlığında saxlanıldığı müddətlər onun həbsdə saxlama müddətinə daxildir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs hazırkı cinayət işi üzrə şübhəli şəxs qismində tutulmamış və ya barəsində həbs qətimkan tədbiri seçilməmişdir, ona görə cəza müddətindən çıxılma aparılması üçün əsaslar yoxdur. Cəzaçəkmə müddətinin əvvəlinin hansı tarixdən hesablanmalı olması məsələsinə hüquqi qiymət verərək, məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsi yuxarıda qeyd olunan hazırda Bakı Ağır Cinayətlər Məhkəməsinin icraatında olan cinayət işi ilə bağlı olmuşdur, ona görə təqsirləndirilən şəxsin digər cinayət işi üzrə 17 iyun 2022-ci il tarixdən həbsdə olduğu müddət, hazırda məhkəmənin icraatında Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə olan cinayət işi üzrə ona təyin olunacaq cəza müddətinə daxil ola bilməz, cəzaçəkmə müddətinin əvvəli cari hökmün çıxarıldığı tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası CPM-nin 175.5-ci maddəsinə əsasən müvafiq qətimkan tədbiri onun ləğvindən, dəyişdirilməsindən, habelə şübhəli və ya təqsirləndirilən şəxsin barəsində cinayət təqibinə xitam verildikdən və ya məhkuma təyin edilən cəza icraya yönəldikdən sonra qüvvədən düşmüş sayılır. Məhkəmə Təqsirləndirilən şəxs barəsində qətimkan tədbiri ilə bağlı məsələni həll edərək, qeyd edir ki, baxmayaraq ki, digər cinayət işi üzrə onun barəsində həbs qətimkan tədbiri seçilmişdir, həmin qətimkan tədbiri hökmlə təyin olunan cəzanın icrasını təmin etmir, ona görə hazırkı hökmün icrasını təmin etmək məqsədi ilə onun barəsində həbs qətimkan tədbiri seçilməli və Bakı istintaq təcridxanasında saxlanılması nəzərə alınmalıdır. Məhkəmə Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs ona təyin olunacaq cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Məhkəmə, Azərbaycan Respublikası CPM-nin 346-cı maddəsində nəzərdə tutulan, məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında müzakirə edilməli olan digər məsələlərlə bağlı qeyd edir ki, cinayət işi üzrə mülki iddia yoxdur, zərərçəkmiş şəxsə vurulmuş maddi ziyan ödənilməsə də, onun tərəfindən məhkəməyədək icraat və məhkəmə icraatı zamanı qanunla müəyyən edilmiş müddətdə və qaydada mülki iddia verilməmişdir, Azərbaycan Respublikası CPM-nin 180.2-ci maddəsinə əsasən şəxs cinayət mühakimə icraatı zamanı mülki iddia verməmişsə, o, mülki mühakimə icraatı qaydasında mülki iddia verməyə haqlıdır, belə olan halda, məhkəmə hesab edir ki, göstərilənlərə əsasən maddi ziyanın ödənilməsini tələb edən zərərçəkmiş şəxs mülki mühakimə icraatı qaydasında mülki iddia verə bilər, ona bu hüququ izah edilməlidir; cinayət nəticəsində vurulmuş maddi zərərin və ya mümkün ola biləcək xüsusi müsadirənin təmin edilməsi məqsədi ilə əmlak üzərinə həbs qoyulmamışdır; maddi sübut qismində hər hansı əşya və ya predmet tanınmamışdır; məhkəmə məsrəfinin tutulmasına əsas olacaq ekspertiza iş üzrə keçirilməmişdir. Azərbaycan Respublikası CM-nin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2, 193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının (AR Nazirlər Kabineti) müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti olmadığından qərar əsasında dövlət hesabına təyin edilmiş vəkilin məhkəmə icraatı zamanı təqsirləndirilən şəxsə göstərdiyi hüquqi yardıma görə iştirak etdiyi müddət 40 iş saatı müddətinə bərabər tutulmaqla, (Nazirlər Kabinetinin xx.xx.2018-ci il tarixli 202 saylı qərarına əsasən) hər iş saatı üçün 6 manat miqdarında ödənilməsi nəzərə alınaraq, müvafiq hesablaşma hesabı üzərindən dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Nəticə: Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, 09 (doqquz) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin başlanğıcı 21 iyun 2023-cü il tarixdən hesablansın. Hökmün icrasının təmin edilməsi məqsədilə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilsin, həmin qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı istintaq təcridxanasında saxlanılması nəzərə alınsın. Təqsirləndirilən şəxs məhkəmə icraatı zamanı 40 iş saatı göstərdiyi pulsuz hüquqi yardıma görə Bakı şəhəri 6 saylı vəkil bürosunun vəkili Müdafiəçi müvafiq hesablaşma hesabı üzərindən 240 manat əmək haqqı Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Hökmdən elan olunduğu (həbsdə olan məhkuma hökmün surəti verildiyi) andan 20 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Həmin müddətdə hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə, hökm müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Nəriman Mehdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar