Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(007)-15/2025 21.05.2025 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyeva Mətanət İsfəndiyar qızının sədrliyi, məhkəmə iclasının katibi Əsədli Gülsu Araz qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhər məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X1, təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs, təqsirləndirilən şəxsin müdafiəçisi - Bakı şəhəri 6 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, təqsirləndirilən şəxs- xx.xx.1989-cu ildə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ali təhsilli, işləməyən, əvvəllər məhkum olunmuş, Ağdam rayonunun Qiyaslı kəndində qeydiyyatda olan və ünvan 1 ünvanında yaşamış, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2 və 234.1-ci maddələri ilə təqsirli bilinib, Azərbaycan Respublikası CM-nin 66.2 və 66.5-ci maddələrinə əsasən 1 il 6 ay müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququ məhdudlaşdırılmaqla 3 il 9 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 177.2.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs özgənin əmlakını gizli olaraq talama məqsədilə 22 sentyabr 2022-ci il tarixdə saat 17 radələrində ünvan 3 ünvanının yaxınlığında saxlanılmış, Zərərçəkmiş şəxs4 məxsus “Vaz 21099” markalı, **-OS-*** dövlət qeydiyyat nişanlı avtomobilə yaxınlaşıb, avtomobilin arxa sol qapısının nəfəslik şüşəsinə əli ilə mexaniki təsir göstərib avtomobilin qapısını açaraq oradan 1 ədəd 1.300 manat dəyərində “Pioneer DEN 80 RPS” markalı blutuz maqnitofonu və 500 manat dəyərində “Ocaf Ronce DB 5A2712” markalı səs gücləndirici aparatı gizli olaraq talayıb Zərərçəkmiş şəxs4 ümumilikdə 1.800 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, o, təkrarən özgənin əmlakını gizli olaraq talama məqsədilə, 28 noyabr 2022-ci il tarixdə, saat 03-04 radələrində ünvan 4 ünvanının qarşısında saxlanılmış, Zərərçəkmiş şəxs1 məxsus “Vaz 2104” markalı, **-BU-*** dövlət qeydiyyat nişanlı avtomobilə yaxınlaşıb, avtomobilin arxa sol qapısının şüşəsinə əli ilə mexaniki təsir göstərib avtomobilin qapısını açaraq oradan hər birinin dəyəri 200 manat olan 2 ədəd “Pioneer” markalı səs gücləndirici aparatı, hər birinin dəyəri 32 manat 50 qəpik olan 2 ədəd led işıqlarını və 150 manat dəyərində akkumulyatoru gizli olaraq talayıb Zərərçəkmiş şəxs1 ümumilikdə 615 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, o, təkrarən özgənin əmlakını gizli olaraq talama məqsədilə, 10 dekabr 2022-ci il tarixdə saat 17 radələrində ünvan 6 binanın qarşısında saxlanılmış, Zərərçəkmiş şəxs3 məxsus “Mitsubishi L200” markalı, **-PE-*** dövlət qeydiyyat nişanlı avtomobilə yaxınlaşıb avtomobilin açıq vəziyyətdə olan yük yerindən birinin dəyəri 300 manat, ümumilikdə dəyəri 600 manat olan “Frosort” markalı 02 ədəd akkumulyatorları və dəyəri 150 manat olan 01 ədəd açar dəstini gizli olaraq talayıb Zərərçəkmiş şəxs3 ümumilikdə 750 manat məbləğində maddi ziyan vuraraq oğurluq etmişdir. Bundan başqa, o, təkrarən özgənin əmlakını gizli olaraq talama məqsədilə 13 dekabr 2022-ci il tarixdə saat 18 radələrində ünvan 7 binanın qarşısında saxlanılmış, Zərərçəkmiş şəxs2 məxsus “X6” markalı, **-DV-*** dövlət qeydiyyat nişanlı yük avtomobilinə yaxınlaşıb yerdən tapdığı iti uclu daş ilə yük avtomobilinin üzərində olan hər birinin dəyəri 400 manat olan 02 ədəd “İstok” markalı, 190 amperlik akkumulyatorların naqillərini kəsməklə açıb götürərək gizli olaraq talayıb ümumilikdə Zərərçəkmiş şəxs2 ümumilikdə 800 manat məbləğində maddi ziyan vuraraq oğurluq etmişdir. Bundan başqa, o, təkrarən özgənin əmlakını gizli olaraq talama məqsədilə 02 yanvar 2023-cü il tarixdə saat 03 radələrində ünvan 5 ünvanının qarşısında saxlanılmış, Zərərçəkmiş şəxs5 məxsus “Opel" markalı, **-LG-*** dövlət qeydiyyat nişanlı yük avtomobilinə yaxınlaşıb üzərində olan məftillə avtomobilinin yük yerinin kilidini açıb oradan hər birinin dəyəri 300 manat olan 02 ədəd perforatorları, hər birinin dəyəri 85 manat olan 02 ədəd “matika” markalı direlləri, 70 manat dəyərində “royce” markalı ütü aparatını və dəyəri 160 manat olan “matika" markalı laqondanı gizli olaraq talayıb Zərərçəkmiş şəxs5 ümumilikdə 1.000 manat məbləğində maddi zuyan vurmaqla oğurluq etmişdir. Məhkəmə baxışında Təqsirləndirilən şəxs özünü ona elan olunmuş Azərbaycan Respublikasının CM-nin 177.2.2-ci maddəsində nəzərdə tutulmuş ittiham üzrə təqsirli bilməyərək göstərmişdir ki, ittiham aktında göstərilən epizodlar üzrə cinayət əməlləri onun tərəfindən törədilməmişdir. Yazıb-oxuya bilmədiyi üçün istintaqda verdiyi ifadəsini məzmununu bilmədən imzalamışdır. Məhkəmədən ona bəraət verilməsini xahiş etmişdir. Azərbaycan Respublikası CPM-nin 327.1.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs əvvəllər vermiş olduğu və cari məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyətlər olduğundan Təqsirləndirilən şəxs ifadəsi elan edilməklə tədqiq edilmişdir. Belə ki, Təqsirləndirilən şəxs istintaq zamanı verdiyi ifadəsində ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, əvvəllər Azərbaycan Respublikası CMnin 177 və 234.1-ci maddələri ilə məhkum olunmuşdur. Hazırda Bakı şəhəri Binəqədi Rayon Məhkəməsində barəsində Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2, 234.1-ci maddələri ilə olan cinayət işi üzrə məhkəmə prosesləri davam etdirilir. 22 sentyabr 2022-ci il tarixdə axşam saatlarında ünvan 3 ünvanından piyada keçərkən yolun kənarında qırmızı rəngli “Vaz 2109” markalı, **-OS-*** dövlət qeydiyyat nişanlı avtomobil görmüşdür. Ətrafda hər-hansı bir şəxsin olmadığını görüb həmin avtomobilə yaxınlaşdıqda avtomobilin içərisində qiymətli maqnitofon olduğunu görmüş və oğurlayıb sataraq, gəlir əldə etmək qərarına gəlmişdir. Bu məqsədlə özündə olan əlcəkləri geyinib, avtomobilin sol arxa qapısının nəfəslik pəncərəsini əli ilə vuraraq içəri salmışdır. Üzərində olan naqildən istifadə etməklə avtomobilin qapısını açıb avtomobilə daxil olmuşdur. Siqnalizasiya olduğundan dərhal avtomaşının mühərrik hissəsini açıb akkumulyatordan elektrik cərəyan naqilini ayırmışdır. Bundan sonra həmin avtomobildən maqnitofon, səs gücləndirici və 01 ədəd qulaqcığı oğurlayaraq oradan uzaqlaşmışdır. Kənara çəkildikdən sonra qulaqcığın köhnə olduğunu görüb tullamışdır. Piyada gəzərək avtomobildən oğurladığı maqnitofonu və səs gücləndiricini satmaq istəmişdir. Ətrafda avtomobil servisi görüb, orada işləyən ustaya yaxınlaşaraq, özünün avtomobilini satdığını və özünə məxsus maqnitofonu və səs gücləndiricini satmaq istədiyini demişdir. Adı yadında olmayan həmin orta boylu, arıq usta əşyalara baxdıqdan sonra maqnitofonu və səs gücləndiricini ümumilikdə 150 manata ondan almışdır. Həmin maqnitofonu və səs gücləndiricini alan şəxs israrla ondan maqnitofonun və səs gücləndiricinin oğurluq olub-olmadığını soruşmuşdur. O da ona narahat olmamağını və həmin əşyaların özünə məxsus olduğunu demişdir. Oğurladığı həmin maqnitofon və səs gücləndiricinin satışından əldə etdiyi pulu şəxsi ehtiyaclarına xərcləmişdir. Bundan sonra 27 noyabr 2022-ci il tarixdə saat 23 radələrində oğurluq etmək məqsədi ilə yaşadığı evdən çıxıb, Nizami rayonu “İnterturan” adlı mebel mağazasının qarşısından keçib, sağ tərəfdə olan “Bravo” super marketin qarşısına getmişdir. Bir müddət orada gəzişdikdən sonra oradan bir az irəlidə, Nəsimi küçəsində yolun sağ tərəfində olan mağazaların qarşısında dayanmış avtomobillərin arasında qeydiyyat nişanı 44 rəqəmi ilə başlayan, ağ rəngli, “VAZ 2104” markalı avtomobili görmüşdür. Rusiya istehsallı avtomobillərin salonuna girmək asan olduğu üçün həmin avtomobildən oğurluq etmək qərarına gəlmişdir. Ona görə də bir az da gözləyib, ətrafda onu görənin olmadığından əmin olduqdan sonra 28 noyabr 2023-cü il tarixdə, gecə saat 3-4 radələrində cibində olan tibbi əlcəklərini əllərinə geyinərək, həmin avtomobilə yaxınlaşmışdır. Bundan sonra həmin avtomobilin qabaq sağ qapısının şüşəsini güc tətbiq edərək, aşağı endirdikdən sonra əlini uzadıb, qapını açıb, avtomobilin salonuna girmişdir. Avtomobilin qabaq oturacaqlarının arasında olan qoltuqaltındakı iki ədəd led lampalarını, arxa şüşənin qarşısında quraşdırılmış iki ədəd səs gücləndiricini götürmüşdür. Bundan sonra avtomobilin qabaq kapotunu qaldırıb oradan avtomobilin bir ədəd akkumulyatorunu açıb çıxarmışdır. Oradan uzaqlaşdıqdan sonra oğurladığı iki ədəd led lampalarını və bir ədəd səs gücləndiricini “maşın bazarı” adlanan yerə aparıb, tanımadığı şəxsə işlənmiş ehtiyat hissəsi kimi satmışdır. Bir ədəd akkumulyatoru isə həmin gün səhər saatlarında satmaq üçün əlində apararkən, Ruslan adı ilə tanıdığı metal yığan şəxsə 10 manata satmışdır. Bundan sonra 10 dekabr 2022-ci il tarixdən əvvəl və sonra müxtəlif yerlərdə avtomobillərin üzərində olan akkumulyatorları oğurlayaraq onları müxtəlif yerlərdə yerləşən metal qəbulu məntəqələrinə satıb pul əldə etmişdir. Bununla da, dolanışığını təmin etmişdir. 10 dekabr 2022-ci il tarixdə saat təxminən 17 radələrində ünvan 6 ünvanın qarşısından keçərkən ağ rəngli, “Mitsubishi L200” markalı, arxa yük yeri açıq formada olan avtomobilin binanın qarşısında olduğunu görmüşdür. Həmin avtomobilin yük yeri açıq olduğu üçün ora baxmış və yük yerində 02 ədəd akkumulyatorların olduğunu görmüşdür. Günün qaranlıq vaxtı və hava soyuq olduğu üçün küçədə demək olar ki, adam yox imiş. Kənara diqqətlə baxıb kimsənin onu görmədiyinə əmin olduqdan sonra avtomobilinin yük yerinə qalxmış və orada olan 02 ədəd akkumulyatorları götürmək qərarına gəlmişdir. Cibində olan rezin əlcəyi çıxarıb əllərinə taxmışdır. Əvvəlcə akkumulyatorların birini, daha sonra isə digərini öncə avtomobilin yük yerindən yerə qoymuşdur. Həmin vaxt akkumulyatorların yanında açar dəstinin olduğunu da görüb, həmin açar dəstini də götürmüşdür. Bundan sonra isə hər iki akkumulyatoru və açar dəstinin olduğu çantanı götürüb oradan uzaqlaşmışdır. Bu proses təxminən 3-4 dəqiqə davam etmişdir. Oradan təxminən 20-30 metr uzaqlaşdıqdan sonra oğurladığı əşyaları təsadüfən yoldan keçən taksiyə qoyaraq, sürücüyə “Şamaxinka” adlanan yer istiqamətində sürməyi demişdir. Sürücü ondan avtomobilə qoyduğu akkumulyatorlar barədə soruşduqda, o, ona həmin akkumulyatorların iri həcmli avtomobillərdə istifadə edildiyini, akkumulyatorlar və açar dəstini satmaq istədiyini, əldə edəcəyi pula yeni akkumulyator alacağını demişdir. Aralarında söhbət zamanı o, sürücüyə adının Tural olduğunu, sürücü isə ona adının Qalib olduğunu demişdir. Taksi sürücüsü ondan akkumulyatorları və açar dəstini neçəyə satdığını soruşmuş, o da sürücüyə həmin akkumulyatorları və açar dəstini 300 manata sata biləcəyini demişdir. Bundan sonra sürücü avtomobilini saxlamış və avtomobildən enərək akkumulyator və açar dəstinə baxmışdır. Taksi sürücüsü bundan sonra mobil telefonla kimlərləsə danışdıqdan sonra akkumulyator və açar dəstini ondan 200 manata ala biləcəyini demişdir. Sürücü ilə qiymət barədə söhbət etdikdə yekunda akkumulyatorları və açar dəstini ümumilikdə 235 manata sürücüyə satmışdır. Sürücüdən 235 manat pulu aldıqdan sonra “20 Yanvar” metrostansiyasının yaxınlığında həmin taksidən enmişdir. Bundan başqa 13 dekabr 2022-ci il tarixdə saat 18 radələrində ünvan 7 ünvanın qarşısından keçərkən ön hissəsi qırmızı rəngli, arxa yük hissəsi ağ rəngli, “Mercedes Benz" markalı avtomobilin yolun kənarında saxlanıldığını görmüşdür. Həmin tip yük avtomobillərində akkumulyatorlar avtomobilin kənarında yerləşir və akkumulyatorları açmaq çətin olmur. Günün qaranlıq saatı və havanın soyuq vaxtı olduğu üçün küçədə demək olar ki, adam yox imiş. Ətrafa diqqətlə baxıb kimsənin onu görmədiyinə əmin olduqdan sonra avtomobilinin kənarında olan akkumulyatorları yerindən çıxarıb, təxminən 100 metr irəli aparmış, ağır olduqları üçün biraz sonra onları yerə qoyub taksi gözləmişdir. Yanından keçən taksiyi saxlayıb, oğurladığı həmin akkumulyatorları taksiyə qoyub, oradan uzaqlaşıb, həmin vaxt yaşadığı Əhmədli qəsəbəsində tam dəqiq ünvanını bilmədiyi gündəlik olaraq kirayəyə verilən fərdi evə aparmışdır. Əvvəllər də Nizami rayonu ərazisində yerləşən metal qəbul məntəqəsinə akkumulyator satmışdır. Lakin həmin yeri dəqiq xatırlamadığı üçün taksi ilə həmin metal qəbulu məntəqəsini axtarmalı olmuş, lakin tapa bilmədiyi üçün başqa metal qəbul yeri axtarmışdır. 14 dekabr 2022-ci ilin günorta saatlarında “Q.Qarayev” metrostansiyası yaxınlığında binaların həyətində yerləşən qarajların birinin üstündə metal qəbulu yazıldığını görüb, ora yaxınlaşmışdır. Həmin metal qəbulu məntəqəsində işləyən, adını bilmədiyi təxminən 30 yaşlarında, orta boylu, qara buğdayı, saqqallı kişi işlənmiş olduqları üçün akkumulyatorların birini ondan 50 manata alaraq iki akkumulyator üçün ümumilikdə 100 manat pul vermişdir. Oradan yaşadığı evə qayıtmışdır. Bundan sonra, 02 yanvar 2023-cü il tarixdə gecə saatlarında, 03 radələrində Nizami rayonu, Kamil Balakişiyev küçəsi 59 ünvanının qarşısından keçən zaman həmin binanın qarşısında tünd göy rəngli, “Opel” markalı **-LG-*** dövlət qeydiyyat nişanlı avtomobilin dayandığını görmüşdür. Ətrafa baxıb heç kəsin olmadığından əmin olduqdan sonra avtomobilə yaxınlaşaraq, özü ilə gətirdiyi məftil vasitəsi ilə avtomobilin yük yerinin kilidini açmışdır. Yük yerinə baxdıqda orada təmir və tikintidə istifadə olunan müxtəlif avadanlıqların və alətlərin olduğunu görmüşdür. Həmin avtomobilin yük yerindən iki ədəd perfarator, iki ədəd “matika” markalı drel, bir ədəd “royce” markalı ütü aparatı və bir ədəd “matika” markalı drel götürmüşdür. Oğurluq edən zaman əl izlərinin düşməməsi üçün əlcəkdən istifadə edirmiş. Daha sonra həmin yerdən ara küçələr ilə gedərək bir qədər uzaqlaşdıqdan sonra, yolda markasını xatırlamadığı bir taksiyə əyləşərək Binəqədi rayonu ərazisinə getmiş və oğurladığı həmin avadanlıqları orada tanımadığı bir şəxsə ümumlikdə 270 manata satmışdır. Əldə etdiyi pulu gündəlik tələbatlarına və narkotik almağa xərcləmişdir. Təqsirləndirilən şəxs qeyd edilən əməli törətməkdə təqsiri aşağıdakılarla təsdiq olunur. Məhkəmə baxışında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, yaşadığı Masallı rayonunda xx.xx.2022-ci il tarixində özünə məxsus “VAZ 2104” markalı, **-BU-*** dövlət qeydiyyat nişanlı avtomobili satmaq məqsədilə Bakı şəhərinə gəlmişdir. Bakı şəhərində daimi yaşayış yeri olmadığından ünvan 4 ünvanında yaşayan əmisi oğlu X3 yaşadığı ünvana getmişdir. Avtomobili xx.xx.2022-ci il tarixində saat 21 radələrində qeyd olunan ünvanda binanın qarşısında, yol kənarında saxlamış, özü isə qohumu Əli Rəhimovun mənzilində gecələmişdir. xx.xx.2022-ci il tarixində saat 12 radələrində gecələdiyi mənzildən çörək almaq üçün çıxmış və çıxmışkən avtomobilə baxmaq və onu gecə saxladığı yerdən götürərək, videomüşahidə kamerası olan bir yerdə saxlamaq istəmişdir. Avtomobilə yaxınlaşdıqda mühərrikxanasının qapağının açıq oldğunu görmüş, avtomobilin ətrafına baxdıqda sağ qabaq və arxa qapılarının açıq olduğunu aşkarlamışdır. Avtomobilin mühərrik hissəsinə baxdıqda, avtomobilin 150 manat dəyərində akkumulyatorunun yerində olmadığını görmüşdür. Daha sonra avtomobilin salonuna baxdıqda avtomobilə aid, dəyəri 400 manat olan 2 ədəd səsgücləndiricinin, qabaq ön oturacaqların arasında olan, qoltuq altındakı qutudan avtomobilə aid olan, işlək vəziyyətdə, lakin istifadə etmədiyi dəyəri 65 manat olan 2 ədəd led lampalarının da oğurlandığını aşkar etmişdir. Avtomobildən oğurluq nəticəsində ona 615 manat dəyərində maddi ziyan dəymişdir. . Məhkəmə baxışında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs4 ifadəsində göstərmişdir ki, 2021-ci ilin dekabr ayından Bakı şəhəri, Nizami rayonu, M.Əliyev küçəsində yerləşən “SOCAR Downstream Management” şirkətində mühəndis vəzifəsində işləyir. 22 sentyabr 2022-ci il tarixdə saat 17:50 radələrində iş yerinin yaxınlığında saxladığı, etibarnamə əsasında idarə etdiyi “VAZ 2109” markalı, **-OS-*** dövlət qeydiyyat nişanlı avtomobilin arxa sol pəncərəsini çıxartmaqla avtomobilin salonundan 1300 manat dəyərində “Pioneer DEH 80 RPS” markalı blutuz maqnitofonun və 500 manat dəyərində “Ocaf Ronce DB 5A2712” markalı səsgücləndiricinin oğurlandığını aşkar etmişdir. Oğurluq nəticəsində ona ümumilikdə 1800 manat məbləğində maddi ziyan dəymişdir. Zərərçəkmiş şəxs4 məhkəməyə ərizə verərək bildirmişdir ki, heç bir şikayəti yoxdur. Məhkəmə baxışında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs5 ifadəsində göstərmişdir ki, ünvan 9 ünvanında yaşayır. 02 yanvar 2023-cü il tarixdə saat 12 radələrində yaşadığı ünvanın qarşısında saxladığı 1997-ci il modelli, göy rəngli, “Opel” markalı 10- LG-575 dövlət qeydiyyat nişanlı avtomobilə mühərrikini işə salmaq üçün yaxınlaşdıqda arxa yük hissəsinin qapısının qismən açıq olduğunu, yük yerinə baxdıqda ümumi dəyəri 600 manat olan iki ədəd preparatorun, ümumi dəyəri 170 manat olan iki ədəd “matika” markalı direllərin, bir ədəd dəyəri 70 manat olan “royce” markalı ütü aparatının və bir ədəd dəyəri 160 manat olan “matika” markalı laqondanın oğurlandığını görmüşdür. Baş vermiş oğurluq nəticəsində ona ümumilikdə 1000 manat məbləğində maddi ziyan dəymişdir. Zərərçəkmiş şəxs5 ərizə ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, ona dəymiş ziyan ödənilməmişdir, təqsirləndirilən şəxsə qarşı heç bir şikayəti və tələbi yoxdur. İş üzrə Zərərçəkmiş şəxs2 məhkəməyə ərizə göndərərək bildirmişdir ki, istintaqda verdiyi ifadəsini təsdiq edir, dəymiş ziyanın ödənilməsini tələb edir, şikayətçidir. Məhkəmə baxışında ifadəsi elan edilmiş Zərərçəkmiş şəxs2 istintaqda verdiyi ifadəsində göstərmişdir ki, təxminən 1 ildir ki, etibarnamə əsasında X2 mülkiyyətində olan “Mercedes Benz markalı”, “Atego 816L” modelli, **-DV-*** dövlət qeydiyyat nişanlı avtomobilini idarə edir. 12 dekabr 2022-ci il tarixdə saat 16 radələrində həmin avtomobili yaşadığı evin qarşısında, yəni Bakı şəhəri, Nizami rayonu, Ş.Mirzəyev küçəsi 79 saylı binanın qarşısında saxlamışdır. 13 dekabr 2022-ci il tarixdə saat 08 radələrində avtomobilə yaxınlaşdıqda avtomobilin bir-birinə yanaşı olan 2 ədəd akkumulyatorlarının oğurlandığını görmüşdür. Həmin akkumulyatorları 2022-ci ilin sentyabr ayında hər birini 400 manata almışdır. Baş vermiş oğurluq nəticəsində ona ümumilikdə 800 manat məbləğində maddi ziyan dəymişdir. Məhkəmə baxışında ifadəsi elan edilmiş Zərərçəkmiş şəxs3 istintaqda verdiyi ifadəsində göstərmişdir ki, təxminən bir ildir ki, etibarnamə əsasında "xxxx" Açıq Səhmdar Cəmiyyətinin mülkiyyətində olan “Mitsubishi” markalı, “L200” modelli, **-PE-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edir. 10 dekabr 2022-ci il tarixdə saat 17 radələrində həmin avtomobili ünvan 6 binanın qarşısında saxlamışdır. 13 dekabr 2022-ci il tarixdə saat 08 radələrində avtomobilə yaxınlaşdıqda avtomobilin açıq vəziyyətdə olan yük yerinə qoyduğu 2 ədəd traktor akkumulyatorlarının və 01 ədəd plastik qablaşdırmada olan açar dəstinin oğurlandığını aşkar etmişdir. Həmin akkumulyatorları 2022-ci ilin oktyabr ayında hər birini 300 manata almışdır. Açar dəstini isə təxminən 01 il bundan qabaq almışdır və hazırda həmin açar dəstinin təxmini qiyməti 150 manatdır. Oğurluq nəticəsində ümumilikdə ona 750 manat məbləğində maddi ziyan dəymişdir. Məhkəmə baxışında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, təxminən 2 ildir ki, Nizami rayonu, K.Balakişiyev küçəsində yerləşən dəmir qarajı icarəyə götürməklə orada metal və digər tullantıların qəbulu ilə məşğuldur. Təxminən 2022-ci ilin dekabr ayının ortalarında, günorta vaxtları orta boylu arıq bədən quruluşlu 30-35 yaşlarında kişi işlədiyi yerə gələrək, atasına məxsus yük avtomobilini satdıqlarını və avtomobildən qalan yararsız vəziyyətdə olan iki ədəd akkumulyatoru satmaq istədiyini bildirmişdir. O da akkumulyatorlara baxdıqdan sonra hər birini 50 manata almağa razılaşmış, ümumilikdə həmin şəxsə 100 manat pul vermişdir. Həmin şəxsdən aldığı akkumulyatorları sökmədən topdan metal qəbul yerinə hər birini 60 manata satmışdır. Həmin şəxsdən aldığı akkumulyatorları hansı metal qəbulu yerinə satdığını xatırlamır. Aldığı həmin iki akkumulyatorların oğurluq olduğunu bilməmiş, akkumulyatorları ona satan şəxs bu barədə ona deməmişdir. İş üzrə Şahid2 məhkəməyə ərizə göndərərək bildirmişdir ki, istintaqda verdiyi ifadəsini təsdiq edir, üzrlü səbəblərdən məhkəmə iclaslarında iştirak edə bilmir. Məhkəmə baxışında ifadəsi elan edilmiş Şahid2 istintaqda verdiyi ifadəsində göstərmişdir ki, “Toyota Prius” markalı, **-FZ-*** dövlət qeydiyyat nişanlı avtomobillə taksiçilik fəaliyyəti ilə məşğul olur. 10 dekabr 2022-ci il tarixdə, saat 18 radələrində Bakı şəhəri, Nizami rayonu, Ə.Vəliyev küçəsindən həmin avtomobillə keçərkən bir əlində bir ədəd akkumulyator, digər əlində də bir akkumulyator və açar dəsti qutusu olan orta boylu, orta çəkili, qaraşın bir nəfər kişi əl edib avtomobili saxlatmışdır. Həmin kişi əlində olan iki ədəd akkumulyatoru və açar dəsti qutusunu avtomobilin yük yerinə qoyduqdan sonra “Şamaxinka” adlanan yerə gedəcəyini bildirmişdir. Deyilən istiqamətdə hərəkətdə olarkən, aralarındakı söhbət zamanı həmin kişi adının Tural olduğunu, apardığı akkumulyatorları və açar dəstini satıb, əvəzində yenisini almaq istədiyini bildirmişdir. O, həmin əşyaları almaq istədiyindən Turaldan neçəyə satmaq istədiyini soruşmuş, Tural da hamısını cəmi 300 manata satmaq istədiyini bildirmişdir. Bundan sonra o, avtomobili kənara verib, saxladıqdan sonra avtomobil ehtiyat hissələri və alətləri satmaqla məşğul olan dostuna zəng edib həmin işlənmiş akkumulyatorları və alətləri təsvir edib, qiymətini soruşduqdan sonra, Turala həmin iki ədəd akkumulyator və alətləri ondan 200 manata ala biləcəyini bildirmişdir. Lakin Tural həmin qiymətə razılaşmamışdır. Daha sonra aralarında razılığa gəlib, həmin iki ədəd akkumulyator və alətləri Turaldan cəmi 235 manata almışdır. Bundan sonra Tural “20 Yanvar” metrostansiyasının yaxınlığında avtomobildən düşüb, getmişdir. Sabahısı günü Turaldan aldığı həmin iki ədəd akkumulyator və alətləri Bakı şəhəri, Nizami rayonu, “Babək” prospektində yerləşən “avtomobil bazarı”nda tanımadığı şəxsə 450 manata satmışdır. Tural ona satdığı həmin iki ədəd akkumulyator və alətlərin özünə məxsus olduğunu bildirmişdir. Məhkəmə baxışında ifadəsi elan edilmiş Şahid1 istintaqda verdiyi ifadəsində göstərmişdir ki, Nizami rayonu ərazisində metallom yığıb, metal qəbulu məntəqələrinə satmaqla məşğuldur. 28 noyabr 2022-ci il tarixdə səhər saatlarında ərazidən metallom toplayarkən adının sonradan Təqsirləndirilən şəxs olduğunu öyrəndiyi şəxsin əlində bir ədəd akkumulyator apardığını görmüşdür. Aralarında danışıq zamanı Tural əlində apardığı akkumulyatorun özünə məxsus olduğunu, avtomobilinin üzərindən çıxardığını, nasaz olduğundan metal qəbulu məntəqəsinə satmaq istədiyini bildirmişdir. Aralarında razılaşdıqdan sonra həmin bir ədəd akkumulyatoru Turaldan cəmi 10 manata almışdır. Turaldan aldığı həmin bir ədəd akkumulyatoru sökərək, içərisindəki metalı çıxarıb, metal qəbulu məntəqəsinə 15 manata satmışdır. Məhkəmə baxışında ifadəsi elan edilmiş Şahid4 istintaqda verdiyi ifadəsində göstərmişdir ki, təxminən 10 ilə yaxındır ki, avtomobil mühərriki təmiri ilə məşğuldur. Müxtəlif avtoservislərdə usta işləmişdir. 5 ilə yaxındır ki, ünvan 10 ünvanında yerləşən “ES” adlanan avtoservisdə avtomobil mühərriki təmiri ustası işləyir. 2022-ci ilin sentyabr ayının sonlarında, axşam saat 18-19 radələrində işdə olarkən bir nəfər orta boylu qaraşın, üzü tüklü 30-35 yaşlarında kişi servisə gəlib, ona yaxınlaşaraq avtomobilini satdığını bildirib, hal-hazırda özünə məxsus işlək vəziyyətdə olan “Pioneer” markalı maqnitofon və markası yadında olmayan səsgücləndiricini (usliteli) satmaq istədiyini bildirməklə, həmin maqnitofon və səsgücləndiricini ona göstərmişdir. O da həmin maqnitofona və səsgücləndiriciyə baxdıqda çox işləndiyini görüb, əvvəlcə almaq istəməmişdir. Lakin adının Tural olduğunu ona deyən şəxs həmin maqnitofonu və səs gücləndiricini ucuz qiymətə satdığını demişdir. Bundan sonra o, Turala həmin maqnitofon və səsgücləndiriciyə görə ümumilikdə 130 manat verə biləcəyini bildirmişdir. Tural isə pula ehtiyacı olduğu üçün həmin əşyaları dəyər dəyməzinə satdığını bildirməklə, bir az artıq pul verməyini xahiş etmişdir. O da həmin əşyaları bazardan işlənmiş vəziyyətdə 300-400 manata alacağını düşündüyü üçün Turalla 150 manata razılaşıb, 01 ədəd “Pioneer” markalı maqnitofonu və markası yadında olmayan səsgücləndiricini ondan almışdır. Həmin maqnitofonu və səsgücləndirici bir müddət istifadə etdikdən sonra yararsız hala gəldiyi üçün tullamışdır. Təqsirləndirilən şəxs aldığı 01 ədəd “Pioneer” markalı maqnitofonun və 01 ədəd səsgücləndiricinin Təqsirləndirilən şəxs tərəfindən oğurlandığını bilməmişdir və Tural özü də bu barədə ona deməmişdir. Təqsirləndirilən şəxs ilk dəfə həmin əşyaları alarkən görmüşdür və söhbət zamanı adının Tural olduğunu bilmişdir. Məhkəmə baxışında ifadəsi elan edilmiş Şahid5 istintaqda verdiyi ifadəsində göstərmişdir ki, Bakı şəhəri, Binəqədi rayonu, Daş bazarı adlanan yerdə fəhləlik edir. 02 yanvar 2023-cü il tarixdə gündüz saatlarında həmin yerdə olarkən ona yaxınlaşan, özünü Tural adı ilə təqdim edən, 30-35 yaşlı, qaraşın kişi əlində olan torbadan çıxardığı işlənmiş 02 ədəd perforatoru, 02 ədəd direli, plastik boruları birləşdirmək üçün ütü aparatını və bir ədəd laqondanı ona göstərərək, özünə məxsus olduqlarını, təcili pula ehtiyacı olduğundan cəmi 400 manata satdığını bildirməklə, ona həmin əşyaları almağını təklif etmişdir. Aralarında razılaşdıqdan sonra o, Tural adlı şəxsə cəmi 270 manat verərək həmin əşyaları ondan almışdır. Həmin əşyaları alarkən Tural adlı şəxsdən şəxsiyyətini təsdiq edən hər hansı bir rəsmi sənəd istəsə də, o, üzərində şəxsiyyətini təsdiq edən hər hansı bir sənədi olmadığını bildirmişdir. Tural adlı şəxsdən aldığı işlənmiş 02 ədəd perforatoru, 02 ədəd direli, plastik boruları birləşdirmək üçün ütü aparatını və bir ədəd laqondanı sonradan tanımadığı şəxsə satmışdır. İşdə olan və məhkəmə baxışında tədqiq edilmiş: - şəxsin fotoşəkillə tanınmaya təqdim edilməsi barədə tərtib edilmiş 15 sentyabr 2023-cü il tarixli protokoldan görünür ki, Nizami RPİ-nin İŞ-də Şahid1 ona tanınması üçün təqdim edilmiş 4 nəfər kişinin fotoşəkilləri arasında Təqsirləndirilən şəxs tanıyaraq 28 noyabr 2022-ci il tarixdə səhər saatlarında ərazidən metallom toplayarkən həmin şəxsin əlində bir ədəd akkumulyator apardığını gördüyünü, aralarında danışıq zamanı həmin şəxs əlində apardığı akkumulyatorun özünə məxsus olduğunu, avtomobilinin üzərindən çıxardığını, nasaz olduğundan metal qəbulu məntəqəsinə satmaq istədiyini bildirdiyini, razılaşdıqdan sonra həmin bir ədəd akkumulyatoru həmin şəxsdən cəmi 10 manata aldığını göstərmişdir. - şəxsin fotoşəkillə tanınmaya təqdim edilməsi barədə tərtib edilmiş 16 sentyabr 2023-cü il tarixli protokoldan görünür ki, Nizami RPİ-nin İŞ-də Şahid2 ona tanınması üçün təqdim edilmiş 4 nəfər kişinin fotoşəkilləri arasında Təqsirləndirilən şəxs tanıyaraq 10 dekabr 2022-ci il tarixdə, saat 18 radələrində Bakı şəhəri, Nizami rayonu, Ə.Vəliyev küçəsindən avtomobildə keçərkən bir əlində bir ədəd akkumulyator, digər əlində də bir akkumulyator və açar dəsti qutusu olan həmin şəxs əl edib avtomobili saxlatmışdır. Həmin şəxs əlində olan iki ədəd akkumulyatoru və açar dəsti qutusunu avtomobilin yük yerinə qoyduqdan sonra “Şamaxinka” adlanan yerə gedəcəyini bildirmişdir. Aralarındakı söhbət zamanı həmin şəxs adının Tural olduğunu, apardığı akkumulyatorları və açar dəstini satıb, əvəzində yenisini almaq istədiyini bildirdiyini, həmin əşyaları almaq istədiyindən Turaldan neçəyə satmaq istədiyini soruşduğunu Tural da hamısını cəmi 300 manata satmaq istədiyini bildirdiyini, bundan sonra o, avtomobili kənara verib, saxladıqdan sonra avtomobil ehtiyat hissələri və alətləri satmaqla məşğul olan dostuna zəng edib həmin işlənmiş akkumlayatorları və alətləri təsvir edib, qiymətini soruşduqdan sonra, Turala həmin iki ədəd akkumlayator və alətləri ondan 200 manata ala biləcəyini bildirdiyini, lakin Tural həmin qiymətə razılaşmadığını, daha sonra aralarında razılığa gəlib, həmin iki ədəd akkumlayator və alətləri Turaldan cəmi 235 manata aldığını göstərmişdir. - şəxsin fotoşəkillə tanınmaya təqdim edilməsi barədə tərtib edilmiş 16 sentyabr 2023-cü il tarixli protokoldan görünür ki, Nizami RPİ-nin İŞ-də Şahid3 tanınması üçün təqdim edilmiş 4 nəfər kişinin fotoşəkilləri arasında Təqsirləndirilən şəxs tanıyaraq həmin şəxsin təxminən 2022-ci ilin dekabr ayının ortalarında, günorta vaxtı onun işlədiyi yerə gələrək, atasına məxsus yük avtomobilini satdıqlarını və avtomobildən qalan yarasız vəziyyətdə olan özü ilə gətirdiyi iki ədəd akkumulyatoru satmaq istədiyini bildirən və həmin iki ədəd akkumulyatorları ona ümumilikdə 100 manata satan şəxs olduğunu göstərmişdir. - şəxsin fotoşəkillə tanınmaya təqdim edilməsi barədə tərtib edilmiş 17 sentyabr 2023-cü il tarixli protokoldan görünür ki, Nizami RPİ-nin İŞ-də Şahid4 ona tanınması üçün təqdim edilmiş 4 nəfər kişinin fotoşəkilləri arasında Təqsirləndirilən şəxs tanıyaraq 2022-ci ilin sentyabr ayının sonlarında, axşam saat 18-19 radələrində işdə olarkən ona yaxınlaşaraq adının Tural olduğunu deməklə, avtomobilini satdığını bildirib, hal-hazırda özünə məxsus işlək vəziyyətdə olan “Pioneer” markalı maqnitofon və markası yadında olmayan səsgücləndiricini (usliteli) satmaq istədiyini bildirməklə, həmin maqnitofon və səs gücləndiricini ona göstərən və həmin “Pioneer” markalı maqnitofonu səs gücləndiricini (usliteli) ona 150 manata satan şəxs olduğunu göstərmişdir. - şəxsin fotoşəkillə tanınmaya təqdim edilməsi barədə tərtib edilmiş 18 sentyabr 2023-cü il tarixli protokoldan görünür ki, Nizami RPİ-nin İŞ-də Şahid5 ona tanınması üçün təqdim edilmiş 4 nəfər kişinin fotoşəkilləri arasında Təqsirləndirilən şəxs tanıyaraq həmin şəxsin 02 yanvar 2023-cü il tarixdə gündüz saatlarında Binəqədi rayonu, Daş bazarı adlanan yerdə olarkən ona yaxınlaşan, özünü Tural adı ilə təqdim edən, əlində olan torbadan çıxardığı işlənmiş 02 ədəd perforatoru, 02 ədəd direli, plastik boruları birləşdirmək üçün ütü aparatını və bir ədəd laqondanı ona göstərərək, özünə məxsus olduqlarını, təcili pula ehtiyacı olduğundan cəmi 400 manata satdığını bildirməklə, ona həmin əşyaları almağını təklif edən, aralarında razılaşdıqdan sonra cəmi 270 manata həmin əşyaları ona satan şəxs olduğunu göstərmişdir. - qətimkan tədbirinin nəzərə alınması haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə 03 ay müddətinə həbs qətimkan tədbirinin seçilməsi nəzərə alınmışdır. - təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddədə nəzərdə tutulmuş ittiham elan edilmişdir. - Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 1(007)-176/2024 saylı qərarından görünür ki, məhkəmə hazırlıq iclasında Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmişdir. - Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 1(001)-10/2025 saylı hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2 və 234.1-ci maddələri ilə təqsirli bilinib CM-nin 66.2 və 66.5-ci maddələrinə əsasən barəsində 1 il 6 ay müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququ məhdudlaşdırılmaqla 3 il 9 ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş və cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi qərara alnışdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 03 mart 2005-ci il tarixli qərarında Plenum qərara almışdır ki:”…2. Mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir. Yaranmış konkret şəraitdə təqsirkar gizli hərəkət etdiyini güman edirsə həmin şəxslər talama hadisəsini görmüş olsalar belə təqsirkarın əməli özgə əmlakının gizli talanması hesab edilməlidir... 7. Təqsirli şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan (məsələn, talanmış əmlakı öz xeyrinə və ya başqalarının nəfinə yönəltmək, yaxud tamah məqsədilə başqa formada onun üzərində sərəncam vermək), oğurluq və ya soyğunçuluq cinayəti bitmiş hesab edilir... 18. Şəxs, tövsifedici əlamətlər olmadan, özgə əmlakının eyni formada iki və ya daha çox müstəqil talanmasına görə (məsələn, müxtəlif mülkiyyətçilərdən bir neçə dəfə oğurluq edilməsi) məhkum edilməmişsə, yaxud cinayət məsuliyyətinə cəlb etmə müddətləri keçməmişsə, bu zaman həmin hərəkətlər, CM-nin 16.2-ci maddəsinə müvafiq olaraq, CM-nin 177.2.2, 180.2.2 və ya 181.2.2-ci maddələrində nəzərdə tutulmuş «təkrar» törədilmiş cinayət kimi tövsif edilməlidir. Belə halda cinayətkar hərəkətlər cinayətlərin məcmusunu təşkil etmir. Təqsirkarın iradəsindən asılı olmayaraq cinayət başa çatmadıqda da məsələyə bu mövqedən yanaşılmalıdır.” Göstərilənlərə əsasən məhkəmə belə bir nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətdiyi əməldə cinayət tərkibi vardır, ona ibtidai istintaq zamanı düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 -ci maddəsi ilə ittiham irəli sürülmüş və əməli həmin maddə ilə tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsas yoxdur. Məhkəmə iş üzrə toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutlara qiymət verərək hesab edir ki, həmin sübutlar mötəbər və mümkün olmaqla Təqsirləndirilən şəxs tərəfindən Azərbaycan Respublikası CM-nin 177.2.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlinin törədilməsini tam təsdiq edir. Təqsirləndirilən şəxs özünü təqsirli bilməməsinə dair ifadəsində göstərdiyi xüsusatlar məhkəmə iclasında tədqiq edilmiş sübutlarla təkzib olundu. Məhkəmə baxışı zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət hadisələri xx.xx.2022-ci il, xx.xx.2022-ci il, xx.xx.2022-ci il, xx.xx.2022-ci il və xx.xx.2023cü il tarixlərdə baş vermiş, bununla da cinayət əməllərinin törədildiyi vaxtdan iki ildən artıq vaxt keçmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 16 və 75-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 15 mart 2022-ci il tarixli Qərarına əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 16 və 75-ci maddələrinin tələbləri baxımından hər bir cinayətə görə məsuliyyətə cəlb etmə müddəti müstəqil hesablandığından, eyni və yaxud həmcins cinayətlərin təkrar törədilməsi zamanı əvvəlki əmələ görə cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyi halda ikinci əməl təkrarlıq yarada bilməz. Təkrar oğurluqdan əvvəl törədilmiş ilkin əməl üzrə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38.1-ci maddəsində nəzərdə tutulmuş bir illik müddətin keçməsi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2-ci maddəsi ilə cinayət məsuliyyətinin yaranmasını istisna edir. Həmin Qərardan görünür ki, təkrarlıq cinayətlərin çoxluğunu ehtiva etdiyindən, şəxsin bu əlamət üzrə məhkum edilməsi mütləq şəkildə onun məhz iki və ya daha çox cinayətin törədilməsində təqsirli bilinməsinə əsaslanmalıdır. Şəxs eyni zamanda iki və ya daha çox eyni və ya həmcins cinayətlərin törədilməsində təqsirli bilinməlidir ki, onun əməlində cinayətlərin çoxluğunu nəzərdə tutan Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddələrinin tərkib əlamətlərinin mövcudluğunu göstərmək mümkün olsun. Məhkəmə baxışı nəticəsində təkrarlığa daxil olan iki cinayətdən birinə görə cinayət məsuliyyətinə cəlb etmə müddətinin keçməsi müəyyən edilərsə və bu səbəbdən həmin əmələ görə cinayət təqibinə xitam verilərsə, təqsirləndirilən şəxsin əməlində cinayətlərin çoxluğu mövcud olmadığından, onun əməlinin təkrarlıq əlaməti üzrə tövsif edilməsi də istisna edilir. Bu səbəbdən ikinci əmələ münasibətdə bütün hüquqi məsələlər, o cümlədən cinayət məsuliyyətinə cəlb etmə müddətinin müəyyən edilməsi ikinci əməlin təkrarən törədilən əməl kimi deyil, belə əlamətlə müşayiət olunmayan cinayət kimi həll edilməlidir. Həmin Qərarda göstərilmişdir ki, yeni cinayətin törədilməsi əvvəlki cinayətə görə cinayət məsuliyyətinə cəlb etmə müddətinin axımını dayandırmır və hər bir cinayət üzrə bu müddət müstəqil hesablanır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 75.1.1-ci maddələrinə əsasən böyük ictimai təhlükə törətməyən cinayətin törədildiyi gündən iki il keçdikdə, şəxs cinayət məsuliyyətinə cəlb edilə bilməz; 75.2-ci maddəsinə əsasən müddətlər, cinayətin törədildiyi gündən ittiham hökmünün qanuni qüvvəyə mindiyi anadək hesablanır. Şəxs yeni cinayət törətdikdə, hər bir cinayətə görə müddət müstəqil hesablanır; 15.2-ci maddəsinə əsasən qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə bu Məcəllə ilə azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza nəzərdə tutulmuş əməllər, yaxud qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə bu Məcəllə ilə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi iki ildən artıq olmayan əməllər böyük ictimai təhlükə törətməyən cinayətlər hesab olunur. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 39.1.3-cü maddəsinə əsasən cinayət məsuliyyətinə cəlbetmə müddətləri keçdikdə (cinayət məsuliyyətinə cəlbetmə müddətinin dayandırılması halları istisna edilməklə) cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Həmin Məcəllənin 43.3-cü maddəsinə əsasən məhkəmə baxışının gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə, həmçinin bu Məcəllənin 39.1.3, 39.1.12 və 40.2-ci maddələrində nəzərdə tutulmuş hallarda müdafiə tərəfinin razılığı ilə xitam verilməsi barədə məhkəmə qərar çıxarmağa haqlıdır. Həmin Məcəllənin 44.2 və 44.2.1-ci maddəsinə əsasən bəraət hökmü və ya cinayət təqibinə xitam verilməsi barədə qərar çıxarılması üçün müvafiq olaraq bu Məcəllənin 42 və 43-cü maddələrində göstərilən əsaslar mövcud olmadıqda, məhkəmə bu Məcəllənin 39.1.3-cü maddəsində nəzərdə tutulmuş halda — təqsirləndirilən şəxsə cəza təyin etməməklə ittiham hökmü çıxarır: “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın “Qanunsuz cəzalandırılmamaq” adlanan 7-ci maddəsi ilə bağlı Belçikaya qarşı (Coeme and others v. Belgium, §146) iş üzrə qərarında Avropa İnsan Hüquqları Məhkəməsi qeyd etmişdir ki, cinayət məsuliyyətindən azad etmə müddəti cinayət törətmiş şəxsə əməlin törədilməsindən sonra təyin olunan dövr keçdikdə cinayət təqibinə və ya mühakiməyə məruz qalmamaq üçün verilən hüquq kimi müəyyən edilə bilər. Razılığa gələn Yüksək Tərəflərin daxili hüquq sistemlərinin ümumi cəhəti olan bu müddətlər bir neçə məqsədlərə, o cümlədən hüquqi müəyyənliyin və qətiliyin təmin olunmasına, eləcə də vaxtın keçməsinə görə natamam vəziyyətə düşə bilən sübutlar əsasında məhkəmələrdən qərar qəbul edilməsi tələb edildiyi halda, müdafiə olunanların zərər ala biləcək hüquqlarına yönələn qəsdlərin qarşısının alınmasına xidmət edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177-ci maddəsinin Qeyd hissəsinə əsasən bu Məcəllənin 177.1, 178.1 və 179.1-ci maddələrində nəzərdə tutulmuş məsuliyyət əmlakın mülkiyyətçisinə və ya digər sahibinə beş yüz manatdan yuxarı, lakin beş min manatdan artıq olmayan məbləğdə ziyan vurulduğu hallarda yaranır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi hər bir cinayət əməlləri üzrə əmlakın mülkiyyətçisinə dəymiş ziyanın məbləği beş min manatdan artıq olmadığından törədilmiş hər bir cinayət əməlinə görə cinayət məsuliyyətinə cəlb etmə müddəti müstəqil hesablanmaqla həll edilməlidir. Beləliklə məhkəmə hesab edir ki, xx.xx.2022-ci il, xx.xx.2022-ci il, xx.xx.2022-ci il, xx.xx.2022-ci il və xx.xx.2023-cü il tarixlərdə törətdiyi cinayət əməllərinə görə iki ildən artıq müddət keçdiyindən və müdafiə tərəfi bəraətverici əsaslar olmadan cinayət təqibinə xitam verilməsinə razılıq vermədiyindən iş üzrə ittiham hökmü çıxarılmalı, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməli, lakin cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyindən Azərbaycan Respublikası CM-nin 75.1.1-ci və Azərbaycan Respublikası CPM-nin 39.1.3-cü maddələrinə əsasən barəsində cəza təyin edilməməlidir. Azərbaycan Respublikası CPM-nin 353.4.12-ci maddəsinə əsasən məhkəmə hökmünün nəticə hissəsində məhkəmənin hökmü qanuni qüvvəyə minənədək məhkumun barəsində seçilmiş qətimkan tədbirinin həlli göstərilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv olunmalı və Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 1(001)- 10/2025 saylı hökmü ilə cəza çəkməsi nəzərə alınmalıdır. İş üzrə mülki iddia və maddi sübut yoxdur. Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən Bu Məcəllənin 193.2, 193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının (AR Nazirlər Kabineti) müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə hesab edir ki, vəkilin məhkəmədə iştirak etdiyi müddət cəmi 83 iş saatı müddətinə bərabər olmaqla, 73 iş saatı üçün Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2018-ci il tarixli, 202 saylı qərarına əsasən hüquqi yardım haqqı 6 (altı) manat miqdarında ödənilməsi nəzərə alınmaqla 438 (dörd yüz otuz səkkiz) manat (73x6) məbləğində, 10 iş saatı üçün Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 aprel 2025ci il tarixli, 141 nömrəli qərarına əsasən hüquqi yardım haqqı 11 (on bir) manat miqdarında ödənilməsi nəzərə alınmaqla 110 (bir yüz on) manat (10x11) məbləğində, cəmi 548 (beş yüz qırx səkkiz) manat əmək haqqı Bakı şəhəri 6 saylı Vəkil Bürosu vasitəsi ilə Müdafiəçi dövlət büdcəsi vəsaiti hesabına ödənilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 39.1.3, 305, 384-cü maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin, cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyindən Azərbaycan Respublikası CM-nin 75.1.1-ci və Azərbaycan Respublikası CPM-nin 39.1.3-cü maddələrinə əsasən barəsində cəza təyin edilməsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilsin və Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 1(001)-10/2025 saylı hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2 və 234.1-ci maddələri ilə təqsirli bilinib CM-nin 66.2 və 66.5-ci maddələrinə əsasən barəsində 1 il 6 ay müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququ məhdudlaşdırılmaqla 3 il 9 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilərək cəza çəkməsi nəzərə alınsın. Təqsirləndirilən şəxs 83 saat göstərdiyi pulsuz hüquqi yardıma görə iş üzrə dəvət olunmuş Müdafiəçi 548 (beş yüz qırx səkkiz) manat əmək haqqı Bakı şəhəri 6 saylı Vəkil Bürosu vasitəsi ilə Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına ödənilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Həmin müddətdə hökmdən apelyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən Mətanət Hacıyeva
Məhkəmə qərarları › İş №1(007)-15/2025
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №1(007)-15/2025
21.05.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver