Məhkəmə qərarları › İş №1(007)-150/2021

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Hökm — İş №1(007)-150/2021

07.07.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(007)-150/2021 07.07.2021 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyeva Mətanət İsfəndiyar qızının sədrliyi, məhkəmə iclas katibi Azadəli Orhan Nasir oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhər məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi – Bakı şəhəri 6 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Şahməddin oğlunun, təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs iştirakı ilə, təqsirləndirilən şəxs – xx.xx.1986-cı ildə Rusiya Federasiyası Tatarstan Muxtar Respublikasının Brejnev şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan, barəsində başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN E T D İ: Təqsirləndirilən şəxs 16 oktyabr 2020-ci il tarixdə saat 18 radələrində Bakı şəhəri Nizami Rayon İcra Hakimiyyətinin inzibati binasının yaxınlığından istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda, yəni 01 ədəd kağız bükümdə təmiz çəkisi 0,525 qram olan ağ kristallik maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin əldə edib saxlamaqla üzərində daşımış, 17 oktyabr 2020-ci il tarixdə saat 17:55 radələrində ünvan 2 ünvanının qarşısında Azərbaycan Respublikası DİN-nin ƏÇPA-nın 5-ci PB-nün polis nəfərləri tərəfindən şübhəli şəxs qismində saxlanılaraq Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti 81 “B” ünvanda yerləşən Nizami RPİ-nin 24-cü PŞ-nə gətirilmiş və orada onun üstünə baxış aparılan zaman əynində olan göy rəngli şalvarının sağ yan cibindən ağ rəngli 01 ədəd kağız bükümdə təmiz çəkisi 0,525 qram olan ağ kristallik maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs məhkəmə baxışında özünü ona elan olunmuş Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş ittihamla təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, o, bir qadınla 8-ci km bazarına gedib alış-veriş etmişlər. Piyada Nizami Rayon İcra Hakimiyyətinin binasının qarşısından keçərkən yerdən bükülü vəziyyətdə bir manat pul tapıb götürmüşdür. Həmin pulu qadına vermiş, o da çantasına qoymuşdur. Nizami Rayon İcra Hakimiyyətinin qarşısında pilləkənlərdən düşən zaman polis əməkdaşları onları saxlamışlar, o, tibbi maskadan istifadə etmədiyi üçün həyəcanlanmışdır. Polis əməkdaşları onları 24-cü PŞ-nə aparmışlar. Şöbədə tapdıqları pulun içərisindən kağız bükülüdə narkotik vasitə aşkar olunmuşdur. Onlar həmin pulu yerdən tapdıqlarını demişlər. Sonra o, məcbur olub narkotik vasitənin özünə məxsus olduğunu bildirmişdir. Onun üzərində narkotik vasitə olmamışdır. O, narkotik vasitə istifadəçisi deyildir, heç vaxt narkotik vasitə istifadə etməmişdir. Ümumiyyətlə onun nəslində narkotik vasitə istifadəçisi yoxdur. Məhkəmədən barəsində qərar qəbul edərkən göstərilənlərin nəzərə alınmasını xahiş etmişdir. Təqsirləndirilən şəxs qeyd edilən əməli törətməkdə təqsiri aşağıdakılarla təsdiq olunur. Məhkəmə baxışında şahid qismində dindirilmiş Azərbaycan Respublikası DİN-nin ƏÇPA-nın Patrul Bölüyünün polis nəfəri Şahid1 bildirmişdir ki, 17 oktyabr 2020-ci il tarixdə saat 17:55 radələrində polis nəfəri Şahid2 ilə birlikdə ünvan 2 ünvanından keçərkən bir nəfər şəxs özünü şübhəli apardığından onlar həmin şəxsə yaxınlaşmışlar. Özlərini təqdim edərək həmin şəxsdən, şəxsiyyəti sonradan onlara məlum olan Təqsirləndirilən şəxs şəxsiyyət vəsiqəsini təqdim etməsini tələb etmişlər, Təqsirləndirilən şəxs şəxsiyyət vəsiqəsinin üzərində olmadığını bildirmiş, eyni zamanda hərəkətləri ilə onlarda şübhə yaratmışdır. Onlar Təqsirləndirilən şəxs 24-cü PŞ-nə dəvət etmişlər. 24-cü PŞ-nin xidməti otaqlarının birində videoçəkiliş aparılaraq Təqsirləndirilən şəxs üzərinə baxış keçirilmişdir. Baxış keçirilməzdən əvvəl Təqsirləndirilən şəxs üzərində qanunsuz maddə və hər hansı bir əşya varsa təqdim etməsi təklif edilmişdir. Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarın ön sağ yan cibindən bir ədəd ağ rəngli kağız bükümü və 91 manat pulu çıxarıb masanın üzərinə qoymuşdur. Təqsirləndirilən şəxs təqdim etdiyi kağız büküm açıldıqda bükümün içərisində ağ kristalşəkilli maddənin olduğu aşkar olunmuşdur. Təqsirləndirilən şəxs bükümdəkinin nə olduğunu soruşduqda kağız bükümün içərisindəkinin hamının şüşə kimi tanıdığı metamfetamin olduğunu, 16 oktyabr 2020-ci il tarixdə Nizami Rayon İcra Hakimiyyətinin binasının yaxınlığında yerdən tapdığını və özü istifadə etmək üçün götürdüyünü bildirmişdir. Məhkəmə baxışında şahid qismində dindirilmiş Azərbaycan Respublikası DİN-nin ƏÇPA-nın Patrul Bölüyünün polis nəfəri Şahid2 Şahid1 ilə oxşar məzmunda ifadə vermişdir. İşdə olan və məhkəmə baxışında tədqiq edilmiş: - cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında 18.10.2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə cinayət işi başlanılmış və icraata qəbul edilmişdir. - şübhəli şəxsin tutulması barədə 17.10.2020-ci il tarixli qərardan və protokoldan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli olduğuna görə tutulmuşdur. - baxış və götürmə haqqında 17.10.2020-ci il tarixli protokoldan görünür ki, Bakı şəhəri Nizami RPİ-nin 24-cü PŞ-nin təhqiqatçısı, polis baş leytenantı Hakim Mirzəzadənin, 24-cü PŞ-nin təhqiqatçısı, polis leytenantı Elçin Rzayevin, Azərbaycan Respublikası DİN-nin ƏÇPA-nın 5-ci PB-nün əməkdaşları, polis serjantı Şahid1 və polis serjantı Şahid2, 6 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə ünvan 2 ünvanında şübhəli şəxs qismində saxlanılmış Təqsirləndirilən şəxs üzərinə videoçəkiliş vasitəsilə baxış keçirilmiş, baxış zamanı Təqsirləndirilən şəxs üzərində saxlanılması qadağan olunmuş əşya və ya predmet olduğu təqdirdə təqdim etməsi təklif olunmuşdur. Təqsirləndirilən şəxs heç bir etiraz bildirmədən könüllü olaraq əynində olan göy rəngli şalvarının sağ yan cibindən ağ rəngli kağıza bükülmüş, içərisində şəffaf rəngli, kristal halında olan maddə metamfetamin kimi tanıdığı narkotik vasitəni təqdim edərək həmin narkotik vasitəni 16.10.2020-ci il tarixdə Nizami Rayon İcra Hakimiyyətinin yaxınlığından tapdığını bildirmişdir. Bundan başqa Təqsirləndirilən şəxs üzərində olan 91 manat pulu təhqiqata təqdim etmişdir. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş materialların məhkəmə ekspertizasının 18.10.2020-ci il tarixli, 6/2198 nömrəli ekspert rəyinin nəticə hissəsindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün № 164” dairəvi möhür əksi olan “Təqsirləndirilən şəxs..” sözləri, adlar, soyadlar və imzalar qeyd edilmiş bir ədəd zərfin içərisində bir ədəd bükümdə təmiz çəkisi 0,525 qram olan ağ kristallik maddə kustar üsulla hazırlanmış psixotrop maddə-metamfetamindir. Metamfetamin 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”in siyahısına (Siyahı İ) daxildir. - təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında 19.10.2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə ittiham elan edilmişdir. - vəsatətin müdafiə edilməsindən imtina edilməsi haqqında 19.10.2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilməsi barədə İstintaq Şöbəsinin müstəntiqi Tural Qasımovun vəsatətinin müdafiə edilməsindən imtina edilmişdir. - qətimkan tədbirinin seçilməsi və tutulmuş şəxsin X1 azad edilməsi barədə 19.10.2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş və Nizami RPİ-nin MSY-dən azad edilmişdir. - maddi sübut kimi tanıma haqqında 25.10.2020-ci il tarixli qərardan görünür ki, baxış və götürmə istintaq hərəkətinin gedişatının əks olunduğu “DVD” disk maddi sübut kimi tanınmış və iş materiallarına əlavə edilmişdir. Təqsirləndirilən şəxs götürülmüş ağ rəngli bir ədəd kağız bükümdə təmiz çəkisi 0,525 qram olan ağ kristallik maddə metamfetamin maddi sübut kimi tanınmış və ekspertiza tədqiqatından sonra qalıq qalmış 0,475 qram psixotrop maddə metamfetamin saxlanması üçün Nizami RPİ-nin maddi sübutların saxlama kamerasına qəbz ilə təhvil verilmişdir. - Bakı şəhəri Nizami RPİ-nin Təminat Hissəsinin kiçik inspektoru, polis serjantı S.R.Ələkbərov tərəfindən verilmiş 05.03.2021-ci il tarixli qəbzdən görünür ki, ekspertiza tədqiqatından sonra qalıq qalmış 0,475 qram psixotrop maddə metamfetamin Nizami RPİ-nin maddi sübutların saxlama kamerasında saxlanması üçün təhvil alınmışdır. - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X2-Narkoloji tibbi yoxlamanın 11.02.2021-ci il tarixli, 463 nömrəli rəyinin nəticə hissəsindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs psixotrop maddə olan metamfetamindən suiistifadə edilməsi ilə nəticələnən asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. - nikah haqqında və doğum haqqında şəhadətnamələrin surətindən görünür ki, Təqsirləndirilən şəxs evlidir və himayəsində 15.07.2014-cü il təvəllüdlü Əliyev Amir adlı bir azyaşlı uşağı vardır. - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş 05.04.2021-ci il tarixli tələbnamədən görünür ki, əməliyyat sorğu kartotekasında Təqsirləndirilən şəxs məhkumluğu barədə məlumat yoxdur. - 01 ədəd “DVD” diskə köçürülmüş videogörüntüdən görünür ki, Təqsirləndirilən şəxs üzərinə baxış keçirilmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs əynində olan göy rəngli şalvarının sağ yan cibindən bir ədəd ağ rəngli kağıza bükülmüş maddəni çıxarıb təqdim etmiş və həmin bükümün içərisindəkinin hamının “şüşə” kimi tanıdığı narkotik vasitə olduğunu, Nizami Rayon İcra Hakimiyyətinin yaxınlığından tapdığını bildirmişdir. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına görə siyahıların təsdiq edilməsi haqqında “Azərbaycan Respublikasının 28.06.2005-ci il tarixli Qanununa əsasən dərman preparatı kimi beynəlxalq adı “Metamfetamin” olan maddə psixotrop maddədir, onun 0,15 qramdan artıq hissəsi şəxsi istehlak miqdarından artıq miqdar hesab olunur. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 28.06.2005-ci il tarixli Qanununa əsasən həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi; məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanılmasına yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanılması hesab olunur. Birləşmiş Millətlər Təşkilatının 30 mart 1961-ci il tarixli “Narkotik vasitələr haqqında” Vahid Konvensiyası, 1971-ci il tarixli “Psixotrop maddələr haqqında” və 19 dekabr 1988-ci il tarixli “Narkotik vasitələr və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə mübarizə haqqında” konvensiyalarında narkotik vasitələrin, güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsi beynəlxalq cinayət hesab edilmişdir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli, 2 nömrəli Qərarının 5ci bəndi ilə məhkəmələrə izah edilmişdir ki, təqsirli şəxsin narkotik vasitələri öz ixtiyarında (məsələn, üstündə, gizli saxlanc yerlərində, binalarda və s.) saxlaması ilə əlaqədar olan hər hansı qəsdən edilən hərəkətləri saxlama kimi başa düşülməlidir. Göstərilənlərə əsasən məhkəmə belə bir nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətdiyi əməldə cinayət tərkibi vardır, ona ibtidai istintaq zamanı düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə ittiham irəli sürülmüş və əməli həmin maddə ilə tövsif edilmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda psixotrop maddə-metamfetamin əldə edib saxlaması şahidlərin ifadələri, həmçinin cinayət işinin materiallarındakı digər sənədlərlə tamamilə sübuta yetirildi. Təqsirləndirilən şəxs özünü təqsirli bilməməsinə dair ifadəsi özünü müdafiə xarakterli, məsuliyyətdən yayınmaq məqsədilə verilmiş ifadə kimi qiymətləndirilir. Təqsirləndirilən şəxs ifadəsində göstərdiyi xüsusatlar məhkəmə iclasında tədqiq edilmiş sübutlarla təkzib olundu. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsas yoxdur. Məhkəmə iş üzrə toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutlara qiymət verərək hesab edir ki, həmin sübutlar mötəbər və mümkün olmaqla Təqsirləndirilən şəxs tərəfindən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlinin törədilməsini tam təsdiq edir. Təqsirləndirilən şəxs cəzadan azad edilməsi və onun barəsində cəzanın təyin edilməməsi üçün əsaslar olmadığı üçün Azərbaycan Respublikası CM-nin 58-ci maddəsinə əsasən ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş hədlərdə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə görə, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən, Azərbaycan Respublikası CMnin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs törətdiyi əməl az ağır cinayət hesab olunur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 №li qərarında göstərilir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla, daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Məhkəmə, Təqsirləndirilən şəxs ilk dəfə cinayət törətməsini, evli olmasını, himayəsində azyaşlı uşağının olmasını cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs cəzasını Azərbaycan Respublikası CM-nin 61.1-ci maddəsində nəzərdə tutulmuş ağırlaşdıran hal müəyyən olunmadı. Məhkəmə Təqsirləndirilən şəxs barəsində təyin ediləcək cəzanın həddini və növünü müəyyən edərkən cəza təyinetmənin ümumi prinsiplərini rəhbər tutmaqla onun qəsdən az ağır cinayət törətməsini, qəsdin əsas obyektini əhalinin sağlamlığının təhlükəsizliyini təmin edən ictimai münasibətlər, əlavə obyektini isə ictimai təhlükəsizlik, dövlət idarə və müəssisələrin normal fəaliyyətini təmin edən ictimai münasibətlər, konkret insanın-fərdin sağlamlığı təşkil etməsini və cəzasını yüngülləşdirən halları nəzərə alaraq hesab edir ki, onun islah olunması üçün barəsində təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsi məqsədəmüvafiqdir və cəzanın məqsədini təmin edir. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə hesab edir ki, cəza təyin edilərkən Təqsirləndirilən şəxs 17.10.2020-ci il tarixdən 19.10.2020-ci il tarixədək 2 gün həbsdə saxlanılması həbsdə saxlamanın bir gününü azadlığın məhdudlaşdırılmasının iki gününə hesablayaraq nəzərə alınmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək yaşadığı ünvan 1 ünvanını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhərini tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Azərbaycan Respublikası CPM-nin 346.1.19 - 346.1.22-ci maddələrində nəzərdə tutulmuş məsələləri həll edərək məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı; Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı; Azərbaycan Respublikası CPM-nin 132.1.4-cü maddəsinə əsasən iş üzrə maddi sübut olan və Bakı şəhəri Nizami RPİ-də saxlanılan 0,475 qram psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv olunmalı; Azərbaycan Respublikası CPM-nin 132.1.6-cı maddəsinə əsasən cinayət işi üzrə maddi sübut olan 1 ədəd “DVD” disk cinayət işinin materiallarında saxlanılmalı; Azərbaycan Respublikası CPM-nin 198.1-ci maddəsinə əsasən məhkəmə məsrəfi olan 65 (altmış beş) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub dövlət xəzinədarlığı agentliyi, kod 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN **********, hesab AZ34CTRE******************** hesabına ödənilməlidir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə olunmalı və ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia yoxdur. Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə hesab edir ki, vəkilin ibtidai istintaqda iştirak etdiyi müddət 40 iş saatı və məhkəmədə iştirak etdiyi müddət 30 iş saatı, cəmi 70 iş saatı müddətinə bərabər olduğundan, hər iş saatı üçün Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03.05.2018-ci il tarixli, 202 saylı qərarına əsasən göstərilmiş hüquqi xidmətlərə görə hər iş saatı üçün 6 (altı) manat miqdarında ödənilməsi nəzərə alınmaqla 420 (dörd yüz iyirmi) manat (70x6) məbləğində əmək haqqı Bakı şəhəri 6 saylı Vəkil Bürosu vasitəsi ilə Müdafiəçi oğluna dövlət büdcəsi hesabına ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351- 353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinib, barəsində 2 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 17.10.2020-ci il tarixdən 19.10.2020-ci il tarixədək 2 gün həbsdə saxlanılması nəzərə alınmaqla həbsdə saxlamanın bir gününü azadlığın məhdudlaşdırılmasının iki gününə hesablayaraq üzərində 1 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs üzərinə hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək yaşadığı ünvan 1 ünvanını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhərini tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs üzərində nəzarətin həyata keçirilməsi Bakı Şəhər Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə olunsun və ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Cinayət işi üzrə maddi sübut olan və Bakı şəhəri Nizami RPİ-də saxlanılan 0,475 qram psixotrop maddə - metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Cinayət işi üzrə maddi sübut olan 01 ədəd “DVD” disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə məhkəmə məsrəfi olan 65 (altmış beş) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub dövlət xəzinədarlığı agentliyi, kod 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN **********, hesab AZ34CTRE******************** hesabına keçirilsin. Təqsirləndirilən şəxs istintaqda 40 saat, məhkəmədə 30 saat, cəmi 70 saat göstərdiyi pulsuz hüquqi yardıma görə iş üzrə dəvət olunmuş müdafiəçi Bakı şəhəri 6 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi oğluna 420 (dörd yüz iyirmi) manat əmək haqqı Bakı şəhəri 6 saylı Vəkil Bürosu vasitəsi ilə Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına ödənilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Həmin müddətdə hökmdən apellyasiya qaydasında protest və şikayət verilmədikdə hökm müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən Mətanət Hacıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar